özünüzü xəstələndirin, nə də başqalarını

 

 

Hazırda dünyanın tanınmış tibb alimləri, dövlət xadimləri koronavirus pandemiyasını xəstəlikdən çox kabus adlandırırlar. Çünki dünya indiyədək belə sürətlə yayılan, müalicəsi çətin olan, müxtəlif formalarda təzahür edən xəstəliklə qarşılaşmamışdır. Tibb elminin yüksək inkişaf etdiyi bir dövrdə heç kəs bu xəstəliyin qarşısını necə almaq lazım olduğunu bilmir. Təsəvvür edin, ətraf aləmlə əlaqəsi olmayan sualtı qayıqda belə koronavirus xəstəliyi peyda olub.

Son vaxtlar bəziləri bu xəstəliyin ötüb-keçdiyini fikirləşsə də, əslində, belə deyil. Koronavirus pandemiyası hələ də dünyanı kabus kimi dolaşaraq gündə minlərlə can alır. Artıq bir həqiqət də məlum olur ki, bu xəstəliyin özündən çox insanların laqeydliyi daha təhlükəlidir. Belə ki, insanların xəstəlikdən qorunmaq üçün lazımi qaydalara əməl etməməsi koronavirus üçün geniş meydan açır. Hələ də dünyada və ölkəmizdə bu xəstəliyin təhlükəli olduğunu qəbul etməyənlər çoxdur. Ən dəhşətlisi isə odur ki, dünyada bu qədər insanın ölümünü televiziya ekranlarından seyr edənlər belə bir xəstəliyin mövcud olmadığını sübut etməyə çalışırlar.

Həkimlər, dövlət başçıları əhaliyə ciddi xəbərdarlıq etmələrinə baxmayaraq, insanlar adət etdiyi yaşam tərzindən ayrılmaq istəmir, bu üzdən də karantin qaydalarını pozurlar. Hazırda COVID-19-un səbəbini araşdıran həkimlər onun daha qorxulu olan ikinci-üçüncü dalğasının gələ biləcəyi barədə xəbərdarlıq edirlər. Bir çox dövlətlər bu bəlanın qarşısının alınması üçün müvafiq tədbirlər görürlər. Azərbaycan dövlətinin gördüyü işlər isə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir. İstər dünyada, istərsə də ölkəmizdə insanlar karantin rejimi qaydalarına əməl etməsələr, görülən tədbirlərin elə böyük bir əhəmiyyəti olmayacaq. Bu xəstəliyə qarşı mübarizə aparmaq üçün dövlət-vətəndaş həmrəyliyinə böyük ehtiyac var.

Prezident İlham Əliyev COVID-19-un ölkəmizə gəlişini gözləmədən Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaq üçün bütün tədbirləri gördü. Mövcud xəstəxanalar bu bəla ilə mübarizəyə hazırlandı. Onlar zəruri avadanlıqlarla, xəstəliyi tez bir zamanda aşkarlayan laboratoriyalarla təchiz edildi. "Yeni klinika” vaxtından əvvəl istifadəyə verildi ki, burada koronavirusa yoluxanlar yüksək səviyyədə müalicə olunsunlar. Bununla yanaşı, tibbi maskadezinfeksiyaedici maddələrin ölkədə istehsalı təşkil edildi. Dövlət başçısının məqsədi əhalinin bu vasitələrə olan tələbatını ödəməklə onların sağlamlığını qorumaq idi.

Dünya alimlərinin yekdil fikri belədir ki, bu xəstəlik uzun çəkəcək və qarşıda bizi daha qorxulu ikinci-üçüncü dalğa gözləyə bilər. Azərbaycan vətəndaşının sağlamlığının dövlət üçün hər şeydən üstün olduğunu bəyan edən Prezident İlham Əliyev buna da ciddi şəkildə hazırlıq görür. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı bunları yüksək qiymətləndirərək Azərbaycanın dünya üçün nümunəvi ölkə olduğunu bildirir. Digər beynəlxalq təşkilatlar da Prezident İlham Əliyevin ölkədə və dünyada koronavirusla mübarizə üçün gördüyü işləri təqdir edir.

