Azərbaycanın dövlət
siyasətinin əsas məqsədi vətəndaşların
həyatını, sağlamlığını qorumaqdır
YENİLƏNİB
Prezident İlham Əliyevdən ciddi tapşırıq:
"Cəza tədbirlərini sərtləşdirin”
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli xəstəxana kompleksinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma tibb müəssisəsində yaradılan şərait barədə məlumat verildi.
Bildirildi ki, paytaxtda istifadəyə verilən modul tipli ilk xəstəxana kompleksinin tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanıb. Sahəsi 3000 kvadratmetr olan bu kompleks 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək. Üç korpusdan ibarət, ümumilikdə, 100 palatada 200 çarpayı yeri olan modul tipli xəstəxana kompleksində orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Ehtiyac yaranacağı təqdirdə, əlavə avadanlıqlar təchiz olunmaqla palataların reanimasiyaya çevrilməsi mümkündür.
Kompleks bütün zəruri avadanlıq və sistemlə təchiz olunub. Burada quraşdırılan xüsusi havalandırma sistemi havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürür. May ayı ərzində modul tipli daha 5 xəstəxana kompleksinin, iyun ayının ortalarınadək isə digər 4 kompleksin istifadəyə verilməsi nəzərdə tutulub. Bu komplekslərin müəyyən edilən şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılaraq onlara təhkim edilməsi nəzərdə tutulur ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edəcək. Modul tipli yardımçı xəstəxana korpuslarının mühüm üstünlükləri var. Belə ki, qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılan bu tikililər pandemiya ilə mübarizə başa çatdıqdan sonra, yəni, zərurət olmadıqda tezliklə və asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün də istifadə edilə bilər.
Modul tipli xəstəxana kompleksi ilə tanışlıqdan sonra dövlətimizin başçısı və birinci xanım tibb işçiləri ilə görüşdülər.
Dövlətimizin başçısı görüşdə nitq söylədi.
Prezident İlham Əliyevin
Nitqi
-Bu gün biz modul tipli yeni xəstəxananın açılışını qeyd edirik. Bu, çox əlamətdar hadisədir. Hər bir xəstəxananın açılışı əlamətdar hadisədir. Son 16 il ərzində ölkəmizdə 700-dən çox səhiyyə ocağının tikilib və ya əsaslı təmir edildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, nə qədər böyük işlər görülübdür. Biz hesab edirdik ki, artıq mövcud xəstəxana fondu, xüsusilə müasir xəstəxanaların fəaliyyəti uzun illər ərzində tələbatımızı ödəyəcək. Ancaq koronavirus pandemiyası, əlbəttə ki, öz qaydalarını diktə edir, ona görə yeni xəstəxanaların tikintisi labüddür. Əlbəttə, xəstəxana tikintisi çox vaxt aparır, həm layihələndirmə işləri, onun texniki tərəfi, yerin seçilməsi. Əlbəttə, hesab edirəm, biz yeni texnologiyalara üstünlük verərək düzgün seçim etdik ki, modul tipli, tez bir müddətdə yığılan və sonra sökülə və başqa yerə daşına biləcək xəstəxanaların tikintisini təmin edək. Mən bir müddət bundan öncə ictimaiyyətə bu haqda məlumat vermişdim və bu gün bu xəstəxananın açılışını qeyd edirik. Cəmi bir ay ərzində 200 çarpayılıq xəstəxana istifadəyə verilir.
Əlbəttə ki, koronavirusa qarşı mübarizədə bu xəstəxana və bundan sonra tikiləcək xəstəxanalar böyük rol oynayacaq. Ölkəmizin müxtəlif bölgələrində 10 belə xəstəxananın tikintisi nəzərdə tutulur. Əlbəttə ki, çarpayı sayının artırılması hər bir ölkə üçün koronavirusa qarşı mübarizədə xüsusi rol oynayır.
Biz indi bəzi inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Görürük ki, orada çarpayı çatışmazlığı ucbatından xəstələr vaxtında müalicə ala bilmir, koronavirusa yoluxmuş bir çox insan ümumiyyətlə xəstəxanalara götürülmür, onlar evlərdə qalırlar. Əlbəttə, evlərdə onları müalicə, onların vəziyyətini monitorinq etmək qeyri-mümkündür.
