Xilaskarlıq və quruculuq məramı

 

Tərəqqi yolunda olan hər bir xalq müasir dünya reallıqlarına əsasən inkişaf perspektivlərini müəyyənləşdirmək üçün, ilk növbədə, konkret zaman və məkan daxilində keçdiyi yolun uğurlu nəticələrindən bəhrələnir. Belə dəyərləndirmə fonunda həm də uzaq hədəflərə hesablanmış əməli siyasət yeridən, milli inkişaf üçün dayanıqlı əsasların müəllifinə çevrilən böyük liderlərin misilsiz xidmətləri qabarıq görünür.

XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması məhz Ümummilli Lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla əsasını qoyduğu uzaqgörən siyasətin nəticəsidir. Hakimiyyətdə olduğu 34 il müddətində Ulu Öndər xalqının tarixi mənafeləri uğrunda əzmkar mübarizə aparmış və ictimai-siyasi proseslərdə real güc mərkəzi kimi özünü göstərmişdir.

Azərbaycanlı təfəkküründə əsrlər boyu aktuallığını qoruyub saxlayan ədalətli rəhbər arzusu da məhz Heydər Əliyev dühasının parlaq şəxsiyyətində reallığa qovuşmuş, Ümummilli Lider siyasi fəaliyyətinin bütün mərhələlərində humanizm və insanpərvərlik prinsiplərinə əsaslanan mükəmməl idarəçilik sisteminin formalaşdırılmasına xüsusi diqqət yetirmişdir. Hələ 1969-cu ilin iyulun 14-də Azərbaycanda rəhbərliyə başlayan Heydər Əliyev respublikada qanunçuluğun gücləndirilməsinə başlamış, məmur özbaşınalığına, korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə aparmışdır. Məhz bu mərhələdən etibarən respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan vermişdir.

Obyektivlik hissini itirməyən tarixçilər etiraf edirlər ki, Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik nemətinə qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün Ümummilli Lider obrazını yaratmış, tarix böyük strateqin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda məhz Ulu Öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir.

1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın quruculuq salnaməsinin ən dolğun və şərəfli səhifələrini təşkil edir. Müstəqil Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi bünövrəyə söykənir.

Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində də mühüm tədbirlər həyata keçirmişdir. Həmin illərdə respublikanın bütün bölgələrinin inkişafı, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görülmüş, elmi-texniki tərəqqinin nailiyyətləri, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın İttifaq miqyasında öncül mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə təkan vermişdir.

Ümumilikdə, 1970-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində respublikamızda onlarca zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250-dən çox sənaye müəssisəsi fəaliyyətə başlamışdır. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tutmuş, respublikamızda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilmişdir. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bu günün özündə də milli iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir.

Ümummilli Liderin yeritdiyi siyasətin dərinliyi və uzaq hədəflərə hesablanması da məhz onun elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala söykənməsi ilə şərtlənirdi. Həmin illərdə respublikada məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin iqtisadiyyatın bütün sahələrində tətbiqi Ulu Öndərin təhsil siyasətinin əsas mahiyyətini təşkil edirdi. Məhz Ümummilli Liderin şəxsi müdaxiləsi və qayğısı ilə 70-ci illərdən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başlamış və bu sahədə milliləşdirmə prosesinə start verilmişdir.

Bütün bunlar göstərir ki, respublikaya birinci rəhbərliyi dövründə Ulu Öndər Heydər Əliyev qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirmiş, bununla da respublika regionlarının tarazlı qaydada inkişaf etdirilməsinə, yeni iş yerlərinin açılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, demoqrafik inkişafa, kənd və qəsəbələrin sosial-mədəni simasının müasirləşməsinə dair strateji məqsədlərini ardıcıllıqla həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyev o dövrün ən ağır şərtləri, məhdudiyyətləri çərçivəsində xalqının gələcək rifahı üçün əlindən gələni əsirgəməmiş, bəzən mümkün görünməyəni belə reallığa çevirmişdir.

