Dünyanın ən
böyük azərbaycanlısı
"Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Müstəqil Azərbaycanın xilaskarı, yaradıcısı, Ulu Öndər Heydər Əliyevin hər bir azərbaycanlının həyat amalına çevrilən, bütün dövrlər üçün aktuallığını qoruyan bu tezisi onun ömrünün mənasını təşkil etmişdir.
Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrünə nəzər saldıqda yalnız və yalnız dövlətinə, xalqına bağlılığını, sevgisini görmək mümkündür. Ümummilli Liderin Azərbaycana ilk rəhbərlik etdiyi dövr ölkə tarixinə siyasi, iqtisadi, mədəni yüksəliş və intibah dövrü kimi daxil olmaqla, xalqın milli mənlik şüurunun oyanışına, özünüdərkin güclənməsinə böyük stimul vermişdir. 14 iyul 1969-cu ildə Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsinə seçilən Ulu Öndər Heydər Əliyev özünün yüksək idarəçilik keyfiyyətləri sayəsində o dövrdə hökm sürən sovet ideologiyasının bütün sədlərini aşmaqla mövcud total qadağalara baxmayaraq, Azərbaycanın milli inkişaf konsepsiyasını önə çəkərək, insanları bütün sahələrdə böyük yüksəlişlərə ruhlandırmışdır.
Məhz o dövrdə atılan uğurlu addımların nəticəsində Azərbaycan keçmiş ittifaqda ən sürətlə inkişaf edən respublika olmuşdur. Ümummilli Liderin o dövrdə gördüyü işlər onun Azərbaycanı gələcəkdə müstəqil görmək istəyini ortaya qoyurdu. Respublikanın iqtisadi qüdrətinin artırılması ilə yanaşı, təhsil və elm ocaqlarının yaradılmasına, hərbi kadrların hazırlanmasına göstərdiyi diqqət bunun bariz nümunəsidir. Həmin illərdə minlərlə Azərbaycan gənci keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaga göndərildi, C.Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Bu gün böyük inamla qeyd edirik ki, müstəqil Azərbaycana hərbi sahədə ləyaqətlə xidmət edən, ali hərbi rütbələrə qədər yüksələn onlarca zabitimiz həmin məktəbin məzunları, müxtəlif dövlət strukturlarında yüksək vəzifə tutan şəxslərin əksəriyyəti məhz həmin illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Sovet İttifaqının ən aparıcı ali məktəblərində təhsil alan şəxslərdir.
Ulu Öndərin tarixi missiyasının ən parlaq dövrü isə 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlamışdır. Başqa sözlə desək, xalqımız 1991-ci ildə müstəqilliyinə qovuşsa da, bu sevinci Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşadı. Dahi şəxsiyyət o çətin illərdə xalqının səsinə səs verməklə bir daha Vətən, xalq, dövlət məfhumlarının onun üçün nə qədər əziz olduğunu göstərdi. Ümummilli Liderin aforizmə çevrilən "Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq ondan da çətindir” tezisi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinin, qorunmasının önəminə işıq saldı. Xalqımız Heydər Əliyev yolunun ölkəmizə qazandırdığı uğurları gördükcə sabaha daha böyük ümidlərlə addımladı. Vətənini, ölkəsini, xalqını sevən liderə milyonların sevgisi şəksizdir. 1993-cü ildən başlanan Heydər Əliyev yolu hər günü Azərbaycanın tarixinə uğur səhifəsi kimi yazır. Heç də səbəbsiz deyildir ki, bu gün Azərbaycan xalqı beynəlxalq qurumların hesabatlarında dünyanın ən xoşbəxt xalqı kimi qərar tutub. Xalq-Prezident birliyi və həmrəyliyi davamlı uğurların, hər bir xalqın xoşbəxtliyinin açarıdır. Ən əsası azərbaycançılıq ideyası ətrafında sıx birlik müstəqillik yolunda ilk addımlarını atan bir dövlətin beynəlxalq aləmdə təqdimatına stimul oldu.
Sabitlik,
firavanlıq və inkişafa aparan yol
Arxada
qalan hər il Heydər Əliyev şəxsiyyətinin
böyüklüyünü daha aydın göstərir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra hər gününü tarixinə
uğur səhifəsi kimi yazan Azərbaycan sürətli
inkişafı ilə sanki zamanı qabaqladı. Dövlət başçısı İlham
Əliyevin vurğuladığı kimi, bu uğurlar
böyük səylərin və qətiyyətin nəticəsidir.