Azərbaycanda koronavirusa qarşı mübarizədə bizim təcrübəmiz hesab edirəm ki, ən mütərəqqi və ən insansevər təcrübədir. Çünki bizim bütün xəstələrimiz xəstəxanalarda yerləşdirilib və həkimlər onlara gecə-gündüz xidmət edirlər. Yeni xəstəxanaların tikintisi, əlbəttə, gələcəyə hesablanıb. Çünki hazırda mövcud xəstəxana fondu bizim tələbatımızı ödəyir və 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin sərəncamına verilibdir, o cümlədən ən yeni və ən müasir 575 çarpayılıq "Yeni klinika”. Orada hazırda xəstələr müalicə olunurlar. Bu, gələcəyə hesablanmış düzgün addımdır, çünki heç kim bilmir pandemiya nə qədər davam edəcək, heç kim bilmir bunun gələcək mərhələləri nədən ibarət olacaq. Ona görə biz tam hazır olmalıyıq.
Bizim atdığımız bütün addımlar qabaqlayıcı xarakter daşıyır. Bu xəstəxananın və bundan sonra buna oxşar 9 xəstəxananın istifadəyə verilməsi 1-2 ay ərzində nəzərdə tutulub. Bütün bu addımlar qabaqlayıcı xarakter daşıyırdı və məhz buna görə hesab edirəm ki, koronavirusla mübarizədə biz birinci mərhələdə qalib gələ bilmişik. Ancaq mübarizə davam edir, koronavirus heç bir yerə qeyb olunmayıb, dolaşır və dolaşacaq və bunu hər kəs bilməlidir.
Bu gün testlərin aparılması istiqamətində də böyük uğurlar var. Adambaşına keçirilən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Testlərin keçirilməsi üçün yeni laboratoriyalar alınıbdır. Onların sayı 23-ə çatıb və yeni laboratoriyaların yaradılması gündəlikdə duran məsələdir.
Bütün lazımi tibbi avadanlıq alınır. Bildiyiniz kimi, Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması və işi düzgün təşkil etmək üçün 100 milyon manat vəsait ayrılıbdır. Bu, birinci tranşdır, əlavə 150 milyon manat artıq hazır vəziyyətdədir, lazım olan vaxtda biz ondan da istifadə edəcəyik. Əlbəttə, bütün bu kompleks tədbirlər – testlərin keçirilməsi, xəstəxanaların, laboratoriyaların fəaliyyəti və həkimlərin peşəkarlığı, işin düzgün təşkili bizə imkan verdi ki, hazırda bu vəziyyətdən istədiyimiz kimi, az itkilərlə çıxaq. Hər bir insanın ölümü onun yaxınları, qohumları üçün böyük faciədir və hər bir insanın həyatı bizim üçün qiymətlidir, dəyərlidir. Ancaq dünyada hər şey müqayisədə ölçülür və biz görəndə ki, inkişaf etmiş ölkələrdə gündə yüzlərlə, bəzi hallarda mindən çox insan vəfat edir, əlbəttə ki, Azərbaycanda bu sahədə görülmüş işlər xüsusi əhəmiyyət daşıyır və bunu hər kəs görür. Hətta bizimlə eyni sayda əhalisi olan ölkələrdə artıq uzun müddətdir ki, hər gün yüzlərlə insan vəfat edir. Bu ölkələrin səhiyyə sistemi həmişə bütün dünyaya, o cümlədən bizə nümunə kimi göstərilirdi. Ancaq bu dövrdə hər kəs gördü ki, orada vəziyyət artıq böhranın pik həddinə çatıb. Ona görə əlbəttə ki, müqayisə aparılanda Azərbaycan dövlətinin gördüyü işlər böyük üstünlük təşkil edir. Biz əsas diqqətimizi vəziyyəti nəzarətdə saxlamaqda görürük və birinci mərhələdə buna nail ola bilmişik. Ona görə kompleks tədbirlərin görülməsi, o cümlədən karantin rejiminin tədricən vəziyyətə uyğun olaraq qüvvəyə minməsi, onun sərtləşdirilməsi və son günlər ərzində yumşaldılması - bütün bunlar ölçülüb-biçilmiş addımlardır.
Karantin rejimi nə üçün sərtləşdirilirdi? Yoluxma hallarının
geniş yayılmasının qarşısının
alınması üçün və biz buna
nail olduq. Birinci mərhələdə bu
virus bizə, belə demək mümkündürsə, idxal
edilmişdir, amma ondan sonra daxili yoluxma halları baş
vermişdir. Dərhal operativ tədbirlər
görüldü və məhz sərt karantin qaydalarına
görə biz bu mərhələni az
itkilərlə başa vurduq. Görəndə
ki, artıq 3 həftə ərzində hər gün
sağalanların sayı yoluxanların sayından xeyli
çoxdur, onda biz artıq yumşalma tədbirləri görməyə
başladıq. Ancaq əfsuslar olsun ki, bəzi
adamlar bunu karantin rejiminin ləğvi kimi qəbul etdilər.
