İndi hər kəsdən
daha çox
düşüncə və məsuliyyət tələb olunur
Azərbaycan ərazisində xüsusi karantin rejiminin mayın 31-dək uzadılması COVID-19 şəraitində, bu amansız bəla ilə mübarizədə dövlətimizin ilk növbədə önə çəkdiyi məsələyə - insanların sağlamlığına xidmət edir. Ümumilikdə bu, pandemiyadan hər sahədə minimum itkilərlə çıxmağımız üçün görülən çoxsaylı və çoxşaxəli tədbirlərin davamıdır.
Bu addım koronavirusla bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək atılıb. Xalqımız indiyədək pandemiya ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər kimi, bu qərarı da yüksək dəyərləndirir. Çünki hər birimiz dönə-dönə şahidi oluruq ki, dövlətimiz üçün birinci şərt insanların sağlamlığıdır.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bizim üçün prioritet məsələ insanların sağlamlığı, onların həyatı və sosial müdafiəsidir. Cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan, videokonfrans şəklində keçirilən müşavirədə dövlət başçısı bunu bir daha qeyd edərək demişdir: "Ona görə bizim bundan sonrakı addımlarımız elə atılmalıdır ki, insanların sağlamlığını, onların həyatını qoruya bilək. Əvvəllər qeyd etdiyim kimi, biz addımlarımızı vəziyyətə uyğun atacağıq və əlbəttə, hamımız istəyirik ki, bu karantin rejiminə tezliklə son qoyulsun və vətəndaşlar öz normal həyatına qayıtsınlar. Ancaq bir daha demək istəyirəm ki, bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Bu günlərdə mənə ünvanlanan yüzlərlə, minlərlə məktublar, elektron məktublar, mesajlar göstərir ki, vətəndaşlar bizim atdığımız addımları yüksək qiymətləndirirlər”.
Lakin təəssüf ki, bütün bu ciddi tədbirlərə laqeyd yanaşan, hətta barmaqarası baxanlar da tapılır. Ən adi bir misal göstərək. Bəziləri küçədə gedərkən, nəqliyyat vasitəsinə minərkən maskanı yalnız polisdən, yaxud başqa kimdənsə irad eşitməmək üçün taxır. Məgər bunu başa düşmək o qədər çətindir ki, maskanı sən özünün və ətrafındakı insanların sağlamlığı naminə taxırsan?
Bu da bir həqiqətdir ki, SMS vasitəsilə icazə alıb aptekə dərman, mağazaya ərzaq almaq adı ilə küçəyə gəzməyə çıxanlar, yaxud qohumunun, dostunun evinə qonaq gedənlər az olsalar belə, təəssüf ki, var. Ən bağışlanmaz hal isə guya dünyasını dəyişmiş doğmasının dəfninə getmək üçün icazə alıb bu vaxtı başqa məqsədlərə istifadə etməkdir. Təəssüf ki, belə hallar da mövcuddur və bu hərəkəti edənlər, əlbəttə, polis tərəfindən saxlanılır, sonra da cəzalarını alırlar.
Ən böyük nəzarətçi isə insanın öz vicdanı olmalıdır. Dəfnə getmək adı ilə "başmaq seyrinə” çıxanların, dünyasını dəyişən hansısa insanın hüzüründən sui-istifadə etməyə çalışanların hərəkətinə nə ad vermək olar?!
Doğrudur, karantinin müddəti uzadılıb. Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair də qərar verilib.
Pandemiya isə davam edir və əgər insanlar qoyulan qaydalara riayət etməsələr, qaydaların yumşaldılmasından sui-istifadə etsələr, bu, heç də yaxşı nəticə verməz. Başqa sözlə, indi bizim hər birimizdən daha çox düşüncə, təmkin və məsuliyyət tələb olunur.
Operativ Qərargah bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız zəruri hallarda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməyə, tələb və tövsiyələri yerinə yetirməyə çağırıb.
COVID-19 virusu ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək müvafiq qaydalar tətbiq olunur.
Sanitar-epidemioloji vəziyyətdən asılı olaraq növbəti mərhələdə mövcud məhdudiyyətlərdən daha bir qisminin aradan qaldırılması ilə bağlı qərarların verilməsi nəzərdə tutulur. Lakin bu virusa yoluxma dinamikası və xəstəliklə bağlı ölkədəki vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.
COVID-19-un ölkəmizdən uzaqlaşması, xalqımızın sağlamlığı, iqtisadiyyatımızın geriləməməsi üçün Azərbaycan dövləti nə mümkündürsə, edir. Bu müqəddəs və xeyirxah işə hər birimiz öz töhfəmizi verməliyik.
Flora SADIQLI
Azərbaycan.-2020.- 5 may.- S.9.