Təbii
ki, bu inkişafı yaşyan olan kəs bəzən əldə
olunan uğurların, baş verən yeniliklərin fərqində
olmur, amma baş verənləri kənardan izləyənlər
nəinki gündən-günə, hətta hər saat, hər
saniyə bu inkişafı görür, onun
dayanıqlılığının qaçılmaz
olduğunu günün əsas reallığı kimi qəbul
edir. Bu inkişafa əsas verən başlıca
amil ölkədə sabitliyin və insanlarda sabaha inamın
yaranmasıdır. Azərbaycan xalqı
dövlətçiliyimizin dağılmaq təhlükəsi
qarşısında qaldığını gördüyü
bir zamanda, yəni 1993-cü ilin iyununda mövcud hakimiyyətin
dəyişilməsini, Ulu Öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışını tələb etdi.
1991-ci ildən 1993-cü ilin iyununadək olan
dövr çətin və təlatümlü dövr idi.
Ölkəyə rəhbərlik edənlərin
səriştəsizliyi, şəxsi ambisiyalarının quluna
çevrilmələri, dövlət, xalq kimi məfhumları
maraqlarının arxasında gizlətmələri Azərbaycanın
gələcəyi üçün qaranlıq olan bir mənzərəni
yaratmışdı. Azərbaycanın bir
dövlət olaraq varlığı şübhə
altında idi. Azərbaycan tarixinə
qaranlıq bir dövr kimi yazılan o illər hakimiyyət hərisliyinin
hansı uğursuzluqlara yol açdığını bir daha
nümayiş etdirdi. Birillik hakimiyyətləri
dövründə Azərbaycanı "olum, yoxsa ölüm”
dilemması qarşısında qoyan AXC-Müsavat
cütlüyünün yarıtmaz siyasətinin xalqın
sabaha ümidlərini itirdiyi bir zamanda dahi şəxsiyyət
Heydər Əliyev xalqın yanında oldu. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra düşünülmüş
və məqsədyönlü siyasəti ilə Azərbaycanı
müstəqilliyimizin ilk illərinin xaosundan, anarxiyasından,
özbaşınalıqlarından və iqtisadi tənəzzülündən
xilas etdi.
Ümumiyyətlə, xalqa xidmət etmək Ulu Öndərin
başlıca missiyası idi. Azərbaycanın
müstəqilliyə qədərki dövründə də,
müstəqillik illərində də Ulu Öndər Heydər
Əliyev daim xalqın yanında idi. Bu məqamı
xüsusi qeyd etməliyik ki, müstəqilliyimizə qəsd
kimi dəyərləndirilən 1990-cı ilin 20 Yanvar faciəsindən
sonra Ümummilli Lider Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gələrək mətbuat konfransı keçirmiş, Sovet
rəhbərliyini, Kommunist Partiyasını ittiham etmiş, bu
qanlı faciəni pisləmiş və bütün dünyaya
həqiqəti çatdırmışdır. Ondan
sonra isə Kommunist Partiyasının sıralarını tərk
etmişdir. Bu cəsarətli addım Ulu
Öndərin xalqa nə qədər bağlı olduğunu
göstərdi.
Dövlət başçısı İlham Əliyev
Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə
keçirilən mərasimdə tariximizin ayrı-ayrı
dövrlərinin təhlili fonunda müstəqilliyimizin ilk illərinin
aydın mənzərəsini təqdim etmişdir. "Müstəqilliyə
gedən yol da Heydər Əliyevin adı ilə
bağlıdır”, - söyləyən cənab İlham
Əliyev bir daha bu reallıqları diqqətə
çatdırmışdır ki, Azərbaycanın Heydər
Əliyevə qədərki bütün rəhbərləri fərarilik
etmiş, xalqı və ölkəni ağır vəziyyətdə
tərk etmiş, qaçmışlar - ikisi Moskvaya, biri Kələkiyə.
Bu, fərarilikdir, satqınlıqdır və xəyanətdir:
"Liderin vəzifəsidir dövləti qorumaq, liderin vəzifəsidir
xalqla bir yerdə olmaq. Ən ağır, ən
çətin anlarda lider qabaqda olmalıdır, Heydər
Əliyev kimi. O, hər birimiz üçün nümunədir.
Burada əyləşən gənclər də
bu tarixi bilməlidirlər”.
