Vətən Sənə
borcludur, HEYDƏR ƏLİYEV!..
Böyük şəxsiyyətlər haqqında yazmağın məsuliyyəti yaradıcı çətinliyindən daha böyükdür. Hələ əgər o şəxsiyyət xalqın milli dövlətçilik tarixinin son yarım əsrdəki çox əhəmiyyətli bir dövrünün müəllifidirsə, ilk cümləni yazmadan əvvəl istər-istəməz düşünməli olursan: görəsən, düşüncələri hansı yöndən qələmə almağa başlasan yaxşı olar?!
Onun həyat və fəaliyyətini, irsini lazımi qədər bilirikmi?!
Yazdıqlarımız oxucu üçün nə dərəcədə yeni və faydalı olacaq?!
Bədii-publisistik yaradıcılığımda indiyə qədər Heydər Əliyev şəxsiyyəti mövzusuna çox müraciət etmişəm. Bu böyük Azərbaycanlının tarixi irsi haqqında yaddaşımda da, qeyd dəftərlərimdə də, arxiv qovluqlarımda da yetərli qədər material var.
Üstəlik, həyatımın əsas hissəsi Heydər Əliyevin gözlərim önündə qurub yaratdığı Azərbaycanda keçib. Ulu Öndərimizin müasirlərindən olmuşam. Xoşbəxtəm ki, bu gün də Onun ideyaları işığında inkişaf edən, tarixinin yeni dönəmlərinə qədəm qoyan ölkənin sakiniyəm.
Təvazökarlıqdan uzaq olsa da, özümü bu yarıməsrlik dövrün əli qələmli canlı salnaməçilərindən biri saya bilərəm. Ona görə də Heydər Əliyev mövzusunda özümü, əslində çox rahat hiss etməliyəm. Bununla belə,yenə də hər dəfə tərəddüdlərim olur. Çünki haqqında yazdığım şəxsiyyətə aid nə varsa, Azərbaycan xalqı və dövləti üçün tarixdir. Onun həyat və şəxsiyyətinin bütün məqamları milli dövlətçilik tariximizin ayrılmaz parçasıdır. Dolayısı ilə Azərbaycan tarixinin çox mühüm bir hissəsi məhz Heydər Əliyev şəxsiyyəti ətrafında mərkəzləşir.
Özü də mən bura təkcə Ulu Öndərin ötən əsrin 60-cı illərinin sonlarında ölkəyə rəhbərliyindən, Azərbaycan üçün gördüyü işlərdən başlanan yarıməsrlik tarixi nəzərdə tutmuram. Milli dövlətçilik tariximizin daha qədim qatları da bu şəxsiyyətdə qovuşur. Zamanın müxtəlif çağlarında Azərbaycan üçün çalışıb-vuruşan, bu ölkənin keçmişində, bu günündə izi olan digər böyük şəxsiyyətlərimizin mənəvi idealları, dövlətçilik amalları da Heydər Əliyev irsində təcəlla tapır.
Ulu öndər bu tarixi şəxsiyyətlərin də Azərbaycanın gələcəyi ilə bağlı arzu və ümidlərinin çıraqbanı kimi çıxış edir. Böyük çətinliklə yaradıb formalaşdırdığı müstəqil dövlətimizin ideya əsasları, azərbaycançılıq məfkurəsi bu şəxsiyyətlərin tarixi irsinə söykənir, gücünü onlardan alır, ona görə sarsılmazdır, xalqımıza doğmadır, insanlarımız bu ideyaları gündəlik həyati dəyərlər kimi asanlıqla duya bilirlər.
***
Yeri gəlmişkən çoxdan bəri düşündüyüm bir maraqlı reallığı da dəyərli oxucularımla bölüşmək istərdim. Heydər Əliyevin xalqın təkidli tələbi ilə müstəqil Azərbaycan dövləti rəhbərliyinə qayıdışından danışarkən bir çox tarixçilər, publisistlər 1993-cü ilin iyununda baş verən hadisələri, ölkənin vətəndaş müharibəsi həddinə, çıxılmaz vəziyyətə gəlməsini xüsusi qeyd edirlər. Səbəb-nəticə əlaqəsi daha çox bu hadisələrdə axtarılmış kimi görünür. Amma bununla razılaşmaq çətindir. Çünki Heydər Əliyevin hakimiyyət rəhbərliyinə qayıdışı hələ Azərbaycanın dövlət müstəqilliyinin bərpasından da xeyli əvvəl, 90-cı illərin ilk aylarından real və arzuedilən idi.
Xalq hərəkatının, müxtəlif xarakterli münaqişələrin təşkili ilə önə çıxan qaragüruh qüvvələrin dövlət idarəçiliyi işini yarıtmayacaqları ilk baxışdan görünəndə və başlı-başına, taleyin ümidinə qalmış ölkəyə kiminsə yiyə çıxması zərurəti çoxları üçün aktuallaşanda qurmaq istədiyimiz Azərbaycanın məhz Heydər Əliyevin Azərbaycanı ola bilməsi bütün aydınlığı ilə ortaya çıxmışdı.
Bir-birinin ardınca baş verən hadisələrin axını, get-gedə güclənən xaos ölkənin sahibini tələb edirdi. Hüdudsuz demokratiyanın, müxtəlif mərkəzlərdən idarə olunan hərc-mərcliyin, hakimiyyət uğrunda mübarizənin mahiyyəti, iç üzü ortaya çıxdıqca, ən mühümü isə Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə qurub-yaratdıqları xalqın gözü önündə yağı malı kimi talan edildikcə nəzərlər böyük dövlət qurucusuna yönəlirdi.
