Müasir
Azərbaycan parlamentinin banisi
Azərbaycanın çağdaş tarixini Ulu Öndər
Heydər Əliyevin fəaliyyətindən kənar təsəvvür
etməyin mümkünsüzlüyü ictimai fikirdə birmənalı
şəkildə qəbul edilən real həyat həqiqətidir. Bu həqiqət
nəinki Azərbaycanın müasir mövcudluğunda, həm
də ona aparan yollarda qarşıya çıxan
saysız-hesabsız maneələrin aradan
qaldırılmasında Heydər Əliyevin nümayiş
etdirdiyi uzaqgörənlikdə, iradə və qətiyyətdə,
müdriklik və dərin zəkada təzahür edir.
Heç kimdə şübhə yoxdur ki, Heydər
Əliyevə məxsus dahilik keyfiyyətləri olmasaydı, həmin
maneələr aradan qalxmaz və həmin maneələr aradan
qalxmasa isə həyatımızın indiki gerçəkliyi
olmazdı. Milli tariximizin Heydər Əliyev dövrü Azərbaycanın
inkişafında keyfiyyətcə yeni bir eranın
başlanğıcı kimi dəyərləndirilir. Dövlətçiliyimizin ən ağır günlərində,
mürəkkəb siyasi şəraitdə
xalqımızın böyük oğlunun göstərdiyi qətiyyət
və iradə onun sonsuz vətən sevgisinin parlaq nümunəsidir.
Heydər Əliyev irsi xalqımızın
dövlətçilik və azərbaycançılıq
şüurunu, ictimai-siyasi fikrin ən ümdə keyfiyyətlərini
özündə ehtiva edir. Onun müasir
dövlətçilik konsepsiyası tarixi ənənələri
və bəşəri dəyərləri birləşdirən
yeni inkişaf modeli kimi bugünkü Azərbaycanın
simasında öz əksini tapmışdır.
Heydər Əliyev uzaqgörən siyasətçi
olduğunu hələ ölkəyə rəhbərlik etdiyi
1969-1982-ci illərdə sübut etmişdir. Həmin illərdə
Azərbaycanda dövlət quruculuğunda, iqtisadiyyatın,
elmin, mədəniyyətin, bir sözlə, həyatın
müxtəlif sahələrində böyük nailiyyətlər
qazanıldı. Məhz bu dövrdə
milli və mənəvi dəyərlərin qorunmasında, o
cümlədən parlamentarizm ənənələrinin
inkişafı istiqamətində əməli addımlar
atıldı, məqsədyönlü siyasət sayəsində
xalqın milli oyanışı üçün əlverişli
şərait formalaşdı.
Bu dövrdə Azərbaycan parlamenti Heydər Əliyevin
rəhbərliyi ilə respublikada aparılan quruculuq işlərinin
hüquqi bazasının yaradılmasında mühüm rol
oynadı. Ulu
Öndər parlamentin cəmiyyətin həyatındakı
rolunu yaxşı bilir, Azərbaycan SSR Ali Sovetinin deputatı və
ölkə rəhbəri kimi ali
qanunvericilik orqanı ilə sıx əlaqədə fəaliyyət
göstərirdi. O, parlamentdə bu dövrü əhatə edən
beşillik proqramların təsdiq olunmasında və hər il respublika büdcəsinin qəbulunda
yaxından iştirak edir, parlamentarizm ənənələrinin
bərpası və inkişafı üçün əlindən
gələni əsirgəmir, bu məsələ ilə
bağlı tövsiyələrini verirdi. Heydər
Əliyev Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin
tribunalarından müdrikliklə istifadə edir, deputat qrupunun
Moskvadakı fəaliyyətini Azərbaycanın mənafeyi
baxımından məharətlə istiqamətləndirirdi.
Bu siyasətin məntiqi nəticəsi kimi kommunist
ideologiyasının tüğyan etdiyi bir vaxtda Heydər
Əliyev Azərbaycana demokratik və azad düşüncə
tərzi, milli özünüdərk duyğusu gətirdi. O dövrdə
keçmiş İttifaqın aparıcı təhsil
ocaqlarında gənclərimiz lazımi ixtisaslara yiyələndilər,
milli kadr korpusu formalaşdı. Həmin illərdə,
sonralar SSRİ rəhbərliyində təmsil olunduğu
vaxtlarda Heydər Əliyev Azərbaycanı yüksəkliklərə
qaldırmaqla özü də dünyanın görkəmli
siyasi və dövlət xadimlərindən birinə
çevrildi. Azərbaycan Prezidenti
İlham
Əliyev tariximizin bu dövrünü belə şərh
edir: "O illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsinin
başlıca ideya istiqamətini milli özünüdərkin
güclənməsinə imkan verən sürətli
inkişaf strategiyası təşkil etmişdir”.