Düşünülmüş
və məqsədyönlü siyasəti nəticəsində
ölkədə daxili sabitliyi təmin edən Ulu Öndər
Heydər Əliyev bildirirdi ki, əgər respublikada
ictimai-siyasi sabitlik, sağlam ictimai-siyasi mühit olmasa,
heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll
edilməsindən söhbət gedə bilməz. Ümummilli Liderin gərgin səyləri nəticəsində
1994-cü ilin mayın 12-də cəbhə xəttində atəşkəs
sazişinin imzalanması da sabitliyin təminatında və digər
sahələrin inkişafında əhəmiyyətli rol
oynadı. Bu mühüm məqamı da
qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər
Əliyevin fəaliyyəti nəticəsində həmçinin
pərdəarxası oyunlara, siyasi anarxiyaya son qoyuldu,
bütün qanunsuz silahlı dəstələr ləğv
olundu. Belə ki, 1994-cü ilin oktyabr və
1995-ci ilin mart dövlət çevrilişləri cəhdlərinin
qarşısı Ümummilli Liderin qətiyyəti sayəsində
alınaraq dövlət müstəqilliyimizin qorunub
saxlanılması təmin edildi. Bütün
bu addımlar isə öz növbəsində Azərbaycanda
müstəqil dövlət təsisatlarının
yaranmasını, ilk Konstitusiyanın qəbulunu zərurətə
çevirdi.
Xeyirxahlıq
və humanizm
Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonra
demokratik və hüquqi dövlət quruculuğu istiqamətində
uğurlu addımlar atıldı. Bu missiya onun hakimiyyətinin
hər iki dövrü üçün səciyyəvi idi.
Əvvəldə də qeyd etdiyimiz kimi, Ümummilli Lider
hakimiyyətinin birinci dövründə hər il
dövlət hesabına keçmiş İttifaqın
ayrı-ayrı şəhərlərində yüzlərlə
Azərbaycan gəncinin müxtəlif ixtisaslar üzrə təhsil
almalarına nail olmuşdu. Uzun illər davam edən bu proses nəticəsində
güclü mütəxəssislər ordusu formalaşdı və
çoxsaylı alimlər yetişdi. Bu gün
Azərbaycanın müxtəlif sahələrində
çalışan həmin dövrün məzunları dahi
şəxsiyyət Heydər Əliyevin xeyirxah əməllərindən
böyük minnətdarlıq hissi ilə bəhs edirlər.
Xeyirxahlıq, mərhəmət, ehtiyacı
olanlara maddi və mənəvi dəstək kimi keyfiyyətlər
Ümummilli Liderin fəaliyyətinin əsas istiqamətlərindən
olub.
Ümummilli Liderin bilavasitə rəhbərlik etdiyi
komissiya tərəfindən işlənib hazırlanan və
1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu
ilə qəbul olunan müstəqil Azərbaycanın ilk
Konstitusiyası ölkəmizin demokratik dəyərlərə
sadiq dövlət kimi inkişafına geniş yol
açdı.
Konstitusiyada əksini tapan maddələrin
böyük əksəriyyəti insan hüquq və
azadlıqlarının qorunmasına xidmət edir. 1998-ci ilin fevralın 10-da ölüm
hökmünün ləğvi ilə Azərbaycanın
adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən
ölkə kimi tarixə düşdü. Ümummilli
Lider ölüm hökmünü ləğv etməklə bəşəri
humanizmə, beynəlxalq hüquq normalarına sadiqliyini bir
daha nümayiş etdirdi.
1995-ci ildən başlayaraq mühüm hadisələr və
bayramlar ərəfəsində əfv fərmanları və
sərəncamlarının imzalanması, amnistiya
aktlarının qəbul edilməsi sistemli xarakter aldı. Səhvini
anlayan, əməllərindən peşmançılıq
keçirənlər Ulu Öndər Heydər Əliyev tərəfindən
əfv edilir və onların yenidən normal həyata
qayıtmalarına imkan yaradılırdı.
1995-2003-cü illərdə 32 əfv fərmanı və sərəncamını
imzalayan, 7 amnistiya aktını qəbul edən Ümummilli
Lider humanizmin ölkədə həyata keçirilən
hüquqi siyasətin əsas prinsiplərindən biri
olduğunu təsdiqlədi.
Son 16 ildən artıq bir dövrdə bu siyasət cənab
Prezident İlham Əliyev tərəfindən də uğurla
davam etdirilir.
Belə ki, bu müddət ərzində 34 əfv
sərəncamı, 4 amnistiya aktı qəbul olunub. Azərbaycanda,
onun hüdudlarından kənarda mərhəmət, insansevərlik,
şəfqət və nəciblik mücəssəməsinə
çevrilən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Milli Məclisin
deputatı olarkən amnistiya aktlarının qəbulu ilə
bağlı qanunvericilik təşəbbüsləri ilə
çıxış etmiş, on minlərlə məhkumun cəzası
tam və qismən ləğv edilmişdir. Dövlət
başçısı İlham Əliyevin son aylar
pandemiyanın dünyanı çənginə aldığı
bir zamanda "Məhkum edilmiş bir sıra şəxslərin
əfv olunması haqqında” 6 aprel 2020-ci il
tarixli Sərəncamına əsasən, 176 məhkum
azadlığa qovuşdu. Sərəncam
koronavirus infeksiyasının yayılması ilə əlaqədar
yaşına və səhhətinə görə xüsusi
qayğıya ehtiyacı olan və yaşı 65-dən
yuxarı olan məhkumlara şamil olundu.
