Heydər Əliyev və Azərbaycanın
müasir dünyada yeri
Əslində, Heydər Əliyevlə bağlı hər bir mövzu nə qədər əzizdirsə, nə qədər doğmadırsa, o qədər də məsuliyyətlidir. Çünki Azərbaycanda elə bir sahə yoxdur ki, onun misilsiz xidmətləri olmasın, çox hallarda da o, bu işlərin qurucusu və yaradıcısıdır. Eyni zamanda onunla bağlı hətta ən kiçik məsələ də böyükdür, çox əhəmiyyətli və qiymətlidir. Heydər Əliyev irsi bizim üçün və gələcək nəsillər üçün zəngin xəzinədir, Vətəninə, xalqına, dövlətinə xidmət nümunəsidir. Mən də belə bir böyük şəxsiyyətin zamanında yaşamağıma və onun məktəbindən dərs aldığıma görə özümü hədsiz dərəcədə xoşbəxt hiss edir, bu alın yazıma görə Yaradanıma sonsuz şükür edirəm.
Azərbaycan xalqı tarix boyu məşhur dövlət xadimləri yetişdirmiş xalqlardan olmaqla XX əsrdə dünya siyasətində həm Sovetlər Birliyində, həm də müstəqillik illərində çox tanınan siyasətçi və görkəmli dövlət adamı, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev kimi şəxsiyyət yetirən bir xalqdır. Bu mənada Azərbaycanın beynəlxalq əlaqələr sistemində layiqli yer tutması üçün onun dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərinin tənzimlənməsi və inkişaf etdirilməsi istiqamətində dövlət siyasətinin formalaşdırılması böyük əhəmiyyət kəsb edir.
Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan özünün geosiyasi mövqeyini, ictimai-siyasi və mənəvi-psixoloji inkişaf xüsusiyyətlərini nəzərə alaraq mövcud inkişaf modellərindən heç birinə birmənalı şəkildə üstünlük vermədən Qərb və Şərqin yaratdığı dəyərlərdən yaradıcılıqla və səmərəli şəkildə bəhrələnməyə, tarazlaşdırılmış çoxşaxəli xarici siyasət yeritməyə nail oldu. 1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə hansı şəraitdə hakimiyyətə gəlməsini nəzərə alsaq, Azərbaycanın çağdaş dünyada qazandığı yer və mövqenin hansı çətinliklər hesabına başa gəlməsi bir daha aydın olur.
1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanın geosiyasi vəziyyətinin və beynəlxalq siyasətə təsiretmə imkanlarının dərin nəzəri təhlili əsasında xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri, daha doğrusu, avroatlantik strukturlara inteqrasiya və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və paralel olaraq Türkiyə ilə, müsəlman dünyası və ayrıca olaraq İranla, Asiya, Afrika və Cənubi Amerika ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi, hər qrupa daxil olan ölkələrlə ayrı-ayrılıqda və birgə münasibətlərin düşünülmüş, bütün amilləri nəzərə alan durumu yaradıldı. Yəni fərqi yoxdur, məqsəd həm çoxtərəfli və həm də ikitərəfli münasibətlərdə ən etibarlı tərəfdaş olmaq prinsipini həyata keçirmək idi.
Heydər Əliyev məhz bu reallıqları nəzərə alaraq, necə deyərlər, "yaxın qonşu uzaq qohumdan irəlidir” düşüncəsi ilə özünün ilk səfərlərindən birini Rusiyaya etdi. Bu səfər Azərbaycanın MDB-yə daxil olması ilə paralel hazırlandı. Çünki həm Rusiya ilə münasibətlər üçün, həm də MDB-yə daxil olan ölkələrlə Azərbaycanın münasibətləri, əlaqə və əməkdaşlığı üçün bu iş haqlı olaraq əhəmiyyətli sayılırdı. Heydər Əliyevin Rusiya Federasiyasının paytaxtı Moskvaya səfərləri, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ölkələrimiz arasındakı gərginliyi xeyli zəiflətdi, iki ölkə arasındakı münasibətlərə yeni keyfiyyət gətirdi.
