Müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir

 

Bu il may ayının 10-da dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü tamam olur.

50 ildən artıqdır ki, Heydər Əliyevin adı Azərbaycan vətəndaşlarının və dünya azərbaycanlılarının qəlbində qürur və fərəh hissi yaratmış, dünya ölkələrində onu tanıyanlar və haqqında eşidənlər tərəfindən həmişə böyük sevinc və məhəbbətlə yad edilir. Heydər Əliyevə olan bu sevgi isə hər şeydən əvvəl onun öz xalqına və dövlətinə sədaqətlə xidmət etməsi ilə bağlı olmuşdur. Bu münasibətlə Ulu Öndərimiz belə demişdir: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Ulu Öndərimiz 1969-cu ildə respublikamızın rəhbəri seçildikdən sonra məhz ötən əsrin 70-80-ci illərində Sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanı müstəqilliyə hazırlamışdır. Bu dövrədək zəngin iqtisadi potensialının, təbii sərvətlərinin olmasına baxmayaraq, Azərbaycan İttifaq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdən birini tuturdu. Azərbaycan bütün İttifaqı ən qiymətli təbii sərvət sayılan neftlə təmin etdiyi halda, əhalinin yaşayış səviyyəsinə görə heç bir iqtisadi resursu olmayan digər respublikalardan geridə qalırdı. Ümummilli Liderimizin respublikamızda rəhbərliyə gəlməsi Azərbaycanda digər sahələrlə yanaşı, iqtisadi inkişafa da yol açmış və ölkəmiz qısa zamanda İttifaq tərkibində o zaman üçün müasir iqtisadiyyata malik respublikaya çevrilmişdi. Ümummilli Liderimiz Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycanda həyata keçirdiyi taleyüklü tədbirlərin mahiyyətini belə xarakterizə edirdi: "Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır?

Mən onlara bunu nə üçün etdiyimi demirdim... Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”.

Heydər Əliyevin ilk dəfə Azərbaycan Respublikasına rəhbərlik etdiyi 13 il ərzində apardığı hərtərəfli və əhatəli işlər, onun özünə və ətrafındakı rəhbər işçilərə qarşı olan tələbkarlığı, yüksək işgüzarlığı sayəsində Azərbaycanın iqtisadiyyatı möhkəmləndi, neft-maşınqayırma və kimya sənayesi, üzüm istehsalı və bir sıra digər sahələrdə İttifaqda öncül sıraya çıxdı, istehsal etdiyi rəqabətqabiliyyətli məhsulları 65 xarici ölkəyə ixrac edərək beynəlxalq aləmdə tanınmağa başladı və müstəqil inkişafın əsası qoyuldu. Bu dövrdə respublikamızda "Bakı Soyuducular”, "Bakıelektroterm”, "Yeni Bakı Neftayırma” və digər nəhəng zavodlar tikilib istifadəyə verildi. Emal sənayesinin inkişafı, xüsusilə kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin tikilməsi geniş vüsət aldı. Regionlarda üzüm, meyvə və tərəvəz emalı zavodlarının, çay və tütün emalı fabriklərinin, habelə ət kombinatları və süd, yun emalı zavodlarının, quşçuluq fabriklərinin və heyvandarlıq komplekslərinin tikilib istifadəyə verilməsi kənd təsərrüfatının inkişafı ilə yanaşı, respublikamızda yüngül və yeyinti sənayesinin, habelə digər sahələrin inkişafına da güclü təkan verdi. Üzüm istehsalı 2 milyon tonu ötərək respublikamız İttifaq miqyasında birinci yeri tutdu, ilk dəfə olaraq 1 milyon tondan çox pambıq istehsalına nail olundu. Azərbaycan qısa müddət ərzində iqtisadiyyatın bütün sahələrində geridə qalmış bir respublikadan İttifaq səviyyəsində öncül yerə yüksəldi, xüsusilə kənd təsərrüfatında məhsuldarlığın artırılması, kənd təsərrüfatı maşınqayırma sənayesinin, kimyalaşmanın inkişafında çox uğurlu nəticələr əldə olunaraq ölkəmizdə aqrar-sənaye kompleksi yaradıldı.