Bu epizodu heç vaxt unutmaram. Olardı 1990-ci ilin
payız ayları, Bakıda taksiyə minmişdim. Yolumuz Neftçilər prospekti tərəfdən, Dənizkənarı
Bulvarın yanından keçirdi. Sürücü orta
yaşlarında bir kişi idi, onda
bulvarın çox bərbad, hüznlü, xüsusilə
payız vaxtı adama qüssə gətirən bir görkəmi
vardı, onillər əvvəl burada yaradılmış
abadlıq, infrastruktur baxımsızlıqdan
dağılıb gedirdi.
Onda camaatın sözü-söhbəti siyasət idi,
biz də yola nərdivan salmaq üçün
sürücü ilə ordan-burdan söhbət edirdik.
Birdən qayıtdı ki, deyirlər, Heydər Əliyev
Moskvadan Bakıya qayıdandan sonra şəhəri gəzməyə
çıxıb. Bulvara da gəlib, buraları belə halda görəndə
kişi kövrəlib ki, mənim
qurub-yaratdıqlarımı niyə belə
dağıtmısınız?!
Orta yaşlı taksi sürücüsünün o zaman
danışdığı bu epizodun nə dərəcədə
real fakt, yaxud xalq yaradıcılığı nümunəsi
olduğunu, əfsus ki, dəqiqləşdirmək imkanım
yoxdur. Amma o dövrdə qədirbilən sadə
insanlarımızın Heydər Əliyevə münasibətinin,
onun Azərbaycan üçün qurub-yaratdıqlarına qiymətinin
və ölkənin gələcəyi üçün bu
böyük dövlət adamının üzərinə
qoyduğu ağır məsuliyyətin ifadəsi kimi maraq
doğurur.
***
Heydər Əliyev Azərbaycan üçün kimdir,
xalqımız üçün hansı tarixi xidmətləri
göstərib, onun dünya siyasətindəki miqyası necə
görünür - bunu yaşlı və orta nəslə izah
etməyə ehtiyac yoxdur. Çünki bu
insanlar Heydər Əliyev ideyaları işığında
yetişib tərbiyələniblər.
Böyük liderlərin bir özəlliyi də bundan
ibarətdir ki, onlar öz cəmiyyətlərini
formalaşdırırlar, toplumun ümumi
baxışlarında, ictimai təfəkküründə
Liderdən əxz edilmiş bir çox keyfiyyətlər,
düşüncə tərzi, yanaşmalar nəzərə
çarpır. Azərbaycanda da Heydər Əliyevdən
görüb-götürən, onun Lider kimi
böyüklüyünü, əzəmətini birmənalı
şəkildə qəbul edən bütöv bir nəsil var.
Fikir müxtəlifliyinin təmin olunduğu cəmiyyətdə
hamıdan eyni cür düşüncə gözləmək
düzgün və mümkün deyil. Bu, insanların
ayrı-ayrı şəxsiyyətlərə münasibətində
də belədir. Ola bilər ki, qeyd etdiyim
nəslin nümayəndələri arasında Heydər
Əliyevin hansısa tarixi xidmətlərini lazımi qədər
qiymətləndirəcək zəkada olmayanlar, vaxtilə ona
qarşı müxalif mövqedə dayananlar və bu
mövqedən yenə də geri çəkilmək istəməyənlər
olsun. Cəmiyyətdir, nə qədər insan varsa, bir o
qədər də rəy və düşüncə var. Amma əgər
söhbət Heydər Əliyev şəxsiyyətindən,
Ulu Öndərin Liderlik keyfiyyətlərindən, dövlətçilik
təfəkküründən, idarəçilik məharətindən
gedirsə, Azərbaycandakı yaşlı və orta nəslin
bütün nümayəndələrinin, hətta vaxtilə
Ümummilli Liderin ən qəti əleyhdarı olmuş
insanların da yekdil fikrini eşidəcəksən ki, bu məqamlarda
Heydər Əliyevin tayı-bərabəri yox idi.
***
Heydər Əliyev Azərbaycan insanı
üçün bir dəyərdir, qürurdur.
O, XX əsrdə
yetişdirdiyimiz ən böyük dövlət
adamıdır. Vaxt olub ki, böyük bir
coğrafiyada bizi Vətənimiz, xalqımız, milli özəlliklərimizlə
yanaşı, həm də məhz onun adı ilə
tanıyıblar.
Heydər Əliyevin Vətənindən gəlmiş
insanlar kimi hörmət qoyublar, biz də belə bir şəxsiyyətlə
eyni xalqa, eyni mədəniyyətə mənsubluğumuza
görə fəxarət hissi keçirmişik. Ulu Öndərin
dünyanın ən mötəbər, ali
kürsülərində ucalan boyuna, şax qədd-qamətinə
təkcə bir şəxsiyyətin yox, ümumən
xalqımızın boyu, yenilməzliyi kimi baxıb
sevinmişik.
Ona görə də Heydər Əliyev öz
böyüklüyü, Azərbaycan xalqı və dövləti
qarşısındakı misilsiz xidmətləri, təkcə
ölkə hüdudlarında deyil, ümumən dünya
çapındakı miqyası ilə insanların hər zaman
yaddaşındadır.
