Dövlət çevik və genişmiqyaslı sosial dəstək tədbirləri ilə vətəndaşının yanındadır

 

Müsahibimiz Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevdir

 

 

- Cənab nazir, pandemiyaya qarşı mübarizə, əhalinin sağlamlığının mühafizəsi sahəsində uğurlu iş təcrübəsi ilə seçilən Azərbaycan, eyni zamanda indiki çətin dövrdə də sosial dövlət olaraq çoxistiqamətli dəstək proqramları reallaşdırır. Bu proqramlar əsasən hansı istiqamətləri əhatə edir?

- Yeni növ koronavirus infeksiyasının dünya ölkələrini kəskin böhran və itkilərlə, sosial-iqtisadi problemlərlə üz-üzə qoyduğu son dövrlər dövlətlər üçün ciddi bir sınağa çevrilib. Hətta inkişaf etmiş ölkələrdə pandemiya qurbanlarının sayının minlərlə olduğu, böhranın çıxılmaz vəziyyət yaratdığı, səhiyyə sisteminin çökdüyü indiki çətin və mürəkkəb dövrdə Azərbaycan bu ağır sınaqdan uğurla çıxmaqdadır.

Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində ötən dövrdə bütün istiqamətlərdə yaradılmış güclü iqtisadi potensial, xüsusilə müasir səhiyyə sistemi, peşəkar tibbi personal, eyni zamanda dövlət başçısının qəbul etdiyi operativ qərarlar, "Biz birlikdə güclüyük!” devizi ətrafında qısa müddətdə pandemiyaya qarşı yaranan güclü milli həmrəylik hərəkatı respublikaya bu qlobal böhranı uğurla adlayıb keçməyə imkan verir.

Təsadüfi deyil ki, bu gün istər pandemiyaya qarşı mübarizə və əhalinin sağlamlığının mühafizəsi, istərsə də pandemiyanın iqtisadiyyata və sosial rifaha mənfi təsirlərinin azaldılması sahəsində Azərbaycanın uğurlu iş təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatı və digər mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir və bir örnək kimi qəbul olunur. Ölkəmizin pandemiya ilə mübarizədə təşəbbüsləri, təsirli tədbirləri başqa dövlətlər tərəfindən də tətbiq edilir.

Azərbaycan sosial dövlətdir və Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması əhalinin rifahının təminatı istiqamətində atılan mühüm addımlarda, ildən-ilə genişlənən sosial proqramlarda əyani təsdiqini tapır. Koronavirus epidemiyası dövründə də "Bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır” deyən dövlət başçısının güclü sosial siyasəti əhalinin sağlamlığının qorunması üçün kompleks təsirli tədbirlərlə yanaşı, çevik və genişmiqyaslı sosial dəstək proqramlarının hazırlanaraq həyata keçirilməsinə imkan verir.

Cənab Prezidentin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması üçün də çoxistiqamətli proqramlar müəyyən edildi. Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait ilk vaxtlar 2,5 milyard manat nəzərdə tutulsa da, dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatı üstələmişdir.

Sənəddə məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb, məşğulluq və sosial rifah bölməsinə 600 milyon manat vəsait ayrılıb. Həmin istiqamətlər üzrə qısa müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq işlərə başlanıb və onlar hazırda davam edir. Bu istiqamətlərə iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılması, ödənişli ictimai iş yerlərinin sayının artırılması, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara birdəfəlik ödəmələrin verilməsi, 2,3 milyon insanı əhatə edən sosial ödənişlərin davamlılığı, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və s. daxildir. Həmçinin işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərin və peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinin sosial müdafiəsi, özünüməşğulluq proqramının genişləndirilərək icrasının sürətləndirilməsi, xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsi, ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin genişləndirilməsi, sosial yardımın verilməsi müddətinin uzadılması və təyinatının sadələşdirilməsi, tənha yaşlılara sosial xidmətlərin təşkili işinin miqyasının artırılması və digər dəstək tədbirləri qeyd edilən proqramların istiqamətləridir.

- Bu sosial dəstək istiqamətləri üzrə hansı addımlar atılmış və nə qədər vətəndaş bu sosial dəstək tədbirləri ilə əhatə olunmuşdur?

- Qeyd edim ki, ötən il Prezident İlham Əliyevin qəbul etdiyi qərarlarla iki inqilabi sosial paket icra olunub ki, nəticədə ümumilikdə əhalinin 42 faizinin, yəni 4,2 milyon nəfərin ciddi sosial dəstəklə əhatə olunması, əməkhaqqı, pensiya, sosial müavinət və təqaüdlər, eləcə də digər sosial ödənişlərin məbləğinin əhəmiyyətli dərəcədə, hətta bir sıra istiqamətlər üzrə iki dəfədən çox artırılması təmin olunub. Yəni ötənilki mühüm sosial dəstək hesab edirəm ki, bu il mövcud olan pandemiya dövründə də əhalimiz üçün bir sosial dayaq, mühüm sosial müdafiə rolunu oynayır.

Bununla bərabər, pandemiya dövründə dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması üçün müvafiq işlər aparılmış və həmin işlər indi də davam edir. Qeyri-dövlət sektoru üzrə işçilərin məşğulluğunun qorunması məqsədilə pandemiyanın ilk günlərindən işəgötürənlərlə bağlı ciddi iş aparılır. Onlara "Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən xəbərdarlıqlar olunub və bu sistem vasitəsilə də gündəlik nəzarət təmin edilir. Yəni bu işlər dövlət sektoru üzrə 925 min, qeyri-dövlət sektoru üzrə isə 735 min, ümumilikdə 1 milyon 660 min muzdla (əmək müqaviləsi ilə) çalışan işçinin iş yerinin və əməkhaqqı gəlirinin qorunmasına imkan verir.

Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq məşğulluq imkanlarının artırılması, kölgə iqtisadiyyatına, qeyri-formal məşğulluğa qarşı kompleks mübarizə tədbirlərinin, xüsusilə işəgötürənlərə və işçilərə qeyri-formal məşğulluğa son qoyulması barədə edilən çağırışların uğurlu nəticəsi olaraq əmək müqavilələrinin sayında artım tempinin davam etdiyini görürük.

Nazirliyin "Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayı 105 min artıb. Daha pozitiv məqam kimi onlardan 94 minə yaxını özəl sektorun payına düşür. Eyni zamanda bu dövr ərzində ölkə üzrə əməkhaqqı fondu 8 faiz özəl sektorda əməkhaqqı fondu isə 12 faiz artıb.

Təsadüfi deyil ki, 2020-ci ilin 4 ayı ərzində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığorta haqlarından daxilolmaları proqnozdan 163 milyon manat və ya 17,2 faiz çox olub. Əgər ötən ilin müvafiq dövrü ilə müqayisə etmiş olsaq, hətta xüsusi karantin rejiminə baxmayaraq, DSMF-nin daxilolmaları keçən ilin müvafiq dövrünə nisbətən 313,4 milyon manat və ya 39,6 faiz artıqdır.

Digər tərəfdən, sosial ödənişlərin davamlılığı təmin edilir. Ötən il görülmüş tədbirlər nəticəsində DSMF-nin gəlirləri üzrə müəyyən edilmiş proqnozun 105,5 faiz icra edilməsi, əsassız pensiya işlərinin təmizlənməsi nəticəsində Fondun xərclərinə qənaət hesabına yaranmış 200 milyon manat ehtiyat bu sahədə əhəmiyyətli dəstək oldu. Aprel ayında da 2,3 milyon şəxsə sosial ödənişlər (o cümlədən

1 milyon 270 min nəfərə pensiya, 418 min nəfərə müavinət, 298 min nəfərə təqaüd, 82 min 300 ailənin 342 min üzvünə ünvanlı sosial yardım) verildi. Bu istiqamətlər üzrə əhaliyə təkcə aprel ayında ötən ilin müvafiq dövrünə nisbətən 27 faiz və ya 103 milyon manat çox olmaqla 480 milyon manatdan artıq vəsait ödənişi həyata keçirildi. Həmçinin son bir ayda bu sosial təminat növləri üzrə ödənişlər ötən ilin müvafiq dövrünə nisbətən 7 faiz və ya 154 min nəfər çox insanı, 2,3 milyon vətəndaşı əhatə etdi.

Onu da qeyd etmək lazımdır ki, 2020-ci ilin dörd ayı ərzində əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ilin 1 yanvar tarixinə nisbətən 12 faiz və ya 31,74 manat artaraq 2020-ci ilin 1 may tarixinə 295,3 manat təşkil edib. 2020-ci ilin 1 may tarixinə yaşa görə pensiyaların orta aylıq məbləği isə 329 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün növ pensiyaların orta aylıq məbləği 64,24 manat və ya 27,8 faiz artıb. Bu isə pandemiya şəraitində pensiyaçılarımızın maddi təminatının qorunmasına ciddi dəstəkdir. Eyni zamanda 2020-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,4 faiz artaraq 712,3 manat olub.

İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxs müəyyən olunub və onlara aprel ayı üzrə birdəfəlik ödəniş həyata keçirilib. Aprel ayı üzrə ödənişlər bank və poçt filialları vasitəsilə vətəndaşlara ödənilib.

May ayı üzrə ödənişlə bağlı isə vətəndaşlar üçün bank kartları artıq sifariş verilib. Onlara banklar tərəfindən kartlarını götürmələri üçün mesaj göndərilir və vətəndaşlarımız kartları əldə edərək bankomatlardan may ayı üzrə vəsaitlərini ala biləcəklər. Ümumilikdə 600 min şəxsə aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb ki, onun da artıq 114 milyon manatı aprel ayı üzrə həmin vətəndaşlara ödəniş edilib.

Digər bir istiqamət kimi məşğulluq imkanlarının artırılması üçün dövlət başçısının tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılır. Artıq DOST İş Mərkəzi vasitəsilə əlavə 23 min şəxs bu işlərə cəlb edilib. Hazırda 61 min şəxs əmək müqaviləsi ilə ödənişli ictimai iş yerlərində çalışır.

Özünüməşğulluq proqramına gəldikdə, bu proqram çərçivəsində cari il minimum 12 min ailə üçün kiçik təsərrüfatların qurulması işləri aparılır. Bu sahədə Dünya Bankı ilə birgə layihəyə də başlanır və həmin layihə üzrə hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı ilə birgə işsiz və əlilliyi olan şəxslərin biznesə çıxışına da dəstək verilir.

Ünvanlı dövlət sosial yardımı proqramının da əhatə dairəsi genişləndirilir. Təkcə aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilib və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. Hər ailəyə aylıq orta hesabla 224 manat sosial yardım ödənilir. Habelə işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi, 20 minədək şəxsi əhatə etməsi üçün qanunvericiliyə dəyişikliklər edilir.

Məlumdur ki, xüsusi karantin rejimi dövründə infeksiyaya yoluxma riski yüksək olan yaşı 65-i ötmüş vətəndaşların sağlamlıqlarının qorunması üçün onların evdən bayıra çıxmaları qadağan olunub. Bununla əlaqədar cənab Prezidentin göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə gücləndirilmiş iş rejimi şəraitində onlara evlərində gündəlik sosial məişət xidmətləri (ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s.) göstərilir. Prezident İlham Əliyevin "Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 14 aprel 2020-ci il tarixli Sərəncamı xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət etməklə, eyni zamanda sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin və onlara xüsusi qayğının əyani təzahürüdür. Xatırladım ki, xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən sosial xidmət işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 1 misli miqdarında müddətli əlavə müəyyən edilib.

