Təhsilimizdə rəqəmsal
texnologiyaların tətbiqi
Hafiz
Paşayev: Onlayn təhsil ADA Universitetində
artıq normaya çevrilib
Çoxdandır ki, dövlət və özəl sektorun idarəçiləri rəqəmsallaşma haqqında düşünür, amma az sayda təşkilat və şirkətlər bunu əməli sürətdə həyata keçirə bilir. Bəziləri yalnız dəbdə olan terminlərdən istifadə edərək müzakirələrlə kifayətlənir, digərləri isə subyektiv və obyektiv çətinliklərlə rastlaşanda səylərini dayandırırlar. ADA Universiteti Azərbaycanın təhsil sektorunda rəqəmsal texnologiyaların tətbiqi baxımından öndə gedənlərdəndir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər ADA Universitetinin rektoru Hafiz Paşayevin “Təhsilimizdə rəqəmsal texnologiyaların tətbiqi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqalənin tam mətnini təqdim edir.
Hazırda COVID-19 pandemiyası dövründə universitetimizin rəqəmsal potensialı təhsil xidmətlərimizin onlayn davam etdirilməsi üçün nə qədər vacib olduğunu nümayiş etdirdi. Bu yazıda ADA Universitetinin rəqəmsallaşma istiqamətində əldə etdiyi uğurlar, qarşılaşdığı çətinliklər və gələcək planlar barədə bəzi mülahizələrimi bölüşmək istərdim.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Xarici İşlər Nazirliyinin nəzdində yaradılan Azərbaycan Diplomatik Akademiyası diplomatların təlim mərkəzi kimi fəaliyyətə başlayıb. Lakin biz sürətlə inkişaf edən müasir Azərbaycan Respublikası üçün keyfiyyətli kadr yetişdirilməsi zərurətini anlayaraq təlim mərkəzindən universitet formatına keçməyi zəruri hesab edirdik. Bunun üçün sinif otaqları, laboratoriyalar, kitabxana, informasiya texnologiyaları infrastrukturu və tələbə mərkəzlərindən ibarət müasir tədris mərkəzi - universitet şəhərciyinin tikilməsi vacib idi. Belə kampusun qurulması dizayn və təhsil prosesinin planlaşdırılması baxımından yeni düşüncə tərzi və yanaşma tələb edirdi. Biz gözləyirdik ki, müasir kampusun yaradılması yalnız rahat tədris şəraiti deyil, həm də təhsil sektoruna ən yaxşı istedadların cəlb edilməsinə kömək edəcək. İşə başlayarkən planlaşdırma prosesində ADA dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq etdi, həm Qərb, həm də Şərq təhsil ocaqlarının təcrübəsindən yararlandı. Universitetin konsept və dizaynını tərtib etmək üçün ABŞ-dan memar qrupu dəvət etdik. Nəticədə yeni tikilmiş kampus digər üstünlüklərlə yanaşı, “yaşıl” və “ağıllı” texnologiyaların, bərpa olunan enerji mənbələrinin, etibarlı “wi-fi” və daxili “e-mail” sistemlərinin istifadəsini təmin etmiş oldu.
Göz oxşayan və texnoloji baxımdan müasir binalar ali təhsil ocağının uğurunu təmin edən yalnız bir amildir. Digər əsas məqsədimiz münasib əməkhaqqı təklif etməklə həm Azərbaycandan, həm də digər ölkələrdən yaxşı müəllimləri cəlb etmək, onlara müasir və yaradıcı akademik mühitdə işləmək şəraiti yaratmaq idi. Eyni zamanda, onlara yüksək standartlarımız və gözləntilərimizi də aydın çatdırmalı idik: seçdiyimiz müəllimlərin əksəriyyəti xarici universitetlərdə doktorantura bitirməli, ingilis dilində mükəmməl danışmalı, dərsləri interaktiv şəkildə apara bilməli, elmi tədqiqatla məşğul olmalı və ən əsası, ADA komandası ilə birlikdə daim öyrənməyə və peşəkarlığını inkişaf etdirməyə hazır olmalı idi. Müəllimlərin informasiya texnologiya bacarıqlarına xüsusi önəm verilirdi. İşəgötürmə prosesi - istər müəllim, istərsə də inzibati işçi olsun - şəffaf şəkildə, bilik və bacarıqlar əsas tutularaq təşkil edildi. Məhz bu səciyyələri daşıyan komanda universitetimizdə ilk gündən düzgün dəyərlərin seçilməsi, etik normalara əsaslanan mühitin yaradılmasını mümkün etdi. Belə təcrübəli və çevik yanaşması olan komanda sayəsində ADA Universiteti dəfələrlə qarşılaşdığı çətinlik və dəyişikliklərdən uğurla keçə bildi.