Əfsuslar olsun ki, bəzi adamlar karantin rejiminə
əməl etmirlər. Yumşalma tədbirləri
yalnız bir məqsədi güdürdü ki, insanların
öyrəşdiyi həyat tərzi müəyyən dərəcədə
bərpa olunsun. Karantin rejiminin
yumşaldılması o demək deyil ki, karantin başa
çatıb, xeyr. Karantin rejimi ən
azı mayın 31-nə qədər qüvvədə olacaq və
ondan sonra əgər lazım olarsa, uzadılacaq. Ona görə son günlərin mənzərəsi,
sözün düzü, məni çox üzür və
narahat edir. Çünki son 2-3 gündə
xəstələnənlərin sayı sağalanların
sayından çoxdur və əgər bu dinamika kəskin
artarsa, - mən bunu açıq demək istəyirəm və
hər kəs bunu bilsin, - biz məcbur olub karantin rejimini əvvəlki
vəziyyətə gətirəcəyik, sərtləşdirəcəyik,
qaydaları pozanlara qarşı da daha ciddi cəza tədbirləri
görüləcək ki, biz vəziyyəti daim nəzarətdə
saxlayaq.
Azərbaycan dövlətinin siyasəti və Operativ Qərargahın
bu işlərə gündəlik rəhbərlik etməsi əsas
bir məqsədi güdür ki, biz vətəndaşların
həyatını, sağlamlığını qoruyaq. Eyni zamanda, bu
məhdudlaşdırıcı rejim çərçivəsində
insanlara maksimum imkan yaradaq ki, onlar öyrəşdiyi gündəlik
həyat tərzindən çox da uzaqlaşmasınlar. Ona görə biz bu yumşaldıcı tədbirləri
görmüşük. Aprelin 27-dən,
sonra mayın 4-dən daha da yumşaq rejim qüvvədədir.
Ancaq biz nəyi görürük? Onu görürük ki, bəzi məsuliyyətsiz vətəndaşlar
heç bir qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə
saxlamırlar, özlərini elə aparırlar ki, sanki virus
artıq məhv olub. Buna qətiyyən yol
vermək olmaz. Ona görə bu adamlara
qarşı ciddi tədbirlər görüləcək.
Hamı bunu bilsin və nəticə
çıxarsın. Biz imkan verə bilmərik
ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə
insanların həyatı risk altına düşsün.
Qətiyyən mümkün deyil.
Ona görə indi ölkəmizin bəzi bölgələrində
sanki pandemiyanın yeni mərhələsi başlayır,
xüsusilə Gəncə şəhərində. Buna çox
ciddi yanaşmaq lazımdır. Ona görə
indiki karantin rejimində Bakı, Sumqayıt, Abşeron, Gəncə,
Lənkəran üçün xüsusi rejim var. Nəyə
görə? Çünki bu yerlərdə,
bu şəhərlərdə xəstələrin sayı,
yoluxma halları daha çoxdur. Son günlərdə
yoluxanların demək olar ki, 30, 40, 50 faizi Gəncə şəhərinin
payına düşür. Deməli, orada vəziyyət
narahatlıq doğurmalıdır. İndi
bu, araşdırılır, səbəbi nədir? Əsas səbəb insanlar və rəhbər
orqanlar tərəfindən vaxtında tədbirlərin
görülməməsidir. Harada ki,
vaxtında tədbirlər görülür, harada ki, qəbul
edilmiş qaydalar icra edilir, orada vəziyyət nəzarət
altındadır. Biz nəzarəti gücləndirəcəyik.
Ona görə karantin rejimi ilə bağlı sərtləşdirici
tədbirlər istisna deyil. Bir daha demək
istəyirəm ki, biz virusla mübarizədə birinci mərhələdə
qalib gəlmişik. Virus qeyb olmayıb,
burada dolaşır və dolaşacaq. Bunu
həkimlər, mütəxəssislər çox
yaxşı bilirlər, istərdim ki, vətəndaşlar da
bunu bilsinlər. Maarifləndirmə işləri
daha geniş vüsət almalıdır. Bəziləri
hesab edir ki, bəli, virus daha yoxdur, bütün dünya
böhran içindədir, Azərbaycan isə sanki dənizdə
bir adadır, burada hər şey yaxşıdır və
yaxşı olacaq. Əlbəttə, bir
çox ölkələrə nisbətən
yaxşıdır, ancaq buna mütləq formada yaxşı
demək olmaz.
