Azərbaycan qlobal problemlərin həlli platformasına çevrilib
Prezident İlham Əliyevin təşəbbüsü ilə
dünya birliklərinin
mütləq əksəriyyəti
COVID-19-la mübarizədə səylərini birləşdirib
Qlobal pandemiya
elan edilən koronavirus (COVID-19) bəşəriyyəti
təhdid etməkdə
davam edir. Ümumdünya Səhiyyə Təşkilatı
(ÜST) ölkələrdə COVID-19-a yoluxmanın sayını azaltmaq üçün bir sıra fundamental addımların həyata keçirilməsini vacib hesab edir.
Həmin təkliflər sırasında
dövlət qurumları
arasında koordinasiyanın
gücləndirilməsi, ictimai
toplantıların dayandırılması,
test, izolyasiya və karantinin həyata keçirilməsi üçün
dövlət qurumlarının
yeni şəraitə
uyğunlaşdırılması, səhiyyə qurumlarının
və ön sırada olan işçilərin müvafiq
resurslarla təmin edilməsi durur. Həmçinin
əhaliyə bu xəstəliyin ciddiliyinin
izah olunması, əl gigiyenası, öskürək etiketi və sosial məsafənin vacibliyinin izah edilməsi, bütün şübhəlilərin
təcrid edilməsi, pandemiyadan ən çox zərər çəkmiş insanlara
iqtisadi yardımın
göstərilməsi, dövlətlər
arasında həmrəyliyin
gücləndirilməsi, yoluxma
halları və nəzarət tədbirləri
barədə ÜST ilə
operativ şəkildə
informasiyanın paylaşılması
kimi məsələlər
də bura aiddir.
Real vəziyyətə əsaslanan
çevik tədbirlər
Azərbaycanda isə sadalanan təkliflər hələ
COVID-19 infeksiyasının yayıldığı
ilk zamandan etibarən tətbiq olunmağa başlanmış, real vəziyyətə
əsaslanan tədbirlər
görülmüş, virusun
yayılmasının qarşısının
alınması istiqamətində
vacib addımlar atılmışdı.
Fevralın sonlarında respublikamızda
virusa ilk yoluxma halı qeydə alınandan operativ şəkildə qabaqlayıcı
tədbirlərin həyata
keçirilməsinə başlanıldı. Qonşu ölkələrlə
yük avtomobillərinin
hərəkəti istisna
olmaqla, bütün sərhədlərimiz bağlanıldı,
xaricdəki Azərbaycan
vətəndaşları vətənə
qaytarıldı.
Ölkə ərazisində mart ayının
4-dən etibarən sosial
izolyasiya tədbirlərinə
start verildi. Sonrakı günlərdə izolyasiya tədbirləri genişləndirildi və
ölkədə karantin
rejimi tətbiq olundu. Mart ayının
əvvəllərindən bütün
məktəblərdə tədris
dayandırılıb, uşaq
bağçaları bağlanılıb.
Xüsusi karantin rejimi zamanında da dövlət hər bir vətəndaşının
yanında oldu, problemlərinin, çətinliklərinin
həllinə dəstək
göstərdi, maddi dayaq durdu. İqtisadi sabitliyi,
məşğulluqla bağlı
problemləri həll etmək üçün sosial-iqtisadi dəstək paketi qəbul olundu.
Eyni zamanda
20-dən çox müasir
laboratoriyada yoluxmanın
erkən aşkarlanması
üçün xeyli
sayda testlərin edilməsi, koronavirusa yoluxmuş bütün xəstələrin xəstəxana
şəraitində yüksək
səviyyədə müalicə
edilməsi və bu istiqamətdə görülən kompleks tədbirlər sağalanların
sayını çoxaltdı. Azərbaycanda virusa yoluxmada ağır fəsadlar yaranmadı, COVID-19-a qarşı
çevik mübarizə
sayəsində qısa
zaman kəsimində müsbət nəticələr
əldə edildi.
Artıq
aprelin 27-dən etibarən
tətbiq edilən karantin rejimi mərhələli şəkildə
yumşaldılıb və
bu proses müsbət dinamika üzrə inkişaf edir.
