Azərbaycan
müasir texnologiyaların tətbiqinə xüsusi önəm
verir
CISCO
şirkətinin təşəbbüsü ilə Prezident
İlham Əliyevlə bu şirkətin rəhbərləri
arasında videokonfrans keçirilib
Mayın
15-də CISCO şirkətinin təşəbbüsü ilə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə
bu şirkətin icraçı vitse-prezidenti və baş
maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və
CISCO rəhbərliyinin digər nümayəndələri
arasında videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentini salamlayan CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer dedi:
-Sabahınız xeyir, cənab Prezident.
Prezident İlham Əliyev: Sizi görməkdən çox şadam, sabahınız xeyir. Amma sizin üçün axşamınız xeyir olsun. Sizdə indi axşamdır.
Kelli Kramer: Bəli. Sizi görməkdən olduqca məmnunam. Sizi sonuncu dəfə Davosda görmüşdüm. Amma üstündən, görünür, son hadisələrdən sonra çox vaxt keçir.
Prezident İlham Əliyev: Bəli, sizi yenidən görməyimə çox şadam və çox yaxşıdır ki, bizim bir-birimizlə danışmaq və Davosda keçirdiyimiz görüşdən sonra görülmüş işləri nəzərdən keçirmək, eləcə də növbəti addımları planlaşdırmaq üçün bu fürsətimiz var.
Kelli
Kramer: Elədir ki, var. Hesab edirəm ki, bir çox maraqlı
hadisələr baş verməkdədir. Mən,
sadəcə, bizimlə görüşdüyünüzə
görə Sizə bir daha təşəkkürümü
bildirmək istərdim. İcazənizlə,
başqa bir məsələni də deyərdim. Əslində, yaxşı və xoş təəssürat
bağışlayan haldır ki, COVID-19 virusu ilə əlaqədar
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının toplantısında və Qoşulmama Hərəkatının
görüşünün təşkil edilməsində
liderlik səylərinizi nümayiş etdirdiniz. Çox böyük təəssürat
bağışladı. Bir daha bu işlərə
rəhbərlik etdiyinizə görə Sizə minnətdarıq.
Onu da söyləməliyəm ki, CISCO-nun teleiştirak
texnologiyasından istifadəni görmək də çox
yaxşı hal oldu. Bir sözlə, əgər bununla Sizə
kömək edə bildiksə, bu, çox xoşdur. Sizi görmək fürsətini də dəyərləndiririk.
Buna görə minnətdarıq.
Prezident
İlham Əliyev: Sağ olun.
Sonra CISCO
şirkətinin vitse-prezidenti Qay Ditrix çıxış edərək
dedi:
-Sizi
görməyimə çox məmnunam. Bu
gün bizə vaxt ayırdığınıza görə
olduqca minnətdaram. Mən üç sahəni
əhatə edəcəyəm. Müzakirə etmək
istədiyimiz üç sahə belədir: "Smart ölkə”,
təhsil və kibertəhlükəsizlik. Onların
hamısı Sizin əsas prioritetlərinizlə
bağlıdır. Siz onları təxminən iki il əvvəl bizim qarşımızda təsvir
etdiniz. Biz ildə iki dəfə Bakıda, yaxud
Davosda keçirdiyimiz görüşlərdə Sizə
yenilikləri çatdırırdıq.
"Ağıllı şəhər” layihəmiz yəqin
ki, xatirinizə gəlir. Biz, əslində, "Ağıllı
avtovağzal” ilə başladıq və şəhərdə
həmin sahəyə aid bütün müxtəlif cəhətləri
əlavə etdik. Özü də bu
addımı hərtərəfli sınaq formatında
atdıq. Nəticə inanılmaz dərəcədə
uğurlu oldu. Çoxsaylı müsbət
rəylər daxil oldu. Çox
yaxşı məlumatlar toplanıldı.