Amma orası da var ki, ölkədə yeni nəsil
yetişir, cəmiyyət gəncləşir, Azərbaycan
xalqı hazırda demoqrafik göstəricilərinə, gəncləşmə
potensialına görə dünyanın öncül millətlərindəndir. Özü də
mən bura təkcə fiziki-bioloji mənada gəncləşməni
deyil, təfəkkürlərin yenilənməsini,
baxışların müasir dünyanın
çağırışlarına
uyğunlaşmasını da nəzərdə tuturam.
Yeni nəsli təmsil edənlərin böyük qismi
Heydər Əliyevin cismani yoxluğu dövründə
dünyaya gəlmiş gənc vətəndaşlarımızdır. Bu uşaqlardan ən
böyüklərinin artıq 17 yaşı var. Amerika alimləri
Uilyam Ştraus və Nil Houvun 1991-ci ildə
elmi ictimaiyyətə təqdim etdikləri "Nəsillər
nəzəriyyəsi”nin bölgüsünə əsaslansaq,
bu uşaqlar "Z nəsli”nin təmsilçiləridirlər.
Onların simasında bəşəriyyət tarixində
ilk dəfə olaraq insanlar öz əcdadlarından bu dərəcədə
köklü şəkildə fərqlənməyə
başlayırlar. Bu uşaqlar sözün əsl mənasında,
dünyanın ilk rəqəmsal insanlarıdırlar. Bu uşaqların həyata baxışları,
maraqları, yanaşmaları, dəyərləri tamamilə fərqlidir.
Onların aləmində real və virtual
dünya tam harmoniyadadır.
Bu nəsil
multikultural mühitdə yaşayır və həmsöhbətinin
kimliyi, harada doğulması, zahiri görünüşü,
dil-din, mədəniyyət özəllikləri ilə qətiyyən
maraqlanmır, insandır, şüurlu varlıqdır, vəssalam...
Deyirlər ki, onlar tarixin ən dözümlü və
sülhsevər nəsli olacaq.
Şəxsiyyət amili bu gənclər
üçün hansı önəmi daşıyır,
münasibətlərində hansı yeri tutur,
davranışlarına nə dərəcədə təsir
göstərir, bütün bunlar zamanla üzə
çıxacaq, hər halda başqa cəmiyyətlərə
aid müşahidələrimiz şəxsiyyət dəyərinin
bu nəsil üçün də öz
aktuallığını itirmədiiyini göstərir.
Reallıq
bundan ibarətdir ki, biz ikinci dünya müharibəsindən
sonra doğulmuşlar, yəni "uşaq
partlayışı” (baby boomer) nəslinin təmsilçiləri
ictimai həyatdakı yerimizi yavaş-yavaş bu nəslə
ötürürük, estafeti onlara təhvil veririk, dəyərlərimizi
onlara əmanət etməyə başlayırıq...
***
Gənc nəslə milli dövlətçilik tariximizin
böyük bir dəyəri kimi Heydər Əliyevi də
tanıtmağa çox böyük ehtiyac var.
Açığını deyim ki, mən bu ehtiyacın getdikcə
necə artdığını görürəm və müəyyən
narahatlıqlarım yaranır.
Etiraf edək
ki, gənc nəsilin heç də hamısı Heydər
Əliyevi lazımi qədər, bizim istədiyimiz səviyyədə
tanımır, digər böyük şəxsiyyətlərimiz
kimi Ulu Öndərin də Azərbaycan tarixindəki yeri və
rolu haqqında tam aydın təsəvvürlərə malik
deyil.
Əlbəttə,
gənclər Heydər Əliyevi digər tarixi şəxsiyyətlərimizlə
müqayisədə,olsun ki, daha yaxından tanıyırlar,
ümummilli liderin tarixi irsini daha asanlıqla hiss edə bilirlər,
çünki bu, o qədər də uzaq tarix deyil, soruşsan
hər biri cavab verəcək ki, bəli, yeni tariximizdə belə
böyük bir şəxsiyyət var.
Amma Heydər
Əliyev Azərbaycan üçün kimdir, bu xalq, bu dövlət
üçün nələr edib, ideyaları, məramı,
amalları nə idi, gənc nəslin bu barədə dərin
bilgilərini, aydın düşüncələrini, Heydər
Əliyev şəxsiyyəti ilə təkcə öyrənilmiş
biliklər üzərindən deyil, həm də təhtəlşüur
səviyyəsində bağlılıqlarını, təmasını
heç də həmişə hiss etmək olmur.
Yaşlı nəslin nümayəndələrində
bu, var, amma gənc nəsildə tam duyulmur. Açığı,
burada təhsilin də, təşviqati işlərin də,
ideoloji tərbiyənin də ciddi nöqsanlarını
görürəm.
Əgər söhbət yeni nəsildən gedirsə, nəzərə
almalıyıq ki, onların maraqları fərqli olduğu
kimi bu marağı cəlb etməyin üsulları da fərqlənməlidir. Heydər
Əliyevi gənc nəslə tanıtmaq üçün
onların maraqlarını cəlb edəcək yeni və
effektiv üsullar düşünmək zamanıdır.
Gözlərimiz
önündə ən azı Türkiyə nümunəsi
var, türk gəncliyinin zamanla daha da yüksələn
Atatürk coşğusu, Atatürk sevgisi var...
