İnsanı yaşadan əməlləridir

 

 

Həyatın qanunudur - insan doğulur, yaşayır və nəhayət, dünyadan köçür. Kimisi unudulur, kimisiöz əməlləri ilə yaddaşlarda qalır. Tofiq Qazıyev də yaddaşlarda qalanlardandır. Bütün işıqlı ömrünü elmə, gənclərin savadlanmasına sərf edən, bu yolda acılı-şirinli günlər yaşayan görkəmli alim həm də ağıllı məsləhətləri ilə el ağsaqqalı səviyyəsinə yüksəlmişdi. Vaxtilə dərs dediyi tələbələri indi nəinki Azərbaycanda, eləcə də xarici ölkələrdə qazandıqları nailiyyətlərlə onun əməllərini uğurla davam etdirirlər.

Adı respublikamızın elmi-pedaqoji ictimaiyyətinə yaxşı məlum olan professor Tofiq Qazıyev 1920-ci ildə Samux rayonunda anadan olmuşdu. 80 ilə yaxın xoş günlərlə yanaşı, çətinliklərlə də dolu bir ömür yaşamışdı. Onun həyat və fəaliyyətində diqqəti çəkən məqamlar cəmiyyətdə tutduğu mövqe ilə yanaşı, haqq tərəfdarı olması, rastlaşdığı çətinliklər qarşısında aciz yox, mübariz dayanması idi.

1930-cu illərin repressiyaları Qazıyevlər ailəsindən də yan keçməmiş, onun qohum-əqrəbası 37-ci ilin cəza mexanizminin müxtəlif üsullarına məruz qalmışdı. Tofiq Qazıyevin atası İsa Çələbiyə yalnız ona görə dəyməmişdilər ki, kənddə hərf tanıyan, yazıb-oxumağı bacaran yeganə insan idi. Axı kolxoza bir nəfər də olsa savadlı adam lazım idi. Bununla belə, "şübhəli” Qazıyev soyadı onun üstünə qara kölgə salırdı. Digər tərəfdən də bəy nəslindən olan Mina xanım Zülqədərova ilə ailə həyatı qurması gənc Tofiqin bilavasitə ideologiya sahəsində, ictimai işlərdə çalışmasına mane olurdu.

Zaman dövrün adamlarını, həmçinin Tofiq Qazıyevi sanki qəsdən bir-birinin ardınca ağır sınaqlardan keçirirdi. 1937-ci ilin məngənəsindən qurtulan Tofiq 1938-ci ildə Gəncə Pedaqoji İnstitutuna daxil oldu. İkinci kursa keçəndə hərbi xidmətə, özübirbaşa Fin müharibəsinə göndərildi. Sonra Böyük Vətən müharibəsi, ağır döyüşlər, min bir əzab-əziyyət... 1944-cü ildə Vitebsk şəhəri uğrunda gedən döyüşlərdə sağ dizindən ağır yaralanan Tofiq II qrup əlil kimi ordudan tərxis olundu. Müharibədən əvvəl yarımçıq qalan təhsilini başa çatdırdı. Bilik və bacarığı nəzərə alınaraq elmi şuranın qərarı ilə aspiranturada saxlanıldı. Beləliklə, doğma institutun ictimai fənlər kafedrasında işə başladı. Elmə, biliyə yüksək dəyər verən Tofiq Qazıyev 1956-cı ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyalarını müdafiə etdi.

Həyatını bütünlüklə xalqına, dövlətinə xidmətə və gənc nəslin maarifləndirilməsinə, yüksək ixtisaslı kadr kimi yetişməsinə həsr edən görkəmli alim Tofiq Qazıyev həmçinin 130-dan çox elmi əsərin, "Bitkilərin həyatı”, "Bitki fiziologiyası” adlı dərs vəsaitlərinin, ümumilikdə, 14 kitabın müəllifidir.

Alimin yazdığı "Pambığın nektarlıq problemibal arılarının pambığın məhsuldarlığının artırılmasında rolu” monoqrafiyası görkəmli elm adamları tərəfindən yüksək nailiyyət kimi qiymətləndirilərək 1968-ci ildə İngiltərədə, Amerika Birləşmiş Ştatlarında çap olunur. Professor Tofiq Qazıyev həmin monoqrafiya ilə əlaqədar bir sıra dünya alimlərindən, elmi-tədqiqat institutlarından məktublar alır. Məqalələri İspaniya, Çexoslovakiya, Rumıniya və ABŞ-da keçirilən elmi konfransların çap olunan toplularında dərc edilir. Ümumiyyətlə, alimin 17 əsəri dünyanın müxtəlif ölkələrinin dillərinə tərcümə olunmuşdur.