Qay Ditrix ölkəmizdə icra olunan birgə layihələrdən
danışdı, bu layihələrin çox gözəl nəticələr
verdiyini bildirdi. CISCO şirkətinin vitse-prezidenti Azərbaycanın
müvafiq strukturları ilə çox uğurlu əməkdaşlığın
həyata keçirildiyini dedi və bu əməkdaşlığın
təcrübə qazanmaq baxımından əhəmiyyətini
vurğuladı. O, təmsil etdiyi şirkətlə
"Quantelo” şirkəti arasında həyata keçiriləcək
əməkdaşlığın perspektivləri barədə
də danışdı, vahid məlumatlar sisteminin
yaradılması istiqamətində görülən işləri
qeyd etdi və bunun ümumi daxili məhsulun artımı,
iş yerlərinin yaradılması və innovasiyaların tətbiq
edilməsi işinə xidmət edəcəyini bildirdi. Qay
Ditrix "Ağıllı məktəblər” layihəsinə
toxunaraq dedi:
-Cənab
Prezident, ümumi məqsədimiz bir-biri ilə
bağlantısı olan "Ağıllı məktəblər”
və təhsil proqramlarını yaratmaqdır ki, bu sahədə
qlobal liderlik qazanılsın. Sizin qeyd etdiyiniz
miqyas və öhdəlik tam uyğundur. Biz
bunun öhdəsindən gələ və təhsilin səviyyəsini
qaldıra bilərik. Həmin bir-biri ilə
bağlantısı olan məktəblər vasitəsilə Sizin dünyadakı statusunuz qalxacaq.
Prezident
İlham Əliyev: Çox sağ olun. Siz
haqlı olaraq qeyd etdiyiniz kimi, biz iki mühüm tədbirin təşkilində
Sizin əla avadanlığınızı
istifadə etdik. Texniki nöqteyi-nəzərdən deyə bilərəm
ki, hər iki tədbir çox gözəl baş tutdu,
çünki bu iş asan deyildi. Əgər
türkdilli dövlətlərin Sammiti cəmi bir neçə
dövləti əhatə edirdisə, ikinci tədbirə gəldikdə,
iştirakçılar qırxdan artıq idi. Orada, həmçinin beynəlxalq təşkilatlar
var idi. Yeri gəlmişkən, ilk dəfə
idi ki, Qoşulmama Hərəkatı və Avropa
İttifaqı eyni tədbirdə iştirak edirdi. Əvvəllər, bu, heç zaman baş verməmişdir.
Azərbaycan həmin iki mühüm beynəlxalq
tədbiri başladı. Təbii ki,
onların hər ikisi koronavirusla və beynəlxalq səviyyədə
onunla mübarizə ilə əlaqəli idi. Sizə deyə bilərəm ki, texniki dəstək əla
idi. Mən bu fürsətə görə
minnətdaram. Hazırda bu imkanlardan sizinlə
söhbət etmək üçün istifadə edirik. Yeri gəlmişkən, sizə deyə bilərəm
ki, mənim sizin əla sisteminiz vasitəsilə həmkarlarımızla,
yəni, dövlət başçıları ilə artıq
bir neçə söhbətim olub. Lakin
bu, ilk dəfədir ki, mən şirkətin rəhbərləri
ilə bu cür söhbət edirəm. Fikrimcə,
xoş təsadüfdür ki, bu, CISCO-dur.
Bu, ölkələrimiz arasında çox sıx və
deyərdim ki, strateji tərəfdaşlığı
nümayiş etdirir. İlk bu cür söhbət
apardığım şirkət Birləşmiş Ştatları
təmsil edən şirkətdir. Yeri gəlmişkən,
sizə deyə bilərəm ki, dünən mən Prezident
Trampdan məktub almışam. O, məni və Azərbaycan
xalqını qarşıdan gələn Respublika Günü
münasibətilə təbrik edib. Öz məktubunda Prezident
Tramp yazır ki, təxminən 30 ildir Birləşmiş
Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi,
enerji təchizatının şaxələndirilməsini,
siyasi islahatlar məsələlərini təmin etmək
üçün birgə işləyirlər. Həmin
məktubda, o, xüsusi olaraq qeyd edir ki, iki böyük
dövlətimiz gələcəkdə daha çox işlər
görəcək. Bu, ABŞ ilə Azərbaycan
arasında dostluğun çox mühüm təzahürüdür.
