İnam irəli aparacaq

 

Neftçalalılar indi hər işin yaxşı olacağına əmindirlər

 

 

İnsan sabaha olan inamla yaşayır. İnam olmayanda isə ümidsizliyə qapanır, nə edəcəyini dəqiq-dürüst müəyyənləşdirə bilmir. Neftçala rayonunda da belə bir əhvali-ruhiyyə yaranmışdı. Rayon icra hakimiyyəti işçilərinin özlərinin dediyi kimi, Neftçalada "başlı başını saxlasın” idi. Nizam-intizam, məsuliyyət, tələbkarlıq lazımi səviyyədə deyildi. Dövlət və hökumət tərəfindən qarşıya qoyulan vəzifələr lazımınca yerinə yetirilmir, onların icrasına laqeyd münasibət göstərilirdi. Görülən işlər, həyata keçirilən tədbirlər, demək olar ki, ancaq mərkəzi icra orqanlarının, ayrı-ayrı agentliklərin, səhmdar cəmiyyətlərin payına düşürdü. İcra hakimiyyəti mövcud problemlərin həlli üçün tədbirlər görmədiyindən həmin problemlər getdikcə çoxalır, dərinləşirdi ki, bu da rayon əhalisinin haqlı narazılığına səbəb olurdu. İstər kənd təsərrüfatı işlərinin gedişində, torpaq sahələrindən səmərəsiz istifadədə, istər sosial məsələlərin həllində, istərsə də kadr siyasətində nöqsanlar özünü qabarıq şəkildə göstərirdi. Bələdiyyə və dövlət fondu torpaqları icra hakimiyyəti başçısının şəxsi marağına əsasən bölüşdürülür, icra aparatında, inzibati ərazi nümayəndəliklərində məsul vəzifələr nəinki aylarla, hətta illərlə boş qalırdı. Neftçala şəhərində kənd təsərrüfatı məhsullarının satışı üçün yeni bazar tikilsə də, köhnə, primitiv, antisanitariya şəraitində fəaliyyət göstərən və hər hansı qəza, yanğın yarana biləcəyi halda insan tələfatı ilə qarşılaşmaqla nəticələnəcəyi qaçılmaz olan köhnə bazar bu gün də fəaliyyətdədir. Bu kimi nöqsanların siyahısını artırmaq da olar. Belə "dəymə mənə, dəyməyim sənə” prinsipi rayonda korrupsiya və rüşvətxorluq üçün şərait yaratmışdı.

Dövlət başçısının 5 mart 2020-ci il tarixdə imzaladığı sərəncamla Mirhəsən Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Təyinatı ilə əlaqədar Prezident M.Seyidovu qəbul edərək gənc kadr kimi ona inandığını, etimadı doğruldacağına, əhali ilə əlaqəli işləyəcəyinə, onların hər bir müraciətinə diqqətlə yanaşacağına, rayon iqtisadiyyatının inkişafı üçün səmərəli fəaliyyət göstərəcəyinə inam bəslədiyini qeyd etmiş, müvafiq tapşırıq, göstəriş və tövsiyələrini vermişdir. M.Seyidov rayon, şəhər icra hakimiyyəti başçıları arasında ən gənc icra başçısıdır - 31 yaşı var. Bu vəzifəyə təyin olunanadək dövlət və ictimai işlərdə çalışmışdır. Bir gənc kimi respublikamızda idmanın, müasir gəncliyin sağlam, hərtərəfli inkişafının təmin olunması sahəsində dövlət tərəfindən irəli sürülən proqram və layihələrin həyata keçirilməsində yaxından iştirak etmişdir. Xidmətlərinə görə 2017-ci ildə Prezident mükafatına layiq görülmüşdür. Gənclər təşkilatında səmərəli fəaliyyət göstərən M.Seyidov 2014-cü ildən "İrəli” İctimai Birliyinin sədri olmuş və digər ictimai işlərdə özünü bacarıqlı, işgüzar kadr kimi göstərmişdir.

