Həmrəylik,
qarşılıqlı dəstək, birgə mübarizə
İlham Əliyev
Qoşulmama Hərəkatının üzv dövlətlərinə qlobal böhrandan
çıxış yolunu göstərdi
- COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmır. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik;
- Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır;
- Pandemiya dövründə də Azərbaycan etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir;
- Tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin bölüşülməsi, ehtiyacı olan ölkələrə yardım göstərilməsi mühüm əhəmiyyət kəsb edir;
- Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait bizimlə razılaşdırılmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur;
- Əminəm ki, dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən edilən çıxışlarda səslənən dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizə töhfə verəcəkdir;
- Biz birlikdə pandemiyaya qalib gələcəyik.
Azərbaycan zamanın tələbinə
uyğun real addımlar
atır
Daha bir qlobal təşəbbüsünü
reallaşdıran Prezident
İlham Əliyev bu dəfə 120 üzv dövləti və 17 müşahidəçi
ölkəni, eyni zamanda 10 müşahidəçi
beynəlxalq təşkilatı
birləşdirən Qoşulmama
Hərəkatının Zirvə
görüşündə koronavirus bəlasından çıxış yolunu
göstərməklə yanaşı,
bu istiqamətdə reallaşdırdığı proqramların
effektiv nəticələrini
də bölüşdü.
Cənab İlham Əliyev BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı
olan Qoşulmama Hərəkatının üzv
dövlətlərinə Azərbaycanın
böhrandan əziyyət
çəkən ölkələrə
dəstək verməyə
də hazır olduğunu bəyan etdi. Zirvə görüşündə çıxış edən
beynəlxalq təşkilatların
rəhbərləri də
Azərbaycan Prezidentinin
fikirlərini dəstəkləyərək
yeganə qurtuluş yolunun yalnız birgə mübarizədən
keçdiyini söylədilər.
Bu Zirvə görüşü
bir daha təsdiq etdi ki, Azərbaycan təşkilata sədrliyi
dövründə zamanın
tələbinə uyğun
olaraq real addımlar atır. Yəni sədrliyi
üzərinə götürərkən
Prezident
İlham Əliyevin bəyan etdiyi "Azərbaycan beynəlxalq arenada üzv ölkələrin
maraqlarının müdafiə
edilməsi üçün
əməli addımlar
atacaq, həmrəyliyin
gücləndirilməsini və
qarşılıqlı dəstəyi
rəhbər tutacaq” fikri öz təsdiqini
tapır.
Koronavirusla mübarizəyə həsr
olunmuş "COVID-19-a qarşı
birlikdəyik” mövzusunda
keçirilən Zirvə
görüşü Qoşulmama
Hərəkatının gündəliyinə
tarixi hadisə kimi yazıldı. Bu tarixi
yazan isə qısa zaman kəsiyində dünyanın
etibarlı tərəfdaşına
çevrilən, cəmi
9 il əvvəl
bu qlobal hərəkatın üzvlüyünə
qəbul edilən Azərbaycan və onun lideri cənab
İlham Əliyevdir.
İlham
Əliyevin qlobal təşəbbüsünə birmənalı dəstək
Məhz
Azərbaycan Prezidentinin
təşəbbüsü ilə reallaşan bu konfrans təşkilatda
120 dövlətin təmsil
olunduğunu nəzərə
alaraq, coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və
Latın Amerikasında
yerləşən ölkələrin
iştirakı ilə
Təmas Qrupu formatında keçirildi.
Cənab İlham Əliyev Qoşulmama Hərəkatının
sədri kimi təşkilatın 1996-cı ildə
qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən
çıxış edərək
koronavirusa qarşı
mübarizə üzrə
Təmas Qrupunun yaradılması və bu formatda Zirvə
görüşünün keçirilməsi təşəbbüsünü
irəli sürmüşdü. Təqdirəlayiq haldır ki, Qoşulmama Hərəkatının
bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə
dəstəklədilər və
Təmas Qrupunda coğrafi təmsilçilik
və könüllü
iştirak prinsipi əsasında bütün
regional qruplardan olan ölkələr təmsil
olundular. Onu da nəzərə alaq ki, 120 daimi üzvü
olan hərəkat müasir beynəlxalq münasibətlərin tənzimlənməsində
iştirak edən mühüm platformadır.
Aprelin 10-da cənab
İlham Əliyevin təşəbbüsü ilə
Türk Şurasının
növbəti Zirvə
görüşü də
eyni formatda reallaşmışdı. Azərbaycan Prezidenti
türkdilli dövlətlərə
də hər zaman ölkəmizin pandemiya ilə mübarizədəki üstün
təcrübəsini bölüşməyə
hazır olduğunu bəyan etmişdi.
Göründüyü kimi, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük nailiyyətlərə imza
atmaqdadır. Azərbaycan dünyanın yeni
reallıqlarına çevik
və adekvat reaksiya verir. Yəni dünyanın bir parçası olan ölkəmiz bəşəriyyəti
böyük sınaq qarşısında qoyan qlobal pandemiyaya qarşı nəinki milli səviyyədə səmərəli tədbirlər
görür, eyni zamanda regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin
və əməkdaşlığın
gücləndirilməsinə əhəmiyyətli töhfə
verir.
Qətiyyətli qərarları, düşünülmüş
və uzaqgörən
siyasəti ilə hər zaman örnək göstərilən
cənab İlham Əliyevin qlobal təşəbbüsü ilə
son iki ayda reallaşan iki mühüm beynəlxalq konfransda yekdil fikir böhrandan qurtuluşda səylərin
birləşdirilməsi, üstün
təcrübələrin paylaşılması
oldu. Hər iki təşkilatın
üzvləri Azərbaycan
Prezidentinin təşəbbüs
və təklifini birmənalı dəstəklədilər.
