Azərbaycanın təşəbbüsü
praktiki olaraq bütün dünyanı birləşdirdi
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin
baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv
müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
-Salam,
İlham Heydər oğlu. Sizi salamlamağa şadam. Mən
Sizinlə müxtəlif şəraitdə və müxtəlif
yerlərdə söhbət etmək, Sizdən müsahibə
götürmək şərəfinə nail olmuşam. Amma
onlayn formatda söhbətimiz ilk dəfədir.
-Bəli,
siz haqlısınız. Bu format bir qədər qeyri-adidir,
lakin artıq hamı ünsiyyətin bu formasına vərdiş
edir. Ona görə düşünürəm ki, söhbətimizin
məzmunu bu formatdan zərər çəkməyəcək.
Hərçənd, əlbəttə, ən yaxın vaxtda
sizi şəxsən görəcəyimə ümid edirəm.
-Sağ
olun, İlham Heydər oğlu. Çox vacib hesab etdiyim bir məsələdən
başlamaq istəyirəm. Sizinlə böyük bayram – Qələbə
Günü ərəfəsində
görüşürük. Mən bilirəm ki, həmin
gün Siz Moskvaya getməyə
hazırlaşırdınız, çoxlu tədbirlər
planlaşdırılırdı. Lakin pandemiya ilə
bağlı sərt gerçəklik buna öz təsirini
göstərdi. Bilirəm ki, Azərbaycanda bu böyük
bayram həmişə çox təntənəli şəkildə
qeyd edilirdi. Bu, təbii və ədalətlidir, çünki
600 mindən çox Azərbaycan vətəndaşı cəbhədə
olub, onların yarısından çoxu döyüş
meydanında həlak olub, müharibədən qayıtmayıb.
123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülüb. Bu, bütün xalqın
çox böyük igidliyidir. Eyni zamanda, arxa cəbhədə
göstərilən qəhrəmanlıq, Azərbaycan
neftçilərinin qəhrəmanlığı barədə
danışmamaq olmaz. Döyüş
maşınlarının, tankların, təyyarələrin,
gəmilərin istifadə etdiyi bütün yanacağın 80
faizi Azərbaycan mədənlərində, Azərbaycan
zavodlarında istehsal edilirdi. Bununla əlaqədar, əlbəttə,
Sizdən soruşmaq istəyirəm, bütün bu vəziyyətə
baxmayaraq, Azərbaycanda Qələbə Gününü necə
qeyd etməyə hazırlaşırlar, bütün bu şəraitə
baxmayaraq hansı tədbirlər keçiriləcək,
ümumiyyətlə, bu gün Azərbaycanda bu bayramı necə
qəbul edirlər?
-Siz
tamamilə haqlı olaraq qeyd etdiniz ki, Azərbaycan bizim
ümumi qələbəmizə sanballı töhfə verib.
Biz fəxr edirik ki, respublikamız öz oğul və
qızlarının həyatı bahasına, müəssisələrimizin
gecə-gündüz işləməsi hesabına bu Qələbəyə
mühüm töhfə verib. Bilirsiniz ki, Azərbaycanda sənaye
həmişə yüksək səviyyədə inkişaf
edib və bizim müəssisələrdə Qələbə
üçün çox zəruri olan müxtəlif silah
növləri fasiləsiz rejimdə istehsal edilirdi. Əlbəttə,
siz düzgün olaraq qeyd etdiyiniz kimi, Azərbaycan
yanacağın ən mühüm təchizatçısı
olub. O vaxt hələ Sibirdəki yataqlar kəşf edilməmişdi.
Buna görə yanacaq-sürtkü materiallarının əsas
bazası Azərbaycan idi. Bu da təsadüfi deyil ki, faşist
Almaniyası məhz Bakını tutmaq niyyətində idi. Bu
məşhur kadrlar dəfələrlə nümayiş
etdirilib: Hitlerə təqdim edilən bayram tortunun üzərində
"Xəzər dənizi” sözləri
yazılmışdı. Hətta belə bir forma məxsusi
olaraq Xəzər dənizinin sərhədlərini göstərirdi,
Hitler də svastikanı həmin nöqtəyə qoymuşdu.
Əgər bu niyyət baş tutsaydı, əlbəttə,
müharibənin yekunu tamam fərqli ola bilərdi.
Əlbəttə,
sizin düzgün olaraq qeyd etdiyiniz kimi, biz sovet dövləti
tərəfindən layiqincə qiymətləndirilən qəhrəmanlarımızla
fəxr edirik. 123 Sovet İttifaqı Qəhrəmanı bizim fəxr
etdiyimiz insanlardır, indiki nəsil də, gələcək nəsillər
də bu insanlarla fəxr etməlidirlər.
Tədbirlərə
gəlincə, əlbəttə, koronavirus şəraitində
bizdə kütləvi tədbirlər çoxdan ləğv
edilib. Xüsusən ona görə ki, yaşı 65-dən
çox olan insanların evdən çıxması məsləhət
deyil. Biz öz veteranlarımızı qorumalıyıq. Təəssüf
ki, onların sayı ilbəil azalır. Adətən mayın
9-da mən həmişə veteranlarla görüşürəm,
biz söhbət edirik, həlak olanların xatirəsini
ehtiramla yad edirik, onların məzarları üzərinə
gül-çiçək, əklillər qoyuruq. Hər dəfə
onlarla ünsiyyətdə olanda, sanki enerji alırsan.
Özü də onların çoxunun yaşı 90-ı
keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn,
fiziki baxımdan onlar möhkəm olduqlarını
nümayiş etdirirlər. Ən başlıcası,
onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi,
əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir
və biz onlarla yalnız fəxr edə bilərik. Biz hər
il veteranlar üçün mükafatlar ayırırıq. Bu
il həmin mükafatın məbləği təxminən 900
dollar, manatla hesablasaq 1500 manat olacaq. İl ərzində də
onların problemlərini həll edirik.
Deməliyəm
ki, Azərbaycanda bizim ümumi qələbəmizə
münasibət həmişə belə olmayıb. Təəssüf
ki, müstəqilliyin ilk illərində, millətə zidd
olan Xalq Cəbhəsi rejimi hərbi çevriliş yolu ilə
hakimiyyətə gələndə 9 May Günü bayram təqvimindən
silinmişdi. Müharibə veteranları mənəvi terrora məruz
qalırdı, kütləvi informasiya vasitələrində
onlara qarşı qəddar kampaniya aparılırdı.
Yalnız Heydər Əliyev hakimiyyətə gələndən
sonra 9 May Günü bayram təqvimində bərpa olundu. O
vaxtdan həmin gün dövlət bayramıdır. Bu
qeyri-iş günüdür. Ədalət zəfər
çaldı.
Siz
düzgün olaraq qeyd etdiniz ki, mən həmin gün Moskvada
olmağa hazırlaşırdım. Rusiya Federasiyasının
Prezidentindən dəvət almışam, lakin koronavirusla əlaqədar
bayram tədbirləri ləğv edilib. Ona görə bu il mən
yenə həlak olanların xatirəsini yad edəcəyəm,
lakin əlbəttə, tamam başqa formatda.
-Yeri gəlmişkən,
Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin deyib ki, müvafiq
epidemioloji şərait imkan verəndə biz bu tarixi Rusiyada
qeyd etməyi planlaşdırırıq, həmçinin təsdiq
edilib ki, bütün dəvətnamələr qüvvədə
qalır. Buna görə düşünürəm ki, bu məlum
olanda və tarixlər təyin ediləndə, Siz Rusiya rəhbərliyi
ilə, Müstəqil Dövlətlər Birliyi ölkələrindəki
həmkarlarınızla birlikdə bu bayramı Moskvada qeyd etmək
imkanına malik olacaqsınız.
-Bəli,
mən buna çox ümid edirəm.