Onun yeni işə başlaması nəinki ölkəmizdə, hətta bütün dünyada çətin və mürəkkəb bir dövrə təsadüf edir. Koronavirus xəstəliyinin meydana çıxması cavan icra başçısı kimi, onun da işini müəyyən qədər çətinləşdirdi. Rayon mərkəzində, qəsəbə, habelə kəndlərdə əhali ilə görüşüb söhbətlər apardı, qayğı və problemləri ilə maraqlandı, onların həlli yollarını müəyyənləşdirməyə başladı. Lakin hər yerdə olduğu kimi, burada da gözlənilməz virusla mübarizə ön plana keçdi və bütün imkanlar, qüvvələr onunla mübarizəyə yönəldildi, hər şey gündəlik olaraq nəzarətə götürüldü. "Evdə qal” çağırışı, müraciəti ilə bağlı əhali arasında hər gün ətraflı izahat işi aparıldı, onların qoruyucu maska, dezinfeksiyaedici məhlul və spirtlə təmin edilməsi, yaşlı, kimsəsiz, aztəminatlı ailələrə yardım göstərilməsi, aztəminatlı vətəndaşların siyahıya alınması, onlara ərzaq yardımı edilməsi, küçə, park, xiyabanların vaxtaşırı dezinfeksiya edilməsi bu sıradandır.

Bütün bu tədbirlər indinin özündə də ardıcıllıqla davam etdirilir. Amma yeri gəlmişkən bir məsələni vurğulamaq istərdik. Hər hansı rayona yeni icra başçısı təyin olunanda bəzi adamlar elə başa düşürlər ki, haqsız da olsalar, onların müraciət və şikayəti müsbət həll olunmalıdır. Buna görə də belə adamlar həqiqətən dərdi-səri olanlarla bir sırada dəstə-dəstə icra hakimiyyəti başçısının qəbuluna tələsirlər. Lakin hamı bilməlidir ki, haqsız və qanunsuz tələb, şikayət, yalan məlumat, xüsusilə indiki dövrdə mələk donuna girə bilmək işə yaramayacaqdır. Təzə icra başçısının belə bir iş üslubu, dəstxəti bəzi "professional” demoqoqların, nəyisə qoparmaq arzusunda olanların ola bilsin ki, döşünə yatmasın, xoşuna gəlməsin. Buna təbii hal kimi baxmaq lazımdır. Amma bir şey də var ki, həqiqət, düz söz acı dərman kimidir. Düz yolu tutanlar həyatda heç vaxt uduzmurlar. Çünki düz həmişə əyrini kəsir. Bizcə, indiki dövrlə səsləşən "ən böyük biclik düzlükdür” deyimi burada da yerinə düşmüş olar.

Qeyd etmək lazımdır ki, bu gün bütün rayonlarımızda koronavirusla əlaqədar müəyyən çətinliklər, qayğılar yaşanır. Kənd təsərrüfatında yaz-tarla işlərinin vaxtında aparılması, ortaya çıxan sosial problemlərin həlli və digər məsələlər xüsusi çeviklik, diqqət, səriştə tələb edir. Yeni icra başçısı bu çətin günlərdə mütəmadi olaraq müşavirələr, onlayn qəbullar keçirərək yerlərdəki vəziyyəti öyrənir, vətəndaşlara lazımi kömək göstərir. Bütün bunları görən Neftçala rayon ictimaiyyəti hər şeyin yaxşı olacağına inanır. İnsanlar ümid edirlər ki, rayonda həm sənaye, həm kənd təsərrüfatı sürətlə inkişaf edəcək, eyni zamanda sosial məsələlər həllini tapacaq, Neftçalanın keçmiş şöhrəti özünə qayıdacaqdır.

