Böyük
çağırış və liderin xilaskarlıq
missiyası
Prezident İlham Əliyevin
koronavirusla mübarizəyə strateji baxışı bir
uğur hekayəsidir
Təxminən yüz gündür ki, dünya gözəgörünməz düşmənlə - koronavirusla "ölüm, ya olum” savaşı aparır. Ciddi və sərt təcrid tədbirləri görülür. Sərhədlər bağlanıb. Təyyarələr uçmur. Qatarlar hərəkət etmir. Məktəblərdə dərslər dayandırılıb. Bütün kütləvi tədbirlər və idman yarışları ləğv edilib. İzdihamlı küçə və meydanlar, park və xiyabanlar səssizliyə bürünüb. Planetin 7 milyard əhalisinin yarısı - təxminən 4 milyard insan evə qapanıb.
Bununla belə, virusa yoluxanların, həyatını itirənlərin sayı günbəgün artır. Saatbasaat dəyişən rəqəmlər insanlığın üzləşdiyi böyük çağırışdan, milyonların faciəsindən xəbər verir. İtkilər fərqlidir - hər qitəyə, hər ölkəyə, hətta hər şəhərə görə dəyişir. Rəqəmlərin müqayisəsi ölkələr üzrə virusla mübarizənin səmərəliliyini ortaya qoyur. Azərbaycanın adı nümunəvi ölkələr sırasında çəkilir.
Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq vaxtında qəbul edilən düzgün qərarlar itkiləri minimuma endirməyə imkan yaradıb. Dövlət əhalinin ən müxtəlif təbəqələrinə maksimum sosial dəstək göstərir. Təsadüfi deyil ki, Azərbaycan koronavirusa qarşı mübarizə tədbirlərinin effektivliyi ilə seçilən ölkələr sırasında yer alıb.
Söhbətimiz dünyanı sarsıdan COVID-19 barədə, Azərbaycan Prezidentinin və dövlətimizin pandemiyaya qarşı mübarizə strategiyası, həmçinin yaşadığımız çətin günlərin bu və digər mühüm məqamları haqqındadır.
Dünyanı sarsıdan yüz gün
Ölkəmizdə pandemiya şəraitində atılan addımları, Prezidentin problemə strateji yanaşmasının üstünlüklərini realistcəsinə qiymətləndirmək üçün təxminən son 100 gün ərzində dünyada və məmləkətimizdə cərəyan edən hadisələrə nəzər salmağa ehtiyac var. Yəni qlobal problem özünə qlobal prizmadan baxış tələb edir.
Dekabrın 31-də yeni koronavirusun törətdiyi xəstəlik barədə ilk informasiya yayıldı. Bu xəstəlik çox keçmədən epidemiyaya çevrilsə də, dünya nə baş verdiyinin fərqində deyildi. Amerikada, Avropada elə güman edirdilər ki, virusun onlara əli çatmaz. Dünya sanki bir anlığa qloballaşdığını unutdu və bu, ona çox baha başa gəldi. Söhbət artıq 3,5 milyondan çox yoluxmadan, 250 minə yaxın itirilmiş insan həyatından gedir. Virusun yayılmağa başlamasından ötən dövrü sözün birbaşa mənasında dünyanı sarsıdan günlər adlandırmaq olar. Yüz günə yaxındır ki, insanın virusla amansız çarpışması gedir və bunun nə vaxt bitəcəyini hələlik heç kəs dəqiq bilmir.
Bu yüz gündə nələr baş verdi, hansı mənzərələrin şahidi olduq?
Həyəcan təbili ilk olaraq yanvarın ortalarında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən çalındı. Bəzi ölkələr dərhal hərəkətə keçdi. Bəziləri buna ciddi yanaşmadı. Maraqlıdır ki, koronavirusla bağlı ən ağır vəziyyət fövqəldövlət olan ABŞ-da, öz səhiyyə sistemi ilə öyünən Avropada müşahidə olunur. Dünya üzrə yoluxmaların və ölüm hallarının böyük əksəriyyəti "varlı” Qərbin payına düşür. Paradoks olsa da, reallıq belədir. Almaniyanın populyar nəşrlərindən birinin gəldiyi qənaət diqqət çəkir: Avropa müharibədən sonra ən böyük sınaqla üzləşib. O, uğursuzluq ardınca uğursuzluğa düçar olur. Əgər belə getsə, Avropa İttifaqı dağıla bilər.
