Müstəqil dövlətçiliyin Şərq tərəfdaşlığı modeli

 

Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının müstəqil dövlətçilik rəmzi və milli iftixarıdır. Mənsub olduğu Azərbaycan xalqının və milli dövlət müstəqilliyimizin tarixində və taleyində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri vardır. Azərbaycan xalqının Ümummilli Lideri miqyası və şöhrəti qazanmış Heydər Əliyev xalqımızın və dövlətimizin tarixində şərəfli yer tutmuşdur. Tərəddüd etmədən demək olar ki, respublikamıza qırx ilə yaxın bir müddətdə rəhbərlik etmiş Heydər Əliyev Azərbaycan xalqının əbədiyyət rəmzidir.

 

Xalqımızın dünyada tanıdılmasında və müstəqil dövlətimizin dünya miqyasında özünə yer tutmasında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətləri vardır. Müstəqil Azərbaycan Respublikasının geniş mənada dünya ölkələri ilə çoxcəhətli əlaqələrinin formalaşdırılaraq inkişaf etdirilməsi və daha da möhkəmləndirilməsi məsələsi Ulu Öndərin həmişə diqqət mərkəzində olmuşdur. Bu böyük düha demək olar ki, dünyanın inkişaf etmiş ölkələrinin hamısında rəsmi səfərlərdə olmuş və beynəlxalq aləmlə geniş əlaqələr yaradaraq ölkəmizə etibarlı dostlar və tərəfdaşlar qazandırmışdır. Qüdrətli bir siyasi şəxsiyyət və böyük dövlət xadimi olaraq Sovet İttifaqı ilə yanaşı, Qərb dövlətlərində də, Şərq ölkələrində də yaxşı tanınan Heydər Əliyev dünyanın nüfuzlu şəxsiyyətlərindən biri kimi qəbul olunmuşdur. Bütün bunlar ona müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi ölkəmizin dünya ölkələri ilə əlaqələrinin yenidən qurulmasında yaxından kömək etmişdir.

 

Azərbaycan Respublikası yenidən dövlət müstəqilliyi qazandıqdan sonra görkəmli dövlət xadimi Heydər Əliyevin dünya ölkələri ilə əlaqələr yaratmaq baxımından ən çox diqqət yetirdiyi faktor ölkəmizin qonşu dövlətlərlə münasibətlərinin tənzimlənməsi və daha da möhkəmləndirilməsi məsələsi olmuşdur. Bu cəhətdən taleyin hökmü ilə Azərbaycana qayıtmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışmış Heydər Əliyevin Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə yaratdığı əlaqələr Sovet İttifaqı dağıldıqdan sonra ölkəmizin beynəlxalq münasibətlərə dair addımlarında nümunə idi. Bu dahi şəxsiyyətin Türkiyə Cümhuriyyəti ilə əlaqələri Azərbaycanın qərbyönlü inkişafına açılan bir qapı idi. XX əsrdə müstəqillik taleyinin böyük sınaqlarından zəfərlərlə çıxmış Türkiyə Cümhuriyyətindəki respublika tipli dövlətçilik sistemi, çoxpartiyalılıq, bazar iqtisadiyyatı və sair kimi məsələlərdən yaradıcı şəkildə istifadə etməklə və Azərbaycan reallıqlarını mütləq əsas kimi qəbul etməklə ölkəmizdə yeni cəmiyyəti formalaşdırmaq Heydər Əliyevin dövlətçilik təlimində mühüm yer tutmuşdur. Eyni zamanda Heydər Əliyevin İran İslam Respublikası ilə yaratdığı iqtisadi-mədəni əlaqələr qonşu ölkə ilə etibarlı münasibətləri qoruyub saxlamaqla yanaşı, Asiya qitəsinə doğru əlaqələrin formalaşmasına da yol açmışdır.

 

Azərbaycanın da, ilk növbədə, Qərb dövlətləri cərgəsinə doğru inkişaf etdirilməsi Heydər Əliyev siyasətinin aparıcı istiqamətini təşkil etmişdir. Azərbaycanın Avropa Şurasına üzvlüyə qəbul edilməsi, Müstəqil Dövlətlər Birliyində təmsil olunması Heydər Əliyevin qərbyönlü müstəqil dövlət yaratmaq uğrundakı mübarizəsinin böyük təməlləridir. Avropanın inkişaf etmiş ölkələri və Qərbin nüfuzlu beynəlxalq təşkilatları ilə yaradılmış çoxcəhətli münasibətlər, ilk növbədə, Azərbaycanın gənc müstəqil dövlət kimi tanıdılmasında, Azərbaycan həqiqətlərinin çatdırılmasında və ölkəmizə bu inkişaf etmiş qitədə dostlar və tərəfdaşlar qazanılmasında mühüm rol oynamışdır.

