Azərbaycanı tərəqqiyə
aparan dahi şəxsiyyət
Müasir dövrdə Azərbaycan dayanıqlı inkişaf edən və qlobal miqyasda davamlı olaraq nüfuzunu artıran bir dövlətdir. Müstəqilliyinin ilk illərində suveren dövlət kimi yox olmaq təhlükəsi ilə üzləşmiş Azərbaycanın qısa tarixi zaman kəsiyində hərtərəfli inkişafa nail olması bir çox hallarda böyük təəccüblə qarşılanır.
Danılmaz həqiqətdir ki, belə bir möhtəşəm nəticənin əldə edilməsi milli maraqları hər şeydən üstün tutan, güclü siyasi iradəyə sahib olan, atdığı bütün addımlarında yüksək intellektə, böyük uzaqgörənliyə, zəngin həyat və idarəçilik təcrübəsinə əsaslanan fenomenal şəxsiyyət - Heydər Əliyev sayəsində mümkün olub.
Heydər Əliyev Azərbaycan dövlətini möhkəm təməllər üzərində quraraq və onun müstəqilliyini, suverenliyini əbədi edərək Azərbaycan xalqının Ümummilli Liderinə çevrilməyi bacarıb. Təsadüfi deyil ki, hazırda Heydər Əliyev memarı olduğu müstəqil Azərbaycan dövlətinin rəmzi hesab edilir. Bu gün dünyada Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə isə Azərbaycan yada düşür.
Dahi şəxsiyyət və müdrik siyasi xadim olan Heydər Əliyev, sözün əsl mənasında, tarixin gedişatını xalqımızın xeyrinə dəyişə bilib və Azərbaycanın tərəqqisini təmin edə bilən yeni tarix yaratmağı bacarıb. Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi hər iki hakimiyyəti müddətində xalqımız və dövlətçiliyimiz üçün milli maraqlara xidmət edən misilsiz və taleyüklü işlər görüb.
Təbii ki, bütün bunlar müxtəlif maneələrə, təhdidlərə, təzyiqlərə və hətta şəxsi həyatına olan təhlükələrə baxmayaraq, Ulu Öndərin vətənpərvərlik, Azərbaycan sevgisi, milli maraqlar, azərbaycançılıq, milli adət-ənənələrə bağlılıq və yeniliklərə həssaslıq kimi dəyərləri üstün tutması sayəsində mümkün olub. Bu isə bir daha Heydər Əliyev dühasının bütövlüyündən, Azərbaycan dövlətinin memarı kimi onun yüksək səviyyəli konstruktivliyindən, qlobal düşüncəyə sahibliyindən, misilsiz diplomatik məharətindən və professional idarəçilik keyfiyyətlərindən xəbər verir.
1969-cu ildə Azərbaycanda birinci dəfə hakimiyyətə gələn Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi 13 il ərzində milli maraqları nəzərə almaqla atdığı strateji addımlar və uğurla reallaşdırdığı irimiqyaslı tədbirlər sayəsində respublika iqtisadiyyatının və cəmiyyət həyatının bütün sahələrini sürətli inkişaf yoluna çıxara bilib. Heydər Əliyevin sovet dönəmindəki fəaliyyətinin məzmununu və missiyasını başa düşmək üçün Ulu Öndərin sonralar dediyi aşağıdakı fikirlərə diqqət yetirmək kifayətdir. Dahi şəxsiyyət belə deyirdi:
"... o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”.
Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi çox ağır, böhranlı və keşməkeşli dövrə təsadüf edib. Bununla da Heydər Əliyev xalqımızın qurtuluşu və müstəqil Azərbaycan dövlətinin xilaskarı kimi taleyüklü və olduqca çətin bir missiyanı öz üzərinə götürmüş oldu.
Bu missiyanın öhdəsindən böyük məharətlə və layiqincə gələ bilməsi isə, Heydər Əliyevin xalqını və onun müstəqilliyini canından da çox sevməsindən, xalqına və dövlətinə qırılmaz tellərlə bağlı olmasından qaynaqlanırdı. Bunun mahiyyətini daha dolğun ifadə edə bilmək üçün 1993-cü ilin iyunun
15-də parlamentin sədri seçilən Heydər Əliyevin həmin gün etdiyi tarixi nitqindən sitat gətirmək yerinə düşər:
"...Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm... Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Dövlətçiliyimizi məhv olmaq təhlükəsindən qorumaq üçün yeganə ümid yerimiz olan Heydər Əliyev, həqiqətən də, yüksək fədakarlıq nümunəsi kimi ömrünün qalan hissəsini yalnız və yalnız müstəqil Azərbaycanın möhkəmlənməsinə və inkişaf etməsinə həsr etdi. Ulu Öndər öz doğma xalqının xilaskarı oldu. Heydər Əliyevin məqsədyönlü daxili və xarici siyasəti sayəsində Azərbaycan tənəzzül və xaosdan hərtərəfli tərəqqi və davamlı inkişaf yoluna qədəm qoydu.
Xüsusilə qeyd etmək lazımdır ki, iqtisadi və siyasi böhran, müharibə şəraitində olan ölkə imicinin Azərbaycana xarici sərmayələrin qoyulmasını qeyri-mümkün etdiyi bir şəraitdə Heydər Əliyevin siyasi lider kimi yüksək beynəlxalq nüfuzu və diplomatik istedadı sayəsində "Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyasının reallaşdırılmasına başlanıldı. Bu fakt Azərbaycanın böhrandan çıxması və dövlət müstəqilliyimizin möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyətə malik olan tarixi hadisə və nailiyyət hesab olunur. Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ölkəmiz üçün strateji önəmini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aşağıdakı fikirləri çox dəqiq ifadə edir:
"İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə "Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik... Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə "Əsrin kontraktı” yaratdı”.
Eyni zamanda bu gün fəxrlə deyirik ki, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının müəllifi məhz Heydər Əliyevdir. Şübhəsiz ki, yüksək professionallıqla hazırlanmış ali qanunumuz Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafına Ulu Öndər tərəfindən verilmiş əvəzolunmaz töhfələrdən biri hesab edilir.
Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın çiçəklənməsinə və daha da qüdrətlənməsinə xidmət edən zəngin dövlətçilik irsi, sözün əsl mənasında, Azərbaycan xalqının milli sərvətidir.
Artıq 17 ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndərin dövlətçilik ənənələri layiqli şəkildə davam etdirilir, zənginləşdirilir və yeni dövrün tələblərinə uyğun inkişaf etdirilir. Məhz dövlət başçısı cənab
İlham Əliyevin sayəsində bu gün ölkəmiz regional və qlobal məsələlərin həllində fəal aktorlardan birinə çevrilib. Bu isə onu deməyə əsas verir ki, dahi lider və müdrik siyasətçi olan Heydər Əliyev Azərbaycan dövlətinin memarı və qurucusu olmaqla yanaşı, həm də dövləti layiqli şəkildə idarə edə bilən etibarlı siyasi varis yetişdirməyi bacaran müəllim idi.
Şahin BAYRAMOV,
Mingəçevir
Dövlət Universitetinin rektoru
Azərbaycan.-2020.- 13 may.- S.8.