Prezidentdən sərt xəbərdarlıq
İlham Əliyev karantin rejiminin
yenidən sərtləşdiriləcəyini, qaydaları pozanlara qarşı daha
ağır cəza tədbirlərinin görülə biləcəyini
bəyan etdi
Bəşəriyyəti ağır sınaq qarşısında qoyan yeni tip pandemiya səbəbindən aylardır dünya dövlətləri ciddi təşviş içərisindədir. Elmin bu qədər inkişaf etdiyi dövrdə müasir dünya insanı beş aydır koronavirus adlı bəlaya qarşı vaksin tapa bilmir. Yalnız pandemiyaya qarşı qabaqlayıcı tədbirlər görən, iqtisadiyyatını deyil, insan sağlamlığını əsas tutan bəzi ölkələrin bu sınaqdan az itki ilə çıxmaqla bağlı mübarizəsində müsbət dinamika müşahidə olunmaqdadır.
Pandemiyaya qarşı ən mütərəqqi və insansevər təcrübə
Sevindirici haldır ki, Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmiz nəinki milli səviyyədə koronavirusla mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda regional və qlobal miqyasda pandemiyaya qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir, təcrübəsini bölüşür. Pandemiyaya qarşı mübarizədə Azərbaycan 10-dan artıq ölkəyə yardım edib.
Son 2 ayda Prezident İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında keçirilən Türk Şurası və Qoşulmama Hərəkatının zirvə görüşlərinin mövzusunun da koronavirusa qarşı mübarizəyə həsr olunması bir daha təsdiq etdi ki, Azərbaycan bu istiqamətdə dünyanı birləşdirir, təcrübəsini istənilən dövlətlə bölüşür. Bununla da ölkəmiz dünyaya nümayiş etdirdi ki, sözü ilə əməli vəhdət təşkil edən etibarlı tərəfdaşdır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində təcrübəsi ən mütərəqqi və ən insansevər təcrübədir. Çünki vaxtında epidemiyaya qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkədə virusa yoluxma ilə sağalma arasındakı müsbət dinamika, yəni sağalanların sayının yoluxanların sayından çox olması bunu deməyə əsas verir. Digər dövlətlərdə elan olunmuş sərt karantin rejimi davam etdirildiyi halda ölkəmizdə bəzi qadağaların götürülməsi, karantin rejiminin yumşaldılması da deyilənləri təsdiq edir.
Ölkəmizdə virusun ikinci dalğasının başlama ehtimalı artır
Vətəndaş məsuliyyətsizliyi, sanitar-epidemioloji, tibbi-profilaktik tədbirlərə əməl edilməməsi, elan edilmiş qadağalara məhəl qoyulmaması yenidən arzuolunmaz vəziyyətin yaranmasına səbəb olub. May ayının 31-dək davam etdirilməsi nəzərdə tutulan yumşaldılmış karantin rejimi heç bir həftə keçməmiş xoşagəlməz nəticələrlə, yoluxma sayının artması ilə müşayiət olunur.
Görünən odur ki, məhdudiyyətlərin aradan qaldırılması ilə ölkədə epidemiyanın ikinci dalğasının başlama ehtimalı artır. Çünki koronavirusun yayılması uzunmüddətli prosesdir və bu səbəbdən də mövcud qaydalara riayət olunması, zəruri profilaktik tədbirlərin davam etdirilməsi mütləqdir.
Bu vəziyyət, əlbəttə ki, ilk olaraq ölkə rəhbərliyində ciddi narahatçılıq yaradıb. Çünki dövlət koronavirusla mübarizədə insan sağlamlığını əsas tutaraq əlindən gələni etdiyi halda vətəndaşlarda yaranmış arxayınçılıq, etinasızlıq yalnız məyusluq doğurur.
Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı zamanı Prezident İlham Əliyevin ölkədəki mövcud durumu dəyərləndirərkən söylədiyi fikirlərdən də bəlli oldu ki, dövlət başçısı bu vəziyyətdən çox narahatdır: "Son günlərin mənzərəsi, sözün düzü, məni çox üzür və narahat edir. Çünki son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur”.