Texnoloji tərəqqidən yararlanmaq və innovasiyaya meyillilik ADA-nın gündəlik işinin hər istiqamətində özünü göstərir. Yeni texnologiyalar nəticəsində üzə çıxan böyük həcmli məlumat bazası fərqli düşünmək, təhlillər aparmaq və daha yaxşı qərarlar qəbul etmək imkanları açmaqla yanaşı, dəyərlərimizi və iş təcrübəmizi daha da möhkəmləndirir. İlkin mərhələdə biz rəqəmsallaşmanın tətbiqini əsas şöbələrimizdən - tələbə qəbulu, kitabxana, akademik bölmələr və karyera xidmətlərindən başlayaraq innovasiyanı digər şöbələrə də aid etdik.
Təhsil sahəsində mövcud müasir proqramların istifadəsini 2008-ci ildə Embark proqramının tətbiqi ilə başladıq. Bu proqram internetə çıxışı olan hər kəsə ADA-ya qəbul üçün sənəd vermək imkanı yaratdı. Bu minvalla toplanan zəngin və faydalı məlumat bazası trendləri müəyyənləşdirməyə, statistik hesabatlar çıxarmağa və çevik müdaxilələr etməyə yol açdı. Marketinq və kommunikasiya fəaliyyətimizi də məhz bu data bazası üzərində qurduq. Bəzi abituriyentlər qəbul olunmasalar belə, ADA-nın məlumat bazasında qalaraq, digər proqramlar barədə xəbərdar olurlar.
Əldə olunan məlumat daha sonra fakültələr tərəfindən tələbələrin şəxsi işlərinin tərtib edilməsi, dərs qeydiyyatı prosesinin asanlaşdırılması, transkriptlərin verilməsi və digər gündəlik məlumat istehsalında istifadə edilir.
2009-cu ildə alınan “PowerCampus” proqramı tədris prosesinin idarə edilməsinə, o cümlədən imtahan və dərs cədvəllərinin səmərəli təşkilinə, müəllim və tələbə heyətinin məlumat bazasının yaradılmasına kömək etdi. Bu proqram həftəlik olaraq davamiyyət, dərslərin müddəti, imtahanlar və akademik göstəricilərlə bağlı hesabatlar hazırlayırdı. Beləliklə, dekanlar, prorektorlar və hətta rektor özü sistemə daxil olaraq imtahan prosesi ilə bağlı bütün məlumatı asanca əldə edə bilirdi və bununla da şəffaflıq təmin olunurdu.
Eyni şəkildə, ADA kitabxanası “Millenium” proqramına vəsait sərf edərək kitab kolleksiyaları, məqalələr toplusu, ziyarətçi qeydiyyatı və borc götürülən materialların izlənilməsini asanlaşdırdı. Daha sonra, 2019-cu ildə ADA kitabxanası bir addım da irəli gedərək mükəmməl inventarizasiya imkanları verən çoxfunksiyalı “WorldShare Management Services” (WMS) ortaq bulud sistemini tətbiq etdi. Bu, müasir kitabxanaçılıqda yüksək standart və ən arzuolunan modeldir. Hazırda ADA kitabxanası Azərbaycanda bütün kolleksiyasına açıq çıxış yaradan ilk inteqrasiyalı kitabxana sistemidir və onun üstünlüyü vaxta qənaət etməklə etibarlı akademik qaynaqlara istənilən yerdən daxil olmaqdan ibarətdir.
Universitetin Karyera Mərkəzi, bu arada, “Simplicity” proqramına yatırım edərək tələbələri vakansiyalar barədə məlumatlandırır, onların peşəkar və karyera inkişafını yönləndirir və müxtəlif şirkətlər və sənayelərlə bağlantını təmin edir.
