Yüksək məsuliyyət və qaydalara riayət etmək vaxtıdır

 

Mehriban ƏLİYEVA: "Müdrik xalqımızın ruh yüksəkliyi, mərdliyi, mərhəməti və inamı sayəsində bu ciddi problemin öhdəsindən müvəffəqiyyətlə gələcəyik”

 

 

Bəşəriyyəti lərzəyə gətirən koronavirus (COVID-19) pandemiyasının insanları məruz qoyduğu mənəvi itkini, ümumi fəsadı və məşəqqətləri rəqəmlərə sığdırmaq mümkün deyildir. Koronavirus pandemiyası səbəbindən dünyanın hətta inkişaf etmiş ölkələri də iqtisadi, maliyyə, səhiyyə və sosial problemlərlə baş-başa qalıb. Bu xəstəlik sərhədlər tanımır və gündə yüzlərlə insan həyatını itirir. Dünyanın aparıcı ölkələri belə pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarır.

Pandemiya dövründə islahatlar prosesinin genişləndirilməsi, biznesin qorunması, kiçik və orta sahibkarlara maliyyə yardımı, iş yerlərinin saxlanılmasında dövlət dəstəyinin göstərilməsi, aztəminatlı ailələrin sosial müdafiəsi tədbirləri, təxminən 20 minə yaxın tələbəni əhatə edən güzəştlər, mərhələli şəkildə imzalanan müvafiq fərman və sərəncamlar cəmiyyətin bütün təbəqəsinin sosial vəziyyətinin, maddi rifah halının yaxşılaşmasına xidmət etmişdir. Dövlət başçısının müəyyənləşdirdiyi hədəflər və qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı tapşırıqları pandemiya təşvişi ilə yaşayan hər kəsə böyük stimul oldu. Görülən bütün tədbirlər Prezident İlham Əliyevin "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” fikrinin əməli müstəvidə təsdiqinin növbəti bariz təzahürüdür.

Qarşıya qoyduğu bütün layihələri uğurla gerçəkləşdirən, insanlara qayğı və təmənnasız xidməti ilə cəmiyyətdə böyük rəğbət qazanan, hər bir vətəndaşın müraciətinə həssas münasibət və problemlərinin həllinə maddi-mənəvi dəstək verən, milli dəyərlərimizin qorunması istiqamətində gördüyü işlər, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətdə danılmaz rolu olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilir və Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir. İctimai həyatın ən müxtəlif sahələrində fundamental layihələr həyata keçirən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılmış, məhz bu fondlar vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır. Göstərilən təşəbbüslərin bariz nümunəsidir ki, xalqının maraqlarını hər şeydən üstün tutan gənc alimlərimiz cəmiyyətdə çox fəal rol oynayır, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, onu qorumaq istiqamətində, vətənpərvərlik və milli təfəkkür ruhunda inkişaf edirlər.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın koronavirus pandemiyasının dünyada tüğyan etdiyi çətin bir zamanda xalqa mükəmməl və vaxtında ünvanlanmış müraciəti milli düşüncəyə söykənən fəaliyyətinin, humanizm, xeyirxahlıq, vətənsevərlik hisslərinin bariz nümunəsidir. Müraciətdə qeyd edilib ki, bizim əksəriyyətimiz güman edirdik ki, bugünədək bəlli olmayan, insan həyatına son qoyan təhlükəli xəstəliklər və pandemiya dövrü keçmişdə qalıb: "İnanırdıq ki, biologiya elminin, tibbin, əczaçılığın və texnologiyaların müasir inkişaf səviyyəsi, o cümlədən bəşəriyyətin kollektiv intellekt səviyyəsi bizi müəyyən "sürprizlərdən” sığortalayıb. Reallıq isə fərqli oldu”. Birinci vitse-prezident müraciətində onu da qeyd edib ki, COVID-19 barədə kifayət qədər məlumat var: "Yeni virus və ona yoluxmanın bütün fəsadları real zaman rejimində əsas dünya informasiya trendidir. Paradoksaldır, amma informasiya bolluğuna baxmayaraq, suallar cavablardan daha çoxdur”.

Mehriban xanım Əliyeva dünyanın bu cür riskə hazır olmadığını, hətta səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələrin belə epidemiyanın yayılmasının qarşısını ala bilmədiklərini qeyd edib.