Hər zaman vətəndaşın qayğısına qalan, şad gündə də, dar gündə də onun yanında olan, hətta pandemiya dövründə müstəqillik tarixinin ən böyük maliyyə (3,5 milyard manatdan çox) tutumlu sosial-iqtisadi paketini təqdim edərək işləməyən vətəndaşa aylıq maaşını verən, bütün sahibkarlıq subyektlərini dəstəkləyən dövlət başçısı yenə də xalqın durumundan narahatdır. Ona görə ki, bəzi məsuliyyətsiz vətəndaşların qaydalara əməl etməməsi bütün xalqı yenidən təhlükəyə sürükləyir.
Düzdür, əvvəllər vətəndaşlar koronavirusa görə qorxu hissi keçirirdilər və bu səbəbdən də qaydalara ciddi əməl etməklə yoluxmamağa çalışırdılar. Hazırda isə görünən odur ki, vətəndaşlarda elə bil qorxu hissi azalıb. Sanki insanlarda psixoloji arxayınlıq yaranıb ki, virusun yayılması prosesi sona çatıb. İctimai nəqliyyatda və ayrı-ayrı məkanlarda maska taxılmır, sosial məsafə saxlanılmır. Məhz bu məsuliyyətsizlik dövləti ciddi tədbirlər görməyə, karantin rejimini daha da, yəni əvvəlkindən çox sərtləşdirməyə sövq edir.
Cənab İlham Əliyev də elə bu durumu əsas gətirərək məsuliyyətsiz vətəndaşlara ciddi xəbərdarlıq etdi və karantin rejimini pozanlara qarşı cəzaların daha da sərtləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq verdi: "Biz belə münasibətə dözə bilmərik. Bu, zarafat deyil. Hər kəs bunu çox ciddi qəbul etməlidir. Belə adamlara qarşı ciddi cəza tədbirləri görüləcək. Mən bu gün bütün aidiyyəti orqanlara müraciət edərək deyirəm, cəza tədbirlərini sərtləşdirin. Biz vətəndaşları qorumalıyıq. Biz imkan verə bilmərik ki, hansısa intizamı pozan, məsuliyyətsiz adama görə vətəndaşlarımız xəstələnsin, ölsün. Ona görə bu qaydalara hər kəs riayət etməlidir, özü də bundan sonra uzun müddət ərzində”.
Yəni bu dinamika kəskin artarsa, dövlət tərəfindən karantin rejimi əvvəlki vəziyyətinə gətiriləcək və daha da sərtləşdiriləcək, qaydaları pozanlara qarşı da daha ciddi cəza tədbirləri görüləcək.
Mayın
31-dən sonra da karantin rejimi uzadıla bilər
Göründüyü kimi, karantin rejimi əsasən regionlar üçün yumşaldığından yoluxma
faktlarının da daha çox bölgələrdə yüksəlməsi
müşahidə olunur. Ona görə
də dövlət regionlarda yenidən nəzarəti gücləndirə
bilər. Hətta bölgələrdə
karantin rejimi ilə bağlı sərtləşdirici tədbirlər
istisna deyil.
Karantin rejiminin
müddətinə gəlincə
isə, Prezident vurğuladı ki, rejim ən azı
mayın 31-nə qədər
qüvvədə olacaq
və ondan sonra əgər lazım gəlsə, yenə də uzadılacaq.
Dövlət başçısı bildirdi
ki, ölkəmizdə
formalaşdırılmış müasir səhiyyə sistemi koronavirusla mübarizə sahəsində
bütün lazımi
tədbirləri görməyə
imkan verir. Ancaq koronavirusun
yayılmaması üçün
vətəndaşların şəxsi
məsuliyyəti mühüm
şərtdir. Bu səbəbdən də maska taxmaq, sosial
məsafə saxlamaq, tez-tez əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə
etmək bir qayda olmalıdır.
Çünki Azərbaycan dövləti
üçün başlıca
məsələ vətəndaşların
sağlamlığıdır. Ona görə də maarifləndirmə işləri
daha geniş vüsət almalıdır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan
$g 2020.- 9 may.- S.11.