Pandemiya ilə mübarizədə gördüyünüz işlərlə Azərbaycanın necə güclü dövlət olduğunu bir daha sübut etdiniz

 

 

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması ilə bağlı gördüyü işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Göygöl rayonunda yaşı 65-dən yuxarı olan tənha və ahıl insanlara xidmət göstərən könüllülər adından dövlət başçısına məktub ünvanlayan Aynur Hüseynova, Məsmə Əliyeva və Səidə Ələsgərova yazırlar: "Möhtərəm cənab Prezident, Siz Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri Azərbaycan daim inkişaf edir, beynəlxalq aləmdə özünəməxsus yer tutur. Apardığınız uğurlu daxilixarici siyasət Azərbaycanın Avropadünya strukturlarına inteqrasiyası, xalqımızın maddi və mənəvi inkişafının təmin olunması məqsədini daşıyır. Son zamanlar bütün dünyanı bürümüş COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin qətiyyətiniz ölkəmizi böyük ziyanlardan qorudu. Əminik ki, Sizin rəhbərliyinizlə bu bəladan da şərəflə və üzüağ çıxacağıq. Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Sizin çıxışlarınız, açılışlarında şəxsən iştirak etdiyiniz səhiyyə ocaqları bunun bariz nümunələridir. Cənab Prezident, karantin vəziyyəti ilə əlaqədar verilən bütün qərarlarınızı dəstəkləyirik. Çünki bu, birbaşa bizim hər birimizin sağlamlığının qorunması üçün atılmış addımlardır. "Evdə qal!” aksiyasında iştirak edən yaşlı və aztəminatlı təbəqənin nümayəndələri Sizin diqqət və qayğınız sayəsində bu çətin günlərdə maddi və mənəvi cəhətdən korluq çəkmədi. Biz - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin sosial xidmət işçiləri də həmişə Sizin tapşırıqlarınızı icra etməyə hazırıq. Bu şərəfli işinizdə həmişə Sizinləyik. Bizlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik. Cənab Prezident, Göygöl rayonunun ahıl insanları və ağsaqqalları hər zaman Sizin daxilixarici siyasətinizi dəstəkləyirlər”.

Bakının Nizami rayonundan Arzu Babayev: "Hörmətli cənab Prezident, Azərbaycan xalqının qəhrəman oğlu İlham Əliyev, məktubuma Ümummilli Liderimiz Heydər Əliyevin 18 il əvvəl Sizin haqqınızda dediyi sözlərlə başlamaq istərdim: "İlham Əliyev yüksək intellektual, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, yüksək enerjili, təşəbbüskar və tələbkar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları və işləri sizin yaxından dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Son 17 ildə Azərbaycanda görülən işlərə baxdıqda Ulu Öndərin Sizin barənizdə söylədiklərinin əsl həqiqət olduğuna bir daha əmin oluruq. Bu gün ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada Sizin zəhmətinizin izi olmasın. Cənab Prezident, seçildiyiniz gündən davamlı olaraq ölkəmizin bölgələrinə səfər etmisiniz. Bəzən bir gündə 3-4 rayona getmisiniz, daim xalqla bir yerdə olmusunuz. Çünki xalqı maraqlandıran, onu narahat edən hər bir sözü insanların dilindən eşitmək istəmisiniz. Hətta bəzən doğum gününüzü bölgələrdə, xalqla bir yerdə keçirirsiniz. Bu isə xalqı əziz tutmağınızdan, onun rifahını ən vacib məsələ hesab etməyinizdən irəli gəlir. Elə ona görə də bu gün Azərbaycanda ən güclü birlik Prezidentlə xalqın birliyidir. Azərbaycan xalqı bu gün dünyanın ən xoşbəxt xalqıdır ki, onun Sizin kimi sadə, humanist, hər bir vətəndaşın probleminə diqqətlə yanaşan, bütün ömrünü xalqına həsr edən Prezidenti var. Ona görə də xalqımız Prezidentin apardığı siyasəti ürəkdən bəyənir və dəstəkləyir. Cənab Prezident, bilirik ki, xalqın sağlamlığını qorumaq Sizin üçün daim prioritet olub. Vətəndaşlarımız Sizin dəstəyiniz sayəsində hər il səhiyyə ocaqlarında pulsuz müayinə və müalicə olunurlar. Hazırda dünyanı zəbt etmiş ağır koronavirusla mübarizədə də Siz vaxtında çox qətiyyətli tədbirlər görməklə böyük fəlakətin qarşısını aldınız. İnşallah, Sizin köməyinizlə xalqımız bu bəladan minimum itki ilə çıxacaq. Sizə cansağlığı və Azərbaycanımızın taleyüklü işlərində müvəffəqiyyətlər arzulayıram. Ulu Tanrı Sizi Azərbaycana və xalqımıza çox görməsin, Sizə və Sizinlə çiyin-çiyinə çalışan Mehriban xanıma daim kömək olsun!”

