Azərbaycan koronavirusla
mübarizədə birinci mərhələni
qələbə ilə başa vurub
Bütün dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə aparılsa da, hələ də infeksiyaya yoluxma halları davam edir. Artıq dünyada bu virusa yoluxanların sayı 3 932 984 nəfərə çatıb, 271 029 nəfər isə onun qurbanı olub.
Ən çox yoluxma və ölüm halları Avropda qeydə alınıb. İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Üçüncü yeri Qərbi Sakit okean regionu tutur. Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ, İspaniya, İtaliya, Böyük Britaniya, Rusiya, Almaniya, Fransa, Türkiyə, Braziliya və İranda qeydə alınıb.
"Karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq”
Ölkəmizdə son günlər gündəlik xəstələnmə sayının sağalma sayını üstələməsi müşahidə olunmaqdadır. Bu da ciddi narahatçılıq doğurur. Pandemiya ilə mübarizənin gedişində mənfi dinamikanın başlaması karantin qaydalarının yumşaldılması ilə əlaqələndirilir. Bir sıra məhdudiyyətlərin aradan qaldırılması ilə insanların küçələrə axışması, baş verənləri sanki unutması, sosial məsafəni gözləməməsi, maskadan istifadə etməməsi əldə olunan nailiyyətləri heçə endirir.
Ötən gün
Bakıda modul tipli ilk xəstəxana kompleksinin
açılışında çıxışı
zamanı Prezident İlham
Əliyev ölkədə koronavirusla
mübarizə çərçivəsində görülən
işlərdən danışarkən bu mövzuya da toxunub. Yoluxma hallarının geniş
yayılmasının qarşısının alınması üçün karantin rejiminin sərtləşdirildiyini diqqətə
çatdıran dövlət başçısı məqsədə
nail olunduğunu və
virusla mübarizədə birinci
mərhələni az itkilərlə başa vurduğumuzu, qalib gəldiyimizi deyib. 3 həftə
ərzində hər gün
sağalanların sayının yoluxanların sayından xeyli çox olduğunu gördükdə isə ölkədə
yumşalma tədbirləri görülməyə
başlanıb: "Ancaq əfsuslar olsun ki, bəzi adamlar bunu karantin
rejiminin ləğvi kimi
qəbul etdilər. Əfsuslar olsun ki, bəzi adamlar karantin rejiminə əməl etmirlər. Yumşalma tədbirləri yalnız bir məqsədi güdürdü
ki, insanların öyrəşdiyi həyat
tərzi müəyyən dərəcədə bərpa olunsun. Karantin rejiminin yumşaldılması
o demək deyil ki, karantin başa
çatıb, xeyr. Karantin rejimi
ən azı mayın 31-nə qədər
qüvvədə olacaq
və ondan sonra əgər lazım olarsa, uzadılacaq. Ona görə
son günlərin mənzərəsi,
sözün düzü,
məni çox üzür və narahat edir. Çünki son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur və əgər bu dinamika kəskin
artarsa, - mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin,
- biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə
gətirəcəyik, sərtləşdirəcəyik,
qaydaları pozanlara qarşı da daha ciddi cəza
tədbirləri görüləcək
ki, biz vəziyyəti
daim nəzarətdə
saxlayaq”.
Maska taxmaq, məsafə saxlamaq bir qayda
olmalıdır
"Azərbaycan dövlətinin
siyasəti və Operativ Qərargahın bu işlərə gündəlik rəhbərlik
etməsi əsas bir məqsədi güdür ki, biz vətəndaşların həyatını,
sağlamlığını qoruyaq” deyən Prezidentin sözlərinə
görə, bəzi məsuliyyətsiz vətəndaşlar
qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, özlərini
elə aparırlar ki, sanki virus artıq məhv olub. Dövlət başçısı
karantin qaydalarını
pozanlara qarşı ciddi tədbirlər görüləcəyinə dair
xəbərdarlıq edib:
"Hamı bunu bilsin və nəticə çıxarsın.
Biz imkan verə
bilmərik ki, hansısa məsuliyyətsiz
vətəndaşlara görə
insanların həyatı
risk altına düşsün.
Qətiyyən mümkün deyil”.
Dövlət başçısı bildirib
ki, vətəndaşlar
şəxsi gigiyenaya riayət etməlidirlər. Maska taxmaq,
məsafə saxlamaq, gündə bir neçə dəfə sabunla əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə
etmək bir qayda olmalıdır.
