Göygöllülər
dövlət başçısının pandemiyaya
qarşı həyata keçirdiyi tədbirləri
dəstəkləyirlər
Göygöl rayonunda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri ilə bağlı dövlət başçısı İlham Əliyevin və Nazirlər Kabineti yanında Operativ Qərargahın göstəriş və tövsiyələri uğurla icra edilir. Rayonda sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanmaqla yanaşı, bu sahədə qabaqlayıcı tədbirlər də görülür.
Rayonun bütün yaşayış məntəqələrində icra nümayəndələri və bələdiyyələr yaradılmış mobil qrupların köməyi ilə əhali arasında maarifləndirmə işləri aparır, sakinləri maraqlandıran bütün məsələlərə aydınlıq gətirirlər. Demək olar ki, hər bir ailə, xüsusilə 65 yaşdan yuxarı olan insanlar ciddi nəzarətə götürülmüşdür.
Qeyd edək ki, koronavirus epidemiyası başlayandan mərkəzi rayon xəstəxanasında 994 nəfər test müayinəsindən keçirilmişdir. Bir nəfər vəfat etmiş, 5 nəfər sağalmış, 9 nəfər isə hazırda xəstəxananın infeksion şöbəsində müalicə olunur. Bundan başqa, 40283 nəfərdən virus infeksiyasına xas olan əlamətlərin olub-olmaması ilə bağlı sorğu da keçirilmişdir.
Rayonda aztəminatlı ailələrin, eləcə də 65 yaşdan yuxarı ahıl insanların ərzaqla təminatı da diqqət mərkəzindədir. İndiyədək Heydər Əliyev Fondu və "Regional inkişaf” İctimai Birliyinin həyata keçirdiyi "Biz birlikdə güclüyük!” sosial aksiya çərçivəsində elektron müraciətlər əsasında 385 ailəyə, eləcə də ailə başçısını itirmiş 421 ailəyə və sağlamlıq imkanları məhdud uşaqları olan ailələrə həmin təşkilatların nümayəndələrinin iştirakı ilə ərzaq bağlamalarından ibarət sovqat paylanmışdır. Ümumiyyətlə, Göygöl Rayon İcra Hakimiyyəti, rayonun idarə və təşkilatları, həmçinin sahibkarlar tərəfindən rayon ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi iştirakçılarına, aztəminatlı ailələrə və tənha qocalara 1500-dən çox ərzaq sovqatı verilmişdir.
Hazırda rayonda koronavirus epidemiyasının yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər uğurla davam etdirilir. Rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən yaradılan xüsusi qərargah da bu işdə fəallıq göstərir. Belə ki, rayon ərazisində yerləşən idarə və təşkilatlarda, təhsil müəssisələrində, uşaq bağçalarında, mədəniyyət obyektlərində, marşrut avtobuslarda və dayanacaqlarda, istirahət parklarında, yaşayış məhəllələrində, ticarət obyektlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Paralel olaraq, rayon ərazisində xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə əhali arasında təbliğat və maarifləndirmə işləri bu gün də davam etdirilir.
Rayonu əhatə edən kənd və qəsəbələr də daim nəzarət altında saxlanılır. Elə bu günlərdə koronavirusla bağlı rayon ərazisində vəziyyətlə tanış olmaq üçün Göygöl Rayon İcra Hakimiyyətində inzibati ərazi dairələri üzrə nümayəndələrlə onlayn video-müşavirə keçirilmişdir. Müşavirədə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması istiqamətində əməli tədbirlərin görülməsi, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, vətəndaşlar arasında fərdi şəkildə maarifləndirmə işlərinin aparılması ilə bağlı tapşırıqlar verilmişdir. Eyni zamanda bildirilmişdir ki, hər bir ailə, xüsusilə 65 yaşdan yuxarı olan insanlara nəzarət gücləndirilməlidir. İnsanların təmas imkanları minimuma endirilməli, onlar yalnız ciddi ehtiyac olduğu halda evdən çıxmalıdırlar.
Video-müşavirədə o da vurğulanmışdır ki, kənd və qəsəbələrdə dezinfeksiya işlərinə xüsusi nəzarət edilməli, mobil qrupların köməyi ilə sakinləri maraqlandıran bütün məsələlərə aydınlıq gətirilməlidir. Kənd təsərrüfatı işləri ilə məşğul olan sakinlərə arayışların verilməsinə diqqətlə yanaşılmalı, onlara lazımi dəstək göstərilməlidir.
Sabir ƏLİYEV
Azərbaycan.-2020.- 14 may.- S.5.