Ötən əsrin 80-ci illərinin sonunda isə
SSRİ adlı böyük bir məkanda baş verən
ictimai-siyasi proseslər və xalqımızın azadlıq
mücadiləsi nəticəsində Azərbaycan dövlət
müstəqilliyini bərpa etdi. Lakin çoxsaylı
problemlərlə üzləşmiş Azərbaycan XX əsrin
əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin
aqibətini yaşamağa çox yaxın idi. Bütün çətinliklərə rəğmən
xalqımızın xoşbəxtliyi onda idi ki, bu dövrdə
onun Heydər Əliyev kimi milli lideri var idi.
Ulu Öndər çağdaş Azərbaycan dövlətinin
qurucusu olmaqla yanaşı, həm də haqlı olaraq
müasir Azərbaycan parlamentinin banisi sayılır. Sovet
dövründə Azərbaycanda parlamentin qəbul etdiyi
qanunlar kommunist partiyasının ideoloji məqsədlərinə
xidmət edirdi. Buna baxmayaraq, Heydər
Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə
hakimiyyət orqanlarının, o cümlədən parlamentin
işini xalqın iqtisadi, mədəni tərəqqisinə,
milli dirçəliş siyasətinin reallaşmasına
yönəldə bildi.
Əslində Heydər Əliyevin 30 ildən artıq
siyasi hakimiyyət dövrü tariximizin ən parlaq səhifəsini,
ölkənin inkişaf mərhələsini təşkil
edir. Azərbaycanda müstəqil dövlət təsisatlarının
yaradılması, vətəndaş cəmiyyətinin
formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşməsi
məhz Ulu Öndərin şərəfli adı ilə
bağlıdır. Bu baxımdan Heydər Əliyevin
1993-cü il iyunun 15-də Azərbaycanın
Ali Sovetinə sədr seçilməsi ölkənin ən
yeni tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Bu dövrdə öz dövlət müstəqilliyini
yeni elan etmiş Azərbaycanın qarşısında
mühüm tarixi vəzifələr dururdu. Təəssüf
ki, o dövrkü iqtidar baş verən proseslərdən
düzgün nəticə çıxara bilmədi. Torpaqlarımız Ermənistan silahlı qüvvələri
tərəfindən işğal olundu. Dağlıq
Qarabağ məsələsi erməni ideoloqları tərəfindən
süni şəkildə şişirdilərək beynəlxalq
arenaya çıxarıldı. AXC-Müsavat
cütlüyünün birillik hakimiyyəti dövründə
ölkə anarxiyaya sürüklənir, ekstremist meyillər
getdikcə güclənirdi. Azərbaycan vətəndaş
müharibəsi kimi real təhlükənin bir
addımlığında idi.
Belə bir vaxtda Heydər Əliyevin ölkə
parlamentinə sədr seçilməsi - onun siyasi hakimiyyətə
yenidən qayıdışı xalqda gələcəyə
ümid yaratdı. Sonrakı proseslər göstərdi ki, bu
qayıdış müstəqillik tariximizdə keyfiyyətcə
yeni siyasi bir eranın başlanğıcı idi.
Heydər Əliyev müdrik dövlət xadimi kimi
parlamentin milli dövlətçilik sistemində yerini və
rolunu lazımınca dəyərləndirir, ölkə
qarşısında duran məsələlərin həllində
qanunverici orqanın imkanlarından maksimum yararlanmaq nümunəsi
göstərirdi.
Ali Sovetin
Sədri kimi Ulu Öndər ilk gündən parlamentarizm ənənələrinə
sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları,
mətbuat konfransları, respublika əhəmiyyətli
müşavirələr birbaşa yayımla televiziya
ekranlarına verildi. Ölkədəki vəziyyət
olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan
qaldırılması üçün lazımi tədbirlər
görülməyə başlandı. Ulu
Öndər parlamentarizm ənənələrinin
inkişafına müstəqilliyimizin qorunub saxlanması, daha
da möhkəmlənməsi prizmasından yanaşır, bu
sahəni dövlətçilik məfkurəsinin tərkib
hissəsi hesab edirdi.
