Məhkəmə sistemlərində
süni intellektin tətbiqinin
etik prinsipləri haqqında Avropa Xartiyası
Avropa Şurası vahid hüquqi məkana malik, iri regional, əhalisinin ümumi sayı 830 milyon nəfər olan 47 dövləti birləşdirən ümum-Avropa təşkilatına çevrilmişdir (28-i Avropa İttifaqının üzvüdür). Biz insan haqlarından, hüququn aliliyindən və demokratiyadan danışarkən cəmiyyətlərimizin əsaslarından danışırıq. Dünyada heç bir digər beynəlxalq təşkilat bu əsasları qorumaq üçün bu cür əhatəli mexanizmlərə və əməkdaşlıq formalarına malik deyildir. Son 70 il ərzində bütün avropalıların maraqlarına xidmət edən 200-dən çox hüquqi cəhətdən məcburi qüvvəyə malik beynəlxalq sənəd işlənib hazırlanmışdır. Bu sənədlər geniş sahələri əhatə edir və onlardan bəziləri məzmununa görə dünyada unikaldır.
Buna misal olaraq, Məlumatların mühafizəsi haqqında Konvensiyanı (54-dən çox ölkə ratifikasiya etmişdir) və Kibercinayətkarlıq haqqında Konvensiyanı (ABŞ, Avstraliya, Yaponiya daxil olmaqla 63-dən çox ölkə), habelə Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Konvensiyanı (İstanbul Konvensiyası), Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan qorunması haqqında Konvensiyanı (Lansarot Konvensiyası) göstərmək istərdim.
Əminliklə demək olar ki, Avropa Şurasının ən mühüm nailiyyətləri İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının qəbul edilməsi və Avropa İnsan Hüquqları Məhkəməsinin yaradılması, eləcə də 47 dövlətdə yaşayan avropalılar üçün vahid hüquqi məkanın, həmçinin ölüm cəzasından azad ümumi zonanın formalaşdırılmasıdır.
Avropa Məhkəməsinin təsisçiləri ona demokratiyanın diktaturaya çevrilməsinin təkrarlanmasından kollektiv sığorta kimi baxırdılar. Onların heç biri gələcəkdə Avropa Məhkəməsinin bu qədər iş yükünü heç təsəvvür belə edə bilməzdi - bu gün Məhkəmə ildə minlərlə qərar və icrası məcburi olan qətnamələr qəbul edərək, təxminən 830 milyon vətəndaşın hüququnu müdafiə edir. Məhkəmə Lissabondan Vladivostoka qədər bütün məkanda fərdi insan hüquqlarının təminatçısı olaraq qalır. Avropa Məhkəməsi öz mövcudluğu dövründə 800000-dən çox ərizəyə baxmışdır. Strasburq məhkəməsinin dövlətə qarşı qətnaməsi oxşar vəziyyətdə olan minlərlə insanın həyatına təsir göstərə bilər.
Avropa qitəsində və hətta onun hüdudlarından kənarda ədalət mühakiməsinin həyata keçirilməsinin keyfiyyətinin yaxşılaşdırılmasından söhbət getdikdə Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ), Venesiya Komissiyasının, Avropa Hakimlərinin Məşvərət Şurasının (CCJE) və Avropa Şurasının digər strukturlarının, eləcə də CEPEJ-də müşahidəçi statusuna malik olan hakimlərin Avropa və Beynəlxalq assosiasiyaları kimi regional təşkilatların mühüm işləri xüsusi qeyd edilməlidir.
Son illər CEPEJ Avropa məkanında ədalət mühakiməsi sahəsində qərarların işlənib hazırlanması və mübadiləsi üçün ekspert resursuna çevrilmişdir. CEPEJ üzv dövlətlərə onların məhkəmə sistemlərinin Avropa Şurasının standartlarına və normalarına uyğunlaşdırılması məqsədilə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi yolu ilə birbaşa yardım göstərilməsi, həmçinin Avropa Məhkəməsinin həddən artıq iş həcminin azaldılması və məhkəmə təhqiqatı üzrə iş yükünün üstmilli səviyyədən milli səviyyəyə endirilməsi üçün yaradılmışdır. Komissiya həmçinin Avropa Şurasının ədalət mühakiməsinin səmərəliliyi və ədalətliliyinə dair beynəlxalq-hüquqi sənədlərinin, xüsusilə Avropa Konvensiyasının tələblərinin və ədalət mühakiməsi məsələləri üzrə Avropa Məhkəməsinin presedent hüququnun həyata keçirilməsinə kömək edir.
CEPEJ-nin əsas istiqamətləri aşağıdakı kimi təsnif edilə bilər: məhkəmə sistemlərinin qiymətləndirilməsi, ədalət mühakiməsinin keyfiyyəti, məhkəmə vaxtının idarə edilməsi, mediasiya və məhkəmə qərarlarının icrası.
