Heydər Əliyevin Azərbaycanı - sosial ədalət və sosial rifah dövləti

 

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri heç bir tarixi şəxsiyyətlə müqayisəolunmaz dərəcədə böyükdür, çoxşaxəlidir və qiymətlidir. Heydər Əliyev təkcə bir tarixi şəxsiyyət, yaxud böyük dövlət xadimi deyil, eyni zamanda bu dövlətin - müstəqil Azərbaycan dövlətinin banisiqurucusudur. Məhz Heydər Əliyevin siyasi dühası, iradəsi, enerjisi, ağlı, təcrübəsi, xarizması və s. kimi mühüm dövlət xadimi keyfiyyətləri, yorulmaz fəaliyyəti, xalqına və vətəninə sevgisi sayəsində müstəqil Azərbaycan dövləti quruldu, möhkəmləndi və əbədi yaşarlıq qazandı.

Məhz Ümummilli Lider Heydər Əliyevin parlaq siyasi zəkası və iradəsi sayəsində müasir Azərbaycan dövləti yarandı, möhkəmləndi, regionun gücnüfuz mərkəzinə çevrildi. Dünya şöhrətli böyük qırğız yazıçısı və diplomat Çingiz Aytmatov çox haqlı olaraq qeyd edirdi ki: "Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindəndir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü yaradıcılarından biridir”. Heydər Əliyevin müasir dövlətçilik siyasətinin başlıca prinsipi "dövlət xalq üçündür” ideyasıdır. Ümummilli liderin müəllifi olduğu Konstitusiyamızda bu ideyanın sosial mahiyyəti bariz şəkildə öz təsdiqini tapmışdır.

Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətinin daxili siyasətində sosial ədalət, sosial rifah, sosial müdafiə xətti həmişə prioritet istiqamət kimi müəyyən olunur. Heç təsadüfi deyildir ki, bizim dövlət büdcəmizdə sosial xərclərin payının 30%-dən yuxarı olması artıq ənənə halını almışdır. Müstəqil Azərbaycanın dövlət quruculuğu və inkişafı strategiyasını müəyyən edərkən Ümummilli Lider Heydər Əliyev sosial siyasəti prioritet istiqamətlərdən biri olaraq müəyyən etmiş, milli sərvətlərin xalqın bütün təbəqələrinə mənsub olması, sosial ədalət prinsipinin qorunması, əhalinin aztəminatlı hissəsinə dövlət qayğısının artırılması məsələlərini həmişə diqqət mərkəzində saxlamışdır.

Sosial siyasətin təminatlı və əhatəli olması üçün möhkəm iqtisadi təməl və hüquqi bazanın olması mühüm şərtdir. Məhz buna görə də müstəqil Azərbaycanın sosial siyasət strategiyasını müəyyənləşdirən zaman Ümummilli Lider Heydər Əliyev bir tərəfdən sosial siyasətin ölkənin real iqtisadi imkanlarına uyğunlaşdırılmasına, digər tərəfdən isə müvafiq normativ-hüquqi bazanın yaradılmasına ciddi önəm verirdi.

Modern dövlət quruculuğu yoluna qədəm qoymuş müstəqil Azərbaycanın sosial siyasətinin təməlində iki klassik prinsip dayanır: sosial ədalət və sosial rifah. Ümummilli Lider Heydər Əliyev sosial sahədə dövlətin vəzifəsini bunda görürdü: "Bir dövlət olaraq, hökumət olaraq biz xalqımızın, millətimizin, vətəndaşlarımızın sosial tələblərini təmin etməliyik…”