***
Bakının Xətai rayonu Türkiyənin Tarsus şəhəri
ilə qardaşlaşmış şəhərdir. Tarsusda Heydər
Əliyevin adını daşıyan park və Ulu Öndərin
abidəsi var. Rəsmi tədbir çərçivəsində
Tarsusa səfərlərimizin birində şəhər sakinlərinin
əllərində Türkiyənin dövlət bayraqları,
Atatürkün portretləri ilə hansısa bayramı
böyük coşğunluq içində qeyd etdiklərini
gördüm.
Səbəbi ilə maraqlananda məlum oldu ki, Atatürk
1923, 1925, 1926, 1937 və 1938-ci illərdə Tarsusda səfərdə
olub. Adamlar bu
səfərlərin hər birinin ayrıca hekayəsini
danışdılar, sevə-sevə, ballandıra-ballandıra
- Atatürk qatardan necə düşüb, kimlərlə nə
danışıb, kimin evində müsafir olub, hansı təamlardan
dadıb... O vaxtdan bəri bu səfərlərin
anıları Tarsusda qeyd edilir. Təkcə
Tarsusdamı?! Türkiyənin hər şəhərinin
Atatürklə bağlı öz hekayəsi, öz
anıları var.
Türkiyə insanı yeddidən-yetmiş yeddiyə bu
anıları öz sevgisi, öz ruhu ilə yaşadır. Bu ruhu, sevgini
yeni doğulan körpələrinə də
ötürür. Türk körpəsi
dünyaya bu sevgi ilə göz açır, Atatürk sevgisi
onların canında-qanındadır. Zatən Türkiyəni
güclü, yenilməz edən, dörd bir yandan üzərinə
yönələn təzyiqlər qarşısında duruş
gətirməsi üçün dayaq olan da elə bu sevgidir,
bu hekayələrdir...
Əfsuslar olsun ki, biz gənc nəsil üçün
bu hekayəni yarada bilməmişik, Heydər Əliyev şəxsiyyətini
dərsliklərin, kitabların, media vasitəsilə
aparılan təbliğatın hüdudlarından
çıxarıb gəncliyə onlar üçün maraqlı
olan hekayə tərzində tanıtmağa müyəssər
olmamışıq. İndi ən çox buna ehtiyac var.
Bu, təkcə
Heydər Əliyevin, təkcə bir şəxsiyyətin hekayəsi
deyil, ümumən Azərbaycanın milli dövlətçilik
hekayəsi olacaq...
***
Böyük təəssüf hissi ilə bir faktı
qeyd edim ki, biz Ulu Öndər Heydər Əliyevin şərəf
və ləyaqətinin müdafiəsi haqqında qanunun qəbuluna
da gecikmişik. Hələ də Azərbaycanda belə
bir qanun qəbul olunmayıb. Amma Türkiyədə var
belə bir qanun... Atatürk şəxsiyyətinə
qarşı göstərilən həqir münasibət cinayət
məsuliyyəti yaradır. Türkiyənin
Ədliyyə Nazirliyi belə yaramazlığa qalxanlara
qarşı iddia qaldırır, lazımi qulaqburmasını
verir. Kiminsə Atatürk şəxsiyyətinə
toz qondurmasına imkan tapmır. Bununla təkcə
bir şəxsiyyətə yox, bu şəxsiyyət ətrafında
yaranmış böyük bir dövlətçilik hekayəsinə
sahib çıxır.
İndi
soruşmaq istərdim: bəyəm Heydər Əliyevin şərəf
və ləyaqətini qorumaq təkcə Onun ailə üzvlərinin
vəzifəsidirmi?! Heydər Əliyev ümumən
Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarının
sayı qədər böyük ailəmizə aid deyilmi?
O zaman Ulu Öndərin şərəf və ləyaqətini
qanunla qorumaq da hər birimizin boynumuzun borcudur, mənəvi vəzifəmizdir.
Ümumən, əgər böyük tarixi şəxsiyyətlərimizin
küfrdən, hərzə-hədyandan, qərəzdən, bədxah
münasibətdən müdafiəsini ancaq onların bioloji
doğmalarından gözləyəcəyiksə, onda xalq
olaraq böyük tarix yarada bilmərik.
Hər xalqın malik olduğu şəxsiyyətlər
onun tarixinin böyük parçalarıdır. Xalq öz
şəxsiyyətlərini nə qədər uca tutarsa,
özü də o qədər ucalar, bunun əksinə, şəxsiyyətlərinə
nə qədər həqir münasibət göstərərsə,
başqalarından da özünə qarşı eyni səviyyədə
münasibət görər. Heç zaman unutmayaq:
özümüzə, şəxsiyyətlərimizə
hörməti bizim özümüzdən başqa kimsə
göstərməyəcək. Çünki
başqalarında imkan olsa, tariximizə, ərazilərimizə,
milli varlığımıza sahib çıxmaqdan
ötrü bütün böyük şəxsiyyətlərimizin
adını salnamələrdən silib bizi qum
dənəsi boyda kiçildib zamanın sərt küləkləri
ilə baş-başa buraxarlar.
Heç
olmasa bunu özümüz etməyək!
***
Şəxsiyyətlər
bizə özümüzü tarixdə hiss edə bilmək
üçün çox lazımdır. Biz
tarixdəki mövcudluğumuzu onlarla duyuruq. Zamanın ruhunu, nəsillərin əmanətini
canımızda onların adı ilə hiss edə bilirik.
Yaş keçdikcə bu məqamın bir xalq,
toplum üçün nə qədər böyük əhəmiyyət
daşıdığını daha dərindən duymaqdayam.