Yuxarıda göstərilən proqramların tətbiqi şəffaflığın təmini, statistik təhlillər aparılması, hesabatların nəzərdən keçirilməsi ilə tədris prosesinin idarəedilməsini yüngülləşdirdi və işin səmərəliyini artırdı. Tələbələr də, öz növbəsində, bu proqramlardan istifadə edərək informasiya texnologiyaları bacarıqlarını genişləndirir və müasir cəmiyyətin tələblərinə daha hazır olurlar.
Bir müddət sonra rəqəmsallaşmanın universitetin bütün idarəetməsində zəruri olduğunu görərək “SAP” proqramını əldə etdik. Beləliklə, ölkədə bir sıra aparıcı şirkətlər maliyyə və mühasibatlıq məqsədləri üçün hələ də 1C proqramından istifadə etdikləri halda, ADA Universiteti Azərbaycanda “SAP” proqramını ilk tətbiq edənlərdən biri oldu.
Bu proqramlar ayrı-ayrılıqda faydalı və funksional olsa da, onların inteqrasiyası gündəmə gəldi və bütün tədris və inzibati əməliyyatlarımızı birləşdirən vahid çətirvari platformaya ehtiyac yarandı. ADA Universiteti 2015-ci ildə McKinsey konsaltinq şirkəti ilə birlikdə öz gələcəyinə dair onillik strateji planını hazırladı. Plana uyğun olaraq, həmin il universitetin yaratdığı bütün məlumat bazasını birləşdirməyə imkan verən “Banner” tələbə məlumat sistemi - “Banner Enterprise Resource Planning” (ERP) və “Blackboard” tədrisin idarəedilməsi proqramlarını əldə etdik. Bu proqramların tətbiqi özlüyündə çoxşaxəli və ciddi diqqət tələb edən bir prosesdir. ADA Universitetinin rəhbərliyi buna 10 ay ərzində nail olmaq kimi iddialı məqsədi ortaya qoydu.
Xüsusi olaraq akademik müəssisələr üçün yaradılmış bu proqramlar hazırda həm ADA Universiteti, həm də ADA Məktəbi tərəfindən istifadə edilir. Onların üstünlüklərindən biri odur ki, təhsil ocaqlarının konkret ehtiyac və istəklərinə uyğunlaşdırılır. Bu proqramlar bizə tək universitetin idarəedilməsini və tədris prosesini deyil, dərs demək tərzimizi də daha mükəmməl etməyə imkan yaratdı. Burada fənlər üzrə materialların onlayn platformaya yerləşdirilməsi, tələbələr arasında onlayn müzakirələr və forumlar keçirilməsi, test və imtahanların təşkili, ev tapşırıqlarının vaxtında təhvil verilməsi kimi texnoloji alətlər təhsil prosesini yaxşılaşdırdı. Müəllimlərimiz sinifdə ənənəvi öyrənmə prosesini interaktiv metodların tətbiqi, “ağıllı” lövhələrin istifadəsi, audio-video materialların nümayişi, “Blackboard” proqramının verdiyi digər informasiya texnologiya imkanları ilə zənginləşdirirlər. Tələbələr isə vahid platforma üzərindən öz imtahan cavabları, qiymətləri, ev tapşırıqları, hətta təhsil haqqı balansı kimi məlumatları asan şəkildə nəzərdən keçirə bilirlər. Hər iki proqram -“Banner” və “Blackboard” yerli serverlərimizi istifadə etməklə yanaşı, bulud serverlərində də data saxlayaraq məlumatların təhlükəsizliyini təmin edir.
“Banner Enterprise
Resource Planning” (ERP)
vasitəsilə təhsil ocağımızın maliyyə, insan resursları, təchizat və digər müvafiq şöbələrində iş axını təkmilləşdirilir. Statistik hesabatların hazırlanması
“Argos Enterprise Reporting Solution” proqramı üzərində həyata
keçirilir.
Bu proqramların istifadəsi
erkən planlaşdırma
və komanda işini daha da gücləndirdi. Yeni proqramların
tətbiqini universitetin
30 nəfərlik heyət
qrupu təmin edirdi. Onlar proqramların tərtibi
və idarəedilməsində
o qədər mükəmməl
təlim almışdırlar
ki, sonradan bütün universitet heyətini təlimləndirmək
kimi məsul işdə də uğur qazandılar.