CEPEJ direktiv orqanlar, fəaliyyətdə olan hakimlər və hüquqi cəmiyyətin nümayəndələri üçün nəzərdə tutulmuş konkret və tətbiq oluna bilən idarəetmə vasitələrini və rəhbər prinsipləri işləyib hazırlayır, həmçinin qabaqcıl təcrübəni müəyyənləşdirir və müxtəlif ədliyyə məsələləri üzrə elmi araşdırmalar aparır.
Son 15 il ərzində CEPEJ-nin struktur bölmələri ədalət mühakiməsinin keyfiyyətinin vacib məsələləri, məhkəmələrin işinin səmərəliliyinin qiymətləndirilməsi, məhkəmə təhqiqatının müddətləri, mediasiya və məhkəmə qərarlarının icrası ilə bağlı elmi tədqiqatlar üzrə 25-dən artıq material dərc etmişdir (məsələn, Avropada ədalət mühakiməsinə çıxış, məhkəmə qərarlarının keyfiyyəti, Avropa məhkəmə sistemlərinə rəhbərlik və onların idarə edilməsi, məhkəmə sistemlərinin monitorinqi və qiymətləndirilməsi, Avropa Məhkəməsinin məhkəmə təcrübəsinin təhlili əsasında məhkəmə işlərinin baxılma müddəti və s. məsələlər üzrə tədqiqatlar).
CEPEJ həmçinin Avropa Konvensiyasının əsas tələblərini nəzərə alaraq, üzv dövlətlər üçün onların ədalət mühakiməsi sistemlərinin təkmilləşdirilməsi üzrə xeyli sayda rəhbər qaydalar formalaşdırmışdır.
CEPEJ-nin ikiillik dövr ərzində məhkəmə sistemlərinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı məruzələri hazırda Avropanın məhkəmə sistemləri haqqında informasiyanın yeganə əhatəli mənbəyi və Avropada məhkəmə-hüquq islahatlarının keçirilməsində oriyentirdir.
Qeyd etmək lazımdır ki, CEPEJ Avropa Şurası ilə Şərq əməkdaşlığı çərçivəsində strateji tərəfdaşlıq layihələrinin həyata keçirilməsində, həmçinin Albaniya, Bosniya və Herseqovina, Çernoqoriya, Şimali Makedoniya, Serbiya və Kosovonun məhkəmə sistemlərinin Avropa Şurasının standartlarına - "Western Balkans Dashboard”a uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək yolu ilə həmin ölkələr üçün Avropa İttifaqına üzvlüyün genişləndirilməsi prosesində fəal iştirak edir.
Həmçinin CEPEJ Avropa İttifaqına üzv dövlətlərin məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə hesabatın - "EU Justice Scoreboard”ın hazırlanması çərçivəsində Avropa Komissiyası ilə sıx əməkdaşlığı inkişaf etdirir. 28 ölkə üzrə məhkəmə statistikası bizim komissiyanın nümayəndələri tərəfindən hazırlanır və süni intellekt məhkəmələrinin məhsuldarlığı üzrə yeganə informasiya mənbəyidir.
Ədalət mühakiməsinin keyfiyyətinə və məhkəmə vaxtının idarə edilməsinə gəldikdə isə, CEPEJ bir çox ölkələrdə istifadə olunan çox sayda alətlər işləyib hazırlamışdır (məsələn, kibercinayətkarlıqla mübarizənin idarə edilməsi, keyfiyyətli məhkəmə sistemi çərçivəsində ədalət mühakiməsinə çıxışın dəstəklənməsi üçün məhkəmə kartlarının yaradılması, məhkəmə binalarının təşkili və əlçatanlığı, məhkəmə müddətləri üzrə rəhbər qaydalar və s.).
CEPEJ həmçinin məhkəmə qərarlarının icrası və mediasiya sahəsində Avropa standartlarının tətbiqinə də kömək edir. Məsələn, CEPEJ Avropa məhkəmə sistemlərində vəziyyətin yaxşılaşdırılması üçün mediasiya üzrə elmi araşdırmalara əsaslanan unikal sənədlər işləyib hazırlamışdır:
- Hüquq yaradıcılığı sahəsində mediasiya üzrə Avropa soraqçası;
- Mediasiya mərkəzlərinin davranış məcəlləsi;
- Mediasiya məsələləri üzrə hazırlıq proqramlarının işlənib hazırlanması və monitorinqi üzrə rəhbər prinsiplər.