Son illər bədii
yaradıcılığımda tarixi mövzuların əsas
yer tutmasının başlıca səbəbi də elə
budur.
Axır illərdə tarixi şəxsiyyətlərlə
bağlı xeyli kitabım çıxıb. "Nadir
şah” haqqında "Sonuncu fateh” romanını
yazmışam. "İki şah - iki
sultan” trilogiyam işıq üzü görüb. Burada hadisələr Qazi Bürhanəddin və Uzun
Həsəndən başlayıb Şah İsmayıl Xətayiyə
qədər davam edir. Bunlar elə-belə,
bir neçə ayın içində yazılan əsərlər
deyil. Hər birini qələmə almaqdan
ötrü bir neçə illik araşdırmalar
aparmışam, obrazını canlandırdığım hər
bir tarixi şəxsiyyətin dövrünü diqqətlə
öyrənməyə çalışmışam, o
dövrə daxil olmağa can atmışam. Heydər Əliyev haqqında da 8 kitabın müəllifiyəm,
bu kitablardan biri dünyanın 40-dan çox dilinə tərcümə
edilərək ayrı-ayrı ölkələrdə nəşr
edilib.
Bu kitabları yazmaqdan ötrü apardığım
araşdırmalar zamanı dövrlər və şəxsiyyətlər
arasında qəribə bir bağlılıq
görürdüm. Baxırdım ki, zaman, tarixi şərait, reallıqlar
fərqlidir, amma qarşıya qoyulan məqsədlər, hədəflər,
amallar böyük, güclü Azərbaycan idealı
hansısa nöqtədə kəsişir, tam üst-üstə
düşür və bu şəxsiyyətlər eyniləşib
eyni bir obraza daxil olurlar.
Bir neçə ay əvvəl əziz dostum, gözəl
publisist qələmi və illərin redaktə təcrübəsi
ilə çox güclü mətn duyumu olan Bəxtiyar
Sadıqovla bu mövzuda söhbət edirdik. Ona tarixi
faktlar əsasında tapdığım paralellər
haqqında danışırdım. Onda Bəxtiyar müəllim
belə bir ideya verdi ki, elə isə o
kitablardakı ümumi xətləri, ortaq məqamları birləşdirib
daha bir əsər yaz. Əgər o şəxsiyyətləri
həqiqətən belə diqqətlə öyrənmisənsə
və üzə çıxardığın məqamları,
müqayisələri, paralelləri qələmə almaqdan
ötrü belə aydın bədii təəssüratların
yaranıbsa, çox gözəl bir əsər ərsəyə
gətirə bilərsən. Bəxtiyar
müəllim və digər dostlarım belə bir romanın
yazılmasını yaxşı mənada boynuma qoydu və
qismət olsa, özüm də tezliklə o romanı
yekunlaşdırmağı çox istəyirəm. Elə
gələcək kitabın adını da həmin söhbət
zamanı Bəxtiyar Sadıqovla birgə əlüstü
tapdıq: "Beş əsrin dörd kişisi”.
Bu, əsrlər,
şəxsiyyətlər arasında körpü salan əsər
olmalıdır...
Həmin əsərin anladacağı bir həqiqət də
olacaq. Buna bir neçə dəfə yazılarımda
toxunmuşam. Azərbaycanda Uzun Həsənin
də Şah İsmayılın da, Nadir Şahın da,
Cümhuriyyətimizi yaratmış qurucu
atalarımızın da başlayıb amma taleyin gərdişindən
axıra çatdıra bilmədikləri yarımçıq
qalan işlər, gələcəklə bağlı arzular
vardı.
Onların
hamısı Heydər Əliyev dövründə başa
vardı...
Ulu Öndər o arzuların hamısını
reallığa çevirdi. Heydər Əliyevin
yekunlaşdıra bilmədiyi işləri isə İlham
Əliyev zirvəyə çatdırdı.
"Beş
əsrin dörd kişisi”nin dövlətçilik tacı bu
gün əslində beşinci kişidə - İlham
Əliyevdədir...
Əgər
əsrlərin o üzündə məğribdən məşriqə
böyük imperiyalar quran, yanına dünyanın o
başından dəstə-dəstə elçilər gələn
hökmdarların bu nüfuzunu Heydər Əliyev öz şəxsiyyəti
ilə Kremlə daşımışdısa, SSRİ boyda
imperiyanın əsas söz sahiblərindən biri,
bütün müsəlman-türk dünyasının bu ali
ucalıqda parlayan ulduzu idisə, İlham Əliyev də bu
gün Qoşulmama Hərəkatının, Türk
Şurasının rəhbəri kimi dünya miqyasında
liderdir...
Bu
böyüklüyü ilə tariximizdəki dörd
böyük hökmdarın ruhunun
daşıyıcısıdır...
Bu gün
İlham Əliyevin yerlərdə vəziyyəti fürsət
bilib xalqın malını yeyən, kasıb-kusubun ruzisinə
göz dikən, vəzifə kürsüsündə hər
cür mənəviyyatsızlığa qol qoyan məmurcuqların
başına dünyanı dar etməsi o kişilərin
adilliyindəndir, Heydər Əliyev ədalətindəndir....
Bu
dörd kişidən gələn zəkadan, müdriklikdən,
gücdən, strateji baxışdan, qətiyyətdən, məğrurluqdan,
ən əsası Vətən sevgisindəndir ki, İlham
Əliyev bu gün bu qədər mətndir, onun rəhbərlik
etdiyi Azərbaycan bu qədər qüdrətlidir...
