Qürur dolu tarix
Faşizm üzərində
Qələbədən 75 il keçir
Onlar 681
min nəfər idilər.
1941-1945-ci illərdə Azərbaycandan Böyük
Vətən müharibəsinə
yollananların - çağırılanların
və könüllü
gedənlərin sayıdır
bu. Rəşadət göstərənlərin
- sağ qalanların və həlak olanların statistikada aydın göstəricisidir.
Onlar uğrunda
vuruşduqları SSRİ-yə
vətən demişdilər. Dövrün,
zamanın tələbi
belə idi... Bir də ki, vətəndaşı
olduqları Azərbaycan
Sovet İttifaqı adlanan həmin nəhəng dövlətin
tərkibində idi, orada birləşən 15 respublikadan biri idi.
Onlar vətən bildikləri o
böyük ölkəni
düşməndən azad
etməyə getmişdilər...
O dövrdə Hitler faşizmi
Azərbaycana doğru
da can atırdı. Fikrində Bakının "qara qızıl”ı - nefti vardı. Hər bir Azərbaycan
oğlu düşmən
üzərinə şığıyanda
məhz bunu düşünürdü. Doğma yurdun sərvətinin əldən getməməsi
uğrunda vuruşurdu.
Azərbaycanı təmsil edən döyüşçülərdən 170 min nəfəri SSRİ-nin sanballı orden və medalları ilə təltif olundu. O cümlədən 130 nəfər Sovet İttifaqı Qəhrəmanı
adına layiq görüldü. Hər orden və medalın
arxasında isə hünər və rəşadət dayanırdı.
Yüzlərin, minlərin arasında
seçilənlərin qəhrəmanlığı
əks olunurdu.
Odlu müharibə yollarında,
qanlı döyüş
meydanlarında dəfələrlə
yaralananlar da az olmadı.
Hospitallara düşdülər, cəbhəyə dönmək
əzmi ilə sağalıb yenidən döyüşə qatıldılar.
Növbəti yaraları almaqdan
heç də qorxmadılar, qələbə
əzmi ilə döyüşdülər.
Müharibə sona çatandan sonra vətənə döndülər. Hərəsi bir sahəni
qurub-yaratmaq meydanına
çevirdi. Dinc
əməklə məşğul
olan kim,
qurub-tikən kim, elmlə, sənətlə,
təsərrüfatla məşğul
olan kim...
* * *
Mayın 9-da faşizm üzərində
qələbənin 75-ci ildönümü
tamamlanır.
Böyük Vətən müharibəsi təkcə keçmiş ittifaq üçün yox, müasir dünyamız üçün də aktualdır. Dünya da bizim ümumi vətənimizdir və bu, bütün dünyanı özünə vətən bilənlərin apardığı savaş, qazandığı qələbə idi.
Azərbaycanda elə bir ailə tapılmaz ki, bu müharibədən kənarda qalsın. Onun məşəqqətlərini yaşamasın. Faşizm üzərində qələbə bütün bu əziyyətlərin, fədakarlıqların əvəzidir. Bu 75 ilin hər anında hər bir soydaşımızın ağır zəhməti, ürəyinin qanı, alnının təri, qəhrəmanlığı var. Bunu heç zaman unutmamalı, unudulmağa qoymamalıyıq.
Altı milli diviziyadan biri - 416
1941-1945-ci illər müharibəsində Azərbaycanın 6 milli diviziyası iştirak edərək böyük qəhrəmanlıq göstərib. Bunlar 77-ci, 402-ci, 271-ci, 396-cı atıcı diviziyaları, 223-cü Belqrad və 416-cı Taqanroq atıcı diviziyaları idi.
416-cı diviziya Zaqafqaziya Hərbi Dairəsi komandanlığının 1942-ci il 22 fevral tarixli əmrinə əsasən Ucar rayonunda formalaşdırılmışdı. Diviziyanın şəxsi heyətinin 92 faizi azərbaycanlılar idi. Burada fəhlələr, kolxozçular və qismən də ziyalılar üstünlük təşkil edirdi. Diviziyada təcrübəli zabit və əsgərlər olsa da, onların sayı çox deyildi. Bölmələr təxminən yarım il döyüş hazırlığı keçmişdilər.