Qeyd etdiyiniz məsələlərə gəldikdə,
biz onları əvvəllər müzakirə etmişik. Şadam ki,
Davosda keçirdiyimiz görüşdən sonra böyük
irəliləyişə nail olmuşuq. Heyətim
mənə məlumat verib ki, bu sahələrdə, xüsusən
də müzakirə etdiyimiz kimi "Ağıllı şəhər”
layihəsi sahəsində işlər yaxşı gedir.
İndi isə siz yeni "Smart ölkə”
ideyası ilə çıxış edirsiniz. Nəinki şəhər infrastrukturu, nəqliyyat,
dayanacaq yerləri və bəzi digər şəhər
infrastrukturu, o cümlədən qlobal "Smart ölkə”
konsepsiyası ortaya çıxır və biz onu tam dəstəkləyirik.
Söylədiyiniz kimi, o, təhsili, kibertəhlükəsizliyi,
səhiyyəni və əvvəlcə müzakirə etdiyimiz
kimi, əlavə edərdim ki, kənd təsərrüfatı
və su ehtiyatlarının idarə olunmasını əhatə
edir. Mən buna sonradan qayıdacağam.
Lakin ilk olaraq mənə sizin "Quantela”
şirkəti ilə əməkdaşlığınız
haqqında məlumat verildi. Əlbəttə
ki, biz bunu tam dəstəkləyirik. "Smart
ölkə” layihəsinin inkişaf gündəliyi üzrə
tam tədqiqatın, bir növ "yol xəritəsi”nin
hazırlanması da fikrimcə, çox faydalı olardı.
Bundan sonra, qarşımızda tam mənzərə
aydınlaşacaq. Atacağımız addımların planı hazır
olacaq və yekun nəticə çıxacaq və bu nəticəyə
nail olmaq üçün hansı növ ehtiyatların
toplanmasına ehtiyac duyulduğunu da biləcəyik. Hazırkı vəziyyətdə "bir-biri ilə
bağlantısı olan məktəblər” və təhsil
proqramı üçün verdiyiniz dəstək çox
vacibdir, çünki sizə məlumat vermək istəyirəm
ki, məktəblərimiz və universitetlərimiz koronavirusa
görə martın əvvəlindən bağlanıb və
tədris ilinin sonuna qədər onlar, birmənalı olaraq,
açılmayacaq. Koronavirusla bağlı
işlərin gedişini, onun necə olacağını hələ
görməliyik. Bu günə qədər
vəziyyət nəzarət altındadır. Çox az sayda ölənlər var və ciddi məhdudlaşdırıcı
tədbirlər sayəsində yoluxmuş insanların sayı
da nisbətən aşağıdır. Lakin
hazırda biz dünyanın demək olar ki, bütün
ölkələri kimi artıq açılış prosesindəyik.
Buna görə məsafədən təhsil
imkanları həqiqətən çox vacibdir. Əgər bizdə bütün məktəblərimizin
tam bağlantısı olan sistem olarsa, onda bu, çox
böyük imkana çevriləcək. Siz
dediyiniz kimi, bu halda Azərbaycan aparıcı ölkələrdən
biri olacaq.
Kibertəhlükəsizliklə bağlı məsələyə
gəldikdə, biz bunu, həmçinin əvvəllər
müzakirə etmişik. Əvvəlcə müzakirə
etdiyimiz kimi və mən də qeyd etdiyim kimi, həmin yeni
islahatlar gündəliyində əsas məqsəd ümumi
daxili məhsulu artırmaq, iş yerlərini açmaq və
bunun üçün innovativ texnologiyalardan istifadə etməkdən
ibarətdir.