Birinci vitse-prezident ölkəmizdə bütün qüvvələrin hadisələrin ən pis yöndə inkişafının qarşısının alınmasına səfərbər olunduğunu, bütün dövlət strukturlarının mobilizasiya olunub və birgə fəaliyyət göstərdiyini vurğulayıb. COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan dövləti ilə sıx əməkdaşlığa görə Ümumdünya Səhiyyə Təşkilatına minnətdarlığını bildirən Birinci vitse-prezident virusun tədqiqinin və xəstəliyə qarşı mübarizənin eyni vaxtda aparıldığını, buna görə də bir çox tövsiyələrin situativ xarakter daşıdığını və məlumat bazasının genişləndiyini qeyd edib.

Mehriban Əliyeva bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, xalqımızı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə, təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyə, şəxsi məsuliyyət və intizamlılıq göstərməyə, özümüzü və ətrafımızdakıları qorumağa, milli dəyərlərə daha çox önəm verən, həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşan, yaşlı nəslin nümayəndələrini həssaslıqla qoruyan xalqımızı üzləşdiyimiz bu vəziyyətdə də daha diqqətli olmağa, laqeydliyə yol verməməyə çağırmışdır. Xalqımıza ünvanladığı müraciətində Mehriban xanım Əliyeva infeksiya ilə mübarizədə ön cəbhədə olan hər kəsə - həkimlərə, tibbi personala, müxtəlif dövlət qurumlarının əməkdaşlarına xüsusi minnətdarlığını bildirmişdir. Birinci vitse-prezident çağırışında əminliklə vurğulamışdır ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri - ruh yüksəkliyi, mərdlik, mərhəmət, şəfqət və inamı sayəsində bu ciddi problemin öhdəsindən gələcəyik.

Ölkə Prezidentinin rəhbərliyi ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın öz birillik maaşını fonda verməsi Azərbaycanda bu virusa qarşı mübarizədə dövlətin qəti siyasi mövqeyinin nümunəsidir.

Nəcib və mərhəmətli addımları ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş Azərbaycanın birinci xanımı Mehriban Əliyeva növbəti müraciətində irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı tərəfindən keçirilmiş qanvermə aksiyasında könüllü olaraq iştirak edən Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin əməkdaşlarına nəcib əməllərinə, insan həyatının xilaskarı olduqlarına görə təşəkkürünü bildirmişdir. Mehriban Əliyeva müraciətində deyir: "Şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi keyfiyyətlər həmişə bizim ən mühüm həyati dəyərlərimiz olmuşdur və bu gün də belədir. Bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda xalqımızın həmrəy olmaq, insansevərlik nümayiş etdirmək, diqqət və qayğı göstərmək bacarığı bizlərə ancaq qürur hissi yaşadır. Əminəm ki, sizin təşəbbüsünüz bu məsələyə laqeyd yanaşmayan və ölkəmizin yaxşılıq etməyə hazır olan bütün vətəndaşları tərəfindən dəstəklənəcəkdir!”

Dövlətimizin diqqətindən qaynaqlanaraq milli ruhda tərbiyə alan, xalqımızın maraqlarını layiqincə qoruyan gənc nəslin və pandemiya dövründə geniş vüsət almış könüllülər hərəkatının xüsusi əhəmiyyəti vardır, bu, cəmiyyətdə xeyirxahlıq və yeni davranış qaydaları təbliğ edir. Bu prosesdə dövlətlə yanaşı ictimaiyyət nümayəndələrinin, xüsusən də gənclərin üzərinə böyük məsuliyyət düşür. Dövlətin atdığı önləyici addımlar, həm də vətəndaş həmrəyliyi Azərbaycanın bu dəhşətli pandemiyadan ən az zərərlə çıxan ölkələr sırasında olmasına zəmin yaratmışdır. Pandemiya dövründə aparılan tədbirlər bir daha sübut etdi ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman Azərbaycan vətəndaşının yanındadır. Hər bir vətənpərvər azərbaycanlı gənc kimi haqlı olaraq mən də fəxr edirəm ki, müstəqil Azərbaycan Respublikasının vətəndaşıyam.

 

Samirə BAĞIROVA,

AMEA Dendrologiya İnstitutunun Gənc Alim

 Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru

Azərbaycan.-2020.- 14 may.- S.6.