Tarixin ən qüdrətli Azərbaycanı
Heydər Əliyev ideyalarının təntənəsidir
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil USUBOV:
"Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin, milli inkişafının və təhlükəsizliyinin etibarlı təminatçısıdır”
97-ci ildönümünü qeyd etdiyimiz Heydər Əliyev mənalı ömür yolu, vətənpərvər siyasi fəaliyyəti, yüksək dövlətçilik və idarəetmə səriştəsi ilə Ümummilli Liderlik zirvəsini fəth etmiş dünyanın ən böyük azərbaycanlısıdır. Ulu Öndər bütün dövrlərdə, ən çətin anlarda xalqının önündə getdi, müstəqil dövlət qurdu, milli inkişafı təmin etdi, yüksək sosial rifaha nail oldu. Əbədiyaşar şəxsiyyət həm də Azərbaycanın müstəqilliyinin əbədiliyini, dönməzliyini formalaşdıran fədakar missiyaya müəlliflik etdi.
Bu əlamətdar gün ərəfəsində həmsöhbət olduğumuz Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil USUBOV qazanılan tarixi nailiyyətləri Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin isə uğurla davam etdirdiyi strateji kursla əlaqələndirir. General-polkovnikin fikrincə, Azərbaycanın yarıməsrlik tarixinin şərəf, inkişaf və müstəqillik salnaməsi olan Heydər Əliyev kursu və ideyaları dövlətimizin, xalqımızın müqəddəratını, rifahını, təhlükəsizliyini və sabitliyini əbədi təmin edəcək.
- Ramil müəllim, Heydər Əliyevin adı ilə bağlı olan və tariximizin uğur, yüksəliş, dövlət quruculuğu mərhələsini təşkil edən son yarıməsrlik dövrün birbaşa fəal iştirakçılarındansınız. Sizin 1969-cu ildən başlanan tarixi yola münasibətinizi bilmək oxuculara maraqlı olardı…
- Qeyd etdiyiniz dövr Azərbaycan tarixinin elə əlahiddə yüksəliş, möhtəşəm quruculuq, dövlətçilik ənənələrinin möhkəmləndiyi mərhələsidir ki, bu illərdə baş vermiş hadisələri, mühüm tarixi prosesləri şübhəsiz, bir müsahibədə dəyərləndirmək, ətraflı fikir söyləmək mümkün deyil. Təsəvvürünüzə gətirin, Ulu Öndər Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərliyə gəlir və hər iki dövr ölkəmizin ən böhranlı, faciəli, təlatümlü illərinə təsadüf edir. Və hər iki dövrdə də məhz Ümummilli Lider ölkəmizdə xaosdan qurtuluşa, səfalətdən rifaha, məşəqqətdən inkişafa keçidin əsasını qoyur.
Yəni Heydər Əliyev hər dəfə böhran içində olan hakimiyyətə, tənəzzülə uğrayan dövlətə, sabaha ümidlərini itirən xalqa rəhbərliyə gəlir. Nəticələr isə hər birimizə məlumdur. Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərindən etibarən müəyyənləşdirdiyi inkişaf yolu Azərbaycanı hər cür təlatümlərdən, çətinliklərdən qoruyub, bu gün də qoruyur. Həm də respublikamızın milli təhlükəsizliyi üçün möhkəm sipərə çevrilib. Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləməsi məhz həmin illərdə formalaşdırılmış təmələ əsaslanır.
Ulu Öndər respublika rəhbərliyinə gələndə cəmiyyət sönük vəziyyətdə, iqtisadiyyat durğunluq içərisindəydi. Bu gəliş nəinki Azərbaycanın, hətta Sovet İttifaqının siyasi həyatına təkan verdi, yeni ruh, ab-hava, canlanma, kommunist ehkamlarına xas olmayan yeni iş üslubu, təşəbbüskarlıq, milli cəsarət gətirdi. Belə bir mürəkkəb dövrdə ölkə rəhbərliyinə gələn Heydər Əliyev ilk gündən düzgün strateji fəaliyyət proqramı müəyyənləşdirdi və respublikanın böhran vəziyyətində olan bütün sahələrində ciddi dönüş yaratmaq məqsədilə taleyüklü tədbirlər həyata keçirməyə başladı. Çox qısa müddət ərzində nəzərəçarpan irəliyəlişlərə nail olundu, insanlar sosial güzəranlarında yüksəliş, hüquqlarının müdafiəsində isə dövlət dəstəyini aydın hiss etdilər.