-İlham
Heydər oğlu, Siz indicə tamamilə haqlı olaraq dediniz
ki, Xalq Cəbhəsinin hakimiyyətdə olduğu Azərbaycan
üçün kədərli günlərdə bu bayram, təəssüf
ki, təqvimdən silinmişdi. Həqiqətən yalnız
Heydər Əliyev hakimiyyətə gələndən sonra ədalət
zəfər çaldı və bu gün həmin bayramı
bütün xalq qeyd edir. O da təəccüblüdür ki,
bəzi ölkələrdə siyasətçilər tarixi
yenidən yazmağa, onu saxtalaşdırmağa
çalışırlar. Bəzi ölkələrdə
şəhərləri xilas etmiş sovet hərbi sərkərdələrinə,
sovet döyüşçülərinə
ucaldılmış abidələri məhv edirlər, bəzi
ölkələrdə isə hətta faşist kollaborasionistlərinə
və ya faşist rejiminin adi xadimlərinə heykəllər
qoyulur, xatirə lövhələri vurulur. Siz buna necə
baxırsınız?
-Biz tarixi
yenidən yazmaq, Böyük Vətən müharibəsi
haqqında həqiqəti təhrif etmək, faşizmi və
faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini
qətiyyətlə pisləyirik. Azərbaycan bir sıra
forumlarda bu mövzuda açıq çıxış edib, o
cümlədən mən dəfələrlə öz
mövqeyimi bildirmişəm. Deməliyəm ki, Azərbaycan cəmiyyəti
bu mövqeyə tam şərikdir. Əlbəttə, bəzi
ölkələrdə faşizmin qəhrəmanlaşdırılması
prosesi bizim üçün əsla qəbuledilməzdir.
Bilirsiniz, bir müddət əvvəl belə qənaətdə
idik ki, sübut edilməsinə ehtiyac olmayan həqiqətlər
var, Böyük Vətən müharibəsinin tarixi də belə
həqiqətlərdən biri idi. Lakin təəssüf ki, bəzən
müəyyən dairələrin tarixi həqiqəti təhrif
etmək, İkinci Dünya müharibəsində Qələbədə
Sovet İttifaqının rolunu azaltmaq və faşizmi qəhrəmanlaşdırmaq
üçün əlaqələndirilmiş səylərinin
şahidi oluruq. Ona görə bu meylə son
qoyulmalıdır, biz bunu yalnız birgə səylərimizlə
edə bilərik. O cümlədən Böyük Vətən
müharibəsi dövründə baş vermiş hadisələr
haqqında həqiqəti gənc nəslə
çatdırmaq yolu ilə. Ona görə ki, onlar həqiqəti
bilməlidirlər, vətənpərvərlik, əcdadlarının
qəhrəmanlığı ruhunda tərbiyə
olunmalıdırlar. Əlbəttə, bəzi ölkələrdə
baş verənlər, İkinci Dünya müharibəsi
iştirakçılarının abidələrinə
qarşı vandalizm aktı, faşistlərə heykəllər
qoyulması nifrət və ikrah hissi oyadır. Bunu
keçmiş SSRİ məkanında, MDB məkanında
görmək xüsusilə xoşagəlməzdir. Axı
faşizm üzərində ümumi Qələbə naminə
ən böyük qurban verən Sovet İttifaqı olub. Buna
görə bu meyillər pislənməli, bu cəhdlərə
son qoyulmalı və mənim fikrimcə, dünya liderləri
bu barədə daha açıq danışmalıdırlar.
Bizə gəldikdə
isə, qeyd etdiyim kimi, mən bu məsələləri dəfələrlə
qaldırmışam, o cümlədən MDB ölkələrinin
sonuncu Zirvə görüşündə müzakirə
mövzularından biri məhz bizim Böyük Qələbə
bayramına, Qələbənin yubileyinə hazırlıq məsələsi
idi. Mən təəssüflə qeyd etdim ki, Ermənistanda
faşist canilərinin qəhrəmanlaşdırılması
həyat normasına çevrilir. Konkret misallarla göstərdim
ki, bir neçə il bundan əvvəl Ermənistanda
faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur
olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl
qoyulub. Bu adamın cinayətləri sübut olunub. Yeri gəlmişkən,
Qələbənin 75 illiyi ərəfəsində həm
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, həm də
Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən
dərc edilmiş sənədlər də buna sübutdur. Bu
adam müharibə dövründə deyirdi: "Almaniya
uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu
adamın təxribatçılıq fəaliyyəti
çoxsaylı insanın ölümünə gətirib
çıxarıb və təsadüfi deyil ki, müharibə
qurtarandan sonra o, SMERŞ tərəfindən həbs edilib, 25
il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında
ölüb. Belə bir adama Ermənistanda 6 metr hündürlüyündə
heykəl qoyulur. Heykəlin açılışında bu
ölkənin keçmiş prezidenti iştirak edir. Mən bu
məsələni qaldırmaqla MDB üzrə həmkarlarımın
diqqətini ona cəlb etmək istəyirdim ki, biz, ilk növbədə,
özümüzdə, öz təşkilatımızda hər
şeyi öz adı ilə adlandırmalıyıq, burada
siyasi korrektlik, selektivlik prinsipini və ya kiminsə xətrinə
dəyməmək istəyini rəhbər tutmamalıyıq.
Biz həqiqəti deməliyik, əks halda, bu təşkilat
formatında diskussiyalar, səmimi desək, mənasını
itirər. Buna görə bu məsələni qaldıranda
ümid edirdim ki, Ermənistanın yeni, özünü
demokratik kimi göstərməyə çalışan rəhbərliyi
mənim təşəbbüsümü dəstəkləyəcək.
Lakin təəssüf ki, bunun əksini gördüm.
Gördüm ki, Ermənistan nümayəndə heyətinin rəhbəri,
baş nazir bu canini müdafiə etməyə başladı,
dedi ki, nə olsun o, həbs düşərgələrində
olub, Soljenitsın da həbs düşərgələrində
olub. Bilirsiniz, bu yerdə protokol qaydalarını pozdum, yenidən
çıxış üçün söz aldım və
dedim ki, Soljenitsını faşistlərin əlaltısı
ilə müqayisə etmək həyasızlığın
yüksək dərəcəsidir. Ona görə bütün
bunlar böyük təəccüb, heyrət doğurur və
belə bir fikrə əsas verir ki, Ermənistanda hakimiyyət
dəyişə bilər, lakin rejimin mahiyyəti əvvəlki
kimi qalır.
Yeri gəlmişkən
deməliyəm ki, Rusiya Federasiyasının ərazisində,
məsələn Armavir şəhərində də cinayətkar,
faşistlərin əlaltısı Njdeyə xatirə lövhəsi
vurulub. Yalnız mən bu məsələni dövlət
başçılarının Zirvə görüşündə
qaldırandan və bu məsələ kütləvi informasiya
vasitələrində əksini tapandan sonra həmin lövhə
götürülüb. Haqlı olaraq sual yaranır: Ermənistanda
Böyük Vətən müharibəsi qəhrəmanları
olmayıbmı? Bəs Armavirdə erməni kilsəsinin
yaxınlığında nə üçün onlara yox,
faşist caniyə xatirə lövhəsi vurulub? Bunu necə
başa düşməli? Ona görə bu məsələlər
geniş müzakirə edilməlidir. Yenə də hər bir
ölkə bu məsələyə öz münasibətini
selektivlik, siyasi korrektlik mülahizələrinə görə
deyil, birbaşa və açıq şəkildə bildirməlidir.
Ermənistanda bir tərəfdən deyirlər ki, onlar Qələbənin
yubileyini bayram edəcəklər, amma digər tərəfdən
faşistin abidəsi önünə gül qoyurlar. Bu, ən
azı ziddiyyət, əslində isə riyakarlıq təzahürüdür.
-Bu vəziyyəti
belə qiymətləndirdiyinizə görə sağ olun,
İlham Heydər oğlu. Mayın 4-də Sizin təşəbbüsünüzlə,
- Azərbaycan hazırda Qoşulmama Hərəkatında sədrlik
edir, - Qoşulmama Hərəkatının Zirvə
görüşü keçirildi. Məsələn, mən həmin
görüşü iştirakçıların tərkibinə,
elə bu faktın özünə görə tarixi hadisə
adlandıra bilərəm. Bu görüş koronavirusa
qarşı mübarizə üzrə birgə qərarların,
birgə ideyaların hazırlanmasına həsr edilmişdi.