 

 

Yaz-tarla işləri uğurla davam etdirilir

 

 

Hazırda yaz-tarla işlərinin qızğın çağıdır. Hər bir əkinçi indi günəşi tarlada - iş başında salamlayır. Çoxdan bəri əkin üçün hazırladığı torpağa min bir istək və arzu ilə toxum səpir, birinci çalım yoncasını biçir, buğda zəmilərinə dən suyu verir, mülkiyyətində olan taxılbiçən kombaynları, yükdaşıyan yedək lafetlərini təmir edib saz vəziyyətə gətirir və digər təxirəsalınmaz işlərini görür. Çalışır ki, cari ildə daha çox məhsul yetişdirsin, COVID-19 pandemiyasından əziyyət çəkdiyimiz bu ağır ildə ölkədə məhsul bolluğu yaradılmasına töhfə versin, həm də ailəsi qarşısında üzüağ olsun. Neftçalalı fermerlər, torpaq mülkiyyətçiləri də bu əhvali-ruhiyyə ilə çalışırlar. Onların hər biri dövlət başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğını başa düşərək ərzaq təhlükəsizliyi proqramının yerinə yetirilməsində, ölkəmizin idxaldan asılılıqdan azad edilməsində, daha çox və keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal olunmasında yaxından iştirak etməyi özünə başlıca vəzifə, borc bilir.

Cari ildə Neftçala rayonunda 5 min 988 hektarda pambıq əkilməsi planlaşdırılmışdır. Bununla əlaqədar rayonda fəaliyyət göstərən üç şirkət - "MKT” MMC, "P-Aqro” MMC və "Azərpambıq” MMC-nin buradakı filialları ilin əvvəlində 1307 nəfər fermer və torpaq mülkiyyətçisi ilə müqavilə bağlamışdır. Koronavirus pandemiyası ilə əlaqədar həmin təşkilatlar çiyid toxumunu və toxumla birlikdə torpaq altına verilən ammofos gübrəsini evlərində əkinçilərə vermişlər. Mütəxəssislərin qənaətinə görə səpin hava şəraiti ilə bağlı olaraq bir qədər ləngisə də, ümumilikdə mütəşəkkil keçir. Toxum səpini uzağı mayın 15-də başa çatdırılacaqdır. Becərmə üçün lazım olan yemləmə gübrəsi kifayət qədər tədarük edilmişdir. Bir çox yerlərdə artıq becərməyə başlanılmışdır.

Rayon üzrə 43 min 66 hektar taxıl sahəsi mövcuddur ki, bunun da 36 min 803 hektarı arpa, 6 min 236 hektarı isə buğdadır. Biz rayonda olarkən 30 min 820 hektar sahə suvarılmış, 27 min 53 hektara mineral gübrələr verilmiş, 1888 hektarda gəmiricilərlə mübarizə tədbirləri aparılmış və 3 min 788 hektara alaq otlarına qarşı herbisid səpilmişdi.

Arpa biçininə artıq sayılı günlər qalmışdır. Neftçala rayonunun taxıl əkilən sahələri qumsal olduğuna görə məhsulun yetişməsi digər yerlərə nisbətən bir neçə gün əvvəl baş verir. Bunu nəzərə alaraq mexanizatorlar kombaynları, taxıldaşıyan traktorları və lafetləri tez bir zamanda təmir edib saz vəziyyətə gətirməyə çalışırlar. Rayon üzrə fiziki və hüquqi şəxslərdə də 70 ədəd kombayn vardır ki, onların da 60-ı biçinə tam hazırdır. Digər sahələrdə - yonca biçini, yazlıq əkinlərdə də işlərin gedişi qənaətbəxş vəziyyətdədir.