 

Bununla belə, görkəmli dövlət xadimi Heydər Əliyevin beynəlxalq münasibətlərə dair siyasətində və fəaliyyətində Asiya faktoruna da daim yüksək diqqət yetirilmişdir. Ulu Öndərin Azərbaycan Respublikasının Asiya ölkələri ilə əlaqələrinə müsbət münasibəti müstəqillik dövründə Avropa Şurası tərəfindən həyata keçirilməsinə başlanılan Şərq tərəfdaşlığı siyasətinin müddəaları ilə səsləşdiyindən Qərbdən də dəstək almışdır. Geniş mənada Asiya ölkələri ilə əlaqələrin uğurla davam etdirilməsi həm də müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin Şərq dünyasına verdiyi xüsusi önəmin nəticəsi idi.

 

Asiya istiqamətində Heydər Əliyevin atdığı ilk böyük addımlar müstəqil Azərbaycan dövlətinin İran İslam Respublikası ilə çoxcəhətli əlaqələrinin yaradılması ilə başlanmışdır. Ulu Öndərin hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən İran İslam Respublikası ilə yaratdığı möhkəm əlaqələr geniş mənada müstəqil Azərbaycanın Asiyaya, Şərqə doğru münasibətlərinin möhkəm əsaslarını təşkil etmişdir. Dövlət müstəqilliyinin başlanğıc dövrünün ən gərgin zamanlarında Heydər Əliyevin İran İslam Respublikasının o zamankı rəhbərləri ilə tarixi görüşləri, əldə etdiyi razılaşmalar, imzaladığı mühüm tarixi əhəmiyyətə malik sənədlər, açdığı yollar həm ağır blokada şəraitində fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasını Ermənistanın haqsız təcavüzlərindən qorumuş, iqtisadi böhrandan xilas etməyə xidmət etmiş, həm də bu əbədi qonşu ölkə ilə qarşılıqlı etibarlı münasibətlərin möhkəm əsaslarını formalaşdırmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhkəm və etibarlı qonşuluq siyasətində İran İslam Respublikası ilə çoxcəhətli əlaqələrə xüsusi diqqət yetirməsi, bu ölkə ilə bir çox dövlətlərarası beynəlxalq layihələrin həyata keçirilməsinə ciddi fikir verməsi əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş müdrik siyasətin yeni tarixi şəraitdəki uğurlu davamıdır.

 

Bu gün Azərbaycan-İran əlaqələri bütün sahələr üzrə sürətlə inkişaf edir və hər iki ölkə bu əlaqələrdən qarşılıqlı şəkildə faydalanır. Eyni zamanda İran İslam Respublikası ilə Azərbaycan Respublikasının əlaqələri həm də dövlətimizin Şərq siyasətinin də mühüm göstəricisidir. Fikrimizcə, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı, Pakistan, Əfqanıstan, Banqladeşsair kimi Şərqin müsəlman ölkələri ilə geniş əlaqələri İran İslam Respublikası ilə əlaqələrin böyük təcrübəsi əsasında formalaşdırılmışdır. Asiya ölkələri ilə əlaqələrdə İslam dəyərləri amilinin nəzərə alınması həm də müstəqil Azərbaycan dövlətində keçmiş sovet dövlətindəki ateizm təbliğatından fərqli olaraq, ölkəmizdə İslam-müsəlman sivilizasiyası amilinə diqqət yetirilməsini də gündəmdə saxlamağın nəzərə alınmasını şərtləndirmişdir. Ümummilli Lider Heydər Əliyevin müqəddəs Kəbə ziyarətinə getməsi, Bakıda Bibiheybət məscidinin memarlıq əsəri kimi yenidən inşasını təmin etməsi, Naxçıvanda Kazım Qarabəkir məscidinin açılışında nitq söyləməsi dünyəvi dövlət olan Azərbaycanda İslam dininin rolunu, yerini və əhəmiyyətini dəqiq müəyyən edib inkişaf etdirməyə nümunə sayılmağa layiqdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda VIII əsrdə tikilmiş qədim Şamaxı məscidini əsaslı şəkildə yenidən qurması, din-dövlət münasibətlərində tolerantlığı ön mövqeyə çəkməsi Azərbaycanda yeni cəmiyyət quruculuğunda böyük ənənələrin yaradıcı şəkildə inkişaf etdirilməsinin parlaq nəticəsidir. Artıq Azərbaycan Respublikası həm mədəniyyətlərarası, həm də dinlərarası dialoqun əsas mərkəzlərindən birinə çevrilmişdir. Dünya dini liderlərinin birinciikinci sammitlərinin Azərbaycanda keçirilməsi bu istiqamətdə aparılan uğurlu dövlət siyasətinin təntənəsidir. Bu, dünya dövlətləri içərisində Azərbaycanın nüfuzunun daha da artmasına meydan açmaqla bərabər, Azərbaycanda multikulturalizm və tolerantlığın daha da inkişaf etdirilməsinə özünün böyük töhfələrini vermişdir.