Zirvə görüşünə Siz sədrlik edirdiniz. Orada
çoxsaylı ölkələrin, özü də Hindistan,
Misir, İran və başqaları kimi aparıcı ölkələrin
liderləri iştirak edirdilər. Bu görüş başa
çatandan sonra Siz sədr kimi çəkici vuraraq Zirvə
görüşünü yekunlaşdırdınız.
İndi Zirvə görüşünü necə qiymətləndirirsiniz?
Orada nə haqda razılığa gələ bildiniz? Bir daha təkrar
edirəm, Zirvə görüşünün keçirilməsi
özü tarixi faktdır, lakin praktiki baxımdan fikrinizi bilmək
istərdim.
-Siz
tamamilə haqlısınız. Bu Zirvə
görüşünü həqiqətən tarixi
görüş adlandırmaq olar. Çünki əvvələn,
o, yeni formatda, videokonfrans formatında keçirilirdi.
İkincisi, Qoşulmama Hərəkatının Zirvə
görüşləri bir qayda olaraq müəyyən
dövriliklə keçirilir. Əgər bundan əvvəlki
Zirvə görüşü keçən ilin oktyabrında
Bakıda keçirilmişdisə, növbəti
görüş 2022-ci ildə bizdən sonra sədrlik edəcək
ölkədə keçirilməli idi. Buna görə
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın
bu təşəbbüsü təbii ki, vaxtında irəli
sürülmüşdü. Onu da deməliyəm ki, keçən
ilin oktyabr ayında biz Qoşulmama Hərəkatında sədrliyi
öz üzərimizə götürdük. Qeyd etməliyəm
ki, Azərbaycan yekdilliklə Hərəkatın sədri
seçilib, bu da çox əlamətdar amildir, çünki
bildiyiniz kimi, Hərəkatda 120 ölkə iştirak edir və
bu ölkələrin bəziləri arasında, yumşaq desək,
gərgin münasibətlər var.
Lakin bizə
göstərilən hörmət və etimad ona dəlalət
edir ki, Azərbaycan beynəlxalq arenada çox böyük
nüfuz qazana bilib. Bakı Zirvə görüşündə
mən demişdim ki, biz öz sədrliyimizi heç də
formal sədrlik hesab etmirik, biz səmərəli sədr olmaq
istəyirik. Hərəkatın beynəlxalq arenada nüfuzunu
və rolunu yüksəltmək, ölkələr arasında
daha sıx birlik istəyirik, şərait yaratmaq istəyirik
ki, bəzi ölkələr arasında mövcud fikir
ayrılıqları, zəruri hallarda bizim də
iştirakımızla nizamlansın. Mən, həmçinin
dedim ki, Azərbaycan təkcə sədrlik dövründə
deyil, bundan sonra da beynəlxalq arenada üzv ölkələrin
mənafelərini müdafiə edəcək. Zirvə
görüşünün baş tutması onu göstərir
ki, əvvələn, biz öz sözümüzə sadiqik,
ikincisi, bu Zirvə görüşünün keçirilməsinə
böyük ehtiyac var idi. Buna görə də
çıxış edənlərin əksəriyyəti Azərbaycanın
bu təşəbbüsünün vaxtında irəli
sürüldüyünü və vacibliyini qeyd etdilər. Həmçinin
deməliyəm ki, aparıcı beynəlxalq təşkilatların
rəhbərləri – Birləşmiş Millətlər Təşkilatının
Baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının
prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə
Təşkilatının Baş direktoru və Avropa
Komissiyasının vitse-prezidenti Zirvə
görüşünün iştirakçılarını
salamladılar. Bu məqamı xüsusi vurğulamalıyam. Mən
Avropa Komissiyasının və Qoşulmama Hərəkatının
hansısa vahid formatda iştirak etdiyi ikinci belə hadisəni
xatırlamıram. İndiki halda bu cür birgə tədbir
ona görə mümkün oldu ki, Azərbaycan Avropa
İttifaqı ilə çox fəal əlaqə saxlayır,
Azərbaycan beynəlxalq arenada çox böyük nüfuz
qazanıb. Əlbəttə, bir məsələ də var ki,
bizi ümumi bəla birləşdirir. Buna görə Zirvə
görüşünün keçirilməsinin əsas məqsədi
təşkilatın daxilində həmrəylik göstərmək,
habelə aparıcı beynəlxalq təşkilatlarla səmərəli
əməkdaşlıq idi.
Mənim
təşəbbüsümlə biz dövlət və
hökumət başçıları səviyyəsində
BMT-nin koronavirusa həsr edilmiş xüsusi Baş
Assambleyasının keçirilməsini təklif etdik. Hərəkatın
üzvü olan ən həssas ölkələrə təxirəsalınmaz
kömək göstərilməsi üçün biz
Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon
dollar ayırdıq. Bu, bizim ikinci donor ianəmizdir. Bundan əvvəl
mart ayında da qlobal pandemiyaya qarşı mübarizə
üçün Ümumdünya Səhiyyə Təşkilatına
5 milyon dollar ayırmışdıq. Qoşulmama Hərəkatında
yaradılmış Təmas Qrupu formatı üzv ölkələr
tərəfindən böyük dəstək alıb. Biz
istiqamətlər üzrə yarımqruplar və COVID-19-a
qarşı mübarizə üzrə vahid məlumat
bazası yaradılmasını təklif etdik ki, həm Hərəkatın
belə niyyəti olan üzvləri, həm beynəlxalq təşkilatlar,
həm də donor təşkilatlar vaxtında yardım
göstərmək üçün informasiya bazasına malik
olsunlar. Mən deyərdim ki, Zirvə
görüşünün keçirilməsinin əsas məqsədləri
də, nəticələri də budur. Bir daha deməliyəm
ki, bütün iştirakçılar bu
görüşün vacibliyini, zəruriliyini qeyd etdilər,
bu təşəbbüsə görə Azərbaycana təşəkkürlərini
bildirdilər.
Deməliyəm
ki, bu, bizim keçirdiyimiz ilk Zirvə görüşü
deyil. Hazırda Azərbaycan həm də Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının sədridir və
aprelin 10-da bu təşkilatın Azərbaycanın təşəbbüsü
ilə keçirilmiş Zirvə görüşü faktiki
olaraq dünyada videokonfrans formatında ilk Zirvə
görüşü oldu. Biz iki ay ərzində çox
mühüm iki beynəlxalq tədbir keçirdik, əminəm
ki, onlar həmrəyliyi və əməkdaşlığı
möhkəmlədəcək.
Qoşulmama
Hərəkatının Zirvə görüşü ilə
bağlı bir məqam da ondan ibarətdir ki, dediyim kimi,
Qoşulmama Hərəkatında 120 ölkə, sədri məktubla
müraciət etmiş Afrika İttifaqında 55 ölkə,
ali nümayəndəsi bu tədbirdə iştirak edən
Avropa İttifaqında 27 ölkə var. Buna görə təvazökarlıqdan
kənar olsa da deməliyəm ki, Azərbaycan və Azərbaycanın
təşəbbüsü praktiki olaraq bütün
dünyanı birləşdirdi.
İlham
Heydər oğlu, bu, həqiqətən belədir. Bir fikir də
söyləmək istəyirəm ki, əlbəttə, Azərbaycanın
sədrlik etməsi, Azərbaycanın Ümumdünya Səhiyyə
Təşkilatına müəyyən ianə verməsi
faktları mühüm amildir. Lakin mənə belə gəlir
ki, Azərbaycanın bu Zirvə görüşünü
çağırmağa mənəvi haqqı daha bir səbəblə
bağlıdır, obyektiv rəqəmlər göstərir və
Ümumdünya Səhiyyə Təşkilatı da bunu sadəcə
təsdiqləyir ki, bu dəhşətli pandemiya Azərbaycandan
yan keçmədiyinə baxmayaraq, - hər halda, mən rəqəmlərə
baxmışam, - ölkədə bu mübarizədə
müəyyən uğurlar qazanılıb. Mənə belə
gəlir ki, vəziyyəti yavaşıtmaq, müəyyən
məqamda isə döndərmək mümkün olub. Hər
halda rəqəmlər bunu deyir, ÜST də bunu təsdiq
edir. Buna nəyin sayəsində nail olunub? Hansı səylər
göstərilib? Çünki bu ümumi bəlanın
öhdəsindən daha böyük dərəcədə gələn
istənilən ölkənin təcrübəsi bu gün
çox vacibdir.
