O, yüksək nüfuz
sahibi idi
Faşizm
üzərində Qələbədən 75 il keçir
Xalqımız hər zaman elin ağsaqqalı, ağbirçəyi məsələsinə olduqca ciddi əhəmiyyət vermişdir. Hər bir kənddə, qəsəbədə, şəhərdə ağsaqqal, ağbirçək sözü, mövqeyi üstün olub, hansısa problemin həll edilməsində böyük rol oynayıb.
Belə gözəl ağsaqqallardan biri də Ağdamda adını hər kəsin böyük rəğbətlə çəkdiyi, haqqında sevə-sevə xatirələr danışdığı, gənclərə örnək göstərilən görkəmli ziyalımız Surxay Qurbanovdur. Faşizm üzərində qələbənin 75 illiyi qeyd edilən bu günlərdə, qələbənin qazanılmasında ölüm-dirim mübarizəsi aparan belə insanlarımızı xatırlamaq borcumuzdur.
Ağdamlılar Surxay müəllimlə fəxr edirlər. Onu bu zirvəyə qaldıran ləyaqəti, prinsipiallığı, yüksək insanı keyfiyyətləri olub. 1912-ci ildə anadan olub. Görünür elə ilk uşaqlıq illərində onun nəsli-nəcabəti, ailəsində olan milli ruh, ona qarşı olan qayğı qəlbini olduqca gözəl formalaşdırıb.
Məktəbdə müəllimlərin də sevimlisi olub və görünür bu münasibət də onun müəllimlərə, təhsilə məhəbbətini artırıb. Həmin dövrün kadrlara olan ehtiyacı hesabına, bir əlacı şagird kimi seçilən Surxay Qurbanov hələ gənc yaşlarından - 1930-cu ildə pedaqoji fəaliyyətə başlayıb. Ağcabədi, Ağdam rayonlarında müəllim, dərs hissə müdiri, məktəb direktoru kimi vəzifələrdə çalışıb. Eyni zamanda rayonda çıxan "Lenin yolu” qəzetində məsul katib vəzifəsində işləyib. Mənəviyyatlı bir ailə başçısı, gözəl insani keyfiyyətlərə malik Surxay Qurbanov o zaman istər bir müəllim kimi, istərsə də rayon Partiya Komitəsinin orqanı olan qəzetin məsul işçisi kimi əhali arasında böyük nüfuz qazanmışdı.
1941-ci ildə müharibə başlayan gündən cəbhəyə getdi. 1945-ci ilin avqust ayına kimi faşizmə qarşı aparılan bu müharibədə iştirak etdi. Artıq 29 yaşlı, geniş həyat təcrübəsi olan bir insan kimi müharibəyə qatılan bu gənc tezliklə orduda da fərqlənməyə, seçilməyə başladı. Əvvəlcə Sovet-İran sərhədində qulluq etdi. Çünki o zaman belə bir ehtimal da vardı ki, almanlar Bakı neftinə görə İran tərəfdən hücum edə bilərlər. Bu sakitlik dövründə o bir topçu kimi hərbin sirlərini dərindən öyrəndi.
1942-ci ilin iyun ayında almanlar Şimali Qafqaza hücum edib Mozdok, İşşorovski, Budyonnu rayonlarını işğal etdilər. O zaman Surxay Qurbanovun qulluq etdiyi batalyon da Şimali Qafqaza, almanlarla ölüm-dirim mübarizəsinə göndərildi. İyun ayında Terek çayını keçəndən sonra qızğın döyüş meydanına düşdü. Tez-tez baş verən döyüşlərdə o öz şəxsi keyfiyyətləri və artıq qazandığı böyük təcrübə hesabına cəsur döyüşçü kimi fərqlənməyə başladı. Surxay Qurbanov 1943-cü ilin mart ayında 269-cu qvardiyaçı zenit topçu alayının tərkibində Novorossiyskə, "Kiçik torpaq” adı ilə məşhur olan döyüş zonasına göndərildi. Bu ölümlə üz-üzə dayanmaq demək idi. Sentyabr ayındakı amansız döyüşlərin birində o, pulemyotu ilə vurub düşmən təyyarəsini saldı. Buna görə də "İgidliyə görə” medalı ilə təltif olundu.
Daha sonra Surxay Qurbanovun mübarizə meydanı Ukrayna cəbhələrində olmuşdur. Baş verən xeyli döyüşlərin biri haqda ayrıca danışmağa ehtiyac vardır. Bu döyüş 1944-cü ildə Çexoslovakiya sərhədində olub. 14 oktyabrda Surxay Qurbanov öz iki köməkçisi ilə alayın qərargahından 3 km aralıda ön xəttə idi. Qərargahın xəbəri olmadan düşmən xeyli sayda artıq qoşunla onlara qarşı hücuma keçmişdi. Onlar bir neçə saat döyüşməli oldular. Surxay Qurbanov və köməkçiləri, necə deyərlər, son patrona qədər vuruşdular. Onların pulemyotunun qalxanına, dəbilqələrinə dəyən düşmən gülləsinin sayı- hesabı yox idi. Son 50 patron qalanda qərara aldılar ki, əllərindəki qumbara ilə həm özlərini, həm də öz pulemyotlarını partlatsınlar. Buna hazırlaşdıqları zaman, taledən, arxadan kömək gəldi. Onlar düşməni qovdular. Məlum oldu ki, onun dəstəsi düşmənin 102 əsgərini və 4 pulemyotunu məhv edib. Bu görünməmiş bir qəhrəmanlıq idi. Buna görə Surxay Qurbanov Sovet İttifaqı Qəhrəmanı adı almağa təqdim edildi. Təəssüf ki, hansısa fitnəkarların (bəlkə yenə də ermənilərin) maneçiliyi üzündən ona bu ad verilmədi. Amma olduqca böyük əhəmiyyət daşıyan "Birinci dərəcəli Böyük Vətən müharibəsi” ordeni ilə təltif olundu. Qalxanında saysız-hesabsız güllənin izi olan pulemyotu isə "kiçik zabit Qurbanovun pulemyotu” qeydi ilə II Dünya müharibəsinin rəşadətini əks etdirən muzeyə göndərildi.