Bu il biz məhkəmə qərarlarının icrası üzrə "rəhbər qaydalar”ın qəbul edilməsinin 10 illiyini qeyd edirik və çərşənbə günü Strasburqda Beynəlxalq Məhkəmə İcraçıları İttifaqı ilə birlikdə Ümumdünya İcra Forumunu keçiririk. Bu forumda informasiya texnologiyalarının müxtəlif istifadə təcrübələri, o cümlədən icra işində süni intellekt alqoritmləri təqdim ediləcəkdir. Eyni zamanda CEPEJ Avropa Şurasına üzv dövlətlərin fərdi sorğuları əsasında yardım proqramlarını işləyib hazırlamış və uğurla həyata keçirmişdir. Belə ki, CEPEJ Avropa Konvensiyasının və Avropa Şurasının digər sənədlərinin tələblərinə uyğunluğunu yoxlamaq üçün milli ədalət mühakiməsi sistemlərinin təhlilinin aparılmasına dəfələrlə cəlb edilmiş və 20-dən çox məruzəni təqdim etmişdir (məsələn, İsveçrədə mediasiya haqqında, Azərbaycanda hakimlərin seçilməsi prosedurlarının qiymətləndirilməsi haqqında, Portuqaliyada informasiya texnologiyalarının demateriallaşdırılması və istifadəsi haqqında, Rusiya Federasiyasında dövlət orqanlarına dair məhkəmə qərarlarının icrası haqqında, Sloveniyanın və Maltanın ədalət mühakiməsi sistemlərində məhkəmə işlərinə baxılması üzrə ləngimələrlə praktik mübarizə yolları haqqında məruzələr və s.).
CEPEJ 2005-ci ildən etibarən iki ildən bir "Ədalət mühakiməsinin kristal tərəzisi” müsabiqəsini keçirir. Müsabiqənin məqsədi isə ədalət mühakiməsinin həyata keçirilməsi prosesində yenilikçi və səmərəli təcrübənin müəyyənləşdirilməsidir. Ötən il oktyabrın 25-də Avropa Ədliyyə Gününün qeyd edilməsi çərçivəsində Sloveniya Ali Məhkəməsi ədalət mühakiməsinin keyfiyyətinin artırılması sahəsində layihəyə görə mükafatlandırıldı, Hollandiya, İspaniya və Belçikadan olan üç layihə isə diqqətəlayiq görüldü.
Diqqəti Avropa İnsan Hüquqları Məhkəməsi sədrinin və hakimlərinin CEPEJ-nin iyunda keçirilən plenar iclasında iştirakına cəlb etmək istərdim. Bu iclas çərçivəsində Avropa Məhkəməsinin qərarlarında CEPEJ-nin müxtəlif - həm praktiki, həm də elmi mənbələrinə istinadların artırılması barədə qərar qəbul edilmişdir ki, bu da öz növbəsində onların milli səviyyədə həyata keçirilməsini stimullaşdıracaq və üzv dövlətlərdə məhkəmə sistemlərinin təkmilləşdirilməsinə xidmət edəcəkdir.
Hazırda insan hüquqlarının və hüququn aliliyinin təmin edilməsi sahəsində əsas problemlər rəqəmsal texnologiyalardır. Cəmiyyətdə rəqəmsal dəyişikliklər dalğası Avropa dövlətlərinin məhkəmə sistemlərinə də təsir göstərir. Bu böyük rəqəmsal transformasiyada istifadə olunan texnologiyalar arasında süni intellekt ən sensasiyalı və həm də ən çox şübhə doğuran texnologiyadır.
Bununla əlaqədar kiberədliyyə üzrə "rəhbər qaydalar”a uyğun olaraq Komissiya ədalət mühakiməsi orqanlarının işçilərinə "proqnozlaşdırılan ədalət mühakiməsi” anlayışının ən yaxşı başa düşülməsi üçün, habelə məhkəmə təcrübəsi məlumatlarının işlənməsi sistemləri üzrə bəzi mülki mübahisələrdə kompensasiyalara dair şkalaların tərtib edilməsi, cinayətlərin törədilmə yerlərinin və cinayət əməli törətmiş şəxslərin xüsusiyyətlərinin müəyyən edilməsi məqsədilə cinayət araşdırmalarında alqoritmlərdən istifadə edilməsinə dair açarları təqdim edir.
Süni intellektin artan əhəmiyyətini, habelə ədalət mühakiməsinin keyfiyyətini artırmaq üçün ondan istifadənin gözlənilən üstünlüklərini nəzərə alaraq CEPEJ tərəfindən "Süni intellektin ədalət mühakiməsi sistemləri və onlara aid münasibətlərdə istifadəsinə dair Avropa Etik Xartiyası”nın beş prinsipi qəbul edilmişdir.
