1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbədə Azərbaycan xalqının rolu

 

 

Faşizm üzərində Qələbədən 75 il keçir

 

 

1941-1945-ci illər müharibəsinin başlanmasından xeyli əvvəl SSRİ-də müharibəyə hazırlıqla əlaqədar hərbi sənayeni gücləndirmək məqsədilə mühüm tədbirlər planlaşdırılmışdı. 1939-cu il martın 10-21-də keçirilən Sov.İKP-nin XVIII qurultayında SSRİ-də xalq təsərrüfatının inkişafına dair III beşillik plana (1938-1942-ci illər) baxıldı. Həmin planın həyata keçirilməsi istehsal sahələrində, o cümlədən hərbi sənaye sahəsində məsuliyyətin artırılmasını tələb edirdi. Bu səbəbdən də ölkənin müdafiəsi üçün külli miqdarda vəsait ayrıldı. Birinci beşillikdə bu sahəyə 4,9 milyard rubl və yaxud büdcə vəsaitinin 5,4 faizi, 2-ci beşillikdə 47 milyard rubl və yaxud bütün büdcənin 12,6 faizi ayrılmışdısa, 3-cü beşilliyin 3 ayında ayrılan vəsait büdcənin 26,4 faizini təşkil edirdi. 1939-cu ildə müdafiə xərclərinə 34,5 milyard rubl, 1940-cı ildə 56,9 milyard rubl, 1941-ci ildə 83 milyard rubl və yaxud bütün büdcənin 43,4 faiz həcmində vəsait ayrıldı.

Ordunun təkmilləşdirilməsi davam etdirildi və əsaslı dəyişikliklər edildi. 1940-cı ildə yaradılan mexanikləşdirilmiş korpusa tank və motorlaşdırılmış diviziyalar daxil edildi. İri hava desant hərbi hissələri, hava hücumundan müdafiə hissələri, hərbi hava qüvvələri birləşmələri yaradıldı. 1941-1945-ci illər müharibəsi ərəfəsində müxtəlif ixtisaslı kadrların hazırlanması diqqət mərkəzində oldu. 19 hərbi akademiyada, 10 mülki institutların hərbi fakültələrində, 7 ali hərbi dəniz məktəbində hərbi kadrların hazırlanması təşkil olunmuşdu.

1939-cu il avqustun 2-də Azərbaycan K(b)P MK bürosu ehtiyatda olan siyasi heyətə rus dilinin öyrədilməsi məsələsini müzakirə etdi. Rus dilinin öyrənilməsinə diqqətin artırılmasının bir səbəbi də ÜİK(b)P və SSRİ XKS-nin 7 mart 1938-ci il qərarına əsasən milli hərbi hissələrin ləğv edilməsi və bütün milli respublikaların və dairələrin əsgərlərinin ümumi əsaslarla, bütün xalqlarla bərabər hüquqda həqiqi hərbi xidmətə çağırılmağa başlanması oldu.

Ölkənin iqtisadi potensialının artırılmasında xalq təsərrüfatı üçün ixtisaslı kadrların hazırlanması mühüm əhəmiyyətə malik idi. SSRİ miqyasında hərbi gücü artırmaq məqsədilə SSRİ Ali Soveti Rəyasət Heyəti 1940-cı il oktyabrın 2-də "SSRİ dövlət əmək ehtiyatları haqqında” fərman verdi. Fərmana görə, fabrik- zavod və dəmiryol məktəblərində ildə 800 mindən bir milyonadək ixtisaslı fəhlənin hazırlanması planlaşdırılırdı. 1940-cı il oktyabrın 3-də Azərbaycan K(b)P MK SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanını həyata keçirmək məqsədilə məsələ müzakirə etdi. 1941-1945-ci il müharibəsi ərəfəsində respublikadakı 42 təlim mərkəzində, 28 fabrik-zavod, 12 peşə və 2 dəmiryol təhsil məktəbində 13 mindən çox gənc oğlan və qız təhsilə cəlb olundu.

Müharibə ərəfəsində Azərbaycanın nəqliyyat sistemində əsaslı dəyişikliklər baş verirdi. Sənayenin ümumi həcmi artdı. Bundan başqa, Azərbaycan 30-cu illərin əvvəlində geridə qalmış aqrar ölkə idi və yavaş-yavaş sənaye respublikasına çevrilirdi.

Dövrün mühüm xarakterik xüsusiyyətlərindən biri də əhalinin kənd təsərrüfatı işlərinə, xüsusilə pambıqçılıq, tütünçülük və üzümçülük sahələrinə cəlbi sahəsində həyata keçirilən tədbirlər idi. Rusiya kəndlərindən əhalinin köçürülməsi milli siyasətdə mühüm halqanı təşkil edirdi. Müharibə ərəfəsində yaranan sosial gərginlik və aclıqla üz-üzə qalan rus kəndliləri yeni sənaye obyektlərində işləmək üçün ölkənin bir sıra rayonlarına, o cümlədən Azərbaycana göndərilirdi. Məlumatlara görə, birinci beşillikdə (1928-1932-ci illər) Bakıda əhalinin sayı gəlmələrin hesabına, xüsusilə Rusiyadan gələnlərin hesabına 380 min nəfər artmışdı. Ümumiyyətlə, 1926-1939-cu illərdə gələnlər hesabına respublikanın əhalisi 32,3 faiz çoxalmışdı. Sadalanan səbəblər şəhər və kənd əhalisi arasında çəkini dəyişdirdi. 1939-cu il məlumatına görə, şəhər əhalisi təxminən 550 min nəfər artmış, kənd əhalisi isə 130 min nəfər azalmışdır.

Müharibə ərəfəsi Azərbaycan xalqının repressiyası ilə yadda qaldı. 1937-ci ildə "əksinqilabçı millətçi-burjua” təşkilatının üzvü kimi 22 xalq komissarı, 49 rayon partiya komitəsi katibi, 29 rayon icraiyyə komitəsi sədri, 207 sovet və həmkarlar təşkilatının işçiləri, 57 zavod və mədən direktoru repressiyaya məruz qaldı.