Bütün bunlar bir daha təsdiqləyir ki, insanpərvərlik
və humanizm prinsipləri 28 ildən artıq müstəqillik
tarixinə malik olan Azərbaycanın dövlət siyasətinin
təməl prinsipləri kimi tətbiq və təşviq olunmaqdadır. Humanizm siyasəti
vətəndaş-dövlət münasibətlərinin
inkişafında da əsas amillərdən biridir. Belə ki, dövlət hər bir vətəndaşının
yanında olduğunu təsdiqləməklə əfv etdiyi
insanların cəmiyyətə qayıtmalarına və
qanunlarımıza riayət etmələrinə yenidən
şans verir.
"Əsrin
müqaviləsi”: iqtisadi tərəqqi, yüksək rifah
Hər bir ölkənin inkişafını şərtləndirən
bir sıra amillər mövcuddur. Ölkənin malik
olduğu təbii resurslardan səmərəli istifadə
prioritet istiqamətlərdəndir. Ulu
Öndər Heydər Əliyevin iqtisadiyyatın
inkişafında neft amilinə xüsusi önəm verməsi
uzaqgörən siyasətindən irəli gəlirdi. 1994-cü ilin sentyabrın 20-də dünyanın
aparıcı transmilli şirkətləri ilə tarixə
"Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin
imzalanması Azərbaycanın iqtisadi tərəqqisində və
insanların yüksək rifahının təmin edilməsində
əhəmiyyətli rol oynadı. Cənab
İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan
terminalına çatması münasibəti ilə xalqa təbrikində
bildirmişdir ki, "Əsrin müqaviləsi”
imzalanmasaydı, Azərbaycanın hazırkı iqtisadi
inkişafını, beynəlxalq mövqeyini təsəvvür
etmək çətin deyildi. Bakı-Tbilisi-Ceyhan
(BTC) neft kəməri olmasaydı, Bakı-Tbilisi-Ərzurum
(BTƏ) qaz kəməri olmasaydı, "Cənub qaz dəhlizi”ndən
danışmaq qeyri-mümkün idi.
Çoxlarına
əfsanə kimi görünən BTC və BTƏ neft-qaz
layihələrinin 2006 və 2007-ci illərdə reallığa
çevrilməsi, 2017-ci ildə "Yeni əsrin müqaviləsi”nin
imzalanması, 2018-ci ilin mayında dünyanın enerji təhlükəsizliyinin
təminatında Azərbaycanın rolunu artıran "Cənub
qaz dəhlizi”nin rəsmi açılışı, həmçinin
həmin ilin iyununda "Cənub qaz Dəhlizi”nin əsas tərkib
hissələrindən olan TANAP-ın istifadəyə verilməsi
və s. kimi bir-birindən mühüm hadisələr
"Əsrin müqaviləsi”nin ölkəmizə
böyük uğurlar qazandırdığını bir daha
dünyaya bəyan edir. Cari ildə isə
TAP-ın istifadəyə verilməsi nəzərdə tutulur.
Azərbaycan bu layihələrin uğurlu icrasına nail olmaqla
dünyanın enerji xəritəsini dəyişir.
Neft gəlirlərinin idarə olunmasında şəffaflığın
yüksək səviyyədə təminatı məqsədilə
1999-cu ilin dekabrında Ümummilli Liderin böyük
uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun
vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr
həyata keçirilir ki, bunlar da ölkənin hərtərəfli
inkişafını sürətləndirir. 1 aprel 2020-ci il
tarixinə olan məlumata əsasən, Dövlət Neft
Fondunun vəsaitlərinin həcmi 41 milyard dollardan
artıqdır.
Ölkəmizin iqtisadi imkanlarının artması əhalinin
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
mühüm addımlara yol açdı. Neft gəlirlərinin
düzgün istiqamətləndirilməsi nəticəsində
digər neftlə zəngin ölkələrdən fərqli
olaraq Azərbaycanda təbəqələşmə prosesi
getmir, əksinə, yoxsulluq və işsizlik problemlərinin
aradan qaldırılması istiqamətində davamlı
addımlar atılır. "Əsrin
müqaviləsi” Azərbaycanı böyük investisiyalar məkanına
çevirdi. Son 16 ildən artıq bir
dövrdə ölkə iqtisadiyyatına 270 milyard dollardan
artıq investisiya yatırılıb. Valyuta
ehtiyatlarının həcmi 52 milyard dollardan artıqdır.