Əlbəttə, vətəndaşlar şəxsi
gigiyenaya riayət etməlidirlər. Hesab edirəm ki, uzun
müddət bundan sonra bu, bir növ yeni reallıqdır və
biz bu reallıqla barışmalıyıq, istəsək də,
istəməsək də. Maska taxmaq, məsafə
saxlamaq, gündə bir neçə dəfə sabunla əlləri
yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək bir
qayda olmalıdır. İndi bilirsiniz, biz bəzən
özümüzü bir neçə ölkə ilə
müqayisə edirik, deyirik, - bəli, mən də bu gün
bunu deyirəm, - həqiqətdir ki, bir çox inkişaf
etmiş ölkələrdə vəziyyət
acınacaqlıdır, böhranlıdır. Azərbaycandan fərqli olaraq o ölkələr
bilmirlər ki, bu böhranla necə bacarsınlar. Amma digər tərəfdən biz görürük
ki, o ölkələrdə, inkişaf etmiş ölkələrdə,
məsuliyyət, nizam-intizam yüksək səviyyədə
olan ölkələrdə insanlar məsafə saxlayırlar.
Biz televiziyada görürük, növbə var,
adamlar öz aralarında bir metr yarım, iki metr məsafə
saxlayırlar, maska taxırlar. Amma bizdə
məsafə saxlayan var? Açın istənilən
kanala baxın. Dünən mən
baxmışam, bankın qabağında bir-birinin yanında
durublar, maska yox, müxbirlər soruşurlar ki, nə
üçün? Elə bil ki, məktəb
uşaqlarıdır, min cür bəhanə gətirirlər
- yadımdan çıxdı, havada maska lazım deyil, cibimdədir.
Biz belə münasibətə dözə bilmərik.
Bu, zarafat deyil. Hər kəs
bunu çox ciddi qəbul etməlidir. Belə
adamlara qarşı ciddi cəza tədbirləri görüləcək.
Mən bu gün bütün aidiyyəti orqanlara
müraciət edərək deyirəm, cəza tədbirlərini
sərtləşdirin. Biz vətəndaşları
qorumalıyıq. Biz imkan verə bilmərik
ki, hansısa intizamı pozan, məsuliyyətsiz adama görə
vətəndaşlarımız xəstələnsin,
ölsün. Ona görə bu qaydalara hər
kəs riayət etməlidir, özü də bundan sonra uzun
müddət ərzində.
Həkimlər, mütəxəssislər yaxşı bilirlər
və geniş ictimaiyyət də bilməlidir ki, koronavirusa
qarşı mübarizə o vaxt başa çatacaq ki, peyvənd
hazırlanacaq.
İndi bütün dünya bu peyvəndi
gözləyir. Peyvəndin icad edilməsi
üzərində bir çox ölkələrdə alimlər
işləyir. Peyvənd hazırlanandan
sonra artıq deyə bilərik ki, bəli, biz
özümüzü bu virusdan qoruya bilərik. O vaxta qədər
virus var və bunu hər kəs bilsin.
Ona görə mən hesab edirəm ki, bütün
kompleks tədbirlər, vətəndaşların məsuliyyəti
və nizam-intizamı nəticəsində biz bundan sonra da bu vəziyyəti
nəzarət altında saxlaya biləcəyik. Çünki
burada məsələ ancaq dövlət qurumlarının fəaliyyətindən
asılı deyil. Dövlət
qurumları, vətəndaş cəmiyyəti, vətəndaşlar,
biz bir nöqtəyə vurmalıyıq. Biz
həmrəylik, birlik göstərmişik. Həmrəyliyin təzahürlərindən biri də
odur ki, həm dövlət, həm özəl sektor,
sahibkarlar, ayrı-ayrı adamlar imkansız insanlara əl
tuturlar, kömək göstərirlər, onları ərzaq
malları ilə təchiz edirlər. Mənim
təşəbbüsümlə yaradılmış
Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr
verirlər. Artıq Fondda 100 milyon manatdan
çox vəsait toplanıb. Bütün bunlar bizim
xalqımızın ən yüksək xüsusiyyətlərini
göstərir: mərhəmət, imkansızlara diqqət,
yardım, birlik, həmrəylik. Amma məsuliyyət
də, nizam-intizam da göstərməliyik. Hələ ki, biz bunu müraciət formasında dilə
gətiririk. Amma lazım olsa, bu, məcburi
qaydada tətbiq ediləcək.
Həkimlər öz həyatını,
sağlamlığını, yaxınlarının
sağlamlığını risk altına qoyurlar, xəstələrə
gecə-gündüz xidmət edirlər. Biz həkimlərin
fədakarlığını yüksək qiymətləndiririk.