Respublikanın iqtisadi tənəzzüldən çıxması, keçmiş SSRİ-nin qabaqcıl respublikaları sırasında yer alması müdrik rəhbərin qətiyyətli addımları sayəsində mümkün oldu. İqtisadi təhlükəsizliyin və milli müstəqilliyin təmini istiqamətində onun mühüm addımlarından biri də keçmiş SSRİ-nin strateji əhəmiyyətli sənaye müəssisələrinin ölkəmizdə inşasına nail olunması idi. Nəticədə Azərbaycan qısa müddətdə geridə qalmış aqrar respublikadan güclü potensiala malik sənaye ölkəsinə keçidi uğurla təmin etdi. Ölkəmizin iqtisadi müstəqilliyinin nüvəsini təşkil edən neft sənayesinin sürətli inkişafı da məhz ötən əsrin 70-80-ci illərinə təsadüf edir. İnsanların məşğulluğunda mühüm rola malik aqrar sektora da diqqət artırıldı. Tətbiq olunan yeniliklər sayəsində kənd təsərrüfatında məhsuldarlıq qısa müddətdə 3-5 dəfəyədək artdı.
Böyük siyasət dahisi dövlət idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, iqtisadiyyatın tərəqqisi, mədəniyyətin inkişafı, xalqın tarixi yaddaşının yenilənməsi və ən başlıcası, milli mənlik şüurunun formalaşması üçün misilsiz işlər gördü. O, cəmiyyəti mənəvi cəhətdən aşındıran korrupsiyaya, rüşvətxorluğa, ümumən cinayətkarlığa qarşı barışmaz, qətiyyətli mövqe tutdu. Maraqlı həm də bu idi ki, Heydər Əliyev yalnız azərbaycanlıları deyil, rusları, erməniləri belə Azərbaycanda formalaşdırdığı milli mühitə uyğunlaşdırmağa nail olurdu.
- Həmin dövrdə, yəni beynəlmiləlçiliyin əsas amil olduğu illərdə milli məsələ, o cümlədən Dağlıq Qarabağ ətrafında vəziyyət necə idi?
- Ulu Öndər milli məsələlərə də son dərəcə həssas idi. O, tarixi gerçəklikləri düzgün dəyərləndirən rəhbər kimi ermənilərin respublikamıza qarşı ərazi iddiasında olduqlarını çox yaxşı bilirdi. Haşiyə olaraq vurğulayım ki, həmin dövrdə vilayətdə yaşayan vətəndaş kimi 60-cı illərdəki acınacaqlı vəziyyəti dəqiq xatırlayıram. Yerevandan idarə olunan şovinist qüvvələr millətlərarası münasibətləri kəskinləşdirirdilər və bölgədə yaşayan azərbaycanlıların hüquqlarının pozulması günü-gündən daha geniş miqyas alırdı.
Yaxşı yadımdadır, 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələnə qədər Xankəndində küçədə ana dilimizdə danışmaq imkanından belə məhrum idik. Azərbaycanlılara qarşı haqsızlıqlar, açıq-aşkar hücumlar getdikcə daha da güclənir, ciddi fəsadlar törədirdi. Yerevandan fəal şəkildə idarə olunan məkrli qüvvələr Dağlıq Qarabağda torpaq iddiaları ilə millətlərarası münasibətləri kəskinləşdirir, ozamankı ölkə rəhbərliyinin seyrçi münasibəti, passiv mövqeyi, separatizm meyillərinə çevik müdaxilə etməməsi daşnak ünsürlərinin əl-qol açmasına, azərbaycanlı əhalinin hüquqlarının daha kobud şəkildə pozulmasına rəvac verirdi. Özbaşınalıq, cəzasızlıq şəraiti o həddə gəlib çatmışdı ki, həyatları daim təhlükədə qalan soydaşlarımız öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalırdılar. Bu siyasət də Dağlıq Qarabağ ərazisi muxtar vilayət statusu qazanandan sonra azərbaycanlıların sayının yarıbayarı azalmasına səbəb olmuşdu.