Bu gün böyük inamla qeyd edirik ki, Ulu Öndər
Heydər Əliyevin müəllifi olduğu neft strategiyası
ölkəmizə böyük uğurlar qazandırır. Neft siyasətinin
məntiqi davamı kimi iqtisadiyyatın şaxələndirilməsi
siyasəti uğurla həyata keçirilir. Cənab
İlham Əliyev Prezident kimi fəaliyyətə
başladığı ilk gündən iqtisadi artımın
qeyri-neft sektorunun hesabına olması istiqamətində
atılan addımların, həyata keçirilən regional inkişaf
proqramlarının uğurlu icrası nəticəsində son
16 ildə 2 milyondan artıq yeni iş yeri yaradılıb. Bu
gün ölkədə yoxsulluğun səviyyəsi 4,8 faizdir. Müqayisə
üçün qeyd edək ki, 2003-cü ildə
yoxsulluğun səviyyəsi 49 faiz idi. Möhtərəm
Prezidentimiz İlham Əliyevin bölgələrə hər səfəri
yeni sosial obyektlərin açılışı və təməlqoyma
mərasimlərinin keçirilməsi ilə yadda qalır.
Bu gün bölgələrimizin siması tamamilə
dəyişib, yol infrastrukturu yenilənib, işıq, su təminatı
yüksək göstəricilərlə ifadə edilir. Minimum əməkhaqlarının, minimum
pensiyaların, müavinətlərin məbləği
artıb. Bütün bu uğurlar Ulu
Öndər Heydər Əliyevin "Neft - Azərbaycanın ən
böyük sərvəti olub xalqa, özü də təkcə
indiki nəslə deyil, həm də gələcək nəsillərə
mənsubdur” tezisinin reallıqda öz əksini
tapmasının təsdiqidir.
Azərbaycan
- regional iqtisadi inkişafın aparıcı qüvvəsi,
dünya birliyinin fəal üzvü
Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü
olduğu layihələrin uğurlu icrası regional iqtisadi
inkişafa böyük töhfələr verir. BTC və
BTƏ neft-qaz layihələrinin icrası, həmçinin
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi
Azərbaycan, Gürcüstan və Türkiyənin siyasi iradəsinin
və qətiyyətinin nəticəsidir. Daim
vurğulandığı kimi, əməkdaşlıq əlaqələri
öncə regional çərçivədən
başlanmış və beynəlxalq əməkdaşlığa
doğru inkişaf etmişdir. Artıq
"Cənub qaz dəhlizi” çoxtərəfli əməkdaşlığın
başlanğıcıdır. Getdikcə
layihələrin əhatə etdiyi ölkələrin
coğrafiyası da genişlənir. İqtisadi
müstəqilliyin təminatı siyasi müstəqilliyə
geniş imkanlar açır. Belə ki,
dövlət başçısı İlham Əliyevin
vurğuladığı kimi, Azərbaycanın iştirakı
olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata
keçirilməsi qeyri-mümkündür.
Azərbaycanın bayrağının dünyanın ən
nüfuzlu təşkilatlarının qarşısında
dalğalanması, dünyada gedən proseslərə təsir
imkanlarının artması da Ulu Öndər Heydər
Əliyevin düşünülmüş və məqsədyönlü
siyasətinin nəticəsidir. Ümummilli Lider Azərbaycan
həqiqətlərinin təbliğini, Dağlıq
Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya
ictimaiyyətinə çatdırılmasını
qarşıya mühüm vəzifə kimi qoyaraq bu istiqamətdə
davamlı addımlar atdı. Erməni
yalanları əsaslı şəkildə dünyaya bəyan
edildi, ölkəmizin ətrafında yaradılan informasiya
blokadasının yarılmasına nail olundu. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində
Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib
hissəsi olduğu, erməni
işğalçılarının bu ərazilərdən
qeyd-şərtsiz çıxarılması öz əksini
tapıb. Ulu Öndərin xarici ölkələrə
elə bir səfəri yox idi ki, Dağlıq Qarabağ
problemi əsas müzakirə mövzusu olmasın.