Həssas əhali qruplarının qayğı ilə əhatə olunmasında Heydər Əliyev Fondunun humanizm, mərhəmət və xeyirxahlıq prinsiplərinə əsaslanan çoxşaxəli tədbirləri, sosial layihələri pandemiya dövründə də xüsusilə geniş vüsət alıb. Fondun "Regional İnkişaf” İctimai Birliyi respublikanın bütün rayon və şəhərlərində tənha yaşayan vətəndaşlara, həssas əhali qruplarına ərzaq yardımları edir. Bu günlərdə isə "Regional İnkişaf” İctimai Birliyi tərəfindən sağlamlıq imkanları məhdud olan 30 min uşağın ailəsinə də ərzaq yardımlarının verilməsinə başlanıb. Eyni zamanda tənha yaşlılar və tənha əlilliyi olan şəxslər, aztəminatlı ailələr, digər həssas qruplarla bağlı həm dövlət qurumları, həm də özəl sektorun nümayəndələri tərəfindən milli həmrəyliyə mühüm töhfə olaraq sosial dəstək aksiyaları keçirilir.

Yaşlı tənha vətəndaşlarımıza operativ sosial xidmətlərin təşkilində sosial məsuliyyətdən çıxış edən "Azərmaş” ASC "Böyüklərimizi qoruyaq!” sosial aksiyası çərçivəsində sosial xidmətçi və könüllülərin çağırılan ünvanlara daha tez, rahat getmələri və kömək göstərilməsini operativ icra etmələri üçün 100 avtomobil və sürücü ayırıb.

Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Baş Prokurorluq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Nəqliyyat Agentliyi, Meliorasiya və Su Təsərrüfatı ASC və başqa dövlət qurumları tərəfindən on minlərlə tənha yaşlıya və əlilliyi olan şəxsə, ailə başçısını itirmiş ailələrə, aztəminatlı ailələrə ərzaq yardımları edilib. "Bravo” supermarketlər şəbəkəsi sosial məsuliyyət strategiyası çərçivəsində Bakı və ölkənin bölgələrində 25 min insanın, o cümlədən nazirlik tərəfindən evlərində sosial xidmətlərlə təmin edilən tənha yaşlılardan və tənha əlilliyi olan şəxslərdən ibarət 10 minədək şəxsin və ailə başçısını itirmiş ailələrdən 15 min ailənin ərzaq yardımı ilə təminatı proqramını həyata keçirib. "Azercell Telekom”, "Gilan Holdinq”, "İSR Holdinq”,”Binə Aqro”, "A-Qrup Sığorta”, "İrşad Elektroniks”, "Özgədəbəy”, "Aleks - Pastry & Bakery” və sair şirkətlər, həmçinin İsrailin Azərbaycandakı səfirliyi, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi, "ŞA-İnşaatçı” MTK, "Para” BOKT, "İnternational” BOKT, Yelo Bank, Azərbaycan Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyası İctimai Birliyi və başqaları tərəfindən ümumilikdə on minlərlə ərzaq payı tənha yaşlı və tənha əlilliyi olan şəxslərə, həssas qruplardan olan digər vətəndaşlara, ailə başçısını itirmiş, çoxuşaqlı və ya sağlamlıq imkanları məhdud uşaqları olan ailələrə təqdim edilib.

Bütün bu sosial dəstək aksiyaları həm Bakı, həm də respublikamızın bölgələri üzrə olmaqla 100 minədək ailənin ərzaq yardımı ilə təminatını, 15 min tənha yaşlıya və əlilliyi olan şəxsə evlərində sosial xidmətin göstərilməsi işlərini əhatə edir.

Bu işlərdə könüllülərin xüsusi rolunu, dəstəyini vurğulamaq istərdim. Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi könüllüləri, YAP könüllüləri, DOST könüllüləri və ASAN könüllüləri, Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü proqramının, Gənclər Fondunun nəzdindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin və "SƏLİS” Birliyinin könüllüləri görülən işlərə yaxından dəstək oldular və mən onların hər birinə öz təşəkkürümü bildirirəm.

Beləliklə, pandemiya ilə əlaqədar sosial sahədə dövlət tərəfindən yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə təqdim olunan dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizindən çoxunu əhatə edir.

Bu sosial dəstək tədbirləri ilə bərabər, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddətləri də uzadılıb. Bu sosial müdafiə tədbirindən 2 min nəfər faydalanır.

Ünvanlı dövlət sosial yardımının verilmə müddəti bitənlər üçün də bu sosial yardımın ödəniş müddəti uzadılıb. 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddətinin uzadılması (bu tədbir 14 min nəfəri əhatə edir) və sair sosial müdafiə işləri də aparılıb. Bunlardan əlavə, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulub. Yəni dövlət bütün istiqamətlər üzrə əhaliyə öz dəstəyini göstərir.