Hazırkı koronavirus şəraitində, əvvəlcə
qeyd etdiyim kimi, bu məsələlər daha da vacibdir. Çünki
demək olar ki, bütün ölkələrin ümumi daxili
məhsulu zərbə altındadır. Bununla
belə, bu ilin dörd ayında bizdə ümumi daxili məhsulun
artımı 0.2 faiz səviyyəsində olub. Lakin anlayırıq ki, növbəti ay çox
güman bu göstərici də aşağı düşəcək.
Sənaye sektorunda vəziyyət daha
yaxşıdır. Bizim qeyri-enerji sənayesində
13 faizdən artıq artım olub. Lakin, əlbəttə,
koronavirus ümumi daxili məhsula və iş yerlərinə
zərbə vurur, çünki biz, təbii ki, işsizliyin
artmasını hesablayacağıq. Amma onun
qarşısını almaq üçün 2 milyard avro həcmində
çox ciddi iqtisadi və sosial paketi işə
salmışıq. İqtisadiyyatın
hazırda tam bağlandığı sahələrdə
işlərini itirmiş insanları qorumaq üçün
bunu edirik. Məsələn, turizm. O,
indi sıfır səviyyəsindədir. Bir sözlə,
bu məsələlər hazırda daha çox əhəmiyyət
kəsb edir. Hesab edirəm ki, biz diqqətimizi
onun üzərinə yönəldəyəcəyik.
İndicə danışdığımız məsələlərdən
başqa, fikrimcə, biz digər sahələrdə də
işləyə bilərik. Bilirəm ki, siz kənd
təsərrüfatının rəqəmsallaşdırılması
ilə bağlı artıq təmasdasınız. Bu sektor hazırkı vəziyyətdə neft qiymətlərinin
tənəzzülü ilə aparıcı sektorlardan biri
olacaq. Buna görə kənd təsərrüfatı
məşğulluq, ərzaq təhlükəsizliyi və
ixrac deməkdir. Gözəçarpan nəticələrə
nail olmaq üçün bizim su ehtiyatlarımıza çox
ciddi elektron nəzarət sistemimiz olmalıdır. Elə bu yaxınlarda mən Baş Nazirin
müavininin rəhbərliyi altında xüsusi dövlət
komissiyasının yaradılması ilə bağlı Sərəncam
imzalamışam. Onlar artıq işə
başlayıblar. Bir çox nazirlər həmin
komissiyanın üzvləridir, çünki bizim çoxlu
itkilərimiz olub. Ötən il isə
bizdə çox ciddi quraqlıq oldu. Bu il,
həmçinin gözlənilir. Düzdür,
daha yüngül olsa da, amma yenə də
proqnozlaşdırılmayan haldır. Hava
şəraiti gözlənilməz şəkildə dəyişir.
Beləliklə, su ehtiyatlarımızın düzgün
qiymətləndirilməsi, layihənin prioritetlərinin müəyyənləşdirilməsi,
su ehtiyatlarının və balansın elektron idarə edilməsi
qarşıdan gələn illərdə bizim
üçün ən vacib məsələdir.
Azərbaycanda infrastruktur layihələrinin əksəriyyətinin
artıq tamamlandığını nəzərə alsaq, bu,
infrastruktur layihələri sırasında bir nömrəli
layihə olacaqdır ki, onun icrası nəticəsində su
ehtiyatlarına nəzarət, idarəedilmə və bərabər
bölgü təmin olunacaq. Çünki burada
narahatlıq doğuran məsələlərdən biri odur
ki, bəzən su ehtiyatlarının paylanılması
zamanı yerli icra orqanları bunu qeyri-bərabər şəkildə
edirlər və nəticədə müəyyən şirkətlər
qrupu əsassız üstünlük əldə edir. Bu ədalətsizlik isə öz növbəsində,
ciddi çətinliklər yaradır. Bu səbəbdən
hesab edirəm ki, bu məsələ də bizim gündəliyimizə
əlavə edilə bilər və beləliklə, biz gələcəkdə
hansı işlərin görüləcəyi ilə
bağlı geniş mənzərəyə malik
olacağıq.