Azərbaycan dövlətinin xarici siyasətinin çox vacib və əhəmiyyətli istiqamətlərindən biri də Amerika Birləşmiş Ştatları ilə münasibətlərdir. Müstəqil Azərbaycanla bu ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 18-də yaradılmışdır. Lakin bu, hələ ancaq ilk addım idi. Bu yolla irəliləmək, bir sıra məsələlərə aydınlıq gətirmək, əlaqələri genişləndirmək, etimad, etibar qazanmaq, Azərbaycanı layiqincə təqdim etmək üçün çox iş görmək, böyük diplomatik fəallıq göstərmək tələb olunurdu. Buna nail olmaq, mövcud imkanları reallığa çevirmək üçün ardıcıl, məqsədyönlü səy göstərmək, daim müxtəlif yollar axtarmaq, vasitələr tapmaq lazım gəlirdi. Nəhayət, 1994-cü ilin sentyabrında məşhur "Əsrin müqaviləsi”nin imzalanması bu yolda ən mühüm və ən başlıca amil, Azərbaycanla Qərb arasındakı münasibətlərdə yeni və həm də dönüş nöqtəsi oldu. Belə ki, Azərbaycana, onunla iqtisadi əməkdaşlığa, problemlərinə, geosiyasi əhəmiyyətinə maraq yarandı. Bu maraq ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, münaqişəli problemin dinc yolla həllinə tərəfdar olduğunu bəyan etməklə nəticələndi. Bu, çox əhəmiyyətli bəyanat idi. İndi irəli getmək, ölkəmizi, işlərimizi, məqsəd və məramımızı, düçar olduğumuz müsibətlərimizi Amerika ictimaiyyətinə çatdırmaq, əlaqələri daha da genişləndirmək üçün yeni səylər göstərmək tələb olunurdu. Heydər Əliyevin ABŞ-a səfərləri və onların uğurlu nəticələri bu böyük səylərin davamı kimi çox əhəmiyyətli oldu. Bu, Heydər Əliyev diplomatiyasının, Azərbaycanın düşünülmüş, əsaslandırılmış və sistemləşdirilmiş yeni xarici siyasəti sayılırdı.
Azərbaycanın yeni xarici siyasət kursunda Avropanın böyük dövlətləri ilə münasibətlər məsələsi mühüm bir istiqamət təşkil edir. Hər bir ölkənin özünəməxsus xüsusiyyətlərini bütün incəliklərinə qədər nəzərə alan bu yeni xətt qısa bir müddətdə çevik taktiki gedişlərlə həyata keçirildi. Azərbaycanın özünə Böyük Britaniya, Almaniya, Fransa, İtaliya kimi çox nüfuzlu həmfikirlər əldə etməsi Heydər Əliyev xarici siyasətinin Avropa istiqamətinin çox mühüm bir uğuru oldu.
Heydər Əliyevin xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə də böyük diqqət yetirilirdi. Hazırda dünyada təxminən 4 mindən çox beynəlxalq və məhəlli təşkilat mövcuddur ki, bunlardan 300-dən çoxu hökumətlərarası təşkilatlardır. Beynəlxalq təşkilatlara üzv olmaq, onların işlərində iştirak etmək, onlarla səmərəli iş qurmaq Azərbaycanın problemlərini, həqiqətlərini dünyaya çatdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Məhz buna görə hazırda Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası (AŞ), Müstəqil Dövlətlər Birliyi (MDB), GUAM, İslam Konfransı Təşkilatı (İKT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), Parlamentlərarası İttifaq (Pİ), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) kimi beynəlxalq təşkilatların üzvü olmaqla bərabər Avropa Birliyi, NATO, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər təşkilatlarla da fəal əməkdaşlıq edir. Azərbaycan yeni-yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulur.