Hər bir dövlətin pandemiya ilə bağlı öz siyasəti, necə deyərlər, "milli” yanaşması var. Kim harada səhvə yol verdi, kim tədbir görməkdə gecikdi, yaxud problemi ciddiyə almadı? Bu kimi suallara cavab verməyi zamanın öhdəsinə buraxaraq, məsələnin insani tərəflərinə, ürək ağrıdan mənzərələrə nəzər salmaq istərdik. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqa müraciətində qeyd etdiyi bir fikri xatırlamaq yerinə düşər: "Özgə dərdi olmur. Ağrı və iztirablar sərhəd tanımır”.
Mehriban xanımın təbirincə desək, "səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə, epidemiyanın yayılmasının qarşısını ala bilmədilər”. Doğrudan da xəstəlik o qədər sürətlə yayılır ki, istənilən ölkənin səhiyyə sistemini çökdürə bilər. İnkişaf etmiş bəzi ölkələrdə xəstəxanaların dolub-daşdığının, xəstələrin dəhlizlərdə yerləşdirildiyinin, müalicə imkanlarının tükəndiyinin şahidiyik. Elə ölkələr oldu ki, xəstələr arasında seçim etmək məcburiyyətində qaldı. Qocalar evlərində yüzlərlə insan taleyin hökmünə buraxıldı.
Təbii ki, vəziyyət bu cür nəzarətdən çıxsaydı, bizi də oxşar aqibət gözləyə bilərdi. Üstəlik virus artıq qonşuluğumuza gəlib çatmışdı. Gediş-gəlişin gur olduğu sərhəd bölgələrində epidemiya hər an alovlana bilərdi.
Azərbaycan hökumətinin həmin vaxt və sonradan atdığı addımlar, qəbul edilən qərarlar göstərdi ki, vəziyyət gecə-gündüz Prezidentin nəzarətindədir. O, hadisələrin gedişini diqqətlə izləyir, risklər öyrənilir və dəqiq qiymətləndirilir.
Mərkəzində insan həyatı dayanan müdrik strategiya həm də Azərbaycan həkiminə inamı qaytardı
Koronavirusla mübarizəni bəzən müharibə ilə müqayisə edirlər. Hər bir müharibədə sərkərdənin döyüş strategiyası və dəqiq taktikası olur. İndiki halda isə bu çətindir: bir tərəfdən düşmən gözə görünmür, digər tərəfdən vəziyyət çox sürətlə dəyişir.
Bu mürəkkəbliyə baxmayaraq, Prezident İlham Əliyevin problemə strateji baxışı və risklərin dəyərləndirilməsinə əsaslanan uzaqgörən qərarları əsas məqsədə - virusun yayılmasının qarşısının alınmasına və yoluxma zəncirinin qırılmasına gətirib çıxardı. "Bizim üçün prioritet məsələ insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”, - deyən Azərbaycan Prezidentinin siyasəti pandemiyanın ilk günündən buna hədəflənmişdi. Sərt və qabaqlayıcı tədbirlər nəticəsində vəziyyəti çox keçmədən nəzarətə almaq mümkün oldu. Yoluxanlarla sağalanların say nisbətində müsbət dinamika yarandı. Azərbaycan səhiyyəsi, o cümlədən tibb işçiləri çətin sınaqdan çıxmaq iqtidarında olduqlarını nümayiş etdirdi.
Koronavirus xəstələri əksəriyyəti son illərdə tikilmiş 20-dən çox dövlət xəstəxanasında mükəmməl müalicə alıb və almaqdadır. Epidemiyanın tüğyan etdiyi günlərdə 575 çarpayılıq ən müasir "Yeni klinika”nın açılması, Sumqayıt Kimya Sənayesi Parkında gündə 250 min tibbi maska istehsal edən müəssisənin işə salınması böyük üstünlüyümüz oldu. Hazırda Prezidentin göstərişi ilə modul tipli 10 xəstəxana inşa olunur. Bu xəstəxanaların işə düşməsi 2 min əlavə çarpayı deməkdir. Mart ayında istifadəyə verilmiş 1000 çarpayını, bu gün fəaliyyət göstərən 18 laboratoriyanı, həkimlərimizin yüksək peşəkarlığını və fədakarlığını da buraya əlavə etsək, səhiyyə sistemimizin bugünkü mənzərəsi və görülmüş işlərin miqyası tam aydınlaşar.