 

 

Balıqçılığın inkişafına diqqət daha da artırılacaq

 

 

Balıqçılıq Neftçala rayonu üçün ənənəvi sahədir. Çar Rusiyası və ondan sonra 70 illik sovetlər dönəmində balıqçılıq burada sürətlə inkişaf edib. Rayon ərazisində bir neçə balıqçılıq təsərrüfatı fəaliyyət göstərib. Bankə balıq kombinatında istehsal olunan qara kürü bir zamanlar adla idi. Sonralar, SSRİ dağılandan sonra bu rayondakı balıqçılıq təsərrüfatları da süqut etdi, dağıdıldı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra digər sahələr kimi, Neftçalada balıqçılığın da inkişafı üçün qərar qəbul edildi və xüsusi göstərişlər verildi. Dünya Bankının vəsaiti ilə 1998-ci ildə Xıllı qəsəbəsinin ərazisində müasir tipli yeni nərəbalıqartırma zavodunun tikilməsinə başlandı. 2003-cü ildə prezidentliyə namizəd kimi Neftçalaya seçicilərlə görüşə gələrkən İlham Əliyev müəssisənin açılışını etdi. O vaxtdan 2019-cu il də daxil olmaqla burada 75 milyon ədəd nərə cinsli balıq - nərə, uzunburun, kələmo, bölgə sürfələri yetişdirilərək Xəzər dənizinə buraxılmışdır. Ötən vaxt ərzində müəssisə öz fəaliyyətini xeyli təkmilləşdirmişdir. Hazırda zavod kürü aldığı ana balıqları da özü bəsləyib yetişdirir.

Neftçala rayonunda digər nərəbalıqartırma zavodu Yenikənd kəndi ərazisindədir. 1956-cı ildə istifadəyə verilmiş zavodda avadanlıqlar köhnəldiyi, müasir tələblərə cavab vermədiyi üçün yenidənqurmaya ehtiyac duyulurdu. Buna görə də Kür Təcrübi Nərəbalıqartırma Zavodu adlanan bu müəssisə əsaslı şəkildə yenidən qurulmaqdadır. 50 hektar ərazisi olan zavod qapalı su servis və inkubasiya, balıq sürfələrinin saxlanacağı dairəvi hovuzlar və hər biri 1 hektar olmaqla 21 ədəd böyük nohur sexlərindən ibarətdir. Bundan əlavə, zavodda yardımçı təsərrüfat sahələri yaradılır. Müəssisənin infrastrukturu da yenidən qurulub. Zavod bu yaxınlarda istismara buraxılacaqdır.

Rayonun iri nərəbalıqartırma zavodlarından biri də şəhid Cəlil Cavadovun adını daşıyan Kürağzı Nərəbalıqartırma Zavodu olmuşdur. Qeyd edək ki, bu müəssisə də 1956-cı ildən fəaliyyət göstərməyə başlamışdır. 1990-cı ilədək burada hər il orta hesabla 11 milyon ədəd nərəcinsli balıqların sürfəsi yetişdirilərək Kür çayının mənsəbində Xəzərə buraxılmışdır. Lakin sonralar bu rəqəm ilbəil aşağı düşmüş və 2019-cu ildə 500 minə enmişdir. Avadanlıqlar köhnəldiyi, istehsal prosesi üçün zəruri şərait olmadığına görə müəssisə keçən ilin dekabr ayından fəaliyyətini dayandırmışdır.

Prezident İlham Əliyev rayona yeni icra başçısına gələcək fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini verərkən burada iqtisadiyyatın bütün sahələrinin, o cümlədən balıqçılığın inkişaf etdirilməsinə də toxunmuşdur. Məsələ ilə əlaqədar, yəqin ki, yaxın vaxtlarda müəyyən tədbirlər həyata keçiriləcəkdir. Nohur balıqçılığına gəldikdə isə rayonda bu işlə 5 nəfər sahibkar məşğul olur.

 

 

Sənaye məhəlləsi və avtomobil zavodu fəaliyyətini getdikcə artırır

 

 

Kənd təsərrüfatı ilə yanaşı, sənaye istehsalı sahələri Neftçalada əvvəllər də olmuşdur və neftçıxarma rayonda sənayenin yeganə sahəsi olmamışdır. Belə ki, rayon ərazisində çoxlu sayda yodlu su yataqlarının olması aşkar edilərək burada yod-brom zavodu tikilmişdir. Keçən əsrdə SSRİ-də istehsal olunan yodun təxminən 30 faizi bu müəssisənin payına düşürdü. Neftçalada balıqçılıqla məşğul olan müəssisələr üçün taxta materialından çəllək, digər qablaşdırıcı məmulatlar hazırlayan sənaye müəssisələri də var.