Döyüş yoluna isə milli diviziya Qafqazdan başladı. 1942-ci il sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazdakı Xasavyurt rayonuna göndərildi. Onda Qafqaz uğrunda döyüşlərin ən şiddətli günləri idi. Almaniyanın "Cənub” ordu qrupu komandanlığına 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etmək əmri verilmişdi. Hitlerçilər bu əmri yerinə yetirməkdən ötrü azğınlıq göstərirdilər. Hələ iyuldan başlayaraq general-feldmarşal Jistin komandanlığı altında "A” ordular qrupu yaradılmışdı. Qrupun ən birinci vəzifəsi Donun arxasına keçmiş sovet qoşunlarını Rostovun cənub və cənub-şərq rayonunda mühasirəyə alıb sıradan çıxarmaq idi.
Tərkibində əsasən tank və motorlu birləşmələr olan digər güclü qruplaşmanın qarşısında Qroznını və Mahaçqalanı ələ keçirmək, qüvvələrin bir hissəsi ilə isə Osetiyanın və Gürcüstanın hərbi yollarını kəsmək vəzifəsi qoyulmuşdu. Bu istiqamətdə hücumun son məqsədi Bakıya yiyələnmək idi.
1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə daxil edilərək, Sulak çayının şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdirildi. Həmin ilin noyabrında yenidən 44-cü ordunun tərkibinə daxil edildi və təcili olaraq Terek stansiyası zonasında yeni döyüş xəttinə göndərildi. 1942-ci ilin 26 noyabrında diviziya ilk böyük hücuma keçdi. Həmin gün bu hərbi hissənin döyüşçüləri Novo-Lednov-Kapustin xəttində 69-cu Qafqaz suvari diviziyasını əvəz edərək düşmənlə döyüşə girdilər. Dekabrın 5-də axşama yaxın diviziya mühüm sayılan təpəyə yiyələndi və İşşevskaya stansiyasına çıxdı.
O, necə "Taqanroq diviziyası” oldu?
1943-cü il yanvarın əvvəlinədək diviziyanın döyüşçüləri Qafqazdan Azov sahilinə qədər olan məsafəni gərgin vuruşlarla keçərək növbəti döyüşlərə hazırlaşdılar. Bu dövrdə diviziyanın komandirlərindən biri polkovnik (az sonra general-mayor) Tərlan Əliyarbəyov olmuşdu. 1942-ci ilin noyabrında Şimali Qafqazdan başlanan əks-hücumlar nəticəsində üç ay ərzində Şimali Qafqaz düşməndən azad edildi. Bu qələbə Rostov istiqamətində döyüşlərə başlamaq üçün şərait yaratdı. 1943-cü ilin 21 fevralında 416-cı diviziya hərbi əməliyyatların ikinci dövrünə hazırlaşmağa başladı. Bunun üçün diviziyaya Azərbaycandan daha 1500 nəfər yeni döyüşçü də göndərildi. 416-cı diviziya 1943-cü ilin 17 avqustunda Taqanroq istiqamətində başlanmış hücumlarda fəal iştirak edərək böyük qəhrəmanlıq göstərdi. Avqustun 30-da Taqanroq şəhərini düşməndən azad etdi. Bu qələbənin, göstərdiyi qəhrəmanlığın şərəfinə 416-cı atıcı diviziyasına "Taqanroq diviziyası” fəxri adı verildi.