Ümumilikdə dünya ölkələrində iqtisadiyyata və sosial sahəyə dəstək tədbirləri üzrə mövcud olan təcrübələrə nəzər salanda görürük ki, Azərbaycan pandemiya dövründə bütün istiqamətlərdə və digər bir çox ölkələrlə müqayisədə daha əhatəli və çoxistiqamətli iqtisadi və sosial dəstək proqramlarına malikdir. Yəni ölkəmizdə iş yerlərinin qorunması, işçilərin əməkhaqqının maliyyələşdirilməsi, işsizlərə, xüsusi karantin rejimi dövründə qazancını itirmiş qeyri-formal məşğul şəxslərə və heç bir gəliri olmayan digər həssas kateqoriyaya aid olan aztəminatlı şəxslərə birbaşa pul şəklində birdəfəlik ödəmənin verilməsi, məşğulluq imkanlarının artırılması üçün proqramların işə salınması, sosial müdafiə, sosial yardım və işsizlikdən sığorta ödənişi proqramlarının genişləndirilməsi, sahibkarların dəstəklənməsi və digər zəruri istiqamətlərdə geniş miqyasda işlər aparılır.

- Sahil müəllim, mühüm sosial dəstək proqramlarından biri də birdəfəlik ödəmə proqramıdır. Bu proqramın məqsəd və mahiyyəti barədə istərdik məlumat verəsiniz. Hansı əhali qrupları bu dəstəklə əhatə olundu? Ödəmənin təyinatında hansı prinsiplər üstün tutuldu?

- Birdəfəlik ödəmə proqramı pandemiya dövründə birbaşa o şəxslərə yönəldi ki, o insanlar işsiz və heç bir qazanca, gəlirə malik deyillər, dövlətdən hər hansı sosial ödəniş almırlar. Bu proqramda məqsəd də ondan ibarət idi ki, ilk növbədə, məhz həmin köməksiz, dəstəksiz qalmış insanlar müdafiə olunsunlar, onlara dövlət öz köməyini etsin. Belə də oldu.

İlk vaxtlar "Məşğulluq” altsistemində işsiz və işaxtaran kimi qeydə alınmış 200 min insan üçün nəzərdə tutulan proqramın əhatə dairəsi dövlət başçısının humanist siyasəti nəticəsində 3 dəfə genişləndi. Aprelin 17-də Prezident İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda tapşırıq verdi ki, 200 min əvəzinə 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməlidir. "Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür” deyə cənab Prezident bəyan etdi. Halbuki dövlət başçısı tərəfindən qeyri-formal məşğul insanlara formal məşğulluğa keçmələri üçün indiyədək dəfələrlə çağırışlar edilib və xüsusi dövlət proqramları təsdiq olunub.

Qeyd edilən iclasda da cənab Prezident bir daha dedi: "Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin”.

Bu günlər həmin qeyri-formal məşğul şəxslərə, eləcə də işəgötürənlərə bir ibrət dərsi oldu. Onlar gördülər ki, bu vaxta qədər qeyri-formal çalışdıqlarına görə çətin gündə köməksiz qalırlar, lakin yenə də dövlət birdəfəlik ödəmə proqramı ilə onlara dayaq oldu. Bundan sonra isə əminik ki, onlar artıq qeyri-formal deyil, əmək müqaviləsi ilə çalışmağa səy göstərəcəklər.

Beləliklə, birdəfəlik ödəmə üçün bütün müraciətlərin qəbulu, emalı və ödəmə təyin olunub-olunmamasına dair qərarların qəbulu, nəticə barədə vətəndaşların məlumatlandırılması - bütün bu proseslər elektron qaydada, tam şəffaf şəkildə aparıldı. Aprelin 7-də Nazirlər Kabineti tərəfindən müvafiq qərar təsdiq edildikdən və müraciətlərin qəbuluna başlandıqdan 2 gün sonra - aprelin 9-dan birdəfəlik ödənişlərin həyata keçirilməsinə başlandı. Bu proses demək olar ki, bir aydan az bir müddətdə yekunlaşdı və 600 min işsiz və xüsusi karantin rejiminə görə qazancını itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlara ödəniş olundu. Halbuki bir çox ölkələrdə koronavirus pandemiyası dövründə işdən kənarlaşdırılmış milyonlarla şəxs işsizlik müavinəti almaqdan ötrü hələ də qeydiyyatdan keçə bilməyib.

Birdəfəlik ödənişlə təmin olunanlardan 55 faizi kişi, 45 faizi qadınlardır. Birdəfəlik ödəmə verilənlərin 25 faizi Bakı, 4 faizi Sumqayıt və 3 faizi Gəncə şəhərlərində yaşayanlar, 68 faizi respublikanın digər bölgələrinin sakinləridir. Həmçinin onlardan 8 faizi 20 yaşa qədər, 42 faizi 20-30, 25 faizi 30-40, 14 faizi 40-50 yaş arası, 11 faizi 50 yaşdan yuxarı olanlardır.

Digər sosial müdafiə və aktiv məşğulluq tədbirlərində olduğu kimi, birdəfəlik ödəmə proqramının icrası ilə bağlı da nazirlik ictimai aşkarlığa və ictimai nəzarətə xüsusi önəm verir. Bu məqsədlə birdəfəlik ödəniş edilmiş 600 min şəxsin siyahısı nazirliyin saytında yerləşdirilib. Qeyd edək ki, ötən dövrlərdə ünvanlı dövlət sosial yardımı alanların, özünüməşğulluq proqramına cəlb olunanların, mənzil, fərdi ev və avtomobillə təmin edilənlərin, ödənişli ictimai işlərə cəlb olunanların siyahıları da nazirliyin saytında yerləşdirilərək ictimaiyyətə açıqlanıb.

- Belə bir əhatəli proqramın icrasında "e-sosial” portalı böyük bir yükü öz üzərinə götürmüş oldu ki, bu da portalın funksional imkanlarının geniş olduğunu göstərdi...