1937-1938-ci illər repressiyaları zamanı Azərbaycan xalqının milli-mənəvi sərvətlərinə, mədəniyyətinə, adət və ənənələrinə güclü zərbə vuruldu. Repressiyaların təşkilinin kökündə qeyri-azərbaycanlılar, xüsusilə ermənilər dayanırdı. İstintaq-əməliyyat aparatının əsasını ermənilər təşkil edirdi. Məsələn, Göyçay rayonunda Vartanyan, Nuxada Markaryan, Qaryagində Vartanyan, Şahbuzda Qriqoryan, Balakəndə Sərkisyan, Astarada Avanesov, Lerikdə Xaçaturov, Ağcabədidə Sərkisov, Zəngilanda Zaproryan, Markaryan, Kaçiçyan, Cəbrayılda Avanesov, Djiqaryan, Astraxanbazarda Avakyan, İsrailyan, Puşkində Zəkiyan, Yardımlıda Sevoinyan, Samuxda Petrosyan, Masallıda Aşot Avanesyan, Füzulidə Saakov, Şaxanyan, Vartanov, Qazaxda Qriqoryan, Naxçıvanda Baqdasarov, İsrailyan, İoneysan, Evoyan, Ağacanov, Seyranov, Akopov, Paqgosov, Bakıda Avanesov, Arutyunov istintaq-əməliyyat qrupunun rəhbəri olmuşlar. Respublikanın 51 rayonundan 31-də XDİK rayon şöbəsinin rəhbəri erməni idi.

Totalitar dövlət olan SSRİ-də hakimiyyətdə kimin olması o qədər də önəmli olmamışdır. İmperiyanın qorunması həmişə başlıca məqsəd idi. Stalin ölkə lideri kimi rus imperializminə qulluq edirdi. Ona görə də Azərbaycanın sovetlər imperiyası tərkibində olduğu dövrdə həyata keçirilən tədbirlər, xüsusilə müharibə ərəfəsində sərvətlərin talan olunması məntiqi nəticədir. Mərkəzi hakimiyyətdə toplaşan erməni-gürcü qruplaşması rus şovinistlərinin təhriki ilə ikili siyasət yeritmiş, Azərbaycanın sərvətlərindən və insan resurslarından məkrli məqsədlər üçün istifadə etmişlər.

1941-ci ildə Azərbaycan SSR-in əhalisi 3,4 milyon nəfər idi. Müharibə başlayanda respublikada hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər. Müharibənin başlanğıcında təqribən 40 min adam könüllü surətdə əsgər köynəyi geyindi, təqribən 200 min adam xalq qoşununa yazıldı. Müharibənin birinci ilində Azərbaycan K(b)P 40 min kommunisti cəbhəyə göndərdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycandan ordu sıralarına 678.950 nəfər kişi, 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci, 416-cı atıcı diviziyalar formalaşdırıldı.

Brest qalasının müdafiəsi əfsanələrə bənzər qəhrəmanlıq nümunələri ilə 1941-1945-ci illər müharibəsi tarixinə daxil oldu. Qalanın müdafiəsində Azərbaycanın 44 gənci iştirak etdi. İ.Səfə-rov, A.İmanov, M.Məmmədov, M.İbrahimov, H.Haqverdiyev, M.Qədirov, Ə.Əliyev, D.Abdullayev və başqaları xüsusi mərdlik göstərərək qəhrəmanlıqla həlak oldu.

Leninqradın alman-faşist işğalçılarından 900 günlük müdafiəsi müharibə tarixinin parlaq səhifələrindən birini təşkil etdi. Leninqrad uğrunda döyüşlərin qəhrəmanlarından biri Hüseyn Əliyev oldu. Hüseyn Balaəmi oğlu Əliyev ölümündən sonra "Lenin” ordeni ilə təltif edilmişdir.

Leninqradın müdafiəsində azərbaycanlı döyüşçülər - Bakı aeroklubunun yetirmələri Hüseyn Bağırov, Yevgeni Sıqanqov, Asəf Səmədov, Aleksandr Şitov, snayperçi Məmmədəli Abbasov, qvardiya baş leytenantı Volodya Bağırov, "Lenin” ordeni ilə təltif edilmiş İlyas İsmayılov, Məhərrəm Bayramov, Ələkbər Nadirov, sualtı qayıqçılardan biri 2-ci ranq kapitan M.İ.Hacıyev və başqaları iştirak etdilər.

Vermaxt Leninqrad uğrunda döyüşlərlə bərabər Moskva altında da xeyli qüvvə cəmləşdirmişdi. Moskvanın tutulması planının şərti kod adı "Tayfun” idi. Moskvanı müdafiə edən Bakı Hava Hücumundan müdafiə qüvvələrinin zenit artilleriya alayının döyüşçüləri düşmənin 40 təyyarəsini vurdu, 104 düşmən təyyarəsi zədələndi. Moskvaya yeni hərbi hissələr, silahlar, döyüş sursatları, ərzaq göndərilməyə başlandı. Bu sahədə Bakı xüsusilə fərqləndi. DMK-nin 1941-ci il noyabr tarixli tapşırığına əsasən Bakıda "PPŞ” (Pulemyot-Pistolet Şnaqina) hazırlayan zavod yaradıldı. Burada məşhur "Katyuşa” minomyotu üçün milyona yaxın mərmi hazırlandı.

Azərbaycanlı döyüşçülər Moskva uğrunda döyüşlərdə igidlik göstərdilər. Belələrinin önündə İsrafil Məmmədov dayanırdı. Zenit batareyasının komandiri leytenant Məmmədrəsul Paşayev Moskvanın səmasını qoruyurdu, təltif olunmuşdu.

Moskvanın müdafiəsində pulemyotçu İdris Vəliyev, zenitçi serjant Seyfəli Əlibalayev, həkim və tibb bacıları Aliyə Rüstəmbəyova, S.Qarayeva və b. iştirak etdilər. Bakıda təyyarəçilik kursunda təhsil almış Leyla Ələsgər qızı Məmmədbəyova, Zülexa Seyidməmmədova mərdlik nümunələri göstərdilər.