Heydər
Əliyevin 1993-cü il iyunun 15-dən
oktyabrın 10-dək Ali Sovetə rəhbərlik etdiyi
dövrdə parlamentarizm ənənələri yeni nəfəs,
yeni qüvvə aldı. Ordu quruculuğu sahəsində
mühüm qərarlar qəbul edildi. "Şəhid
adının əbədiləşdirilməsi və şəhid
ailəsinə edilən güzəştlər haqqında”
Qanun qəbul olundu. Konstitusiyada və
müxtəlif hüquqi sənədlərdə dəyişikliklər
edildi. Ümumiyyətlə, bu dövrdə
120-dən artıq qanun və qərar qəbul olundu. Bütün ölkə əhalisini narahat edən məsələlərin
parlamentdə ilk növbədə müzakirə edilməsi
adi hala çevrildi.
Heydər Əliyev bu dövrdə əhalinin
döyüş ruhunu qaldırmaq, müharibə dövrünə
uyğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri
zərərsizləşdirmək üçün lazımi tədbirlər
görür, ölkədəki vəziyyət barədə
fikirlərini tez-tez xalqla bölüşürdü. O, parlamentin sədri kimi Azərbaycanın
strateji maraqları əsasında ölkənin yeni xarici siyasət
konsepsiyasını, onun beynəlxalq münasibətlər
sistemində yerini müəyyənləşdirdi. İlk növbədə AXC hakimiyyətinin bu sahədə
buraxdığı kobud səhvlər qısa vaxtda aradan
qaldırıldı. Ali Sovetin Sədri mədəniyyətin,
elmin və təhsilin inkişafına da böyük diqqət
yetirir, alimlərlə, gənclərlə görüşlər
keçirir, onlarla ölkənin gələcəyi barədə
fikir mübadiləsi aparırdı.
Cəmi 4 ay Ali Sovetin Sədri vəzifəsində
çalışsa da, Ulu Öndər bu qısa müddətdə
parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə
siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi,
fikirlərini dəqiq əsaslandırması,
çıxışların məğzini tutmaq
bacarığı, qiymətli fikirləri ümumiləşdirmək
qabiliyyəti özlüyündə parlamentin üzvləri
üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi
idi.
Heydər Əliyev prezident seçildikdən sonra da
parlamentlə sıx əlaqə saxlamış, yüksək
səviyyəli prezident-parlament münasibətlərinin
dövlətçiliyimizin daha da möhkəmlənməsinə,
xalqın rifah halının yaxşılaşmasına xidmət
etməsi üçün səylərini əsirgəməmişdir. Onun əsasını
qoyduğu inkişaf strategiyası və onun milli məfkurəsi
tezliklə Azərbaycanı davamlı inkişaf yoluna
çıxartdı. Ulu Öndərin
ölkə iqtisadiyyatında köklü dəyişikliyə
gətirib çıxaran və müstəqil dövlətimizə
beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının
həyata keçirilməsi nəticəsində 1994-cü ildə
dünyanın iri neft şirkətləri ilə "Əsrin
müqaviləsi” adlandırılan ilk neft müqaviləsi
imzalandı.
Bu dövrdə müstəqil Azərbaycanın ilk
Konstitusiyası qəbul edildi, ölkəmiz Avropa
Şurası kimi mötəbər beynəlxalq qurumların tamhüquqlu
üzvü oldu. Müstəqil Azərbaycanın birinci
çağırış Milli Məclisinə seçkilər
keçirildi, bələdiyyə institutu yaradıldı, həyatın
bütün sahələrində köklü islahatlar
aparıldı. Heydər Əliyevin təşəbbüsü
ilə parlamentdə ilk kövrək addımlarını
atmaqda olan müstəqil dövlətimiz üçün həyati
əhəmiyyətli qanunlar qəbul olundu. Azərbaycanın təşəbbüsü və fəal
iştirakı ilə bütöv bir regionun iqtisadi
simasını dəyişə biləcək
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz
kəmərlərinin çəkilişinə
başlandı.
Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin
ilk Konstitusiyasının qəbul olunması və müstəqillik
tariximizdə ilk parlament seçkiləri keçirilməsi ilə
Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi
başlandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi
komissiya tərəfindən hazırlanan və ümumxalq
müzakirəsinə çıxarılan Konstitusiya layihəsi
həmin il, yəni 1995-ci ilin noyabrın
12-də keçirilən referendumda - ümumxalq səsverməsində
qəbul edilmişdir.
Bu mühüm tarixi əhəmiyyətə malik sənəd
ölkəmizdə insan və vətəndaş hüquq və
azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi
dövlət və vətəndaş cəmiyyəti
quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan
Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin
əldə etdiyi mütərəqqi dəyərlər,
fundamental hüquq və azadlıqlar öz əksini
tapmışdır.