- Birdəfəlik ödəmə ilə bağlı yüz minlərlə müraciətin müxtəlif dövlət orqanlarına məxsus 25 fərqli elektron informasiya bazalarından inteqrasiya şəraitində emalı, təhlili və qiymətləndirilməsi, bunun nəticəsində də vətəndaşlara ödəniş təyinatı və ya imtina barədə məlumatların göndərilməsi kimi geniş və çoxşaxəli böyük bir iş yükünün qısa müddətdə aparılması məhz nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin, o cümlədən "e-sosial” portalının və "Məşğulluq” altsisteminin sayəsində mümkün oldu.

Bildiyiniz kimi, 2018-ci ilin prezident seçkilərindən sonra Azərbaycanda köklü islahatların yeni mərhələsinə start verilib və sosial sahədə islahatlar da geniş vüsət alıb. Dövlət xidmətləri sahəsində

e-texnologiyaların geniş tətbiqi ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqları sosial sahədə uğurla icra olunmaqla əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində idarəçiliyin və əhaliyə xidmətlərin elektron infrastrukturunun qurulması, bu sahələrdə innovativ əsaslarda proaktiv xidmətlərin yaradılması üçün mühüm addımlar atılıb.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulmasına imkan verib. Ötən il nazirliyin tabeliyində DOST Agentliyi və agentliyin Bakının Yasamal rayonunda 1 saylı və Xəzər rayonunda 2 saylı DOST mərkəzləri yaradılıb.

2019-cu ildə 21 sosial təminat növünün (2 pensiya və 19 müavinət-təqaüd növünün) elektron təyinat sistemi işə salınıb və təkcə bu il 38 mindən artıq şəxsə tam elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib. Habelə ötən il 13 yeni "e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin "e-arayış” xidmətlərinin sayı 15-ə çatdırılıb. Bu il daha 15 belə "e-xidmət” yaradılacaq. Həmçinin dövlət məşğulluq xidmətlərinin çevikliyini və əmək bazarı iştirakçıları üçün real vaxt rejimində əlçatanlığını, effektivliyini, əmək bazarında rolunun artırılmasını təmin edən "Məşğulluq” altsistemi qurulub. Hazırda bu altsistem bütün işsiz və işaxtaran vətəndaşlar və vakansiyalar barədə məlumatları özündə əhatə edir.

Bütün bunlarla yanaşı, sosial sahədə mühüm innovativ uğurlardan biri - Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli fərmanı ilə yaradılan, 16 elektron altsistemi və 2 reyestri özündə birləşdirən, ölkənin ilk sosial reyestri olan və bu gün də geniş funksional imkanları təqdir olunan "e-sosial.az” portalıdır. Portal vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara - əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və sair üzrə çıxış, eyni zamanda 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində çevik rejimdə yararlanmaq imkanı verir. Portalın "Android” və İOS əməliyyat sistemi üçün tətbiqləri də fəaliyyət göstərir.

Birdəfəlik ödəmə ilə bağlı ilk günlərdə müraciətlər "Elektron hökumət” sistemi tərəfindən vətəndaşa verilmiş istifadəçi adı və şifrə vasitəsilə qəbul edilirdi. Lakin müraciətlərin kifayət qədər çoxluğu, əksər müraciətçilərin indiyədək istifadəçi adı və şifrə əldə etməmələri, on minlərlə şəxsin eyni vaxtda qeydiyyatdan keçməyə çalışması vətəndaşlar üçün istifadə prosedurlarında çətinliklər yaradırdı. Bunu nəzərə alaraq, biz həm çoxsaylı müraciətlərin qəbulunu, həm bütün müraciətlərin 25-dək informasiya bazalarına inteqrasiya şəraitində emalını, həm də vətəndaşlara nəticə barədə sms-məlumatların göndərilməsi kimi geniş və çoxşaxəli, kifayət qədər böyük bir iş yükünü "e-sosial” portalı üzərindən tam elektron qaydada icra etdik. Qısa müddətdə - bir gün ərzində vətəndaşların sadə şəkildə, heç bir qeydiyyata ehtiyac olmadan müraciət edə bilmələri üçün portalda "onlayn müraciət” pəncərəsində müvafiq imkan yaradıldı.

"e-sosial” portalı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya və sair müxtəlif istiqamətlərdə hər gün on minlərlə müraciətin qəbulu və emalı kimi əhatəli bir funksiyanı icra edir. Nəzərə alsaq ki, portal bunlarla yanaşı, birdəfəlik ödəmə ilə bağlı yüz minlərlə müraciətin qəbulu, müxtəlif qurumlara məxsus 25-dək elektron informasiya bazasına inteqrasiya edilməklə emalı, hər bir müraciət üzrə vətəndaşa sms - məlumatların göndərilməsi, vəsaitlərin köçürülməsi kimi əməliyyatları da eyni vaxtda yerinə yetirdi, o zaman portalın nə qədər böyük miqyasda iş yükünü üzərinə götürərək bunun öhdəsindən layiqincə gəldiyini təsəvvür etmək olar.

Nəticədə birdəfəlik ödəmə proqramının icrasında "e-sosial” portalının təkmil və kifayət qədər əhatəli bir iş yükünü daşımağa qadir güclü e-sistem, elektron nailiyyət, uğurlu bir innovativ layihə olduğu təsdiqini tapdı. Hətta bu sahədə nüfuzlu reytinq saytı olan Alexa.com saytının (ABŞ) qiymətləndirməsinə əsasən "Azərbaycanın top saytları” siyahısında "e-sosial.az” portalı ölkəmizdə ən çox müraciət olunan "google.com”, "youtube.com” və "wikipedia.org” saytları ilə birgə ilk beşlikdə qərar tutdu.

