Azərbaycan qlobal
proseslərə təsir edən nüfuzlu
dövlətə çevrilir
Koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşü bir daha Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq aləmdə nüfuzunun artmasını, bəşəriyyət üçün taleyüklü məsələlərin qaldırılması və onların həlli istiqamətində aparıcı mövqe tutmasını təsdiq edir.
Öncə onu qeyd edək ki, Qoşulmama Hərəkatına sədr ölkə kimi koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünün irəli sürülməsi Azərbaycana məxsusdur. COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərmiş, iqtisadiyyatları çökdürmüş və yeni qlobal böhrana səbəb olmuşdur. Bu bəlaya qalib gəlmək üçün bütün səylərin birləşməsi, planetar həmrəyliyin ortaya qoyulması zərurətə çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev videokonfransda BMT-nin, ÜST-ün və digər beynəlxalq qurumların bu sahədə atdığı addımları yüksək qiymətləndirmişdir.
Dövlət başçısı tədbir iştirakçılarına Azərbaycanda pandemiyaya qarşı görülmüş təxirəsalınmaz tədbirlərlə bağlı məlumat vermişdir.
İlin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış, ölkə ərazisində bütün kütləvi tədbirlər ləğv edilmiş, təhsil müəssisələrində tədris dayandırılmış, xüsusi karantin rejimi elan olunmuşdur. Koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmış, virusun diaqnostikası və müalicəsi üçün zəruri testlər, tibbi avadanlıqlar, ləvazimatlar ölkəyə gətirilmiş, laboratoriyalar yaradılmış, qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanılmışdır. Nəticədə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasında müsbət dinamika əldə edilmiş və hazırda xüsusi karantin rejimindən çıxış planı mərhələli şəkildə həyata keçirilir. İqtisadi sabitliyi, məşğulluqla bağlı problemləri, makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur.
İlham Əliyev çıxışında iqtisadi məqamlara toxunaraq demişdir: "Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. İşsiz şəxslərin sosial müdafiəsi üçün ilin sonuna qədər 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulur. Banklar tərəfindən sahibkarlara yeni verilən kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcəkdir”.
Eyni zamanda nəzərə çatdırılmışdır ki, bütün bunlar görülən işlərin bir hissəsidir və gələcəkdə digər mühüm addımların atılacağı nəzərdə tutulur. Bundan başqa, Azərbaycan pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün ÜST-ə əlavə olaraq 5 milyon dollar ianə ayırır. Beləliklə, Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolu artırmaq əzmində olduğunu bir daha nümayiş etdirir. Bunu nüfuzlu beynəlxalq qurumların rəhbərləri də çıxışlarında qeyd etdilər.
BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande bu mühüm tədbirə evsahibliyi etdiyinə görə İlham Əliyevə təşəkkürünü bildirmiş, artıq planetdə insanların 3,4 trilyon ABŞ dolları məbləğində gəlirlərini itirdiyini diqqətə çatdırmış, bütün planeti həmrəyliyə və sülhə səsləmişdir: "Biz, həmçinin istəyirik ki, bütün dövlətlər, millətlər arasında olan qeyri-bərabərsizlik aradan qaldırılsın. Bunun üçün biz daha güclü və dayanıqlı sistem yaratmalıyıq. Eyni zamanda biz görürük ki, inkişafda olan bir sıra ölkələrin borcları çox kəskin şəkildə artır. Bunlardan irəli gələrək bildirmək istəyirik ki, biz cari böhranın lap ortasındayıq. Bir çox ölkələr, həmçinin öz həllini tapmayan silahlı münaqişələrdən əziyyət çəkir, münaqişələr dayandırılmalıdır. Biz bununla bağlı BMT-nin Baş katibi adından qlobal miqyasda atəşkəsin təmin edilməsi üçün çağırış etmişik”. Bütün ölkələri qarşılaşdığı çətinlikləri birgə dəf etməyə çağıran Ticani Məhəmməd-Bande BMT-nin Xartiyasına dəstək verdiklərinə görə Qoşulmama Hərəkatına dərin minnətdarlığını bildirmiş və bu təşkilatın gələcəkdə də beynəlxalq sülhə və təhlükəsizliyə, qanunun aliliyinə, ədalətə xidmət edəcəyinə əminliyini ifadə etmişdir.