Yalnız Heydər Əliyevin qətiyyətli mövqeyi və məqsədyönlü siyasəti sayəsində Dağlıq Qarabağda əl-qol açmış erməni şovinizminə, separatçılığına qarşı sipər çəkildi. Moskvadakı imperiyapərəst qüvvələrin təzyiqlərinə baxmayaraq, muxtar vilayət bu ünsürlərdən təmizləndi. Bölgənin dövlət qurumlarında, hüquq mühafizə və təhlükəsizlik orqanlarında azərbaycanlıların təmsilçiliyi xeyli artdı.
Eyni zamanda partiya-sovet orqanlarına, hüquq mühafizə strukturlarına Heydər Əliyev tərəfindən məhz xalqlararası sağlam, mehriban əlaqələrin inkişaf etdirilməsinə çalışan, hər cür şovinizm meyillərinə qarşı çıxan erməni millətinə mənsub rəhbər şəxslər gətirildi. Vilayət partiya komitəsinin birinci katibi Boris Gevorkov və onunla birgə digər rəhbər şəxslər Ulu Öndərdən aldıqları təlimatlar, göstərişlər əsasında vilayətdə xalqlarası sağlam əlaqələri, birgəyaşayış münasibətlərini təmin etdilər. Ən əsası isə rəsmi Bakıya birmənalı tabeçilik inzibati mexanizmi bərpa olundu. Bəli, Heydər Əliyevin dövlət idarəçiliyində bir misilsiz böyüklüyü də o idi ki, ədalətli, düzgün mövqe tutan, Azərbaycanı sevən erməni məmurlar vasitəsilə erməni separatçılıq tendensiyalarını zərərsizləşdirdi, əl-qol açmasına imkan vermədi.
Ötən əsrin 70-ci illərində Dağlıq Qarabağ Muxtar Vilayətində separatçı əhvali-ruhiyyə aradan qalxmışdı. Artıq sadə ermənilər də bədnam millətçi meyillərə qarşı açıq etirazlarını bildirir, Azərbaycanın tərkibində təhlükəsiz, rifahlı və xoşbəxt yaşadıqlarını bəyan edirdilər. Ulu Öndərin qətiyyətli, uzaqgörən tədbirləri nəticəsində Dağlıq Qarabağ tam olaraq respublikanın mərkəzi hakimiyyətinin təsir dairəsinə döndü. Bir sözlə, Heydər Əliyev 70-ci illərdə itirilməkdə olan Dağlıq Qarabağı Azərbaycana qaytardı.
Ümummilli Liderin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrün Dağlıq Qarabağla bağlı ən xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu müddətdə erməni millətçiləri torpaq iddialarını heç vaxt açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər. Yadımdadır, Vilayət Daxili İşlər İdarəsinin rəis müavini işlədiyim dövrdə -1982-ci ildə Sov.İKP MK-nın Baş katibi Leonid Brejnev vəfat etdi. Görsəydiniz, erməni millətçilər necə sevinir, şadlanırdılar. Bunun səbəbi ilə maraqlandım. Demə, şovinist ermənilər elə güman edirmişlər ki, Brejnevin ölümü ilə Heydər Əliyevin sonu gələcək və bundan sonra separatçılar yenidən əl-qol açaraq rahatca öz məkrli niyyətlərinə nail olacaqlar. Xoşbəxtlikdən bu sevinc uzun sürmədi. Heydər Əliyev SSRİ-nin rəhbərlərindən biri oldu, ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Bununla da erməni millətçilərinin planı yenə iflasa uğradı.