"e-sosial” portalının imkanları bizə vətəndaşlardan heç bir sənəd istənilmədən, bunun əvəzində bu məlumatların e-informasiya bazalarından əldə edilməsinə şərait yaratdı. Əks halda müraciət etmək üçün yüz minlərlə vətəndaş hansısa kağız sənədləri almaq məqsədilə müxtəlif qurumlara müraciət etməli olacaqdı ki, bu da xüsusilə indiki karantin rejimi şəraitində mümkün olmayacaqdı.

Onu da bildirim ki, pandemiya ilə əlaqədar sosial dəstək tədbirlərinin genişləndiyi şəraitdə bu tədbirlərlə əlaqədar nazirliyin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Təkcə aprel ayında Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən 200 minə yaxın zəng daxil olub. Müraciətlər sosial dəstək tədbirləri, həmçinin əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial reabilitasiya və s. məsələlərlə bağlıdır. Hər bir müraciət əməkdaşlarımız tərəfindən ətraflı cavablandırılır, vətəndaşlara izahat və məlumatlar verilir. Çağrı Mərkəzində saat 9:00-dan 24:00-a kimi 100-dək operator tərəfindən zənglər cavablandırılır.

- Bildiyimiz kimi, onlayn müraciət zamanı şəxsiyyət vəsiqələrinin müddəti bitənlərə də güzəştlər edildi. Daha nə kimi güzəştlər oldu? Bu kimi müraciətlər, təbii ki, vətəndaş məsuliyyətinin vacibliyini ortaya çıxarır.

- Tamamilə doğrudur. Ümumilikdə qeyd etdiyim kimi, əsas məqsədimiz o oldu ki, birdəfəlik ödəmə proqramında bu dəstəyə ehtiyacı olanları maksimum əhatə edək. Baxmayaraq ki, portala edilən müraciətlərin emalı zamanı bir çox vətəndaşların sənədləri ilə bağlı ortaya müəyyən problemlər çıxdı, biz bu sahədə də vətəndaşlarımıza dəstək olduq.

Şəxsiyyət vəsiqələrinin müddəti bitsə də, dəyişməyənlər vardı. Lakin bu sahədə güzəşt tətbiq edildi, şəxsiyyət vəsiqəsinin müddəti bitmiş şəxslər üçün xüsusi karantin rejimi dövründə müraciət imkanı yaradıldı, onların şəxsiyyət vəsiqəsinin qüvvədə olma müddəti xüsusi karantin rejiminin sonunadək uzadıldı. Habelə bir sıra şəxslərin nikah münasibətlərində, ailə vəziyyətində dəyişiklik olsa da, bununla bağlı şəxsiyyət vəsiqələrini yeniləmədikləri məlum oldu. Onlara da güzəştlər edildi ki, müraciət edərək müvafiq meyarlara uyğun olduqları halda bu proqramdan yararlana bilsinlər.

Digər bir problem isə bir çox vətəndaşların telefon nömrələrinin öz adlarına olmaması ilə bağlı idi. Lakin bu sahədə də onlara imkan yaradıldı - müraciət edərkən öz adlarına olmayan, istənilən telefon nömrəsini qeyd etməkdə sərbəstlik verildi.

Təbii ki, güzəştlər edildi, lakin bu təcrübədən nəticə çıxararaq həmin vətəndaşlarımız bundan sonra öz sənədləri ilə bağlı daha diqqətli və məsuliyyətli olmağa çalışmalıdırlar.

- Adlarına aktiv VÖEN, torpaq payı, yaxud əmək müqaviləsi olan vətəndaşlar var ki, onlar da müraciət ediblər və proqramdan kənarda qalmalarına görə müəyyən narazılıqları var. Bundan əlavə, eşitdiyimizə görə birdəfəlik ödəmə üçün müraciət edənlər sırasında maddi imkanları yetərli, hətta yüksək olanlar da vardı.

- Məşğulluq haqqında qanunvericilikdə məşğul şəxs hesab olunanların dairəsi aydın şəkildə müəyyən edilib. Onların sırasına sahibkarlar, əmək müqaviləsi, yaxud mülki-hüquqi xarakterli müqavilə əsasında işləyənlər, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri və başqaları daxildir. Bu kateqoriyalardan olan şəxslər heç bir halda işsiz hesab edilmirlər.

Misal üçün, torpaq payı gəlir və məşğulluq mənbəyidir. Azərbaycanda torpaq payı olan vətəndaşların torpaqdan istifadə edərək həm rifah halını yaxşılaşdırmaları, həm də kənd təsərrüfatının inkişafına töhfə vermələri üçün dövlət geniş imkanlar yaradıb. Həmin vətəndaşlar torpaq vergisindən başqa digər bütün vergilərdən azad ediliblər, onlara il ərzində 6 növdə dövlət subsidiyaları verilir. Ona görə də torpaq payı olan hər bir şəxs o torpağı istifadəsiz qoymamalı, əkib-becərməli, ondan öz rifahı üçün maksimum yararlanmalıdır.

Adına aktiv VÖEN olan, yaxud əmək, xidməti və ya mülki-hüquqi xarakterli müqavilə əsasında fəaliyyət göstərən, torpaq payına malik şəxslər barədə məlumatlar aidiyyəti qurumların elektron bazalarından əldə olundu. Məhz bu məlumatlara əsaslanmaqla, insan faktoru olmadan, elektron qaydada qərar qəbul edilərək o şəxslərə imtina cavabı verildi.