Müharibə termini ilə desək, bu gün ön cəbhədə vuruşan səhiyyə işçiləridir - həkimlər, tibb bacıları, sanitarlar, laborantlar və başqalarıdır. İnsan həyatı uğrunda mübarizədə yüksəkixtisaslı səhiyyə işçilərindən ibarət böyük bir ordu iştirak edir. İxtisasca həkim olan Birinci vitse-prezident Mehriban Əliyevanın "Instagram” səhifəsində paylaşdığı fikirlər fədakar tibb işçilərinin əməyinə verilən yüksək qiymət kimi diqqət çəkir: "Bu günlərdə biz həkim peşəsinin niyə müqəddəs missiya adlandırıldığını yenidən dərk edirik. Bu peşə həqiqətən də həmişə dərin zəka və yüksək bacarıq tələb edib. Amma bu gün bizim tibb işçilərimizdən həm də böyük şəxsi cəsarət tələb edir. Onlar bu çətin sınaqdan şərəflə çıxırlar”.
Azərbaycanın COVID-19 xəstəliyinin müalicəsinin öhdəsindən bacarıqla gəldiyini yoluxma və ölüm hallarının müqayisəsində aydın görmək olar: İndiyədək koronavirusa yoluxmuş 1932 nəfərin 1441-i sağalıb, cəmi 25 ölüm halı qeydə alınıb. Hər iki göstərici üzrə istər ən yaxın qonşularımız - İran, Rusiya və Türkiyə, istərsə də ən çox inkişaf etmiş Avropa ölkələri - İtaliya, İspaniya, Fransa, Böyük Britaniya, Belçika ilə müqayisədə qat-qat yaxşı vəziyyətdəyik. Azərbaycan əhali sayına nisbətdə yoluxma və ölüm hallarının ən aşağı səviyyədə olduğu nadir ölkələrdən biridir.
Prezidentimizin uzaqgörənliyi, müdrik qərarları, riskləri düzgün dəyərləndirməsi, xalqımızın həmrəyliyi hadisələrin ən pis yöndə inkişaf etməsinin qarşısının alınmasına vəsilə oldu və Azərbaycan həkiminə olan inamı qaytardı.
Müdrik qərarlar və epidemiya riskinin önünə keçən milli həmrəylik
Son 100 ildə bu miqyasda pandemiya görünmədiyindən, təbii ki, ona qarşı mübarizə vasitələri və təcrübəsi də yoxdur. Belə vəziyyətdə necə hərəkət etməli, nədən başlamalı? Hər bir ölkə bu suala öz-özlüyündə cavab axtarır, öz siyasətini formalaşdırır.
İlk vaxtlar ölkədən-ölkəyə dəyişən fərqli yanaşmalar görürdük. Bəzi Avropa ölkələrində hesab edirdilər ki, nə qədər insan yoluxur-yoluxsun, səhiyyə sistemi bunun öhdəsindən gələcək. Yaxud Böyük Britaniya əhalinin virusa kütləvi yoluxması ilə "milli” immunitet yaranacağını düşünür, adi qaydada yaşamaqda davam edirdi. Ümumdünya Səhiyyə Təşkilatının həyəcan təbilləri çalmasına, təhlükənin ildırım sürətilə yaxınlaşmasına əhəmiyyət verməyən İtaliya və İspaniyada minlərlə futbol fanatı virusu şəhərdən-şəhərə, ölkədən-ölkəyə daşıyırdı.
Məsələnin ciddiyə alınmaması, ləngimələr, hökumətlərlə cəmiyyətlər arasında fikir ayrılıqları acı nəticələrə gətirib çıxardı. Bugünkü qlobal tablo çox kədərlidir: ABŞ - 1 milyon 188 min yoluxma və 68 min 602 ölüm; İtaliya müvafiq olaraq 210 min və 28 min 884; Böyük Britaniya 186 min və 28 min 446; İspaniya 247 min və 25 min 264; Fransa 168 min və 24 min 895 nəfər... Yaxud Avropanın mərkəzi olan Belçika əhalinin hər 100 min nəfərinə düşən koronavirus qurbanlarının sayına görə dünyada birinci yerdədir.
Parlaq təcrübələr də mövcuddur və bu sırada ən çox Cənubi Koreyanın, Yaponiyanın, Sinqapurun, elə Çinin özünün adı çəkilir. Bu siyahıya tam haqlı olaraq Azərbaycan da əlavə edilə bilər. Bizim ən böyük üstünlüyümüz virusla iki cəbhədə eyni qətiyyətlə mübarizə aparmağımızdır. Belə ekstremal vəziyyətlərdə sağlamlıq və sosial müdafiə amilləri gərək bir-birini qoşa qanad kimi tamamlasın. Prezident İlham Əliyevin siyasəti məhz bu yöndədir. Dövlət başçısının dərin bilikləri, erudisiyası və uzaqgörənliyi qəbul edilən qərarların, atılan addımların ardıcıllığını, sistemliliyini, effektivliyini şərtləndirir. Azərbaycanın koronavirusla mübarizədə qazandığı üstünlüyü ilk olaraq burada axtarmaq lazımdır. Hadisələrin gedişinə və yığcam xronologiyaya nəzər salsaq mətləb öz-özlüyündə aydın olacaq.