Xartiyanın hazırlanması zamanı məhkəmə sistemlərində süni intellektin istifadəsi ilə bağlı hüquqi məsələnin dərin araşdırılması aparılmışdır. Bu işə görə Fransa, Böyük Britaniya və İtaliyadan olan həmkarlarım məsuliyyət daşıyırdılar. Bu Xartiya süni intellektə əsaslanan, məhkəmə qərarlarının və məhkəmə fəaliyyəti üzrə məlumatların işlənməsinə yönəlmiş alət və xidmətlərin işlənib hazırlanmasına və tətbiqinə cavabdeh olan dövlət işçiləri və fiziki şəxslər, həmçinin qanunvericilik bazasına və ya normativ bazaya, bu cür alətlərin və xidmətlərin işlənib hazırlanmasına, istifadəsinə və onlara nəzarət edilməsinə cavabdeh olan şəxslər, habelə insan hüquqları, cinayət ədliyyəsi və inzibati hüquqpozmalar sahəsində elmi tədqiqatların aparılmasına cavabdeh olan şəxslər üçün nəzərdə tutulmuşdur.
Məhkəmə sistemlərində bu cür alətlərin və xidmətlərin istifadəsi ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına yönəlmişdir. Bununla yanaşı, ədalət mühakiməsi vicdanla, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və Fərdi məlumatların mühafizəsi haqqında Konvensiyada təsbit edilmiş əsas insan hüquqları nəzərə alınmaqla, habelə bu sahədə ədalət mühakiməsi sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında rəhbər tutulmalı olan digər əsas prinsiplərə uyğun olaraq həyata keçirilməlidir.
Süni intellektin köməyi ilə məhkəmə qərarlarının işlənmə sistemlərini işləyib hazırlayan şəxslərin fikrincə, mülki, kommersiya və inzibati məsələlərdə bu cür işlənmə qanunun tətbiqinin proqnozlaşdırılma səviyyəsini artıra və bu Xartiyada qeyd edilmiş prinsiplərə riayət etmək şərti ilə qəbul edilən məhkəmə qərarlarının ardıcıllığına imkan yarada bilər.
Cinayət-hüquqi məsələlərdə süni intellektdən istifadə ədalətli məhkəmə təhqiqatının təminatlarına uyğun olaraq məxfi məlumatlar əsasında ayrı-seçkiliyin qarşısını almaq məqsədilə ən ciddi qeyd-şərtlərlə nəzərdən keçirilməlidir. Məlumatların işlənməsinin hüquqi məsləhətlərin verilməsində, sənədlərin işlənib hazırlanmasında, qərarların qəbul edilməsi prosesində, hüquqi qeyri-müəyyənliyin və məhkəmə qərarlarının gözlənilməzliyinin azaldılmasında yardım göstərilməsi və ya istifadəçinin məsləhətləndirilməsi üçün nəzərdə tutulmasından asılı olmayaraq, onun şəffaflıq, qərəzsizlik və dürüstlük prinsiplərinə əməl edilməklə və kənar müstəqil ekspert rəyi ilə təsdiqlənməklə həyata keçirilməsi olduqca vacibdir.
"Proqnozlaşdırılan ədalət mühakiməsi” anlayışının tərəfdarları presedent hüququnun şəffaflığı, proqnozlaşdırıla bilməsi və unifikasiyası baxımından üstünlükləri vurğulayırlar, müxaliflər isə proqram təminatı ilə bağlı məhdudiyyətləri və arqumentasiyanın qeyri-obyektivliyini qeyd edirlər. Bu texnologiyalara xas olan risklər hətta qərarqəbuletmə prosesinin çərçivəsindən kənara çıxa və Avropa Şurasının xüsusilə sadiq olduğu hüquq aliliyinin və məhkəmə sistemlərinin ən mühüm funksional elementlərinə təsir göstərə bilər.
Söhbət xüsusilə hüququn aliliyi kimi prinsiplərdən gedir: bu alətlər təkcə hansısa hərəkətlərə sövq etmir, həm də praktiki olaraq müəyyənedici xarakter daşıyır və hakimin mülahizəsinin suveren azadlığını tənzimləyərək qanunu tamamlaya bilən və potensial olaraq uzunmüddətli perspektivdə artıq məhkəmələr tərəfindən konkret işlərin əsaslandırılmasına deyil, daha əvvəl digər məhkəmələrin təyin etdiyi orta kompensasiya ilə bağlı olan sırf statistik hesablamalara əsaslanan məhkəmə qərarlarının standartlaşmasına gətirib çıxara bilən normativliyin yeni formasını yaradır.