BMT-nin Baş katibi Antonio Quterreş videomüraciətində bu görüşün təşkilatçılarına təşəkkürünü bildirmiş, pandemiyanı bəşəriyyət üçün ağır sınaq kimi qiymətləndirmişdir: "O, cəmiyyətlərimiz və iqtisadiyyatlarımızın sarsıntı qarşısında kövrəkliyini açıq nümayiş etdirdi və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasını təhdid edərək, dərin qeyri-bərabərliyi bütün çılpaqlığı ilə üzə çıxardı”.
Antonio Quterreş üç təxirəsalınmaz prioriteti önə çəkmişdir: birincisi, pandemiyaya son qoymaq; ikincisi, onun sosial-iqtisadi təsirlərini aradan qaldırmaq; üçüncüsü, bərpa mərhələsindən faydalanaraq, daha güclü təməl üzərində hamının bacarıq və imkanlarından faydalanmaq.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Gebreyesus Qoşulmama Hərəkatının Təmas Qrupu qarşısında çıxış etmək imkanı yaratdığına görə Prezident İlham Əliyevə təşəkkür edərək, Azərbaycanın ÜST-ə verdiyi maddi və mənəvi dəstəyi yüksək qiymətləndirmişdir. O, həmçinin heç bir ölkənin öz resurslarından, pul imkanlarından asılı olmayaraq, pandemiyaya qarşı təkbaşına mübarizə apara bilməyəcəyini dilə gətirmiş, virusu isə sürətlə yayılan qatil adlandırmış, hamını qlobal həmrəyliyə çağırmışdır: "…biz səylərimizi bütün cəmiyyət səviyyəsində müxtəlif sahələri əhatə edən, çoxtərəfli fəaliyyətə əsaslanan uzunmüddətli hazırlığa yönəltməliyik. Zati-aliləri, COVID-19 ilə mübarizədə nümayiş etdirdiyiniz liderlik və əzmkarlığınıza görə Sizə bir daha minnətdaram”.
Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat çıxışında mövcud mərhələnin hamıdan güclü və birlikdə olmağı tələb etdiyini vurğuladı və rəhbərlik etdiyi qurumun adından pandemiyanın qarşısının alınması üçün özlərinin məxsusi strategiyalarının formalaşdığını diqqətə çatdırdı: "Biz beynəlxalq əməkdaşlığa hazırıq, buna açığıq. Biz tərəfdaşlarımızla birgə bu həmrəyliyin şahidi oluruq”.
Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel videomüraciətində əlaqələndirilmiş, çoxtərəfli yanaşmaya dəstək vermək üçün bu Zirvə görüşünü keçirdiyinə görə Qoşulmama Hərəkatının təşəbbüsünü alqışlayaraq, qlobal bərpa üçün yeni və innovativ tərəfdaşlığın vacibliyini vurğuladı və qeyd etdi ki, indi münaqişələrin qarşısının alınması, sülh quruculuğu və onun möhkəmləndirilməsi baxımından sülh və təhlükəsizlik gündəliyinin yenidən canlandırılması üçün fürsətdir.
Cozef Borel Ümumdünya Səhiyyə Təşkilatının və digər qlobal səhiyyə təşkilatlarının hərəkətə keçmək çağırışlarını alqışladığını, təhlükəsiz, keyfiyyətli, səmərəli və əlçatan diaqnostikaya, müalicəyə və koronavirusa qarşı peyvəndlərə ədalətli, universal və bərabər çıxışın təmin edilməsinin zəruriliyini belə vurğulamışdır: "Pandemiyaya qarşı birgə mübarizənin aparılması bərpa mərhələsində və pandemiyadan sonra daha səmərəli dünyanın qurulmasında güclü, çoxtərəfli əməkdaşlıq üçün əsas yol olacaq. Biz Avropa İttifaqı olaraq, bu məqsədlə bütün tərəfdaşlarla işləməyə hazırıq və işləməyi arzulayırıq”.
Belə ağrılı günlərdə Bakı sülh mesajlarının qanadlandığı məkan kimi bütün planetin diqqətini cəlb etməklə Qafqazda 120 dövləti özündə birləşdirən yeni siyasi mərkəzin yarandığını sübut edir. Beləliklə, Azərbaycanın qlobal proseslərə təsir edən nüfuzlu dövlətə çevrilməsi göz önündədir.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2020.- 14 may.- S.1;3.