-Siz
tamamilə haqlısınız. Son nəticələr barədə
danışmaq hələ tezdir, lakin aralıq nəticələr
göstərir ki, biz doğru yoldayıq. Yeri gəlmişkən,
bizim təşkil etdiyimiz, həyata keçirdiyimiz bu işi
Ümumdünya Səhiyyə Təşkilatı da qiymətləndirib.
Bu təşkilatın Baş direktorunun mənə
ünvanlanmış məktubunda Azərbaycan rəhbərliyinin
gördüyü tədbirlər yüksək qiymətləndirilib,
Azərbaycan nümunəvi ölkə, yəni bu bəlaya
qarşı mübarizədə nümunə göstərən
ölkə adlandırılıb.
Konkret tədbirlərə
gəldikdə isə deməliyəm ki, biz lap əvvəldən
Nazirlər Kabineti yanında Operativ Qərargah yaratdıq. Onun
çox geniş səlahiyyətləri var və hər
gün, hər saat mühüm təşkilati məsələlərlə
məşğul olur. Mənim fikrimcə, bütün ölkələrin
əsas vəzifəsi bu xəstəliyin inkişafını,
onun geniş yayılmasını yavaşıtmaq idi. Bir
sıra başqa ölkələr kimi, Azərbaycana da bu virus kənardan
gətirilib. Buna görə qonşularla müvafiq məsləhətləşmələrdən
sonra sərhədlərin bağlanması birinci mühüm
addım oldu. Lakin sonra gördük ki, daxildə yoluxma prosesi
gedir. Odur ki, mərhələli şəkildə məhdudlaşdırıcı
tədbirlər tətbiq edildi. Biz həmin tədbirləri
şəraitə uyğun olaraq tətbiq etdik və hadisələrin
arxasınca getməyə yox, onları qabaqlamağa
çalışdıq, əks halda, uğur qazana bilməzdik.
Biz
dövlət xəstəxanalarının işini operativ surətdə
tamamilə yeni formatda təşkil etdik. Bu gün 20-dən
çox dövlət xəstəxanası koronaviruslu xəstələrin
müalicəsi üçün təqdim edilib. O cümlədən,
575 çarpayılıq yeni ən müasir xəstəxana
bütünlüklə koronaviruslu xəstələrə təqdim
edilib. Biz operativ surətdə əlavə laboratoriyalar
aldıq. Hazırda 23 bu cür laboratoriyamız var, lazım gəlsə
yenə alacağıq. Milyon nəfərə düşən
testlərin sayına görə Azərbaycan lider ölkələr
sırasındadır. Biz 160 mindən çox test
keçirmişik. Əlbəttə, bu, xəstəliyin
yayılma ocaqlarının, o cümlədən regional
baxımdan aşkar olunmasına kömək edir. Mayın 4-dən,
bundan əvvəl isə aprelin 27-dən karantin rejimi müəyyən
qədər yumşaldılmağa başlanıb. Bu, onunla
bağlı idi ki, son 3 həftədə pozitiv dinamika
müşahidə edirik, yəni sağalanların sayı
yoluxanların sayından çoxdur. Biz həm də həkimlərimizə,
tibb işçilərinə çox qayğı ilə
yanaşırıq. Koronaviruslu xəstələrə xidmət
edənlər üçün onların aylıq
maaşından 3, 4, 5 dəfə yüksək xüsusi
maaş əlavələri tətbiq edilib. Ona görə də
bu məhdudlaşdırma tədbirlərinin, o cümlədən
müalicə prosesinin düzgün təşkilinə yönəlmiş
tədbirlər kompleksi sayəsində biz hələlik bu vəziyyətdən
minimum itkilərlə çıxa bilirik.
Bizim tədbirlərə
ictimai dəstəyin yüksək səviyyəsini də qeyd
etmək istərdim. Mən hər gün yüzlərlə, bəzən
minlərlə təşəkkür məktubu alıram. Bu məktublarda
bütün kateqoriyalardan olan vətəndaşlar, balaca
uşaqlardan başlamış uzunömürlülərə
qədər təşəkkürlərini bildirirlər ki,
biz hələlik bu vəziyyətdən şərəflə
çıxırıq. Lakin biz onu da demişik ki, karantin
rejiminin yumşaldılması tədbirlərinin vəziyyəti
kəskin pisləşdirdiyini görsək, bu rejimi yenidən
sərtləşdirməli olacağıq. Mən Azərbaycan
xalqına müraciətlərimdə dəfələrlə
demişəm ki, biz həmrəylik göstərdik, birlik
göstərdik, indi biz həm də məsuliyyət və
intizam göstərməliyik. Fikrimcə, bu iki istiqamət
ayrıca müzakirə tələb edir, lakin
düşünürəm ki, bütövlükdə vəziyyət
hələlik nəzarət altındadır.
Onu da deməliyəm
ki, biz pandemiyadan əziyyət çəkənlərə təqribən
2 milyard dollarlıq sosial-iqtisadi yardım paketi
ayırmışıq. Bu paket, ilk növbədə,
pandemiyadan əziyyət çəkən sahələrdə
çalışan 700 minə yaxın insanı və
mikrosahibkarları əhatə edir. Dövlət iki ay ərzində
onların əməkhaqqının xeyli hissəsini ödəyəcək,
çünki onlar praktiki olaraq işləmirlər. Bunlar 600
min aztəminatlı ailə və işsiz, hətta qeyri-formal
sektorda məşğul olanlar, yəni əmək müqaviləsi
olmayanlardır. Onlara 2 ay ərzində müəyyən məbləğ
ödənilir ki, hətta əmək müqaviləsi
olmayanlar da əməkhaqqı alsınlar. İndi bu adamlar
qazancdan məhrum olublar.
Biz
ünvanlı sosial yardım alan ailələrin sayını
artıraraq 80 minə çatdırmışıq, belə
ailələrin hər biri orta hesabla 222 manat, yəni 130 dollar
alır. Bundan əlavə, əməkhaqqı minimal səviyyədə,
yəni 250 manat və ya təxminən 150 dollar səviyyəsində
olmaqla, 90 min ödənişli ictimai iş yeri və 12 min
özünüməşğulluq yeri yaradılır. Bu yerlər
dövlət tərəfindən maliyyə və texniki
kömək nəzərə alınmaqla cari ildə fəaliyyətə
başlayacaq. Bu, həmin paketin yalnız bir hissəsidir. Vergi
güzəştləri, vergi tətilləri də var. Yəni
biz bu məsələyə çox geniş
yanaşmışıq və ilk növbədə,
insanları, onların sağlamlığını, həyatını
qorumağa və ikinci növbədə iqtisadiyyatın
inkişafını təmin etməyə
çalışırıq.
-İlham
Heydər oğlu, bütün bunlar barədə
danışarkən Sizin üçün əlbəttə,
sirr deyil ki, indi ekspertlər, analitiklər, siyasətçilər
tez-tez belə fikirlər səsləndirirlər: Allah qoysa,
gec-tez pandemiya başa çatacaq. Lakin hələlik
bütün proses yüksələn xətt üzrə gedir.
Buna baxmayaraq, hamı deyir ki, dünya başqa cür olacaq. O,
dəyişəcək, sosial baxımdan, iqtisadi baxımdan,
müəyyən mənada mədəni baxımdan dəyişəcək.
Azərbaycan son illərdə çoxsaylı iri tədbirlər
– idman, mədəniyyət, siyasət, iqtisadiyyatla
bağlı tədbirlər, müxtəlif forumlar
keçirib. Bundan əvvəl dediklərinizin hamısı
inkaredilməz faktlara, dəqiq rəqəmlərə əsaslanırdı.
