Müasir, müstəqil,
qüdrətli Azərbaycan dövlətinin banisi
Ümummilli Liderin ideyaları
ölkəmizdə həyata keçirilən çoxşaxəli
islahatlar strategiyasının əsasını təşkil
edir
Hər bir dövlətin, xalqın taleyində həlledici məqamlarda məsuliyyəti üzərinə götürərək xalqının, millətinin gələcəyini müəyyən etmiş, dövlətini bəlalardan qorumuş böyük şəxsiyyətlər olmuşdur. Belə şəxsiyyətlər öz xalqını zamanın ən sərt sınaqlarından uğurla çıxararaq milli dövlətçilik, azadlıq və müstəqillik ideallarını gerçəkləşdirmiş, xalqının xilaskarına çevrilmişlər. Azərbaycan xalqı üçün belə möhtəşəm əməllərə, misilsiz xidmətlərə imza atmış böyük öndər şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevdir. O, hər zaman xalqının xilaskarı, bayraqdarı missiyasını uğurla və şərəflə həyata keçirmiş, müasir müstəqil Azərbaycan dövlətinin arxitekturasını yaratmış, onun sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsini, ölkəmizin dünya dövlətləri sırasında öz layiqli yerini tutmasını təmin etmişdir. "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”, - deyən və bütün ömrünü Azərbaycan xalqının firavan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr edən Ulu Öndər öz fəaliyyəti, xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri ilə əsl dövlət xadimi, dahi şəxsiyyət, vətənini, xalqını sevən böyük vətənpərvər olduğunu sübuta yetirmişdir.
İki fərqli ictimai quruluşda Azərbaycana rəhbərlik edən Heydər Əliyev formasiyaların və sistemlərin müxtəlifliyinə baxmayaraq, zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, tükənməz enerjisi, yüksək təşkilatçılıq bacarığı və ən mürəkkəb vəziyyətlərdə belə məsuliyyəti öz üzərinə götürərək ən düzgün qərarları qəbul etmək səriştəsi ilə əsl liderlik nümunəsi göstərmişdir. Məlumdur ki, 1969-cu ildə Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz iqtisadi göstəricilərinə görə keçmiş Sovet respublikaları sırasında ən geridə qalmışlardan biri idi. 1960-cı illərin sonlarına doğru sosial-iqtisadi həyatın bütün sahələrində geriləmə müşahidə olunur, respublika iqtisadiyyatı dərin böhran keçirirdi. Məhz belə bir şəraitdə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yenidənqurmanı və dinamik inkişafı təmin etmək məqsədilə ayrı-ayrı proqramlar, planlar hazırlanaraq icrasına başlanılmışdı. Bu tədbirlər nəticəsində qısa müddətdə respublikanın milli gəliri 2,5, sənaye istehsalının və kənd təsərrüfatı məhsullarının ümumi həcmi isə 2,7 dəfə artmışdı. İqtisadiyyatın inkişafına əsaslı vəsait qoyuluşunun həcmi əvvəlki 50 il üçün müvafiq göstəricidən 1,4 dəfə çox olmuşdu. Azərbaycanda neft-kimya, maşınqayırma, energetika, metallurgiya, mədənçıxarma və digər sahələr əhəmiyyətli dərəcədə inkişaf etməyə başlamış, 400-ə yaxın yeni sənaye obyekti yaradılmışdı. 1969-cu ildə sənaye müəssisələrinin sayı 735 idisə, 1982-ci ildə bu rəqəm 1048-ə çatmışdı.
Həyatın digər sahələrində də tamamilə yeni yanaşmanın ortaya qoyulması və yeni dəyərlərin formalaşması Ümummilli Lider tərəfindən həyata keçirilən məqsədyönlü strateji siyasətin tərkib hissəsi idi. Müasir müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji əsasını təşkil edən azərbaycançılıq ideyasının bünövrəsi də həmin dövrdə yaradılmışdır. 1978-ci ildə qəbul edilmiş Konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması haqda məşhur 73-cü maddənin daxil edilməsi məhz Heydər Əliyevin cəsarəti və əzminin nəticəsi idi. Milli təhsil sisteminin yenidən formalaşdırılması və bu sahədə fəaliyyət göstərən kadrların milliləşdirilməsi istiqamətində atılan addımlar, hər il təxminən 800-ə qədər azərbaycanlı tələbənin keçmiş İttifaq miqyasında ən aparıcı ali təhsil müəssisələrinə təhsil almağa göndərilməsi Azərbaycanın gələcəyi üçün çox mühüm əhəmiyyətə malik olmuşdur. Məhz həmin dövrdə yaradılmış milli kadr potensialı bu gün müstəqil Azərbaycanın uğurlu inkişafına xidmət edir. O cümlədən milli hərbi kadrların hazırlanmasına da xüsusi diqqət göstərən Ulu Öndər 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılmasına nail olmuşdur.