Ümummilli
Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə
islahatların hüquqi bazasının yaradılması, insan
hüquq və azadlıqlarının qorunması sahəsində
mühüm sənədlər qəbul edilmiş, ölkəmiz
müxtəlif beynəlxalq konvensiya və sazişlərə
qoşulmuş, qanunvericilik, icra və məhkəmə
hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin
təmin edilməsi məqsədi ilə xeyli tədbirlər həyata
keçirilmişdir. Bu tədbirlər sırasında Heydər
Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı
ilə yaradılmış Hüquq İslahatları
Komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu komissiya xalqımızın dövlətçilik
tarixində yaratdığı ənənələri qorumaqla
inkişaf etmiş dövlətlərin hüquq islahatları
ilə bağlı təcrübəsindən də bəhrələnmişdir.
Komissiyanın 4 may 1996-cı ildə keçirilmiş
iclasında Ümummilli Liderimiz Heydər Əliyev demişdir:
"Müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyasının həyata keçirilməsi prosesi hər
birimizin əsas vəzifələrindən biridir. Bu baxımdan
məhkəmə, hüquq-mühafizə orqanlarının
islahatı ilə əlaqədar qanunların
hazırlanması, qəbul olunması çox mühüm əhəmiyyət
kəsb edir. İndi qarşımızda
Konstitusiya əsasında qanunların qəbul olunması kimi
çox böyük vəzifələr var. Hər sahədə
qanunlar qəbul edilməlidir. İndi mən vaxt deyə
bilmərəm, - bir il, iki il, - hər halda
müəyyən bir zaman ərzində nail olmalıyıq ki,
bütün sahələr üzrə müstəqil Azərbaycan
dövlətinin qanunları olsun”.
Heydər Əliyevin Hüquq İslahatları
Komissiyasındakı bu nitqi ölkəmizdə
qanunyaradıcılığı sahəsində həyata
keçirilən böyük işlərin proqram sənədi
kimi mühüm əhəmiyyətə malikdir.
Hüquq
islahatları sahəsində çox əhəmiyyətli sənədlərdən
biri də Ulu Öndərin 1996-cı il
iyunun
8-də imzaladığı "Avropa Şurası və
Azərbaycan Respublikası arasında əməkdaşlıq
proqramının həyata keçirilməsi haqqında” sərəncamdır. Bu sənədə əsasən
beynəlxalq standartlara uyğun "Konstitusiya Məhkəməsi
haqqında”, "Məhkəmələr və hakimlər
haqqında”, "Prokurorluq haqqında” qanun və digər
hüquqi sənədlərin layihələri Milli Məclisdə
müzakirə edilərək müvafiq qaydada qəbul
olunmuşdur.
Milli Məclisin bu günə qədər qəbul etdiyi
hüquqi sənədlərin böyük bir hissəsi Heydər
Əliyev tərəfindən parlamentin müzakirəsinə
verilmiş qanun layihələri, konvensiyalar və sazişlərdir. Respublika
parlamenti son illər ərzində bu istiqamətdə, yəni
hüquq islahatları sahəsində xeyli tarixi sənədlər
qəbul etmişdir. Qəbul olunan bu
hüquqi sənədlər demokratik, dünyəvi dövlətin
və vətəndaş cəmiyyətinin, bazar
iqtisadiyyatının hüquqi bazasının
yaradılmasında mühüm rol oynadı.
1998-ci ildə Heydər Əliyevin təşəbbüsü
ilə Şərq aləmində ilk demokratik respublika quran Azərbaycan
ilk dəfə olaraq ölüm cəzasını ləğv
etdi. Bu, insan hüquq və azadlıqlarına dövlət
səviyyəsində göstərilən diqqətin bariz
nümunəsi idi.
Heydər Əliyevin təşəbbüsü ilə
Milli Məclisdə ölkəmizin Avropa xalqları ailəsi
ilə inteqrasiyasını gücləndirən normativ sənədlər
də qəbul olunmuşdur. Parlament bu sahədə "İnsan
hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında” Konvensiyanı, "İşgəncələrin
və qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftarın
və ya cəzanın qarşısının alınması
haqqında” Avropa Konvensiyasını, "Yerli
özünüidarəetmə haqqında” Avropa
Xartiyasını təsdiq edən sənədləri, "Vətəndaşlıq
haqqında”, "Sərbəst toplaşmaq azadlığı
haqqında”, "Dini etiqad azadlığı haqqında”
qanunları qəbul etmişdir.
Məlum olduğu kimi, Azərbaycanın Avropa
Şurasına tamhüquqlu üzv qəbul olunması hüquq
islahatları baxımından ölkəmizin
qarşısında mühüm öhdəlik və vəzifələr
qoymuşdu. Bu vəzifələrin yerinə yetirilməsi sahəsində
ölkəmizdə bir sıra tədbirlər həyata
keçirilmiş, prezidentimizin təşəbbüsü ilə
Milli Məclisdə dövlət qulluğunu tənzimləyən
bir sıra qanunvericilik aktları da qəbul edilmişdir.