İndi mənim sualım fərziyyələr sahəsinə
daha çox aiddir. Siz postpandemiya dövrünü necə təsəvvür
edirsiniz? Biz hamımız həmin dünyada yaşamalı
olacağıq. İndi xüsusilə gənclər bu cür
suallar verirlər. Çünki onlar çoxsaylı psixoloji
çətinliklərlə üzləşir, yaşlılar üçün
isə bu, həm də fiziki xarakterli çoxsaylı risklər
deməkdir. Siz postpandemiya dövründə dünyanı necə
təsəvvür edirsiniz?
-Bilirsiniz,
bir sıra siyasi və ictimai xadimlər, həmçinin
geniş beynəlxalq ictimaiyyət qeyd edir ki, dünya
başqalaşacaq və artıq başqalaşıb. Biz də
yeni iş formatına, yeni həyat formatına,
özünütəcrid rejiminə tədricən
alışırıq. Əlbəttə, əslində bu,
xüsusən sərt karantin şəraitində insanların
çoxunun həyat tərzinə də, onların psixoloji vəziyyətinə
də ciddi təsir göstərir. Biz yaxşı başa
düşürük ki, həftələrlə evdə
oturmaq, evdən çıxmamaq fəal həyat tərzinə,
fəal işləməyə adət etmiş insanlar
üçün çox ciddi sınaqdır. Bəli, mən
qeyd etdim ki, işini itirənlər üçün vəsait
ödəyirik. Axı onlar üçün motivasiya təkcə
əməkhaqqı deyildi. İnsanlar əslində, sevimli
işindən məhrum olublar və əlbəttə ki, bu da
onların psixoloji vəziyyətinə ciddi təsir göstərə
bilər. Buna görə dünyanın gələcəkdə
necə olacağını güman etmək çətindir.
Beynəlxalq
tədbirlər keçirilməsinə gəldikdə, mənim
dediyim iki Zirvə görüşü göstərdi ki, biz bu
formatda da işləyə bilərik. Əlbəttə,
ünsiyyət çatışmazlığını hiss
edirik. Əgər biz Zirvə görüşünü adi
rejimdə keçirsəydik, bu, əlbəttə, 2 gün, bəlkə
də 3 gün davam edərdi, çoxsaylı ikitərəfli
görüşlər, çoxlu mədəni tədbirlər
olardı. Amma, məsələn, mayın 4-də Zirvə
görüşü fasiləsiz olaraq altı saat yarım
davam etdi. Sədr kimi mənim həmin görüşü tərk
etmək imkanım yox idi. Əlbəttə, bu formatda
yaşamağa öyrəşmək lazımdır.
Beynəlxalq
forumlara gəldikdə, siz tamamilə haqlı olaraq qeyd etdiniz
ki, Azərbaycan, ilk növbədə, humanitar əməkdaşlıq
üçün artıq mühüm məkana çevrilib.
Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə
keçirilən və formalaşmasında şəxsən
siz, Mixail Solomonoviç, çox böyük rol
oynadığınız Bakı Beynəlxalq Humanitar Forumu da,
Mədəniyyətlərarası Dialoq Forumu da, keçirilməsi
bu gün təxirə salınmış bir sıra başqa tədbirlər
də sual doğurur – biz onları necə keçirəcəyik?
Beynəlxalq forumları, diskussiyaları videokonfrans rejimində
keçirməyə imkan olacaqmı – bütün bunlar gələcəyin
məsələləridir. Lakin bir şey aşkardır ki,
koronavirus üzərində qələbədən sonra
sırf işçi baxımdan, psixoloji baxımdan bu vəziyyətdən
çıxmaq üçün hələ uzun müddət
lazım gələcək. Bunun nə qədər davam edəcəyini
demək çox çətindir. Lakin mənim fikrimcə, əsas
məqam, o cümlədən beynəlxalq siyasət məsələlərində
əməkdaşlığın müsbət təcrübəsini
qoruyub saxlamaqdır ki, bu müvəqqəti ayrılıq
ölkələri bir-birindən ayırmasın. Biz dialoqu
davam etdirək, videokonfrans formatında işləyək. Yeri
gəlmişkən, mən həmkarlarımla videokonfrans
formatında bir neçə görüş keçirmişəm.
Əlbəttə, forma fərqli olacaq, lakin əsas məsələ
müsbət məzmunu saxlamaq və pandemiya nəticəsində
gördüyümüz müsbət məqamların
sayını artırmaqdır. Ola bilsin, bunlar hələ ilk təzahürlərdir,
lakin həmrəylik, hətta münasibətləri gərgin
olan ölkələr arasında da əməkdaşlıq
elementləri görünür.
-İlham
Heydər oğlu, Siz dediniz ki, bütün bu çətinliklərə
baxmayaraq, əməkdaşlığı inkişaf etdirmək,
möhkəmləndirmək zəruridir. Məhz bu baxımdan
mən istərdim ki, Rusiya Prezidenti Vladimir Putin ilə Sizin
münasibətləriniz məsələsinə toxunaq, Sizin
aranızda kifayət qədər sıx şəxsi
yoldaşlıq münasibətləri, necə deyərlər,
"personal chemistry” yaranıb. Siz Rusiyaya səfərlər
etmisiniz, Putin Azərbaycanda olub. Bu şəraitdə Sizə
elə gəlmirmi ki, Sizin fikrinizin davamı kimi məhz yeni
şəraitdə yeni həllər və əməkdaşlığın
yeni formatını tapmaq üçün bu əlaqələri
daha da intensivləşdirmək lazımdır?
-Bəli,
siz tamamilə haqlısınız, biz bu məsələ
üzərində işləyirik, hətta pandemiya şəraitində
də fasiləsiz nəqliyyat daşımaları həyata
keçirilir. Biz tranzit-logistika sahəsində işləri
intensivləşdirmək barədə razılığa gəlmişik.
Ölkələr arasında, Rusiya ilə Azərbaycan
arasında əmtəə dövriyyəsinə gəldikdə
isə əlbəttə, pandemiya mənfi təsirini göstərir.
Lakin əminəm ki, biz müsbət əməkdaşlığı
qoruyub saxlayacaq və genişləndirəcəyik.
Siz qeyd
etdiyiniz kimi, Rusiya Federasiyasının Prezidenti ilə biz həm
Rusiyada, həm də Azərbaycanda yetərincə tez-tez
görüşürük. Sonuncu görüşümüz
keçən ilin axırında Peterburqda olub, bundan əvvəl
Soçidə. Mən "Valday” Diskussiya Klubuna dəvət
edilmişdim. Buna görə bizim ünsiyyətimiz və
görüşlərimiz qarşılıqlı əlaqələrimizin
inkişafına çox müsbət təkan verir və
tabeliyimizdə olanlara verdiyimiz göstərişlər, təlimatlar
həyata keçirilir.
Qarşılıqlı
siyasi əlaqələrimiz çox yüksək səviyyədədir.
Əlbəttə, pandemiya olmasaydı, biz əmtəə
dövriyyəsini daha da artırardıq. Lakin əminəm ki,
iqtisadi əlaqələrimiz lazımi səviyyədə
olacaq. Bizim nəqliyyat-logistika sahəsində də
böyük planlarımız var. Bu gün bizim fəal istifadə
etdiyimiz Şimal-Cənub dəhlizi ilə yanaşı,
Rusiyanın Şimal-Qərb nəqliyyat dəhlizinə
qoşulması da bizi sevindirir. Rusiyalı yükgöndərənlər
Azərbaycandan Avropa istiqamətinə gedən bu marşrutdan
istifadə edirlər. Elektroenergetika sahəsində elektrik
enerjisi mübadiləsi, habelə çoxtərəfli əməkdaşlıq
baxımından böyük potensial var. Biz yüksəkvoltlu
elektrikötürmə xətləri ilə
bağlıyıq.