Pandemiya
dövründə maneəsiz
və etibarlı tranzit daşımaları
Bu Zirvə görüşündə
də cənab İlham Əliyev Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının
qarşısının alınması
üçün vaxtında
həyata keçirilən
çevik və zəruri qabaqlayıcı
tədbirlər barədə
məlumat verərək,
pandemiya dövründə
insanların sağlamlığı
və onların sosial müdafiəsinin təmin edilməsinin prioritet məsələlər
olduğunu bildirdi.
Dövlət başçısı pandemiya şəraitində
Azərbaycanda iqtisadi sabitliyin təmini, məşğulluqla bağlı
problemlərin həlli
istiqamətində görülən
işlərdən də
danışaraq, bu məqsədlə müstəqillik
tariximizin ən böyük (3,5 milyard manat) maliyyə tutumlu sosial-iqtisadi dəstək paketinin qəbul olunduğunu diqqətə
çatdırdı.
Cənab İlham Əliyev Azərbaycanın koronavirus
xəstələrinin müalicəsi
sahəsindəki təcrübəsini
də Qoşulmama Hərəkatının digər
üzv dövlətləri
ilə bölüşməyə,
bu sahədə əməkdaşlığa hazır
olduğunu bir daha bəyan edərək ölkəmizin
pandemiya dövründəki
iqtisadi və nəqliyyat-tranzit imkanlarından
da söz açdı. Prezident Avrasiyada önəmli
nəqliyyat və logistika mərkəzlərindən
birinə çevrilən
Azərbaycanın pandemiya
dövründə də
etibarlı tranzit-logistika
mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq
ərazisi vasitəsilə
maneəsiz tranzit daşımalarını təmin
etdiyini bildirdi.
Pandemiyaya qarşı mübarizədə
ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatının üzv
dövlətlərini dəstəkləmək
üçün Azərbaycan
Ümumdünya Səhiyyə
Təşkilatına əlavə
olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait Azərbaycanla razılaşdırılmaqla ən
çox yardıma ehtiyacı olan Afrika, Asiya və
Latın Amerikası
regional qruplarından olan
üzv ölkələr
üçün nəzərdə
tutulur.
18 bənddən ibarət Bəyannamə, yaradılacaq
İşçi Qrupunun
fəaliyyəti
Zirvə görüşündə çıxış
edən BMT Baş Assambleyasının 74-cü sessiyasının
prezidenti Ticani Məhəmməd-Bande qeyd
etdi ki, COVID-19 bütün dünyada milyardlarla insanı təhlükə ilə üz-üzə qoyub. Bu gün
Beynəlxalq Əmək
Təşkilatının hesablamalarına
görə, həmin insanlar 3,4 trilyon
dollar məbləğində gəlirlərini itiriblər.
Qlobal səhiyyə sisteminin bu gün çox
ağır təzyiq altında olduğunu deyən diplomat vurğuladı
ki, BMT pandemiya ilə mübarizədə
səslənən bütün
təklifləri dəstəkləyir.
BMT-nin Baş katibi Antonio Quterreş isə videomüraciətində
pandemiyanın ağır
fəsadlarına toxunaraq
qeyd etdi ki, koronavirus cəmiyyətlərin sarsıntı
qarşısında kövrəkliyini
açıq nümayiş
etdirdi və Dayanıqlı İnkişaf
Məqsədlərinin icrasını
təhdid edərək,
dərin qeyri-bərabərliyi
bütün çılpaqlığı
ilə üzə çıxarıb.
Azərbaycanın Ümumdünya Səhiyyə
Təşkilatına verdiyi
dəstəyi yüksək
dəyərləndirən qurumun
Baş direktoru cənab Tedros Adhanom Gebreyesus isə bildirdi ki, Qoşulmama Hərəkatına və
onun üzv dövlətlərinə COVID-19 xəstəliyinə qarşı
apardıqları mübarizədə
onlara dəstək verir. Baş direktor hesab edir ki, "taclı bəla”ya qarşı yalnız birgə mübarizə yeganə çıxış
yoludur: "Bütün
siyasi sərhədləri
aşaraq heç zaman görünmədiyi qədər bu mühüm işləri aparmalıyıq. Çünki virus özlüyündə iki
əsas meyarın bir kombinasiyasıdır.
O, sürətlə yayılır
və o qatildir. Buna görə də
bizə qlobal həmrəylik və birlik lazımdır.
Bu baxımdan biz virusu önləməliyik,
ondan öndə getməliyik. Bütün cəmiyyətlərin
bu baxımdan ehtiyaclarından irəli gələrək deyə bilərik ki, biz həlledici böhran mərhələsindəyik”.
Zirvə görüşündə 18 bənddən
ibarət Bəyannamə
qəbul edildi. Sənəddə hərəkat üzvlərinin
müxtəlif sahələr
üzrə bir-birinə
dəstəyi də öz əksini tapdı. Bəlli oldu ki, Qoşulmama Hərəkatının
yaradılacaq İşçi
Qrupu üzv ölkələrin pandemiya
ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcək. Sonra isə
həmin məlumatlar mümkün yardımların
göstərilməsi üçün
donor ölkələrə və beynəlxalq humanitar təşkilatlara təqdim olunacaq.
Bütün bunlar bir daha
təsdiq edir ki, Azərbaycan Prezidentinin növbəti qlobal təşəbbüsü
pandemiya ilə mübarizədə Qoşulmama
Hərəkatına üzv
dövlətlər arasındakı
əməkdaşlığı daha da dərinləşdirəcək.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 6 may.- S.1;7.