Hüquq islahatları sahəsində Milli Məclis Heydər
Əliyevin təşəbbüsü ilə bir neçə
konstitusiya qanunu da qəbul etmişdir. Bunlar "Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(Ombudsman) haqqında”, "Azərbaycan Respublikasında insan
hüquq və azadlıqlarının həyata keçirilməsinin
tənzimlənməsi haqqında”, "Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən etimad məsələsinin
həll edilməsi hüququnun əlavə təminatları
haqqında” konstitusiya qanunlarından ibarətdir. Bütün bu sənədlər ölkəmizdə
insan hüquq və azadlıqlarının qorunmasına necə
böyük əhəmiyyət verildiyinin əyani təsdiqidir.
Heydər
Əliyev dövlət müstəqilliyinin onuncu
ildönümünə həsr olunmuş təntənəli
mərasimdə ölkəmizdə aparılan hüquq
islahatları haqqında demişdir:
"Hər bir qanunun arxasında Azərbaycanda dövlət
quruculuğunu təmin etmək, iqtisadi islahatları həyata
keçirmək, siyasi islahatları həyata keçirmək,
sosial islahatları həyata keçirmək məsələləri
durur. Azərbaycanı keçmiş sosialist ictimai-siyasi,
iqtisadi sistemindən yeni sistemə keçirmək prosesini biz
bu illərdə apardıq və buna da nail olmuşuq. Məhz bunların nəticəsində indi Azərbaycanda
demokratik, hüquqi dövlət öz fəaliyyətini
uğurla həyata keçirir. Azərbaycan
xalqını bunların nəticəsində öz müstəqil
ölkəsində tam azadlığa çıxardır”.
Bu dövrdə siyasi islahatlar cəsarətlə davam
etdirilirdi. 2002-ci ilin avqustunda keçirilən referendumda
parlamentə seçkiləri daha da demokratikləşdirmə
məqsədi ilə seçkilərin birmandatlı dairələr
üzrə aparılması qaydası müəyyən edildi.
Milli Məclisin səlahiyyətləri dəqiqləşdirilərək
ona insan hüquqları üzrə müvəkkilin
(ombudsmanın) seçilməsi, Apelyasiya Məhkəməsinə
hakimlərin təyin olunması hüququ verildi.
Heydər
Əliyevin təşəbbüsü ilə Milli Məclisin qəbul
etdiyi qanunvericilik aktları, o cümlədən Mülki Məcəllə,
Mülki-Prosessual Məcəllə, İnzibati Xətalar Məcəlləsi,
Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəllə,
Cəzaların İcrası Məcəlləsi, "Torpaq
islahatı haqqında”, "Konstitusiya Məhkəməsi
haqqında”, "Məhkəmələr və hakimlər
haqqında”, "Prokurorluq haqqında”, "Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(ombudsman) haqqında” və digər qanunlar Azərbaycanın
demokratik yolla ardıcıl inkişafı üçün
bütün hüquqi təminatları yaratmışdır.
Bunlar bir
tərəfdən Azərbaycanda hüquqi, demokratik, dünyəvi
dövlət quruculuğunun təmin edilməsi, çoxpartiyalılığa,
müxtəlif siyasi cərəyanların ideyalarının
azad ifadə olunmasına əsaslanan siyasi sistemin
yaradılması, insan və vətəndaş
hüquqlarının qorunmasına qulluq edən təsisatların
formalaşması, digər tərəfdən isə, ölkəmizdə
azad rəqabətə, inkişaf etmiş mülki dövriyyəyə,
müasir bazar münasibətlərinə əsaslanan
iqtisadiyyatın qurulması məqsədini güdən
qanunvericilik tədbirlərini əhatə etmişdir.
Beləliklə, Ulu Öndər hüquqi dövlət
quruculuğu prosesində parlamentlə sıx əlaqə
şəraitində böyük uğurlara nail oldu. Statistikaya müraciət etsək,
görərik ki, 1993-cü il oktyabrın 10-dan 2002-ci il
dekabrın 30-dək Milli Məclis tərəfindən qəbul
edilmiş 1715 qanun və qərardan 975-i Prezident Heydər
Əliyevin təşəbbüsü ilə qəbul
edilmişdir.
Ulu Öndərin əsasını qoyduğu milli
inkişaf strategiyası bu gün ölkə Prezidenti İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Sınaqlardan
ləyaqətlə çıxmış ölkəmizin
iqtisadi inkişaf modeli hazırda bütün dünyada təqdir
olunur. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
yeni inkişaf konsepsiyası ölkəmizin
qarşısında böyük perspektivlər açır.
