Laqeydlik koronavirusun ikinci
dalğasının başlanmasına səbəb ola bilər
Dünyanı lərzəyə salan koronavirus (COVID-19) xəstəliyi cari ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunandan Azərbaycanda dərhal qabaqlayıcı tədbirlərlə bərabər az sonra karantin rejimi tətbiq edildi.
İki aydan artıqdır ki, bu gözəgörünməz xəstəliklə dövlət səviyyəsində ciddi mübarizə aparılır. Ölənlər də var, müalicə olunub həyata qaytarılanlar da. Amma ən başlıcası, dövlətin "Evdə qal!” çağırışına əməl etməklə hər kəsin bu bəladan özünü qorumasıdır.
Bu, xüsusilə yaşı 65-dən yuxarı insanlara aiddir. Hər gün boş vaxtını, istirahətini bir-iki saatlığa gəzintidə keçirən yaşlılar üçün nə qədər çətin olsa da, səbirli olmalıdırlar, hər kəsə nəsib olmayan qocalığı bu virusun güdazına verməyə dəyməz. Görünən odur ki, günlər ötdükcə bir çox dövlətlər, o cümlədən Azərbaycan hökuməti mövcud məhdudiyyətləri sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edir, bəzi ölkələr isə vəziyyətin hələ də ciddiliyini nəzərə alaraq sərt karantin rejimini davam etdirirlər. Respublikamızda Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti uzadılıb. COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 2020-ci il 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.
Amma təəssüflər olsun ki, bəzi insanlar xüsusi karantin rejiminin yumşaldılmasını koronavirus təhlükəsinin sovuşduğu kimi başa düşür, əvvəlki vaxtlarda olduğu kimi həyat tərzi keçirməyə çalışırlar. Laqeydliyə yol vermək olmaz, başa düşmək lazımdır ki, dünya, o cümlədən Azərbaycan bu bəladan hələ tam qurtulmayıb. Karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım olarsa, qaydalarına əməl etməyə səbrimiz çatmadığı bu prosesin ikinci dalğası başlaya bilər. Hamı bilməlidir ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Ona görə də mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Bu məqsədlə gigiyena qaydalarına daha ciddi riayət olunmalı, davam etdirilən özünütəcrid, "Evdə qal!” kampaniyasına hər bir kəs, xüsusən yaşı 65-dən yuxarı olan vətəndaşlar dəstək verməlidir. Xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir. Amma epidemioloji vəziyyət tələb edərsə, yəni xəstəliyin dinamikasında artım olarsa, karantin rejiminin yenidən sərtləşdirilməsi qaçılmazdır. Müvafiq məhdudiyyətlər yenidən tətbiq oluna bilər. Bu səbəbdən indiki vəziyyətdə hər şey vətəndaşların özündən asılıdır. Müəyyən məhdudiyyətlər götürülsə də, hamı bilməlidir, əgər insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları çoxala bilər. Bu zaman onun qarşısını almaq üçün ölkədə mütləq əvvəlkindən də ciddi tədbirlər həyata keçiriləcək. Vətəndaşlar isə buna əməl etmək məcburiyyətində olacaqlar.
Mövzuya münasibət bildirən Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, professor Vaqif Şadlinski deyir ki, aprelin 27-dən sonra karantin rejiminin yumşaldılması ilə əlaqədar əhalidə koronavirus təhlükəsinin sovuşduğu barədə yaranmış təsəvvür yanlış olmaqla bərabər, həm də təhlükəlidir. Müşahidələrdən hiss olunur ki, müəyyən qisim insanlar problemin ciddiliyinə laqeyd yanaşırlar, kifayət qədər dərk etmirlər ki, gözəgörünməz ölüm onun varlığının bir addımlığındadır, ona görə heç olmasa iki addım məsafə saxlamaq, qaydalara riayət etmək mütləqdir: "Dünya ölkələrində pandemiya ilə bağlı prosesləri izlədikdə və aparılan tədbirləri nəzərə aldıqda, görürük ki, tam rahatlanmaq üçün əsas yoxdur. Əksinə, laqeydlik daha da ciddi fəsadlara səbəb ola bilər. İndiyədək heç bir ölkədə koronavirusa qarşı vaksin icad olunmayıb və ən optimist mütəxəssislər belə yaxın bir ildən tez bunu gözləmirlər. Ona görə də vətəndaşlarımız Azərbaycan Prezidenti İlham Əliyevin, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tövsiyələrinə, çağırışlarına cavab olaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına, özünütəcrid və gigiyenik qaydalara riayət edərək koronavirusla mübarizəyə öz dəstəklərini verməlidirlər. Əks halda bu, özünün və yaxınlarının həyatını risk altında qoymaq deməkdir. Belə olarsa, hökumət karantin rejimini uzatmaq məcburiyyətində qalacaq. Bu isə cəmiyyətin normal həyata qayıtmasında çətinlikləri müəyyən qədər uzadacaq”.
