Uzaqgörən siyasət, uğurlu nəticə

 

Dünyanı növbəti sınağa çəkən koronavirus pandemiyası insanlığa təkcə xəstəlik kimi ziyan vurmadı, eyni zamanda, dünyada formalaşan iqtisadi nizama da ağır zərbə endirdi. Nüfuzlu beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, bu xəstəlik səbəbindən dünya iqtisadiyyatı 8-9 trilyon dollar ziyan çəkəcək. Bu fəsadı aradan qaldırmaq üçün isə ən azı iki-üç il vaxt lazım olacaq.

Hazırkı dövlətlərarası münasibətlərə nəzər yetirdikdə görürük ki, heç kəs bu bəlaya qarşı ümumi qaydada mübarizə aparmaq istəmir. Hər bir ölkə öz şəxsi maraqlarını önə çəkir, ona görə ki, bu böhrandan uğurlu şəkildə çıxan dövlətlər beynəlxalq aləmdə yenidən söz sahibi olacaqlar.

Yaranmış vəziyyətdən çıxmaq üçün dünyanın əksər ölkələri borc götürməyə üstünlük verirlər. Çünki onların iqtisadi böhrandan çıxmaq üçün kifayət qədər ehtiyat valyutası yoxdur. Bu üzdən onlar Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna üz tuturlar. Bu isə həmin dövlətlərin iqtisadisiyasi cəhətdən hər iki qurumdan asılılığını artıracaq. Prezident İlham Əliyev bu məsələyə münasibət bildirərək söyləmişdir ki, Azərbaycan dünyada həmin qurumlara müraciət etməyən azsaylı ölkələrdəndir. Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, neft gəlirlərindən düzgün istifadə edilməsi sayəsində bu gün 52 milyard dollardan çox valyuta ehtiyatı yaranıb.

Uzaqgörənliklə aparılan siyasət nəticəsində indi ölkəmizin böhrandan çıxmaq üçün geniş imkanları var.

Hazırda siyasətçilərin, iqtisadçıların, maliyyə qurumlarının ekspertlərinin tez-tez işlətdiyi bir ifadə var: "Dünya pandemiya dövründən sonra əvvəlki kimi olmayacaq, dünya dəyişəcək”. Bu, beynəlxalq münasibətlərdə, eyni təşkilata üzv olan dövlətlər arasında da özünü göstərəcək. Daha doğrusu, bu gün həmin münasibətlərin konturları aydın şəkildə görünür. Əvvəllər mövcud olan müttəfiqlik kimi anlayışların yalnız sözdən ibarət olduğunu da hamı gördü. Belə ki, bu çətin dövrdə bir ittifaq tərkibində birləşən dövlətlər dövlət mənafeyini ittifaq mənafeyindən üstün tutdu.

Koronavirus pandemiyası hər bir dövlətin istehsalda gündəlik tələbat mallarına üstünlük verməsi zərurətini də ortaya qoydu. İndiyədək inkişaf etmiş ölkələr daha çox gəlir gətirən iritutumlu sənaye sahələrində məhsul istehsalına üstünlük verirdi, gündəlik tələbat mallarını isə idxal edirdi. Pandemiyanın tüğyan etdiyi dövrdə hamıya aydın oldu ki, hər bir ölkə gündəlik tələbat mallarının istehsalına diqqət yetirməlidir. Məsələn, dünya iqtisadiyyatında sənaye məhsulunun istehsalına görə lider olan ABŞ tibbi maska və digər qoruyucu vasitələrin yoxluğu ucbatından rəzil duruma düşdü. ABŞ Çindən və Taylanddan Avropadakı müttəfiqlərinə göndərilən maska və digər tibbi avadanlıqları pul və zor gücünə öz ölkəsinə gətirtdi. Onu da qeyd edək ki, sadə texnologiya əsasında ərsəyə gələ bilən tibbi maskanın istehsalında başqalarından asılılıq ABŞ-ın dünyadakı yenilməzlik imicinə böyük zərbə vurdu.

Azərbaycanda uğurla həyata keçirilən qeyri-neft sektoru və qeyri-neft sənayesinin inkişafı siyasəti bu gün öz bəhrəsini verir. Bu islahatların sayəsində bir çox gündəlik tələbat malları ölkəmizdə istehsal olunur, üstəlik, onlar xarici bazara da ixrac edilir. Vaxtında aparılan bu islahatlar ölkəmizin hərtərəfli inkişafını təmin etməklə yanaşı, idxaldan asılılığı minimuma endirdi. Eyni zamanda ölkənin neft gəlirlərindən asılılığını da xeyli azaltdı.

Prezident İlham Əliyev daxili istehsalın stimullaşdırılmasının əhəmiyyətini vurğulayaraq demişdir: "Əlbəttə ki, daxili istehlak daxili istehsal hesabına stimullaşdırılmalıdır. Özümüzü təminetmə əmsalına gəldikdə, bu sahədə daha dəqiq statistika aparılmalıdır. Çünki müxtəlif dövlət qurumlarından mənə fərqli rəqəmlər təqdim edilir. Ona görə, bunu da sizə tapşırıram, bütün dövlət qurumlarının rəqəmlərini təhlil edinreal vəziyyəti mənə məruzə edin ki, bizim özümüzü təminetmə əmsalı əsas istehlak malları üzrə nədən ibarətdir və biz öz siyasətimizi daha dəqiq proqnozlaşdıraq. O cümlədən Sahibkarlara Dəstək Fondu hesabına o sahələrə vəsait, kredit ayıraq ki, o sahələr hələ idxaldan asılıdır”.

Dövlət başçısı iqtisadiyyat naziri Mikayıl Cabbarova, həmçinin tapşırmışdır ki, bu məhsullar istehsal edilərkən xarici komponentlərdən asılı olmasın. Ona görə ki, bu xammalın qiyməti dünya bazarında artanda o, yerli istehsal olsa da, qiyməti yüksək olur. Dövlət başçısının məqsədi odur ki, daxili istehlak mallarının qiyməti aşağı olsun ki, hər bir vətəndaşın onu almaq imkanı yaransın.

Azərbaycanda aparılan islahatlar bir daha onu göstərdi ki, dövlətin bu istiqamətdə həyata keçirtdiyi siyasət düzgündür. Fövqəladə vəziyyətdə ölkənin iqtisadi inkişafına vurula biləcək ziyanı minimum səviyyəyə endirmək mümkündür. Üstəlik, əhalinin gündəlik tələbat mallarına olan ehtiyacı ödənilir, ən başlıcası isə qiymətlər Azərbaycan vətəndaşının alıcılıq qabiliyyətinə uyğundur.

 

 

Rüstəm KAMAL

Azərbaycan.-2020.- 15 may.- S.1;7.