Diviziya 1943-cü il sentyabr ayının 7-də hitlerçilərin 3-cü Dağ atıcı diviziyası tərəfindən müdafiə olunan güclü istehkam xəttinə çatdı. Düşmən istehkamları Markupol və Osipenko şəhərlərinə gedən yolları bağlamışdı. Sentyabrın 8-9-da Azərbaycan diviziyası düşmənin müqavimətini qıra bildi. Faşistlərin 10 əks-hücumuna mərdliklə sinə gərən döyüşçülərimiz qazandıqları mövqeləri əldə saxlamağa müvəffəq oldular. Bu döyüşlərdə düşmənin 4 mindən çox əsgər və zabiti məhv edildi. Xeyli sayda döyüş texnikası ələ keçirildi. 1943-cü ilin sentyabrında milli diviziyaya Azərbaycandan daha 2500 nəfər yeni döyüşçü qoşuldu. Müvafiq hazırlıqdan sonra onlar da oktyabrın 10-dan növbəti döyüşlərə başladılar. Milli diviziya bu dəfə də Nikolayev şəhərinin düşməndən azad edilməsində şücaət göstərdi. Daha sonra isə düşməni Konstantinovka ətrafında darmadağın edib, tank hissələrinin köməyi ilə Melitopolu azadlığa çıxartdı.
Döyüş yolu davam edir
1944-cü ilin yanvarında 416-cı diviziya 3-cü Ukrayna cəbhəsində 5-ci zərbə ordusu tərkibində hücuma başlayaraq Dnestr çayını keçdi. Bu döyüşlərdəki qəhrəmanlıqlarına görə döyüşçülər Mikayıl Ələkbərov, Bahəddin Mirzəyev, A.Vəliyev, Fəriz Səfərov və Ağaşirin Cəfərov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldülər. Həmin ilin 9 aprelində diviziya Odessa şəhəri yaxınlığına çatdı və onun düşməndən azad edilməsində fəal iştirak etdi. Bu qələbəyə görə II dərəcəli "Suvorov” ordeni ilə təltif olundu. 1944-cü ilin yayından başlayaraq 416-cı diviziya 3-cü Ukrayna cəbhəsi tərkibində həyata keçirilmiş məşhur Yassa-Kişinyov döyüş əməliyyatında, Moldovanın paytaxtı Kişinyov şəhərinin, eləcə də bütün Moldovanın azad edilməsində qəhrəmanlıq göstərdi. 1945-ci ilin martında diviziyanın 1054-cü alayı "Qırmızı Bayraq” ordeninə, 1368-ci alayı "Boqdan Xmelnitski” ordeninə, 44-cü divizionu isə "Aleksandr Nevski” ordeninə layiq görüldü.
Berlinə doğru
1945-ci ilin yanvarından sovet ordusu artıq bütün cəbhə boyu hücuma keçmişdi. Əsas istiqamət isə Varşava-Berlin idi. 416-cı diviziya da I Belorusiya cəbhəsinə daxil olan 5-ci zərbə ordusu tərkibində Visla çayı istiqamətində hücumu davam etdirərək, Varşavanın azad edilməsində iştirak etdi və Oder çayının qərb sahilinə çıxaraq düşmənin Kyustrin şəhərini tutdu. Mayın 1-də Berlinə ilk daxil olan hərbi hissələrdən biri də məhz 416-cı diviziya idi. Digər hissələrlə qarşılıqlı əlaqə yaradaraq diviziya mayın 3-də səhər hitlerçilərin son mövqelərini də darmadağın etməklə Brandenburq darvazası üzərinə qırmızı bayraq sancdı. Qələbə bayrağını taxanlar 416-cı milli diviziyadan leytenant A.Məcidovla onun Məmmədov və Əhmədzadə adlı döyüşçüləri oldular. Brandenburq qapıları önündə keçirilmiş mitinqdə general V.P.Züvanov çıxış edərək demişdi: "Berlin uğrunda tarixi döyüşdə sonuncu güllə məhz burada - Brandenburq qapıları önündə atıldı. Bu sonuncu gülləni də məhz qəhrəman Azərbaycan xalqının övladları atdı”.