Bakının Nərimanov rayonunun sakini, 73 yaşlı Eldar Cəbrayılov da təəssüflə bildirir ki, aprelin 27-də xüsusi karantin rejiminin yumşaldılmasından sonra əhali arasında xeyli arxayınlaşma, hətta bəzilərində virus təhlükəsinin ötüb keçməsi anlamı hiss olunur: "Son günlər küçə və yollarda xeyli maskasız adam görürəm. Mütəxəssislərin fikrincə, COVID-19 elə növ virus infeksiyasıdır ki, onunla mübarizədə arxayınlaşmaq, hər şeyin ötüb keçdiyini düşünmək faciələrə səbəb ola bilər. Doğrudur, respublikamızda görülən qabaqlayıcı tədbirlər nəticəsində digər ölkələrlə müqayisədə epidemiyanın miqyası böyük olmadı. Bu, nikbinlik üçün əsas versə də, arxayınlaşmaq olmaz”.
Nərimanov rayonundakı 8 nömrəli poliklinikanın həkimi Rafael Bayramov deyir ki, COVID-19 düşdüyü bir orqanizmdə mutasiyaya uğrayaraq fərqli formalar alır, vaksinasiya və müalicəni qeyri-mümkün edir. Azərbaycan hökumətinin çağırışı, həkimlərin həyəcan siqnalı da bununla əlaqədardır ki, xüsusi karantin rejimində aparılan yumşalmalar heç də infeksiya təhlükəsinin ötüb keçməsi demək deyil. Sadəcə olaraq, elə xidmət sahələri var ki, onun fəaliyyətini uzun müddət saxlamaq mümkün deyil. Nə koronavirus pandemiyası başa çatıb, nə də virusun yayılmaq təhlükəsi aradan qaldırılıb. Ona görə də sosial izolyasiya tədbirləri yenə də əvvəlki qaydada davam etdirilməli, küçəyə çıxarkən mütləq maska taxmalı, əlcək geyməli, dezinfeksiya tədbirlərini davam etdirməli, nəqliyyatda, küçədə, ticarət müəssisələrində, eləcə də iş yerlərində izolyasiya tədbirlərinə əməl etməliyik.
Ali dərəcəli həkim-kardioloq Həsən Məmmədov söyləyir ki, hazırda biz gözlə görünməyən, yediyin yemək, udduğun hava, toxunduğun əşya ilə orqanizmə daxil olaraq fəlakətli nəticələr verə bilən dəhşətli bir virusla üz-üzəyik. Bu virusla mübarizədə kiçik bir ehtiyatsızlıq, buraxılan bir səhv həm özünü, həm də ətrafdakıları çox böyük təhlükə altında qoyur: "Koronavirus pandemiyası hələ sona çatmayıb, bütün dünya amansız düşmənlə mübarizə aparmaqdadır. Ona görə də bir an da arxayınlaşmadan, qətiyyən geri çəkilmədən mübarizə davam etdirilməlidir. Elə etməliyik ki, bu günə qədər qazandıqlarımızı itirib daha ağır fəsadlarla üzləşməyək. Özü də bu pandemiyanın təkrar yoluxması indikindən daha ağır və təhlükəlidir. Ona görə də mövcud qaydalara riayət olunmalı və zəruri profilaktik tədbirlər davam etdirilməlidir, xüsusən də yaşı 60-65-i ötmüş insanlar evdən bayıra çıxmamalı, ictimai yerlərdə, market və xidmət sahələrində vətəndaşlar arasında lazımi məsafə gözlənilməlidir. Bunu nəzərə almasaq, çox güman ki, dəhşətli infeksiyanın ikinci dalğası başlaya bilər”.
Bakının Xətai rayonunun sakini Telman Musayev deyir ki, ölkəmizdə koronavirus təhlükəsi ilə bağlı yaşı 65-dən yuxarı şəxslərin evdən bayıra çıxması qanunla qadağan edilib. Özünütəcrid, "Evdə qal!” kampaniyası davam etdirilməli olduğu halda bəzi yaşlı vətəndaşlar xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar qaydalara əməl etmək istəmirlər. Baxmayaraq ki, hələ onlarla bağlı bu qadağa qüvvədədir, onlar yenə də küçədə, mağazada, ictimai nəqliyyatda görünməyə başlayıblar. Bilməlidirlər ki, yumşalma prosesinin yaşı 65-dən yuxarı olan şəxslərə aidiyyəti yoxdur. Onlar sosial təcrid qaydalarına əməl edərək evdə qalmalı və bayıra çıxmamalıdırlar.
Ölkəmizdə karantin rejiminin yumşaldılması "təhlükə sovuşub getdi” anlamına əsas yaratmır. Sadəcə, dövlətimiz böyük qayğı göstərdi, iki ay məcburi məhdudiyyətlər qoyuldu, bu müddətdə də itkilərimiz az oldu. Növbəti günlərdə, həftələrdə hamılıqla elə etməliyik ki, tələb olunan qaydalara əməl edək və bununla da sərt karantin rejiminin təkrarən tətbiqinə şərait yaratmayaq. Əks halda adi bir laqeydlik koronavirusun ikinci dalğasının başlanmasına səbəb ola bilər.
Rəhman SALMANLI
Azərbaycan.-2020.-
14 may.- S.5.