1942-ci il iyunun 22-də Sevastopolda ilk düşmən təyyarələri göründü, Sevastopol altında gərgin döyüşlər başladı. Sevastopol müdafiəçilərinin içərisində starşina Xankişiyev, qvardiya yefreytoru Həsən Həsənov, Nurəli Mirzəyev, Hacıyev, Kərimov, İbrahimov, top nişançısı Fəzli Əhmədov, batalyonun kəşfiyyatçısı Aslan Vəliyev, top nişançısı Denis Baxışov, doldurucu İsmayıl Məmmədov da var idi. Alfa Şirazi, hərbi həkim Sara İbrahimova, tibb bacıları Pakizə Manafova, Ə.Həsənova, B.Mircavadova, R.Əhmədova, Ş.Əsgərova, R.Gözəlova və onlarla başqaları yüzlərlə yaralını ölümün pəncəsindən aldılar.

Stalinqrad vuruşması (1942-ci ilin iyulundan-1943-cü ilin fevralın 2-dək) davam etdi. Moskva ətrafındakı vuruşmalarda göstərdiyi hərbi təşkilatçılıq və şəxsi igidliyinə görə podpolkovnik rütbəsi almış Həzi Aslanovun 55-ci əlahiddə tank alayı Stalinqrad vuruşmasında feldmarşal Manşteynin ordusunun darmadağın edilməsində yüksək hərbi məharət göstərdi, xüsusi döyüş nümayiş etdirdi.

Stalinqrad vuruşmasında Azərbaycan xalqının mərd oğulları - təyyarəçilər Nuru Əliyev və Tacəddin Əfəndiyev, minomyotçu Şamil Hüseynov, topçu Xeyrulla Şahgəldiyev və başqaları döyüşlərdə qəhrəmanlıq göstərdilər. Stalinqrad vuruşmasında A.Axundov, A.Abbasov, M.Qəribov, M.İsrafilzadə, A.Əliyev, B.Ələsgərov, Ə.Kərimov, B.Muxtarov, A.Mustafayev, Ə.Həmidov, Ə.Hüseynov, M.Cəfərov və başqaları igidliklə döyüşdülər. Top nişançıları F.Əhmədov və Baxışov, top sürücüsü Şahvəliyev, kəşfiyyatçı A.Vəliyev, doldurucu İ.Məmmədov, snayperçi Balaoğlan Abbasov və b. qəhrəmancasına həlak oldular.

Azərbaycan qadınları kişilərlə çiyin-çiyinə döyüşdülər. Həlimə Rzayeva, Zərifə Camalbəyova, ana və qız Bəyim və Səlimə Əlizadələr, Böyükxanım Bağırova Stalinqrad döyüşlərində iştirak etdilər.

Stalinqrad əməliyyatı 1942-ci il noyabrın 19-dan 1943-cü il fevral ayının 2-nə qədər davam etdi. "Koltso” adlanan bu əməliyyat 2 fevralda düşmənin tam darmadağın edilməsi ilə nəticələndi. Cəbhənin qoşunları 131 min adam, o cümlədən 2,5 mindən çox zabit və başda feldmarşal Pauls olmaqla 24 general əsir götürdülər. Əsirlərdən 1 nəfər general-polkovnik, 1 nəfər general-leytenant, 2 nəfər polkovnik-leytenant, 4 nəfər kapitan, 1.444 nəfər ober-leytenant, 182 nəfər leytenant idi. 16.500 nəfərdən artıq azərbaycanlı döyüşçü "Stalinqradın müdafiəsinə görə” medalı ilə təltif olundu. Stalinqradın müdafiəsinə görə 112 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Təltif olunanlar arasında Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanov da vardı.

Qafqaz döyüşlərində digər xalqlar və millətlərdən yaranan diviziyalar fəal iştirak etdi. Onların arasında Azərbaycanın 77, 223, 402 və 416-cı, 242, 392, 394 və 414-cü qırıcı atıcı və dağ-atıcı diviziyaları da vardı. Qafqaz uğrunda döyüşlərdə yüksək döyüş məharəti göstərən azərbaycanlı əsgərlərdən biri Qafur Nəsir oğlu Məmmədov idi. İsrafil Məmmədov, Ədilə Babayeva, Humay Əlibəyli, Böyükxanım Bağırova, Roza İbadovanın döyüş yolu Şimali Qafqazdan başladı, Donbas, Çerkass, Voroşilovqrad şəhərlərinin, Ukraynanın yüzlərlə kəndinin alınmasında iştirak etdilər.

Krımın azad edilməsində Azərbaycanda təşkil olunmuş 77-ci və 227-ci atıcı diviziyalar iştirak etdilər.

1945-ci ilin mart ayında Berlinə hücumu davam etdirmək üçün şərait yarandı. Mayın 1-də axşam 301-ci diviziyanın alayları 148-ci və 230-cu diviziyalarla qarşılıqlı əlaqədə faşist Reyxi başçılarının son sığınacağı olan baş komandanlıq qərargahını - İmperiya Dəftərxanasının binasını və bunkerini ələ keçirmək uğrunda döyüşə başladılar. 9-cu atıcı korpusun siyasi şöbəsinin təlimatçısı mayor Anna Vladimirovna Nikulina qələbə bayrağını İmperiya Dəftərxanasının binasına sancdı. Aprelin 30-da 3 dəfə Reyxstaqa hücum edildi. Reyxstaqı alan diviziyanın serjantları M.A.Yeorov və M.V.Kantariya bayrağı Rexstaqa sancdılar. Mayın 1-də müxbirlər binanın üzərində onlarla bayraq saymışdılar. Hansının birinci sancıldığı bu günədək mübahisəlidir. SİTA-nın müxbiri Yevgeni Xaldeyin məşhur 2 may 1945-ci il tarixli "Qələbə bayrağı Reyxstaqda” fotoşəklində bayrağın sancılmasında dağıstanlı Abdulkərim İsmayılov, kiyevli Aleksey Kovalyov və Minskdən olan Aleksey Qoriçekin də iştirak etdiyi göstərilir.