Təbii ki, müstəqil dövlətin yaradılması üçün müstəqil iqtisadiyyatın qurulması kifayət deyildi. Bunun üçün milli şüuru oyatmaq lazım idi. Ötən əsrin 70-ci illərindən başlanan milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə zəmin yaratdı. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi ki, iqtisadiyyatın və milli-mədəni həyatımızın yüksək inkişafını gələcəkdə də davam etdirmək, müasir çağırışlara uyğun idarəetmə qabiliyyəti və savadı olan gənc kadrların hazırlanması ön plana çəkildi. Bu məqsədlə hər il yüzlərlə azərbaycanlı gənclər keçmiş SSRİ-nin ən nüfuzlu universitet və ali məktəblərində təhsil almaq imkanı qazandılar. Heydər Əliyevin Azərbaycan Respublikasına həmin dövrdə rəhbərliyi sayəsində əldə edilən nailiyyətlər hörmətli Prezidentimiz İlham Əliyevin "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında” imzaladığı Sərəncamda özünün əhatəli və çox düzgün əksini tapmışdır. Sərəncamda deyilir: "1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır”.

Heydər Əliyevin Azərbaycan Respublikasında həyata keçirdiyi möhtəşəm quruculuq işləri, yüksək idarəçilik qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı və rəhbər işçi kimi böyük potensiala malik olması həmin vaxt İttifaqa rəhbərlik edənlərin diqqətini cəlb etdi və Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. O, bu vəzifədə işlədiyi müddətdə İttifaqda mövcud olan ən problemli sahələrlə dərindən məşğul olaraq həmin sahələrin inkişafını təmin edirdi. Heydər Əliyev artıq SSRİ-nin bütün bölgələrində bacarıqlı və işgüzar bir rəhbər kimi tanınaraq yüksək nüfuz sahibi idi. O, tez-tez inkişaf etmiş ölkələrdə olur, onlarla əməkdaşlıq problemlərini müzakirə edir və dünyanın siyasi elitasında hörmətlə qarşılanırdı. Heydər Əliyev Azərbaycandan kənarda olsa da həmin illərdə respublikamızda baş verən proseslərlə daim maraqlanır, problemlərin həllində kömək göstərir və respublikamızın dinamik inkişafı üçün əlindən gələni edirdi. Onun liderlik məharəti, İttifaqda və beynəlxalq aləmdə böyük nüfuzu, məhsuldar işləmək qabiliyyəti xoşniyyətli insanları sevindirir, bir çox bədxahlarda isə ona qarşı paxıllıq hissi yaradırdı. Bu paxıllığın nəticəsi idi ki, 1987-ci ildə SSRİ rəhbərliyində, xüsusilə Qorbaçov tərəfindən aparılan təqiblərə cavab olaraq Heydər Əliyev vəzifəsindən istefa verməyə məcbur oldu.

Bundan 15 gün sonra Dağlıq Qarabağın Azərbaycandan ayrılması məsələsi gündəliyə çıxarıldı. Bununla da Azərbaycanın ağrı-acılarla dolu dövrü başlandı. Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi.

Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan naminə fəaliyyətini hakimiyyətdə olmadığı dövrlərdə də belə davam etdirmiş və ən çətin anlarda xalqının yanında olmuşdur. Xalqımızın böyük oğlu həyatını təhlükə qarşısında qoyaraq 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə o zaman hakimiyyətdə olan sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını kəskin ittiham etmişdi. Bu kəskin bəyanatdan sonra milli liderimiz 1990-cı il iyulun 20-də Bakıya, iki gün sonra isə doğma Naxçıvana qayıtmış və buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etmişdir.

Böyük və mənalı ömrünün Naxçıvanda keçən 3 ili ərzində görülən işlər müstəqil dövlətimizin qurulmasına yönəldilmiş strategiyanın tərkib hissəsi idi. Ulu Öndərimiz Heydər Əliyevin 1990-1993-cü illərdə Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi həm milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması sayəsində sosial-iqtisadi inkişafa nail olunması ilə nəticələnmiş, həm də muxtar respublikanı işğal təhlükəsindən qorumuşdur. 1990-cı ilin noyabr ayında dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında qəbul olunan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin yaradılmasının əsasını qoymuşdur. Hələ Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə üçrəngli Azərbaycan bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist” sözlərinin çıxarılması böyük cəsarət tələb edirdi. Bütün bunlar 1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsinə şərait yaratmışdır. Bu tarixi hadisə nəinki Azərbaycanın, eləcə də Sovetlər Birliyinin digər müttəfiq respublikalarının da müstəqillik qazanmasına yol açmışdır. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında Heydər Əliyevin rəhbərliyi ilə yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğun iqtisadi model formalaşdırılırdı. Muxtar respublikanın iqtisadi problemlərinin həllinə ciddi diqqət yetirilir, blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, quruculuq işləri aparılırdı. Heydər Əliyevin Naxçıvanda əldə etdiyi uğurları gözü götürməyən Xalq Cəbhəsi 1992-ci il oktyabrın 24-də Naxçıvanda silahlı çevriliş edib Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd etsə də, buna nail ola bilmədi. Çünki Heydər Əliyev naxçıvanlılara sözün əsl mənasında arxa olduğundan əhali də ona arxa durmaqla yanaşı, böyük hörmət və ehtiram bəsləyərək onu müdafiə etdi. Məhz bunun sayəsində çevrilişə cəhddən cəmi bir ay sonra - 1992-ci il noyabrın 21-də Naxçıvanda yüksək səviyyədə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı təsis konfransı keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi.