Neft-qaz
sahəsində də vəziyyət yaxşıdır. Bəlkə
də çoxları bilmir, lakin Xəzər dənizinin Rusiya
sektorunda Rusiya şirkətləri tərəfindən hasil
edilən neftin bir hissəsi Azərbaycanın nəqliyyat
infrastrukturu vasitəsilə nəql edilir. Yəni, burada əməkdaşlıq
yüksələn xətt üzrə davam edir.
Əlbəttə,
Rusiya Prezidenti ilə birlikdə humanitar sahədə həmişə
həyata keçirdiyimiz əməkdaşlığı da
hökmən qeyd etmək lazımdır.
Düşünürəm ki, bu, qonşular arasında əməkdaşlığın
nümunəsidir. Rusiyada da bunu çox yüksək qiymətləndirirlər
ki, Azərbaycanda tədrisin rus dilində olduğu 330-dan
çox məktəb var. Rusiyanın aparıcı ali məktəblərinin
filialları, yetərincə zəngin mədəni proqram və
əlbəttə, Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisində yenidən qurulmuş "Azərbaycan”
pavilyonunun təntənəli açılışı da
dostluq münasibətlərinin rəmzidir.
Əlbəttə,
biz təəssüflənirik ki, pandemiya turizm sektoruna
çox güclü zərbə vurub. Ona görə ki,
keçən il bir milyona yaxın rusiyalı Azərbaycana səfər
edib. Biz bu il də rusiyalı turistlərin sayının
artacağına ümid edirdik. Lakin hər şeyin qaydaya
düşəcəyi və insanların yenidən bir-birini
ziyarət etməyə başlayacağı vaxtı gözləyək.
Siz tamamilə haqlısınız, biz vaxtı itirməməliyik,
bu il görüləsi işlər hələ çoxdur. Biz
daim əlaqə saxlayırıq və yaxın dostlar, tərəfdaşlar
kimi işləyirik.
-İlham
Heydər oğlu, bilirsiniz, pandemiyadan sonrakı dövrdən
söhbət düşəndə enerji sahəsi ayrıca
mövzudur. Əlbəttə, indi xəbərlərin
bütün gündəliyi pandemiya ilə bağlıdır.
Lakin hələ yaxın vaxtlarda neftin qiymətləri
mövzusu da buraya əlavə olunurdu. Dünya təlatümdə
idi, hamı hansısa detektiv kimi neftin qiymətinin az qala mənfiyə
keçməsini izləyirdi. Bütün insanlar neft sahəsində
mütəxəssislərə çevrilmişdi. Azərbaycan
tarixən neft hasil edən ölkədir, lakin bununla bərabər,
Siz artıq neçə illərdir deyirsiniz ki, Azərbaycan
neftdən asılılıqdan xilas olmalıdır. Bununla əlaqədar
mən neftin qiymətlərini qabaqcadan söyləməyə
hazır deyiləm, amma asılılıqdan yaxa qurtarmaq
baxımından Siz iqtisadiyyatın hansı sahələrinə
bel bağlayırsınız, postneft dövründə Azərbaycanı
necə təsəvvür edirsiniz?
-Siz tamamilə
haqlısınız. Mən bu mövzunu çox fəal şəkildə
qaldırmışam və qaldırıram. Bu istiqamətdə
müəyyən addımlar atılır. Onu demək kifayətdir
ki, bu ilin birinci rübündə qeyri-neft-qaz sektorunda sənaye
məhsulları istehsalının həcmi 23 faiz artıb. Bu,
mütləq rekord göstəricidir. Mənim fikrimcə,
pandemiya şəraitində bu rəqəm, əlbəttə,
bizim apardığımız işə hörmət
doğurur. Buna görə qeyri-neft sektoruna oriyentasiya bizim əsas
prioritetimiz olub və yenə belədir. Dəfələrlə
dediyim kimi, biz neft sektorunu yaddan çıxarmalıyıq. Demək
olar ki, bu gün neftin bu qiymətləri ilə postneft
dövrü, əslində, başlanıb. Buna görə Azərbaycan
iqtisadiyyatının artımının əsas hərəkətverici
qüvvəsi onun aşkarlığı olacaq. Bu istiqamətdə
- iqtisadiyyatın kölgədən çıxarılması
üçün çox iş görülür. Təəssüf
ki, bu problem bizim üçün hələ də
aktualdır. Burada qeyri-formal məşğulluqdan
başlamış vergi ödəməkdən yayınmağa
qədər bütün məsələlər bir-biri ilə
sıx bağlıdır. Bizim gördüyümüz tədbirlər
öz nəticələrini verir. Həm keçən il, həm
də bu il biz büdcəni, əsasən, iqtisadiyyatın
kölgədən çıxarılması hesabına
artırırıq. Yəni, bu, əsas hərəkətverici
amil olacaq.
İqtisadiyyatın
sahələrinə gəldikdə, əlbəttə, mən,
ilk növbədə, kənd təsərrüfatını
qeyd edərdim, orada çox böyük potensial var və bu
sahəyə çox böyük investisiyalar
yatırılıb. Artım da kifayət qədər ciddidir.
Nəqliyyat-logistika sahəsi. Azərbaycan ərazisində
bütün nəqliyyat-kommunikasiya layihələri praktiki
olaraq başa çatdırılıb. Ölkəmiz Şərq-Qərb
nəqliyyat dəhlizində fəal iştirak edir. Bu, "Bir
kəmər, bir yol” təşəbbüsü, Şimal-Cənub
dəhlizi, həmçinin artıq qeyd etdiyim Şimal-Qərb
dəhlizi layihəsidir. Odur ki, nəqliyyat-logistika
infrastrukturunun yaradılması başa
çatdırılıb və bu gün biz
daşımaları artırmaq, Azərbaycanın tranzit
imkanlarını genişləndirmək üçün tərəfdaşlarımızla,
qonşularımızla işləyirik.
Biz turizmə
böyük diqqət yetirirdik və yenə belədir. Bu
sektor çox perspektivli idi. Son 4 ildə turistlərin sayı
hər il 10 faizdən 24 faizə qədər artıb.
Müasir turizm infrastrukturu yaradılıb. Lakin əlbəttə,
pandemiya bu sektora çox güclü zərbə oldu. İndi
biz daxili turizmin stimullaşdırılması barədə
düşünürük. Xüsusən ona görə ki, Azərbaycanın
milyonlarla vətəndaşı il ərzində, o cümlədən
istirahət üçün ölkədən kənara gedir.
Onlar sərhədlərin bağlanmasını nəzərə
alaraq yəqin ki, bu il yayda daxili turizmə istiqamətlənəcəklər.
Əlbəttə,
informasiya-kommunikasiya texnologiyaları sektorunu da qeyd etməliyəm.
Burada da yaxşı təməl yaradılıb. Üç
süni peyki olan Azərbaycan artıq kosmik klubun üzvüdür.
İKT sektoru çox fəal inkişaf edir və bu sahədə
çox ciddi artım var. Ona görə düşünürəm
ki, bu istiqamətlər bundan sonra da mühüm rol oynayacaq. Əlbəttə,
iqtisadiyyatın qlobal məsələlərinə bir daha
qayıdaraq deməliyəm ki, bu, həm yerli, həm də əcnəbi
investorlar üçün biznes mühitinin
yaxşılaşması və kiçik sahibkarlığa dəstək
deməkdir. Biz hazırda bu istiqamətdə böyük
addımlar atırıq. Bu, həm məşğulluğu, həm
də iqtisadiyyatın şaxələndirilməsini təmin
edəcək. İnkişaf etmiş ölkələrin təcrübəsinə
əsasən bilirik ki, orada ümumi daxili məhsulun yarıdan
çoxu kiçik və orta biznes hesabına
formalaşır. Biz də buna çalışmalıyıq.
-İlham
Heydər oğlu, bilirsiniz ki, hazırda müzakirə edilən
və pandemiya ilə bağlı daha bir məsələ beynəlxalq
təşkilatların effektivliyi məsələsidir. Siz
Qoşulmama Hərəkatının pandemiyaya həsr
edilmiş tarixi Zirvə görüşünün uğurla
keçməsindən danışdınız. Lakin indi bəzi
siyasətçilər Birləşmiş Millətlər Təşkilatının
ünvanına çoxlu tənqidi sözlər söyləyirlər.