Müharibə illərində 6.200 partizan dəstəsi və gizli qrup fəaliyyət göstərmişdi. Krasnodonda fəaliyyət göstərən "Gənc qvardiya”nın üzvlərindən biri Əli Dadaşov idi. 8-ci Azərbaycan partizan dəstəsinin üzvləri 1943-cü ilin əvvəlində Krımın Kuybışev rayonunda hərbi düşərgədə saxlanılan 800 hərbi əsir arasında olan zabit Əliyev Məmməd Kərim oğlu, Hacıyev Sahib Cəbrayıl oğlu, Rzayev Hüseyn Məmməd oğlu düşərgədə hərbi əsirlərdən gizli təşkilat yaratmışdılar. 1943-cü il senyabrın 18-də Məmməd Əliyev və Mahmud Həsənov "Krasnıy partizan” dəstəsi təşkil etdilər. 1943-cü il noyabrın 7-də dəstə Cənubi Krımda 8-ci Azərbaycan partizan dəstəsi adı ilə 7-ci partizan briqadasına daxil oldu. Dəstənin komandiri Məmməd Əliyev, komissarı Əbdülkərim Əşirov, qərargah rəisi Sahib Hacıyev idi. Ümumilikdə 8-ci Azərbaycan partizan dəstəsi 7 ay ərzində düşmən arxasında 32 döyüş əməliyyatı keçirmişdi. 1.225 nəfər düşmən əsgər və zabiti məhv edilmiş, 451 nəfər əsir götürülmüşdü. Partizanların əməliyyatı nəticəsində 9.700 metr rabitə xətti sıradan çıxarılmış, 7 top, 11 minomyot, 12 pulemyot, 500 vahid digər atıcı silah və 11.000 patron ələ keçirilmişdi.

Çexoslovakiya ərazisində fəaliyyət göstərən partizan dəstəsinin tərkibində 500 nəfər azərbaycanlı döyüşçü olmuşdur.

Uritski adına partizan dəstəsinin komandiri Hümmət Namazov, döyüş dostları R.Əsgərov, Ə.Məhərrəmov, S.Bağırov, Q.İmanov, M.Tağıyev, T.Quliyev, M.Daşdəmirov, Ş.Vəliyev, M.Bayramov və başqaları qəhrəmanlıqla vuruşmuşlar.

Almaniyanın "Ştrans” düşərgəsində saxlanılan M.Hüseynzadə, S.İsmayılov, R.Ağazadə, M.Seyidov, M.Qulubəyov və başqaları hərbi əsirlər arasında iş aparırdılar. Nəticədə hərbi hissələrdəki gizli antifaşist təşkilatlarının üzvləri qaçaraq partizanlara qoşulmuşdular. Belə partizanlardan biri də Mehdi Hənifə oğlu Hüseynzadə idi.

Mehdi Hüseynzadə (Mixaylo) Ukrayna, Polşa, İtaliya və Yuqoslaviyada hərbi əsir düşərgələrində olan sovet əsirlərinin qaçmasına köməklik edir, yoldaşları ilə birlikdə Yuqoslaviya partizanlarına qoşulur. Faşist zabiti forması geyərək tez-tez almanların qərargahında olan Mehdi düşmən ordularının hərəkətlərinə dair kəşfiyyat materialları toplayır, qoşunların hərəkət planlarını öyrənərək partizanlara xəbər verir və onlara zərbələr endirirdi. "Opiçina” kinoteatrı partladılarkən 80 nəfər faşist məhv olmuşdur. 1944-cü ilin payızında Mehdinin başçılıq etdiyi bir qrup partizanın Udine şəhərindəki faşist həbsxanasına hücumu nəticəsində 700 hərbi əsir, o cümlədən 147 sovet əsiri azad edilir. M.Hüseynzadə 1944-cü il noyabr ayının 2-də düşmənlə qeyri-bərabər döyüşlərin birində indiki Sloveniyanın Vitovle kəndində həlak olur. Noyabrın 16-da onun cəsədi Çepovani kəndində dəfn edilir. Çox təəssüflər olsun ki, Mehdi Hüseynzadənin qəhrəmanlığı sovet rəhbərliyi tərəfindən vaxtında qiymətləndirilmədi.

Müharibə qurtaran kimi Dövlət Təhlükəsizlik Komitəsi 1946-cı ildə olduqca təhlükəli hesab etdiyi bir "casus” haqqında material toplamağa başladı. "Casus”un axtarışı işində onun 1943-1944-cü illərdə Almaniyanın Ştrans məntəqəsində yerləşən Azərbaycan Milli Legionunda təbliğat-təşviqat şöbəsində işlədiyi, legionları Hitler Almaniyasına vicdanla xidmətə çağırdığı bildirilirdi. "Casus” kimi axtarışda olan Mehdi Hüseynzadə idi.

Mehdinin son məktubu Stalinqraddan gəlib. Onun bacısı oğlu Mehdi Əzizbəyov yazırdı ki, dayısı əsir düşməyib. Kəşfiyyatçı kimi almanlar tərəfə atılıb. ...Onun dostları danışırdılar ki, Mehdi almanlar tərəfə keçəndən sonra SSRİ ilə əlaqə saxlamayıb. Mehdi Hüseynzadə 162-ci "Türküstan” diviziyasına yazılıb. Onun bacarığını görən almanlar Mehdini Potsdama 3 aylıq hərbi məktəbə göndəriblər. Bu kursdan sonra yenidən "Türküstan” diviziyasına təbliğat-təşviqat işinə göndərilib. Başqa sözlə, əsl həqiqəti bilməyən SSRİ DTK Mehdi Hüseynzadəni "Vətən xaini” hesab edir. Müharibə qurtarandan 9 il sonra - 1954-cü ildə Dövlət Təhlükəsizlik Nazirliyinin baş müvəkkili, bölmə rəisi V.Banserev Mehdi ilə legionda və partizan hərəkatında iştirak edən şahidləri yenidən dindirir və onlar öz ifadələrində 1944-cü ildə Almaniya hökumətinin müttəfiqi İtaliyanın məğlubiyyətindən, bundan sonra tərkibində fəaliyyət göstərdikləri 162-ci "Türküstan” diviziyasının Adriatik dənizinin sahillərinə göndərilməsindən danışır, İtaliya ilə Yuqoslaviyanın sərhədində olarkən kəskin hava şəraitinə dözməyən Mehdinin xəstələnməsindən də söz açırlar.