Yanvarın 29-da Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramının rəhbəri belə bir bəyanatla çıxış etdi: "Bütün dünya hazır olmalıdır. Bütün dünya hərəkətə keçməlidir və episentrdən və ya digər mərkəzdən meydana çıxacaq vəziyyətə cavab verməlidir”.
O vaxt virus yenicə yayılmağa başlamış və hələ pandemiya elan olunmamışdı. Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, bir çox ölkələrin liderlərindən fərqli olaraq Prezident İlham Əliyev o vaxtdan Vətənini və xalqını bu müdhiş bəladan necə qorumaq barədə düşünür, planlar cızırdı. Belə ki, Baş Nazirin sədrliyi ilə yanvarın 28-də hökumət komissiyası yaradıldı və iki gün sonra müvafiq fəaliyyət planı təsdiqləndi.
İranda koronavirusa ilk yoluxma barədə xəbər fevralın 19-da gəldi və həmin vaxtdan etibarən Biləsuvar və Astara sərhəd-keçid məntəqələrində buraxılışın yeni qaydaları tətbiq olunmağa başlandı, məhdudiyyətlər vəziyyətdən asılı olaraq getdikcə sərtləşdirildi. Tərəflərin qarşılıqlı razılığına əsasən fevralın 29-da İranla, sonrakı günlərdə isə qonşu Gürcüstan, Türkiyə və Rusiya ilə sərhədlər bağlandı. Azərbaycan öz sərhədlərini bağlayan ilk ölkələrdən biri oldu.
İlk vaxtlar xəstəlik ölkəyə xaricdən gələn insanlarda müşahidə olunurdu və bir müddət sonra daxildə yoluxma halları üzə çıxdı. Bundan sonra bütün qüvvələr və resurslar gözəgörünməz düşmənlə mübarizəyə səfərbər edildi. Vəziyyəti vahid mərkəzdən idarə etmək və birgə fəaliyyət göstərmək məqsədilə fevralın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı.
İlk addım olaraq martın 3-dən bütün təhsil müəssisələrində dərslər dayandırıldı (sonradan məlum oldu ki, Azərbaycan həmin vaxt dünya üzrə məktəbləri bağlayan ilk 12 ölkədən biri idi). Sonrakı günlərdə vəziyyətdən asılı olaraq ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri tətbiq edildi, xüsusi karantin rejimi elan olundu. Nəhayət, martın 30-da COVID-19 infeksiyasının ölkəmizə geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar qəbul edildi.
Zənnimcə, məhdudiyyətləri bir-bir sadalamağa və təfərrüata varmağa ehtiyac yoxdur. Bu günləri hər kəs öz həyatında yaşayıb və yaşamaqdadır. Önəmlisi odur ki, koronavirusa qarşı mübarizə tədbirləri səmərə verir və vəziyyət hər ötən gün yaxşılığa doğru dəyişir. Nəhayət, səbirsizliklə gözlənilən qərar verildi. Aprelin 27-dən və mayın 4-dən məhdudiyyətlər mərhələli şəkildə yumşaldılmağa başladı.
Əslində, bu cür fövqəladə vəziyyətlərdə çıxarılan qərar nə qədər mükəmməl və mühüm olsa da, işin yalnız bir tərəfidir. Yəni hökumətin öz sərt üzünü göstərməsi, sərbəst hərəkətə qadağa qoyulması birmənalı qarşılanmaya bilər. Bir qədər əvvəl ABŞ və bəzi Avropa ölkələrinin timsalında qeyd etdiyimiz epizodlarda cəmiyyətin iqtidarla həmrəy olmaması, karantin qaydalarını pozması öz mənfi, hətta faciəvi izlərini qoyub. Ölkəmizə gəlincə, fərqli, ürəkaçan mənzərəni görməmək olmaz. İnsanlar məhdudiyyət tədbirlərindən sıxılsa da, öz lideri, dövləti və hökuməti ilə həmrəylik nümayiş etdirir. Beləliklə, koronavirusla mübarizədə əsas silah olan sosial təcrid siyasəti uğurla reallaşır. Digər əsas hədəf vaxt qazanmaq idi və biz bunu da bacardıq. Nəhayət, tunelin sonunda işıq görünməyə başladı.