BMT-nin təsisatı olan Ümumdünya Səhiyyə Təşkilatı
ciddi tənqidə məruz qalıb. Azərbaycan əksər
beynəlxalq təşkilatların inamlı və fəal
iştirakçısıdır. O, Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü olub. Azərbaycan
Müstəqil Dövlətlər Birliyi, ATƏT və digər
təşkilatlar sistemində fəal işləyir. Sizin
fikrinizcə, əvvələn, beynəlxalq təşkilatların
ünvanına bu tənqid nə dərəcədə ədalətlidir,
beynəlxalq təşkilatlar bu ümumi bəlaya nə dərəcədə
hazır oldular, digər tərəfdən, Siz necə hesab
edirsiniz, onların hazır olmaları üçün beynəlxalq
təşkilatlarda islahatlar, qarşılıqlı fəaliyyətin
hansısa yeni variantları tələb olunurmu? Axı, həmişə
nəyisə gözləmək lazım gəlir.
-Bilirsiniz,
mənim fikrimcə, bu istiqamətdə əsas amil
ayrı-ayrı ölkələrin iradəsidir. Ona görə
ki, beynəlxalq təşkilatlar ölkələrdən ibarətdir
və ölkələr bu təşkilatlara nümayəndələrini
göndərirlər, ölkələr öz mənafelərini
bu beynəlxalq təşkilatlar çərçivəsində
müdafiə edirlər. Beynəlxalq təşkilatlara rəhbərlik
edən insanlar beynəlxalq məmurlardır. Əlbəttə,
onlar kiminsə xoşuna gələcək, kiminsə xoşuna
gəlməyəcək məsul qərarlar qəbul etməli
olanda üzləşdikləri çətinlikləri anlamaq
lazımdır. Buna görə onların diplomatiya məharəti
də çox cəhətdən bu və ya digər beynəlxalq
təşkilatın nüfuzunu müəyyən edir.
Azərbaycana
gəldikdə, bizim üzv olduğumuz bütün təşkilatlarda
məhz ona görə iştirak edirik ki, bu təşkilatı
gücləndirək, çünki biz onun üzvüyük,
həmçinin bu təşkilatda fəaliyyətimiz çərçivəsində
öz milli maraqlarımızı maksimum təmin edək. Lakin
biz, ilk növbədə, üzv ölkələrin daha
böyük etimadını qazanmağa
çalışırıq və həyata keçirdiyimiz təşəbbüslər
buna istiqamətlənib. Məsələn, Qoşulmama Hərəkatının
üzvləri olan ölkələrə Ümumdünya Səhiyyə
Təşkilatı vasitəsilə maliyyə yardımı
göstərmək təşəbbüsü konkret nümunədir.
Təəssüf
ki, beynəlxalq təşkilatlarda sözçülük
çox geniş yayılıb, özü də ilbəil bir
məruzədən digərinə köçürülən
və arxasında heç bir əməli iş dayanmayan
şablon sözlər. Həm də, əlbəttə, istənilən
beynəlxalq təşkilat qüdrətli ölkələrdən,
ortabablardan və hələ bir qədər böyüməli
olan ölkələrdən ibarətdir. Ona görə burada
bütün ölkələrin maraqlarının nəzərə
alınması da vacibdir ki, böyük maliyyə, siyasi və
digər resursları olmayan ölkələr özlərini
aldadılmış, ikinci dərəcəli üzvlər kimi
hiss etməsinlər. Buna görə hesab edirəm ki, beynəlxalq
təşkilatlar çərçivəsində
qarşılıqlı hörmət mühüm prioritetlərdən
biridir. Əlbəttə, bütün dünyanı, yaxud
Qoşulmama Hərəkatı kimi 120 ölkəni birləşdirən
qlobal beynəlxalq təşkilatlar çərçivəsində
buna nail olmaq daha yığcam təşkilatlarla müqayisədə
çətindir. Lakin hesab edirəm ki, bu, siyasətçilər
üçün əsas ruhlandırıcı amil
olmalıdır.
Bir də,
əlbəttə, beynəlxalq təşkilatın nüfuzu
çox cəhətdən onun qəbul etdiyi qərarların
yerinə yetirilməsindən asılıdır. Deməliyəm
ki, burada da islahatlar üçün yer çoxdur. Hətta
BMT Təhlükəsizlik Şurasının neçə illər
bundan əvvəl qəbul etdiyi qətnamələr yerinə
yetirilmir və Azərbaycan bunu öz timsalında yəqin
edib. Otuz ilə yaxındır ki, erməni
işğalçı qüvvələrinin Azərbaycan ərazisindən
çıxarılması barədə BMT Təhlükəsizlik
Şurasının qətnamələri yerinə yetirilmir və
təcavüzkara qarşı, bu qətnamələri pozana
qarşı heç bir sanksiya tətbiq edilməyib. Buna
görə hökmən cəza mexanizmi olmalıdır. Əgər
beynəlxalq təşkilat icrası zəruri olan qərar qəbul
edirsə, bu qərar yerinə yetirilməlidir. Qərarı
pozan üzv barəsində isə bir neçə mərhələdən
ibarət prosedur olmalıdır, lakin bu prosedur yoxdur. Mənim
fikrimcə, beynəlxalq təşkilatlara münasibətdə
müəyyən ümidsizlik doğuran əsas amillər
bunlardır. Sizə səmimi deməliyəm, bəzən beynəlxalq
hüquqa zidd olan hərəkətlər müşahidə
edirik, bu isə əlbəttə, beynəlxalq təşkilatların
nüfuzunu artırmır və ümumiyyətlə müasir
dünya nizamını şübhə altına alır. Ona
görə ki, beynəlxalq hüquq hər kəs
üçün prioritet olmalıdır və ölkələr
onların potensialından, imkanlarından asılı olmayaraq
beynəlxalq hüquqa hörmət etməyə borcludurlar.
Amma biz bəzən beynəlxalq hüququn kobudcasına,
nümayişkaranə şəkildə pozulduğunu görəndə
sual yaranır: bəs biz nə üçün ona riayət
etməliyik? Əgər başqaları onu pozmağı
özlərinə rəva görə bilirsə, biz nə
üçün poza bilmərik? Mən demirəm ki, biz bu
yolla gedirik. Xeyr. Azərbaycan həmişə qanunun aliliyini və
beynəlxalq hüququn aliliyini əsas götürür. Lakin
haqlı olaraq, bu cür suallar yaranır və əlbəttə,
onlara birgə cavablar axtarmaq lazımdır.
-İlham
Heydər oğlu, Sizdən praktiki məsləhət istəyirəm.
Bilirsiniz, dövlət başçısı kimi sanki mürəkkəb
şəraitə düşmüsünüz. Siz, bir tərəfdən,
karantinə riayət etməlisiniz və bilirəm ki, bir vətəndaş
kimi adi təhlükəsizlik mülahizələrinə əsasən
buna riayət edirsiniz. Amma digər tərəfdən televizora
baxanda görürük ki, Sizin dövləti fəaliyyətinizin
intensivliyi əsla azalmır. Siz bunları əlaqələndirməyə
necə nail olursunuz? Digər tərəfdən Siz həmişə
fiziki formanızı saxlamağa böyük diqqət
yetirirsiniz və yəqin ki, bunu tez-tez edirsiniz. Öz həmvətənlərinizə,
bizim televiziya tamaşaçılarına məsləhət
verin: karantin şəraitində belə fiziki formanı necə
saxlayırsınız?
-Fiziki
formanı ev şəraitində də saxlamaq olar. Bu gün
bu, artıq heç kəs üçün sirr deyil. İdman
zalına getmədən evdə idmanla fəal məşğul
olmağın mümkünlüyünü göstərən
informasiya resursları çoxdur. Mən ilk gənclik illərimdən
bəri idmanla məşğulam və əlbəttə,
bütün qaydalara riayət edirəm. Hesab edirəm ki,
idmanla məşğul olmaq hər kəsdən ötrü həm
sağlamlıq, həm özünəinam, həm də
iş qabiliyyəti üçün mühüm amillərdən
biridir. Mən gənclərə və orta yaşlı
insanlara müraciətlə dəfələrlə demişəm,
idmanla məşğul olun. Bəzən bunu çox təkrar
edirəm, lakin insanların buna əməl etmələri
üçün təkrarlamaq lazımdır.