Mehdi Hüseynzadə haqqında olan axtarış işi 8 il çəkir. Sonda işinin nəticəsi onun qəhrəman olduğunu üzə çıxardı. İtaliya Kommunist Partiyasının katibi Palmiro Tolyati, Yuqoslaviya Xalq Azadlıq Hərəkatının lideri və Kommunist Partiyasının katibi Broz Tito SSRİ hökumətinə Mehdinin şücaətləri əks olunmuş sənədlər təqdim etdilər. Bütün bunlardan sonra "Casus axtarış əməliyyatı” səmtini dəyişdi. Artıq axtarış işi "Geroy” adlandırılırdı. Müharibədən sonra (1952-ci ildə) Moskvaya gələn İtaliya Kommunist Partiyasının Baş katibi Palmiro Tolyatti müharibə illərində İtaliyada "Mixaylo” adı ilə İtaliya müqavimət hərəkatı sıralarında bir azərbaycanlı gəncin misilsiz qəhrəmanlığı və şücaəti haqqında məlumat verir. Mehdinin ölüm xəbəri 1954-cü ildə dəqiqləşdirilir. Onun məlumatlarından sonra İtaliya müqavimət hərəkatının rəhbərlərindən olan Karlos Lubinonun köməyi ilə M.Hüseynzadə haqqında materiallar toplandı və SSRİ rəhbərliyinə təqdim olundu.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 1957-ci il 11 aprel tarixli fərmanı ilə Mehdi Hüseynzadə ölümündən 13 il sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.

Azərbaycanlı döyüşçülər Fransada müqavimət hərəkatında iştirak ediblər. Fransanın cənubunda, Rodez rayonunda ilk Azərbaycan alayı formalaşmışdı. 1942-ci ilin yayında Polşanın Edlin şəhərində azərbaycanlı hərbi əsirlərdən gizli antifaşist təşkilatı yaranmışdı. Təşkilatın üzvləri Hadı Qiyasbəyov, İsmayıl Heydərov, Hüseynrza Məmmədov, Feyzulla Qurbanov, Xələf Hacıyev və başqaları Fransa şəhərlərinin faşistlərdən azad edilməsində iştirak etdilər.

Fransa müqavimət hərəkatının iştirakçılarından biri, müharibə illərində əsir düşməsinə baxmayaraq döyüş dostlarının köməyi ilə əsirlikdən qaçaraq fransız partizanlara qoşulan "Xarqo” ləqəbli döyüşçü Ə.Cəbrayılov, İtaliya müqavimət hərəkatında iştirak etmiş Nəsir Abdullayev, Məmməd Bağırov, Həmzə Əsgərov, Əli Babayev, Şahbaba Məcidov, Tahir İsayev, Həsən Kamalov və başqaları faşistlərə qarşı cəsarətlə vuruşmuşdular.

Müharibənin ilk illərində Baş Komandan Stalinin 1941-ci il 18 oktyabr tarixli əmrinə əsasən bütün müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da milli diviziyalar yaradıldı. Bu diviziyaların əsas heyətini azərbaycanlılar təşkil edirdi. 77, 223, 271, 396, 402 və 416-cı milli diviziyalar müxtəlif orduların tərkibində döyüş əməliyyatlarında iştirak etdilər.

1944-cü il aprel ayının 13-də Simferopol uğrunda döyüşdə fərqləndiyi üçün Ali Baş Komandanlıq tərəfindən 77-ci diviziyaya mayın 24-də fəxri "Simferopol” adı verildi, diviziyanın 613 əsgər və zabiti döyüş mükafatları ilə təltif olundu. Qafqaz uğrunda vuruşmalarda 60 əsgər və zabitə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Təqribən 600 döyüşçü "Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olundu.

77-ci diviziyanın döyüşçülərindən 1941-1945-ci illərdə 11 nəfər "Lenin”, 2 nəfər "Qızıl Ulduz”, 68 nəfər "Qırmızı Bayraq”, 15 nəfər "Suvorov” və "Aleksandr Nevski”, 1 nəfər "Boqdan Xmelnitski”, 101 nəfər I dərəcəli, 238 nəfər II dərəcəli "Vətən müharibəsi”, 1.149 nəfər "Qırmızı Ulduz”, 30 nəfər 2-ci dərəcəli "Şöhrət”, 412 nəfər 3-cü dərəcəli "Şöhrət” ordeni, 208 nəfər "İgidliyə görə”, 1.131 nəfər "Döyüş xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur. Döyüşçülərdən 8 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Baş Komandanlığın 1941-ci il 18 oktyabr tarixli əmri ilə 46-cı ordunun Gürcüstan SSR-dən gəlmiş 168-ci ehtiyat alayı əsasında yaradılan 223-cü diviziyaya təcrübəli rəislər komandanlıq etmişlər. Diviziyanın komandiri polkovnik Romanov V.S., hərbi komissarı alay komissarı Əliyev M.A., qərargah rəisi podpolkovnik Preobrajenski N.Q. idi. Diviziyanın qərargahı Bakı şəhərində yerləşirdi.

1941-ci il dekabrın 23-də 223-cü diviziya Bakının neft yataqlarının müdafiəsi üçün şəhərin hüdudlarından kənarda hazırlanan müdafiə xəttində yerləşdirilir. 1942-ci il fevralın 22-də diviziya komandirliyini Vladimir Pavloviç Züvanov (Heybət Atamoğlan oğlu Heybətov) qəbul edir.

