Koronavirus
Paşinyanı çıxılmaz vəziyyətə
salıb
Ermənistanda sosial-iqtisadi xaos daha da
dərinləşir
Ermənistanda koronavirus pandemiyası səbəbindən getdikcə
ağırlaşan vəziyyət
hakimiyyət üçün
də əlavə problemlərə yol açmaqdadır. Hətta fikirlər səslənir
ki, bu gedişlə
Nikol Paşinyan yaxın tezlikdə iqtidardan devrilə bilər.
"İrates” qəzeti
də ölkədə
son hadisələr fonunda
qeyd edir ki, hakimiyyət artıq Nikol Paşinyanın əlindən
sürüşüb gedir. Bildirilir ki,
baş nazir komandasında birliyi belə təmin edə bilmir. Hakimiyyətin müxtəlif qanadları
arasında gərginlik
yüksək həddə
çatıb. Paşinyanın arxasında kölgə hökuməti fəaliyyət
göstərir. Hüquq mühafizə
orqanları cinayət
işlərinin qarşısını
arzuedilən səviyyədə
ala bilmirlər.
"İrates”in yazdığına
görə, Paşinyan
keçmiş hakimiyyət
nümayəndələrinin son qəpiyini müsadirə etməklə vəziyyətdən
çıxmağa çalışır. Ermənistan
baş nazirinin yaxın günlərdə
keçmiş vəzifəlilərə
qarşı yeni cinayət işini başladacağı gözlənilir:
"Burada iki, yaxud üç variant ola bilər. Ya Ermənistan rəhbərliyi
sadəcə siyasi müqavimətin bir hissəsi olan keçmiş hakim sistemin
kapitalını müsadirə
edib ələ keçirir, yaxud müxtəlif kompromat məlumatlara sahib insanlar olmadıqda, bu kapital ilə razılaşır. Bunlardan hansı
Ermənistanın maraqları
baxımından perspektivli,
daha real və ya daha effektivdir?
Birinci versiya ictimai cəhətdən cəlbedici
görünür, amma
burada özünü
aldatma ehtimalı olduqca yüksəkdir.
Məsələ burasındadır ki, bəhs etdiyimiz kapital çoxdan aysberqin yalnız kiçik bir hissəsi olaraq Ermənistanda qalıb. Hazırda müsadirə
etmək, götürmək,
ələ keçirmək,
yenidən bölüşdürmək
və məsələnin
həll edilmiş hesab edilməsinin mümkün olduğunu düşünmək qeyri-real
və qeyri-kafi görünür”.
Ermənistanın "Alternativ” ictimai təşkilatının sədri
Narek Mantaşyan da bildirib ki,
vəziyyət olduqca ağırdır və Paşinyanın çıxış
yolları dalana dirənib. Vurğulayıb ki, elə bu səbəbdən Ermənistan baş naziri və komendant ofisinə çağırış edirəm
ki, koronavirusu iqtisadi uğursuzluqların
günahkarı hesab etməsinlər. Bütün bunların
yeganə günahkarı
koronavirusa qarşı
öz qeyri-ciddi münasibəti ilə bugünkü hakimiyyətdir.
Mantaşyan qeyd edib ki, Nikol Paşinyan
nəyin bahasına olursa-olsun ölkəni ötən əsrin
90-cı illərinin əvvəlinə
gətirməyə çalışır:
"Nikol Paşinyan zehni qabiliyyətləri, xarizması ilə Levon Ter-Petrosyandan kifayət qədər geri qalaraq hakimiyyətdə
o qədər də uzun sürə bilməyəcək və
çox tez istefa verəcək”.
Elə erməni
politoloq Andranik Tevanyan da məsələyə
eyni prizmadan yanaşır. O, Ermənistan qarşısında əsas
çağırışların Qarabağ məsələsi,
koronavirus, sosial-iqtisadi
və xarici siyasət, məhkəmə
böhranları və
aşağı səviyyəli
idarəetmə olduğunu
bildirib: "Baş nazir fövqəladə vəziyyətdə idarəetmə
şəraitinin formasını
dəyişməklə bağlı
son şansından məhrum
olub. O, özü ciddi böhran mənbəyinə çevrilib.
Bu, Ermənistana və Qarabağa çox baha başa gəlir. 2022-ci ilə qədər
böhran vəziyyətində
olacağıq. Bu, yekunda təhlükəsizliklə
bağlı ağır
nəticələrə gətirib
çıxaracaq”.
Maraqlıdır ki, məhz bu durumda Paşinyanla ciddi qarşıdurma yaşayan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Artur Vanetsyan ölkədə hakimiyyət dəyişikliyinin anonsunu verib. "Rodina” İnkişaf Fondunun rəsmi "Facebook” səhifəsində yerləşdirilən bəyanatda deyilir: "Bu yaxınlarda baş verən daxili siyasi hadisələri nəzərə alaraq əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə bizi böyük siyasi hadisələr gözləyir. Sizin fəaliyyətinizə daha çox tələb olacaq və əməyiniz qiymətləndiriləcək”.
Qeyd edək ki, Vanetsyan bu fondun Qəyyumlar Şurasının sədridir. Bundan başqa, məlum olub ki, Vanetsyan Nikol Paşinyanı məhkəməyə verməyə də hazırlaşır. Onun vəkilləri olan Lusina Saayan və Aramazd Kiviryan məlumatı təsdiq ediblər. Vəkillər Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorqyanın böhtan xarakterli ifadələrinə görə mülki iddia ərizəsinin hazırlanıb məhkəməyə təqdim olunacağını bildiriblər: "Hökumət başçısının öz sözçüsünün vasitəsilə qəsdən yalan məlumat yaymağını yolverilməz və çirkin hesab edirik. Bu, özündə birbaşa siyasi təzyiq elementlərini cəmləşdirir. Məhkəməyə müvafiq mülki iddianı təqdim edəcəyik. Qanuna görə böhtan atan hər kəs bunun üçün cavab verməlidir və Ermənistanda böhtan xarakterli mübarizə üsulu, nəhayət, rədd edilməlidir”.
Xatırladaq ki, Paşinyanın mətbuat katibi Mane Gevorqyan sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan və Artur Vanetsyanı bir sıra şirkətlərin rəhbərləri vasitəsilə qanunsuz olaraq səhm almaqda ittiham edib. Gevorqyan bu barədə məlumat əldə etdiyini bildirib. Vanetsyan isə bu ittihamları absurd sayır. Bundan başqa, qeyd edir ki, Nikol Paşinyan hüquq mühafizə orqanlarından ona qarşı cinayət işi açmağı tələb edib.
Hesab edilir ki, yaranmış vəziyyətdə məhz siyasi qüvvələr Vanetsyanın rəhbərliyi altında Paşinyana qarşı təşkilatlanacaq. Ölkədə yaranan sosial-iqtisadi xaos isə bu qüvvələrin istəklərini daha tez reallaşdırmağa şərait yaradır.
Elçin CƏFƏROV
Azərbaycan.-2020.- 16 may.- S.1;7.