Dövlət başçısının ölkə üzrə əlavə 10 modul tipli xəstəxananın tikilməsi barədə qəbul etdiyi qərar iki mühüm faktordan qaynaqlanır. Birincisi, əsas məqsəd vətəndaşların həyatını, sağlamlığını qorumaqdır. İkincisi isə, pandemiyanın qorxunc ikinciüçüncü dalğasına hazırlıq görməkdir. Bu barədə Prezident İlham Əliyev mayın 7-də Bakıda modul tipli ilk xəstəxananın açılışında demişdir: "Bizim atdığımız bütün addımlar qabaqlayıcı xarakter daşıyır. Bu xəstəxananın və bundan sonra buna oxşar 9 xəstəxananın istifadəyə verilməsi 1-2 ay ərzində nəzərdə tutulub. Bütün bu addımlar qabaqlayıcı xarakter daşıyırdı və məhz buna görə hesab edirəm ki, koronavirusla mübarizədə biz birinci mərhələdə qalib gələ bilmişik. Ancaq mübarizə davam edir, koronavirus heç bir yerə qeyb olunmayıb, dolaşır və dolaşacaqbunu hər kəs bilməlidir”

Bununla da dövlət başçısı vətəndaşlara həm çağırış, həm də ciddi xəbərdarlıq etmişdir. Beləliklə, Prezident açıq şəkildə bildirmişdir ki, biz əlimizdən gələni edirik, əhali də bu işdə məsuliyyətli olmalıdır.

Xatırladaq ki, dövlətin gördüyü zəruri tədbirlər sayəsində koronavirus pandemiyası əvvəldən nəzarət altına alındı. Beləliklə, yoluxma halları kəskin şəkildə aşağı düşməyə başladı, sağalanların sayı isə sürətlə artdı. Odur ki, insanların karantin qaydalarına əməl etmək şərti ilə aprelin 27-də və mayın 4-də yumşaq karantin rejimi qüvvəyə mindi. Təəssüf ki, bəzi vətəndaşlarımız dövlətin atdığı bu vacib addımı düzgün qiymətləndirmədi. Kütləvi şəkildə karantin qaydalarını pozmağa başladılar. Belə ki, maskalardan istifadə halları kəskin azaldı, sosial məsafə saxlanılmadı, insanların sıx olduğu yerlərdə və ictimai nəqliyyatda karantin rejiminin tələblərinə əməl olunmadı. Bu məsuliyyətsizliyin nəticəsini çox gözləmək lazım gəlmədi. Ölkə üzrə koronavirusdan yoluxma halları yenidən artmağa başladı. Vəziyyətin ciddiliyini görən Prezident İlham Əliyev hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatının risk altına düşməsinə imkan verməyəcəyini bildirərək demişdir: "Son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur və əgər bu dinamika kəskin artarsa, - mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, - biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik, sərtləşdirəcəyik, qaydaları pozanlara qarşı da daha ciddi cəza tədbirləri görüləcək ki, biz vəziyyəti daim nəzarətdə saxlayaq”.

Dövlət vətəndaşların sağlamlığını qorumaq üçün lazım olan bütün tədbirləri görür. Lakin hər şey dövlətdən asılı deyil. Bu işdə vətəndaşların karantin rejiminə əməl etməsi mühüm rol oynayır. Bir insan öz canına qəsd edirsə, ona intihar edən, başqasını öldürənə isə qatil deyirik. İndi gəlin, özümüzü yoluxdurub intihar edən və başqasını yoluxdurub qatil olmayaq.

 

Rüstəm KAMAL

Azərbaycan.-2020.- 14 may.- S.5.