Azərbaycan dünya birliyinin məsuliyyətli
və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq
səviyyədə mübarizəyə böyük töhfə
verir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev "Mir”
televiziya kanalına müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
Aparıcı:İndi Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanalımıza eksklüziv müsahibəsini təqdim edirik.
- Hörmətli cənab Prezident, bu müsahibəni almağa imkan yaratdığınıza görə Sizə minnətdarlıq etmək istərdim. Şübhə yoxdur ki, tarixçilər 2020-ci ili koronavirus ili adlandıracaqlar. Sizcə bu necə baş verə bilərdi?
Prezident İlham Əliyev:İnsanlarımızın sağlamlığını və həyatını qorumaq məqsədilə biz lap əvvəldən məhdudlaşdırıcı tədbirlər gördük. Hesab edirəm ki, tədbirlər özünü doğrultdu. Bu tədbirlər tədricən sərtləşdirildi və son nəticədə biz xüsusi karantin rejiminin tətbiqinə gəlib çatdıq. Bizim bütün resurslarımızın səfərbərliyə alınması, pasiyentlərin layiqincə müalicəsini təmin etmək məqsədilə tibbi preparatların, zəruri avadanlıqların əldə edilməsi üzrə böyük təşkilati iş aparıldı. Qısa müddətdə tibbi maskaların və dezinfeksiyaedici vasitələrin istehsalı üzrə müəssisə işə salındı. Həmçinin yaxın vaxtlarda həkimlər üçün xüsusi geyimlər istehsal edən müəssisə işə salınacaq. Yaxın vaxtda hər birində 200 çarpayı olmaqla 10 yeni xəstəxananın istifadəyə verilməsi planlaşdırılır. Bu, yeni tikinti texnologiyaları – modul tipli texnologiyalardır. Bu günədək 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb, o cümlədən bu yaxınlarda 575 pasiyent üçün nəzərdə tutulan ən müasir xəstəxana açılıb. Həmçinin koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatı üçün tədbirlər görülüb. Bu kateqoriyadan olan tibb işçilərinin əməkhaqqı müvafiq olaraq 3, 4 və 5 dəfə artırılıb. Yeni laboratoriyalar alınıb. Bu gün laboratoriyaların sayı artıq 23-dür. Bu bizə gündə bir neçə min test keçirmək imkanı yaradır. Ümumilikdə 160 mindən çox test keçirilib və əhalinin bir milyon nəfərinə düşən testin sayına görə Azərbaycan ön sıralardadır.
- Azərbaycan
pandemiya ilə necə bacarır?
-
Görülən bütün tədbirlər, o cümlədən
məhdudlaşdırıcı tədbirlər bir məqsəd
daşıyıb – vətəndaşlarımızın təhlükəsizliyini,
sağlamlığını təmin etmək və
onların həyatını qorumaq. Aprelin 14-dən
başlayaraq Azərbaycanda müsbət dinamika müşahidə
edilir. Sağalanların sayı
yoluxanların sayından çoxdur. Bunun nəticəsində
aprelin 27-dən başlayaraq və sonra mayın 4-də karantin
rejimi yumşaldıldı. Karantin rejimi
mayın sonunadək qüvvədədir. Beləliklə,
biz vəziyyətin müvafiq daimi monitorinqini gələcəkdə
də davam etdirəcəyik və əgər görsək ki,
yumşaltma xarakteri daşıyan tədbirlər
yoluxanların kəskin artmasına gətirib
çıxarır, o halda məhdudlaşdırıcı tədbirləri
yenidən gücləndirməli olacağıq.
- Bəs Ümumdünya Səhiyyə Təşkilatı
bu istiqamətdə Azərbaycanın fəaliyyətini necə
qiymətləndirdi?
- Ümumdünya Səhiyyə Təşkilatının
Baş direktorunun mart ayının sonunda mənə
ünvanlandığı məktubda koronavirusla mübarizə
işində Azərbaycanın nümunəvi ölkə
olduğu bildirilib. İlk növbədə, milli səviyyədə
işləməklə biz, həmçinin beynəlxalq
birliyin daha sıx birləşməsinə, diqqətin bu
problemə cəlb edilməsinə, habelə koronavirusa
müqavimət üzrə birgə işlərin gücləndirilməsinə
çalışırıq. Azərbaycan
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının və Qoşulmama Hərəkatının
sədridir. Apreldə və mayda iki sammit
keçirildi. Özü də birinci sammit
– Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının Sammiti, ümumiyyətlə, dünyada bu
mövzuya videokonfrans formatında həsr edilən ilk sammit
idi. Dövlət və hökumət
başçılarının böyük sayda
iştirakı ilə bu tədbirlərin uğurlu
keçirilməsi nəticəsində biz ümumi bəlaya
qarşı mübarizədə vahid yanaşmalar əldə
etdik. Eləcə də həm tibbi sahədə,
həm də pandemiyanın bütün ölkələrə
böyük zərər vurduğu iqtisadi sahədə
müxtəlif səviyyələrdə işçi qruplar
yaradıldı. Beləliklə, Azərbaycan
dünya birliyinin məsuliyyətli və səmərəli
üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə
mübarizəyə böyük töhfə verir.
Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən
böyük beynəlxalq təşkilatdır və Azərbaycan
bu təşkilatda üç il sədrlik
edəcək. Qoşulmama Hərəkatının
Təmas Qrupunun Sammitinin keçirilməsi təşəbbüsü
Hərəkatda çox müsbət qarşılandı.
Sammit göstərdi ki, biz səyləri birləşdirməklə
bu bəlaya qarşı daha təsirli müqavimət göstərə
bilərik. Həmçinin Azərbaycan bir
neçə ölkəyə zəruri maliyyə və
texniki, o cümlədən tibbi preparatlar və qoruyucu vasitələr
yardımı edib. Biz pandemiyaya
qarşı mübarizə işinə Ümumdünya Səhiyyə
Təşkilatı vasitəsilə iki dəfə donor
töhfəsi etdik. Mart ayında
Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan
arasında donor sazişi imzalandı. Sazişə
müvafiq olaraq biz bu bəla ilə qlobal səviyyədə
mübarizə üçün Ümumdünya Səhiyyə
Təşkilatına 5 milyon dollar ayırdıq. May ayında isə Qoşulmama Hərəkatının
sədri kimi Hərəkatın virusdan daha çox zərər
çəkən üzvlərinə yardım göstərilməsi
üçün Ümumdünya Səhiyyə Təşkilatına
əlavə olaraq 5 milyon dollar ianə etdik. Müvafiq qərara əsasən, Ümumdünya Səhiyyə
Təşkilatı və Azərbaycan bu yardımın
miqyasını və təqdim ediləcəyi ölkələri
birgə müəyyənləşdirəcək.
- Elə
bu vaxt neftin qiyməti təxminən sıfıra endi. Bu, respublikanın iqtisadiyyatına necə təsir
etdi?
- Birinci
rübdə sosial-iqtisadi inkişafın nəticələrinin
müsbət olmasına baxmayaraq, gələcəkdə bizim
enmə müşahidə etməyimiz istisna deyil. Buna baxmayaraq, biz koronavirusdan daha çox zərər
görən sahələrdə işləyən insanlara
yardım üçün minimum 2 milyard dollar həcmində
mühüm maliyyə resurslarını səfərbər
etmişik. Bizdə belə vətəndaşların
sayı təqribən 700 mindir. Bu gün həmin
insanların işləmək imkanından məhrum
olduqları nəzərə alınaraq, onların əməkhaqqının
mühüm hissəsi dövlət tərəfindən ödənilir.
Həmçinin dövlət sektorunun məcburi
məzuniyyətə göndərilən işçiləri əməkhaqqını
tam həcmdə alırlar. Bu qəbildən
insanların sayı isə bizdə 900 mindən çoxdur.
Aşağı gəlirli insanlar kateqoriyasına aid olan 600 min
nəfərə, o cümlədən işsizlərə, qeyri-formal sahədə məşğul olanlara
da dövlət tərəfindən sosial müavinət ödənilir.
İşsizlərin sayının kəskin artmasına yol verməmək
məqsədilə bu il haqqı ödənilən
90 min ictimai iş yeri yaradılması haqqında qərar qəbul
olunub, habelə Azərbaycanda 80 mindən çox ailə
ünvanlı sosial yardım alacaq. Bu, sosial-iqtisadi
tədbirlərin tam paketi deyil. Biz buraya
vergi güzəştlərini, vergi tətillərini, kommunal
ödənişlər və bank kreditləri xidmətlərində
müəyyən güzəşt şərtlərini də əlavə
edə bilərik. Beləliklə, Azərbaycan
dövləti məqsədyönlü, sistemli fəaliyyət
göstərir. İlk növbədə,
bu, insanların sağlamlığı və təhlükəsizliyidir.