Sumqayıt şəhər "Təfəkkür” liseyinin şagirdi Mehrəngiz Qurbanova: "Möhtərəm cənab Prezident, bütün dünya üçün qorxulu fəsadlarla nəticələnən koronavirus pandemiyası Vətənimiz Azərbaycandan da yan keçmədi. Dünyanın nəhəng dövlətlərinin COVID-19 qarşısında aciz qaldığı bir zamanda Azərbaycan Sizin - mənim xilaskar Prezidentimin uzaqgörən siyasəti sayəsində bu bəladan minimum ziyan gördü. Pandemiyanın üzə çıxdığı ilk gündən etibarən əhalinin mütəmadi olaraq məlumatlandırılması, qabaqlayıcı tədbir olaraq kütləvi toplanmaların qarşısının alınması, az bir vaxtda yeni tipli xəstəxanaların inşa edilməsi, ölkəmizdən kənarda olan vətəndaşlarımıza belə dövlət səviyyəsində qayğı və dəstək göstərilməsi, aztəminatlı ailələrə maddi yardım göstərilməsi və digər tədbirlər Sizin yüksək liderlik, təşkilatçılıq qabiliyyətinizin nəticəsidir. Mən milyonlarla Azərbaycan vətəndaşından biri olaraq Vətənə, xalqa göstərdiyiniz bu məhəbbət, maddi, ən əsası isə mənəvi dəstək üçün Sizə çox minnətdaram. Bir şagird kimi ilk vaxtlar məktəbimin fəaliyyətini dayandırmasına görə çox üzülsəm də, sonra anladım ki, bu tədbir mənim və minlərlə azərbaycanlı şagirdin rifahı naminədir. Dəyərli Prezidentim, həyata keçirdiyiniz uzaqgörən siyasət üçün Sizə çox minnətdarıq. Biz Sizinlə güclüyük, cənab Ali Baş Komandan!”

Laçın Rayon Ağsaqqallar Şurasının sədri Ağayar İsmayılov: "Möhtərəm cənab Prezident, ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində rəhbərliyinizlə görülən işlər xalqımızın bu bəladan qorunmasında böyük əhəmiyyət kəsb etdi. Həmişə olduğu kimi, bu çətin günlərdə də xalqımızın ən etibarlı arxa və dayağı kimi vətəndaşlarla birlikdə olmağınız, hər bir ailənin rifah halını və sağlamlığını düşünərək, bu istiqamətdə göstərdiyiniz maddi və mənəvi dəstək bir daha nümayiş etdirir ki, Siz hər bir Azərbaycan vətəndaşının layiqli Prezidentisiniz. Sizin "Biz birlikdə güclüyük!” çağırışınız xalqımızı ətrafınızda bir daha səfərbər edərək, daha sıx birləşdirdi. Biz ahıl sakinlər də bu taleyüklü məsələlərin həlli istiqamətində gördüyünüz işləri daim bəyənir, bundan məmnunluq hissi keçirir, buna görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. İnanırıq ki, ölkəmiz Sizin müdrik rəhbərliyiniz sayəsində tezliklə bu bəladan xilas olacaq, həyatımız əvvəlki axarına düşəcək”.