Məsələ bu qərarların Avropa Konvensiyasında təsbit edilmiş fərdi hüquqlarla uzlaşmasından ibarətdir. Onlara ədalətli məhkəmə təhqiqatı hüququ (məhz qanunla müəyyən edilmiş səlahiyyətli hakim hüququ, müstəqil və qərəzsiz məhkəmə və məhkəmə təhqiqatında tərəflərin bərabərliyi hüququ) və açıq mənbələrdə verilən məlumatların kifayət qədər mühafizə olunmadığı halda şəxsi həyata və ailə həyatına hörmət hüququ daxildir.
Bununla yanaşı, qərarın necə çıxarıldığını bilmək vəkillər tərəfindən işin nəticəsinin proqnozlaşdırılmasında həmişə vacib element olub, bu, vəkillər üçün bəzən hakimlə tanışlıq, demək olar ki, qanunu bilmək qədər vacib olub. Vəkillər uzun müddətdir bu və ya digər hakim və ya məhkəmə kollegiyası ilə təmasda olan müştərilərinə daha yaxşı məsləhət vermək üçün məhkəmə tərkibləri arasında empirik yolla az və ya çox dərəcədə tutuşdurma və müqayisə aparmağa çalışırlar.
Bu cür rəqabət üstünlüyü naminə qanunla müəyyən edilmiş ədalətli məhkəmə təhqiqatı prinsipinin real pozulma riski mövcuddur. İctimai və özəl məlumatlara çarpaz istinadlar yolu ilə hakimin profilini tərtib etmək imkanı özəl şirkətlərə və onların vəkillərinə "rahat” məhkəmə axtarışı təcrübəsindən daha fəal istifadə etməyə imkan verə bilər. Bu fenomen artıq çoxdandır ki, Amerika Birləşmiş Ştatlarında və Fransada mətbuat və mətbuatda şəxsi həyatın toxunulmazlığı sahəsində hüquqpozmalar baxımından istifadə edilir, burada iddiaçı öz proqnozlarına görə zərərin kompensasiyası üçün ən çox mükafat verən məhkəməni seçir.
Alqoritmlərin istifadəsi də həmçinin fərdi məlumatların işlənməsi zamanı onların mühafizəsi məsələsini qarşıya qoyur. Buna görə də fərdi məlumatların psevdonimləşdirilməsi və ya avtonomlaşdırılması məsələsi insan hüquqlarının təmin edilməsində böyük rol oynayır. Qanunvericilikdə, məhkəmə qərarlarında hakimlərin adlarının qeyd edilməsi üzv dövlətlər üçün ümumi mütləq vəzifədir - bu, İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilmiş açıq məhkəmə təhqiqatı prinsipinə uyğun olaraq hakimlərin obyektiv qərəzsizliyini təmin etməkdən (hakimlərin kimliyini müəyyən etmək mümkün olmalı, onların vəzifəyə təyin edilməsi və onlara müvafiq vəzifələrin həvalə olunması qanunauyğun aparılmalıdır) və prosessual qaydalara riayət etməkdən (misal üçün, məhkəmə prosesinin açıqlığı və qərarların qəbul edilməsi üçün birgə məsuliyyət) ötrü edilir.
Xartiyanın təsdiq etdiyi prinsiplərin nəzərdən keçirilməsinə keçməzdən əvvəl qeyd etmək istərdim ki, alqoritmlərin neytrallığı bir uydurmadır - alqoritmlərin yaradıcıları bilərəkdən və ya bilmədən özlərinə mənsub dəyər sistemlərini bu alqoritmlərə köçürürlər.
Filosof Erik Sadin qeyd etmişdir ki, səmərəli və hər hansı fərdə bağlı olmayan üz qabığı altında alqoritmik sistemlər istər-istəməz onların müəlliflərinin və ya sifarişçilərinin niyyətlərini əks etdirir, digər insanların həyatları üzərində real və asimmetrik hakimiyyətə gətirib çıxarır.
Tədqiqatçı Orelyen Qrosdidye də hesab edir ki, alqoritm ən yaxşı halda özü-özlüyündə yalnız müəllifinin bu alqoritmə qoyduğu niyyətini anlamağımıza imkan verir və məlumatların işlənməsinin bütün zəncirini (müəllifin niyyəti, kompüter kodunun yazılması, kompüter kodunun yerinə yetirilməsi, icranın konteksti və sonrakı texniki xidmət) sual altında qoyur.
1-ci Prinsip. Fundamental hüquqlara hörmət prinsipi: süni intellektə əsaslanan və fundamental hüquqlara uyğun gələn alət və xidmətlərin işlənib hazırlanmasının və tətbiqinin təmin edilməsi.