Heydər Əliyevin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət kursunun ən mühüm uğurlarından biri də 2001-ci ilin əvvəlində tarixi əhəmiyyət daşıyan hadisə - Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi, Avropa ailəsinə qovuşması oldu. Beləliklə də, müstəqilliyin ilk on ili ərzində Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi altında ən mürəkkəb və sərt maneələri dəf etdi, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşmasında qətiyyətli addım atıldı. Azərbaycan özünün gələcəyini Avropaya tam inteqrasiya ilə bağladı. Onu da qeyd etmək lazımdır ki, bu mühüm nailiyyət Azərbaycana başqa dövlətlərlə müqayisədə ikiqat, üçqat, bəlkə də daha ağır zəhmət və şərtlər bahasına başa gəldi. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi həm ölkəmiz üçün, həm də bu təşkilat üçün xüsusi əhəmiyyət kəsb edir.
Bu gün Ulu Öndər Heydər Əliyevin sağlam və güclü təməl üzərində, eyni zamanda daha uzaq və çoxşaxəli hədəflərə istiqamətlənmiş, geniş vizyonlu siyasətinin nəticəsidir ki, Prezident İlham Əliyev yeni neft strategiyasının məntiqi sonluğa yetişməsini uğurla təmin etmişdir. Cənab Prezident İtaliyanın nüfuzlu "RAI International” telekanalına müsahibəsində xüsusi qeyd etdiyi kimi, "Azərbaycanın enerji ehtiyatları artıq Avropa, dünya enerji bazarlarına çatdırılır və əlbəttə ki, Azərbaycan bunlardan yararlanır, iqtisadi inkişaf eyni zamanda bir çox sosial problemlərin həlli deməkdir və ölkənin regional mövqeləri əhəmiyyətli dərəcədə güclənmişdir”.
Dövlət başçısı neft strategiyasında varisliyi inamla təmin edərək Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin praktik şəkildə gerçəkləşməsinə nail olub. Beləliklə, 2005-ci ildə əfsanədən həqiqətə çevrilən BTC neft kəməri müəllifi Heydər Əliyev olan və dünyaya səs salan "Əsrin müqaviləsi”nin qanunauyğun məntiqi nəticəsi idi. 2005-ci il mayın 25-də boru kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin neftlə doldurulması ilə bağlı təntənəli mərasimlər keçirildi. 2006-cı il mayın 28-də Azərbaycan neftinin Türkiyənin Ceyhan terminalına çatması isə respublikamız üçün rəmzi səciyyə daşıyan hadisəyə çevrildi. Xəzər neftinin Ceyhan limanına çatdırılması, Ceyhandan isə dünya bazarlarına ünvanlanması həmişə çətin sınaqlardan böyük uğurla çıxmış, özünü təsdiqləmiş Heydər Əliyev siyasi kursunun real və parlaq qələbəsi kimi tarixə düşdü. Bu, sadəcə qələbə olmayıb, Heydər Əliyevin müdrik siyasətinin təntənəsi səviyyəsində ümumiləşən tarixi hadisə, müstəqil Azərbaycan dövlətinin taleyində xüsusi əhəmiyyət kəsb edən, ölkəmizin tarixində mühüm yeri olan misilsiz nailiyyət idi.
Bu gün dünyada baş verən müxtəlif proseslər - yeni müharibə ocaqlarının yaranması, ölkələr arasında enerji daşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması göstərir ki, ayrı-ayrı dövlətlər enerji təhlükəsizliyi üçün daha ciddi düşünməli, xüsusən alternativ nəql sistemlərinin yaradılması ilə mövcud ideyaların reallaşdırılması istiqamətində əməli hərəkətə keçməlidirlər.