Hazırda rayonda sənaye sahəsinin inkişaf etdirilməsi dövlət başçısının nəzarətindədir. 2017-ci ildə istifadəyə verilmiş sənaye məhəlləsində indi 5 MMC fəaliyyət göstərir. Burada balıq yemi, polietilen boru, avtomobil və avtomobillər üçün ehtiyat hissələri, dondurulmuş balıq, kənd təsərrüfatı avadanlıqları istehsalı həyata keçirilir. Sənaye məhəlləsindəki avtomobil zavodunda indi 100 nəfərdən çox neftçalalı işləyir. Neft və yod istehsalı sahələri fəaliyyətdədir. İnvestorların maliyyə yardımı ilə onlar yenidən qurulmuşdur.

 

 

Olimpiya İdman Kompleksi tikintisində işlər sürətlənir

 

 

Neftçalalı idmançılar əvvəllər respublikamızda, habelə keçmiş SSRİ məkanında təşkil olunan idman yarışlarında, olimpiadalarda fəal iştirak etmiş və yüksək nəticələrə nail olmuşlar. 90-cı illərin məlum hadisələrindən sonra bütün sahələr kimi, idmanda da geriləmə olmuşdu. 2004-cü ildən etibarən neftdən gələn ilk gəlirlər hesabına ölkəmizin yeni inkişaf dövrü başladı. Elə həmin il fevralın 11-də Prezident İlham Əliyev tərəfindən imzalanan Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində tikinti-quruculuq, abadlıq işləri genişləndirildi. İkinci, üçüncü və hal-hazırda icra olunan proqramlar çərçivəsində digər sahələrlə yanaşı, ölkəmizdə idmanın inkişafı üçün də tədbirlər görülüb və bu işlər davam etdirilməkdədir. Ölkəmizdə 40-dan çox Olimpiya İdman Kompleksi tikilib idmançıların istifadəsinə verilmişdir. Neftçala Olimpiya İdman Kompleksi cari ilin sonunadək istifadəyə veriləcəkdir. İndi burada qızğın iş gedir. Obyekti Gənclər və İdman Nazirliyinin sifarişi ilə "Meqaplus” şirkəti tikir. Kompleksdə üzgüçülük hovuzu, güləş, boks, basketbol, voleybol, tennis zalı, 2 mini futbol meydançası, 28 yeni hotel, restoran, kafe olacaqdır. Tikintiyə 70 nəfər usta və fəhlə cəlb edilib. Tikinti lazımi texnika, mal-materiallarla təchiz olunmuşdur. İnşaatçılar kompleksi ilin sonuna kimi istifadəyə verməyi öhdələrinə götürmüşlər.

 

 

Daha bir məktəb istifadəyə veriləcək

 

 

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının, habelə Heydər Əliyev Fondunun xətti ilə rayonda 22 yeni məktəb tikilmiş, 4 məktəb isə əsaslı şəkildə təmir olunmuşdur. Müasir tələblərə cavab verən həmin təhsil ocaqları yeni ləvazimatlar və tədris vasitələri ilə təmin edilmişdir. Bu da təlim-tərbiyə prosesinə öz müsbət təsirini göstərməkdədir. Neftçalalı məktəblilər respublika üzrə keçirilən fənn olimpiadalarında fəal iştirak edərək yaxşı nəticələr qazanırlar. Hazırda rayonun məktəblərində 10 mindən çox şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 1194 müəllim məşğuldur.