Son 16 ildən artıq bir dövrdə Ümummilli Liderin
siyasi kursunu bütün istiqamətlərdə uğurla davam
etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində
diplomatik uğurlarımızın miqyası daha da genişlənib. Belə ki, 2011-ci ildə Azərbaycanın
193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi, 2019-cu ildə
BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin
təmsil olunduğu ən böyük siyasi təsisat olan, 120
üzvü sıralarında birləşdirən Qoşulmama
Hərəkatının XVIII Zirvə görüşünə,
həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının VII Zirvə görüşünə
evsahibliyi Heydər Əliyev ideyalarının, Prezident
İlham Əliyevin uğurlu siyasətinin təntənəsidir.
Azərbaycan haqqı, ədaləti müdafiə edən,
bütün münaqişəli məsələlərin beynəlxalq
hüququn norma və prinsipləri əsasında
çözülməsini istəyən ölkə olaraq
dünya birliyində yeri və rolunu artırır.
Hazırda dünyanı bürüyən pandemiyaya
qarşı mübarizə tədbirləri çərçivəsində
də Azərbaycanın beynəlxalq həmrəyliyin gücləndirilməsi
istiqamətində atdığı addımlar təqdir edilir. Belə ki,
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü
ilə Türk Şurasının videokonfrans vasitəsilə
fövqəladə Zirvə görüşü
keçirildi. Burada qlobal problem olan
pandemiyaya qarşı birgə addımların
atılmasının və həmrəyliyin gücləndirilməsinin
zəruriliyi məsələsi irəli sürüldü.
Möhtərəm Prezidentimiz bu birliyin, həmrəyliyin
coğrafiyasını genişləndirərək Qoşulmama
Hərəkatının Təmas Qrupu formatında videokonfrans
vasitəsilə "COVID-19-a qarşı birlikdəyik”
mövzusunda Zirvə görüşünün keçirilməsi
təşəbbüsü ilə çıxış etdi.
Böyük dəstək qazanan bu təşəbbüs
bir daha Azərbaycan dövlətinin birgə əməkdaşlıqda,
səylərin birləşdirilməsində nə qədər
maraqlı olduğunu açıqlayır.
Yeni Azərbaycan
Partiyasına milyonların sevgisi şəksizdir
Ümummilli Liderin xalqımız
qarşısındakı xidmətləri sırasında bu
gün ölkəmizin ictimai-siyasi həyatında
aparıcı qüvvə olan, sıralarında 750 mindən
artıq üzvü birləşdirən Yeni Azərbaycan
Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Tarixi zərurətdən,
xalqın istəyi əsasında yaranan bu partiya qısa zamanda
milyonların sevgisini qazandı. Yaranmasından
7 ay sonra iqtidar partiyasına çevrilən YAP hazırda nəinki
ölkənin, hətta regionun aparıcı siyasi təşkilatına
çevrilib. Ölkəmizin çətin günlərində,
sabaha ümidlərin itdiyi bir zamanda tarixə "91-lər”in
müraciəti kimi yazılan, xalqın böyük əksəriyyətinin
istəyini ifadə edən 91 nəfər ziyalının Yeni
Azərbaycan Partiyasının yaradılması ilə
bağlı Ulu Öndər Heydər Əliyevə müraciəti
və onun müraciətə sabahımıza böyük
ümidlərlə dolu cavabı bugünkü
reallıqların əsası oldu.
1992-ci
ilin noyabrın 21-də Naxçıvanda təsis
konfransını 550 nümayəndənin iştirakı ilə
keçirən Yeni Azərbaycan Partiyasının hazırda
sıralarında birləşən minlərlə
üzvünün hər biri Heydər Əliyev
ideyalarını, onun siyasi kursunu uğurla davam etdirən
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin
təbliğatçısıdır.
Azərbaycanın müstəqillik tarixinin bələdçisi
olan Yeni Azərbaycan Partiyasına xalqın sevgisinin,
inamının göstəricisi kimi ölkədə
keçirilən seçki proseslərindən böyük qələbələrlə
çıxması xüsusi önə çəkilir. Azərbaycanın
uğurlarında payı olan YAP-ın fəaliyyətinin əsasında
dövlətə, xalqa xidmət dayanır, partiyamız daim
ölkəmizin qüdrətlənməsi, əhalinin sosial
müdafiəsinin daha da gücləndirilməsi istiqamətində
yeni-yeni hədəflərə doğru inamla irəliləyir.