Qay Ditrix:
Çox gözəl. Cənab Prezident, biz
çağırışları sevirik. Su
ehtiyatlarının idarə edilməsi dünyanın hər
yerində çağırışdır. Biz bu sahədə bir sıra layihə və
texnologiyalara malikik. Bu, təkcə su
ehtiyatlarının idarə edilməsi və nəzarət
deyil. Buraya müvafiq sahədə
qanunvericilik də daxildir. Çünki
dünyanın elə bölgələri var ki, orada infrastruktur
olduqca inkişaf etmiş səviyyədədir, lakin orada boru kəmərlərinin
zədələnməsi nəticəsində böyük su
itkisi baş verir. Mən iki layihəni nəzərdə
tuturam ki, biz pilot layihə çərçivəsində
orada sensor texnologiyasının tətbiqi və su
ehtiyatları sahəsində qanunvericiliklə bağlı məlumatın
toplanılması ilə məşğuluq. Biz,
əlbəttə, Sizinlə də bu sahədə
çalışa bilərik.
Daha bir mövzu "Ağıllı kənd təsərrüfatı”dır. Siz bu sahədə olduqca irəlidəsiniz
və Sizin kənd təsərrüfatının
inkişafı ilə bağlı baxışınızı
reallaşdırmaq üçün müvafiq texnologiyalar
artıq mövcuddur.
Azərbaycan
Prezidentinin köməkçisi Şahmar Mövsümov
"Ağıllı şəhər” layihəsinə toxundu
və bu istiqamətdə görülən işlərdən
danışaraq dedi:
-Çox
təşəkkür edirəm, cənab Prezident. CISCO şirkəti ilə çox yaxşı əməkdaşlığımız
var. Biz irəli sürülmüş və tərəfinizdən
qəbul edilmiş "Smart ölkə” ideyası üzərində
çalışacağıq. Düşünürəm
ki, bu istiqamətdə "yol xəritəsi”nin, büdcənin
və bütün vacib göstəricilərin olması
çox önəmlidir. Ümid edirəm
ki, "Ağıllı şəhər” layihəsinin
icrası mərhələsi yaxınlaşanda biz artıq bu
koronavirus məsələsini geridə qoyaraq normal həyata
dönəcəyik. Təşəkkür
edirəm.
Azərbaycanın
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri
Ramin Quluzadə CISCO şirkəti ilə əməkdaşlığa
toxundu və indiyədək həyata keçirilən layihələrdən
danışaraq dedi:
-Cənab
Prezident, hörmətli həmkarlar. CISCO şirkəti
ilə əməkdaşlığımız koronavirus
pandemiyası dövründə də uğurla davam
etmişdir. CISCO şirkətinin bulud
platforması və şəbəkə texnologiyalarından
istifadə etməklə videokonfrans şəklində
mühüm tədbirlər təşkil edilmişdir. Bununla yanaşı, müvafiq texnologiyalar vasitəsilə
tərəfimizdən dövlət qurumları
üçün virtual görüşlərin təşkili
və onlayn xidmətlər təklif edilir. Hazırda biz 8 rəqəmsal prioritet üzərində
çalışırıq.
Prezident
İlham Əliyev: Hesab edirəm ki, bugünkü müzakirəmiz
olduqca vacib və ümidverici idi. Bu təşəbbüslərin
tərəfinizdən dəstəklənməsinə görə
sizə bir daha təşəkkür edirəm. Biz ölkəni müasirləşdirmək arzusunda
olduğumuzla bağlı çoxlu müzakirələr
aparmışıq və hər kəs anlayır ki, müasir
texnologiyalar olmadan bu, mümkün deyil. Bu
səbəbdən, zənnimcə, bu gün müzakirə
etdiklərimiz icra olunacaq, çünki əvvəl
planlaşdırdığımız bütün təşəbbüslər
artıq həyata keçirilib.