Ötən dövrdə Azərbaycanın enerji siyasəti daha da zənginləşib və respublikamız dünyada təchizatçı kimi mövqeyini möhkəmləndirib. Azərbaycan bölgənin bir çox ölkəsinə yanacaq ehtiyatlarının nəqlini həyata keçirməklə diversifikasiya siyasətini gücləndirib. Belə ki, hazırda Azərbaycan nefti və qazı mövcud enerjidaşıyıcı sistemlərlə bütün istiqamətlərə nəql edilir. Lakin hazırkı imkanları genişləndirmək, şaxələndirmək və sayını artırmaq üçün də yaxşı potensial mövcuddur. Rəsmi Bakı neft-qaz təchizatı marşrutlarının şaxələndirilməsi ilə bağlı səslənən təklifləri hər zaman dəstəkləyib, bu sahədə müxtəlif layihələr üzərində düşünən Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfələr verməyə hazır olduğunu bəyan edib. Ona görə bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən respublikamız buna görə də dünya birliyində etibarlı və strateji tərəfdaş kimi yerini möhkəmləndirib.
Azərbaycanın təşəbbüsü ilə BTC, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsindən sonra karbohidrogen ehtiyatlarının nəqli ilə bağlı regionda tamamilə yeni vəziyyət yarandı. Yəni Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başlandı ki, bu da Azərbaycanın enerji siyasətinin müstəqil olmasından xəbər verdi. Bu layihələrdən sonra Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri layihələrinin həyata keçirilməsi Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir. Bu gün Bakı-Tbilisi-Qars dəmiryolu kimi nəhəng nəqliyyat, logistik layihə ölkəmizi Asiya ilə Avropa, Şimal-Cənub arasında iqtisadi-siyasi-mədəni cəhətdən çox böyük əhəmiyyət kəsb edən nəqliyyat-kommunikasiya və s. transmilli layihələrin əsas oyunçusu və söz sahibi etmişdir. Bu mənada Azərbaycan gələcəkdə Asiya ölkələrinin geosiyasi, geoiqtisadi və sosiokultural maraqlarının, regional təhlükəsizliyinin təmin olunmasında birbaşa iştirak edəcəkdir. Çünki Azərbaycan Respublikası Şərq ilə Qərb, Şimal ilə Cənub arasında körpü rolunu oynamaq üçün lazımi imkanlara malikdir.
Əlbəttə, Azərbaycanın əlverişli geosiyasi mövqeyinin, multikultural müxtəlifliyin və çoxmədəniyyətliliyinin, yüksək insan potensialının və zəngin təbii ehtiyatlarının olmasına baxmayaraq, balanslı siyasət həyata keçirməsi heç də asan olmamışdır. Bütün bunlara baxmayaraq Ulu Öndərimiz özünün zəngin siyasi-diplomatik bilik və bacarığına, yüksək dövlət idarəçiliyi və uzaqgörənlik qabiliyyətinə istinad edərək elə bir dövlət siyasəti formalaşdırdı ki, bu siyasət ölkəmizin ildən-ilə müasir dünyada imicinin və mövqeyinin güclənməsinə zəmin yaratdı. Sözsüz ki, 2003-cü ildən başlayaraq dövlət siyasətinin əsas milli maraqlarımız olmaqla kürəsəl güclərin və kürəsəl siyasətin də maraq və prinsiplərinə uyğun şəkildə yüksək səviyyədə həyata keçirilməsi məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin misilsiz xidməti sayəsindədir.
Qeyd etmək lazımdır ki, möhtərəm Birinci vitse-prezidentimizin dünyada bir ilk olaraq həm ICESCO, həm də UNESKO-nun xoşməramlı səfiri kimi beynəlxalq aləmdəki fəaliyyəti, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun sərhədlərimizdən çox uzaqlarda həyata keçirdiyi genişmiqyaslı sosial və humanitar layihələr ölkəmizin dünya birliyində nüfuzlu ölkələrdən birinə çevrilməsində müstəsna rola malikdir. Biz əminik ki, dövlətimizin əbədiyaşar Heydər Əliyev irsi üzərində bugünkü siyasəti Azərbaycanın müasir dünyada müsbət imicini, onun dünya birliyində yerini və mövqeyini bundan sonra daha da gücləndirəcəkdir.
Məlahət
İBRAHİMQIZI,
Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru,
YAP
Siyasi Şurasının üzvü
Azərbaycan $g 2020.- 8 may.- S.9.