Bununla bərabər, müraciət edənlər sırasında maddi imkanları yetərli, hətta yüksək olanlar da vardı və belə insanların 190 manatlıq vəsaiti əlavə gəlir kimi əldə etmək istəmələri bizi təəccübləndirdi. Məsələn, mülkiyyətində 2 və daha çox daşınmaz əmlakı, avtomobilləri və s. olanlar müəyyən edildi. Təbii ki, sayı heç də az olmayan həmin müraciətçilərə imtina cavabı verildi, bu barədə konkret göstəricilər əsasında məlumatlar yayıldı. Maddi imkanları yaxşı səviyyədə ola-ola onların məhz aztəminatlı insanlar üçün ayrılan yardımı almağa cəhdləri haqlı olaraq kəskin ictimai qınağa səbəb oldu.

Ümumilikdə müraciətlərin e-sistem tərəfindən təhlili zamanı müraciət edənlər sırasında nazirliyin "Əmək müqaviləsi bildirişi” altsistemindən alınmış məlumat əsasında 320 min şəxsin adına aktiv əmək müqaviləsi bildirişi olduğu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq informasiya bazasından alınmış məlumatlar əsasında 170 min şəxsin adına aktiv VÖEN olduğu, Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya bazasından əldə edilmiş məlumatlar əsasında 20 min şəxsin adına iki və daha çox daşınmaz əmlakı, Daxili İşlər Nazirliyinin müvafiq informasiya bazasından əldə edilmiş məlumatlar əsasında 19 min 200 şəxsin adında 2 və daha çox avtomobil olduğu və sair müəyyən edilərək onlara birdəfəlik ödəmə verilməsindən imtina edildi. Habelə müvafiq qurumların informasiya bazalarına istinad edilməklə 41 min müraciətin hazırda xarici ölkələrdə yaşayan şəxslər, 65 min şəxsin isə həyat yoldaşının birdəfəlik ödəmə üçün artıq müraciət edərək bu ödəmə ilə təmin edildiyi məlum oldu. Bundan əlavə, müraciətlər zamanı çox sayda səhv məlumatların, həmçinin bəzi şəxslər tərəfindən vəfat etmiş həyat yoldaşı ilə bağlı məlumat xanasına səhvən övladının FİN məlumatlarını və ya yanlış olan FİN məlumatları daxil edildiyi və sair müəyyən olundu. Bütün bu şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina edildi və onlara göndərilən mesajda imtinanın səbəbi göstərildi.

Yeri gəlmişkən qeyd edim ki, digər qurumların elektron informasiya sistemləri ilə işləyən əməkdaşları bu işlərdə birgə-əlaqəli fəaliyyət müstəvisində bəzən günün 24 saatını işlədilər. Fürsət düşmüşkən onlara minnətdarlığımızı bildiririk.

- Birdəfəlik ödəmə proqramı ilə əhatə olunanların sayını işsizlik səviyyəsi ilə əlaqələndirənlər də var. Bu, düzgün yanaşmadırmı?

- Xeyr, bu, səthi yanaşmadan irəli gələn yanlış fikirdir. İlk növbədə, diqqətinizə çatdırım ki, birdəfəlik ödəmə proqramı təkcə işsizləri deyil, qeyri-formal çalışan və xüsusi karantin rejimi dövründə müvəqqəti olaraq qazancını itirmiş şəxsləri, vaxtamuzd çalışanları, habelə iqtisadi qeyri-fəal əhalini də əhatə etdi, bu kimi aztəminatlı şəxslərin də minimum ehtiyaclarını ödədi.

İkincisi, şəxsin məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyatı üçün əvvəlcə o, işaxtaran kimi qeydə alınır, bəlli bir müddət ərzində ona münasib iş təklif olunmadıqda, işsiz kimi qeydiyyata alınır. Birdəfəlik ödəmə proqramına başlanarkən həmin insanların pandemiya dövründə daha çevik şəkildə, qısa müddətdə maddi dəstəklə təmin edilmələri prinsipi üstün tutuldu. Buna görə də Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli qərarı ilə təsdiq olunmuş qaydalara əsasən, bu kateqoriyadan olan şəxslərin "e-sosial” portalı üzərindən onlayn müraciətləri əsasında dərhal işsiz kimi qeydiyyata alınmasına şərait yaradıldı.

Birdəfəlik ödəmə üçün müraciət edənlər sırasında işsizlərlə yanaşı, çoxsaylı məşğul şəxslər, xüsusi karantin şəraitində qazancını itirən qeyri-formal işləyən şəxslər, habelə iqtisadi qeyri-fəal şəxslər (yəni işləmək istəməyən, heç bir zaman iş axtarmayan və yalnız ev işlərini yerinə yetirən, ailə üzvlərinə qulluq edən və sair) də oldu. Bu şəxslərin hamısının işsizlərə aid edilməsi, əlbəttə, düzgün deyil və sadə dillə desək, faktların təhrif edilməsidir.

İşsizliyin səviyyəsinə gəldikdə, onun ölçülməsində dünyada ən mütərəqqi yanaşma kimi Beynəlxalq Əmək Təşkilatının metodologiyası götürülür. Bu metodologiyaya əsasən yalnız əmək qabiliyyətli yaşda olan o şəxslər işsiz sayılır ki, həmin şəxslərin müayinə keçirilən dövrdə qazanc (gəlir) gətirən məşğuliyyəti olmasın, son bir ayda aktiv iş axtarsın və iş təklif edildiyi andan ən geci iki həftə ərzində işə başlamağa hazır olsun. Bu zaman muzdla işləyən şəxslər, fərdi sahibkarlar (o cümlədən işəgötürən və ya sabit vergi ödəyiciləri kimi fəaliyyət göstərənlər), ev təsərrüfatlarında məşğul olanlar, mülkiyyətdən qazanc əldə edənlər, iqtisadi qeyri-fəal əhali nəzərə alınmır. Başqa sözlə, işsizlik bütün dünyada iqtisadi qeyri-fəal əhalinin deyil, iqtisadi fəal əhalinin məşğul olmayanlarını özündə ehtiva edir.