Bir daha Azərbaycan xalqı gördü ki, ən çətin
dövrdə, bu pandemiya dövründə aparıcı şəxs,
aparıcı adam insanların həyatını
qoruyan həkimdir. Əlbəttə,
bütün başqa amillərlə bərabər, dövlət
lazımi tədbirləri görür. Amma
son nəticədə xəstələri müalicə edən,
onları həyata qaytaran həkimlərdir. Həkimlər gecə-gündüz işləyirlər,
insanları xilas edirlər. Bu xəstəlikdən
canını qurtaran bütün pasiyentlər, ilk növbədə,
həkimlərə minnətdar olmalıdırlar. Bizim polis əməkdaşları, Daxili
Qoşunların əməkdaşları gecə-gündüz
küçələrdədir, həyatlarını risk
altına atırlar, camaatı başa salmağa
çalışırlar. İndi
onların əməyini yerə vurmamalıyıq. Nəyə görə kimsə özü
üçün hansısa xüsusi imtiyaz yaratmaq istəyir.
Buna gəldikdə də bildirməliyəm,
pandemiya bütün dünyaya göstərdi ki, bu xəstəlik
qarşısında hamı bərabərdir. Heç kimə heç bir imtiyaz verilmir və verilməyəcək.
Bu, bizim siyasətimizin əsas hissəsindən
biridir ki, qanunun aliliyi, bərabərlik daim bərqərar
olmalıdır. Ona görə heç kimə
heç bir imtiyaz verilməyəcək. Odur
ki, karantin rejimini pozan, vaxtını hansısa iaşə
obyektində keçirmək istəyən adamlara qarşı
da, - onlar müəyyən olunduqda, - ciddi cəza tədbirləri
görülür, tətbiq olunur, o cümlədən vəzifəli
şəxslərə qarşı. Karantin
rejimini pozduqlarına görə artıq bir neçəsi cəzalandırıldı.
Eyni zamanda, əfsuslar olsun ki, biz bu vəziyyətdə
milli xainlərin də üzünü gördük. Kasıbın
malına, ərzaq payına göz dikən xaindir, bunun
başqa adı yoxdur. Bu, oğurluq deyil,
bu, kiçik bir cinayət deyil. Heydər
Əliyev Fondu tərəfindən göndərilən ərzaq
paylarına sahib çıxmaq istəyən vəzifəli
şəxslərin hərəkətinə nə demək
olar? Ancaq xəyanət. Mən demişəm, bir daha demək istəyirəm
ki, bir çoxları pandemiyanı müharibə
adlandırırlar. Müharibə, əslində,
göz qabağındadır. Bu şəraitdə
belə adamlara nə ad vermək olar? Ona
görə bu adamların cəzalandırılması
qaçılmazdır. Eyni zamanda, indiki
şəraitdə xüsusilə kasıb adamların
maaşını mənimsəmək, ictimai işlərə
cəlb edilən vətəndaşların ödəniş
kartlarını götürüb ondan pul çəkmək,
bu da xəyanətdir. Son müddətdə
həbs olunan icra başçılarının beşi də
bu bəd əməllərdə təqsirləndirilir. Son həbslər də onu göstərir. O icra
başçılarının, onların
yaxınlarının, köməkçilərinin iş
otaqlarından yüzlərlə ödəmə kartı
çıxıb, yüzlərlə. Mənə verilən məlumata
görə, son tutulan icra başçısının iş
otağından 140 ödəmə kartı çıxıb.
Bu, nədir? Biz bu kartı özünə
iş tapa bilməyənlərə veririk. Əvvəl
də verirdik. Biz ildə otuz min, qırx
min belə adamı ictimai işlərə cəlb edirdik -
hansısa binanın rənglənməsi, yaxud da ki, onların
bağçaya xidmət etməsi və digər işlərə.
Onlar minimum əməkhaqqı səviyyəsində maaş alırdılar, bu gün 250 manat. Amma onlara çatacaq kartlar icra
başçıları tərəfindən
götürülür, sonra o pullar mənimsənilir. Kasıb adamlar da işsiz və pulsuz qalır. Bu, adi cinayətdirmi? Yox. Bu, xəyanətdir. Bunun başqa
adı yoxdur. İndiki şəraitdə də
bunu davam etdirirlər. Bu adamlarda vicdan deyilən
şey yoxdur, vicdanı tam itiriblər. Biz
belə ünsürlərə qarşı bundan sonra da
amansız mübarizə aparacağıq. Bu gün cəmiyyətimizin
bütün sağlam qüvvələri bir amal ətrafında
birləşib ki, bu vəziyyətdən az
itkilərlə çıxaq, insanları qoruyaq, xəstələri
sağaldaq. Həkimləri qoruyaq ki, onlar
insanları qorusunlar, özlərini qorusunlar. Ona görə belə bir vəziyyətdə belə
çirkin addımların atılması tamamilə qəbuledilməzdir.
Bir daha demək istəyirəm ki, bu
addımları atanlar, bu cinayətləri törədənlər
layiqli cəzalarını alacaqlar.
