Şəxsiyyət zirvəsi
Heydər Əliyev haqqında düşünərkən onun dahi şəxsiyyət adlı portretinin nə qədər zəngin çalarlarla yaradılmış həyat əsəri olduğuna bir daha əmin olursan. Və zaman ötdükcə bu portretin hələ kəşf olunmamış, onu daha da dolğunlaşdıran yeni cizgilərinin üzə çıxdığını görürsən. O, unikal, dahi şəxsiyyət olaraq bənzərsiz bir həyat yaşayıb, mənəvi ucalığı fəth edib. Mənə elə gəlir ki, bu elə bir zəngin həyat əsəridir ki, onu sonadək dərk etmək heç vaxt mümkün olmayacaq.
"El
bilir ki, sən mənimsən...”
Heydər Əliyevin xalqın rifahı və xoşbəxt
gələcəyi, layiqli həyat tərzinin bərqərar
olması naminə göstərdiyi misilsiz xidmətlər
ölcüyəgəlməzdir. Bu dünyaya ülvi
bir missiya - öz xalqının xilaskarı kimi gəlmiş
Ulu Öndərin əməlləri və fəaliyyəti
zaman və məkan çərçivələrinə
sığmır.
Heydər Əliyev bir rəhbərin öz xalqı
üçün edə biləcəyi mümkün nə
varsa, ona nail olub. Bütün bunların bir insan
ömrünə necə yerləşdiyini düşünəndə
təəccüblənməyə bilmirsən. Onun həyat və fəaliyyəti elə bir məktəbdir
ki, haqqında nə qədər danışsan da, nə qədər
yazsan da, bu, ümmandan bir damlaya bənzəyəcək.
Xalqın öz liderinə bəslədiyi sevgi də
elə o ümman qədər möhtəşəmdir. Çünki Tanrının böyük
lütfkarlıqla bizə bəxş etdiyi ən dəyərli
və fenomenal şəxsiyyətlərdən biri olan Heydər
Əliyev doğma torpağına bağlı vətən
oğlu kimi Azərbaycanın taleyüklü, çətin və
ağır günlərində həmişə xalqın
gücünə inanıb, yalnız ona arxalanıb. Bu inamdan ruhlanaraq, canına və qanına hopmuş
vətən sevgisi ilə bütün şüurlu həyatını
ölkəmizin azad və firavan bir məmləkətə
çevrilməsi yolunda fəda edib. Bu məqamda 1998-ci il prezident seçkilərindən sonra
"Gülüstan” sarayında təşkil olunmuş
andiçmə mərasimində Heydər Əliyevin etdiyi
çıxışı xatırladım. Nitqinin
sonunda xalq şairimiz Səməd Vurğunun "Azərbaycan”
şeirindən bir neçə misranı söyləyərkən
onun hansı kövrək hisslər keçirdiyini unutmaq
mümkündürmü?! Taleyimə
çox minnətdaram ki, həmin anda onun duruşunda,
baxışında və səsində aydınca sezilən vətən
sevgisini özündən ixtiyarsız ayaq üstə
alqışlayanlardan biri də mən olmuşam.
İnanıram ki, böyük vətənpərvərlik
hissini əks etdirən bu mənzərə gözəl və
xoş xatirə kimi qəlb yaddaşlarında və tarixdə
əbədi olaraq qalacaq...
Onu tariximizin ən böyük azərbaycanlısı
sayanlar əsla yanılmırlar. Bu gün Ulu Öndər
Heydər Əliyevin "Mən fəxr edirəm ki, azərbaycanlıyam!”
kəlamı bir deviz olaraq tolerantlığı ilə
seçilən ölkəmizdə yaşayan bütün
xalqların vahid ideya, vahid gələcək, vahid dövlət
ətrafında birləşməsi üçün bir stimula
çevrilib.
Heydər
Əliyev şərəf və ləyaqət rəmzidir
Həyat kitabını vərəqlədikcə Ulu
Öndərin üzləşdiyi bütün ağır və
çətin vəziyyətlərin əqidə, mənlik və
ləyaqət sınağından qalib çıxan bir şəxsiyyət
olduğunu görürsən. O, keçmiş Sovet
İttifaqının ali rəhbərliyindən
uzaqlaşdırıldıqdan və hətta ağır
ürək xəstəliyi keçirdikdən sonra öz qamətini
dikəldərək əqidəsi uğrunda mübarizə
yolunda mətin addımlarla irəliyə davam dedi. Hələ qara qüvvələrin böyük
güc sahibi olduğu o dövrdə Heydər Əliyev 20
yanvar hadisələri ilə bağlı ən kəskin və
cəsarətli bəyanat verərək bu qanlı tarixə
ilk obyektiv qiyməti ilə seçilən şəxs oldu.