Onun həyatındakı ən əlamətdar döyüşlərdən biri də Karpatda, aprel ayında baş verdi. Surxay Qurbanov tərkibində olduğu vzvodun komandiri ilə, gecə vaxtı kəşfiyyata getdikləri zaman ayın solğun işığında görürlər ki, bir neçə əsgər səngər qazır. Düşündülər ki, özlərinin başqa hissədən olan döyüşçüləridir. Rus dilində səsləsələr də, cavab almadılar. Onlara yaxınlaşanda səngər qazanların hamısı səngərə tullandılar. Amma bir nəfər torpağın üstündə oturub siqaret çəkirdi. Onu rus dilində səslədilər. O isə cəld ayağa durub: "Əllər yuxarı, rus!”, - deyə bağırdı və vzvod komandirinin üstünə atıldı. Surxay Qurbanov ona güllə ata bilmirdi ki, komandirinə dəyər. Ona görə də özü hər ikisinin üzərinə atıldı və onları birlikdə qolları arasında sıxmağa başladı. Bundan istifadə edən komandir canını qurtardı və arxaya qaçdı. Surxay Qurbanov atəş açmaq istəyəndə tapança açılmadı. Düşmənsə artıq ona güc gəlməyə başlamışdı. Bu zaman o tapançanın qundağı ilə vurub düşmənin başını partlatdı və öldürdü. O, əlbəyaxa döyüşdə qəhrəmanlıq göstərib, öz həyatını riskə qoyaraq komandirini xilas etdiyinə görə "Qırmızı ulduz” ordeni ilə təltif edildi. Cəbhədə olduğu müddət ərzində üç dəfə yaralansa da, yenə də mübarizəni davam etdirmişdir. Bir qəhrəman pulemyotçu kimi Ümumittifaq səviyyədə tanınmışdır.
O, öz elinə yalnız 1945-ci ilin avqust ayında qayıda bildi. Əvvəllər də camaatın böyük rəğbətini qazanmış, indi isə müharibədən sinəsində yüksək ranqlı orden medallarla qayıtmış Surxay Qurbanovu əhali həm də qəhrəman kimi qarşıladı. Yenə də, çox sevdiyi təhsil sahəsində çalışmağa başladı. Amma bir müddət sonra təhsil sahəsindən ayrılmalı oldu. Böyük ehtiyac olduğuna görə prokurorluq sistemində işə təyin etdilər. O, bu sahədə də öz qabiliyyətini, bacarığını göstərdi. Ümumittifaq Qiyabi Hüquq İnstitutunu da bitirdi. Artıq dünyanın, müharibənin dərsləri hesabına xeyli müdrikləşmiş Surxay Qurbanov tezliklə ciddi bir prokurorluq işçisi kimi tanındı və vəzifədə irəli çəkildi. Gəncə Vilayət Prokurorluğunda İstintaq şöbəsinin rəisi vəzifəsinə təyin edildi. Amma bir az sonra bu vəzifədən getdi.
Öz ruhu, qəlbi ilə maarif sisteminə bağlı olan Surxay Qurbanov Ağdam rayon Xalq Maarif Şöbəsinə müraciət etdi. Rayonda, camaat arasında nüfuzunu nəzərə alaraq onu inspektor vəzifəsinə götürdülər. 1957-ci ilə qədər bu vəzifədə işlədi. 1957-ci ilin avqust ayından ömrünün sonuna - 1977-ci ilə qədər Ağdamda 3 saylı məktəbin direktoru vəzifəsində çalışdı. Təhsil sahəsindəki uğurlu fəaliyyətinə görə "Əməkdar müəllim” və "Qabaqcıl maarif xadimi” adlarına layiq görüldü. Amma onun fəaliyyəti təkcə məktəb direktorluğu ilə məhdudlaşmamışdır. Surxay müəllim Ağdam ictimaiyyətinin ən nüfuzlu, hörmətli ağsaqqallarından biri kimi fərqlənmişdir. İstər dövlət siyasətinin həyata keçirilməsində, istərsə də camaatın xeyir-şər işlərində ən fəal insanlardan biri olmuşdur. Hər bir insanın yaxın dostu, məsləhətçisi olmuş, onlara əlindən gələn qədər kömək etmişdir.
Surxay müəllim, eyni zamanda, öz əxlaqi, mənəvi keyfiyyətləri ilə tanınan nümunəvi bir ailə başçısı olmuşdur. Atalarının adına layiq, onun nüfuzunu daha da yüksəldən 7 övladının hər biri vətəninə sədaqəti ilə seçilən, ölkəmizdə tanınan adlı-sanlı insanlar kimi yetişmişlər. Surxay Qurbanov 65 yaşında qəflətən vəfat etmişdir. Onun dəfni Ağdamda olduqca böyük izdihamla keçmişdir.
Belə insanlarımızı heç vaxt unuda bilmərik. Onları daima yad etməli və böyüyən yeni nəslə nümunə olaraq göstərməliyik.
Əhməd
QƏŞƏMOĞLU
Azərbaycan.-2020.- 9 may.- S.14.