 

Biz Azərbaycan-Pakistan əlaqələrindəki qarşılıqlı etimada əsaslanan dostluq və əməkdaşlıq münasibətlərini xüsusilə yüksək qiymətləndiririk. Həm Ümummilli Lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Pakistana səfərləri, Pakistanın dövlət rəhbərlərinin Azərbaycanda imzaladıqları sənədlər, əldə etdikləri razılaşmalar bu ölkə ilə bütün sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər açmışdır. Pakistanla ölkəmizin hərbi, iqtisadi, diplomatik, mədəniyyət sahələrində atdığı birgə addımlar hər iki ölkə üçün əhəmiyyətli olmuşdur. Bu gün Azərbaycan üçün Pakistan ən etibarlı və əhəmiyyətli bir tərəfdaş ölkədir və dövlətlərarası münasibətlərimiz ardıcıl surətdə inkişaf etməkdədir.

 

Müstəqil Azərbaycan Respublikasının Asiyanın böyük dövlətləri ilə əlaqələrinin əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdur. Qərblə əlaqələrdə siyasət, Şərqlə əlaqələrdə isə iqtisadiyyat mühüm yer tutmuşdur. Müstəqil Azərbaycan dövlətinin başçısı kimi Heydər Əliyevin 7-10 mart 1994-cü il tarixində Çin Xalq Respublikasına səfəri, əslində, qədim İpək yolunun bərpası və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından müstəsna dərəcədə əhəmiyyətli hadisə idi. Səfər zamanı Çin Xalq Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanımasını bəyan etməsi həmin tarixi dövrün mühüm əhəmiyyətə malik hadisəsi idi. Bundan başqa, Çin səfəri çərçivəsində sərmayələrin təşviqi, turizm, elmi-texniki əlaqələr, hava nəqliyyatı əlaqəsi, səhiyyə, teleradio sahələrində qarşılıqlı əməkdaşlığa dair imzalanmış sənədlər dövlətlərarası münasibətlərin mühüm bünövrəsini təşkil etmişdir. Ölkə rəhbəri Heydər Əliyevin səfər zamanı 9 mart 1994-cü ildə Pekin İctimai Elmlər Akademiyasındakı nitqində deyildiyi kimi, "Çin ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafının perspektivlərini müəyyənləşdirən mühüm addımlar atılmışdır. Bu, dostluq əlaqələrimizin gələcək inkişafının proqramıdır. Bütün bunlar Çin Xalq Respublikası ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsi deməkdir”.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfərləri (mart 2005, avqust 2008, avqust 2014 və dekabr 2015) bu böyük Asiya dövləti ilə əlaqələrin üfüqlərini daha da genişləndirmişdir. Azərbaycan Respublikasının Çin Xalq Respublikası ilə əlaqələrinin genişlənməsi və Bakı-Tiflis-Qars dəmir yolunun çəkilişi ilə tarixi İpək yolunun əhəmiyyəti daha da artmışdır. Azərbaycan dövlətinin indiki çətin pandemiya dövründə Çin Xalq Respublikası ilə qarşılıqlı şəkildə əməkdaşlıq etməsi ölkələrimiz arasındakı etibarlı dostluq və əməkdaşlıq münasibətlərinin mühüm bir göstəricisidir. Koronavirus bəlası ilə mübarizədə göstərdiyi dəstəyə və həmrəyliyə görə Çin Xalq Respublikasının Sədri Si Szinpinin Azərbaycan Respublikasına xüsusi təşəkkür məktubu göndərməsi bu nəhəng ölkə ilə əlaqələrimizin qarşılıqlı dostluq münasibətlərinə çevrildiyini nümayiş etdirir.

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Asiya siyasətində Yaponiya ilə əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi də xüsusi yer tutur.