Onu da vurğulayım ki, Prezident İlham Əliyevin iqtisadi və sosial sahədə apardığı dövlət siyasətinin prioritet istiqamətlərindən biri də iqtisadiyyatda qeyri-formal məşğulluğun azaldılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi yolu ilə işçi qüvvəsinin əmək və sosial hüquqlarının təmin olunmasına yönəlib. Bu məqsədlə dövlət komissiyası fəaliyyət göstərir və dövlət başçısı tərəfindən xüsusi tədbirlər planı təsdiq olunaraq icra olunur. Həmin tədbirlər çərçivəsində qeyri-formal məşğulluqla bağlı ən ciddi məsuliyyət tədbirləri müəyyən olunub, inzibatçılıq təkmilləşdirilib, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidi stimullaşdıran ciddi mexanizmlər tətbiq olunub və bu istiqamətdə tədbirlər davam etdirilir. Qeyd etdiyim kimi, xüsusi karantin rejimi dövrünə təsadüf etməsinə baxmayaraq, qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayında ciddi artım da (yanvar-aprel aylarında əmək müqavilələrinin sayında 105 min artım olub ki, onlardan 94 minə yaxını özəl sektora aiddir) bu işlərin nəticəsidir.

- Cənab nazir, bu il üçün nazirliyin qarşısında hansı hədəflər var?

- Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial müdafiə və aktiv məşğulluq proqramları, eyni zamanda bu proqramların genişləndirilməsi ilə bağlı planlar tam icra olunacaq.

Şəhid ailələrinə və müharibə əlillərinə 2019-cu ildə əvvəlki illə müqayisədə 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib, 2020-ci ildə isə onlara bundan 60,6 faiz çox olmaqla 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Eləcə də 2018-ci ildə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 265 avtomobil, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib. Xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni alınmış mənzillərin, müharibə əlillərinə avtomobillərin verilməsi işləri davam etdiriləcək.

Eyni zamanda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST mərkəzləri şəbəkəsinin bu il regionlar üzrə genişləndirilməsi işləri aparılacaq. Ötən il Bakının Yasamal rayonunda 1 saylı və Xəzər rayonunda

2 saylı DOST mərkəzləri yaradılıb. Yaxın günlərdə isə paytaxtın Nizami rayonunda 3 saylı DOST mərkəzinin açılışı olacaq. Bu il həmçinin Binəqədi rayonunda 4 saylı, Abşeron rayonunda 5 saylı, Sumqayıt şəhərində 6 saylı, Quba və Bərdə rayonlarında 7 və 8 saylı DOST mərkəzlərinin təmir-tikinti işlərinə başlanılacaq və mümkün qədər sürətlə bu işlər yekunlaşdırılacaq.

Məlum olduğu kimi, 2019-cu ildə Yevlax və Naftalan şəhərlərində əlilliyi olan şəxslər üçün Regional Bərpa mərkəzləri, Mərdəkan Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzi, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Gəncə şəhərində Peşə Hazırlığı Mərkəzi açılıb. 2020-ci ildə isə Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa mərkəzlərinin, Şağan əlilliyi olan şəxslər üçün Müalicə Pansionatının, Göygöl və Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisələrinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsini təmin edəcəyik. Qəbələ və Şəmkirdə Uşaq Bərpa mərkəzlərinin açılması da bu ilə planlaşdırılıb.

Ümumilikdə cari ildə 10 reabilitasiya mərkəzi və sosial xidmət müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulub. Peşə hazırlığı mərkəzləri şəbəkəsinin regionlar üzrə genişləndirilməsi üçün bu il üç rayonda - Quba, Bərdə və Şəki rayonlarında peşə tədrisi mərkəzlərinin açılması planlaşdırılır.

Ötən dövrdə sosial sahədə geniş e-sistemlər işə salınıb və e-nailiyyətlər beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Məsələn, özünüməşğulluq proqramı və qeyri-rəsmi məşğulluğun qarşısının alınması layihələri ilə yanaşı, ünvanlı dövlət sosial yardımı və əlillik üzrə elektron sistemlərimiz Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən xüsusi mükafatlarla təltif olunub. Bu il elektron texnologiyaların tətbiqinin və əhaliyə proaktiv xidmətlərin əhatəsinin genişləndirilməsi işləri davam edəcək. Yeni e-təyinat və e-arayış xidmətləri işə salınacaq. Xüsusilə bölgələri əhatə edən aktiv məşğulluq tədbirlərinin miqyası genişləndiriləcək.

Bildiyimiz kimi, birdəfəlik ödəmə proqramı pandemiya dövründə genişmiqyaslı sosial dəstək proqramlarından yalnız biridir. İl ərzində sosial dəstək tədbirlərimiz, o cümlədən işsizlər və aztəminatlılar üçün özünüməşğulluq proqramı genişlənəcək. Peşə hazırlığı proqramı davam edəcək və iş tapmaqda çətinlik çəkənlər bu proqramdan faydalanaraq rəqabətqabiliyyətli peşələrə yiyələnəcəklər. Sosial xidmətlərin genişləndirilməsi, qeyri-formal məşğul vətəndaşların formal məşğulluğa keçidinin sürətləndirilməsi və digər sahələrdə işlər davam edəcək. Bir sözlə, dövlət başçısının qarşıya qoyduğu vəzifələrə və sosial islahatlar proqramına uyğun olaraq 2020-ci il də əmək, məşğulluq, sosial müdafiə sahəsində geniş islahatlar ili olacaq.

 

Müsahibəni apardı

Raqif MƏMMƏDOV

Azərbaycan.-2020.- 6 may.- S.1;9.