Ulu Öndərin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanda bütün geriliklər aradan qaldırılmış və 1982-ci ildə respublikamız artıq SSRİ-nin ən inkişaf etmiş respublikalarından birinə çevrilmişdi. Bununla da Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə gələcəyin müstəqil Azərbaycanının güclü bünövrəsini formalaşdırmış, ölkəmizin inkişafına xidmət edən iqtisadi, siyasi, sosial, hərbi, mədəni, ictimai potensial məhz həmin illərdə onun uzaqgörənliyi və dönməz iradəsi sayəsində yaradılmışdır.
Ulu Öndər Heydər Əliyev harada çalışmasından asılı olmayaraq həmişə xalqına, Vətəninə sədaqətlə xidmət etmiş, doğma Azərbaycanı ilə əlaqələrini kəsməmişdir. O, Moskvada SSRİ rəhbərliyində təmsil olunduğu dövrdə də respublikanın inkişafı üçün əlindən gələni əsirgəməmişdir. 1987-ci ildə Sov. İKP MK Siyasi Bürosunun və şəxsən baş katib M.S.Qorbaçovun yeritdiyi yanlış xəttə, onun anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa versə də, Azərbaycanda baş verənləri diqqətlə izləmişdir. Sovet qoşunlarının 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi qanlı qırğınla əlaqədar Heydər Əliyevin ertəsi gün, Kreml rejiminin təqiblərinə və səhhətinin ağır olmasına baxmayaraq öz ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək orada bəyanat verməsi, SSRİ hakimiyyətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını pisləməsi bu çətin məqamda Azərbaycan xalqının ehtiyac duyduğu əsl liderin cəsarəti və qətiyyəti idi.
1991-ci ildə SSRİ-nin süqutu ilə həm beynəlxalq münasibətlər sistemində yeni bir era, həm də regionda yeni bir situasiya yarandı. Digər İttifaq dövlətləri ilə yanaşı, Azərbaycan da öz müstəqilliyini elan etmiş və idarəçilik formasından ictimai şüura qədər hər şey dəyişmişdi. Buna görə də ölkəyə rəhbərlik etməyə bütün bu çağırışlara cavab vermək iqtidarında olan bacarıqlı bir dövlət xadimi gərək idi. Çox təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində dövlət idarəçilik sükanında məhz belə bir liderin olmaması Azərbaycan üçün ağır fəsadlar ortaya çıxarmışdı. Həm müəyyən dairələrin direktivləri ilə hərəkət edən qrupların, həm də siyasi hakimiyyəti qeyri-qanuni, antidemokratik yolla ələ keçirən AXC-Müsavat iqtidarının zamanında Azərbaycan dövləti çox ciddi böhran və tənəzzüllə üz-üzə qalmışdı. Siyasi sistemin və cəmiyyət həyatının bütün qatlarına sirayət etmiş nizamsızlıq, xaos və qanuna tabe olmamaq vərdişləri ictimai münasibətlər sistemində də ciddi böhranı meydana çıxarmışdı.
Digər tərəfdən, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti getdikcə genişlənmiş, hakimiyyət dairələrinin səriştəsizliyi nəticəsində 1993-cü ilin may-iyun aylarında ölkədə siyasi böhran son həddə çatmış, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Belə bir şəraitdə Azərbaycan xalqının diqqəti yenidən xalqımızın böyük oğlu Heydər Əliyevə yönəlmişdi. Bu dəfə də xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər xalqın tələb və təkidlərinə cavab verərək ölkəmizdə növbəti dəfə hakimiyyətə gəldi. Bu qayıdış Azərbaycanın dövlətçilik tarixində qurtuluş, yüksəliş, inkişaf və sabitlik dövrünün əsasını qoydu.