Keyfiyyətcə yeni mərhələdə ölkə
Prezidenti vətəndaş cəmiyyətinin
yaradılmasını, demokratikləşmə prosesinin
möhkəmlənməsini Azərbaycanın hərtərəfli
inkişafı üçün başlıca şərt hesab
edərək demişdir: "Siyasi və iqtisadi islahatların
davam etdirilməsi zamanın tələbidir. Əgər
biz doğrudan da müasir, güclü ölkə yaratmaq istəyiriksə,
bunu etməliyik. Bu işdə həm
dövlətin üzərinə böyük vəzifələr
düşür, eyni zamanda Milli Məclisin üzərinə də
böyük məsuliyyət düşür. Biz birlikdə
buna nail olmalıyıq”.
Siyasi sistemin dünya standartları səviyyəsinə
yüksəlməsi ölkənin iqtisadi qüdrətinin
artması və demokratik proseslərin dərinləşməsi
məqsədilə yeni qanunların qəbulu və qüvvədə
olan aktların təkmilləşdirilməsi həmişə
Milli Məclisin diqqət mərkəzində olmuşdur. Parlamentin
ictimai-siyasi həyatda baş vermiş köklü dəyişiklikləri
nəzərə alaraq 2009-cu və 2016-cı illərdə
Konstitusiya islahatları ilə bağlı referendum
keçirilməsi barədə qərarları bunun bariz
nümunəsidir.
Prezident
İlham Əliyevin təşəbbüsü ilə 2009-cu
ildə keçirilən referendumla Azərbaycan
Respublikasının vətəndaşlarına layiqli həyat
səviyyəsinin təmin edilməsi konstitusion səviyyədə
dövlətin ali məqsədi kimi
tanındı. Bu referendumla həmçinin Ali Məhkəmənin
qərarlarının dərc edilməsi məcburiyyəti gətirildi,
uşaq hüquqlarının müdafiəsi və ətraf
mühitin mühafizəsi gücləndirildi, Azərbaycan
Respublikasının seçki hüququ olan 40 min vətəndaşına
qanunvericilik təşəbbüsü hüququ verildi və
insan hüquq və azadlıqlarının, ədalət
mühakiməsinin müstəqilliyi və şəffaflığının
yüksəldilməsi üçün digər əlavə və
dəyişikliklər edildi.
26 sentyabr 2016-cı ildə keçirilmiş digər
referendumla da Konstitusiyamıza insan hüquq və
azadlıqları, xüsusilə seçki və ədalətli
mühakimə hüquqlarının genişləndirilməsi,
sosial, iqtisadi təhlükəsizliyin gücləndirilməsi
ilə bağlı əlavə və dəyişikliklər
edilmiş oldu.
Beləliklə, dövlət başçısı tərəfindən
təşəbbüs edilən iki referendum da xalq tərəfindən
müsbət qarşılandı və nəticədə
insan hüquq və azadlıqlarına daha ali
səviyyədə təminat verən, şəffaf cəmiyyət
və dövlət aparatının ən qabaqcıl beynəlxalq
standartlarda qurulmasını asanlaşdıran Konstitusiya və
hüquq sistemi formalaşdırılmış oldu.
Hazırda müstəqil Azərbaycanın bütün
sahələr üzrə qanunvericilik bazası mövcuddur. Qəbul
olunmuş Konstitusiya qanunları, məcəllələr,
qanunlar, təsdiq edilmiş konvensiyalar, sazişlər cəmiyyət
və dövlət həyatında yaranan münasibətləri
tənzimləməyə xidmət edir. Qanunvericilik
fəaliyyətində bəşəri dəyərlər
milli dəyərlərimizlə üzvi surətdə əlaqələndirilir.
Ötən illərdə Milli Məclis parlamentarizm ənənələrini
inkişaf etdirərək qanunvericilik sistemini daha da təkmilləşdirmək
istiqamətində məqsədyönlü fəaliyyət
göstərmişdir. Parlamentdə qəbul olunmuş sənədlərin
əhəmiyyətli bir hissəsi qanunvericilik təşəbbüsü
ilə ölkə Prezidenti tərəfindən Milli Məclisin
müzakirəsinə təqdim edilmişdir. İlham
Əliyev hələ Azərbaycan parlamentinin deputatı
olduğu dövrdə, 1995-2003-cü illərdə Milli Məclisin
qanun yaradıcılığı işində yaxından
iştirak etmiş, qanunvericiliyimizin Avropa standartları səviyyəsinə
yüksəlməsinə, parlamentin beynəlxalq əlaqələrinin
genişlənməsinə öz layiqli töhfəsini
vermişdir. Ulu Öndərin siyasi varisi kimi İlham Əliyev
parlamentarizm ənənələrinə yeni çalarlar gətirərək
bu mühüm dövlət institutunun nüfuzunu beynəlxalq
miqyasda təsdiqləməyə nail olmuşdur.