Onların birləşən gücü, tarixin qədim
qatlarından gələn enerjisi Azərbaycanı
güclü, yenilməz edir. Nə qədər ki, əlimiz o
şəxsiyyətlərdən qopmayıb bizi bu torpaqların
bağrından kimsə qopara bilməyəcək, milli
kimliyimizi, varlığımızı, dövlətçilik
ruhumuzu, əzmimizi əlimizdən ala bilməyəcək...
Ona görə də qorumalıyıq o şəxsiyyətləri,
kiminsə onların böyüklüyünə xələl
gətirməsinə imkan verməməliyik. Eyni zamanda
onların böyüklüyünü gənc nəslə də
anlatmalıyıq. Qoy bu ruhla
böyüsünlər, ürəkləri o şəxsiyyətlər
kimi böyük olsun, geniş olsun, kiminsə yanında
aşağılıq kompleksi keçirməsinlər.
O şəxsiyyətlərin
işığı xalqımızı həmişə
böyük edəcək. Amma onlara sahib çıxsaq,
doğru-dürüst təqdim etməyi bacarsaq, məqsədli
insanların həqir münasibətlərindən, mənasız
ittihamlarından qorumağı bacarsaq...
İndi baxırsan, dərisi qara qəpiyə dəyməyən
kimlərsə ara-sıra mətbuat səhifələrində,
efirdə tarixi şəxsiyyətlərimizə qarşı
hücuma keçirlər. Biri Şah
İsmayılı aşağılayır, o biri Nadir şaha
böhtan atır, başqası Uzun Həsəni mühakimə
edir, digəri milli-mənəvi dəyərlərimizi
aşağılamağa başlayır. Xalqın
vicdanlı ziyalıları da hər dəfə onlara cavab verməyə,
yerlərini göstərməyə məcbur qalırlar.
İndi necə əmin ola bilərik ki,
onilliklər sonra kimlərsə başqa tarixi şəxsiyyətlərimiz
kimi Heydər Əliyevə qarşı da bu cür məsuliyyətsiz
mövqe sərgiləməyəcəklər. Qeydlərimin
əvvəlində bəhs etdiyim qanun bizə həm də
bundan ötrü lazımdır.
Bunlar Azərbaycanın yeni inkişaf mərhələsində,
cəmiyyətin sivil münasibətlər sistemində öz
yerini tutmalı olan məsələlərdir. Belə məsələləri
biz Heydər Əliyevçilər gündəmə gətirməliyik,
həllinə nail olmalıyıq, Heydər Əliyevi gənc
nəslə tanıtmalıyıq. Sevgimizlə,
səmimiyyətimizlə, sədaqətimizlə, əməllərimizlə.
Heydər
Əliyev şəxsiyyətinin, onun qurub-yaratdığı
müstəqil Azərbaycan dövlətinin hekayəsini birgə
yaratmaqla...
Hələ ki, bu missiyanı yalnız Azərbaycan
Prezidenti və Ulu Öndərin adını daşıyan fond
yerinə yetirir. Dövlət rəhbərimizin gördüyü işlər,
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın Heydər Əliyev ideyaları
işığında reallaşdırdığı nəcib
təşəbbüslər insanların həyatına
böyük faydalar gətirməklə yanaşı, gənc
nəslin diqqətini də ümummilli liderin şəxsiyyətinə,
dövlətçilik amallarına, ali məqsədlərinə
yönəldir, bu ideyaları tanıdır, sevdirir.
Bəs biz ziyalılar nə edirik?! Heydər
Əliyev şəxsiyyəti qarşısındakı mənəvi
borcumuzu lazımi şəkildə yerinə yetirə bilirikmi?
Heydər Əliyev haqqında çoxsaylı
kitabların müəllifi kimi, özümün də bu məsələdə
yaxamı kənara çəkmək fikrim yoxdur. Əgər
gənc nəsil o kitabları lazımi səviyyədə
oxumursa, deməli, bir müəllif kimi burada mənim də
suçum var. Sosioloji araşdırmalara görə, bir
yaponiyalı il ərzində 25, isveçli 10, fransalı 7
kitab oxuyur. Türkiyədə hər 7 nəfərə
ildə 1 kitab düşür. Azərbaycanda isə bu
göstərici minimumdan da minimum səviyyədədir, əfsus
ki...
İnsanlarımıza kitabı sevdirmək axı öz
əlimizdədir.
Bu barədə daha ciddi düşünməliyik,
imkanlarımızı bir araya gətirməliyik.
Heydər
Əliyevi kitablarla tanıtmalıyıq, kitablarda
tanıtmalıyıq, onun xalqına, dövlətinə,
ümumbəşəri dəyərlərə fəda etdiyi
ömrünü insanlar qarşısında kitab kimi
açmalıyıq...
Necə
ki, Türkiyədə bütün nəsillər
Atatürkü ruhən, qəlbən sevir, Azərbaycanda da əgər
Heydər Əliyevi gənc nəslə öz
ucalığında, olduğu kimi təqdim edə bilsək,
bu ruhi bağlılıq müstəqil dövlətimizin var
olduğu əbədiyyətə qədər davam edəcək.