Qlobal təhlükəni ən az itkilərlə dəf edə bilməyimizin bir əsas şərti də bu oldu: xalq-iqtidar birliyi və hər cür virusdan güclü olan milli həmrəylik. Çətin sınaq daha bir həqiqəti ortaya qoydu: biz birlikdə güclüyük!
Virus üzərində tam qələbədən danışmaq hələ tez olsa da (bu, tibbin işidir, peyvənd tapılmasına bağlıdır), əminliklə demək olar ki, Prezident xalqını pandemiya risklərindən maksimum dərəcədə qoruya bildi.
Hər bir vətəndaşın yanında olan Prezident və hər bir vətəndaşına sahib çıxan dövlət
Pandemiya vəziyyətində hər bir dövlətin qarşısında iki əsas seçim dayanır: insanların həyatını qorumaq və iqtisadiyyatı xilas etmək. Azərbaycan o ölkələrdəndir ki, iqtisadi riskləri nəzərə almadan və tərəddüd etmədən birinci variantı seçdi. Bununla da sosial dövlət olduğunu bir daha təsdiqlədi.
Sirr deyildi ki, məhdudlaşdırıcı tədbirlər iqtisadi inkişafa böyük zərbə vuracaq, büdcə gəlirləri azalacaq. Digər tərəfdən, Prezident karantin rejimindən zərər çəkən insanları, xüsusən kiçik sahibkarları, muzdla çalışanları, işsizləri və əhalinin digər həssas təbəqələrini düşünürdü. İnsanlar əmin idilər ki, hər zaman vətəndaşın yanında olan Prezident bu dəfə də onları tək qoymayacaq.
Belə də oldu. Hər bir vətəndaşına sahib çıxan dövlət çox mühüm iki dəstək paketi təqdim etdi.
Bu haqda söhbəti davam etdirməzdən əvvəl epidemiya dövründə əhalinin sosial müdafiəsi sahəsində görülən tədbirləri ardıcıllıqla nəzərdən keçirək. Martın 19-da Prezident İlham Əliyev pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa, sahibkarlıq subyektlərinə təsirinin azaldılmasını nəzərdə tutan sərəncam imzaladı. Çox geniş spektrli sərəncama əsasən yuxarıda qeyd olunan tədbirlərin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı. Həmçinin pandemiyanın ölkə həyatının ayrı-ayrı sahələrinə təsirini qiymətləndirmək və təkliflər hazırlamaq üçün İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlərinin və Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə dörd işçi qrup yaradıldı. Pandemiyanın yaxın və orta müddətdə biznes mühitinə təsirini azaltmaq, iqtisadi artımın davam etməsini dəstəkləmək, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyənləşdirmək, sahibkarlıq subyektlərinə dövlət dəstəyi göstərmək, makroiqtisadi sabitliyi qoruyub saxlamaq istiqamətində və digər istiqamətlərdə təkliflər hazırlanıb Nazirlər Kabinetinə təqdim olundu. Hökumətin sonrakı qərarları bu təkliflər əsasında qəbul edildi.
Sərəncamda məşğulluq və əhalinin sosial müdafiəsi məsələsinə xüsusi yer ayrılıb. Nəticədə pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsi, həmçinin yaxın və orta müddətdə məşğulluq tədbirləri gücləndirilib.
Dövlət başçısının müvafiq sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında yuxarıda qeyd olunan istiqamətlər üzrə 10 tədbir əksini tapıb. Bu tədbirlərin 2,5 milyon insanı əhatə etməsi sosial dəstəyin indiyədək görünməmiş miqyasından xəbər verir.
Bir neçə əsas məqama diqqət yetirək. Ümumilikdə
dövlət sektoru üzrə 900 mindən çox
işçinin, qeyri-dövlət sektoru üzrə isə 690
min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu
təmin edilib. Hər hansı əsassız
ixtisarlara yol verilməməsi üçün bütün
dövlət qurumlarına müvafiq tapşırıq verilib,
sahibkarlara müraciət olunub. Qırx
dörd min sahibkarlıq subyektində çalışan 300
mindən çox işçinin əməkhaqqının əhəmiyyətli
bir hissəsini dövlət ödəyəcək. Həmçinin dövlət dəstəyindən
290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq.