1995-ci ildən başlayaraq ölkədə iqtisadi tənəzzül dayandı və bu, sosial sahədə siyasətin konkret istiqamətlərinin müəyyənləşməsinə, islahatlar aparılmasına və sosial siyasətin geniş hüquqi bazasının yaranmasına təkan verdi. Hazırda Azərbaycanda sosial siyasətin əsas istiqamətləri liberal iqtisadiyyata, insan haqlarına və demokratik dəyərlərə əsaslanan sosial dövlətin iqtisadi-siyasi sisteminə uyğundur və başlıca olaraq əmək münasibətləri, aztəminatlı təbəqənin sosial müdafiəsi, pensiya təminatı, sosial müavinətlər, sosial xidmət, sosial sahələrin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, sosial infrastruktur kimi məsələri əhatə edir.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə dövlət mülkiyyətində olan əmlakın ədalətli bölgüsünə - özəlləşdirilməsinə başlanıldı, hər bir Azərbaycan vətəndaşına ümumi mülkiyyətdən bərabər pay - özəlləşmə çekləri verildi. Kəndlərdə yaşayanlara isə torpaq payı eyni prinsiplə bölündü. Bazar münasibətlərinə əsaslanan, eyni zamanda sosial ədalətə söykənən sığorta sisteminin yaranması, bunun üçün qanunvericilik bazasının formalaşması ("Sosial sığorta haqqında”, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, "İcbari tibbi sığorta haqqında” və s. qanunlar), sığorta prinsipinə əsaslanan yeni pensiya sisteminin yaranmasının konseptual əsaslarını müəyyən edən "Azərbaycan Respublikasında pensiya islahatları Konsepsiyasının” Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 17 iyul tarixli sərəncamı ilə təsdiq olunması, əlil probleminin kompleks həlli məqsədi ilə Prezidentin 14 may 1998-ci il tarixli sərəncamı ilə "1998-2001-ci illər üçün əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi üzrə Dövlət Proqramının” təsdiq edilməsi və s. kimi addımlar müasir Azərbaycan dövlətinin sosial siyasətinin yeni dövrün çağırışına uyğun formalaşmasına xidmət edirdi.

Ümummilli Lider Heydər Əliyevin başladığı sosial islahatlar 2003-cü ildən sonra cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Proqramlarla idarə etmək metoduna üstünlük verən cənab Prezident İlham Əliyevin fərmanları ilə "Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları”, təhsil, səhiyyə, sosial müdafiə, demoqrafik inkişaf, məşğulluq, yoxsulluğun azaldılması, sosial evlər, məcburi köçkünlərin məskunlaşması, ünvanlı sosial yardım, özünüməşğulluq və s. sahələrdə onlarca digər proqramlar qəbul edilib həyata keçirilməkdədir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox sosial, humanitar layihələr, o cümlədən ailə quran şəxslərin nikahöncəsi icbari tibbi müayinəsinin həyata keçirilməsi, ana və uşaqların mühafizəsi, talassemiyahemofiliya xəstələrinə dəstək haqqında, habelə valideyn himayəsindən məhrum uşaqların, I və II qrup əlil uşaqların təhsil haqlarının ödənilməsinin dövlət büdcəsi tərəfindən həyata keçirilməsini təmin edən qanunvericilik aktlarının qəbul edilməsi təhsil və səhiyyə sahəsində islahatların növbəti addımı kimi olduqca əhəmiyyətlidir.

2014-cü ildə ümumdünya maliyyə-iqtisadi böhranının 3-cü mərhələsi baş verdibu böhran iqtisadiyyatı neftlə bağlı olan digər ölkələrdə olduğu kimi, Azərbaycanın da milli valyutasının kəskin ucuzlaşmasına gətirib çıxardı. Cənab Prezidentin regionların harmonik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi konsepsiyasını uğurla həyata keçirən hökumətimiz böhranın mənfi təsirlərini qısa müddətdə aradan qaldıra bildi.

Cənab Prezidentin müvafiq fərmanı ilə 2016-cı ildə qəbul edilmiş "Milli iqtisadiyyatımızın perspektivləri üzrə strateji yol xəritəsi” 11 prioritet istiqaməti müəyyənləşdirdi və sosial iqtisadi inkişafımızın yeni mərhələsinə qədəm qoyduğumuzu bəyan etdi.