***
Heydər Əliyev haqqında mütəmadi qaydada
müxtəlif kitablar, ayrı-ayrı müəllif
yazıları dərc edilir. Hər biri
özlüyündə dəyərlidir, maraqlıdır və
təqdir olunmalıdır. Bununla belə bu məsələdə
müəyyən qədər də özfəaliyyət hiss
olunur, sistemsizlik nəzərə çarpır. Oxucu auditoriyasına təqdim edilən
materialların heç də hamısı Heydər Əliyev
şəxsiyyətini olduğu kimi əks etdirə bilmir,
gözlədiyimiz faydanı vermir.
Ona görə də
Əliyevşünaslığın bir elm sahəsi kimi
inkişafı, bu sahənin öyrənilməsi və öyrədilməsi
tarixi zərurətə çevrilirb. Heydər Əliyev
şəxsiyyətinin buna ehtiyacı yoxdur. Amma cəmiyyət olaraq, Azərbaycan xalqı olaraq
bizim çox böyük ehtiyacımız var.
Gənc nəslinsə, düşünürəm ki, gələcəkdə
daha böyük ehtiyacı olacaq. Çünki
Əliyevşünaslıq dövlətin mövcudluğu boyu
ortaya çıxan həyati suallara cavab tapmaq
üçün aydın mənbədir, gələcəyə
doğru yol göstərən etibarlı bələdçidir.
Bir müddət əvvəl müasir
dövrümüzün böyük mütəfəkkir
aydınlarından olan akademik İsa Həbibbəylinin "Azərbaycan”
qəzetində HeydərƏliyevşünaslıqla
bağlı geniş elmi məqaləsi dərc edilmişdi. Oxudum,
çox maraqlı gəldi, bəzi qeydlər də
götürdüm və ilk dəfə onda anladım ki, bu
elmi istiqamətin inkişafı Azərbaycanın həm bu
günü, həm də gələcəyi üçün
nə qədər önəmlidir. HeydərƏliyevşünaslıq
- böyük siyasət haqqında elmin üzvi tərkib hissəsi
olub, siyasi-tarixi xarakter daşıyan nəzəri təlimdən,
Azərbaycanşünaslığın əsas aparıcı
və hərəkətverici qüvvəsi olan sistemli bir nəzəriyyədən
müstəqil dövlətçilik və ümummilli
ideologiya haqqında elmə qədər, daim inkişafda olan,
böyük gələcəyə işıq salan əbədiyaşar
novator dövlətçilik təliminə qədər
çox geniş istiqamətləri əhatə edir.
İsa müəllim öz məqaləsində də
haqlı olaraq qeyd edirdi ki, Heydər Əliyev haqqında deyilənlər
və yazılanlar dünyanın ayrı-ayrı qitələrini
və xalqlarını əhatə etdiyi üçün HeydərƏliyevşünaslıq
beynəlxalq miqyaslı elmi təlimdir. Bununla belə,
Heydər Əliyevə həsr olunmuş rəyləri,
münasibət ifadə edən fikirləri, ən müxtəlif
xarakterli araşdırmaları ümumiləşdirib dəyərləndirmək
Azərbaycan elminin borcu və vəzifəsidir. Azərbaycan tarixinin son 50 illik inkişaf yolunu Heydər
Əliyev faktorunu əsas kimi qəbul etmədən elmi cəhətdən
obyektiv şəkildə qiymətləndirmək mümkün
deyildir.
Əslində ölkəmizdə dəqiq və texniki
elmlər, yer elmləri və təbiət elmləri də
Heydər Əliyevin azərbaycançılıq
ideallarının işığında inkişaf
etdirilmişdir. Bu mənada HeydərƏliyevşünaslıqla
azərbaycançılıq arasında bərabərlik
işarəsi qoymaq mümkündür. HeydərƏliyevşünaslıq
- müstəqillik dövrü Azərbaycan elminin
strategiyasını müəyyən edən metodoloji
meyardır.
Biz Heydər
Əliyevi tanımaq və tanıtmaq üçün bu
meyardan yola çıxmalıyıq...
***
Heydər Əliyevi gənc nəslə tanıtmaq deyirəm,
əslində heç biz özümüz də Ulu Öndəri
yetərincə tanıya bilməmişik. Onun həyat və
fəaliyyəti haqqında faktlarımız indi arzu etdiyimiz qədər
deyil. Bunun bir səbəbi də Ulu Öndərin
özündən gəlirdi, açıq yazaq.
O həddən
artıq təvazökar dövlət adamı idi, bu gün
bizim onun tarixi xidmətləri kimi dəyərləndirdiyimiz
hadisələri sıradan adi bir fəaliyyət kimi qəbul
edirdi, bunları açıqlamağa, təbliğ etməyə
lüzum görmürdü. Deyirdi ki, burada nə
var ki, adi bir fəaliyyətdir, qeyri-adi nəsə yoxdur.
Amma tarix
göstərdi ki, Ulu Öndərin adilik saydıqlarının
hər birində çox böyük qeyri-adiliklər,
möhtəşəmliklər var. Ruhu şad olsun, amma bu məsələdə
Heydər Əliyevdən yazı-pozu adamı kimi kiçik bir
gileyim də var. O da digər qüdrətli türk
hökmdarlarının yolunu tutdu, öz ömrü ilə
yaratdığı dövlətçilik tarixinin təfərrüatlı
şəkildə qələmə alınmasına,
yazılı mənbələrdə bugünkü və gələcək
nəsillər üçün sənədləşməsinə
az vaxt ayırdı. Keşkə bu faktları özündə
saxlamasaydı, xatirələrini yazmağa vaxt ayıra bilsəydi,
yaxud bunu yazmaq istəyənlərə şərait
yaratsaydı...