Cəmiyyətlərin sosial quruculuğu prosesində liderlərin şəxsi keyfiyyətləri, enerjisi və zəkası ilə yanaşı, novator və konstruktiv ideyalar irəli sürmək və gerçəkləşdirmək məharəti də mühüm əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi ilk günlərdən etibarən yeni cəmiyyət quruculuğunda, ictimai münasibətlər sistemində yeni dəyərlərin formalaşmasında tarixi şəraitin ruhuna və tələblərinə uyğun olaraq rasional ideyalar irəli sürmüş və onların həyata keçirilməsini təmin etmişdir. Ulu Öndər milli-mənəvi dəyərlərə, xalqımızın zəngin tarixinə və mədəniyyətinə bağlı lider olduğu kimi, Azərbaycanın gələcəyini təmin edən strateji planları müəyyənləşdirən novator islahatçı idi. Onun qəbul etdiyi qərarlarda, strateji inkişaf proqramlarında birmənalı olaraq milli maraqlar və vətəndaş mənafeyinin bütün spektrləri dolğun əks olunmuşdur. Heydər Əliyev dövlətin və cəmiyyətin resurslarını ümummilli məqsədlər naminə böyük ustalıqla səfərbər edən, milli potensialı doğru yönləndirməyi bacaran böyük təşkilatçı kimi bir çoxları üçün əlçatmaz görünən layihələri, strateji inkişaf proqramlarını reallığa çevirirdi.
Ümummilli Lider Heydər Əliyev ölkəmizdə, ilk növbədə, uğurlu dövlət-vətəndaş birliyi platformasına söykənərək ictimai nizam-intizamı, siyasi sabitliyi təmin etmiş, milli təhlükəsizliyin sarsılmaz əsaslarını yaratmışdır. O, "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!” tezisi ilə əsl vətəndaş mövqeyi ortaya qoyaraq milli təəssübkeşliyin nümunəsini göstərmişdir. Böyük və bənzərsiz şəxsiyyət millətini bütün bəlalardan qorumuş, vətəndaş qarşıdurmasını aradan qaldırmış, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin etmişdir. Azərbaycan Respublikasının demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün ölkəmizdə zəruri olan təsisatlar və hüquqi baza formalaşdırılmış, Ulu Öndərin birbaşa rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası işlənib hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir. Həmçinin sosial-iqtisadi və dövlət quruculuğu sahələrində, insan hüquqları və azadlıqlarının təmin edilməsi istiqamətində ciddi konseptual qərarlar qəbul olunmuş, sağlam hüquqi bünövrə yaradılmışdır.
Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövr Azərbaycan parlamentarizminin ən parlaq səhifələrini təşkil edir. Xalqımızın böyük oğlunun rəhbərliyi ilə parlament ali qanunverici orqan kimi, ölkəmizin problemlərinin həlli ilə bağlı demokratik müzakirələrin keçirildiyi və siyasi mədəniyyətin hökm sürdüyü bir tribunaya çevrilmişdir. Parlamentin ictimai nüfuzu yüksəlmiş və effektiv qanunvericilik fəaliyyəti həyata keçirilmiş, mühüm qanunlar qəbul olunmuşdur.
Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlara paralel olaraq, dövlət aparatının möhkəmləndirilməsi və yeni təsisatlarının formalaşdırılması, siyasi mühitin sağlamlaşdırılması və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, müasir və döyüş qabiliyyətli ordunun formalaşdırılması, neft strategiyasının hazırlanması, bu strategiyanın əsası olan "Əsrin müqaviləsi” sazişinin imzalanması ilə Azərbaycanın qlobal enerji bazarında və beynəlxalq münasibətlərdə aktiv iştirakının təmin olunması, yeni və praqmatik xarici siyasət strategiyasının müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi həmin dövrdə ölkəmizin qarşısında tamamilə yeni inkişaf paradiqmalarının meydana gəlməsini şərtləndirmişdir.