Tarix boyu böyük siyasi liderlər üçün səciyyəvi keyfiyyətlərdən biri də onların xalq və dövlət üçün ən böhranlı, çətin sınaq anlarında məsuliyyəti çiyinlərinə götürmələri, bütöv bir xalqın, millətin xilaskarına çevrilmələri olmuşdur. Bu mənada Ümummilli Lider Heydər Əliyevin idarəçilik keyfiyyətləri sırasında onun ən çətin, millətin taleyi baxımından məsuliyyətli zamanlarda düzgün qərarlar qəbul etmək məharətini xüsusi qeyd etmək lazımdır. Azərbaycan özünün dövlət müstəqilliyinin bərpasından cəmi 2 il sonra - 1993-cü ildə çətin sınaqlarla üz-üzə qalanda xalqın yeganə xilaskar kimi Ulu Öndər Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanmışdır.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyət və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirilmişdir. İctimai-siyasi sabitliyin bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını irəli sürmüşdür.

Ulu Öndər keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılması təmin edilmişdir.

Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Ulu Öndər Heydər Əliyev xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlamış və 1994-cü ildən etibarən mərhələlərlə həyata keçirilmişdir.

Beynəlxalq hüququn müstəqil subyekti olan Azərbaycanda həmin dövrdə demokratik cəmiyyətin atributu olan, vətəndaş cəmiyyətinin bərqərar edilməsini, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyaya ehtiyac duyulurdu. Bu zərurəti düzgün qiymətləndirən Ümummilli Lider Heydər Əliyev dövlətin təməlinin möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün, ilk növbədə, müstəqil Azərbaycan Konstitusiyasının hazırlanaraq qəbul edilməsini vacib saymışdır. Onun rəhbərliyi altında 6 ay müddətində hazırlanan, 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.

Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, bazar mexanizminin hərəkətverici qüvvəsi sayılan sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrin sosial-iqtisadi sisteminin yenidən qurulmasında, hökumətin qarşıya qoyduğu strateji məqsədlərin uğurla reallaşdırılmasında mühüm rol oynayır. 1995-ci ildən etibarən respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələləri daim diqqət mərkəzində saxlanılmışdır.

Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildə qüvvəyə minmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı” əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir. Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə "Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə "Haqsız rəqabət haqqında”, "İnvestisiyaların qorunması haqqında”, "İstehlak bazarı haqqında” və digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.

Ulu Öndər hakimiyyətə gəldiyi ilk dövrlərdən sahibkarlarla görüşür, onların qayğılarını, problemlərini öyrənir, mövcud çətinliklərinin həlli məqsədilə operativ qərarlar qəbul edirdi. Sahibkarlarla ilk belə səmimi görüşlərdən biri də 1996-cı ilin əvvəllərində keçirilmişdi. Həmin görüşdə iş adamları sahibkarlığın inkişafı sahəsində mövcud çətinlikləri diqqətə çatdırmış, səmərəli nəticələrə nail olmaq üçün təkliflər irəli sürmüşdülər. Ulu Öndər sahibkarları diqqətlə dinləmiş, özəl sektorun fəaliyyətinə mane olan neqativ amillərin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət qurumlarına tapşırıqlar vermişdi. Eyni zamanda Heydər Əliyev həmin görüşdə sahibkarlıq subyektlərinə dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi, habelə dövlət-sahibkar münasibətlərinin institusionallaşması üçün Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması ilə bağlı təşəbbüslərimizə müsbət yanaşmış, bu yönümdə operativ qərarlar qəbul etmişdi. Ulu Öndərin sərəncamı ilə yaradılmış şuranın məqsədi ölkədə sahibkarlığın inkişafına nail olmaq, iş adamlarının dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər verməkdir.