Onda Heydər Əliyevin Azərbaycan dövlətinə,
xalqımıza bəxş etdiyi böyük xidmətlər
haqqında faktları tamam kənar mənbələrdən
öyrənmək məcburiyyətində qalmayacaqdıq. Bu
yaxınlarda rastıma Moskvada nəşr olunmuş bir kitab
çıxdı. Müəllifi Sov
İKP MK-nın Beynəlxalq əlaqələr şöbəsi
müdirinin birinci müavini Karen Brutensadır.
"Köhnə meydanda otuz il” adlanan əsər
tamam başqa mövzudadır. İçərisində
vur-tut yarımca səhifə Azərbaycana həsr olunub,
kitabda Heydər Əliyevin adı belə çəkilmir.
Amma görün, o yarımca səhifəlik
materialda nə qədər əhəmiyyətli bir hadisə,
fakt əks olunur.
Hadisə baş verir 1972-ci ildə. Zaman-zaman Azərbaycana
qarşı ərazi iddiaları qaldıran və bu məkrli
mövqeyindən sovet dövründə də əl çəkməyən
Ermənistan rəhbərliyi Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsi təşəbbüsü ilə
SSRİ rəhbərliyinə müraciət edir. Onda Sov.
İKP MK-nın katibi M.A.Suslov məzuniyyətdə
idi, Qafqaz Mineral sularında dincəlirdi, onun vəzifəsini
A.Kirilenko icra edirdi. Ermənistan rəhbərləri
bu məqamı fürsət bilmişdilər. SSRİ rəhbərliyi qaldırılan məsələnin
birlikdə öyrənilməsi onun həlli üçün
təkliflərin irəli sürülməsi barədə hər
iki ölkənin rəhbərliyinə göstəriş
verir. Mərkəzi komitələrin birinci
və ikinci katibləri, Nazirlər Kabinetinin, Ali Sovetin Rəyasət
Heyətinin sədrləri səviyyəsində hər iki
ölkədə görüşlər keçirilir. Amma heç bir razılıq əldə olunmur, Azərbaycan
tərəfi Ermənistanın məkrli təşəbbüsünü
qətiyyətlə rədd edir. Ermənistan
tərəfinin təkidi ilə axırda belə
razılıq əldə olunur ki, daha kiçik tərkibdə
mərkəz üçün birgə arayış
hazırlansın. Amma nə belə bir
görüşə, nə də belə bir arayışa gərək
qalmır. Çünki Azərbaycan rəhbəri dərhal
Suslovun istirahət etdiyi yerə gedir, durumu ona
çatdırır, Suslovsa Moskvaya dönən kimi məsələni
yoluna qoyub, Brejnevi ermənilərin təşəbbüsünün
mənasızlığına inandırıb onları geri
oturtmağa nail olur...
Həmin
vaxt Suslovla görüşüb bu məsələni onunla və
dolayısı ilə Brejnevlə həll edən kim idi?! Təbii ki, Heydər Əlyev!..
O zaman
Heydər Əliyev Azərbaycan rəhbərliyinə hələ
cəmi iki il yarım idi ki, gəlmişdi,
mövqeləri o qədər də güclü deyildi. Amma görün sarmaşıq kimi dünyanın
bütün nüfuzlu mərkəzlərini
bürümüş, hər yerə əlləri çatan
ermənilərlə necə döyüşürdü?!
Azərbaycanın maraqlarını necə
qoruyurdi?!
Təsadüfi deyil ki, 1972-ci ildə moratorium qoyulmuş
bu məsələni ermənilər məhz Heydər
Əliyev ittifaq rəhbərliyindəki vəzifəsindən
gedəndən cəmi 2 həftə sonra Ağambekyanın
müraciəti ilə gündəmə gətirdilər. Heydər
Əliyevi kənarda gücsüz görüb
üstümüzə kükrədilər, başımıza
bəlalar açdılar.
Bütün bu məsələlərin təfərrüatlarını
sağlığında Heydər Əliyevin özündən
öyrənmək olardı. Bizdə də
günah oldu əslində, xatirələrini qələmə
almaq üçün israr etməyə cəsarət göstərmədik,
bu məsələdə gecikdik, zaman ötdü keçdi.
Amma bir daha o həqiqətə qayıdıram
ki, Heydər Əliyev bütün bunları qəhrəmanlıq
kimi görmürdü, özünə adi missiya, Vətən
və xalq qarşısında xidməti borc bilirdi.
Əslində, belə faktlarla qarşılaşanda biz
araşdırmaçıların, tarixi əsər müəlliflərinin
ürəyində niyə vaxtında bilməmişik
düşüncəsindən bir nisgil yaransa da, bununla
yanaşı, dünyanın ən böyük azərbaycanlısının
bu böyük ürəyinə bir daha heyran oluruq.
Bu
böyük ürəyə hər zaman ehtiyacımız var!
Bu böyük ürəyi qorumalıyıq.
Bu, həm də Onun adı işığında Vətənin
tarix qarşısındakı borcudur.
Vətən
Sənə borcludur,
Heydər
Əliyev...
Hüseynbala MİRƏLƏMOV,
YAP Xətai rayon təşkilatının
sədri
Azərbaycan.-2020.- 6 may.- S.1;4.