- Ramil müəllim, bu da acı faktdır ki, Ermənistanın ölkəmizə təcavüzü, Dağlıq Qarabağda və onun ətrafında cərəyan edən neqativ hadisələr məhz Ulu Öndərin Moskvada tutduğu yüksək dövlət vəzifələrindən uzaqlaşdırılmasından sonra baş verdi…
- Bu fakt həm də Heydər Əliyev şəxsiyyətinin əzəmətini, onun Azərbaycanın maraqlarına, Qarabağın mənafeyinə nə dərəcədə bağlı olduğunu aydın göstərir. Həmin illərdə Azərbaycana qarşı ərazi iddialarını açıq şəkildə səsləndirməyə çəkinən erməni separatçıları və onları dəstəkləyən keçmiş SSRİ rəhbərliyi Heydər Əliyevi tutduğu vəzifədən uzaqlaşdırmaq üçün olmazın məkrli addımlara əl atdılar.
Sovet İttifaqının və Ermənistanın ozamankı rəhbərləri anlayırdılar ki, Dağlıq Qarabağda vəzifədə olan ermənilərin mütləq əksəriyyəti Heydər Əliyev siyasətinə sadiqdir və heç vəchlə milli zəmində münaqişəyə rəvac verməyəcəklər. Ona görə də bu vəzifəli ermənilərə qarşı süni etiraz kampaniyaları təşkil edilir, onlar "Azərbaycanın və Heydər Əliyevin agentləri”, "erməni xalqının düşmənləri” adlandırılaraq təqib olunurdular. Nəticədə onların hamısı vəzifələrindən kənarlaşdırıldı. Dağlıq Qarabağın yeni rəhbərləri öz havadarlarının köməyi ilə Azərbaycandakı yeni hakimiyyətin səbatsızlığından, qorxaqlığından, milli maraqlara etinasızlıqlarından istifadə edərək vaxtilə Heydər Əliyevin böyük fədakarlıqlar hesabına yaratdığı sabitliyi, sağlam ab-havanı qısa müddətdə darmadağın etdilər və artıq 32 ildir davam edən qanlı münaqişənin əsasını qoydular.
- Həmin illəri tariximizin Heydər Əliyevsiz dövrü kimi də qeyd edə bilərik. Bu mərhələni necə dəyərləndirərdiniz?
- Cəmi 5-6 il Azərbaycan Heydər Əliyevin himayəsindən, nəzarətindən kənar qaldı. Amma görün nələr baş verdi. Ümumilikdə Ulu Öndərin Azərbaycanda bilavasitə rəhbərlikdə olmadığı 1987-1993-cü illər yaxın keçmişimizdə sosial təlatüm, iqtisadi tənəzzül və mənəvi böhran mərhələsi kimi iz qoyub. Təəssüflə vurğulayıram ki, Azərbaycan xalqının ötən əsrdə yaşadığı böyük faciə və məşəqqətlərin, sarsıntıların böyük qismi də məhz bu illərə təsadüf edir.
Yalnız onu demək kifayətdir ki, məhz Heydər Əliyevin istefasından cəmi 3 həftə sonra Dağlıq Qarabağ münaqişəsi sürətlə alovlanmağa başladı. Əgər ən yeni tariximizdə Heydər Əliyevsiz mərhələ olmasaydı, 1987-1993-cü illərdə ölkəmiz Ulu Öndərin rəhbərliyi ilə idarə edilsəydi, vəziyyət tamam fərqli olacaqdı. Biz xalq olaraq Dağlıq Qarabağ münaqişəsi zamanı böyük itkilərə məruz qalmayacaq, 20 Yanvar faciəsi ilə üzləşməyəcək, ərazilərimizin 20 faizini itirməyəcək, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşamayacaqdı.
