Pandemiya
dövründə iqtisadi tərəqqi
Avropa Yenidənqurma
və İnkişaf Bankı Prezident İlham
Əliyevin strateji hədəfləri düzgün müəyyənləşdirdiyini
təqdir edir
Bu gün bəşəriyyəti çətin sınaq qarşısında qoyan qlobal pandemiya insan sağlığı ilə yanaşı, dövlətlərin iqtisadiyyatına da ciddi mənfi təsirini göstərməkdədir. Belə ki, işsiz əhalinin maddi durumunun yaxşılaşdırılması, aztəminatlı ailələrə yardımların edilməsi, sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstərilməsi dövlətin iqtisadi imkanlarını xeyli məhdudlaşdırır. Məhz buna görə də bəzi ekspertlər 2020-ci ilin iqtisadiyyat üçün "itirilmiş il” kimi tarixə düşəcəyini qeyd edirlər.
Hər bir böhranın sonu…
Lakin hər bir böhranın sonu, adətən, yeni iqtisadi sıçrayışlarla müşahidə olunur. Yəni böhran yeni iqtisadi ideyaları həyata keçirmək üçün münbit şərait deməkdir. İstənilən böyük dövlətlərdə inkişafın davamlılığını təmin edən başlıca amillərdən biri məhz strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir.
Dünyada geoiqtisadi risklərin yüksəlməsi və problemlərin dərinləşməsi, neftin qiymətindəki qeyri-sabitlik fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlıq nümayiş etdirməsi bir daha göstərir ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir.
Hətta qlobal maliyyə böhranı zamanı da Prezident İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti, vaxtında görülmüş qabaqlayıcı tədbirləri dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə təsirlərinin minimuma endirilməsinə imkan yaratmışdı.
Ümumi daxili məhsulun 3 faiz artması gözlənilir
İndi isə qlobal pandemiya böyük dövlətlərin iqtisadiyyatına ciddi ziyan vurmaqda davam edir. Ancaq buna baxmayaraq, iqtisadi ekspertlər bəzi ölkələrin iqtisadi durumu ilə bağlı nikbindirlər. Belə ki, bu günlərdə Avropa Yenidənqurma və İnkişaf Bankının regional iqtisadi perspektivlərə dair hesabatında Azərbaycan iqtisadiyyatının gələn il 3 faiz artacağı qeyd edilib. Ekspertlər vergi güzəştləri və məşğulluğa dəstək tədbirlərinin iqtisadi artım üçün şərait yaradacağını bildirirlər.
Qeyd edilir ki, 2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 3 faiz təşkil edəcək. İqtisadçı-ekspertlər bildirirlər ki, Azərbaycan hökuməti tərəfindən koronavirusun iqtisadiyyatın bütün sahələrinə təsirini azaltmaq üçün çevik addımlar atılıb. İlk olaraq məşğulluq probleminin yaranmaması üçün görülən tədbirlər vəziyyətin stabilləşdirilməsində önəmli rol oynayıb. Bildirilir ki, gələn il ölkədə iqtisadi artımın proqnozlaşdırılmasını şərtləndirən məsələlərdən biri də biznes mühitinin yumşalması üçün atılan təşviqedici addımlardır.
Hesabatda o da qeyd olunub ki, Dövlət Neft Fondunun aktivləri xarici şokların təsirini azaltmaqda önəmli rol oynayacaq. Mart ayında xarici valyutaya artan tələbat fonunda Mərkəzi bank yerli banklara təxminən 2 milyard dollar satıb. Bu isə aprel ayında valyutaya təzyiqi azaldıb. Bank sektoruna inamın artmasında hökumətin fiziki şəxslərin əmanətlərinin tam sığortalanması müddətini 2020-ci ilin dekabr ayının əvvəlinə qədər uzatması da önəmli rol oynayıb.
Bank artıq 2020-ci ilin III rübündə region ölkələrində iqtisadi artımın bərpa olunacağını gözləyir. Bununla yanaşı, hesabatda pandemiyanın potensial uzunmüddətli ciddi iqtisadi, siyasi və sosial izlərinin qalmasının mümkünlüyü qeyd olunub.
Davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə
Prezident İlham Əliyevin hərtərəfli əsaslandırılmış strateji inkişaf kursu əlverişli geosiyasi mövqeyə, zəngin təbii-iqtisadi potensiala malik olan Azərbaycanı siyasi və makroiqtisadi baxımdan sabit məkan, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə kimi tanıdıb.
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal və regional enerji, nəqliyyat-kommunikasiya layihələrinin fəal iştirakçısı, tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daim inkişaf etdirən Azərbaycan qlobal pandemiya dövründə də iqtisadiyyatının dayanıqlığını təmin edir.
Mayın 12-də Prezident İlham Əliyev Sumqayıtda "Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında ölkə iqtisadiyyatının mövcud durumuna toxunaraq qeyd etdi ki, bir çox ölkələrdə iqtisadiyyat tənəzzülə uğrasa da, Azərbaycanda dörd ayın yekunlarına əsasən, iqtisadiyyat az da olsa - 0,2 faiz artıb. O ki qaldı qeyri-neft sektorunun inkişafına, bu sektorun sənaye artımı 16 faizdən çoxdur. Bu da, əlbəttə ki, görülmüş işlərin nəticəsidir.
Cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib.
Bu gün Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların keçirdikləri reytinqlərdə nəinki MDB dövlətlərini, hətta dünyanın bir çox inkişaf etmiş ölkələrini geridə qoyur.
Artıq neçə ildir ki, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri olan qeyri-neft sektorunun inkişafı qarşıya prioritet vəzifə kimi qoyulub. Son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində bu sektor xeyli tərəqqi edib. Bu isə o deməkdir ki, dünyada baş verən mənfi iqtisadi meyillərə baxmayaraq, ölkəmizin iqtisadiyyatı öz inkişafından qalmır. Hətta bu ilin birinci rübündə qeyri-neft və qaz sektorunda sənaye məhsulları istehsalının həcmi 23 faiz artıb.
Prezident İlham Əliyev ötən həftə Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində də bunu mütləq rekord göstərici adlandırmışdı. Əlbəttə ki, pandemiya şəraitində hər dövlətin belə uğur qazanması qeyri-mümkündür.
Bir sözlə, Azərbaycan cənab İlham Əliyevin yeni iqtisadi strategiyası əsasında inkişaf dinamikasını davam etdirir.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 16 may.- S.1;4.