İkinci növbədə, bu, iqtisadi
inkişaf, habelə əhalinin sosial müdafiəsidir. Həmçinin beynəlxalq əməkdaşlıqla
bağlı məsələlər, hesab edirəm, Azərbaycan
tərəfindən ən məsuliyyətli şəkildə
başladıldı.
- Biz
Sizinlə ümumi bayramımız - Böyük Qələbənin
75 illiyi ərəfəsində söhbət edirik. O
müharibədəki qəhrəmanlıqlarına görə
respublikadan 400 mindən çox insan döyüş
mükafatı alıb. Azərbaycanlıların
milli xarakterini necə təsvir edərdiniz?
- Azərbaycan
oğulları Böyük Vətən müharibəsi
meydanlarında ləyaqətlə vuruşublar. Azərbaycanın
123 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülüb. Azərbaycanın müharibədə iştirak
etmiş 600 mindən çox nümayəndəsinin
yarısı həlak olub. Azərbaycan
bizim ümumi Qələbəmizə böyük töhfə
verib. Azərbaycan sovet ordusu
üçün yanacaq-sürtkü materiallarının əsas
tədarükçüsü olub. Onu demək kifayətdir
ki, sovet ordusu üçün mühərrik
yağlarının 90 faizi, benzinin 80 faizi və neftin 70 faizi
Azərbaycan tərəfindən tədarük edilib. Həmçinin bizim müəssisələrdə
gecə-gündüz sovet ordusu üçün çox vacib
silah sistemi istehsal edilirdi. Azərbaycanın
sənayesi həmişə inkişafda olub. Qısa müddətdə o, hərbi texnika
istehsalına tam yönəldilib.
- Sizin
atanız Heydər Əliyev müharibə veteranlarını
millətin qızıl fondu adlandırıb. Bu
gün Böyük Vətən müharibəsi
veteranlarına hansı kömək göstərilir?
- Azərbaycanda
bu gün həmişə geniş qeyd olunur. Hərçənd
deməliyəm ki, müstəqilliyin ilk illərində bu, belə
deyildi. 1992-ci ildə Xalq Cəbhəsi
çevriliş yolu ilə hakimiyyətə gələndə
9 May bayramı ləğv edildi və veteranlar mənəvi
terrora məruz qaldılar. Lakin Heydər
Əliyevin hakimiyyətə gəlməsi ilə bu ədalətsizlik
aradan qaldırıldı və həmin vaxtdan 9 May dövlət
bayramıdır. Hər il mən həmin
gün bir qayda olaraq, veteranlarla görüşürəm, həlak
olanların xatirəsini anırıq, məzarları üzərinə
əklillər, güllər qoyuruq. Bu il tədbir,
əlbəttə, başqa formatda olacaq. Çünki
biz veteranlarımızı qorumalıyıq. Hələ ki, karantin rejimi bir yerə kütləvi
toplaşmağa, kütləvi tədbirlər keçirilməsinə
yol verməsə də, bundan məsələnin mahiyyəti dəyişməyəcək.
Hərçənd bayramın qeydedilmə
formatı başqa cür olacaq, lakin düşünürəm
ki, veteranlar həm bu gündə, həm də sonra Azərbaycan
dövlətinin dəstəyini hiss edəcəklər. Veteranlar qayğı ilə əhatə olunub,
onların maddi durumu təmin edilir. Onların
çoxu dövlət tərəfindən ayrıca
yaşayış sahəsi, mənzillə təmin edilib.
Biz həmin gün, bir qayda olaraq, onlara Prezident
mükafatları təqdim edirik. Beləliklə,
bütün bunların hamısı qorunub saxlanılacaq.
Ən başlıcası isə Böyük Vətən
müharibəsi haqqında həqiqət həmişə
üstünlük təşkil etməli, tarixin yenidən
yazılması, faşizmin və faşist cinayətkarlarının
qəhrəmanlaşdırılması cəhdləri
olmamalıdır. Azərbaycanın bu
istiqamətdə mövqeyi birmənalıdır.
- Siz Rusiya ilə münasibətləri səmərəli
adlandırırsınız. Sizin fikrinizcə, daha nə etmək
lazımdır ki, bu münasibətlər daha yaxşı
olsun?