1998-ci ildə keçirilmiş prezident seçkilərində Ulu Öndərin vəkili olmuş şəxs kimi əminliklə deyə bilərəm ki, onun rəhbərliyi ilə 1993-2003-cü illərdə yürüdülən siyasət iqtisadi islahatların və inkişafın mahiyyət etibarılə yeni - Azərbaycan modelinin formalaşmasına zəmin yaratmışdır. Bu modelin fərqləndirici xüsusiyyəti isə inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi; iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması; sosialyönümlülüyün gözlənilməsi; milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil edir.

Azərbaycanın mütərəqqi inkişaf strategiyasını irəli sürmüş Heydər Əliyev dühası bu gün cismən aramızda olmasa da, onun ölməz ideyaları xalqın uğurlu inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında toparlayır. Həm də onunla qürur duyuruq ki, Ümummilli Liderin Prezident cənab İlham Əliyev kimi xalqının, dövlətinin maraqlarını daim uca tutan, hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli davamçısı var. Ölkəyə rəhbərlik etdiyi 17 ilə yaxın müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə söykəndiyini, reallığa adekvat olduğunu göstərmiş, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirmişdir.

Son illər geosiyasi səbəblərlə bağlı neftin qiymətlərinin 2-3 dəfəyədək aşağı salınması və neft-qaz ölkələrinin süni böhranla üz-üzə qoyulması fonunda respublikamızın nümayiş etdirdiyi makroiqtisadi dayanıqlıq milli inkişaf modelinin qlobal təhdidlərə çevik müqavimət əzmini bir daha nümayiş etdirir. Realist siyasətçi kimi yeni dövrün çağırışlarını düzgün dəyərləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusən də ötən 5 ildə həyata keçirdiyi antiböhran tədbirləri özünün sistemli və ardıcıl olması ilə diqqəti çəkir. Dövlət başçısının siyasi iradəsilə həyata keçirilən sistemli islahatlar - imzalanan fərman və sərəncamlar respublikamızın postneft dövrünə uyğunlaşdırılması, böhranın milli iqtisadiyyata şok təsirlərinin aradan qaldırılması, sahibkarların hərtərəfli dəstəklənməsi yolu ilə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədini önə çəkir.

Dövlət rəhbəri Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində konkret addımlar atır. Son illərdə imzalanmış "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” kimi konseptual əhəmiyyətli sənədlər də göstərir ki, cənab İlham Əliyev Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasına çalışır.

İqtisadiyyatın şaxələndirilməsi ilə bağlı nəzərdə tutulmuş tədbirlərin ardıcıl şəkildə reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə regional inkişaf proqramları təsdiq edilərək uğurla icra olunur. Beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycan hazırda dünyada tərəfdaş kimi tanınır. Respublikamız beynəlxalq miqyasda öhdəliklərinə sadiq olan, investisiyaların qorunmasına təminat verən dövlət kimi qəbul edilir. Bu da, öz növbəsində, respublikamızın investisiya cəlbediciliyinə müsbət təsirini göstərir.

Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Son 15 ildə reallaşdırılan ən mühüm layihələrdən olan "Cənub qaz dəhlizi” layihəsi enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirməkdədir.

Ötən dövrdə respublikamızın tranzit imkanlarının reallaşması üçün digər iri layihələr də uğurla reallaşdırılmışdır. Bu baxımdan Beynəlxalq Dəniz Limanının və Gəmiqayırma Zavodunun tikintisi, TRASECA, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri çərçivəsində görülən işlər, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi xüsusi vurğulanmalıdır.

Bütün bunların nəticəsi olaraq Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun ötən il açıqladığı "2019-2020 Qlobal Rəqabətlilik Hesabatı”nda 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci yerdə qərarlaşmışdır.