Azərbaycan məhz Heydər Əliyevin müəyyənləşdirdiyi kursla, bünövrəsini 70-80-ci illərdə formalaşdırdığı etibarlı və münbit zəminlə düzgün məcrada inkişaf edəcəkdi. Heydər Əliyevsiz illər yalnız boşa verilmiş zaman deyil, həm də milli müqəddəratımızın, dövlətçiliyimizin itirilmək sınağı yaşadığı, təhlükəsizliyimizin mütəmadi pozulduğu mərhələ idi.
Həmin illərdə cərəyan edən proseslər müstəqilliyi formal səciyyə daşıyan Azərbaycanı parçalanmaq və dövlətçiliyini birdəfəlik itirmək təhlükəsi ilə üzləşdirdi. Bu mərhələ tariximizdə böyük rüsvayçılıq, fəlakət dövrü kimi xatırlanır. Hakimiyyəti ələ keçirmiş antimilli qüvvələrin səriştəsizliyi, bacarıqsızlığı, əslində isə millətə və dövlətə xəyanətləri Azərbaycanı uçuruma aparırdı. Yenicə bərpa edilmiş müstəqillik əldən gedirdi, ölkədə xaos, anarxiya, talançılıq, oğurluq, özbaşınalıq, böhran hökm sürürdü. AXC-Müsavat iqtidarı torpaqlarımızı işğaldan qorumaq əvəzinə silahlı qüvvələri siyasiləşdirir, onlar vasitəsilə hakimiyyət ambisiyalarını, çirkin intriqalarını həyata keçirirdilər. Qarabağda vətən müharibəsi, Bakıda isə vəzifə savaşı gedirdi.
- Ramil müəllim, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə başlanan yeni tarixi dövrdə Siz Daxili İşlər naziri kimi dövlət quruculuğu prosesinin fəal iştirakçısı, Ulu Öndərin təhlükəsizlik və asayişin təmini sahəsində həyata keçirdiyi siyasətin icraçısı olmusunuz. Bu dövrün real nəticələri nə oldu?
- 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya dönən Heydər Əliyev ölkəni üzləşdiyi faciə və məhrumiyyətlərdən qurtarmaq üçün əzmlə, qətiyyətlə fəaliyyətə başladı. 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildi və xalqımızın tarixinə Milli Qurtuluş günü kimi yazılan həmin gündən etibarən Ümummilli Liderin Azərbaycana rəhbərliyinin ikinci dövrü başlandı.
Ulu Öndərin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi 10 illik dövrün hər bir anı özündə Vətənə və xalqa sədaqətli xidməti, peşəkar və məsuliyyətli fəaliyyəti əks etdirir. Bu illər ərzində dahi insan vətənini parçalanıb məhv olmaqdan, ölkəsini vətəndaş müharibəsindən, dövlət çevrilişlərindən, cəmiyyətimizi terrorlardan, sui-qəsdlərdən, düşmən təcavüzündən qorudu, qeyri-bərabər müharibədə ona ilk qələbəni bəxş etdi, müstəqilliyinin qarantı oldu. Heydər Əliyev, eyni zamanda, ictimai-siyasi, sosial-iqtisadi, hərbi-sərhəd, nəqliyyat-tranzit, ərzaq, informasiya və digər sahələrdə həyata keçirilən təhlükəsizlik fəaliyyətinin geniş təhlilini aparmaqla mükəmməl milli təhlükəsizlik strategiyasını formalaşdırdı və həyata keçirdi.
Ulu Öndərin rəhbərliyi ilə respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə başlanıldı. Vətəndaşlarımızın dinc, rahat yaşamaları üçün lazım olan şərait yarandı, onların dövlətə, təhlükəsizlik və hüquq mühafizə orqanlarına inamı daha da artdı. İctimai-siyasi, həmçinin kriminogen durum nəzarətə götürüldü. Sabitliyin bərqərar edilməsi islahatların aparılmasına, iqtisadiyyatın bərpasına və inkişaf etdirilməsinə əlverişli zəmin yaratdı. Xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və respublikamızda iqtisadi tərəqqiyə yol açan "Əsrin müqaviləsi” imzalandı.