- Əminəm ki, münasibətlərimizin inkişafı üçün ən əlverişli perspektivlər var, çünki Rusiya-Azərbaycan münasibətlərinin çox möhkəm təməli qoyulub. Bu münasibətləri hər iki tərəf strateji tərəfdaşlıq kimi xarakterizə edir. Bu, həqiqətən belədir. Çünki münasibətlərimizin yalnız geniş gündəliyinə nəzər salsaq, biz həyat fəaliyyətinin, demək olar, bütün sahələrini görərik. Bizim qarşılıqlı siyasi əlaqələrimiz çox fəaldır, dövlət başçıları səviyyəsində çoxlu görüşlər olur, görüşlər müntəzəm keçirilir. Son illərdə biz iqtisadi planda əmtəə dövriyyəsinin artımını görürük ki, bu da iqtisadi əməkdaşlığın fəallaşdığına dəlalət edir. Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarında Rusiya kapitalı ilə yüzlərlə şirkət çalışır. Biz nəqliyyat sahəsində çox fəal əməkdaşlıq edirik. Biz mühüm Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsini birgə reallaşdırırıq. Həm Rusiya, həm də Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün infrastruktur layihələri praktiki olaraq həyata keçirilib. Hazırda biz nəqliyyat-logistika istiqamətləri ilə bağlı məsələlər üzərində işləyirik. Məqsəd yük daşımalarını artırmaq və bununla da qonşu ölkələrimizə daha əlverişli şərait yaratmaq, tranzit potensialını möhkəmlətməkdir. Energetika sahəsində kifayət qədər çox layihələr var və Rusiya ilə Azərbaycanın enerji sistemlərinin birləşdirilməsini qeyd etməliyəm. Ya Azərbaycanda, ya da Rusiyada qəza olanda biz dərhal bir-birimizə kömək edir və həmrəylik nümayiş etdiririk. Ona görə də perspektivlər haqqında danışarkən düşünürəm ki, biz əldə edilmiş nəticəyə istiqamətlənəcək, qeyd etdiyim həmin istiqamətlər və gələcəkdə yeni istiqamətlər üzrə də işləyəcəyik. Bu gün biz 7 yol xəritəsinin reallaşdırılması üzrə ikitərəfli formatda işləyirik. Bunlar həyat fəaliyyətinin bütün vacib sahələrini əhatə edən konkret layihələrdir. Hər bir istiqamət üzrə dəqiq plan, zaman müddəti, yol xəritələrinin reallaşdırılması üçün prezidentlərin tapşırıqları var. Bütün bunlar ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, əməkdaşlıq səviyyəsini, əmtəə dövriyyəsinin və qarşılıqlı investisiyaların artımını möhkəmləndirəcək. Əlbəttə ki, bütün bunlar xalqlarımızın rifahının daha da yaxşılaşmasına gətirib çıxaracaq.
- Siz rus
dilini çox əla bilirsiniz. Bu gün Azərbaycan
mədəniyyətində rus dilinin rolunu necə qiymətləndirirsiniz?
- Bizim
münasibətlər ən yüksək qiymətə
layiqdir. Azərbaycanda rus dilində təhsilin səviyyəsi
genişlənir. Artıq Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda
filialları mövcuddur. Tədrisin rus dilində
aparıldığı məktəblərə gəldikdə
isə onların sayı artıq 340-a çatır. Bütün bunlar artıq qazanılmış
potensialdır. Əlbəttə, bu il
turizm sahəsində böyük tənəzzül
olacağı təəssüf doğurur. Çünki
ənənəvi olaraq Azərbaycan vətəndaşları
Rusiyaya, Rusiya vətəndaşları Azərbaycana səfər
ediblər, turist axınının artımı daim
yaxşı rəqəmlərdə əksini tapıb. Lakin pandemiya nəzərə alınaraq
qarşılıqlı razılıq əsasında ölkələrimiz
arasında sərhədlər bağlanıb. Buna görə də yəqin ki, turist axını və
turizm sahəsi karantin rejimi prosesindən ən axırda
çıxan sahələr olacaq.
- Bu il bizim Teleradio şirkətinin 27 yaşı
tamam olub. Bizim tamaşaçılara Qələbə
günü münasibətilə nə arzulamaq istərdiniz?
- Fürsətdən
istifadə edərək, bütün veteranlara bu mürəkkəb
dövrdə cansağlığı arzulamaq istərdim. Bu gün pandemiya şəraitində hər birimiz
yaxınlarımızı, cavabdeh olduğumuz insanları
qorumalıyıq. Azərbaycanda pandemiya şəraitində
belə şüarlar yaranıb: "Biz birlikdə daha
güclüyük”, "Biz birlikdə güclüyük”. Elə bu şüarlarla da müsahibəni bitirmək
istərdim. Sağ olun.
- Cənab
Prezident, bu müsahibəyə görə sizə minnətdaram.
Bayramınız mübarək.
Azərbaycan.-2020.- 8 may.- S.1;3.