Yadımdadır, biz xəstəxanaların tikintisini genişləndirməyə
başlayanda mən dəfələrlə təkrar edirdim ki,
hər kəs tibbi müayinədən keçməlidir. Biz
bunu – kütləvi pulsuz dispanserizasiyanı həyata
keçiririk. Yeri gəlmişkən, bu il pandemiya
ucbatından onu keçirmədik. Beş milyondan çox insan
öz sağlamlığını yoxlamaq üçün gəlir.
İdmanda da belə olmalıdır. Mən deyirəm: idmanla məşğul
olun, faydasını görəcəksiniz, sizin fiziki
formanızın, əhvalınızın, iş qabiliyyətinizin
necə yaxşılaşacağını görəcəksiniz.
Buna görə indi mən imkanı olmayanların
hamısına məsləhət görürəm: internet
resurslarından istifadə edin, orada idmanla evdə məşğul
olmaq üçün çoxlu məsləhətlər,
çoxlu proqramlar var.
Karantin
rejiminə gəldikdə isə, mən prinsip etibarilə
intizamlı adamam. Buna görə mənim ictimai tədbirlərimdə
ən çoxu 9 nəfər olur. Bizdə on nəfərdən
çox adamın bir yerdə toplaşması
qadağandır. Lakin mən ehtiyat üçün həmişə
deyirəm, 9 nəfərdən çox olmamalıdır. Ən
çoxu 10 və ya 9 nəfər. Bir də, əlbəttə,
məsafəyə riayət edirəm. İctimai xarakterli tədbirlərdə
də, görüşlərdə də belə olub. İlin
birinci rübünün yekunlarına həsr olunmuş
iclası videokonfrans rejimində keçirdik. Amma deməliyəm
ki, bu iclas əvvəl keçirdiklərimizdən o qədər
də fərqlənmədi. Mənim tabeliyimdə olan
işçilərlə söhbətlərim də
videokonfrans formatında keçirilir. Yəni, insan prinsip
etibarilə hər şeyə alışır. Buna da vərdiş
etmək lazımdır. Amma sualınıza görə sağ
olun. Fürsətdən istifadə edib, bir daha hamıya
müraciət edirəm: idmanla məşğul olun,
özü də müntəzəm surətdə.
-İlham
Heydər oğlu, gələcəkdə pandemiyanın
başa çatmasından danışarkən Siz, mənim
fikrimcə, çox düzgün, dəqiq bir söz işlətdiniz:
Qələbə. Yəqin bilirsiniz, bəlkə də
görmüsünüz: TASS agentliyinin fotomüxbiri Yevgeni
Xaldeyin "Reyxstaq üzərində Qələbə
bayrağı” adlı fotoşəkli var. Bizim TASS agentliyi
pandemiya üzərində qələbənin rəmzi olacaq gələcək
fotoqrafiya üçün ümumdünya müsabiqəsi elan
edib. Sizin fikrinizcə, həmin fotoqrafiyada nə ola bilərdi?
-Əlbəttə,
çox yaxşı təşəbbüsdür. Buna görə
sizə təşəkkür etmək istərdim. Mənim
fikrimcə, bu müsabiqə təkcə rəssamların yox,
hamının böyük marağına səbəb olacaq.
Ona görə ki, bu gün bu mövzu hər kəsi narahat
edir və hər kəsi bu xəstəliyə qalib gəlmək
istəyi, öz yaxınlarını xəstəliyin
ağır fəsadlarından qorumaq istəyi birləşdirir.
Buna görə düşünürəm ki, həmin
fotoqrafiya və ya simvol bu cür birləşdirici xarakter
daşımalıdır. Bir də, şübhəsiz,
dünya pandemiyaya qalib gələndə bunun rəmzi insan,
onun zəkası olmalıdır. Ona görə ki, vaksin icad
ediləndə insanın zəkası bu xəstəliyə
qalib gələcək. İnsanın iradəsi. Ona görə
ki, çətin dövrdə çox məsələləri
məhz iradə qüvvəsi həll edir. Əlbəttə,
mərhəmət hissi də. Ona görə ki, vəziyyətin
çox mürəkkəb olmasına, çoxsaylı insan tələfatına
baxmayaraq, mənim fikrimcə, ictimai şüurda mərhəmət
səviyyəsi xeyli yüksəlib, insanlar anlayırlar ki, təbiətin
və Allahın qarşısında hamı bərabərdir,
hər kəs öz yaxınları qarşısında məsuliyyət
göstərməli və özünü ləyaqətlə
aparmalıdır. Buna görə mövzular palitrası bir qədər
geniş ola bilər, lakin əminəm ki, bu müsabiqə bir
simvolika ilə kifayətlənməyəcək.
Düşünürəm ki, burada ən yaxşı
duyğular, ən yaxşı arzular, insanın və
insanlığın ən yaxşı keyfiyyətləri cəmləşməlidir.
-Çox sağ olun, İlham Heydər oğlu. Allahın izni ilə və necə deyərlər, böyük dünya elminin köməyi ilə pandemiya üzərində o qələbə gününə qədər yaşamaq lazımdır. Faşizm üzərində Böyük Qələbə bayramı isə bu günlərdə qeyd ediləcək. Sizinlə bizim söhbətimizi milyonlarla rusiyalı görəcək və düşünürəm ki, bu söhbəti görənlər təkcə rusiyalılar olmayacaq. Sizdən bir xahiş edə bilərəmmi: mayın 9-da Moskvada olsaydınız, deyəcəyiniz sözlərlə müraciət edin.
-Mən bizim hamımızı, veteranları, bugünkü nəsli, gəncləri təbrik etmək istəyirəm. Bu, sovet xalqının qələbəsi, Sovet İttifaqının tarixi əhəmiyyət kəsb edən qələbəsidir. Bu qələbəyə keçmiş Sovet İttifaqının hər bir xalqı dəyərli töhfə verib. Söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi, qəhvəyi taun milyonlarla insanın həyatı bahasına məğlub edilib. Buna görə mən, ilk növbədə, veteranlara dərin hörmətimi, həlak olanların xatirəsinə ehtiramımı bildirirəm. Bu gün biz onların sayəsində yaşayırıq, müstəqil dövlətlərdə yaşayır və öz taleyimizi qururuq.
Əlbəttə, gənc nəslə müraciətlə demək istərdim ki, onlar öz əcdadları kimi fədakarcasına, yüksək vətənpərvərlik hissi ilə yaşamağı, mübarizə aparmağı öyrənsinlər, qəhrəmanlıq göstərsinlər, öz Vətənini müdafiə edərkən canlarını, həyatlarını əsirgəməsinlər. Bu, elə bayramdır ki, biz onu daim qeyd etməliyik. Bu, elə bayramdır ki, bütün mütərəqqi bəşəriyyəti, bütün sülhsevər insanları birləşdirir. Əlbəttə, sizinlə artıq müzakirə etdiyimiz kimi, biz tarixi yenidən yazmaq, Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək cəhdləri ilə barışmamalıyıq. Buna görə mən bütün veteranlara, bu gün sırada olanların hamısına bu cür arzularla müraciət edirəm, Allah onlara uzun və sağlam ömür versin.
-Hörmətli İlham Heydər oğlu, bu söhbətə görə çox sağ olun. Sizi qarşıdan gələn Qələbə bayramı münasibətilə təbrik edirəm. Sizə arzum budur ki, Azərbaycan Sizin rəhbərliyinizlə bu pandemiya üzərində tezliklə qələbə qazansın. Sizə ən xoş diləklərimizi bildirirəm. Çox sağ olun.
Azərbaycan.-2020.- 8 may.- S.1;5.