Bununla belə, həyat göstərdi ki, Heydər Əliyevin milli maraqlarımızın təmin edilməsindəki qətiyyətli mövqeyi, yorulmaz fəaliyyəti ölkənin xaricində və daxilindəki məlum qüvvələri ciddi narahat edirdi. Onlar necə olursa-olsun, Azərbaycanı bu yoldan döndərmək üçün müxtəlif vasitələrə əl atmağa başladılar. Niyyət bəlli idi. Respublikadakı mövcud ictimai-siyasi sabitliyi pozmaq, süni qarşıdurmalar yaratmaq və son nəticədə ölkəni müstəqil inkişaf yolundan döndərmək. Ancaq Ümummilli Lider baş verən dövlət çevrilişi cəhdlərinin qarşısını öz zəkasının, müdrikliyinin gücü, onu dəstəkləyən xalqının əzmi və iradəsi ilə aldı. Müstəqilliyimiz qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.
Ulu Öndər olduqca prinsipial rəhbər idi. İnandığı,
düzgün saydığı mövqedən, Azərbaycanın
maraqlarından zərrə qədər də geri çəkilməzdi.
Mən bu məqamda 1994-cü ilin oktyabr, 1995-ci
ilin mart hadisələrini xatırlayıram. Azərbaycana və şəxsən Heydər
Əliyevin həyatına böyük təhlükələr,
qəsdlər var idi. Heydər Əliyev
şəxsən öz həyatını böyük risklər
altına qoyaraq, millətin və dövlətin təhlükəsizliyi
naminə öz təhlükəsizliyinin təminini əsla
düşünmədi. Əsl sərkərdə
kimi dövlətçiliyə qəsdin qarşısında mətin
dayandı, əsl lider kimi xalqını səfərbər
etdi, əsl vətənpərvər kimi də qalib gəldi.
Ümumilikdə Ulu Öndər Heydər Əliyevin
müstəqil Azərbaycana rəhbərlik etdiyi
1993-2003-cü illərdə dövlətimiz xaosdan dinamik
inkişafa doğru keşməkeşli, lakin şərəfli
yol keçdi.
Milli inkişaf yolu olan, müstəqil və
qüdrətli dövlətə çevrildi. Dünyada layiqincə tanınmağa, milli maraq və
mənafelərini təmin etməyə müvəffəq
oldu. Beləliklə, Ulu Öndərin respublikaya ikinci rəhbərliyi
illəri Azərbaycan dövlətçiliyinin qorunması,
onun təhlükəsizlik maraqlarının təmin
olunması, ölkə daxilində milli həmrəyliyin,
iqtisadi tərəqqinin, mənəvi yüksəlişin təmin
edilməsi mərhələsi kimi tarixiləşdi.
- Ötən
17 il Prezident İlham Əliyevin qüdrətli
liderliyi ilə yanaşı, həm də Heydər Əliyev
ideyalarının təntənəsi kimi tarixə həkk
olunub. Bu dövrün əsas xüsusiyyətlərini,
həmçinin Azərbaycan Respublikası Təhlükəsizlik
Şurasının katibi kimi təhlükəsizliklə
bağlı mövcud durumu necə qiymətləndirərdiniz?
- Möhtərəm Prezidentimiz İlham Əliyev
artıq bir ölkənin, bölgənin lideri statusunu dəfələrlə
üstələyən, qlobal miqyasda söz və nüfuz
sahibi olan, dünyaya yeni baxış, ədalətli meyarlar təqdim
edən şəxsiyyət kimi tanınır. Bu gün cənab
Prezidentin timsalında Azərbaycan Respublikası
dünyanın enerji xəritəsinin və yeni nəqliyyat-logistik
meyarlarının müəyyənləşməsində
mühüm rol oynayan, beynəlxalq təhlükəsizliyin təminində
əsaslı töhfələr verən, sivilizasiyalararası əməkdaşlığı
uğurla həyata keçirən qüdrətli ölkədir.