223-cü Azərbaycan atıcı diviziyası Belqradın alınmasındakı döyüş rəşadətinə görə ona "Belqrad” diviziyası fəxri adı verilmişdir. Diviziya döyüşçülərinin fədakarlığı, yüksək döyüş məharəti və igidliyinə görə 20 nəfər azərbaycanlı döyüşçüyə, o cümlədən A.Vəzirov, M.Vəliyev, A.Quliyev, M.Abdullayev, B.Mirzəyev, M.Cəbiyev və X.Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Bakıdan Praqaya qədər 6 dövlətin - Rumıniya, Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Avstriya və Çexoslovakiyanın ərazisindən keçən 223-cü diviziyanın döyüş yolu 5.000 kilometrə bərabərdir. 30 aylıq döyüşlər zamanı diviziya sahəsi 10.000 kvadrat kilometr olan 400-dən çox yaşayış məntəqəsinin, 19 şəhər, o cümlədən Mozdok, Georgiyevski, Dneprodzerjinsk, Benderı, Kotovskoye, Konstansa, Şumin, Rqotino, Bor, Yaqodino, Belqrad, Kralyevo, Budapeşt, Komarom, Vyana və digər şəhərlərin azad olunmasında iştirak etmişdir. 223-cü diviziya döyüş yolunda irili-xırdalı 50-dən artıq çaydan, o cümlədən 4 dəfə Dunaydan keçmişdir. Alman faşistləri ilə döyüşlərdə 223-cü diviziyanın döyüşçüləri 45 mindən çox alman əsgərini məhv etmiş, 43.800 nəfər əsgər və zabiti əsir götürmüş, düşmənin 28 təyyarəsi, 113 tank və döyüş maşını, 549 səhra topu, 311 minaatan qurğusu, 1.152 pulemyotu, 25 mindən çox avtomaşını sıradan çıxarılmışdır.

402-ci Azərbaycan milli atıcı diviziyası 1941-ci ilin oktyabr ayınadək İranda dislokasiya olunmuşdu. 1941-ci ilin oktyabr ayının əvvəllərində vətənə qayıdan diviziya Naxçıvan-Culfa-Bakı-Qudermes marşrutu ilə müharibə zonasına yola salınmışdır. Diviziyada azərbaycanlılar 55 faiz, ermənilər 18,6 faiz, ruslar 12 faiz, ukraynalılar 3,6 faiz, gürcülər 3,2 faiz, digər millətlərdən olanlar 1,7 faiz təşkil edirdi. Şəxsi heyətin 45 faizi təlim görməmişdi. 1943-1944-cü illərdə 402-ci diviziyadan digər milli diviziyaların tərkibini tamamlamaq və möhkəmləndirmək, döyüşçü və komandirlər hazırlamaq üçün əsas ehtiyat baza kimi istifadə olunmuşdur. Diviziya 1943-cü ildə 2.200 nəfər, 1944-cü ildə 1.500 nəfər yeni çağırışçını qəbul edərək döyüşə hazırlamışdır.

"Qırmızı Əmək bayraq”lı və II dərəcəli "Suvorov” ordenli 416-cı diviziya 1942-ci ilin mart-sentyabr aylarında yaradılmış milli diviziyadır. Müxtəlif vaxtlarda S.P.Starojilov, V.T.Maslov, T.A.Əliyarbəyov, D.M.Sızranov, H.M.Zeynalov, P.M.Ryabov, R.Ə.Məcidov və b. diviziyanın komandanları, qərargah rəisi və siyasi rəhbəri olmuşlar. Diviziyanın tərkibindəki döyüşçülərin 11.050 nəfəri azərbaycanlı, 291 nəfəri rus, 225 nəfəri erməni, 110 nəfəri gürcü, 99 nəfəri ukraynalı, 72 nəfəri tatar, 28 nəfəri yəhudi, 23 nəfəri belarus idi. 1942-ci ilin iyun ayında diviziya Qafqazda döyüşən 44-cü ordunun tərkibinə daxil edilmişdir.

Müharibə dövründə alman-faşist işğalçılarına qarşı fədakarlıqla vuruşduqlarına görə diviziyanın 152 döyüşçü qadınından 45 nəfər "Qızıl Ulduz” ordeni, 42 nəfər "İgidliyə görə”, "Döyüş xidmətlərinə görə” medalları ilə təltif olundu. 17 qadın zabit rütbəsi aldı. Reyxstaq divarlarına avtoqraf yazanlar sırasında Böyükxanım Mircavadova və Rəhimə Aslan qızı Babayeva da vardı. Rəhimə Babayeva "Döyüş xidmətlərinə görə” Qafqazın, Berlinin, Almaniyanın alınmasına görə medalları ilə təltif olunmuşdu.

Berlin əməliyyatında iştirak edən 416-cı diviziya 1945-ci il aprelin 20-də Klosserdorfu tutub Reyxstaq istiqamətində hücumu davam etdirdi. 1945-ci il mayın 2-də diviziyanın bölmələri Brandenburq darvazasına qələbə bayrağı sancdılar.

1942-ci il aprelin 20-dən 1945-ci il mayın 2-dək Qafqaz dağlarından Berlinədək döyüş yolu keçən 416-cı diviziya 1942-ci il sentyabrın 30-dan 1945-ci il mayın 2-dək olan dövrdə düşmənin 22.996 nəfər əsgər və zabitini məhv etmişdi. 1943-cü il avqustun 30-da Taqanroq şəhərinin azad edilməsində göstərdiyi əsgəri igidliyə görə "Taqanroq” diviziyası fəxri adı verilən diviziya "Qırmızı Bayraq” ordeninə layiq görülmüşdür.

416-cı diviziyanın döyüşçülərindən 8 nəfər "Sovet İttifaqı Qəhrəmanı” adı aldı, 11 nəfər "Lenin”, 358 nəfər "Qırmızı Əmək Bayrağı”, 3 nəfər 2-ci dərəcəli "Kutuzov”, 47 nəfər "Aleksandr Nevski”, 540 nəfər 1-ci dərəcəli "Vətən müharibəsi”, 1.756 nəfər 2-ci dərəcəli "Vətən müharibəsi” ordeni, 5.205 nəfər "Qızıl Ulduz” nişanı, 5.666 nəfər isə "İgidliyə görə” və "Hərbi xidmətlərinə görə” medalı ilə təltif olundu. Ümumiyyətlə, diviziyanın təşkil olunduğu gündən Qələbə gününədək 14.369 nəfər müxtəlif orden və medallarla təltif edildi.

1941-ci ilin yazında Bakı neft mədənlərinin istismarının təşkil olunması məqsədilə almanlar xüsusi idarə - "Vestfalen qərargahı”nı yaratdılar. 1941-ci il iyulun 16-da keçirilən yığıncaqda qeyd olundu ki, "Bakı vilayəti” "alman konsessiyası olmalıdır”. "Felmi” planına uyğun olaraq Bakının ələ keçirilməsi tarixi 25 sentyabr 1942-ci il müəyyənləşdirildi. 1942-ci ildə faşist Almaniyasının Bakını ələ keçirmək cəhdləri bu planların tərkib hissəsi idi.