2018-ci ildə iqtisadiyyatımızın yüksəlməsi sosial islahatların yeni mərhələsinə başlamaq üçün maliyyə təminatları yaratmış oldu. ASAN, ABAD, DOST xidmətlərinin, özünüməşğulluq proqramlarının uğurla icra edilməsi də sosial islahatların əməli nəticəsi kimi qiymətlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman söyləyir ki, bizim siyasətin mərkəzində Azərbaycan xalqı və onun sosial rifah halı dayanır. Azərbaycan Prezidenti sözün birbaşa mənasında həmişə aztəminatlı insanların yanındadır. 2018-ci ilin sonunda ölkə başçısı öz ad günündə 1000 məcburi köçkün ailəsi üçün Abşeron rayonunda salınmış yaşayış kompleksinin açılışı mərasimində iştirak etdi. Daha sonra 2019-cu ilin ilk ayında bir qrup şəhid ailəsini qəbul etdi, onlarla görüşdübu görüşdən sonra imzaladığı sərəncamla 1997-ci ilə qədər şəhid olmuş, lakin sığorta haqqını almamış, yaxud da o dövrün məzənnəsi ilə sığorta haqqını almış 12 min 750 nəfərə 11 min manatlıq birdəfəlik müavinətin verilməsi ilə bağlı sərəncam imzaladı. Dövlət büdcəsindən bu məqsədlə təxminən 130 milyon manat vəsait ayrıldı.

2019-cu il xalqımızın və dövlətimizin həyatında kifayət qədər uğurlu il olmuşdur. Bu il ərzində qarşıya qoyulan bütün sosial-iqtisadi vəzifələr icra olunmuş, ölkə iqtisadiyyatı böyümüş, vətəndaşlarımızın sosial rifah halı nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Mübaliğəsiz deyə bilərəm ki, 2019-cu il müstəqil dövlətimizin tarixində dərin sosial islahatlar ili kimi qalacaqdır.

Cənab Prezident İlham Əliyevin 2018-ci ildə başladığı iqtisadi sahədə islahatların davamı olaraq 2019-cu ildə dərin sosial, idarəetmə və struktur islahatları aparılmışdır. Cənab Prezidentin 30-a yaxın fərman və sərəncamını əhatə edən 2 sosial islahatlar zərfi 4,2 milyon vətəndaşımızın sosial rifah halının ciddi şəkildə yaxşılaşmasına maddi təminat yaratmışdır.

2018-ci ildə vergigömrük sahəsində başlanan islahatlar bu sistemdə aparılan şəffaflıq və kölgə iqtisadiyyatının məhdudlaşdırılması tədbirləri vergigömrük daxilolmaları üzrə büdcəyə 1 milyard manatdan çox əlavə vəsait gətirmişdir ki, bu vəsait də xalqımızın sosial rifahının yüksəldilməsinə yönəldilmişdir.

Ötən il pensiya təminatı sahəsində aparılan islahatlar nəticəsində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 364,4 milyon manat artaraq 4 milyard 116 milyon 700 min manat təşkil etmiş, ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 256 manatdan 295 manata yüksəlmiş, başqa sözlə, 15.3% artmışdır.

Əmək pensiyalarının minimum məbləği isə 119 manatdan 200 manata, başqa sözlə, 72% artmışdır. Bu artım 600 min nəfər pensiyaçının həyat səviyyəsinin yüksəldilməsinə xidmət etmişdir. İslahatlar nəticəsində minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında 1-ci yerə yüksəlmişdir.

Ötən il aparılan islahatlar nəticəsində ölkə üzrə minimum əmək haqqının məbləği 2 dəfəyə yaxın artaraq 130 manatdan 250 manata çatdırılmışdır. Ölkə üzrə 1 milyon 350 min işçinin əmək haqqı əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Cənab Prezidentin fərmanlarının icrası ilə əlaqədar olaraq 12 min şəhidin 18 min vərəsəsinə 11 min manat məbləğində birdəfəlik ödənişlərin verilməsi təmin olunmuşdur. Problemli kreditlərin həlli ilə bağlı dövlət büdcəsindən 640 milyon manat məbləğində vəsait ayrılmış, 900 minə qədər vətəndaşın kredit borcu dövlət tərəfindən qarşılanmışdır.

Ötən il əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfə üstələmiş, yoxsulluq 5%, işsizlik 4,8% təşkil etmişdir. Minimum əmək haqqının artırılması qeyri-leqal məşğulluğun xeyli azalmasına səbəb olmuşdur.

Özünüməşğulluq proqramının genişlənməsini, 132 növ xidmət təklif edən DOST mərkəzlərin yaranmasını, 21 sosial təminat növü üzrə elektron təyinat sistemlərinin istifadəyə verilməsini, ünvanlı sosial yardım və əlillik təyinatı sahəsində şəffaflığın təmin edilməsini, əhalinin həssas qrupları olan şəhid ailələrinin, Qarabağ əlillərinin, məcburi köçkünlərin mənzil təminatının yaxşılaşdırılması sahəsində görülən işləri də sosial sahədə hökumətin uğurlu fəaliyyəti siyahısına əlavə etmək yerinə düşərdi.