Ulu Öndərin bioqrafiyasında buna bənzər mərdlik
və dəyanət nümunələrinin sayı-hesabı
yoxdur.
Xatırlayırsınızsa, Dağlıq Qarabağ məsələsinin
də müzakirə olunduğu ATƏT-in Lissabon sammitində
o, böyük diplomatik təmkin və qətiyyət
nümayiş etdirərək, öz xalqının
mövqeyini ayağa verməmək üçün, beynəlxalq
aləmdə və bu təşkilatın tarixində ilk dəfə
olaraq veto hüququndan istifadə edən yeganə dövlət
başçısıdır.
Heydər Əliyev Xəzər dənizinin statusuna dair məsələ
ilə bağlı İrana rəsmi səfəri zamanı da
müzakirələrin gedişində İran prezidentinin
sözünü kəsərək onun işlətdiyi
"Mazandaran gölü” ifadəsinə sərt reaksiya verməklə
böyük cəsarət göstərmişdi. Bu, öz
ölkəsinə və dövlətinə şərəf gətirmiş
qürur və mənlik nümunəsidir.
Heydər Əliyevin güclü şəxsiyyət kimi
qabarıq cəhətlərindən biri onun hətta ən
böyük siyasətçilərin qibtə etdiyi polad kimi
möhkəm iradəyə malik olması idi. Bununla
bağlı ürək ağrısı, lakin fəxarət
hissi yaşadan bir hadisəni heç zaman unuda bilməyəcəyəm.
Belə bir səhnəni gözünüzün önünə
gətirin: Azərbaycan Prezidenti Cəmşid
Naxçıvanski adına Hərbi Məktəbin
yubileyində tribunada çıxış edir. Bu zaman o, qəflətən
güclü ürək tutması nəticəsində
yıxılır, lakin bədənindəki çoxsaylı zədələrin,
sınıqların ağrısını dəf edərək
öz nitqinə davam etmək üçün yenidən
qalxır... Axı bir Ali Baş Komandan olaraq onun
qarşısında gənc zabitlər dayanmışdı...
Vətəni qorumaq missiyasını daşıyan əsgər
üçün bundan da böyük və ibrətamiz dərs
ola bilərmi?!
Qeyri-adi
insan, uzaqgörən siyasətçi, xarizmatik lider
Heydər Əliyevin unikallığını səciyyələndirən
xüsusiyyətlər saysız-hesabsızdır. Tanrı onu
siyasi fəhm kimi nadir istedadla
mükafatlandırmışdı. Adi vətəndaşdan
tutmuş dünyanın ən qüdrətli ölkələrinin
başçılarına qədər onunla müxtəlif
mövzular ətrafında ünsiyyətdə olan hər kəs
qarşısındakının fenomenal yaddaşından və
ensiklopedik biliklərindən heyrətə gəlirdi. Bu kimi keyfiyyətlər, təbii ki, Heydər
Əliyevə dövlət idarəçiliyində və
vaxtında dəqiq qərarlar qəbul etməsində öz
töhfəsini vermişdi.
Hələ
Sovet Azərbaycanına rəhbərlik etdiyi dönəmlərdə
respublikamızın mərkəzdən
asılılığını azaltmaq üçün
müasir sənaye müəssisələrinin
yaradılması, hərbi məktəblərin təsis
olunması, Ulu Öndərin milli sərvət
adlandırdığı istedadlı gənclərin SSRİ-nin
aparıcı ali məktəblərində təhsil alması
üçün kvotaların əldə olunması, Azərbaycan
dilinin dövlət dili kimi möhkəmləndirilməsi və
bir çox digər məsələlər onu göstərir
ki, ölkəmizin gec-tez müstəqil dövlət
olacağına Heydər Əliyevin böyük inamı olub. Zaman keçdi və tarix 1991-ci ildə ilk olaraq
Naxçıvanda Azərbaycanın üçrəngli milli
bayrağını dövlət atributu kimi başının
üstünə qaldıran Ümummilli Liderin dahi uzaqgörənliyinə
şahidlik etdi.