Su
ehtiyatlarının idarə edilməsi məsələsinə
qayıdaraq, siz su itkisi məsələsini düzgün qeyd
etdiniz və bizdə də belə problem var. Bəzi hallarda Azərbaycanda
su itkisi 40 və hətta 50 faiz təşkil edir. Biz yalnız su itirmirik, biz həm də torpağa
ziyan vururuq, çünki torpaq yuyulur və daha sonra kənd təsərrüfatı
üçün yararsız olur. Düşünürəm
ki, səylərimizi birləşdirərək və sizin təcrübənizdən
faydalanaraq biz məhsuldarlığı artırmaqla
böyük uğura nail ola bilərik.
Bizim münbit torpaq ehtiyatımız məhduddur. Kənd təsərrüfatı
məhsulları ilə özümüzü təmin etmək
və ixrac qabiliyyətimizi gücləndirmək
üçün biz məhsuldarlığı
artırmalıyıq. Bu isə yalnız
müasir texnologiyaların tətbiqi nəticəsində
mümkündür.
Sonra CISCO
şirkətinin Rusiya və MDB ölkələri üzrə
vitse-prezidenti Conatan Spərrou çıxış edərək
dedi:
-Cənab
Prezident, həmkarlarımın burada dediklərinə mən də
qoşuluram. CISCO şirkətinin Azərbaycan
Respublikası ilə əməkdaşlığı fantastik
olmuşdur və biz bu əməkdaşlığın
davamlı olmasını arzulayırıq.
Daha sonra
CISCO-nun Azərbaycan üzrə regional direktoru Vladimir Orlov
çıxış edərək dedi:
-İstərdik
ki, Beynəlxalq Avtovağzal Kompleksi regionda icra etdiyimiz
bütün pilot layihələr sırasında parlayan bir
ulduz olsun. İstərdik ki, şəhərdə
tətbiq oluna biləcək bütün texnologiyalar burada
istifadə edilsin və biz daha sonra bu layihəni digər
dövlətlərə də təklif edəcəyik. "Smart ölkə” layihəsi uzunmüddətli
perspektivdə ölkə üçün faydalı olacaq.
Burada söhbət yalnız vahid ölkə idarə
lövhəsi layihəsindən getmir. Buraya
səhiyyə, neft-qaz və digər
arzuladığınız sahələr də əlavə
edilə bilər. Kibertəhlükəsizlik
sahəsində biz "Azərenerji” ilə əməkdaşlıq
edirik.
Prezident
İlham Əliyev: Təşəkkür edirəm. Hesab edirəm ki, yeni əməkdaşlıq
formatımızın strukturu rəsmi müəyyən
edildikdən sonra bizim qısamüddətli icra planımız
olmalıdır, çünki bizim bu məsələlərə
ciddi ehtiyacımız var. Müasir dünyada təhlükəsizlik
bir nömrəli məsələdir və buraya enerji təhlükəsizliyi
də daxildir. Bu səbəbdən
kiberhücumlara qarşı müdafiənin bizim
üçün əhəmiyyəti daha da artacaq. Bu yaxınlarda, pandemiya vaxtı mən "Azərenerji”nin
əməliyyat mərkəzinin açılışında
iştirak etdim və burada SCADA sistemi daxil olmaqla bütün əməliyyat
sistemləri çalışır. Bizim
enerji infrastrukturunun müasirləşdirilməsi ilə
bağlı böyük planımız var. Mövcud elektrik
stansiyalarında yenidənqurma və təmir işləri
aparmaqla biz elektrik enerjisi istehsalında ən azı 600
meqavatlıq artım əldə edə bilmişik. Yəni, yalnız resursların
optimallaşdırılması sayəsində biz səmərəliliyi
artıraraq böyük generasiya gücü əldə
etmişik. Beləliklə, bu, əlbəttə,
bizim üçün prioritet təşkil edən məsələ
olacaq. Səhiyyəyə gəldikdə, hər
kəsə aydın oldu ki, koronavirusla uğurlu mübarizədə
bu, mühüm amildir. Bütün məhdudlaşdırıcı
və təşkilati tədbirlərlə yanaşı, burada
həlledici rolu xəstələri müalicə edən həkimlər
oynayır. Bu səbəbdən, çox
qısa müddət ərzində bizim səhiyyə sistemimiz
restrukturizasiya olundu. Biz ən yaxşı
xəstəxanalarımızı koronavirus xəstələrinin
ixtiyarına verdik. Bu gün 20-dən
artıq xəstəxana istifadə edilir. Deyə
bilərəm ki, bəzi ölkələrdə ölüm
hallarının yüksək səviyyədə
olmasının səbəbi xəstəxanalarda
çarpayı qıtlığı ilə əlaqəlidir.