Tam müstəqil siyasət yürüdən Prezident
İlham Əliyevin qlobal liderliyi həm də Azərbaycanın
davamlı artan beynəlxalq nüfuzunu şərtləndirir. Son 17 il ərzində
o qədər böyük nailiyyətlərə,
genişmiqyaslı inkişaf dinamikasına nail olmuşuq ki,
sözün düzü, onların hamısını qeyd etmək
çox vaxt aparar. Bütün bu tarixi
uğurları mən bir ifadədə birləşdirmək
istərdim. Bu, tarixin ən qüdrətli
Azərbaycanıdır. Tarix boyu həsrətində
olduğumuz ən möhtəşəm, güclü, rifahlı
Azərbaycan məhz müasir dövrün
reallığıdır, ən əsası isə Heydər
Əliyev ideyalarının, Prezident İlham Əliyevin məqsədyönlü
fəaliyyətinin təntənəsidir.
Müasir elmi-texniki inkişaf səviyyəsi milli təhlükəsizliyə
qarşı yönələn potensial təhdidlərin
sırasını genişləndirərək, ölkəmizin
təhlükəsizlik sisteminin XXI əsrin
çağırışlarına uyğun qurulmasını
labüdləşdirir və çevik yanaşma tələb
edir. Əminliklə demək olar ki, Prezident İlham
Əliyev tərəfindən qurulmuş çoxşaxəli
təhlükəsizlik sistemi ölkəmizə yönələn
bütün qəsdlərin və təhdidlərin
qarşısını almağa qadirdir. Hazırda
bu sahədə əsaslı normativ baza
yaradılmışdır, maddi-texniki təminat ən yüksək
səviyyədədir, ciddi kadr potensialına malik sistem fəaliyyət
göstərir.
Son illər respublikamızda uğurla həyata keçirilən
siyasət, ilk növbədə, ictimai-siyasi sabitliyin daha da
möhkəmləndirilməsinə, Azərbaycanın
demokratik və sosial-iqtisadi inkişafına yönəlib. Cənab
Prezidentin haqlı olaraq bəyan etdiyi kimi, Azərbaycan bu
gün dünyada sülh və sabitlik adası olaraq tanınır,
bütün dünyada sülh və sabitliyə töhfə
verir. NATO-nun sülhyaratma
missiyalarının tərkibində terrorçuluqla mübarizədə
fəal iştirak edir.
Dünyada sülh, sabitlik və təhlükəsizlik
problemlərinin həllinə, eləcə də tolerant və
multikultural ideyaların təbliğinə xidmət edən
qlobal formatlı forumlar, konfranslar Bakı şəhərində
keçirilir.
Bu təşəbbüslər Azərbaycanın
Şərqlə Qərbi təkcə əlverişli tranzit və
enerji-kommunikasiya imkanları ilə deyil, həm də mədəni-mənəvi
tellərlə bağlayan ölkə olduğunu bir daha göstərir.
Belə tədbirlər sayəsində Azərbaycan
hazırda dünyada demokratiya yolunda inamla irəliləyən,
multikultural dəyərlərə sadiq olan, sürətlə
inkişaf edən, təhlükəsizliyin ən yüksək
səviyyədə təmin olunduğu ölkə kimi
tanınır. Azərbaycanda keçirilən
beynəlxalq tədbirlər həm də Ermənistan rəhbərlərinin
"Dağlıq Qarabağ ermənilərinin Azərbaycanda
yaşaması üçün tolerant mühitin olmaması”
kimi əsassız iddialara ən tutarlı cavabdır.
Hər bir münaqişənin sonu sülhlə
yekunlaşır. Eləcə də Azərbaycanın irəli
sürdüyü prinsiplər əsasında Dağlıq
Qarabağ münaqişəsi də gec-tez nizamlanacaq.