İdarəçilik sahəsində böyük təcrübəyə malik olan Heydər Əliyev həmişə xüsusi olaraq vurğulayırdı ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Baxmayaraq ki, bütün digər sahələrdə olduğu kimi, iqtisadiyyatda da ölkəmizin öncəki siyasi rəhbərliyindən çox ağır miras qalmışdı, Ulu Öndər Azərbaycanın müstəqilliyinin iqtisadi əsaslarını gücləndirmək, ölkənin iqtisadi qüdrətini artırmaq üçün ciddi islahatlara start vermişdir. Həmişə, ən çətin məqamlarda belə optimal strateji xətti düzgün müəyyənləşdirməyi bacaran Ümummilli Lider yaranmış vəziyyəti, reallıqları dəyərləndirərək qəti şəkildə bildirirdi ki, keçmiş sovet dövrünün idarəçilik metodları ilə yeni dönəmin iqtisadiyyatını qurmaq mümkün deyil, yolumuz liberal iqtisadiyyata transformasiya yolu olmalıdır.
Ulu Öndərin müəyyənləşdirdiyi strateji kurs islahatlar yolu ilə müstəqil Azərbaycanın keyfiyyətcə yeni və daha funksional iqtisadiyyatının qurulmasını hədəfləyirdi. Bu məqsədlə 100-dən çox fərman və sərəncam imzalanmış, onun təşəbbüsü əsasında parlamentdə yeni qanunlar qəbul edilmiş, Azərbaycan Respublikasının Konstitusiyasında da liberal iqtisadiyyata keçidi təmin etməyə hüquqi əsaslar yaradan bir sıra müddəalar öz əksini tapmışdır. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə respublikamızda MDB məkanında ilk dəfə olaraq geniş torpaq islahatı aparılmış, Azərbaycan vətəndaşlarının heç bir əvəz ödəmədən torpaq mülkiyyətçilərinə çevrilməsi təmin edilmişdir. Bu addım respublikanın kənd təsərrüfatında da, sözün əsl mənasında, dönüş yaratmışdır.
Beləliklə, dahi şəxsiyyət Heydər Əliyevin parlaq zəkası sayəsində iki əsrin və iki minilliyin kəsişməsində Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoymuşdur. Bugünkü güclü, qüdrətli Azərbaycanı öz əlləri ilə yaratmış, onun müstəqilliyini yaşatmış və inkişaf etdirmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi, Heydər Əliyev öz həyatını doğma xalqına həsr etmişdir və bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir: "Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir”.
Tam qətiyyətlə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də özündən sonra Azərbaycanı uğurlu inkişaf etdirəcək, ölkəmizi dünya dövlətləri sırasında layiqli zirvələrə daşıyacaq və ötən illərdə başlanılmış böyük layihələri, genişmiqyaslı islahatları müvəffəqiyyətlə həyata keçirəcək uğurlu lideri yetişdirmək olmuşdur. Bu mənada müstəqil Azərbaycan dövlətinin 2003-cü ildən bu günə qət etdiyi inkişaf yolu, əldə etdiyi möhtəşəm nailiyyətlər bu seçimin nə qədər mühüm tarixi əhəmiyyətə malik olduğunu, Azərbaycanın davamlı inkişafı üçün Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu bir daha sübuta yetirmişdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən dövr Azərbaycan tarixinə sabitlik və hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur.
Tarixi təcrübə göstərir ki, milli həmrəyliyə malik olan, iqtidar - xalq birliyi yüksək səviyyədə təmin edilən ölkələr qarşıya qoyulan hədəflərə müvəffəqiyyətlə çatırlar. Ölkəmizin də inkişafını fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, Azərbaycanda dövlət siyasətinin müəyyənləşməsində cəmiyyətdən gələn sifarişlər əsas götürülür və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xəttini məhz xəlqilik təşkil edir. Möhtərəm Prezident İlham Əliyev 2003-cü ildə öz vəzifəsinin icrasına başlayarkən "Mən hər bir azərbaycanlının Prezidenti olacağam” demişdi. Və ötən dövrdə Prezident İlham Əliyev öz əməli fəaliyyəti ilə xalqımızın böyük dəstək və ehtiramını qazanmış, hər bir vətəndaşımızın Prezidenti olduğunu sübuta yetirmişdir.
Gənc dövlətin əsaslarının möhkəmliyi, həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi, uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Azərbaycanın əldə etdiyi genişmiqyaslı nailiyyətlər dövlət başçısının qətiyyətli, yaradıcı və milli maraqlara söykənən fəaliyyətinin nəticəsidir. Ölkəmizin hərtərəfli inkişafı ciddi konseptual əsaslara malikdir və hər bir sahə üzrə bitkin, siyasi, iqtisadi və sosial cəhətdən əsaslandırılmış fəaliyyət proqramları həyata keçirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ləyaqətli siyasət, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır və xalqımızın maraqlarını təmin edir.