Mən deyə bilərəm ki, pandemiyadan, əlbəttə,
bizim iqtisadiyyatımız da zərər çəkir. İstisna
deyil ki, ikinci rübün yekunları o qədər də
ürəkaçan olmayacaq. Ancaq bu, ikinci
dərəcəli məsələdir. Birinci
dərəcəli məsələ vətəndaşların
sağlamlığıdır. Biz bilirik
ki, əgər karantin rejimini bax, dediyim bu səbəblərə
görə sərtləşdirsək, iqtisadi vəziyyətimizə
bunun çox mənfi təsiri olacaq. Amma
biz buna gedəcəyik. Çünki
insanların sağlamlığı və sosial rifahı
birinci yerdədir. Məhz bu məqsədlə 3,5 milyard manat vəsait ayrıldı. Pandemiyadan ən çox ziyan çəkən sahələrdə
işini itirən 700 minə yaxın vətəndaşın əməkhaqqının
əhəmiyyətli hissəsi dövlət tərəfindən
verilir. Bu məqsədlə 600 min
işsiz, aztəminatlı və qeyri-formal məşğulluqla
pul qazanan insanlar dövlət tərəfindən maddi
yardımla təmin edilir. Bütün bu
işləri biz görürük ki, vətəndaşların
sosial və maddi vəziyyətini sabit saxlayaq. Bütün bu addımlar, əlbəttə ki, beynəlxalq
birlik tərəfindən də qiymətləndirilir. Mən bunu demişəm, bir daha demək istəyirəm
ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda
pandemiyaya qarşı mübarizə istiqamətində
görülmüş tədbirləri yüksək qiymətləndirib,
bizi nümunəvi ölkə adlandırıb. Bu, həqiqətən də belədir. Azərbaycanda həm ölkə daxilində, ilk
növbədə, bütün lazımi tədbirləri
görürük və beynəlxalq müstəvidə də
öz sözümüzü deyirik. Mən
deyə bilərəm ki, biz 10-dan çox ölkəyə
yardım etmişik. Texniki yardım, maliyyə
yardımı, təyyarələr göndərmişik,
yük təyyarələri o ölkələrə ki, onlar
bizə müraciət edib və onların maddi imkanları məhduddur,
onların, belə deyək, müraciət edəcəyi
başqa bir ölkə yoxdur. Ondan çox
ölkəyə yardım etmişik və hesab edirəm ki,
düz etmişik. Çünki məhz belə
günlərdə, belə dövrdə insanların da,
ölkələrin də əsl siması üzə
çıxır. Yaxşı vəziyyətdə
hər kəs hər kəslə dostdur. Hər
kəs yaxşı sözlər deyir, beynəlxalq tədbirlərdə
çıxışlar edir, qarşılıqlı dəstək
haqqında danışır, amma əməldə bunu göstərmək
lazımdır, əməldə. Biz o
ölkələrdənik ki, əməldə bunu göstəririk.
Pandemiyaya qarşı qlobal mübarizədə
biz birinci ölkələrdən olduq ki, Ümumdünya Səhiyyə
Təşkilatına 5 milyon dollar donor ianəsi verdik. Bu
yaxınlarda artıq Qoşulmama Hərəkatının sədri
kimi əlavə 5 milyon dollar ianə verdik Ümumdünya Səhiyyə
Təşkilatına ki, bizimlə razılaşdırmaqla Hərəkata
üzv ölkələrə yardım göstərilsin. Bilirsiniz ki, mənim təşəbbüsümlə
iki Zirvə görüşü keçirildi - Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının Zirvə görüşü və
Qoşulmama Hərəkatının Zirvə
görüşü. Hər iki təsisatda
Azərbaycan hazırda sədrdir. Bu təşəbbüs
vaxtında və yerində olan təşəbbüsdür.
Demək olar ki, bütün dünya birliyi bunu
alqışlayır və Azərbaycanın rolunu qeyd edir.
Biz bunu etməyə də bilərdik. Kimsə bizə
bir söz deyəcəkdi? Yox. Kim bizə irad tuta bilərdi ki, bu ağır
dövrdə biz bu təşəbbüsü irəli sürməsəydik.
Amma biz bunu etdik. Çünki
biz məsuliyyətli ölkəyik və etibarlı tərəfdaşıq.
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının Zirvə görüşü dünya miqyasında
onlayn formatda birinci Zirvə görüşü idi. Qoşulmama Hərəkatının Zirvə
görüşü isə 120 ölkəni birləşdirir.
Onu da bildirməliyəm ki, bu Zirvə
görüşünə təbrik müraciətlərini
BMT-nin Baş katibi Quterreş, BMT Baş Assambleyasının
prezidenti, Afrika İttifaqının sədri, Avropa
Komissiyasının vitse-prezidenti göndərmişdilər.