Rizvan Pirnəzərov adına 299 nömrəli məktəb-liseyin şagirdi Nuray Məmmədzadə: "Hörmətli cənab Prezident, dünyanı öz ağuşuna alıb məhvə sürükləyən "COVID-19” pandemiyası ilk günlərindən bütün ölkələrdə kütləvi ölümlərə səbəb olduğunda, bu qorxunc xəbər hamını məyus etmişdi. Lakin qəlbimin dərinliyində zülmət qaranlığı parçalayacaq parlaq bir günəşin doğacağına əmin olduğum üçün nikbinlik hissi heç bir zaman məni tərk etməmişdi. Əmin əllərdə idarə olunan dövlətimizin həmişə vətəndaşının yanında olduğunuonu qoruduğunu bildiyim üçün bu dəhşətin böyük faciə yaratmayacağına inanırdım. Təhlükənin ilk günlərində zərgər dəqiqliyi ilə alınmış uzaqgörən qərarlarınız vaxtında bu dəhşətin önünə sədd çəkdi. Bu ölüm saçan pandemiya ilə mübarizədə dünyanın bir çox ölkələrinə örnək olan davranışınızla Azərbaycan dövlətinin necə güclü olduğunu bir daha sübut etdiniz. Cənab Prezident, hazırda pandemiya dəhşətinin sönən alovları tezliklə bu bəladan qurtulub normal həyata dönəcəyimizdən xəbər verir. Sizin apardığınız çoxyönlü islahatlar ölkəmizin və xalqımızın rifahını artırdığı kimi, həm də dövlətimizin güclü olmasını təmin edir. Bu da biz gənclərin özünə güvən hissini, vətən sevgisini və vətənə layiqli övlad olma məsuliyyətini artırır. Qloballaşan dünyada ikili standartlara qarşı gecə-gündüz apardığınız haqlı mübarizədə biz gənclər də sizin siyasi kursunuzun davamçılarıyıq. Gələcəkdə vətənimizə layiqli vətəndaş olmaq və bizlərə əmanət ediləcək irsi, mədəniyyəti, mental dəyərləri qoruyub gələcəyə daşımaq və bəşəriyyətin sürətlə inkişaf etdiyi bu dönəmdə yeni texnologiyalara daha müfəssəl yiyələnmək üçün biz daha yaxşı oxumalı, müasir biliklərə yiyələnməli və bu yolda çox məsuliyyətli olmalıyıq. Doğma Azərbaycanımızı sevmək və onun layiqli vətəndaşı olmaq biz gənclərin ən vacib işidir. Çiçəklənən ölkəmizdə gündən-günə inkişaf edən iqtisadiyyatımızın hər sahəsində əldə olunan nailiyyətlər biz gəncləri daha da qürurlandırır və bizləri daha məsuliyyətli olmağa məcbur edir. Çünki bu gün əmin əllərdə idarə olunan ölkəmizin gələcəkdə daha da güclü və qüdrətli olması bizlərin prioritet məsələsidir. Bunun üçünbiz üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirməliyik. Bildiyimiz kimi, tarixən ölkəmiz zaman-zaman yadellilərin və nankor qonşuların işğalına məruz qalmışdır. Bu gün də torpaqlarımızın 20 faizindən çoxu işğal altındadır. Bir milyondan artıq köçkün soydaşlarımız öz yurd-yuvalarından didərgin düşmüşlər. Lakin biz əminik ki, cənab Prezident, Siz bu çətin məsələnin tezliklə həllinə nail olacaqsınız və köçkün soydaşlarımız öz yurd-yuvalarına geri dönəcəklər. Dünya ictimaiyyətinin də bildiyi bir həqiqət var ki, o da Azərbaycanın ərazi bütövlüyünün qeyri-şərtsiz bərpa olunmasıdır. Sülh yolunun tükəndiyi anda ölkəmizin müzəffər ordusu Ali Baş Komandanın əmri ilə və xalqın dəstəyi ilə düşməni darmadağın edib, üçrəngli zəfər bayrağını indi işğalda olan torpaqlarımızda dalğalandıracaq. Vətənimizin azadlığı üçün bu yolda canımızı belə verməyə hazırıq. Yaşasın Azərbaycan!”

 

Azərbaycan.-2020.- 6 may.- S.5.