Könüllülər maddi və mənəvi dəstək aksiyasına qoşulublar

 

Koronavirusun tüğyan etməsi vahimə yaratsa da, əslində, insanların bir-birinə nə qədər gərəkli olmasını da bir o qədər ortaya qoydu. Bu çətin günlərdə gəncliyin könüllülük prinsipi əsasında xalqımızın aztəminatlı təbəqəsini, sosial cəhətdən yardıma ehtiyacı olanları tək buraxmaması humanitar siyasətə çevrilib. Bu, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətindən sonra kütləvi hal alıb.

Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti və "PAŞA Holding” MMC-nin keçirdiyi müştərək sosial aksiya da bu qəbildən olan tədbirlərdəndir. Karantin rejimində könüllü gənclərin də qatıldığı aksiya vasitəsilə Yasamal rayonu sakinlərinə, xüsusən də maddi ehtiyacı olanlara - aztəminatlı, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, tənha şəxslərə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb. Rayonun müxtəlif ünvanlarında həyata keçirilən bu sosial aksiyadan maddi ehtiyacı olan 200-dən çox ailə faydalanıb.

Ərzaq paylarını qəbul edən Yasamal sakinləri insanlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Dövlət başçısının "Biz birlikdə güclüyük!” çağırışı əsasında dövlət tərəfindən həyata keçirilən növbəti aksiyanı vətəndaşlar razılıqla qarşılayıb və təşkilatçılara öz minnətdarlıqlarını ifadə ediblər.

Həmçinin aksiya zamanı könüllülər koronavirusdan qorunmaq üçün ölkədə tətbiq edilən karantin qaydaları barədə vətəndaşlara ətraflı məlumat veriblər. "Evdə qal, sağlam qal” çağırışı dövründə həyata keçirilən bu sosial aksiya karantin şəraitində ehtiyacı olan şəxslərə həm maddi, həm də mənəvi dəstəkdir.

 

Azərbaycan.-2020.- 14 may.- S.6.