Əhalinin
məşğulluq imkanlarının artırılması məqsədlə
DOST İş Mərkəzi tərəfindən 50 min ödənişli
ictimai iş yerinin yaradılmasına başlanılıb. Bunun üçün 30 milyon manat vəsait
ayrılıb. Ümumilikdə ictimai iş yerlərinin
sayı 90 minə çatıb.
Pandemiya nəticəsində işsiz qalan şəxslərə
190 manat məbləğində birdəfəlik ödəmə
həyata keçirilir. Prezidentin tapşırığı ilə
birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək
və aprel-may aylarını əhatə edəcək.
Aprelin 1-dən ünvanlı sosial yardım alan
ailələrin sayında 10 min artım olub. Ümumilikdə
80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım
proqramından faydalanır.
Bu
proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir
və hazırda digər dövlət dəstəyi mexanizmləri
üzərində iş aparılır.
Təbii
ki, sosial dəstək paketləri böyük xərc tələb
edir, dövlət büdcəsi üçün böyük
yükdür: vergi güzəştləri də daxil olmaqla 3,5 milyard manat. Dövlət bu xərci
ciddi iqtisadi risklər fonunda çəkir. Əgər güclü iqtisadi imkanlar olmasaydı,
sosial siyasəti uğurla aparmaq da mümkün olmazdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə
son illər həyata keçirilən inqilabi islahatlar,
iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun
inkişafı, ixrac potensialının artırılması
istiqamətində atılan addımlar nəticəsində
ölkəmiz kifayət qədər güc toplayıb.
Təkcə
bir neçə misal çəkmək yetər ki, son 15 ildə
ümumi daxili məhsul 64 milyard manat artaraq 2019-cu ildə 81
milyard 681 milyon manata çatıb, yəni, beş dəfəyə
yaxın çoxalıb. Bu ilin əvvəlinə
ölkənin strateji valyuta ehtiyatları rekord həddə yüksələrək
52 milyard dollar təşkil edib. Valyuta ehtiyatları xarici
borcu beş dəfədən çox
üstələyir. Adambaşına düşən
valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında
birinci yerdədir.
İqtisadiyyatı
və maliyyə imkanları ildən-ilə artan Azərbaycan
borc alan ölkədən, borc verən
ölkəyə çevrilib. Pandemiya səbəbindən
Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət edən
150 ölkə arasında Azərbaycanın olmaması
qürurvericidir. Azərbaycan bu çətin günlərdə
pul üçün heç bir qapını döyməyib, əksinə,
dost ölkələrə imkan daxilində yardım əli
uzadıb.
Karantin rejiminin iqtisadiyyata mənfi təsirləri
qaçılmazdır. Bu və digər risklərə baxmayaraq,
dövlət imkansız vətəndaşlara, zərər
çəkmiş sahibkarlara yardım etməyi özünə
borc bilir. Xalq da öz növbəsində
bunu qiymətləndirir, dövlətinə hamılıqla dəstək
olur. Göstərilən diqqət və
qayğıdan riqqətə gələn vətəndaşlardan
Prezidentə minlərlə məktub ünvanlanır. Bir hissəsi AZƏRTAC-ın kanalları ilə
yayılan məktublarda sadə insanlar minnətdarlıq hisslərini
səmimi şəkildə ifadə edirlər. Onların alqış nidaları dövlətin
koronavirusla mübarizəsinə kölgə salmaq istəyən
marginal qrupların və radikal müxalifətin səsini
eşidilməz edir.
Yeri gəlmişkən, koronavirusla mübarizədə zəfərə
yaxınlaşmağımızda qarşılıqlı dəstək
mühüm rol oynayır. Mənəvi və
maddi dəstəyin bir-birini tamamlaması əlavə güc mənbəyidir.
Birinci vitse-prezident Mehriban Əliyevanın bu
sınaq günlərində xalqa müraciəti,
"Instagram” səhifəsində etdiyi səmimi
paylaşımlar mənəvi dəstəyin parlaq nümunələridir.
Mehriban xanım müdrik xalqımızın ruh
yüksəkliyi və mərdlik, mərhəmət və
şəfqət, inam və məhəbbət kimi gözəl
xüsusiyyətləri sayəsində bu ciddi
çağırışın öhdəsindən gələ
biləcəyimizə əminliyini vurğulayır. Hər
kəsi dövlət tərəfindən görülən tədbirlərin
vacibliyini birmənalı olaraq anlamağa, maksimum vətəndaş
məsuliyyəti nümayiş etdirməyə səsləyərək
deyir: "Məhz bu cür bir-birimizi qayğı ilə dəstəkləyərək,
dözüm və anlayış göstərərək
taleyin hökmü ilə üzləşdiyimiz qorxunc
sınaqdan üzüağ çıxıb koronavirus üzərində
qələbədən sonrakı həyat üçün hər
kəsi qoruya bilərik. Bu qələbə
mütləq baş tutacaq. Mən bu qələbəyə
inanıram”.