 

Görkəmli dövlət xadimi Heydər Əliyevin 24-28 fevral 1998-ci il tarixində Yaponiyaya rəsmi səfəri Azərbaycan Respublikasının Asiya qitəsindəki tərəfdaşlığının daha da genişləndirilməsinə səbəb olmuşdur. Bu səfərdə də Heydər Əliyev Yaponiyanın ölkəmizin ərazi bütövlüyünü tanıması haqqında bəyanatının səslənməsinə nail olmuş və iqtisadi-mədəni əməkdaşlığın yeni üfüqləri açılmışdır. Yaponiyanın dünyada qəbul edilmiş şirkətləri ilə əlaqələrin yaradılması, mühüm sazişlərin bağlanması, neft sektorunda əməkdaşlığın müəyyən olunması o dövr üçün böyük əhəmiyyətə malik olan hadisələrdir.

 

Prezident İlham Əliyevin 10-17 mart 2006-cı ildə Yaponiyaya rəsmi dövlət səfəri ölkələrarası münasibətləri yeni səviyyəyə qaldırmışdır. Bundan sonra Yaponiya kapitalı Azərbaycanda müxtəlif sahələrdə daha aktiv şəkildə iştirak etməyə başlamışdır. Yaponiyanın Azərbaycanda həyata keçirdiyi sosial layihələr qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə güclü təkan vermişdir. Neft sektoru ilə bərabər, turizmhumanitar sahələrdə Yaponiyanın ölkəmizdə icra etdiyi mədəniyyət layihələri ölkələrarası münasibətlərin əhəmiyyətli çalarına çevrilmişdir.

 

Eyni zamanda Asiya qitəsində özünəməxsus mövqeyə malik olan Cənubi Koreya ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsi də Ulu Öndərimiz Heydər Əliyevin Şərq ölkələri ilə əlaqələrin genişləndirilməsinə dair strategiyasının davamıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci ildə Cənubi Koreyaya səfəri nəticəsində bu inkişaf etmiş ölkə ilə əməkdaşlığın böyük perspektivləri müəyyən olunmuşkonkret proqramlar üzrə işbirliyinə geniş meydan açılmışdır. Hazırda Azərbaycan bazarında Cənubi Koreya faktorunun özünəməxsus yer tutması iqtisadi inkişafda yeni bir istiqamətin formalaşmasına imkan yaratmışdır. İnformasiya texnologiyaları sahəsində, elektron hökumət layihələrinin formalaşdırılmasında Cənubi Koreya ilə əlaqələrin ölkəmizdə daha da genişləndirilməsi müasir inkişafda Cənubi Koreya amilinin fərqli yerini müəyyən edir.

 

Cənubi Koreya Respublikasının maliyyə və texniki dəstəyi ilə 2019-cu ildə Bakı şəhərində tikilib istifadəyə verilmiş ən müasir peşə təhsili kompleksi ölkələrarası qarşılıqlı əlaqələrin yeni nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu müasir peşə təhsili kompleksinin açılışında iştirak etməsi və dərin məzmunlu nitq söyləməsi Cənubi Koreya ilə əlaqələrimizin yeniparlaq bir səhifəsidir.

 

Asiyanın "kiçik əjdahaları” hesab olunan SinqapurMalayziya ilə Azərbaycan Respublikasının əlaqələrinin yaradılması və inkişaf etdirilməsi yeni tarixi epoxanın reallıqlarıdır. Prezident İlham Əliyevin 20-21 noyabr 2012-ci ildə Sinqapura səfəri və dövlət səviyyəsində aparılan işgüzar danışıqlar, bağlanmış müqavilələr ölkəmizin Asiyadakı mövqelərinin daha da möhkəmlənməsini təmin etmişdir. Respublikamızda gəmiqayırma sənayesinin yenidən qurulmasında Sinqapurun xüsusi yer tutması beynəlxalq əməkdaşlığımızın yeni və əhəmiyyətli səhifəsini təşkil edir.

 

Həmçinin Azərbaycan Respublikasının Malayziya ilə yaratdığı əlaqələr beynəlxalq siyasətimizdəki Asiya amilinin inkişafına xidmət edir. Ulu Öndər Heydər Əliyevin hələ 1994-cü ildə İslam Konfransı Təşkilatının Mərakeş krallığında keçirilmiş Zirvə toplantısında Malayziyanın Baş Naziri Mahatir bin Məhəmmədlə keçirilmiş görüşü ilə başlanan əlaqələr sonrakı illərdə daha da inkişaf etdirilmişdir. Beynəlxalq təşkilatlarla əlaqələrə və fövqəladə hallar üzrə əməkdaşlığa daha çox meydan açan Azərbaycan-Malayziya əməkdaşlığı qarşılıqlı münasibətlərin inkişafına sanballı töhfələr verir. Malayziyanın keçmiş və hazırkı Baş nazirlərinin 2018-2019-cu illərdə Azərbaycana səfərləri ölkələrarası münasibətlərimizin inkişafında yeni perspektivlər açır.