İnanırıq ki, qrupun əldə etdiyi təcrübə Azərbaycanda
və hətta qonşu ölkələrdə
universitet kadrlarının
təlimləndirilməsində istifadə oluna bilər. Artıq Qazaxıstanın Nazarbayev Universiteti təcrübəmizi onlarla
bölüşmək üçün
ADA-ya müraciət edib.
Öz təcrübəmizə
istinadən deyə bilərik ki, rəqəmsal texnologiyalarının
tətbiqi bir neçə çətinliklərlə
və maneələrlə
rastlaşır. Müvəffəqiyyət əldə etmək
üçün bu riskləri düzgün dəyərləndirmək lazımdır.
Bu işin uğuru bir neçə amil ilə bağlıdır:
• Hər şeydən əvvəl, təşkilatın
gələcəyə baxışı
və uzunmüddətli
planı, bu planın əsas tərkib hissəsi kimi rəqəmsal texnologiyalarının tətbiqi
olmalıdır. Bu işdə rəhbərliyin
qəti niyyəti və bunun kollektivə
çatdırılması təşkilatın ruhunu və mədəniyyətini
dəyişdirər, işçilərin
nikbinliyini gücləndirər,
bütün heyəti
ümumi missiya və məqsədlər ətrafında birləşdirər,
onları vahid komanda kimi mütəşəkkil
edər, məsuliyyət,
cavabdehlik və yeni məqsədlərə
sadiqlik duyğusunu artırar.
• Dəyişiklik mərhələsini
idarə etmək asan deyil. Bəzi
işçilər rahatlıqlarının
pozulmaması, yaxud təklif edilən dəyişikliklərin faydalarını
anlamadıqları üçün
müqavimət göstərə,
hətta sabotajla da məşğul ola bilərlər.
Ona görə də bu prosesə nəzarəti düzgün
insanlara tapşırmaq
və onları səlahiyyətləndirmək vacibdir.
Digər
nəzərə alınmalı
məqam mütəmadi
olaraq komanda üzvlərindən rəylər
almaq, yeniliklərin tətbiq edilməsi sürəti və çətinlikləri barədə
onlarla müzakirə aparmaqdır. Yeni texnologiyaların
ən kəskin tənqidçiləri belə
nəticələri gördükdə
bu alətlərin ən güclü müdafiəçisinə çevrilirlər.
Proses boyu layihə məsləhətçilərinin
düzgün seçilməsi
və planlaşdırılmış
mərhələlərin vaxtında
bitirilməsinə nəzarət
vacibdir.
• Müəllim və işçilərin təlimi
daim diqqətdə qalmalıdır. Layihənin detallarını daha yaxşı anlamaq və dəyişiklikləri əlaqələndirilmiş
şəkildə həyata
keçirmək üçün
prosesin bütün iştirakçılarına müvafiq
yatırımlar edilməlidir.
Universitet rəhbərliyi dekanların
və müəllimlərin
çevik şəkildə
təlim keçmələrini
təmin etməlidir.
Proqramların tətbiqinin uğuru
üçün ADA Universiteti
müəllimlərin təlim
alması məqsədilə
onları Böyük
Britaniya və Birləşmiş Ərəb
Əmirliklərinə ezam
etdi. Öz nümunəmizdə deyə bilərəm ki, əməkdaşlarımız
onların rəy və təcrübəsindən
istifadə olunmasını
yüksək dəyərləndirirdilər.
• Sonuncu tövsiyəm, informasiya texnologiyaları resurslarına davamlı yatırımlar etməkdir.
Proqram təminatının ən
son versiyalarının əldə
olunması, serverlərin
saxlanılması və
genişləndirilməsi, avadanlığın
yenilənməsi daim maliyyə xərcləri tələb edir. Bu xərclərin planlaşdırılması və
texnoloji imkanların araşdırılması komandanın
gündəlik işinə
çevrilməlidir.
ADA Universiteti texnoloji dəyişikliklərə on il əvvəl başladı. O dövrdə
heç kim
dünyanın belə
sürətlə dəyişəcəyini
təsəvvür etmirdi.