Rayondakı təhsil ocaqlarından biri olan Xıllı qəsəbə 1 saylı tam orta məktəbi yaxşı ənənələrə malikdir. Məktəbin yüzlərlə məzunu ali təhsil almış və hazırda onlar respublikamızın müxtəlif təşkilatlarında çalışırlar. Yaşı yüz ili arxada qoyan məktəbin binası artıq köhnəldiyindən onun təmirinə ehtiyac vardı. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2019-cu ildə sözügedən təhsil ocağının əsaslı təmirinə başlanılmışdır. Məktəb binasının ümumi sahəsi 6 min 620 kvadratmetrdir. Burada geniş, işıqlı sinif otaqları, kitabxana, akt və idman zalı ilə yanaşı, şagirdlər üçün xüsusi laboratoriya və informatika kabinələri də olacaqdır. Məktəbin ərazisində 24 saat aktiv olan kameralar və siqnalizasiya sistemi quraşdırılmışdır. Məktəbin həyətində Xıllı qəsəbəsindən olan şəhidlərin xatirəsini əks etdirən lövhə, 2 futbol meydançası, qazanxana, su hovuzu tikilmişdir. Əsaslı şəkildə yenidən qurulan məktəbin yeni dərs ilinin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.

 

 

Kənd yolları yenidən qurulur

 

 

"Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”. Bu müdrik kəlam Ulu Öndər Heydər Əliyevə məxsusdur. Yolları, eyni zamanda iqtisadiyyatın qan damarları da adlandırırlar. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması ilə bağlı görülən işlər göz qabağındadır. 2003-cü ildən bəri respublikamızın ərazisində 16 min kilometrə yaxın avtomobil yolu çəkilmişdir. Bu sahədə Neftçala rayonunda da xeyli iş görülmüşdür. Prezidentin müvafiq sərəncamlarına əsasən 2018-ci ildə 37 min nəfər əhalinin yaşadığı 21 kəndi birləşdirən 55 kilometrlik Şorkənd-Beştalı-Bankə-Şirvanlı, 44 min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən 47 kilometrlik Neftçala-Xolqaraqaşlı, 40 kilometrlik Salyan-Neftçala avtomobil yolu əsaslı, 2019-cu ildə isə 10 min əhalinin yaşadığı 4 kəndi əhatə edən 9 kilometrlik Boyat-Ballıcalı yolu cari təmir edilərək istifadəyə verilmişdir. Hazırda 10 mindən çox əhalinin məskunlaşdığı 4 kəndi və 1 qəsəbəni birləşdirən 9 kilometrlik Bankə-Mayak yolu çəkilir. Yolçəkənlər yolu nəzərdə tutulduğundan əvvəl istismara vermək üçün səylə çalışırlar.

Yeri gəlmişkən deyək ki, yol infrastrukturu baha başa gələn sahədir. Dövlət başçısı yolların çəkilişi və təmiri ilə bağlı hər dəfə büdcədən milyonlarla manat vəsait ayırır. Deməli, yolların qorunması hər bir kəsin vətəndaşlıq borcu olmalıdır. Yollar nə qədər keyfiyyətli çəkilərsə, mühafizə olunarsa, o qədər uzunömürlü olar və növbəti vəsaitlər yenə həmin yolların əsaslı və cari təmirinə deyil, həlli vacib olan digər sahələrə yönəldilər.

Neftçala rayon əhalisi bu gün sabaha böyük ümidlə baxır. Onlar inanırlar ki, dünyanın, eləcə də ölkəmizin başı üstünü almış koronavirus pandemiyası çəkilib gedəcək, insanlar rahat nəfəs alacaq, öz işləri ilə məşğul olacaqlar. Neftçalalılar da əmək cəbhəsində ürəklə, inamla çalışaraq yeni-yeni uğurlara imza atacaqlar. Rayonda yaranan mövcud durum, insanlar arasındakı yüksək əhvali-ruhiyyə də belə deməyə əsas verir.

 

Seyran CAVADOV

Azərbaycan.-2020.- 15 may.- S.6.