Ölkəmizin dinamik inkişafını şərtləndirən digər mühüm məsələlərdən biri də həyata keçirilən islahatların ardıcıllığının təmin olunmasıdır. Dövlət başçısı bu islahatların vacibliyini vurğulayaraq inkişaf və tərəqqinin islahatlarsız mümkün olmadığını qeyd edib: "İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk”.
Böyük müvəffəqiyyətlə həyata keçirilən islahatlar çərçivəsində qeyri-neft sektorunun üstün inkişafına nail olunması, azad sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, bazar iqtisadiyyatının gücləndirilməsi, xarici investisiyaların regionların inkişafına cəlb edilməsi, regional inkişaf proqramlarının uğurlu icrası və iqtisadi aktivlik coğrafiyasının regionlara doğru genişlənməsi Azərbaycanın iqtisadi həyatında çox ciddi nailiyyətlərin qazanılmasını şərtləndirmişdir. Həmçinin yeni istehsal sahələrinin yaradılması, qlobal iqtisadi layihələrin həyata keçirilməsi, makroiqtisadi sabitliyin qorunub saxlanılması, milli istehsalın və ixracın genişləndirilməsi, modern sənaye quruculuğu kimi başlıca strateji vəzifələrin yerinə yetirilməsi nəticəsində Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Ölkəmizdə liberal, rəqabətədavamlı, ixrac tutumu böyük olan diversifikasiya edilmiş iqtisadiyyat quruculuğu ilə bağlı yeni hədəflər müəyyənləşdirilmiş və hazırda bu strateji vəzifələr uğurla icra olunur. Bu illər ərzində milli iqtisadiyyatımız 3,4 dəfə genişlənmişdir ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü iqtisadiyyata malik ölkədir. Qlobal iqtisadi sferada müşahidə olunan mənfi tendensiyalar və risklər fonunda Azərbaycan özünün iqtisadi məkanını mənfi təsirlərdən qoruya bilir və milli iqtisadiyyatımız rəqabətqabiliyyətliliyinə görə MDB-də lider mövqeni tutur. Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin birinci iclasında söylədiyi dərinməzmunlu nitqində respublikamızın iqtisadi sahədə qazandığı uğurlardan bəhs edərək deyib: "Son 16 il ərzində iqtisadi sahədə əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Əgər varsa, desinlər, götürsünlər statistikaya baxsınlar, hansı ölkə 16 il ərzində öz iqtisadiyyatını 3,4 dəfə artıra bilib”.
Əlamətdar haldır ki, ölkəmizin iqtisadi imkanlarının genişlənməsi və iqtisadi qüdrətinin artması daha səmərəli və çoxşaxəli sosial müdafiə tədbirlərinin həyata keçirilməsi ilə müşayiət olunur. Möhtərəm Prezident İlham Əliyevin ardıcıl və davamlı islahatlar kursu, qazanılan iqtisadi nailiyyətlər ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına xidmət edir. Bu siyasətə uyğun olaraq son 16 ildə respublikamızda geniş və modern infrastruktur quruculuğu həyata keçirilmiş, təxminən 3500 məktəb, 750-dən çox xəstəxana tikilmiş, yaxud əsaslı şəkildə yenidən qurulmuş, bütün şəhər və rayonlarda mədəniyyət mərkəzləri, idman və olimpiya qurğuları istifadəyə verilmiş, 15 min kilometrdən artıq yol çəkilmiş, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı məsələləri həll edilmişdir. 2003-2019-cu illər ərzində respublikamızda təxminən 2 milyon yeni iş yeri açılmış, işsizlik səviyyəsi 5 faizədək aşağı endirilmişdir ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir. İşsizliyin aşağı səviyyədə olması həmçinin respublikamızda yoxsulluğun da azalmasını - 49 faizdən 5,4 faizə enməsini şərtləndirmişdir. Bu müsbət dinamikanı biz əməkhaqlarının və pensiyaların, həssas qruplara dövlət dəstəyinin davamlı olaraq artırılmasında da müşahidə edirik. Təkcə ötən il həyata keçirilən böyük sosial paket 4,2 milyon vətəndaşımızı əhatə etməklə, onların maddi-rifah halının əsaslı şəkildə yaxşılaşmasını təmin etmişdir. Cari ildə də sosial layihələrin davam etdirilməsi, bu sahədə heç bir proqramın ixtisar edilməməsi sübut edir ki, Azərbaycan dövləti yalnız öz gücünə, imkanlarına arxalanaraq genişmiqyaslı sosial proqramlar həyata keçirir, dövlətimizin və