Əhalinin xidmət sahələrində məmnunluğunun təmin edilməsi üçün məmur-vətəndaş kontaktlarının minimuma endirilməsi, vətəndaşların müraciətlərinə yüksək mədəniyyətlə və şəfqətlə yanaşılması, eyni zamanda bu müraciətlərin qısa müddət ərzində baxılması və təmin olunması vətəndaşın dövlətə olan inamını, sevgisini artıran amillərdir. Buna görə də Prezident İlham Əliyev sosial sahələrdə olan problemlərin günümüzün çağırışlarına uyğun şəkildə həlli üçün çox ciddi islahatların aparılmasına start verib.

Dünyanı çənginə almış koronavirus pandemiyası 2020-ci ilin əvvəllərindən başlayaraq bütün dövlətləri və xalqları sınağa çəkməkdədir. Bir çox ölkələrin liderləri "öncə iqtisadiyyatı, yoxsa insanları xilas etməli” dilemmasını müzakirəyə çıxaranda Azərbaycan Prezidenti öz doğma xalqının əsl Lideri kimi birmənalı və qəti şəkildə söylədi: "Burada biz iki amil arasında seçim etməliyik - iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır - insanların sağlamlığı!”

Cənab Prezidentin 19 mart 2020-ci il tarixində imzaladığı koronavirus pandemiyasının ölkənin sosial-iqtisadi həyatına mənfi təsirlərinin azaldılmasını və postpandemiya dövrünün inkişaf perspektivlərini nəzərdə tutan "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam əhalinin sosial müdafiəsinin qorunması baxımından olduqca böyük əhəmiyyət kəsb edir.

Daxili siyasətdə vətəndaşların sosial müdafiəsini və sosial rifahını prioritet istiqamət kimi müəyyən edən Azərbaycan dövləti hər zamankı kimi bu çətin vaxtda da xalqın yanında olduğunu öz əməli fəaliyyəti ilə bir daha təsdiq etdi. Cənab Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşların həyat səviyyəsinə mənfi təsirlərinin azaldılması ilə bağlı 10 mart 2020-ci il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq Nazirlər Kabineti Tədbirlər Planı hazırladı. Tədbirlər planında nəzərdə tutulan maliyyə-iqtisadi tənzimləmə tədbirləri ilə yanaşı, hökumət məşğulluq və sosial müdafiə ilə bağlı mühüm addımlar atdı.

Azərbaycan dövləti sosial yönümlü bir dövlətdir. Cənab Prezidentin də siyasəti həmişə ondan ibarətdir ki, bizim iqtisadiyyatımız inkişaf etdikcə əhalimizin də sosial müdafiəsi gücləndirilsin. Yəni iqtisadiyyatdan əldə olunan gəlirlər əhalinin sosial müdafiəsinə, sosial rifah halının güclənməsinə yönəldilsin. Bu hər zaman belə olub və həmişə Azərbaycanın siyasətində sosial siyasət prioritet istiqamət təşkil edib.

Bu gün Azərbaycan vətəndaşı inamlı və sabahından arxayındır! O inanır ki, Azərbaycan dövləti hər an Azərbaycan vətəndaşının arxasındadır. O inanır ki, cənab Prezident hər an Azərbaycan vətəndaşının sosial rifah halının gücləndirilməsi barədə düşünürsosial müdafiə dövlət başçısının diqqəti və qayğısı altındadır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev qurduğu dövlətin İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edərək qüdrətli bir dövlətə çevriləcəyini hiss edirböyük uzaqgörənliklə söyləyirdi: "Azərbaycan dünyaya Günəş kimi doğacaq!”

Ulu Öndərin bir peyğəmbər müdrikliyi ilə söylədiyi sözlər bu gün real həyatda öz təsdiqini tapmış, onun qurduğu Azərbaycan dövləti dünyanın ən azad, ən demokratik, inkişaf etmiş, sosial rifah dövlətinə çevrilmişdir.

 

Musa QULİYEV,

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

Azərbaycan.-2020.- 9 may.- S.3.