Pandemiya
ilə mübarizəyə qlobal töhfələr və
örnək ola biləcək təcrübə
Zaman belə bir həqiqəti təsdiqləyir ki,
pandemiya ilə mübarizədə ümumi düşmənə
qarşı birlikdə vuruşan ölkələr qalib gələcək. Bu mənada Azərbaycanın
öncüllüyü diqqət çəkir. Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü
ilə videokonfrans formatında keçirilən Zirvə
görüşü COVID-19 ilə mübarizədə beynəlxalq
və regional əməkdaşlığa ilk və ciddi
çağırış oldu. Zirvə
görüşünə qatılan dövlət
başçıları Azərbaycan Prezidentinin bu məsələdə
liderliyini yüksək qiymətləndirdilər. Türk Şurasının Zirvə
görüşü bu çətin dövrdə ölkələr
və beynəlxalq təşkilatlar arasında həmrəylik
və əməkdaşlığın böyük önəm
daşıdığını ortaya qoydu.
Azərbaycan
Prezidenti, həmçinin Qoşulmama Hərəkatının
təmas qrupu formatında "COVID-19-a qarşı birlikdəyik”
mövzusunda Zirvə görüşünün keçirilməsi
təşəbbüsünü irəli sürüb. Üzv dövlətlər tərəfindən
yekdilliklə dəstəklənən və təqdir olunan bu
təşəbbüs koronavirusa qarşı beynəlxalq əməkdaşlıq
istiqamətində Azərbaycanın liderliyinin daha bir nümunəsidir.
Azərbaycan pandemiyadan əziyyət çəkən
ölkələrlə özünəməxsus həmrəylik
nümayiş etdirir. Heydər Əliyev Mərkəzinin
binası üzərində İtaliya, İspaniya, ABŞ,
Türkiyə, Gürcüstan və digər ölkələrin
dövlət bayraqlarının, həmçinin beynəlxalq
təşkilatların bayraqlarının proyeksiya olunması
xeyirxah məram kimi rəğbətlə
qarşılanıb.
Ölkəmiz pandemiyanın başlanğıcından
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə
sıx əməkdaşlıq edir. Azərbaycan Təşkilata
5 milyon ABŞ dolları vəsait ayırıb. Vəziyyətin dəyərləndirilməsi
üçün Azərbaycana gələn mütəxəssislərdən
ibarət heyət ölkəmizdə pandemiya şəraitində
zəruri tədbirlər görüldüyünü bildirib,
həmçinin müəyyən tövsiyələr verib.
Daha sonra ÜST bəyanat yayaraq Azərbaycanı
koronavirusla mübarizə sahəsində nümunə kimi
göstərib. ÜST-ün Baş direktoru Tedros Adhanom
Gebreyesus Azərbaycanın koronavirus pandemiyasına
qarşı mübarizəyə verdiyi qlobal töhfəni
yüksək qiymətləndirərək deyib: "Mən Azərbaycan
Prezidentinin bu mübarizədə milli, regional və qlobal səviyyədə
güclü səylərini görürəm. İmkandan
istifadə edərək cənab Prezidentə təşəkkürümü
bildirmək istəyirəm ki, bütün bu üç səviyyədə
səyləri birləşdirir, dəstək verir”.
Eyni zamanda pandemiya ilə mübarizədə Azərbaycan
modelinə artan marağı da görürük. Bu model və
təcrübənin əsas üstünlüklərindən
biri qəbul edilən qərarların icra mexanizminə malik
olmasıdır. Prezidentin rəhbərliyi
ilə dövlət strukturlarının, hüquq mühafizə
orqanlarının rəhbərlərindən, hökumət
üzvlərindən və mütəxəssislərdən
ibarət komanda gecə-gündüz işləyir. Biz bu gün ciddi məhdudiyyətlər və
dövlətin sərt üzü ilə yanaşı,
Prezidentin humanistliyini və qayğıkeşliyini bir arada
görürük ki, bu da çox önəmlidir.