Naxçıvanda yeni dövlət quruculuğu istiqamətində böyük işlərin getdiyi bir vaxtda Azərbaycan Respublikasına səriştəsiz rəhbərlik, getdikcə güclənən özbaşınalıq, cəbhədə yaranan gərgin vəziyyət hakimiyyətə qarşı narazılığı artırmaqla ölkədə müstəqilliyin əldən getməsinə real təhlükə yaratmışdı. Bunu görən Azərbaycan xalqı böyük dövlətçilik təcrübəsi olan, tanınmış siyasi xadim Heydər Əliyevi təkidlə ikinci dəfə Azərbaycan Respublikasına rəhbərliyə dəvət etdi. Xalq özünün sevimli oğluna etimad edir və inanırdı ki, yalnız Heydər Əliyev bu vəziyyətdən çıxış yolu tapa bilər və Azərbaycan Respublikasının müstəqilliyini qoruyub saxlaya və inkişaf etdirə bilər.

Xalqın tələbini qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 15-də ölkənin Ali qanunverici orqanının sədri seçildi və onun rəhbərliyi ilə tezliklə Ermənistanla atəşkəs əldə olundu. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə siyasi və iqtisadi sabitlik bərqərar oldu, siyasi sistemin təkmilləşməsi istiqamətində möhkəm addımlar atıldı, yeni Konstitusiya qəbul olundu. Təbii ki, bütün bunlar elə də asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən qüvvələr 1994 və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etmiş, terror aktları törətmək istəmişlər. Lakin bu hərəkətlərin qarşısı vaxtında və yüksək peşəkarlıqla alındı və ölkədə daxili sabitlik yarandı. Xarici siyasət də formalaşmağa başladı və Azərbaycan həm Rusiya, həm də ABŞ və Avropa ölkələri ilə yaxın qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətləri yaratmağa nail oldu.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən neft strategiyası işlənib hazırlandı və Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi ilə bağlı "Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar Ümummilli Liderin özünün dediyi kimi, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən mühüm addımlar idi.

Ulu Öndərimiz Heydər Əliyevin həyatının 30 ildən artıq bir dövrü Azərbaycan tarixinin parlaq səhifəsini, ölkənin dirçəliş, inkişaf mərhələsini təşkil edir. Heydər Əliyev hakimiyyətinin birinci mərhələsində (1969-1982) Azərbaycanı geridə qalmış aqrar respublikadan iqtisadiyyatı dinamik inkişaf edən qabaqcıl respublikaya çevirdi, Azərbaycanın müstəqil ölkə kimi yaşamasına möhkəm zəmin yaratdı. Görkəmli şəxsiyyət respublikamıza ikinci rəhbərliyi dövründə ölkəmizdə baş qaldırmış qardaş qırğınının tezliklə qarşısını aldı, Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu olduğunu sübut etdi. Heydər Əliyev ikinci dəfə müstəqillik əldə edən Azərbaycanı nəinki qoruyub saxladı, həm də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmaqla onun dünyanın qabaqcıl ölkələri sırasına çıxmasını təmin etdi. Azərbaycan xalqı və Azərbaycan dövləti qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev sözün əsl mənasında dahi şəxsiyyətdir və qədirbilən xalqımız onu özünün Ümummilli Lideri elan etmişdir.

Dahilərin böyüklüyü ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər. Heydər Əliyev də məhz belə dahilərdən idi.

Heydər Əliyevin 2003-cü il 1 oktyabr tarixində doğma xalqına ünvanladığı son müraciəti vətənə ləyaqətlə xidmətin bariz nümunəsi idi. "Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu Öndərin bu tarixi müraciətindən keçən on yeddi il onun dediklərinin reallıqla dərindən uzlaşdığını və söylədiyi fikirlərin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində dörd dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev Ümummilli Liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi.

 

Eldar İBRAHİMOV,

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,

Milli Məclisin İntizam komissiyasının sədri,

iqtisad üzrə elmlər doktoru, professor

Azərbaycan.-2020.- 7 may.- S.3.