 

Azərbaycan Respublikasının Vyetnam Xalq Respublikası ilə əlaqələrinin genişləndirilməsi istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər Asiya üfüqlərində yeni Azərbaycanın açdığı imkanlardır. Hələ keçmiş Sovet hakimiyyəti illərində Azərbaycanın rəhbəri Heydər Əliyevin Vyetnam Xalq Respublikası ilə yaratdığı əlaqələr sonrakı dövrlərdə daha da inkişaf etdirilmişdir. Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin 1983-cü ildə Vyetnam Xalq Respublikasına səfəri tarixi hadisəyə çevrilmişdir. Demək olar ki, sonrakı bütün dövrlərdə Azərbaycan-Vyetnam əlaqələri irəliyə doğru inkişaf etmişdir. Uzun illər ərzində Azərbaycan Vyetnam Xalq Respublikasının neft sənayesi üçün ali təhsilli yüksək ixtisaslı mütəxəssislər hazırlayan əsas baza rolunu oynamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnam Xalq Respublikasına dövlət səfəri ilə mühüm tarixi əhəmiyyətə malik olan ənənələr yenidən dirçəldilmişdir. Vyetnam Respublikasının rəsmi dövlət nümayəndələrinin və elm adamlarının 2017-2019-cu illərdə Azərbaycanda keçirdikləri işgüzar görüşlər qarşılıqlı əlaqələrimizin salnaməsinə yeni səhifələr əlavə etmişdir. Hazırda iki ölkə arasındakı kənd təsərrüfatı, qida sənayesi, neft-qaz emalı, yüngül sənaye sahələrində əməkdaşlıq yüksələn xətlə inkişaf edir və əhəmiyyətli töhfələr verir.

 

Bütün bunlar aydın surətdə göstərir ki, artıq müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində Asiya ölkələri ilə qarşılıqlı əlaqələrin böyük ənənələri və etibarlı münasibətləri formalaşmışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən möhkəm əsasları qoyulmuş beynəlxalq münasibətlərdə Şərq tərəfdaşlığı siyasəti müasir dövrdə ardıcıllıqla və yaradıcılıqla inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük səyləri ilə ölkəmiz dünyanın bütün qitələrində və əksər ölkələrində olduğu kimi, Asiya qitəsində də əməkdaşlıq üfüqlərini daim genişləndirir. Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrində yaranmış etibarlı tərəfdaşlıq münasibətləri Asiya ilə çoxcəhətli əlaqələrimizin daha da möhkəmləndirilməsinə xidmət edir. Müstəqil Azərbaycan dövlətinin sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv dövlətlər içərisində Asiya ölkələri ilə münasibətlərini daha da genişləndirməsi bu ecazkar qitədə ölkəmizin əlaqələrinə yeni imkanlar əlavə etmişdir. Beləliklə, Asiya ilə əlaqələr Azərbaycanın dünya birliyinə tam, geniş, masştablı strategiyasının və Şərq tərəfdaşlığına töhfələrinin ifadəsidir. Şərq və Qərb əlaqələrinin üzvi sintezi və vəhdəti Azərbaycan Respublikasının beynəlxalq münasibətlərə dair strategiyasının əsasını təşkil edir. İnformasiya texnologiyaları, elektron sənaye, demoqrafiya, miqrasiya, turizm kimi istiqamətlərin inkişaf etdirilməsində Asiya ağırlığı Qərb maarifçiliyi ilə birlikdə Azərbaycanda köklü ənənələrin üzərində ucaldılmış müasir dövlətçiliyin, yeni inkişafın zənginləşməsinə və sürətlənməsinə imkan yaradır. Müstəqil Azərbaycan dövləti yeni tarixi mərhələdə dünya ilə hərtərəfli inkişafın və qarşılıqlı əməkdaşlığın geniş imkanlarını nümayiş etdirir. Dünya dövlətləri və beynəlxalq təşkilatlarda qarşılıqlı əlaqələrin genişləndirilməsi Azərbaycan üçün qarşılıqlı etimadı və əməkdaşlığı möhkəmləndirmək baxımından prioritet məsələdir. Və Azərbaycan Respublikasının dünya ilə əlaqələri dostluğa, əməkdaşlığa və həmrəyliyə uğurla xidmət edir.

 

Rza TALIBOV

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti,

 Batumi Dövlət Universitetinin fəxri doktoru

Azərbaycan.-2020.- 9 may.- S.8.