Azərbaycan bir çox ölkələrdən
qabağa düşərək Koronavirusla Mübarizəyə
Dəstək Fondu yaratdı. Dövlət ilk olaraq fonda
20 milyon manat vəsait ayırdı. Prezident İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva birillik əməkhaqlarını
fonda ianə etdilər. Sonradan bu təşəbbüs
genişlənərək xalqımızın xeyirxahlıq ənənələrinə
yeni nəfəs verdi.
Vəziyyəti düzgün qiymətləndirmək və
böhranla fasiləsiz məşğul olmaq üçün
səmərəli işləyən komanda yaradılması, əhalinin
həssas təbəqələrinə hərtərəfli dəstək
tədbirləri, ümumilikdə koronavirusla mübarizədə
Azərbaycanın təcrübəsi barədə ölkəmizdən
kənarda da müsbət fikirlər səslənir. Heç bir şərh vermədən
Avropa Yenidənqurma və İnkişaf Bankının
prezidenti Suma Çakrabartinin çıxışından bir sitatı
diqqətə çatdırmaq istərdim: "Hesab edirəm
ki, ötən bir neçə ay Azərbaycanın gözəl
hekayəsi sayıla bilər. Sizin ölkə
dünyada ilin ilk rübündə iqtisadi artıma nail
olmuş azsaylı ölkələrdəndir, bəlkə də
yeganə ölkəsiniz. Gün gələcək
Azərbaycanla müqayisə aparılacaq. Gələn il bizim illik iclasımız olacaq və növbəti
2-3 il ərzində biz ölkələr üzrə dəyərləndirmə
aparacağıq. Azərbaycan burada artıq
öndədir”.
Dünya ölkələri bir-birinə baxır, müsbət
təcrübədən bəhrələnir, yaxud haradasa yol
verilən səhvlərdən ibrət dərsi
götürür. Bu mənada çox ibrətamiz olan iki
situasiyaya daha ətraflı nəzər salaq. Xatırlayırsınızsa, Britaniya ilk vaxtlar tam fərqli
mövqe tutmuşdu və heç bir məhdudlaşdırıcı
tədbir görmürdü. İtirilmiş
vaxt britaniyalılara baha başa gəldi. Pandemiyanın
başlanğıcında Avropa ölkələrinin əksəriyyətindən
az zərər çəkən ölkə
indi koronavirusdan ölüm hallarının sayına görə
İtaliyadan sonra ikinci yerdədir. Sonradan ciddi
karantin tədbirləri görülsə də, yoluxma və
ölüm hallarını azaltmaq mümkün olmur.
Yaponiyanın Hokkaydo adasında baş verən əhvalat isə dünya ölkələrinin bir çoxunun məhdudiyyətləri hədsiz yumşaltması fonunda daha ibrətamiz və səciyyəvi görünür. Fevralın sonlarında fövqəladə vəziyyət rejimi tətbiq edilən adada atılan qabaqlayıcı addımlar, uğurlu karantin dünyaya örnək göstərilirdi. Nəticədə martın ortalarınadək yeni yoluxma sayı sıfır nöqtəsinə yaxınlaşdı. Martın 19-da fövqəladə vəziyyət rejimi tam aradan qaldırıldı, aprelin əvvəlində məktəblər açıldı. Bundan cəmi 26 gün sonra epidemiya adanı ikinci dəfə, özü də daha sərt vurdu. Bu dəfə yoluxanların sayı gündə orta hesabla 300-ə qalxdı. Mütəxəssislər virusla belə ehtiyatsız davranışı Hokkaydonun uğur hekayəsinin üstündən xətt çəkən kobud səhv adlandırırlar.
* * *
Tarix boyu xalqları çətin və böhranlı vəziyyətlərdən liderlərin siyasi iradəsi və uzaqgörənliyi xilas edib. Böyük çağırışlar zamanı hər bir liderin üzərinə düşən əsas vəzifə məhz xilaskarlıq missiyasıdır.
Xatırlayın, 1993-cü ildə Heydər Əliyev Ümummilli Lider olaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndərimizin siyasi varisi İlham Əliyev bu missiyanı indi pandemiya zamanı inamla və uğurla yerinə yetirir. Biz Prezidentimizlə birlikdə çox çətinliklərdən, sınaqlardan çıxmışıq. Koronavirusa da mütləq qalib gələcəyik. Əlbəttə, yenə də birlikdə!
Aslan ASLANOV,
AZƏRTAC-ın
İdarə Heyətinin sədri OANA-nın vitse-prezidenti
Azərbaycan.-2020.- 5 may.- S.8.