Məsələləri əhəmiyyətinə görə
məntiqi ardıcıllıqla doğru-düzgün sıralamaq
bacarığı siyasi liderlərə xas olan əsas cəhətlərdən
biri sayılır. Ötən əsrin 90-cı illərinin əvvəlində
müstəqilliyimizin itirilməsi təhlükəsi ilə
üz-üzə qaldığımız bir zamanda
Dağlıq Qarabağ müharibəsi nəzərdə
tutulmuş neft strategiyasının reallaşmasına ən
ciddi maneə idi. Heydər Əliyev Horadiz əməliyyatında
böyük hərbi uğur qazanmaqla Azərbaycan ordusunun
gücünü nümayiş etdirərək düşməni
atəşkəs barədə razılığa gəlməyə
məcbur etdi. O zamanlar bunu məğlubiyyət kimi qələmə
vermək istəyənlər hadisələrin sonrakı
gedişində yanlış düşündüklərini
etiraf etmək zorunda qaldılar.
Hər zaman müdrik Azərbaycan xalqının dəstəyinə
arxalanan siyasətçi və rəhbər kimi o, əmin idi
ki, qarşıya qoyulmuş məqsədlərə nail olmaq
üçün milli əqidə birliyinin və həmrəyliyin
alternativi yoxdur. Azərbaycanın müstəqilliyinə qarşı
baş vermiş 1994-cü il qiyamı
zamanı bir çağırışla dəqiqələr ərzində
az qala bütün Bakı əhalısinin Heydər
Əliyevin ətrafına toplanması xarizmatik lider
obrazını canlandıran nümunədir.
Heydər
Əliyev: "Qadınlar dövlətimizin, dövlətçiliyimizin,
müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin
dayağıdır”
Ulu Öndər milli-mənəvi dəyərlərin
daha çox təzahür etdiyi və dövlətin
rüşeymi sayılan ailə məfhumuna xüsusi dəyər
verir, övlad tərbiyəsində qadının rolunu
yüksək qiymətləndirirdi. Lakin eyni zamanda o, Azərbaycan
qadınlarının ictimai proseslərə daha fəal şəkildə
qoşulmasının tərəfdarı idi.
O
dövrdə daha qlobal hesab olunan məsələlərin bir qədər
kölgəsində qalmış qadın
hüquqlarının səmərəli şəkildə təmin
olunmasına dövlət tərəfindən güclü dəstəyə
ehtiyac yarandığını hiss edən və dövlətçilik
baxımından zərif cinsin idarəetmədə roluna
böyük əhəmiyyət verən Heydər Əliyev
1998-ci ildə Qadın Problemləri üzrə Dövlət
Komitəsinin təsis olunması barədə müvafiq sərəncam
imzaladı. 2006-cı ildə isə statusu və
səlahiyyətləri genişləndirilən qurum ötən
dövr ərzində Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi kimi yaddaqalan uğurlu fəaliyyətə
imza atmışdır. Azərbaycan
qadınlarının öz potensialının
reallaşmasında bu qurumun rolu çox böyükdür.
Həm
tarixi nümunələrimiz, həm də çağdaş
Azərbaycan ailəsinin problemlərini xüsusi diqqət
altında saxlayan, Azərbaycan qadınının adını
beynəlxalq miqyasda ləyaqətlə təmsil edən,
öz gözəlliyi, mərhəməti, siyasi fəaliyyəti
ilə dünyanın lider qadınlarını çox geridə
qoyan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
timsalında isə müasir örnəyi olan Azərbaycan
qadını cəmiyyət və dövlət həyatının
bütün istiqamətlərində inkişafa töhfə
verərək, həm də Heydər Əliyevin ruhu
qarşısında öz mənəvi borcuna sadiqlik göstərməkdədir.
İncə
duyğularla dolu ürək
Heydər Əliyevin malik olduğu hər bir xüsusiyyəti
barədə saatlarla, günlərlə danışmaq olar. Və
bölüşdükcə də bu fikirləri daha da
dolğunlaşdıran və bitmək bilməyən yeni
düşüncələr ortaya çıxır. Təbii ki, bir yazıda bunu etmək mümkün
deyil. Lakin mən burada onu təkcə bir
lider və dövlət xadimi kimi xarakterizə edən bəzi
keyfiyyətləri haqqında deyil, həm də
xalqımızın milli-mənəvi və vazkeçilməz
ailə dəyərlərinin sintezindən yoğrulmuş
bitkin və mükəmməl obrazına diqqəti çəkmək
istərdim.