Onu da bildirməliyəm ki, Qoşulmama Hərəkatı
ilə Avropa İttifaqı arasında, mən bilən, bu
günə qədər hər hansı bir ciddi təmas
olmayıb. Çünki bu iki təsisat fərqli
qütblərdə yerləşir və bir çox hallarda
onların baxışları üst-üstdə
düşmür. Ona görə bu da bir
ilkdir. Əgər biz ölkələrin sayını
götürsək, görərik ki, Qoşulmama Hərəkatında
120 üzv, Avropa İttifaqında 27 üzv, artıq 147 və
Afrika İttifaqında 55 üzv fəaliyyət göstərir.
Düzdür, onların bəziləri
Qoşulmama Hərəkatının üzvüdür. Buna baxmayaraq, dünya birliyinin mütləq əksəriyyəti
Azərbaycanın təşəbbüsü ilə COVID-19-a
qarşı vahid platforma formalaşdırdı. Mən tam səmimiyyətlə deyə bilərəm,
özümüzü tərifləmək üçün
yox, sadəcə olaraq, həqiqəti dilə gətirmək
üçün, Azərbaycan dünyanı birləşdirir.
Birincisi, milli zəmində, yəni, ölkə
ərazisində görülən bütün işlər, tədbirlər
nümunəvi xarakter daşıyır. Sosial-iqtisadi
paket adambaşına düşən xərclərə
görə dünyada bəlkə də birincilər
sırasındadır. Beynəlxalq müstəvidə
özünü məsuliyyətli üzv kimi aparıb və
yenə də ümumi daxili məhsula görə bizim qədər
donor ianəsi verən olmayıb. Düzdür,
bəzi ölkələr böyük rəqəmlər bəyan
ediblər, amma hanı o vəsait, yoxdur. Bizimki
isə nağd verilib. Beynəlxalq təşkilatlar
çərçivəsində irəli
sürülmüş təşəbbüslər də
dünya birliyi tərəfindən birmənalı şəkildə
yüksək qiymətləndirilir və təqdir edilir. Bax, bu çətin dövrdə hər kəsin əsl
siması üzə çıxdı. Kim nəyə
qadirdir, kim ölkəni necə idarə
edir, kim böhrana qarşı necə hərəkət edir,
kim xalqı, cəmiyyəti səfərbər edə bilib, kim
isə, sadəcə olaraq, xarici yardıma möhtac qala-qala
başqasından yardım diləyir. Ona görə
həm özümüzə, xalqımıza, həm də
bütün dünyaya bir daha göstərdik ki, biz ləyaqətli
ölkəyik. Bizim üçün milli
maraqlar prioritet məsələdir. İnsanların
sağlamlığı isə milli maraqlar arasında prioritet
yerdədir.
Bugünkü açılış böyük rəmzi
məna daşıyır. Birincisi, ona görə
ki, 10 xəstəxana işə düşəndən sonra
bizim əlavə 2 min çarpayımız olacaqdır.
Amma əsas odur bu, onu göstərir ki, biz qısa müddət
ərzində bütün resursları səfərbər edib
yüksək nailiyyətlərə nail ola
bilmişik.
Əlbəttə ki, həkimlərin fəaliyyətini
bir daha qeyd etmək istərdim. Həkimlər
doğurdan da böyük fədakarlıq, qəhrəmanlıq
göstərirlər. Sizə bundan sonra da
uğurlar arzulayıram. Amma xahiş edirəm
ki, özünüzə də yaxşı baxın, xəstələnməyin,
həmişə belə vətənpərvər, həmişə
peşəkar və xalqı sevən insanlar kimi
yaşayın, yaradın, insanlara tibbi xidmət göstərin.
Sağ olun.
X X X
Sonra həkimlər Vasif Əliyev və Günay Muradova
çıxış etdilər.
Vasif
Əliyevdedi: Möhtərəm Prezident İlham Əliyev və
hörmətli Mehriban xanım.
Əvvəlcə Sizə minnətdarlığımı
bildirmək istəyirəm ki, çox qısa zaman ərzində
koronavirusla mübarizə çərçivəsində
lazımi imkanlara malik yeni modul tipli xəstəxana biz həkimlərin
ixtiyarına verilir.
Modern tibbi xidmətin təşkilində xüsusi yeri
olan modul tipli xəstəxanalar bu gün də, gələcəkdə
də xəstəliklərin müalicəsində və idarə
edilməsində daha çevik davranmağımıza imkan verəcəkdir.
Pandemiya dövründə "Yeni klinika” tibb müəssisəsinin
açılması və orada ən müasir tibbi
avadanlıqların quraşdırılması da xüsusilə
ağır koronavirus xəstələrinə xidmət
göstərməyimiz baxımından müstəsna rol
oynadı.