Faşist Almaniyası Bakı neftinin müharibədəki roluna yüksək qiymət verdiyindən Vermaxtın planında Qafqazın ələ keçirilməsi, neft rayonlarını zəbt etmək mühüm yer tuturdu. Müharibə ədəbiyyatının təhlili, döyüş əməliyyatlarına dair xəritələr və sərkərdələrin hesabatları belə qənaətə gəlməyə əsas verir ki, Hitler Almaniyası təkcə müharibənin ilk yarımilində deyil, həmçinin müharibənin gedişi prosesində də Bakı məsələsini "yaddan çıxarmamışdı”.

Bakı nefti Fransa və İngiltərənin hərbi-strateji planlarında xüsusi yer tuturdu. Hitler Almaniyası Parisi ələ keçirən zaman - 1940-cı ilin iyun ayında kiçik La Şarite şəhər vağzalında alman yefreytor Parisdən aparılan gizli fransız arxivini, o cümlədən ingilis-fransız danışıqlarının yazısını ələ keçirir. Fransız qərargahının gizli sənədlərindən məlum olur ki, Fransa və İngiltərənin planında Qafqazın və Bakının neft sənayesinin ələ keçirilməsi əsas yerlərdən birini tuturmuş.

Belə bir fikir də hökm sürürdü ki, əgər Stalinqrad vuruşmasında sovet ordusu məğlub olsaydı, türklər Bakını tutacaqdılar. "Böyük gənələr” ("Bolğşie klehi”) əməliyyatına görə almanlar Bakını ələ keçirdikdən sonra İranın və Yaxın Şərqin neft yataqlarına türklərsiz sahib olmağı planlaşdırırdı. Ancaq bir şeyi unutmaq olmaz ki, əgər türklər Bakını tutsaydılar, döyüşlərin gedişində neft hasilatının ritmi pozular, neftin emalı və daşınmasında ləngimələr baş verərdi. Yox, əgər Türkiyə Stalinqrad döyüşünün getdiyi vaxtda, 1942-ci ildə hərbi əməliyyatlara başlasaydı, bir sıra Avropa dövlətlərinin müharibədən çıxması SSRİ üçün əhəmiyyətsiz olardı. Fikrimizcə, bu, Azərbaycan SSR-ə, Bakı neftinə olan siyasi qısqanclıqla bağlı idi. Təbii ki, bütün planlardan SSRİ rəhbərliyinin xəbəri var idi. Başqa sözlə, Bakı həm müttəfiqlərin, həm də Stalinin hədəfində idi və Qafqazın müdafiəsinə dair bir sıra tədbirlər görülürdü.

2019-cu il oktyabrın 11-də Aşqabadda, MDB dövlət başçılarının sammiti zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın Böyük Vətən müharibəsində qələbəyə verdiyi töhfədən, Hitlerin Bakını almağa necə can atmasından və Ermənistanda faşist Qaregin Njdeyə heykəl qoyulmasından danışarkən bildirib ki, "Ən dağıdıcı və qanlı müharibənin cəbhələrində, habelə arxa cəbhədə bizim xalqlarımız qəhrəmanlıq və mərdlik göstəriblər, bu da sonrakı nəsillər üçün nümunədir. Azərbaycan faşizm üzərində qələbəyə layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğul və qızı Böyük Vətən müharibəsinin cəbhələrində döyüşüblər. Onların yarısı öz canlarını bizim ümumi qələbəmiz naminə qurban verib”. Prezident çıxışında onu da xatırladıb ki, Azərbaycan o vaxt bütün ölkəni yanacaqla təmin edirdi. Cəbhənin ehtiyacları üçün zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. "Bunlarsız sovet ordusu düşmənə qalib gələ bilməzdi”. Azərbaycan Prezidenti hərbi kinoxronikanın məşhur kadrlarını - Hitlerə tort gətirilməsini də xatırladıb. Tortun üstündə dənizi xatırladan çökək var, orada alman dilində "Xəzər dənizi” yazılıb. Həmin çökəkdə maye qara şokolad və "Bakı” adı var. Hitler qaşıqla şokoladı götürür və tortun üstünə tökür, sonra xaç şəklində şokoladı götürüb onu "Bakı” yazılan yerə sancır. "Bu da faşistlərin Azərbaycanın neft yataqlarını ələ keçirmək planını göstərir, habelə bildiyimiz kimi, onların Şimali Qafqazın neft yataqlarını tutmaq planları da olub”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüş iştirakçılarının yaddaşını təzələyərək bildirib ki, əgər faşistlər Bakını ələ keçirsəydi, sovet ordusu yanacaqsız qalardı. Bakı isə havaya uçardı. Çünki sovet hökuməti bu fövqəladə halda bütün neft yataqlarını minalamışdı ki, düşmənə qismət olmasın. Azərbaycan Respublikasının Prezidenti vurğulayıb ki, Azərbaycanda müharibədə həlak olanlara heykəllər qoyurlar və müharibə veteranlarına böyük qayğı göstərilir.

1941-ci ilin sonunda Azərbaycanda 130 adda silah, sursat, hərbi mərmi və əşya istehsal olunurdu. 1941-ci il noyabrın 8-nə kimi 35 min qutu yandırıcı butulka, 14 min patron ehtiyatı hazırlandı, istehsal gücü sutkada 10 min butulkaya çatdırıldı.

1942-1944-cü illərdə cəbhəyə 11 milyon vahid döyüş sursatı göndərildi. 1942-ci ilin iyulunda Bakıda rekord müddətdə xalq arasında "Katyuşa” kimi məşhur olan qvardiya minomyotu istehsal edən yeni 160 nömrəli zavod yaradıldı. Bakıda qısa müddətdə "UTİ-4” B təyyarəsi bazasında 15 B döyüş variantı "UTİ-4” tipində yığıldı. 1942-ci ilin yanvarında Bakı zavodu 20 "UTİ-4” maşını buraxdı, fevralda buraxılış 2 dəfə artdı. Bir müddət sonra Bakıda "YAK” ("ƏK”) qırıcıları yığılmağa başladı. Müxtəlif tipli 782 təyyarə təmir olunaraq cəbhəyə göndərildi.