Nə qədər ciddi və sərt görünməsinə
baxmayaraq, o, olduqca duyğusal və çox zərif qəlbli
bir insan idi. Ətrafında cərəyan edən hadisələrə
təmkinli münasibətini qoruyub saxlamağa
çalışardı və demək olar ki, buna həmişə
nail olardı. Lakin onun şəxsi həyatındakı
əvəzolunmaz bir itkinin ağrı-acısı onu heç
vaxt tərk etmirdi. Özünün yeganə
dostu saydığı ömür-gün yoldaşı Zərifə
xanım Əliyevanı xatırlayarkən onun çöhrəsinə
ürək sızladan nisgilli bir ifadə qonurdu. Belə anlarda o, Zərifə xanım haqqında
düşünərkən qürur hissinə
qarışmış xiffətini gizlədə bilmirdi. Ona gənclik illərini xatırladan
"Küçələrə su səpmişəm” xalq
mahnısını xüsusi bir zövqlə, sonsuz məhəbbət
və həm də kədərlə zümzümə edərdi.
Hec nə ilə əvəz olunmayacaq bu itkinin
onun həyatındakı izini və doğurduğu təəssüfü
ailə dəyərlərinə bir sədaqət nümunəsi
kimi Ulu Öndərin həyatından bəhs edən əsərlərdə
də açıq-aşkar görmək olar.
Hər
zaman xalqın içində
O, öz
xoşbəxtliyini xalqına xidmətdə görürdü.
Sadə insanların içində olmaqdan həzz
alırdı. Böyüklə
böyük, uşaqla uşaq kimi rəftarı vardı.
Ona görə də hər kəsin Heydər babası idi o...
Hələ uşaq vaxtı onunla görüşmək
nəsib olmuş adamlardan biri kimi özümü xoşbəxt
sanıram. Bu, ötən əsrin 70-ci illərinin xatirəsidir.
Azərbaycan KP MK-nın birinci katibi Heydər
Əliyevin Füzuli rayonuna səfəri zamanı onu
çiçəklərlə qarşılayan məktəblilərin
içində mən də var idim. Onun
mehriban, gülümsər çöhrəsi, nəvaziş
dolu baxışları bu gün də gözümün
önündədir. Sonralar taleyin xoş
qisməti sayəsində buna bənzər hissləri təkrar-təkrar
yaşamışam. YAP-ın ilk üzvlərindən
biri kimi mənə partiyaya üzvlük vəsiqəsini şəxsən
özü təqdim edəndə də, məni Prezident
Aparatına məsul vəzifəyə təyinatımla
bağlı qəbul edəndə də, ictimai-siyasi fəaliyyətlə
bağlı keçirilən görüşlərdəki
söhbətlər zamanı da. Hər
görüşdən sonra çəkilmiş xatirə şəkillərinə,
haqqında çəkilmiş filmlərə baxanda adamı
bürüyən kövrək və səmimi duyğuları
ifadə etmək çətindir.
Ulu Öndər Azərbaycan elminin və mədəniyyətinin
inkişafına töhfə vermiş insanlara, söz
ustalarına böyük diqqət və qayğı ilə
yanaşırdı. Eyni zamanda sadə insanlarla çox rahat
şəkildə ünsiyyət qura bilirdi. Uşaqlara
qoşularaq onlarla bərabər rəqs etməsini, məcburi
köçkün gənclərin toy mərasimində
şövqlə qol qaldırıb oynamasını, əsgər
və zabitlərlə doğma bir insan kimi səmimi söhbət
etməsini, onun görüşünə gəlmiş yerli
sakinlərlə oturub xüsusi bir həvəslə armudu stəkandan
dişləmə qəndlə kəklikotu çayı
içməsini və yaxud göycə meyvəsindən
dadmasını əks etdirən kadrlar Heydər Əliyevi
insanların yaddaşına məhz bu səmimiyyət zirvəsindən
köçürüb.
Həyatın mənasını, fəlsəfəsini dərindən
dərk etdiyindəndir ki, yalnız xalqın rifahını
düşünən Heydər Əliyev sadə həyat tərzinə
üstünlük verir, daha çox mənəvi dəyərləri
önə çəkirdi. El dilində desək, o, dünya malında gözü olmayan, əxlaqına
yalnız yüksək mənəvi dəyərlərin
hopduğu çox zəngin bir şəxsiyyət idi. Bəlkə elə buna görədir ki, sənətinə
yüksək qiymət verdiyi Xalq şairi Məmməd
Arazın sözlərinə bəstələnmiş
"Dünya sənin, dünya mənim...” adlı mahnıya
qulaq asmağı çox sevirdi.