Onu da qeyd etmək istəyirəm ki, dövlətimiz tərəfindən
xəstəxanalarımızın dərmanlarla, zəruri tibbi
ləvazimatlarla vaxtında təchizatı, Sumqayıt Kimya Sənaye
Parkında tibbi maska istehsalı müəssisəsinin
açılması biz tibb işçilərinin etibarlı və
adekvat xidmət göstərməsinə imkan yaradıb.
Ümumdünya
Səhiyyə Təşkilatının Baş direktorunun Sizə
ünvanladığı təşəkkürü də Sizin rəhbərliyinizlə verilmiş qərarların
nə qədər doğru və zamanında olduğunu bir
daha sübut edir.
Bunun nəticəsidir ki, Azərbaycanın pandemiya ilə
savaşdakı uğuru dünya ölkələrinin də
diqqətindən yayınmayıb.
Xalqımız bir daha əmin oldu ki, Prezidenti və
dövləti hər zaman onun yanındadır. Biz birlikdə
virusla savaşda qalib gələcəyik. Biz
birlikdə güclüyük. Təşəkkür
edirəm.
Günay
Muradovadedi: Hörmətli cənab Prezident və çox dəyərli
Mehriban xanım.
Dövlət Proqramı çərçivəsində
Türkiyədə tibbi təhsil almış gənc həkimlər
olaraq əvvəlcə bizə yaradılmış şəraitə
və verilən dəstəyə görə Sizə dərin
təşəkkürümüzü bildiririk.
Zamanında səhiyyəmiz üçün verdiyiniz qərarlar
sayəsində bu sahənin inkişafı artıq öz
töhfəsini verir. Hazırda Dövlət Proqramı məzunları
pandemiya ilə mübarizə komandasında fəal iştirak
edirlər.
Görülən bütün bu işlər, verdiyiniz dəstək
sayəsində səhiyyəmizin inkişafı isə xarici
ölkələrdə təhsil almaqda olan və
çalışan bizim kimi gənc həkimlərimizin də
Vətənimizə geri dönüb, xalqımıza xidmət
göstərməsi üçün stimuldur.
Koronavirus pandemiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə verdiyiniz qərarlardan biri də inkişaf etmiş xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da modul tipli xəstəxanaların yaradılmasıdır.
Məhz müasir avadanlıqlarla təchiz olunmuş modul tipli xəstəxanalar sayəsində biz yoluxmuş xəstələrin səmərəli müalicəsini təşkil edə biləcəyik.
Sizi əmin etmək istəyirik ki, bu çətin və şərəfli yolda əlimizdən gələni əsirgəməyəcək, ölkəmizə layiqincə xidmət göstərəcəyik.
X X X
Qeyd edək ki, koronavirus
pandemiyasının ölkəmizdə yayılmasının
qarşısının alınması, bu virusa yoluxanların
müalicəsinin yüksək səviyyədə təşkili,
onların tezliklə sağalması istiqamətində
görülən işlər birbaşa Prezident İlham
Əliyevin nəzarətindədir. Virusun
yayılmağa başladığı dövrdən dövlətimizin
başçısının tapşırığına əsasən
zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz
tədbirlər görüldü. Təsadüfi deyil ki,
COVID-19 ilə bağlı Azərbaycanda görülən
işləri Ümumdünya Səhiyyə Təşkilatı
bu gün nümunə kimi göstərir. Bu istiqamətdə
görülən kompleks işlər çərçivəsində
Prezident İlham Əliyevin təşəbbüsü ilə
modul tipli 10 yeni xəstəxananın tikintisinin xüsusi əhəmiyyəti
var. Bu, tətbiq olunan xüsusi karantin rejimi
dövründə ölkənin səhiyyə sisteminin indiyədək
görünməmiş bu qlobal çağırışa və
arta biləcək xəstə sayına tab gətirməsi
üçün mövcud xəstəxanaların infeksion
çarpayı fondunun artırılması baxımından
müstəsna rol oynayır. Hazırda ölkə ərazisində,
ümumilikdə, modul tipli daha 9 xəstəxana kompleksinin
quraşdırılması aparılır. Onlardan daha biri
Bakıda, digərləri isə Gəncə, Sumqayıt,
Abşeron, Şəki, İsmayıllı, Qəbələ,
Qobustan və Şamaxıda quraşdırılacaq. Modul tipli
xəstəxanaların istifadəyə verilməsi nəticəsində
ölkəmizin səhiyyə sisteminin əlavə 2000
çarpayılıq ehtiyatı yaranacaq.
Azərbaycan.-2020.- 8 may.- S.1;3.