Beynəlxalq səviyyədə
təqdir olunan siyasət
İlham
ƏLİYEV: "Ən böyük qiyməti Azərbaycan
xalqı verir”
Bu günlərdə Sumqayıtda ikinci tibbi maska fabrikinin istifadəyə verilməsi Azərbaycanda koronavirusa qarşı həyata keçirilən kompleks mübarizənin növbəti təsdiqi oldu. Belə ki, bu müəssisənin işə salınması göstərdi ki, respublikamızda həm qoruyucu tibbi ləvazimatlara olan ehtiyac məhz daxili istehsal hesabına ödənilir, həm də pandemiya şəraitində iqtisadi fəallıq və məşğulluq təmin edilir. Bütün bunlar isə Prezident İlham Əliyevin yürütdüyü siyasətin mahiyyətinin ilk növbədə insan amilinə xidmət etməklə kifayət qədər dolğun və əhatəli olmasından xəbər verir.
Nümunəyə çevrilən fəaliyyət
Hazırda dünyanın bütün ölkələri öz səylərini koronavirusla mübarizəyə və profilaktika tədbirlərinə yönəldib. Buna baxmayaraq, son statistikaya görə bu infeksiyaya yoluxanların sayı 4,3 milyonu, vəfat edənlərin sayı isə 290 mini ötüb. Virus xüsusən ABŞ və inkişaf etmiş Avropa ölkələrində daha ciddi fəsadlara, xeyli sayda yoluxma və insan itkisinə səbəb olub.
COVID-19 Azərbaycandan da yön ötmədi. Lakin Prezident
İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən
dərhal həyata keçirilən zəruri
qabaqlayıcı, çevik
və sistemli preventiv tədbirlərin, atılan profilaktik və təxirəsalınmaz
addımların nəticəsində
virusa kütləvi yoluxmanın qarşısı
alındı. Bununla bir
daha təsdiq olundu ki, vətəndaşların
layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyi və
hazırkı qlobal problemin təsirindən müdafiəsi respublikamız
üçün ən
vacib və prioritet məsələdir.
Təsadüfi deyil ki, bu
gün Azərbaycanın
adı koronavirusa qarşı ən səmərəli mübarizə
tədbirləri həyata
keçirən ölkələrlə
birgə çəkilir. Beynəlxalq təşkilatlar
da respublikamızda virusa qarşı atılan qabaqlayıcı
addımları digər
dövlətlərə nümunə
olaraq görürlər.
Bu günlərdə Ümumdünya Səhiyyə
Təşkilatının Baş
direktoru Tedros Adhanom Gebreyesus Prezident İlham Əliyevə ünvanladığı
növbəti məktubunda
COVID-19-a qarşı mübarizədə
qabaqlayıcı tədbirlər
həyata keçirdiyi
üçün bir daha Azərbaycan hökumətinin gördüyü
işləri yüksək
qiymətləndirib. Eyni zamanda
o, Azərbaycan Prezidentinin
milli, regional və qlobal səviyyələrdə
çoxtərəfli diplomatiyaya
və həmrəyliyə
dəstəyini nümunəvi
adlandırıb və
bunun Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş ardıcıl
tədbirlər zamanı
aydın şəkildə
özünü büruzə
verdiyini xüsusilə
qeyd edib. Sumqayıtda tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı
müəssisəsinin açılışında
çıxış edən
Prezident İlham Əliyev bu barədə deyib: "Bu gün hamımızı və bütün dünyanı narahat edən koronavirus pandemiyasıdır. Bu sahədə də Azərbaycan nümunəvi
yanaşma göstərir.
Bunu həm Azərbaycan vətəndaşları deyir,
- mənə ünvanlanmış
minlərlə təşəkkür
məktubunda bu, əksini tapır, - həm də beynəlxalq təşkilatlar.
Bu yaxınlarda mən Ümumdünya Səhiyyə Təşkilatının
Baş direktorundan ikinci məktubu almışam. Birinci məktub
mart ayının sonunda
mənə ünvanlanıb,
ikinci məktub isə mayın 7-də.
İkinci məktubda da
Ümumdünya Səhiyyə
Təşkilatı Azərbaycanda
koronavirusla mübarizə
sahəsində görülmüş
işlərə çox
yüksək qiymət
verir, işlərimizi
təqdir edir. Əlbəttə ki, bu, görülmüş işlərə
verilən böyük
qiymətdir. Ancaq bir
daha demək istəyirəm ki, ən böyük qiyməti Azərbaycan xalqı verir”.
Azərbaycan öz vətəndaşlarını layiqincə qoruyur
Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda ilk günlərdən həyata keçirilən bütün işlər qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, insanların sağlamlığı, virusun yayılmasının qarşısının alınması baxımından mühüm rol oynayan məhsullar ölkəmizdə istehsal olunmağa başlayıb. İki gün əvvəl Sumqayıtda "Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin istifadəyə verilməsi bu tədbirlərin tərkib hissəsidir. Xatırladaq ki, ilk tibbi maska istehsalı müəssisəsinin açılışı da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında olmuşdu.
Onu da qeyd edək ki Azərbaycanda vaxtilə yaradılmış iqtisadi infrastruktur qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkil olunmasına imkan verib. Bu da Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf siyasətinin, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması üçün atılan addımların uğurlu nümunəsi kimi təqdirəlayiqdir.
Məlum olduğu kimi, pandemiya ilə əlaqədar son dövrlərdə tibbi maskaya, qoruyucu geyimlərə bütün dünyada tələbat kəskin artıb. Bu səbəbdən də həmin məhsulların dünyanın bir çox ölkələrində böyük qıtlığı yaşanır, eyni zamanda möhtəkirlər də yaranmış vəziyyətdən istifadə edərək, idxal olunan tibbi maskaların qiymətini artırırlar. Bu baxımdan Azərbaycanda qısa müddətdə tibbi maska istehsalına başlanması isə xüsusilə əhəmiyyət kəsb edir.
Bu koronavirusla mübarizəyə mühüm töhfədir və ölkəmizin bu sahədə asılılığını aradan qaldırır. Eyni zamanda koronavirus pandemiyası şəraitində yeni iş yerlərinin yaradılması mütərəqqi sosial siyasətin təsdiqidir. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. May ayının sonunadək burada əlavə avadanlıq quraşdırılacaq. Bu isə, öz növbəsində, istehsal gücünü artırmağa imkan verəcək. Hazırda istehsalat prosesinə cəlb olunmuş işçilərin sayı 30 nəfərdir, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə 50 nəfərə çatacaq. Qoruyucu kombinezonun istehsalı prosesinə isə 210 işçi cəlb olunub.
Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Bu baxımdan Sumqayıtda tibbi maska istehsalı müəssisələrinin fəaliyyətə başlaması, ilk növbədə, Azərbaycanda dövlət səviyyəsində əhalinin sağlamlığının qorunması məsələsinə yüksək dərəcədə həssaslıqla yanaşıldığını göstərir.
Ən əsası, Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində həyata keçirdiyi fəaliyyət kifayət qədər mütərəqqi təcrübənin formalaşmasına gətirib çıxarıb. Çünki başlıca məsələ vətəndaşların sağlamlığıdır ki, bu sahədə də ölkəmizin nəticələri kifayət qədər yüksəkdir. Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan öz vətəndaşlarını koronavirusdan layiqincə qoruyur. Görünən odur ki, respublikamız bu qlobal problemin öhdəsindən layiqincə gələcək, bundan sonra da öz inkişafını uğurla təmin edəcək.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 14 may.- S.1;3.