“Azərbaycan 1941-1945. Sovet İttifaqı qəhrəmanları”
adlı kitab nəşr edilib
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 75 il keçir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Çünki xalqımız faşizm üzərində qələbə üçün özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Qələbə Azərbaycan xalqına da asan başa gəlməyib. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub. Onlar amansız döyüş meydanlarında fədakarcasına vuruşaraq, həm də doğma Azərbaycanı faşizmdən qoruyublar.
Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna sübutdur. Bu mənada faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. Cəsur oğul və qızlarımızın Böyük Vətən müharibəsində qələbənin qazanılmasında yazdığı qəhrəmanlıq salnaməsi bugünkü nəsil üçün əsl mənəviyyat dərsidir.
Mənəvi Dəyərlərin Təbliği Fondu qəhrəmanlıq tariximizin bu dövrünün işıqlandırılaraq geniş oxucu kütləsinə çatdırılması, həmçinin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi məqsədilə "Azərbaycan 1941-1945. Sovet İttifaqı qəhrəmanları” adlı kitabın böyük tirajla nəşrinə dəstək göstərmişdir. Kitabın müəllifi hərb tariximizin tədqiqatçısı Azad Hüseynovdur.
Sovet İttifaqı Qəhrəmanı adını almış azərbaycanlılara həsr olunmuş bu kitab təkcə elmi-tarixi deyil, eyni zamanda böyük siyasi-təbliği əhəmiyyətə malikdir. Müəllif bu tədqiqat əsərində, ilk növbədə, arxiv mənbələrinə müraciət etmişdir. A.Hüseynov kitabda 52 azərbaycanlı və Azərbaycandan hərbi xidmətə çağırılmış qəhrəmanların döyüş yolunu işıqlandırmışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, müəllif vətən tarixşünaslığında ilk dəfə olaraq Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmiş, lakin müxtəlif səbəblərə görə, bu adı almamış 14 azərbaycanlı qəhrəmanın bioqrafiyasını da üzə çıxarmağa nail olmuşdur.
Kitabın
elektron versiyasını oxumaq istəyənlər www.mdtf.az
saytının "nəşrlər” bölməsinə
müraciət edə bilərlər.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 13 may.- S.9.