Ötən əsrin 70-80-ci illərində necə ki Heydər
Əliyev Dağlıq Qarabağda azərbaycanlı və erməni
icmalarının mehribanlığına, həmrəyliyinə
nail olmuşdusa, əminəm ki, Prezident İlham Əliyev də
işğal olunmuş torpaqların azad edilməsini,
oradakı hər iki xalqın təmsilçilərinin
qüdrətli Azərbaycan bayrağı ətrafında birləşərək
təhlükəsiz yaşamasını təmin edəcək.
Çünki Prezidentimizin yürütdüyü siyasət
nəticəsində artıq sadə erməni vətəndaşları,
münaqişədən əvvəl Azərbaycanda yaşayan
ermənilər anlayırlar ki, onların düşməni erməni
şovinistləri, separatçılıq ideyalarıdır. Bu şovinizm
dalğası erməni xalqını ötən əsrin
90-cı illərində susdurub, nəticədə də belə
böyük faciələrə məruz qoyduğunu
anlayırlar. Sadə ermənilər, o
cümlədən Dağlıq Qarabağda yaşayan ermənilər
bilirlər ki, onların təhlükəsizliyini,
rifahını, gələcəyini təmin edəcək bir
qüvvə var ki, o da Prezident İlham Əliyevin rəhbərlik
etdiyi Azərbaycandır.
- Ramil müəllim, təhlükəsizlik mövzusuna toxunmuşkən, son ayların əsas problemi olan pandemiya təhlükəsinə də diqqət ayıraq. Tək sağlamlığa deyil, eləcə də ölkələrin iqtisadi, sosial, siyasi təhlükəsizliyinə təhdid olan bu bəlaya qarşı Azərbaycan dövlətinin mübarizə strategiyasını necə qiymətləndirirsiniz?
- Bu strategiyanı, Azərbaycanın pandemiyanın fəsadlarını aradan qaldırmaq üçün yürütdüyü mübarizəni dünyanın ən nüfuzlu təşkilatları, qurumları, mütəxəssisləri beynəlxalq miqyasda birmənalı şəkildə mükəmməl nümunə kimi dəyərləndirir, uğurlu sayırlar. Bu prosesin nüvə mərkəzi olan Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın təcrübəsindən digər ölkələrin yararlanmasının vacibliyini artıq dəfələrlə bəyan edib. BMT, Qoşulmama Hərəkatı, Türkdilli ölkələrin Əməkdaşlıq Şurası, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də digər təsisatlar ölkəmizin bu sahədəki fəaliyyətini təqdir edir, öyrənirlər.
Dövlətimiz Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ilk gündən koronavirusla mübarizənin ən effektiv nümunəsini ortaya qoydu. Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılmasından tutmuş, sosial və məhdudlaşdırıcı izolyasiya tədbirlərinin həyata keçirilməsi, karantin rejiminin və hərəkət məhdudiyyətinin tətbiq olunması kimi qərarlar Azərbaycan dövlətinin ilk gündən koronavirusla mübarizəyə olduqca effektli yanaşmasını sübut etdi.
Azərbaycan ictimaiyyəti, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın əsl vətəndaşlıq missiyasının bir daha şahidi oldu. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu ölkədə genişmiqyaslı sosial aksiyalar həyata keçirir. On minlərlə ailə Azərbaycanda ən səmimi inam, etimad ünvanlarından birinə çevrilən bu fondun yardımından bəhrələnirlər.
Ulu Öndərin ideyalarını uğurla davam etdirən möhtərəm Prezidentimiz Azərbaycanın dövlət müstəqilliyinin, milli inkişafının və təhlükəsizliyinin etibarlı təminatçısıdır. Bu gün xalqımız onu hər cür bəlalardan, qlobal təhlükələrdən qoruya bilən, müdafiə edən qüdrətli lider İlham Əliyevə sonsuz güvənc hissi duyur, onun ətrafında sıx birləşərək əbədiyaşar Heydər Əliyevin işıqlı ideallarını, arzularını yaşadır, inkişaf etdirir.
Müsahibəni
apardı:
İxtiyar
HÜSEYNLİ
Azərbaycan.-2020.- 9 may.- S.1;2.