Xüsusi vurğulamaq lazımdır ki, Nazirlər Kabinetinin 2018-ci ilin 11 aprel seçkilərindən sonra təsdiqlənmiş yeni tərkibi və əsaslı kadr əvəzlənmələri fonunda dövlət idarəetmə sisteminin tamamilə yenilənməsi prosesinə start verilmişdir. Cənab İlham Əliyev, ilk növbədə, vətəndaşların mənafeyini düşünərək dövlət idarəetməsi ilə bağlı bu və digər mühüm qərarları qəbul edir, gəncləri dövlət idarəetməsinə irəli çəkir. Menecer təfəkkürlü, müasir dünyanın aktual çağırışlarını adekvat qiymətləndirməyi bacaran gənc və perspektivli kadrların mühüm postlara təyin edilməsi Azərbaycanda sistem xarakterli islahatlara etibarlı zəmin yaratmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ötən 2 ildə apardığı ciddi kadr dəyişiklikləri, məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini məhz vətəndaşların mənafelərinin müdafiəsi barədə qəti tapşırıqlar verməsi ictimai fikirdə demokratik inkişafa xidmət edən islahatların uğurla gedəcəyinə qəti inam yaratmışdır. Dövlət başçısı idarəçiliyin təkmilləşdirilməsi prosesini daim diqqət mərkəzində saxlamaqla, cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələrək yeni, çevik və işlək strukturların, dövlət komitələrinin, nazirliklərin, xidmətlərin yaradılmasını da vacib sayır. Bunlar situasiyaların səmərəli şəkildə idarə olunması və idarəetmədə meydana çıxacaq ziddiyyətlərin aradan qaldırılması baxımından son dərəcə əhəmiyyətlidir.

Hüquqi dövlət quruculuğu siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətində korrupsiyaya qarşı mübarizə, aşkarlıq və şəffaflığın təmini tədbirləri də xüsusi yer tutur. Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində müxtəlif kateqoriyadan olan məmur təbəqəsinin və digər vətəndaşların sosial rifah tədbirlərinin genişləndirilməsi, qanunçuluğun gücləndirilməsi və maarifləndirmə yolu ilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri xüsusi diqqətdə saxlanılır. Son 5-6 ayda bəzi rayonların rəhbər şəxslərinin korrupsiya və digər neqativ hallara görə həbs edilməsi bir daha göstərir ki, ölkənin müasirləşdirilməsi, idarəçiliyin şəffaflaşdırılması naminə ciddi siyasi iradə ortaya qoyulmuşdur. Edilən xəbərdarlıqlardan nəticə çıxarmayanlar, sosial cəhətdən aztəminatlı insanlara ayrılan yardımları mənimsəyənlər bundan sonra da sərt şəkildə cəzalandırılacaqlar.

Dövlət başçısı cənab İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bununla bağlı demişdir: "Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır. Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, - hələ bu siqnallar araşdırılır, - vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə gələn adam, ilk növbədə, neyləyəcək? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək”.

Sistem xarakterli islahatların hazırkı mərhələsində mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması istəyi özünü daha qabarıq büruzə verir. İndiki mərhələdə dövlət başçısının başlıca tələbi yeniliklərlə ayaqlaşmaq, aparılan islahatların mahiyyətini düzgün dərk edərək ona dəstək vermək, bürokratik və neqativ amillərdən tamamilə uzaq olmaq, xalq üçün işləmək, hər bir vətəndaşın mənafeyini uca tutmaqdır. Bu mənada xatırlatmaq vacibdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ölkədəki genişmiqyaslı islahatların tələbindən irəli gələn və cəmiyyətin mənafeyini özündə ehtiva edən tarixi qərar olmuşdur. Bu təyinat mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması və islahatların sürətləndirilməsi baxımından əhəmiyyətli olmuş, Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun rəhbəri olaraq cəmiyyətdə qazanmış yüksək nüfuzu ilə dövlət idarəçiliyinə yeni nəfəs, müasirləşmə və innovativ ruh gətirmişdir.