Müharibə respublikanın xalq maarifi orqanlarının işində bir sıra çətinliklər yaratdı. Bir sıra məktəb binalarının hospital və hərbi-tədris məntəqələrinin sərəncamına verilməsi nəticəsində çoxnövbəli məşğələlər təşkil olundu.

Müharibə illərində rus dillinin tədrisinə diqqət artırıldı.

Azərbaycan elmi öz işini müharibə şəraitinə uyğun qurdu. SSRİ EA-nın Azərbaycan filialı, onun elmi-tədqiqat institutları, ali məktəblər, ümumiyyətlə, respublikanın bütün elmi potensialı orduya xidmət məqsədlərinə tabe edildi.

1941-1945-ci illərdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı.

Müharibə illərində fəal iştirakına, cəbhənin və xalq təsərrüfatının vacib məhsullarla təmin edilməsindəki fəaliyyətinə görə Y.Məmmədəliyev, X.Qutırya "Lenin” ordeni ilə təltif olundular. Kimyaçı alimlərdən Y.Məmmədəliyev, X.Qutırya, M.Kardin, L.Solovyov, A.Markin Dövlət mükafatına layiq görüldülər. Onlarca kimyaçı mühəndis və fəhlə orden və medallarla təltif olundu.

1945-ci ilin martında Azərbaycan SSR Elmlər Akademiyasının təsis olunması Azərbaycan elminin qələbəsi demək idi.

1941-ci ildə respublikada 66 hərbi hospital yaradıldı. Müharibə illərində respublikada donor hərəkatı genişləndi. 1941-1945-ci illər ərzində yaralı döyüşçülər üçün cəbhəyə 41.609 litr qan göndərildi, 7.229 litr qanı əvəz edən preparatlar hazırlandı. Müharibə dövründə respublikanın 149.170 vətəndaşı donorçu oldu.

1942-ci ilin yanvarında tibb elmləri doktoru, professor Əziz Əliyevin sədrliyi ilə "Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi” yaradıldı.

Müharibənin ilk günlərindən səfərbərliklə əlaqədar keçirilən mitinq və yığıncaqlarda alovlu nitqlərlə çıxış edən yazıçılar faşizmin mahiyyətini başa salır, onların törətdikləri vəhşilikləri göstərərək xalqı mübarizəyə çağırırdılar. Qafqaz uğrunda gedən gərgin döyüşlərdə - 1942-ci ilin payızında S.Vurğun, S.Rüstəm, M.Rahim, R.Rza, M.Hüseyn, Z.Xəlil, Məmməd Əkbər, Ə.Məmmədxanlı döyüşçülərlə birgə idilər. M.Rahim, S.Rüstəm, O.Sarıvəlli, Z.Xəlil, T.Əyyubov və başqaları uzun müddət cənub cəbhəsində - Sevastopol və Kerç müdafiəçilərinin yanında oldular.

Müharibə illərində bəstəkarların amansız mübarizəyə səsləyən və vətənpərvərlik mövzusunda yazılan əsərləri arxa və ön cəbhənin yaxın dostuna çevrildi. Ü.Hacıbəyovun Nizaminin mətninə yazdığı və qələbəyə həsr etdiyi "Sənsiz ", "Sevgili canan”, Ə.Bədəlbəylinin B.Zeyd-manla birgə yazdığı "Xalqın qəzəbi”, Niyazinin "Xosrov və Şirin” operası, "Döyüşdə” simfonik əsəri, S.Rüstəmovun "Cəbhə eşqi” əsəri, "Cəbhəyə”, "İrəli”, "Qəzəl”, "Qəhrəmanlar marşı” mahnıları, Ağabacı Rzayevanın "Cəngi”, "Vətən nəğməsi”, "Dilbərim”, "Gözlərin” mahnıları müharibə dövrünün əsərləridir. Müharibə illərində Moskva konservatoriyasının tələbəsi olan Qara Qarayev və Cövdət Hacıyevin bəstələdiyi "Vətən operası” (libretto müəllifi İ.Hidayətzadə) əsəri 1946-cı ildə Dövlət mükafatına layiq görüldü.

Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı (onlardan 43 nəfəri azərbaycanlıdır) Sovet İttifaqı Qəhrəmanı adına, Həzi Aslanov isə bu ada iki dəfə (1942 və 1991) layiq görüldü, 30 nəfər (onlardan 15 nəfəri azərbaycanlıdır) "Şöhrət” ordeninin tam üç dərəcəsinin kavaleri oldu. Azərbaycanlılar Fransa, İtaliya və digər dövlətlərin orden və medallarını almışlar. Azərbaycan oğul və qızları ön cəbhədə qəhrəmanlıq göstərmiş, arxa cəbhə zəhmətkeşləri isə ön cəbhəni ərzaqla, yanacaq və digər məhsullarla, silah və sursatla təmin etmişlər. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, "...İkinci dünya müharibəsi əyani şəkildə bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ çıxmağa, misilsiz şücaət və rəşadət nümunələri göstərməyə qadir olan çox dözümlü və qəhrəman xalqdır. Faşizm üzərində qələbədən sonra xalqımızın keçdiyi yol Azərbaycanın gələcək milli azadlığına, müstəqilliyə gedən yol olmuşdur. Azərbaycan yüksək inkişaf yolu ilə getdi və böyük iqtisadi, intellektual potensial topladı. Bunların əsasında öz müstəqilliyini əldə etdi və dünya birliyində öz yerini tutdu”.

"Sovet İttifaqı qəhrəmanları Həzi Aslanovun, Mehdi Hüseynzadənin, İsrafil Məmmədovun, Qafur Məmmədovun, Gəray Əsədovun və çox-çox başqa azərbaycanlıların şanlı hünərləri xalqımızın yaxşı yadındadır”.

 

Mais ƏMRAHOV,

AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun

 "Azərbaycan mədəniyyəti tarixi” şöbəsinin müdiri,

tarix üzrə elmlər doktoru, professor

Azərbaycan.-2020.- 9 may.- S.13-14.