Partiyanın son növbədənkənar
parlament seçkilərinin keçirilməsi ilə
bağlı təşəbbüsü ölkə ictimaiyyəti
tərəfindən böyük rəğbətlə
qarşılandı. YAP ölkədə bütün sahələri
əhatə edən islahatların qanunverici orqanda da öz əksini
tapmasında maraqlı olduğunu açıqladı. Cari ilin fevralın 9-da keçirilən növbədənkənar
parlament seçkiləri Azərbaycanın demokratik
inkişafının göstəricisi olmaqla yanaşı, Yeni
Azərbaycan Partiyasının cəmiyyətdə artan
nüfuzuna işıq saldı. Belə ki,
partiya "Daha qüdrətli Azərbaycan naminə” deyib
növbəti dəfə tarixinə uğur, qələbə
səhifəsini yazdı. Sözlə əməl
birliyi olan, populizmdən uzaq partiyaya xalqın dəstəyi
qaçılmazdır.
Heydər
Əliyev yolu davam edir
2003-cü ildən sonrakı dövr Azərbaycan tarixinə
müasirləşmə, yeniləşmə, təkmilləşmə
illəri kimi daxil olub. Həmin il cənab İlham
Əliyevin xalqın böyük əksəriyyətinin dəstəyini
qazanaraq Prezident seçilməsi Heydər Əliyev siyasətinin
təntənəsi kimi dəyərləndirildi. Heydər Əliyev siyasətinə sadiq
qalacağını yüksək kürsüdən bəyan
edən dövlət başçısı İlham Əliyev
atdığı ilk addımdan vədini əməli fəaliyyəti
ilə doğrultduğunu nümayiş etdirdi.
Hər sahədə davamlı inkişafın təmin
olunması üçün səylər göstərildi. Ulu Öndər
Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə
yüksək dəyər verməsi növbəti mərhələdə
qeyri-neft sektorunun inkişafını sürətləndirdi.
Regionların potensial imkanlarından səmərəli
istifadə etmək məqsədi regional inkişaf
proqramlarının uğurlu icrası işsizlik, məşğulluq
kimi məsələlərin həllinə geniş imkanlar
açdı.
Son 16 ildən artıq bir dövrdə Azərbaycan
bütün sahələrdə bir-birindən daha əhəmiyyətli
uğurlara imza atıb. İqtisadi tərəqqi bütün
istiqamətlərdə önəmli addımların
atılmasını şərtləndirdi. İslahatların zamana görə təkmilləşməsi,
idarəçilik sistemində yeniləşmə davamlı
uğurları təmin edir. Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyata
keçirilən siyasətə dəstəyi fonunda
gördüyü işlərin miqyası olduqca
böyükdür. Mehriban xanım
Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətində
sosial layihələrin icrasına xüsusi diqqət göstərir.
Bu layihələrdə məcburi
köçkünlərin və qaçqınların sosial
müdafiəsinin gücləndirilməsi prioritetdir.
Dövlət başçısı İlham Əliyev bu
günlərdə 3042 məcburi köçkün ailəsi
üçün yaşayış binalarından ibarət məhəllələrdə
tikinti işlərinin gedişi ilə tanış
olarkən bildirilmişdir ki, Mehriban xanım Əliyevanın
tapşırığına əsasən Sumqayıt
üçün yol xəritəsi hazırlanıb. Şəhərdə
inzibati binalarda çətin vəziyyətdə məskunlaşan
köçkünlərimizin sayı 3 mindən bir az çoxdur. Onlar və
Abşeron rayonunda inzibati binalarda çətin vəziyyətdə
yaşayan 1500-dən çox insan bu məhəllələrdə
məskunlaşdırılacaq.
Prezident
İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban xanım Əliyeva hər zaman
çıxışlarında qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması məqsədilə
reallaşdırılan tədbirlərin ardıcıl xarakter
daşıdığını önə çəkməklə
həm də bu əminliyi ifadə edirlər ki, bunlar müvəqqətidir,
tezliklə işğal altındakı torpaqlarımız azad
olunacaq və soydaşlarımız doğma yurd-yuvalarına
qayıdacaqlar.
Təbii ki, bu əminlik Azərbaycanın diplomatik
mübarizədə qazandığı uğurlara və hərbi
qüdrətimizə əsaslanır. Məhz bu uğurlara,
cənab İlham Əliyevin düşünülmüş
siyasətinə söykənərək vətəndaşlarımız
bu inamı ifadə edirlər ki, pandemiyaya qarşı
mübarizə öz müsbət nəticəsini verəcək,
Azərbaycan sonrakı mərhələdə yeni iqtisadi və
sosial inkişaf modeli ilə dayanıqlı
inkişafını təmin edəcəkdir. Dövlət başçısı İlham Əliyevə
ünvanlanan minnətdarlıq məktublarında da həyata
keçirilən siyasətə dəstək öz aydın
ifadəsini tapır. Bu əminlik də öz əksini
tapır ki, cənab İlham Əliyevin, Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində
Azərbaycan bu mübarizədən az itki
ilə çıxacaqdır. "Biz birlikdə
güclüyük!” çağırışına əməldə
dəstək mübarizə tədbirlərinin nəticələrində
də özünü qabarıq şəkildə büruzə
verir.