Koronavirusun yayılmaması
üçün vətəndaşların
şəxsi məsuliyyəti
mühüm şərtdir:
"Ona görə mən hesab edirəm ki, bütün kompleks tədbirlər, vətəndaşların
məsuliyyəti və
nizam-intizamı nəticəsində
biz bundan sonra da bu vəziyyəti
nəzarət altında
saxlaya biləcəyik.
Çünki burada məsələ
ancaq dövlət qurumlarının fəaliyyətindən
asılı deyil.
Dövlət qurumları, vətəndaş
cəmiyyəti, vətəndaşlar,
biz bir nöqtəyə
vurmalıyıq”.
Tibbi maska taxmayanlar ictimai nəqliyyata buraxılmayacaq
Dünəndən ölkə ərazisində
polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən
tibbi maskadan istifadə etməyənlərə
qarşı reydlərə
start verilib.
Daxili İşlər Nazirliyinin
Mətbuat xidmətinin
rəisi Ehsan Zahidov açıqlamasında
bildirib ki, reydlər mayın 1-dən
ölkə ərazisində
tətbiq edilən xüsusi sanitar rejimin tələblərinə
uyğun həyata keçirilir: "Reydlərdə
vətəndaşlardan evdən
çıxarkən, qapalı
məkanlarda, xüsusilə
iaşə müəssisələrində,
ictimai nəqliyyatda nəfəs yollarını
qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini
saxlamaq, bütövlükdə
karantin rejimi dövrü üçün
müəyyən edilmiş
qaydalara ciddi riayət etmək tələb olunur. Bu qaydalara riayət
etməyən vətəndaşlarımız
barəsində inzibati
qaydada tədbirlər
görüləcək. Eləcə də tibbi maskadan
istifadə etməyənlərin
ictimai nəqliyyata və qapalı məkanlara girişinə
məhdudiyyətlər qoyulacaq”.
434 sürücü karantin rejimini pozub
Koronavirus
infeksiyasının yayılmasının
qarşısının alınması
məqsədilə tətbiq
edilən xüsusi karantin rejiminin pozulmasına görə
07.05.2020-ci il saat
00:00-dan 08.05.2020-ci il saat
00:00-dək olan müddət
ərzində respublikanın
avtomobil yollarında nəqliyyat vasitələri
ilə hərəkətdə
olan 434 nəfər Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi
ilə inzibati məsuliyyətə cəlb
edilib.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə,
ümumilikdə 01.04.2020-ci il tarixindən
bu günədək respublikanın, o cümlədən
paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə
49435 hərəkət iştirakçısı
inzibati qaydada cəzalandırılıb.
Şərtlərin yumşaldılması əhalidə arxayınlıq
yaratmamalıdır
Ölkədə koronavirusun geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxmanın sürətini azaltmaq, vətəndaşın sağlamlığını
qorumaq üçün
lazımi tədbirlər
həyata keçirilir. Məhz pandemiyanın
təsirinin azaldılması
və miqyasının
məhdudlaşdırılması istiqamətində dövlət
tərəfindən vaxtında
atılan addımlar, eləcə də karantin rejiminin tətbiqi nəticəsində
COVID-19-la bağlı sanitar-epidemioloji
vəziyyət nəzarət
altına alınıb,
kütləvi yoluxma hallarının azaldılmasına
nail olunub. Xəstəliklə bağlı müsbət tendensiya yarandığı
üçün karantin
rejimi yumşaldılıb,
müəyyən məhdudiyyətlər
aradan qaldırılıb.
Lakin şərtlərin yumşaldılması
heç də əhalidə arxayınlıq
yaratmamalıdır. Qoyulan qaydalara
riayət etmək, gərəksiz halda evdən çıxmamaq, küçədə sosial
məsafəni saxlamaq,
tibbi maska taxmaq, şəxsi gigiyenanı gözləmək
hər birimizin şəxsi məsuliyyəti,
vətəndaşlıq borcudur.
Məsuliyyətli olaq, özümüzü,
ailəmizi, ətrafımızı,
dolayısı ilə
xalqımızı gözəgörünməz
düşməndən qoruyaq.
Xəyalə MURADLI
Azərbaycan.-2020.- 9 may.- S.11.