Misir mətbuatı Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşünə geniş yer ayırıb

 

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü Misir mətbuatının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, rəsmi MENA informasiya agentliyi, "Youm7”, "Axbarelyoum”, "Aldiplomacy” və digər mətbuat orqanlarında bu mühüm tədbir haqqında məqalələr, dövlət başçısı Əbdülfəttah əs-Sisinin çıxışı dərc edilib. Bundan başqa, Misir Prezidentinin Zirvə görüşündə iştirakı ilə bağlı videomaterial "Axbarelyoum” nəşrinin "YouTube” kanalında da yerləşdirilib.

Materiallarda qeyd olunub ki, Misir Prezidenti yeni növ koronavirusun hamı üçün təhlükə törətdiyi bir vaxtda mühüm Zirvə görüşünün keçirilməsi kimi nəcib təşəbbüsə görə Azərbaycanın dövlət başçısı, Qoşulmama Hərəkatının sədri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib, ölkəmizin rəhbərliyini müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. O, həmçinin koronavirusdan həyatını itirənlərin ailələrinə başsağlığı verib, xəstələrə tezliklə şəfa tapmalarını arzulayıb.

Pandemiyanın ciddi sosial, iqtisadisiyasi fəsadlarını xatırladan Əbdülfəttah əs-Sisi vurğulayıb ki, Zirvə görüşündə ifadə edilən qlobal həmrəylik çağırışı olduqca mühümdür. O, Misirin Qoşulmama Hərəkatının təsisçilərindən biri olduğunu xatırladaraq, bu qrupun koronavirus pandemiyasının qarşısının alınmasında əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib. Misirin dövlət başçısı bu məqsədlə zəruri tibbiprofilaktik materialların təmini, koronavirusa qarşı vaksinin və dərmanların hazırlanması üçün maliyyə vəsaitinin ayrılması, inkişaf etməkdə olan ölkələrə, xüsusən Afrika qitəsi dövlətlərinə yardım edilməsi, onların borclarının təxirə salınması, pandemiyanın ərzaq təhlükəsizliyinə mənfi təsirinin azaldılması təkliflərini səsləndirib.

Azərbaycanın dövlət başçısına bir daha təşəkkürünü bildirən Əbdülfəttah əs-Sisi əmin olduğunu bildirib ki, Prezident İlham Əliyevin sədrliyi dövrü Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinə nail olunması istiqamətində uğurlu mərhələ olacaq.

 

Azərbaycan.-2020.- 5 may.- S.9.