Heydər
Əliyev Fondunun çoxşaxəli fəaliyyəti
Ümummilli Liderin xidmətlərinin təqdimatında əhəmiyyətli
rol oynayır
Ümummilli
Lider Heydər Əliyevin irsinin təbliği məqsədilə
2004-cü ildən fəaliyyətə başlayan Heydər
Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət,
idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə
müxtəlif layihələri həyata keçirərək
yeni cəmiyyət quruculuğunda fəal iştirak edir,
ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini
verir. Prezident İlham Əliyev 2015-ci ildə Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanı Vətənimizin ən ali
mükafatı - "Heydər Əliyev” ordeni ilə təltif
edərkən bildirmişdir ki, fondun bütün təşəbbüsləri
milli ruha əsaslanır: "Modernləşmə, müasirləşmə,
dünya birliyinə inteqrasiya, Azərbaycanın milli
maraqlarının müdafiə edilməsi, Azərbaycanın
olduğu kimi dünyaya təqdim edilməsi - bütün bu
şərəfli funksiyalar bu fondun üzərinə
düşür”.
Fondun Azərbaycan
reallıqlarının - musiqimizin, xalçaçılıq
sənətimizin, muğamın, digər mədəniyyət
incilərimizin dünyaya təqdim edilməsi, təhsilimizin, səhiyyəmizin,
dilimizin, tariximizin inkişafı, yeganə problemimiz olan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin
beynəlxalq ictimaiyyətə çatdırılması
istiqamətində təbliğat xarakterli materialların
yayılmasına yönələn işlərinin miqyası
genişdir. Bu qurumun çoxşaxəli fəaliyyəti
daim xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Fondun təşəbbüsü ilə həyata
keçirilən layihələr sırasında "Yeniləşən
Azərbaycana yeni məktəb” layihəsini xüsusi olaraq qeyd
etməliyik. Bu proqramın başlanması
nəticəsində son illər ölkəmizdə 3 mindən
çox məktəb əsaslı təmir olunub və ya yenidən
tikilərək istifadəyə verilib. Fondun
prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşkilatçılığı
ilə həyata keçirilən layihələrin əsasında
uşaqlara qayğı da xüsusi yer tutur. "Diabetli uşaqlara ən yüksək
qayğı” layihəsi çərçivəsində Azərbaycanda
diabet xəstəliyinə düçar olmuş uşaqlar
müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və
digər dərmanlarla təmin edilirlər. Fondun "Talassemiyasız həyat naminə” layihəsi
çərçivəsində görülən işlər
də təqdirəlayiqdir.
Bu günlərdə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına bütün idarə və müəssisələr, strukturlar, sadə vətəndaşlar qoşularaq bu addımı mərhəmətin, xeyirxahlığın təcəssümü kimi dəyərləndirirlər. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü qoşulanlara təşəkküründə bildirmişdir: "Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm… Qoy, xoş əməllərin sayı artsın!”
16 ildən artıq yol keçən Heydər Əliyev Fondunun gördüyü işləri Mehriban xanım Əliyevanın bu fikirləri ilə ümumiləşdirə bilərik: "İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir”.
Görülən işlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da xidmətləri böyükdür. Onun təkcə "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi tədbirləri qeyd etmək kifayətdir. Leyla xanım Əliyevanın fəaliyyəti Azərbaycan gəncləri üçün örnəkdir. Onu da qeyd edək ki, Leyla Əliyeva xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə Dünya azərbaycanlılarının III qurultayında "Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Məhz bu uğurlara söykənərək cənab İlham Əliyev ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə bildirmişdir: "Biz Ulu Öndərin doğum gününü yaxşı nəticələrlə, böyük planlarla qarşılayırıq. Əminəm ki, bütün planlar reallaşacaq. Necə ki, bu günə qədər reallaşıb, bundan sonra da reallaşacaq. Çünki buna bizim iradəmiz də çatır, gücümüz də var, xalq da bizim siyasətimizi dəstəkləyir. Biz bundan sonra yalnız və yalnız uğurlar və qələbələr yolu ilə gedəcəyik”.
Siyavuş NOVRUZOV,
YAP İcra
katibinin müavini,
Milli Məclisin Regional məsələlər
komitəsinin sədri
Azərbaycan.-2020.-
9 may.- S.1;5.