Pandemiya şəraitində bu gün bir çox
təşkilatlar iflic
olmamaq və fəaliyyətlərini davam
etdirmək üçün
yeni proqram tətbiqlərinə tələsir.
Universitetlər də istisna
deyil - çoxları
onlayn tədris alətlərinin olmaması
səbəbindən çətinlik
çəkir. Digərləri müxtəlif ödənişsiz
platformalardan istifadə
edərək məlumat
təhlükəsizliyi və
ya tədris məqsədlərinə tam uyğun
olub-olmaması amillərinə
ciddi diqqət yetirə bilmirlər.
ADA Universiteti bu mənada yaranan vəziyyətə hazır
idi və iki həftə ərzində dərslərini
bütünlüklə onlayn
formata keçirə bildi. Hər bir müəllim
“Blackboard” proqramı ilə
işləməyi bacarırdı.
Bu günlərdə isə onun “Collaborate” komponentindən istifadə
etməyə başladılar.
Tələbələr isə onlayn
platformadan hələ
2017-ci ildən bəri
istifadə edirdilər.
Dərslərin onlayn və
keyfiyyətli şəkildə
davam etdirilməsi üçün ortaya çıxan çətinliklər
həftəlik müzakirələr,
məsləhətləşmələr, iclaslar vasitəsi ilə qısa bir zamanda koordinasiyalı
şəkildə aradan
qaldırıldı.
Aydındır ki, onlayn təhsilin öz çatışmazlıqları var. Tələbə və müəllim heyəti bəzi hallarda internet bağlantısının kəsilməsi ilə üzləşir. Ümid edirik ki, bütün ölkə üzrə internet bağlantısının yaxşılaşdırılması üçün ölkənin İT sektorunda müvafiq addımlar atılacaq. Onlayn tədrisdə imtahanların etibarlılığının təmin edilməsi vacibdir. Bunun üçün ADA Universiteti bu yaxınlarda “Respondus” proqramını əldə edib. Bu vasitə ilə məsafədən keçirilən imtahanlar zamanı köçürmələrin və digər mənfi halların qarşısı alınır. Tələbələr tərəfindən məzmunun mənimsənilməsinə gəldikdə, onlayn tədrisin ənənəvi təhsillə müqayisədə səmərəli olub-olmaması barədə müzakirələrimiz hələ də davam edir. Aydındır ki, ənənəvi tədrisdən fərqli olaraq, onlayn tədris tələbələrin bir-biri ilə ünsiyyət yaratma və öyrənmə imkanlarını məhdudlaşdırır. Amma inanırıq ki, təcrübə qazandıqca bu məsələlərin də həlli tapılacaq.
Əldə etdiyimiz təcrübə sübut edir ki, innovativ dəyişikliklərin və rəqəmsal transformasiyanın müsbət nəticələri çoxdur. Əslində, yeni texnologiyalar artıq günümüzün reallığıdır. Ona görə də dəyişikliklərin idarə edilməsi və təhsil xidmətlərinin yaxşılaşdırılması məqsədilə bu yeniləşmənin ön sıralarında olmalıyıq.
Sonda
bir daha qeyd etmək istərdim ki, universitetin onillik strateji
planına uyğun olaraq fiziki infrastruktura və insan
resurslarına yatırım etməklə yanaşı, rəqəmsal
transformasiyaya da diqqət yetirməyimiz öz bəhrəsini
verməkdədir. Şadıq ki, mövcud şəraitdə
hazırlıqlı olmağımız tələbə,
şagird və valideynlərimizin gözləntilərini doğrultdu və bizə təhsil semestrini fasiləsiz davam
etməyə imkan yaratdı. Bəzi
valideynlər, hətta övladlarının onlayn
dərslərini böyük maraqla izləyib müsbət təəssüratlarını
bizimlə bölüşürlər. Onlayn
təhsil ADA Universitetində artıq normaya
çevrilib. Gələcəkdə bu təcrübəni ixtisasartırma
proqramlarının həyata keçirilməsində də daha geniş istifadə etmək
niyyətindəyik. Yaxın keçmişdə, onlayn tədris ənənəvi tədrisə
köməkçi qismində istifadə edilirdisə, bu günlərdə hər iki
üslub tədrisin tərkib hissəsinə
çevrilib.
Azərbaycan.-2020.- 13 may.- S.10.