2018-ci ilin 11 aprel seçkilərindən sonra sosialyönümlü islahatlarda keyfiyyətcə yeni mərhələnin başlanmasında, xüsusən də 2019-cu ilin əvvəlindən etibarən əhalinin aztəminatlı və imtiyazlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsində dövlət başçısı cənab İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətləri böyükdür. Yürüdülən uğurlu iqtisadi siyasət - çevik və şəffaf vergi-gömrük islahatları nəticəsində son aylarda ölkəmizin maliyyə imkanlarının daha da artması ilə paralel dövlət başçısı uğurlu sosial islahatlar paketinin reallaşdırılmasını təmin etmişdir.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, son aylarda koronavirus infeksiyasının geniş yayılması ilə bağlı bütün dünya ölkələrində yaranmış ağır maliyyə-iqtisadi, mənəvi-psixoloji çətinliklər obyektiv proses kimi Azərbaycandan da yan keçməmişdir. Bununla belə, əminliklə deyə bilərik ki, dövlət başçısı cənab İlham Əliyevin ilk günlərdən pandemiyanın yayılma arealını və sürətini, mümkün riskləri düzgün analiz etməklə təsirli qabaqlayıcı tədbirlərə başlaması respublikamızın qlobal təhlükədən maksimum az itki ilə çıxmasını təmin etmişdir.

Hələ fevral ayından Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, infeksiyadan qorunmaq üçün əhaliyə sosial məsafə saxlamaq və evdə qalmaq kimi zəruri tədbirlərin əhəmiyyətinin geniş izahı, sərhədlərin bağlanması, aviareyslərin təxirə salınması, məktəblər, uşaq bağçaları, ali məktəblər, ictimai-iaşə müəssisələri, restoran və əyləncə mərkəzlərinin, ticarət obyektlərinin s. fəaliyyətinin müvəqqəti dayandırılması xalqın sağlamlığının qorunması baxımından əhəmiyyətli addımlar olmuşdur.

Şübhəsiz, koronavirus pandemiyası bəşəri bəla olduğundan ictimai sosial məsuliyyət və dövlət-vətəndaş həmrəyliyini tələb edir. Təcrübə göstərir ki, bu qlobal təhdidə qarşı ictimai həmrəylik nə qədər güclü və davamlı olarsa, bir o qədər uğurlu nəticələr əldə etmək mümkündür. Koronavirusla mübarizədə məhz bu iki amilin vəhdəti Azərbaycana ciddi uğur qazandırmışdır - dövlət başçısı tərəfindən vaxtında düzgün və qətiyyətli qərarların qəbulu və vətəndaşlar tərəfindən yüksək sosial məsuliyyət hissi ilə bu qərarların qeyd-şərtsiz icrası.

Koronavirus infeksiyası ilə mübarizənin səmərəli təşkili məqsədilə dövlət rəhbərinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, eləcə də dövlət başçısının və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın quruma ilk maliyyə ianəsi edən şəxslər olması cəmiyyətdə həmrəylik əhvali-ruhiyyəsini artırmışdır. Bu nəcib təşəbbüsə müxtəlif dövlət qurumları, özəl təşkilatlar, biznes strukturları, sahibkarlar, müxtəlif peşə sahibləri qoşulmaqla birlik və həmrəylik nümayiş etdirmişlər. Bu sosial aksiyalar Ramazan ayında da inamla davam etdirilir və aztəminatlı insanlar qayğı ilə əhatə olunurlar.

Əlbəttə, tətbiq edilmiş sosial izolyasiya tədbirləri iş yerləri müvəqqəti bağlanmış vətəndaşları, eləcə də ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələri olan sahibkarları da qayğılandırırdı. Amma dövlətimiz belə ağır məqamda heç kimi darda qoymayaraq hər kəsə yüksək qayğı və diqqətlə yanaşmışdır. Virusla mübarizə tədbirləri çərçivəsində əhalinin, eyni zamanda iş adamlarının mənafelərinin maksimum dərəcədə nəzərə alınması dövlətin sosialyönümlü mahiyyətini dolğun şəkildə əks etdirir. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamına əsasən, pandemiyanın iqtisadiyyata, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə dəyəri 2,5 milyard manata çatan sosial-iqtisadi dəstək paketi qəbul olunmuş, sənəddə mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri üçün ciddi güzəştlər, habelə yardımlar nəzərdə tutulmuşdur.