Onlar fiziki olaraq bütün xəstələri
qəbul edə bilmir. Koronavirusun ikinci
dalğası baş verdiyi halda Azərbaycanda kifayət qədər
əlavə çarpayı mövcuddur. Beləliklə,
səhiyyə sisteminin müasirləşdirilməsi heç
vaxt olmadığı qədər əhəmiyyətlidir,
çünki koronavirusun nə vaxta qədər
yayılacağını heç kəs bilmir.
CISCO-nun Ukrayna üzrə regional direktoru Oleq Bodnar kibertəhlükəsizlik
sahəsində əməkdaşlıqdan danışdı. Su itkisi məsələsinə
gəldikdə isə o dedi:
-Su itkisi
məsələsinə gəldikdə, bu, maraqlı
mövzudur və bu sahədə regionda bizim hazırda həyata
keçirdiyimiz layihə yoxdur. Bu baxımdan,
Avropa və Amerikada olan təcrübəni Azərbaycana gətirmək
çox yaxşı olardı. Sizinlə
çalışmaq fürsətinə görə təşəkkür
edirəm.
Xanım
Kelli Kramer dedi:
-CISCO heyəti və Azərbaycan arasında keçirilən bu görüş çox səmərəlidir. Cənab Prezident, Sizin kimi liderin texnologiyaya belə açıq olması və onun ölkə üzrə tətbiqinə hazır olması məmnunedici haldır. Şadam ki, CISCO bu sahədə Sizinlə əməkdaşlıq edir və hesab edirəm ki, qeyd etdiyimiz məsələlərin icrasını sürətləndirə bilərik. Bu əməkdaşlığın davamlı olmasını arzulayıram. Siz təkcə regionda deyil, dünya çapında texnologiyaya dəstək verən liderlərdənsiniz və bu işdə öndə getdiyinizə görə Sizə təşəkkür edirəm. Düşünürəm ki, biz bu tərəfdaşlığı yaratmaqla ölkəniz haqqında da çox şey öyrənə bilərik.
Prezident İlham Əliyev: Çox təşəkkür edirəm. Əməkdaşlığa və dəstəyinizə görə sizə minnətdaram. Əminəm ki, bizim strateji tərəfdaşlığımız yalnız güclənəcək. Çünki bizim ölkənin müasirləşdirilməsi ilə bağlı gündəliyimiz, sizin isə texnologiyanız var. Bizim uzun illərdir ki, əməkdaşlıq təcrübəmiz var. Artıq qeyd etdiyim kimi, burada layihələrin uğurlu icrası birgə səylərimizin ən yaxşı təzahürüdür. Bizim baxışlarımız tam üst-üstə düşür və potensialımızı səfərbər etməklə biz nisbətən qısa müddət ərzində çox işlər görə bilərik. Bu isə bizim Azərbaycanın müasirləşdirilməsi baxışımıza tam uyğun olacaq. Koronavirus pandemiyası başa çatdıqdan sonra sizi Bakıda görməyə ümid edirəm. Xatırlayıram ki, sizi buraya dəvəm etmişəm və beləliklə, müzakirəmizi regional formatda davam etdirə bilərik.
Xanım Kelli Kramer:
-Əlbəttə. Biz bu qorxunc pandemiyaya qədər artıq hər bir şeyi planlaşdırmışdıq və vəziyyət yaxşılaşdıqdan sonra mütləq səfər edəcəyik. Hər şeyə çox görə çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun. Sizə ən xoş arzularımı çatdırıram. Bu müzakirələrə görə sağ olun.
Azərbaycan.-2020.- 16 may.- S.1-2.