Müstəqil Azərbaycanın xarici siyasət
strategiyasında parlament diplomatiyası mühüm yer tutur. Bu siyasətin məntiqi nəticəsi
kimi bu gün Milli Məclis ölkənin iştirak etdiyi bir
sıra nüfuzlu beynəlxalq qurumların parlament məclislərinin,
o cümlədən Avropa Şurası Parlament
Assambleyasının, Parlamentlərarası İttifaqın,
ATƏT Parlament Assambleyasının, Qara Dəniz İqtisadi
Əməkdaşlığı Parlament Məclisinin, MDB-nin
Parlamentlərarası Assambleyasının, TÜRK PA, GUAM
Parlament Assambleyasının, İslam Konfransı Təşkilatı
Parlament Məclisinin tamhüquqlu üzvüdür. Avropa Parlamenti və Şimali Atlantika Parlament
Assambleyası ilə yaxından əməkdaşlıq edir.
Milli Məclisdə dünyanın 80-dən
çox ölkəsinin parlamenti ilə əlaqələr
üzrə işçi qrupları yaradılmış və
bu qrupların fəaliyyəti ölkənin xarici siyasətinə
öz töhfəsini verir.
Çağdaş Azərbaycan Parlament
diplomatiyasının ən böyük uğuru cənab
İlham Əliyevin millət vəkili, AŞ PA-da Azərbaycan
nümayəndə heyətinin rəhbəri kimi AŞ PA sədrinin
müavini və büro üzvü seçilməsi faktı
olmuşdur. Erməni diasporunun mütəşəkkil və
güclü fəaliyyəti dövründə bu cür
uğur diplomatiya tarixinin ən yadda qalan və fəxarətli
hadisəsi oldu. Məhz bundan sonra AŞ
PA-da və digər beynəlxalq parlament təşkilatlarında
Azərbaycanın xeyrinə bir çox qərarlar qəbul
edilmişdir.
İlham Əliyevin Avropa Şurası Parlament
Assambleyasında nümayəndə heyətimizin rəhbəri
olduğu dövrdə formalaşmış parlament
diplomatiyası ənənəsi bu gün deputatlarımız
tərəfindən nüfuzlu beynəlxalq qurumlarda uğurla
davam etdirilir.
Ümumiyyətlə, Milli Məclisin fəaliyyət
tarixini araşdırdıqda görürük ki, qanunvericilik
beynəlxalq hüquqa uyğunlaşdırılmaqla
yanaşı, milli mənəvi dəyərlər də əsas
kimi qəbul edilir. Eyni zamanda qanunlarda cəzaların humanistləşdirilməsi,
sosial yönümlülük, xarici ölkələrin
parlamentarilərı ilə qarşılıqlı əlaqələr
və Ermənistan tərəfindən işğal olunmuş
torpaqlarımızla bağlı problemləri mötəbər
beynəlxalq tribunalardan bəyan etmək parlament fəaliyyətinin
prioritet istiqamətləridir.
Böyük və çoxşaxəli fəaliyyəti
dövründə bir-birindən fərqli layihələrin
müəllifi olaraq saysız insanların mənəvi dostuna
çevrilən Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanın parlament fəaliyyətinin
Milli Məclis tarixində xüsusi rolu vardır. Millət vəkili olduğu
dövrdə seçicilərə olan diqqət və
qayğısı, qanunvericilik təşəbbüsü ilə
parlament mədəniyyətinin inkişafına yeni töhfələr
vermiş Mehriban Əliyevanın Milli Məclisin deputatı
kimi fəaliyyətində yaddaqalan məqamlardan biri də onun
ədalət, humanizm və insanpərvərlik
ideallarını rəhbər tutaraq, genişmiqyaslı
amnistiya aktının qəbul edilməsi təşəbbüsü
ilə çıxış etməsidir. Azərbaycan
parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin
deputatı tərəfindən irəli sürülmüş
və geniş ictimai dəstək almış bu amnistiya
aktları böyük mənəvi-əxlaqi və siyasi məzmun
daşımışdır. Bütövlükdə,
Mehriban xanımın təşəbbüsü ilə təqdim
olunan amnistiya aktları 40 min nəfərdən çox insana
şamil olunmuşdur.
