Azərbaycanda dövlət vətəndaşlarının, insanlar da bir-birinin dayağıdır

 

Azərbaycanın pandemiyaya qarşı mübarizə istiqamətində gördüyü tədbirlər beynəlxalq aləmdə yüksək qiymətləndirilir. O cümlədən Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı COVID-19-la bağlı həyata keçirdiyi mühüm işlərə görə nümunəvi ölkə adlandırıb. Bu, həqiqətən belədir. Azərbaycan, ilk növbədə, ölkə daxilində bütün lazımi tədbirləri görüreyni zamanda beynəlxalq müstəvidə öz sözünü deyir.

Ölkəmiz pandemiyaya qarşı qlobal mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar donor ianəsi verib. Daha sonra Qoşulmama Hərəkatının sədri kimi həmin təşkilata əlavə 5 milyon dollar da ianə edib ki, bizimlə razılaşdırmaqla Hərəkata üzv ölkələrə yardım göstərilsin. Prezident İlham Əliyevin təşəbbüs ilə iki Zirvə görüşü keçirilib. Bu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşüQoşulmama Hərəkatının Zirvə görüşüdür ki, həmin təsisatların hər ikisində Azərbaycan hazırda sədrdir. Dövlət başçısının bu tədbirləri keçirmək təşəbbüsünü bütün dünya birliyi alqışlayıb.

Bakıda ilk modul tipli xəstəxana kompleksinin açılışında Prezident İlham Əliyev demişdir: "Biz 10-dan çox ölkəyə yardım etmişik. Texniki yardım, maliyyə yardımı, təyyarələr göndərmişik, yük təyyarələri o ölkələrə ki, onlar bizə müraciət edib və onların maddi imkanları məhduddur, onların, belə deyək, müraciət edəcəyi başqa bir ölkə yoxdur. Ondan çox ölkəyə yardım etmişikhesab edirəm ki, düz etmişik. Çünki məhz belə günlərdə, belə dövrdə insanların da, ölkələrin də əsl siması üzə çıxır. Yaxşı vəziyyətdə hər kəs hər kəslə dostdur. Hər kəs yaxşı sözlər deyir, beynəlxalq tədbirlərdə çıxışlar edir, qarşılıqlı dəstək haqqında danışır, amma əməldə bunu göstərmək lazımdır, əməldə. Biz o ölkələrdənik ki, əməldə bunu göstəririk”.

Bütün bunlar dövlət başçısının uzaqgörən siyasətindən, eləcə də xalqımızın çətinliyi olanı darda qoymamaq, imkansıza əl tutmaq, insanların dərdinə şərik çıxmaq kimi ali keyfiyyətlərindən qaynaqlanır. Koronavirusla mübarizə şəraitində insanlarımızın yaxşı nəyi varsa, onu bölüşmək, paylaşmaq xüsusiyyətləri daha bariz şəkildə özünü göstərdi. Heç kəs çətinlikdə, darda qalmadı, unudulmadı, ehtiyac çəkmədi. Pandemiya ilə bağlı müvəqqəti olaraq işini itirənlərə, işsiz vətəndaşlara, tənha qocalara ilk növbədə dövlət özü kömək əlini uzatdı, yardım göstərdi. Bundan əlavə, insanların özü bir-birinə dəstək oldu. Əlbəttə, ilk təşəbbüs yenə də Prezidentdən gəldi. Dövlət başçısı bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi. Bir illik əməkhaqqını Birinci vitse-prezident Mehriban xanım Əliyeva da ianə kimi bu fonda verdi. Bu xeyirxah, humanist təşəbbüs xalqımız tərəfindən rəğbətlə qarşılandı və ona qoşulanların sayı tezliklə artdı.

Dövlət başçısı bunu təqdirəlayiq hal kimi dəyərləndirir: "Dövlət qurumları, vətəndaş cəmiyyəti, vətəndaşlar, biz bir nöqtəyə vurmalıyıq. Biz həmrəylik, birlik göstərmişik. Həmrəyliyin təzahürlərindən biriodur ki, həm dövlət, həm özəl sektor, sahibkarlar, ayrı-ayrı adamlar imkansız insanlara əl tuturlar, kömək göstərirlər, onları ərzaq malları ilə təchiz edirlər. Mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr verirlər. Artıq fondda 100 milyon manatdan çox vəsait toplanıb. Bütün bunlar bizim xalqımızın ən yüksək xüsusiyyətlərini göstərir: mərhəmət, imkansızlara diqqət, yardım, birlik, həmrəylik”.

Bu həmrəylik özünü müxtəlif formalarda büruzə verdi. İmkanlı soydaşlarımız ehtiyacı olanlara maddi dəstək göstərdilər. Elələri oldu ki, heç vaxt tanımadığı insanların evinə bağlama göndərdi, pay gətirdi. Milli köklərə bağlı olan gənc oğlan və qızlarımız qocalara, xəstələrə evlərində baş çəkdilər, onlara ev işlərində, ərzaq alınmasında kömək göstərdilər. Belə humanist hərəkətlər bu gündavam edir.

Lakin təəssüf ki, bu çətin vəziyyətdə kasıbın parasına, ərzaq payına şərik çıxanlar da tapıldı. Bir sıra üzdəniraq vəzifə sahibləri Heydər Əliyev Fondu tərəfindən ehtiyacı olan insanlara göndərilən ərzaq paylarını mənimsədi. Belələrinə oğru demək azdır. Prezidentimiz onların hərəkətlərinin təkcə oğurluq və cinayət deyil, əsl xəyanət olduğunu bildirmişdir. Haqlı olaraq müharibəyə bənzədilən indiki çətin şəraitdə kasıbın maaşını mənimsəyənlərin, ictimai işlərə cəlb edilən vətəndaşların ödəniş kartlarını götürüb oradan özlərinə pul çəkənlərin də adı məhz belədir - xəyanətkar!

Qoy bu xəyanətkarlar gecə-gündüz xəstələrin keşiyində dayanan, neçə müddətdir ev, ailə üzü görməyən həkimlərimizə, hər cür hava şəraitində küçələrdə asayişi qoruyan polis işçilərimizə, dənizdə əmək növbələrinin uzadılmasını xahiş edən neftçilərimizə, ahıl və tənha insanlara xidmət edən qeyrətli gənclərimizə baxıb utansınlar. Halal qazancından ehtiyacı olanlara pay göndərənlərə baxıb xəcalət çəksinlər. Bilsinlər ki, bəd əməllərinə görə cəzalarını alacaqlar. Haram tikə ilan sümüyü kimi boğazlarında qalacaq.

 

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 15 may.- S.1;4.