Məhkəmə qərarlarının və məhkəmə məlumatlarının işlənməsi dəqiq məqsədlərə xidmət etməli və İnsan Hüquqları haqqında Avropa Konvensiyası və Fərdi Məlumatların Mühafizəsi haqqında Konvensiya ilə (Şəxsi xarakterli məlumatların avtomatlaşdırılmış işlənməsi baxımından fiziki şəxslərin mühafizəsi haqqında Konvensiya) təmin edilən fundamental hüquqlara tam uyğun olmalıdır. Mübahisənin həlli məqsədilə və ya məhkəmə qərarlarının çıxarılmasına, yaxud məhkəmə prosesi iştirakçılarını məsləhətləndirməyə yardım edən alət qismində istifadə edildikdə süni intellektə əsaslanan texniki vasitələr ədalət mühakiməsinə və ədalətli məhkəmə təhqiqatına çıxış hüququnun həyata keçirilməsinə mane olmamalıdır (imkanların bərabərliyi və çəkişmə prinsipinə əməl edilməsi).
Onlar həmçinin hüququn aliliyi və qərarqəbuletmə prosesində hakimlərin müstəqilliyi prinsiplərinə tam uyğun olaraq istifadə olunmalıdır. Buna görə də onların "işlənib hazırlanma anından etibarən etika” və ya "işlənib hazırlanma anından etibarən insan hüquqlarına” yanaşmalarına üstünlük verilməlidir. Onlar artıq konvensiyaların müdafiə etdiyi baza dəyərlərinin birbaşa və ya dolayısı ilə pozulmasını qadağan edən qaydaların işlənib hazırlanması və öyrənilməsi fazasında tətbiq olunmaqdan ibarətdir.
Məhkəməyə çıxış hüququ. Mübahisələrin həlli alətlərinin onlayn rejimdə təqdim edilməsi 6-cı maddənin mahiyyəti üzrə məhkəməyə çıxış hüququnu pozmamalıdır (hətta bu hüquq mütləq deyildirsə və onun məhdudlaşdırıla biləcəyi nəzərdə tutulursa belə). Mülki işlərdə, məsələn, hər bir tərəfin onun "mülki hüquq və vəzifələri” ilə bağlı hər hansı mübahisəni məhkəməyə təqdim etmək hüququ vardır. 2015-ci ildə Avropa Şurasının Parlament Assambleyası "Ədalət mühakiməsinə çıxış və internet: potensial və problemlər” adlı qətnamə qəbul etmiş və bu qətnamədə "mübahisələrin onlayn həlli prosedurlarında iştirak edən tərəflərin, Konvensiyanın 6-cı maddəsinə uyğun olaraq, ədalətli məhkəmə təhqiqatının tələblərinə cavab verən, məhkəmədə şikayət etmək proseduruna çıxış hüququnu qorumasını təmin etməyə” çağırmışdır.
Çəkişmə prinsipi. Qiymətləndirmə şkalaları ilə bağlı miqyasların necə qurulduğunu anlamaq, onların mümkün hüdudlarını qiymətləndirmək və onları məhkəmədə müzakirə etmək imkanına malik olmaq üçün müəyyən həcmdə kəmiyyət (məsələn, miqyasın əldə edilməsi üçün işlənilmiş qərarların sayı) və keyfiyyət informasiyasını (qərarların mənşəyi, seçilmiş nümunələrin reprezentativliyi, qərarların iqtisadi və sosial kontekst kimi müxtəlif meyarlar arasında bölüşdürülməsi) vətəndaşlar üçün əlçatan etmək lazımdır.
Tərəflərin bərabərliyi. Texniki vasitələrdən istifadə tərəflər arasında tarazlığın pozulmasına gətirib çıxarmamalıdır. Rəqəmsal vasitələrdən istifadə, həqiqətən də, bəzi operatorlar (vəsaitlərə malik olan müəssisələr, şirkətlər, kompüter savadına malik şəxslər) üçün prosedurları asanlaşdıra və əksinə, kompüterlərlə az və ya çox tanış olan əhalinin bəzi kateqoriyaları üçün çətinliklər yarada bilər. İstifadəçinin ekranın qarşısında tək qalmaması və hüquqi məsləhət üçün müraciət edə biləcəyi və lazım olduqda yardım ala biləcəyi barədə məlumatlandırılması vacibdir.
Hakimlərin qərəzsizliyi və müstəqilliyi. Belə bir sual yaranır ki, "rəqəmdən çıxarılmış norma” xüsusilə də məhkəmə orqanlarının müstəqilliyinin tam şəkildə əldə edilmədiyi sistemlərdə hakimlərin müstəqilliyinə və qərəzsizliyinə dolayısı ilə təsir göstərə bilərmi? Bu sistemlərdə bu cür normaların hakimlərə dolayı təzyiq göstərəcəyi və qərarqəbuletmə zamanı onların simasızlaşmasına səbəb olacağı, yaxud icra hakimiyyətinin normadan kənara çıxanları nəzarətdə saxlamasına imkan yaradacağı riskini istisna etmək olmaz.