Tofiq Qazıyevi daha çox elmin qlobal məsələləri maraqlandırırdı. Onu bir alim kimi fərqləndirən də bu idi. "Elm milli ola bilməz”, - deyən Tofiq müəllim tədqiq etdiyi sahələrdə bu prinsipi əsas götürürdü. Elə buna görə də onun elmi araşdırmaları müxtəlif sahələri əhatə edirdi. Uzun illərdir ki, alimin müraciət etdiyi mövzu - pambıq bitkilərinin nektarlıq problemləri və onun məhsuldarlığının artırılmasında arıların rolu mövzusu dünya miqyasında öyrənilir. Dünya alimləri Tofiq Qazıyevin bu ideyası və aldığı nəticələri yüksək qiymətləndirirlər. SSRİ Dövlət mükafatı laureatı, novatorçu alim İ.A.Xalifman 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasına göndərdiyi məktubda yazırdı: "Akademik PressLondon - Nyu York nəşriyyatının 1970-ci ildə buraxdığı Mak Oreqonun "Bitkilərin həşəratla tozlanması” adlı böyük bir kitabında Tofiq Qazıyevin nəşr olunmuş əsərlərinə müraciət edilib. Alimin apardığı bu tədqiqat işlərinin nəticələrinin dünya pambıqçılıq elminə töhfələr verəcəyinə əminlik ifadə edilmişdir.”

Əsərin dünya elminə verdiyi töhfələrlə bağlı İngiltərə, Fransa, Avstriya, İsveçrə alimlərindən təşəkkür məktubları alan professor Tofiq Qazıyev bir çox ölkələrdə, o cümlədən İspaniya, Çexoslovakiya, Rumıniya və ABŞ-da keçirilən beynəlxalq konfranslara dəvət olunmuş və maraqlı məruzələrlə çıxış etmişdir.

Söz düşəndə görkəmli alim deyirdi ki, insan çətinliklərə sinə gərməyi, haqsızlıqdan sınmamağı, özünü təsdiq etməyi bacarmalıdır. O, 50 ildən çox fəaliyyət göstərdiyi Gəncə Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universiteti) müəllimlikdən başlayaraq kafedra müdiri, fakültə dekanı, prorektor vəzifəsinədək yüksəlmişdi. 1971-1972-ci illərdə rektor əvəzi işləmişdir.

Professor Tofiq Qazıyevin yaradıcılıq fəaliyyətində gənc nəslin layiqli vətəndaş və yüksək səviyyəli mütəxəssis kimi yetişməsi, elmi-pedaqoji kadrların hazırlığı həmişə xüsusi yer tutub. 40 ilə yaxın institutun botanika kafedrasına rəhbərlik etmiş görkəmli elm fədaisi gənclərin özünün layiqli davamçıları kimi peşəkar səviyyədə hazırlanmasına daim qayğı ilə yanaşmışdır.

Tofiq Qazıyev elmi işlərlə yanaşı, şəhərin ictimai-siyasi həyatında da fəallıq göstərirdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində ağır mənəvi-ictimai mühit, elmə vurulan zərbə, ziyalıların sanki qəsdən gözdən salınması Tofiq Qazıyevin mübariz əzmini yenidən alovlandırmışdı. O, Ulu Öndər Heydər Əliyevi xalqın xilaskarı kimi yenidən hakimiyyətə dəvət etmək çağırışları səsləndirənlərin arasında idi. Artıq saç-saqqalının ağarmasına baxmayaraq, nadan, yalnız öz mənafeyini güdən şəhər rəhbərliyindən çəkinmirdi və Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının yaradılmasında fəallıq göstərdi. O, əsl vətəndaş mövqeyi nümayiş etdirərək əqidəsinə sadiq qalır və ictimai-siyasi proseslərdə fəal iştirak edirdi.

Yüksək prinsipiallığı, işgüzarlığı, insani keyfiyyətləri və siyasi savadına görə xalq arasında böyük nüfuza malik olan alimin xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. Tofiq Qazıyev "Şərəf nişanı” ordeni, çoxlu sayda medallarla, eləcə də diplom və fəxri fərmanlarla təltif olunmuşdur.

Görkəmli alimin ailəsində 4 övlad böyüyüb. Onlardan biri - Arif Qazıyev atasının yolunu uğurla davam etdirir. 1954-cü ildə anadan olan Arif orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsinə daxil olub. 1977-ci ildə oranı bitirən Arif Qazıyev aspiranturaya daxil olmuş, 1986-cı ildə Moskvada K.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adını almışdır. Hazırda Arif Qazıyev ADAU-nun dosentidir. Söhbət zamanı bildirdi ki, atasının yetirmələri heç zaman onu unutmurlar. Hər il alimin doğum günündə onu yad edərək teleqramlar göndərirlər. Elə indi də belə teleqramların ardı-arası kəsilmir. Axı bu il may ayının 20-də Tofiq Qazıyevin anadan olmasının 100 ili tamam olacaq.

Bu qeydləri qələmə alarkən Ulu Öndər Heydər Əliyevin bir fikrini xatırladım. Ümummilli Lider deyirdi: "O insanlar ki, sədaqətlidir, saf mənəviyyatlarla, amallarla yaşayırlar, xalqına, millətinə, torpağına xidmət edirlər, dövlətin qanun-qaydalarına tabe olurlar, bu qanun-qaydaları qoruyurlar və onların həyata keçirilməsinə çalışırlar - belə adamlar həmişə mənim silahdaşımdır, mənimlə birdirlər və mənbu adamlarla birlikdəyəm.”

 

Sabir ƏLİYEV

Azərbaycan.-2020.- 15 may.- S.7.