Kayzerin sarayı üzərinə qələbə bayrağını sancan zaman isə əfsus ki, diviziyanın döyüşçüsü, leytenant Vahab Osmanov faşist gülləsindən həlak oldu. Buna qədər isə diviziyanın əsgər və zabitləri Reyxsbankın, Daxili İşlər Nazirliyinin, Berlin Dövlət Universitetinin, SSRİ-nin keçmiş səfirliyinin, Maliyyə Nazirliyinin və digər dövlət qurumlarının binalarını azad etmişdilər.
Beləliklə, xronologiyadan bu diviziyanın Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdiyini görürük. 416-cı Azərbaycan milli diviziyası general Dmitri Sızranovun komandirliyi ilə yaradılmışdı. Burada hərbi komissar və siyasi şöbənin rəisi vəzifələri polkovnik Rəşid Məcidova həvalə olunmuşdu. Sonrakı dövrlərdə isə diviziyaya və onun alaylarına general-mayorlar Tərlan Əliyarbəyov, Heybət Heybətov, Hacıbaba Zeynalov (diviziyanın qərargah rəisi) komandirlik etmişlər. Qeydlərimizdən də göründüyü kimi, Azərbaycanın ardıcıl köməyi, yeni azərbaycanlı döyüşçülərin qoşulması hesabına 416-cı Taqanroq diviziyası müharibənin sonuna qədər öz milli tərkibini saxlaya bilmişdi.
Odlu-alovlu 30 ay
416-cı milli diviziya cəbhədə 30 ay fasiləsiz döyüşlər aparmış, Bakıdan Berlinə qədər minlərlə kilometr yol qət etmiş, 6 Avropa ölkəsindən - Rumıniyadan, Bolqarıstandan, Yuqoslaviyadan, Macarıstandan, Avstriyadan, Çexoslovakiyadan və 50-dən çox böyük və orta çaydan keçərək düşmənin 23 mindən çox canlı qüvvəsini, 28 hərbi təyyarəsini, 113 tankını və zirehli maşınını, 549 səhra topunu, 311 minomyotunu, 1152 pulemyotunu, 200 avtomaşınını, 219 parovozunu, 7400 vaqonunu, 70 anbarını məhv etmiş, külli miqdarda qənimət ələ keçirmişdi.
Diviziyanın 1368-ci atıcı alayı "Qırmızı Bayraq” ordeni, 1054-cü topçu alayı "Suvorov” ordeni, 444-cü əlahiddə topçu divizionu "Boqdan Xmelnitski” ordeni, 348-ci əlahiddə sanitar batalyonu "Qırmızı Bayraq” ordeni ilə təltif edilmişdi. Diviziyanın 14396 nəfər əsgər və komandiri də keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuşdular. Komandir və əsgərlərin bir çoxuna xarici ölkələrin orden və medalları da verilmişdi.
416-cı Taqanroq diviziyasını bu sətirlərin müəllifi üçün dəyərli edən faktlardan biri də budur ki, digər cəsur soydaşlarımızla yanaşı, atam Əbdül Zeynalov da bu diviziyanın tərkibində Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, "Qırmızı Bayraq”lı və "Suvorov” ordenli 1054-cü artilleriya polkunda vuruşmuşdu.
* * *
Bu gün 416-cı diviziyanın döyüş yolu üzərindəki müxtəlif şəhərlərdə onun qələbələri şərəfinə xatirə abidələri ucalır. Taqanroq şəhəri yaxınlığındakı Sanbek yüksəkliyində diviziyanın xatirə ansamblı yaradılıb. Taqanroqda, Kiyevdə, Nikolayevdə, Odessa şəhərlərində və Moskvada bu diviziyaya həsr olunmuş şöhrət muzeyləri təşkil edilib.
Bu, ata-babalarımızın öz canları-qanları bahasına yaratdıqları tarixdir. Bu tarixlə hər zaman qürur duya bilərik.
İradə
ƏLİYEVA
Azərbaycan.-2020.- 9 may.- S.11.