Azərbaycan qazının yolu Avropayadır

 

TAP-la mavi yanacaq nəqlinin bu ilin payızında başlanması gözlənilir

 

 

"Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəmərinin çəkilişi davam edir və işlərin 95 faizə qədəri artıq yerinə yetirilib. Layihə üzrə kapital xərcləri 4,5 milyard avro olan bu kəmər Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə hələ ötən ilin noyabr ayında başlanıb. Kəmərin Yunanıstandakı Evros çayı ilə Kipoidəki kompressor stansiyası arasında olan xəttinin iki kilometrlik hissəsinə təbii qaz qəbul edilib. Bu, boru kəmərinin istismara verilməsi prosesinin ilkin mərhələsi sayılır. Qazın boru kəməri sisteminə daxil edilməsi "Şahdəniz-2”dən çıxarılan mavi yanacağın Avropaya tədarükünün başlanğıcı üzrə növbəti mərhələdir. TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin bu ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissə tam istifadəyə veriləndən və sınaqdan keçiriləndən sonra gözlənilir.

Təbii qazın tədricən boru kəmərinin Yunanıstan marşrutunun digər hissələrinə, eləcə də Albaniya və İtaliyaya mərhələli şəkildə nəql edilməsinə başlanacaq.

Layihənin operatoru olan TAP AG şirkətinin yaydığı məlumata görə, kəmərin inşası üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa olunur.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihə üzrə biri Yunanıstandakı Kipoi, digəri isə Albaniyanın Fier məntəqəsində olan kompressor stansiyalarının inşası tamamlanıb. Bununla yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də yekunlaşıb. İtaliyadakı təbii qazın qəbulu terminalının isə tikinti işlərinin təqribən 70 faizi başa çatıb.

Boru kəmərinin inşası çərçivəsində Albaniyada tikinti işləri tamamlanmaqdadır. "Saipem” şirkətinin "Castoro 6” borudüzən gəmisi İtaliyanın San Foka bölgəsində işlərə başlayıb. Bu nəhəng gəmi TAP-ın Adriatik dənizindəki 105 kilometrlik hissəsində, yəni İtaliyadan Albaniyayadək olan xətdə boruları inşa edəcək.

TAP-ın quru hissəsinin inşası üzrə İtaliyada boruların tikintisinə başlanıb. Melendugno şəhərindəki 1,5 kilometrlik mikrotunelin inşası tamamlanıb. Boru kəmərinin İtaliya hissəsinin və qəbul terminalının tikintisinin yekunlaşması üzrə işlər davam edir. TAP-ın İtaliyadan keçəcək təxminən 8 kilometrlik hissəsində boruların 3 kilometri xəndəyə endirilib.

Yunanıstan, Albaniya və İtaliyada boruların 99 faizi marşrut xətti boyunca düzülüb. Üç ölkədə boruların 99 faizi qaynaqlanıb, xəndəkqazma işlərinin isə 99 faizi tamamlanıb. Yunanıstan, Albaniya və İtaliyada boru kəməri marşrutunun 99 faizində torpaq örtüyü bərpa edilib.

TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına da başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır.

Xatırladaq ki, TAP "Şahdəniz-2” qazını CQBK (Cənubi Qafqaz Boru Kəməri)  TANAP-dan (Trans-Anadolu Qaz Boru Kəməri) qəbul edərək Yunanıstan  Albaniya vasitəsilə Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 810 metr dərinlikdən, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir.

TAP kəməri TANAP-la birləşəcək Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan  Albaniya ərazisini qət edərək şərqdən qərbəAdriatik dənizi sahillərinə doğru uzanacaq  İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaqBurada kəmər İtaliyanın TAP "Snam Rete Gasşirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşəcək.

TAP layihəsi İtaliya torpağında sona çatsa da, gələcəkdə Azərbaycan qazının AlmaniyaFransaBöyük Britaniya, İsveçrə  Avstriyaya çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın altı səhmdarından üçünün - BP, SOCAR və "Snam S.p.A.”nın hər biri layihədə 20, "Fluxys” 19, "Enagas”16, "Axpo” isə 6 faizlik payla iştirak edir.

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 7 may.- S.1;7.