Yazılmamış
əsərlərin qəhrəmanı
Heydər Əliyev heç vaxt kitab yazmayıb, xatirələrini
qələmə almayıb. Bunun üçün
sadəcə onun zamanı olmayıb. Lakin
bütün dünya xalqlarının çox sadə dildə
başa düşdüyü, əsrlərə
sığmayan, hər sözü, hər izi, hər
addımı məna yükünə görə cild-cild
kitablara mövzu olan qızıl tarix yaradıb. Haqqında yazılan əsərlər bütöv
bir epoxanın inkişaf yoluna işıq salır, siyasi
baxışları alimlərin və siyasi texnoloqların tədqiqat
obyektinə çevrilir. Təsadüfi
deyil ki, dünyanın güc mərkəzləri sayılan
dövlətlərin başçıları, beynəlxalq aləmdə
tanınmış məşhur siyasətçilər Heydər
Əliyevi dünya tarixinin nəhəng şəxsiyyətləri
ilə müqayisə ediblər. Qələm
əhli onu ictimaiyyətə dünyada baş verən siyasi
proseslərə əhəmiyyətli dərəcədə təsir
göstərmək gücündə olan nəhəng siyasət
korifeyi kimi təqdim edir.
Ulu Öndərin həyatından bəhs edən
çoxsaylı bədii-sənədli filmlərin müəllifi
olan görkəmli rejissor Vaqif Mustafayevin çox maraqlı bir
fikri var. O deyir ki, Heydər Əliyev yazılmamış
romanların, çəkilməmiş filmlərin qəhrəmanıdır. Həqiqətən
də, inanıram ki, Heydər Əliyevin irsi hələ bundan
sonra da əsrlər boyu alimlər və siyasətçilər
tərəfindən tədqiq ediləcək və geniş
oxucu və tamaşaçı auditoriyasının diqqətini
çəkəcək.
Bizim tale
payımız: əgər o, olmasaydı...
Belə bir deyim var ki, həyat və tale kaleydoskop kimidir. Hətta kiçik bir bucaq altında firlatdıqda belə ümumi mənzərə tamamilə dəyişir. Düşünürəm ki, həyat yolunu labirintə bənzədənlər də öz fikirlərində haqlıdırlar. Çünki bəzən geniş və rahat yolda aşıla bilinməyəcək bir sədlə qarşılaşa bilərsən. Lakin sonra çıxış yolunun dar və heç də hamar olmayan cığırlardan keçdiyi bəlli olur. Ona görə də doğru yolu seçə bilmək bacarığı məhz Heydər Əliyev kimi güclü siyasi fəhmə və iti zəkaya malik dahilərə məxsusdur. Çünki Azərbaycan öz müstəqilliyini yalnız onun sayəsində qoruyub saxlaya bildi və özünün təbirincə desək, "dünyaya günəş kimi doğdu”.
Hərdən düşünürəm ki, Heydər Əliyev olmasaydı, Azərbaycanı nə gözləyirdi? Və hər dəfə də təlatümlü okeanda kompasını itirmiş və qiymətli yük daşıyan gəminin taleyi gözümün önünə gəlir. Hansı ki, ya qayalara çırpılaraq məhv olur, ya da yedəyə möhtac olur. Ona görə də Azərbaycan xalqı çox xoşbəxtdir ki, onu o burulğanlardan sağ-salamat çıxararaq müstəqillik limanına çatdırmış Heydər Əliyev kimi bir kapitanı olub.
Bir neçə gündən sonra anadan olmasının 97-ci ildönümünü qeyd edəcəyimiz Ulu Öndərin doğum günü - 10 may tarixi bu il təqvimdə 75 illiyini təntənə ilə qeyd edəcəyimiz Qələbə günü ilə yanaşıdır. Bu, ilk nəzərdə simvolik görünsə də, düşünürəm ki, əslində, həyatda da həmişə qələbə onun yanında olub, onu müşayiət edib. Yəni harada Heydər Əliyevin adı varsa, orada uğur var. Bu siyasi kursu yeni çağırışlar fonunda daha möhtəşəm qələbələrlə davam etdirən islahatçı lider cənab İlham Əliyevin ətrafında sıx birləşmiş Azərbaycan xalqı özünə mənəvi ata saydığı Heydər Əliyevin qüdrətli əlini həmişə öz kürəyində hiss edəcək. Ona görə də əminəm ki, Ulu Öndər haqqında yazılmış mahnıda olduğu kimi:
"Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər "xalqım” deyəcək, xalq "Heydər” söyləyəcək!..”
Bahar MURADOVA,
Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri,
YAP İdarə
Heyətinin üzvü, siyasi elmlər üzrə fəlsəfə
doktoru
Azərbaycan.-2020.- 7 may.- S.1-2.