xalqımızın maraqlarına, mənafeyinə söykənən qərarlar qəbul edir. Möhtərəm Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu demokratikləşmə prosesi və siyasi islahatlar da dövlət başçısının rəhbərliyi ilə 2003-cü ildən yeni keyfiyyətdə davam etdirilir. Başqa sözlə, iqtisadi islahatlar mükəmməl siyasi islahatlarla tamamlanır. Həm konseptual, həm də struktur xarakteri daşıyan bu islahatlar dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, optimallaşdırılması, səmərəliliyinin artırılması, qərarların icrası mexanizminin müasir tələblərə uyğunlaşdırılması və yeni keyfiyyət mərhələsinə yüksəldilməsi məqsədlərinə xidmət edir. Eyni zamanda Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması, ictimai və sosial xidmətlər sahəsində institusional islahatların reallaşdırılması ilə yeni və ciddi keyfiyyət dəyişikliyinə nail olunması, həyata keçirilən kadr islahatları müasir mərhələdə Azərbaycanda praqmatik, düşünülmüş siyasi kursun reallaşdırılmasını təsdiq edir. Hazırda Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşmaqdadır və siyasi sistemin komponentləri arasında dialoq mühitinin genişləndirilməsi, münasibətlərin sağlamlaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır.
Təbii ki, həyata keçirilən islahatlar Azərbaycan Respublikası Milli Məclisinin də qarşısında yeni vəzifələr qoyur. Azərbaycan parlamenti bundan sonra da ölkəmizin dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcək və möhtərəm Prezidentimizin rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasını dəstəkləməkdə davam edəcəkdir.
Bu gün ciddi əsaslara malik ictimai-siyasi sabitliyin hökm sürdüyü, demokratik, hüquqi, sivil, dünyəvi, iqtisadiyyatı inkişaf edən, əhalinin etibarlı sosial müdafiəsini təmin edən müstəqil Azərbaycan xarici siyasət sahəsində də fəal diplomatik əlaqələrə və geniş imkanlara malikdir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmiz dünya iqtisadi və siyasi birliyinə uğurla inteqrasiya etmiş, qlobal layihələrin mərkəzinə, dünyanın aparıcı dövlətlərinin, beynəlxalq təşkilatların hörmət və diqqətlə yanaşdığı nüfuzlu dövlətə çevrilmişdir. Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, dünya birliyinə üzv olan bütün dövlətlərlə qarşılıqlı hörmət və etimada söykənən səmərəli münasibətlər qurmuş, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri yaratmışdır. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının 2012-1013-cü illərdə qeyri-daimi üzvü seçilməsi bunun parlaq təzahürüdür. Ölkəmiz BMT-dən sonra dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərəkatının da fəal üzvlərindən biridir və hazırda bu təşkilata uğurla sədrlik etməkdədir. Eyni zamanda digər mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycana inteqrasiyanın dərinləşməsinə, ölkə reallıqlarını dünya ictimaiyyətinə obyektiv və dolğun çatdırmağa imkan vermişdir.
Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi ilə bağlı mühüm beynəlxalq təşəbbüslər irəli sürmüş, sülh və əməkdaşlıq məkanı kimi özünü təsdiq etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilmiş, respublikamızın müəllifi olduğu layihələr dünyanın enerji xəritəsini dəyişdirmiş, Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülmüşdür.
Beləliklə, sadalanan faktlar qurucusu və banisi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin əldə etdiyi möhtəşəm uğurların sadəcə bir qismini ifadə edir. Azərbaycan gözlərimizin önündə hər gün dəyişir, inkişaf edir və gələcəyə doğru inamla, qətiyyətlə addımlayır. Əminik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bundan sonra da müstəqil, dinamik, hərtərəfli inkişafını davam etdirəcək və Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin və hərtərəfli inkişafa nail olacaqdır.
Sahibə QAFAROVA,
Azərbaycan
Respublikası Milli Məclisinin Sədri
Azərbaycan.-2020.- 8 may.- S.7.