Vəkildən istifadə hüququ. Yuxarıda proqnozlaşdıran ədalət mühakiməsi metodlarının hüquqşünaslara verdiyi üstünlükləri və xüsusən müəyyən prosesin müvəffəqiyyət şanslarını empirik və sistematik qaydada qiymətləndirməklə müştərilərə daha əsaslandırılmış məsləhətlər vermək imkanını qeyd etmişdik. Lakin təsəvvür edək ki, hansısa bir mübahisə üzrə tərəflərdən birinin müvəffəqiyyət qazanmaq şansları çox aşağıdır: bu, vəkilin öz müştərisinə yardım göstərmək barədə qərarına təsir göstərə bilərmi? Peşəkar təcrübə hüquqi yardıma ehtiyacı olan şəxslərin son nəticə etibarilə ondan məhrum edilə bilməsi risklərinin minimuma endirilməsinə yönəldilməlidir.
2-ci Prinsip. Ayrı-seçkiliyin yolverilməzliyi prinsipi: ayrı-ayrı şəxslər, yaxud şəxslər qrupları arasında hər hansı ayrı-seçkiliyin yaranmasının və ya fəallaşmasının qarşısını birbaşa almaq.
Bu metodların istifadəsi zamanı ayrı-ayrı şəxslərə və ya şəxslər qruplarına aid məlumatın qruplaşdırılması və ya təsnifatlaşdırılması ilə ifadə olunan mövcud qeyri-bərabərlik hallarını aşkara çıxarmaq imkanını nəzərə alaraq, bu proseslərə aidiyyəti olan dövlət işçiləri və fiziki şəxslər göstərilən metodların bu cür ayrı-seçkilik hallarını yaratmadığına və daha da ağırlaşdırmadığına, eləcə də kontekstsiz təhlilə və ya istifadəyə gətirib çıxarmadığına əmin olmalıdırlar.
Müvafiq metodlara həm işlənib hazırlanma, həm də istifadə mərhələlərində, xüsusilə də işlənmə birbaşa və ya dolayısı ilə "məxfi” məlumatlara əsaslandıqda xüsusi diqqət ayrılmalıdır. Bunlara ehtimal edilən etnik və ya irqi mənşə, sosial-iqtisadi vəziyyət, siyasi baxışlar, dini və ya fəlsəfi etiqad, həmkarlar ittifaqı təşkilatlarında üzvlük, genetik, biometrik və s. məlumatlar aid edilə bilər. Bu kimi ayrı-seçkilik halları müəyyən edilərsə, bu risklərin qarşısını almaq və ya mümkün olduqda neytrallaşdırmaq məqsədilə düzəldici tədbirlərin həyata keçirilməsi, habelə aidiyyəti şəxslər arasında məlumatlandırma səviyyəsinin yüksəldilməsi nəzərdə tutulmalıdır. Bu cür ayrı-seçkiliyə qarşı mübarizəyə gəldikdə isə, maşın təlimi və fənlərarası elmi təhlildən istifadə təşviq edilməlidir.
3-cü Prinsip. Keyfiyyət və təhlükəsizlik prinsipi: məhkəmə qərarlarının və məlumatlarının işlənməsinə gəldikdə, sertifikatlaşdırılmış mənbələrdən və təhlükəsiz texnoloji mühitdə fənlərarası əsasda işlənib hazırlanmış modellərin tətbiqi ilə qeyri-maddi məlumatlardan istifadə edilməlidir.
Maşın təlimi modellərinin layihələndiriciləri ədalət mühakiməsi sisteminin müvafiq mütəxəssislərinin (hakimlər, prokurorlar, vəkillər və s.), eləcə də hüquq və sosial elmlər sahəsində tədqiqatçıların, müəllimlərin (iqtisadçılar, sosioloqlar və filosoflar kimi) geniş təcrübəsini toplamaq imkanına malik olmalıdırlar. Funksional modellərin yaradılması üçün qısa layihələndirmə dövrləri ərzində qarışıq layihə qruplarının formalaşdırılması bu çoxfənli yanaşmadan maksimum dərəcədə səmərəli istifadə etməyə imkan verən təşkilati üsullardan biridir. Layihə qrupları mövcud etik zəmanətlər haqqında daim məlumat mübadiləsi aparmalı və əks-əlaqəni qoruyub saxlamalıdır. Maşın təlimi alqoritmini həyata keçirən proqram təminatına daxil edilən və məhkəmə qərarlarına əsaslanan məlumatlar sertifikatlaşdırılmış mənbələrdən daxil olmalı və onların faktiki olaraq təlim mexanizmi tərəfindən istifadəsinə qədər dəyişməməlidir. Buna görə də emal edilən qərarın məzmununu və ya mənasını dəyişdirən hər hansı düzəlişlərin baş verməməsi üçün zəmanəti təmin etmək məqsədilə bütün proses izlənilə bilən olmalıdır. Yaradılmış model və alqoritmlər həmçinin sistemin tamlığını və pozulmazlığını təmin edən təhlükəsiz mühitdə yığılma və icra edilə bilmə qabiliyyətinə malik olmalıdır.