İqtisadçı alim və iş adamı olaraq hesab edirəm ki, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştlərinin və vergi tətillərinin verilməsi; mikrosahibkarlıq subyektlərinə 2020-ci ilin yanvarın 1-dən 2021-ci ilin yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin edilməsi yolu ilə 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə keçid, həmçinin vergilərin, cari vergi ödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi dövlətimizin özəl sektora mühüm dəstəyidir. Bundan əlavə, koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə 2020-ci ilin 1 yanvar tarixindən etibarən bir il müddətində əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma və digər mühüm güzəştlər nəzərdə tutulmuşdur.

Milli Məclisdə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna edilmiş dəyişikliklə, - 2.1-ci maddədə göstərilən yoxlamalar istisna olmaqla, - Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 2021-ci ilin yanvarın 1-dək dayandırılması da mühüm tədbirlər sırasındadır.

Dövlət başçısının daha bir nəcib göstərişinə əsasən, pandemiyadan zərər çəkmiş, iş yerini itirmiş və yaxud da işləməyən 600 min nəfərədək vətəndaşa 2 ay müddətində 190 manat məbləğində sosial ödəmənin verilməsi təmin olunur. Aztəminatlı ailələrə maliyyə yardımının göstərilməsi və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək də bu proqramın tərkib hissəsidir. Ünvanlı sosial yardım alanların sayının artırılması, özünüməşğulluq proqramlarına cəlb edilən ailələrin əhatəsinin genişləndirilməsi, ictimai əsaslı iş yerlərinin yaradılması və digər sosial tədbirlər yüzminlərlə insanın sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması proqramı da birbaşa sosial xarakterlidir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə respublikamızda tətbiq olunmuş xüsusi karantin rejiminin 04 may 2020-ci il tarixdən əsaslı dərəcədə yumşaldılması, bütün fərdi ticarət obyektlərinin fəaliyyətə başlaması, bölgələrdə karantin rejiminin ləğvi göstərir ki, Azərbaycan üzləşdiyi ağır sınaqdan üzüağ çıxır. Bu gün böyük qürur hissi ilə qeyd edə bilərik ki, respublikamızın pandemiyanın qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlər dünyada mütərəqqi model kimi qəbul olunur və yüksək dəyərləndirilir. Əldə olunan nəticələr vətəndaşlarda, o cümlədən qədirbilən Sumqayıt sakinlərində böyük razılıq hissi doğurur.

Bu gün əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda regionun sürətlə inkişaf edən, yeniləşən, müasirləşən dövlətinə çevrilmişdir. Respublikamız pandemiya dövründə iqtisadi müvazinətini qoruyub saxlayır, sosial və infrastruktur yönümlü layihələr həyata keçirir və mümkün risklərə qarşı qabaqlayıcı tədbirlər görür.

Cəmiyyətin bütün sahələrində özünü göstərən dirçəliş, intibah, şəffaflıq meyilləri sosial-mədəni sferada da özünü qabarıq şəkildə büruzə verir. Ən başlıcası, bu gün cəmiyyətimizin bütövlüyü və monolitliyi - xalq-iqtidar birliyi ölkəmizin üzləşdiyi qlobal təhdidlərə qarşı əzmkar müqaviməti təmin edərək mövcud çətinliklərin qısa zamanda aradan qalxacağına əminlik yaradır.

 

Qüdrət KƏRİMOV,

"Xəzər” QSC-nin sədri, iqtisad elmləri doktoru

Azərbaycan.-2020.- 9 may.- S.1;9.