Lider qətiyyəti
Dünyanın pandemiya təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda ölkəmizdə müşahidə edilən müsbət tendensiya, heç şübhəsiz, müdrik idarəçiliyin göstəricisidir. Faktiki olaraq dünya bəşəriyyət ölümcül təhlükə ilə qarşılaşıb və insan həyatının qorunması ən önəmli məsələyə çevrilib. Hər bir sahədə lazımi tədbirlər görülüb. Bununla insan həyatı təhlükədən hifz edilsə də, dünya iqtisadiyyatını böhran vəziyyətinə düşüb.
Lakin belə bir zamanda Azərbaycanda istər pandemiya ilə mübarizə, insanlarımızın həyatının qorunması, istər iqtisadiyyatımızın davamlılığının təmin edilməsi, istərsə də dövlət təhlükəsizliyinə yönəlmiş cinayətkarlığın qarşısının alınması işləri yüksək peşəkarlıqla icra edilir. Bu, Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir. Məncə, bu günlər həyata keçirilən çoxşaxəli işlər böhran zamanı idarəetmənin ən ideal nümunəsidir.
Hər bir kəsə bəllidir ki, dövlət rəhbərinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apardığı struktur islahatlarının, onların qarşısında qoyduğu yeni tələblərin məqsədi dövlət müstəqilliyini daha da möhkəmləndirmək və vətəndaş məmnunluğunu artırmaqdır. Prezidentinə güvənən və onun siyasətini dəstəkləyən Azərbaycan vətəndaşları əmindirlər ki, dövlət başçısının qanunverici, icraedici və məhkəmə hakimiyyəti, habelə maliyyə sistemində apardığı islahatlar dövlət idarəetməsinin səmərəliliyini artıraraq ilk növbədə vətəndaşların maraqlarına xidmət edəcək və ölkənin davamlı inkişafına zəmin yaradacaqdır. Bu islahatlar pandemiya şəraitində də belə dayandırılmamışdır.
Hazırda bütün dövlət orqanları, hakimiyyətin bütün qolları Azərbaycanın COVID-19 adlı qlobal bəladan maksimum az zərərlə çıxması üçün əməli tədbirlər görürlər. Bu işə xilaskarımız Heydər Əliyevin adını daşıyan Fond və bu fondun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla ləyaqətli iş adamları, şirkətlər, yardımsevər insanlar qoşulublar. Pandemiyadan xilas ümumxalq işinə çevrilib.
Lakin ürəkağrısı ilə demək lazımdır ki, belə bir durumda dövlətin, Heydər Əliyev Fondunun insanlarımıza uzatdığı xeyirxah əli kəsən, kasıbın, imkansızın qisməti olan və süfrəsinə qoyacağı bir parça çörəyə göz dikən məmurlar da vardır. Onlar bu əməlləri ilə dövlətimizə, dövlətin dayaqlarına zərbə vuran ən qatı cinayətkarlar və bu xalqa, millətə, dövlətə xəyanət edən insanlardır. Onların da cəzası, şübhəsiz, ağır olacaq. Çünki buna Prezident İlham Əliyevin qətiyyəti və geridönməz siyasəti əsas verir. Bu prosesdə dərs çıxarası və nümunə götürüləsi çox önəmli məqamlar vardır. Prezident İlham Əliyev çıxışlarının birində vurğulamışdır ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bir gün də dayanmır. Bu mübarizənin artıq yaxşı nəticələri var, daha da yaxşı nəticələri olacaqdır. Biz bu böyük bəlanı ölkəmizdən yığışdırmalıyıq, təmizləməliyik. Elə etməliyik ki, Azərbaycan hər sahədə - həm siyasi, həm iqtisadi, həm də korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə sahəsində nümunə olsun və olacaqdır.
Bu sözlər indi artıq öz real təsdiqini tapır. Davamlı olaraq aparılan bu mübarizədə Prezidentin sərgilədiyi iki cəhət dövlətinin sabahını düşünən bir gənc kimi mənim də diqqətimi cəlb edir. Bunlardan biri qətiyyət, digəri isə mərhəmətdir. Cənab Prezident tez-tez istər insanlarla görüşlərində, hansısa bir müəssisənin açılışında, yaxud da qəbullarda məmurlara dəfələrlə bildirib ki, bu əməllərindən əl çəksinlər, bu yoldan qayıtsınlar. Çünki onların hər bir əməlindən Prezident xəbərdardır. Burada ehtiyac içində olan insanların ruzisinə göz dikən məmurlarla mübarizədə Prezidentin göstərdiyi qətiyyət daha çox önəm kəsb edir. Çünki hələ illər öncə "Mən hər bir azərbaycanlının Prezidenti olacağam!” deyərək başlatdığı missiyanı məhz xalqa arxalanaraq davam etdirir və bu da cənab İlham Əliyevin müqəddəs amalına çevrilib. Məhz bu amal Azərbaycanı korrupsiya kimi dövləti içindən yeyən bir bəladan, xalqı hakimiyyətə qarşı qaldıran əsas problemdən xilas edəcək. Bu məsələdə bütün Azərbaycan xalqı, xüsusən bu ölkənin sabahı olan gənclik pandemiya şəraitində yaşasa da belə, dövlətini düşünərək Prezidentin yanında olmağı özünün borcu sayır. "Mən Azərbaycan gəncliyinə inanıram” deyən İlham Əliyev həm gəncliyi dövlətə qarşı çıxan, xalqın rifahına zərbə vuran məmurlara qarşı amansız olmağa səsləyir, həm də bu haqq işində onlardan güc alır. Çünki son dövrlərdə müxtəlif istiqamətlərdə gənc kadrlara göstərilən etimad öz müsbət nəticələrini verməkdədir. Xalqa arxalanmaq, xalqdan güc almaq cənab İlham Əliyevi bu işlərdə daha mətanətli və güclü edir.
Cənab Prezidentin həyata keçirdiyi antikorrupsiya siyasəti hazırda ölkəmizdə belə bir qənaət formalaşdırıb: indi Azərbaycanda məmur olmaq imtiyaz deyil, məsuliyyətdir. Xalq, dövlət və ədalət mühakiməsi qarşısında məsuliyyət. Lakin Prezidentin dəfələrlə bildirməsinə baxmayaraq, bunu hələ də dərk etməyən məmurlar qalmaqdadır. Onların hər birinin qanunazidd əməlləri ilə Dövlət Təhlükəsizlik Xidməti məşğul olur. Bu artıq dövlətin korrupsioner məmurlara qarşı apardığı siyasətdə qətiyyətin göstəricisidir. Çünki dövlətin, xalqın malını mənimsəyən şəxslər məhz dövlətin sütunlarına, hakimiyyətin mənbəyinə zərbə vururlar. Onların cəzası da dövlət əleyhinə cinayət kimi təsbit edilir və göründüyü kimi, cəzalandırma bu istiqamətdən aparılır.
Azərbaycan dövlətinin sabahı, Azərbaycan vətəndaşının rifahı üçün gördüyünüz işlərdə Tanrı da, xalq da daim Sizinlə olacaq. Yorulmayasınız, cənab Prezident!
Sərraf
HÜSEYNOV,
Azərbaycan Dillər
Universiteti rektorunun müşaviri,
ADU üzrə YAP ilk ərazi təşkilatının
sədri
Azərbaycan.-2020.- 9 may.- S.11.