4-cü Prinsip. Şəffaflıq, qərəzsizlik və dürüstlük prinsipi: məlumatın işlənməsi metodları əlçatan və anlaşıqlı olmalı, kənar auditlərə icazə verilməlidir.
Hüquqi nəticələrdən və şəxslərə təsirdən asılı olaraq müəyyən emal metodlarının əqli mülkiyyətinin mühafizəsi ilə şəffaflığın təmin edilməsi tələbi (işlənib hazırlanma prosesinə çıxış imkanı), neytrallıq (qərəzsizlik), loyallıq və dürüstlük (prioritet-ədalət mühakiməsinin maraqları) arasında balans tapılmalıdır. Qeyd etmək lazımdır ki, bu tədbirlər layihələndirmə və istismarın bütün halqalarına təsir göstərir, çünki seçim metodologiyası, eləcə də məlumatların keyfiyyəti və təşkili birbaşa təlim mərhələsinə təsir göstərir. Birinci variant - bəzən kommersiya sirrinin mühafizəsi ilə məhdudlaşdırılan tam texniki şəffaflıqdır (məsələn, açıq mənbə kodu və sənədlər). Sistem həmçinin nəticələrin əldə edilməsi üsulunu təsvir etmək üçün sadə və anlaşılan dildə, məsələn, təklif edilən xidmətlərin xarakteri, işlənib hazırlanmış alətlər, müsbət nəticələr və səhvetmə riskləri haqqında məlumatın ötürülməsinin köməyi ilə izah oluna bilər. Müstəqil orqanlar və ya ekspertlər sertifikatlaşdırmanı və emal üsullarına nəzarəti təmin edə və ya ilkin məsləhətlər verə bilərlər. Dövlət hakimiyyəti orqanları mütəmadi olaraq şəhadətnamələr verə bilərlər.
5-ci Prinsip. İstifadəçi tərəfindən nəzarət prinsipi: göstərişlərə əsaslanan yanaşmadan kənarlaşmaq və istifadəçiyə öz seçiminə görə məsul olan məlumatlandırılmış şəxs rolunda çıxış etməyə imkan vermək.
İstifadəçilərin muxtariyyəti gücləndirilməli və süni intellektə əsaslanan alətlərin və xidmətlərin istifadəsi ilə məhdudlaşmamalıdır. Ədalət mühakiməsi sisteminin mütəxəssisləri istənilən vaxt məhkəmə qərarlarına və nəticənin əldə edilməsi üçün istifadə olunan məlumatlara yenidən baxmaq imkanına malik olmalı, bu zaman verilmiş konkret işin müəyyən xüsusiyyətləri baxımından onlarla mütləq şəkildə öhdəlik daşımamalıdırlar. Məhkəmə prosesinin iştirakçısı süni intellekt əsasında fəaliyyət göstərən alətlərin təklif etdiyi qərarların mütləq xarakter daşıyıb-daşımaması, habelə mövcud olan müxtəlif variantlar və onun hüquqi məsləhət və məhkəməyə müraciət etmək hüququ barədə aydın və anlaşılan dildə məlumatlandırılmalıdır. O, həmçinin işə məhkəmə prosesindən əvvəl və ya məhkəmə prosesi zamanı baxılarkən süni intellektin imkanlarına hər hansı ilkin müraciət barədə dəqiq məlumatlandırılmalı, AİHM-in 6-cı maddəsinin mənası üzrə onun işinə bilavasitə məhkəmə tərəfindən baxıla bilməsi üçün etiraz etmək imkanına malik olmalıdır. Böyük ehtimalla süni intellektə əsaslanan istənilən informasiya sisteminin tətbiqi zamanı istifadəçilərin kompüter savadlılığının artırılması proqramları həyata keçirilməli və ədalət mühakiməsi sistemi mütəxəssislərinin iştirakı ilə ictimai müzakirələr aparılmalıdır.
Ramin QURBANOV,
Avropa Şurası Ədalət
Mühakiməsinin Səmərəliliyi üzrə
Avropa Komissiyasının (SEPEJ/CEPEJ)
prezidenti, hüquq elmləri doktoru
Azərbaycan.-2020.- 15 may.- S.3.