Ölkəmizin Birinci vitse-prezidentinin Azərbaycan
xalqını beynəlxalq aləmdə layiqli təmsilçiliyi,
Azərbaycan xalqının həqiqətlərini dünya
ictimaiyyətinə çatdırması, şəxsi
nüfuzu və fəaliyyəti ilə Azərbaycanın xeyrinə
beynəlxalq qərarların qəbul olunmasındakı xidmətləri
parlament tarixinin parlaq səhifələrindəndir.
Bütün bunlar göstərir ki, Azərbaycanda
parlamentarizm ənənələri keyfiyyətcə yeni mərhələ
yaşayır, inkişaf edir və ölkəmizin tərəqqisinə,
yüksəlişinə töhfə verir. Heydər Əliyevin dövlətçilik
ideallarına tapınan Azərbaycan Respublikasının Milli Məclisi
üzərinə düşən məsuliyyətli
missiyanı uğurla yerinə yetirməyə, dövlətin
və xalqın maraqlarının keşiyində layiqincə
dayanmağa çalışır, habelə dövlət
başçısı İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən mütərəqqi siyasi,
iqtisadi və hüquqi islahatlara layiqli töhfələrini
verir.
Bu ilin 9 fevral tarixində ölkəmizdə
keçirilmiş növbədənkənar parlament
seçkiləri Azərbaycanın demokratiya tarixinə yeni bir
səhifəni yazdı. Bu tarix eyni zamanda yeni, təkmil, müasir
parlamentin formalaşmasının başlanğıcı oldu.
Dövrün, zamanın tələbinə
uyğun təkmilləşmənin qanunverici qurumda da öz əksini
tapması günümüzün əsas tələbinə
çevrilməklə ölkənin ictimai-siyasi həyatında
aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının belə
bir təşəbbüslə çıxış etməsini
şərtləndirdi.
VI çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev ötən çağırış Milli Məclisin ölkəmizin uğurlu inkişafı istiqamətində rolunu qiymətləndirməklə yanaşı, parlamentə növbədənkənar seçkilərin aparılan islahatları dərinləşdirmək ehtiyacından irəli gəldiyini söylədi. O, islahatların cəmiyyətimizdə yaratdığı demokratiya ab-havasının bir daha seçki prosesində də özünü göstərdiyini diqqətə çatdırdı. Buna əyani sübut kimi, əhalinin seçkilərə heç vaxt olmadığı qədər marağını, 1300 nəfərin namizədliyini irəli sürməsini göstərdi: "Bütün namizədlər üçün bərabər şərait yaradılmışdı, ayrı-seçkiliyə yol verilməmişdi”.
Dövlət başçısı çıxışında parlamentin yeni heyətinə taleyüklü tövsiyələr verdi. Onları qanunvericilik bazası hazırlayarkən kəmiyyət ardınca qaçmamağa, keyfiyyət məsələsini ön planda tutmağa səslədi: "Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil”. Cənab İlham Əliyev bu iradı ilə deputatları ölkədə gedən proseslərdə fəal iştirak etməyə, seçildiyi dairələrin əhalisinin problemlərini öyrənməyə, icra orqanları qarşısında qaldırmağa səsləyərək, eyni zamanda altıncı çağırış Milli Məclisin uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi: "Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik. Əminəm ki, Azərbaycan parlamenti bu işdə fəal olacaq”.
Azərbaycanda, region ölkələrində və bütövlükdə dünyada gedən siyasi, iqtisadi və mənəvi proseslərə verdiyi qiymət baxımından tarixi xarakter daşıyan bu çıxışla möhtərəm Prezident dövlətimizin yaxın və uzaq gələcəkdə Fəaliyyət Proqramının konturlarını ortaya qoydu.
Bu gün Azərbaycan həqiqətən etibarlı və möhkəm əllərdədir. Heydər Əliyev dühasından bəhrələnən, yeni şəraitə uyğun yüksək siyasi intellektə və potensiala malik bir siyasətçinin - İlham Əliyevin ölkəmizə böyük istedad və bacarıqla rəhbərlik etməsi, Heydər Əliyev siyasi kursunu, onun Azərbaycan naminə amallarını böyük ustalıqla davam etdirməsi hər birimizin qəlbini iftixarla döyündürür. Bu işdə hər birimiz, hər bir Azərbaycan vətəndaşı Prezidentimizə yardımçı olmalı, bununla da dövlətçiliyimizin, müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunmasına öz töhfəmizi verməliyik.
Əli HÜSEYNLİ,
Milli Məclisin Sədrinin birinci
müavini
Azərbaycan.-2020.- 6 may.- S.1;2.