Pandemiyaya
qarşı qlobal mübarizə
Vətənimiz paralel olaraq beynəlxalq səviyyədə
də koronavirusla mübarizəyə dəstək
verən ilk ölkələrdən
oldu. Dövlətimiz qlobal böhranın
aradan qaldırılması
istiqamətində ehtiyacı
olan ondan çox ölkəyə maddi-texniki yardım edib, kömək əlini uzatdı, pandemiya ilə mübarizəyə qarşı
dünya birliklərinin
səylərinin birləşdirilməsinin
təşəbbüskarı oldu.
Bakıda
modul tipli ilk xəstəxana kompleksinin açılışındakı nitqində Prezident İlham Əliyev vurğuladı ki, həm ölkə daxilində lazımi tədbirləri görürük,
həm də beynəlxalq müstəvidə
öz sözümüzü
deyirik: "Mən deyə bilərəm ki, biz 10-dan çox ölkəyə yardım
etmişik. Texniki yardım, maliyyə
yardımı, təyyarələr
göndərmişik, yük
təyyarələri o ölkələrə
ki, onlar bizə müraciət edib və onların
maddi imkanları məhduddur, onların, belə deyək, müraciət edəcəyi
başqa bir ölkə yoxdur. Ondan çox ölkəyə yardım etmişik və hesab edirəm
ki, düz etmişik. Çünki məhz belə
günlərdə, belə
dövrdə insanların
da, ölkələrin
də əsl siması üzə çıxır. Yaxşı vəziyyətdə
hər kəs hər kəslə dostdur. Hər kəs yaxşı
sözlər deyir, beynəlxalq tədbirlərdə
çıxışlar edir,
qarşılıqlı dəstək
haqqında danışır,
amma əməldə bunu göstərmək lazımdır, əməldə.
Biz o ölkələrdənik
ki, əməldə bunu göstəririk.
Pandemiyaya qarşı qlobal
mübarizədə biz birinci
ölkələrdən olduq
ki, Ümumdünya Səhiyyə Təşkilatına
5 milyon dollar donor ianəsi
verdik. Bu yaxınlarda
artıq Qoşulmama Hərəkatının sədri
kimi Ümumdünya Səhiyyə Təşkilatına
əlavə 5 milyon
dollar ianə verdik ki, bizimlə razılaşdırmaqla Hərəkata
üzv ölkələrə
yardım göstərilsin.
Bilirsiniz
ki, mənim təşəbbüsümlə iki Zirvə görüşü keçirildi
- Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının
Zirvə görüşü
və Qoşulmama Hərəkatının Zirvə
görüşü. Hər iki təsisatda Azərbaycan hazırda sədrdir. Bu təşəbbüs vaxtında
və yerində olan təşəbbüsdür.
Demək
olar ki, bütün dünya birliyi bunu alqışlayır
və Azərbaycanın
rolunu qeyd edir”.
Azərbaycan məsuliyyətli ölkə
və etibarlı tərəfdaşdır
Prezident onu da qeyd etdi ki, həm özümüzə, xalqımıza, həm də bütün dünyaya bir daha göstərdik ki, biz ləyaqətli ölkəyik: "Biz bunu etməyə də bilərdik. Kimsə bizə bir söz deyəcəkdi? Yox. Kim bizə irad tuta bilərdi ki, bu ağır dövrdə biz bu təşəbbüsü irəli sürməsəydik. Amma biz bunu etdik. Çünki biz məsuliyyətli ölkəyik və etibarlı tərəfdaşıq. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü dünya miqyasında onlayn formatda birinci Zirvə görüşü idi. Qoşulmama Hərəkatının Zirvə görüşü isə 120 ölkəni birləşdirir. Onu da bildirməliyəm ki, bu Zirvə görüşünə təbrik müraciətlərini BMT-nin Baş katibi Quterreş, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Avropa Komissiyasının vitse-prezidenti göndərmişdilər. Onu da bildirməliyəm ki, Qoşulmama Hərəkatı ilə Avropa İttifaqı arasında, mən bilən, bu günə qədər hər hansı bir ciddi təmas olmayıb. Çünki bu iki təsisat fərqli qütblərdə yerləşir və bir çox hallarda onların baxışları üst-üstə düşmür. Ona görə bu da bir ilkdir. Əgər biz ölkələrin sayını götürsək, görərik ki, Qoşulmama Hərəkatında 120 üzv, Avropa İttifaqında 27 üzv, artıq 147 və Afrika İttifaqında 55 üzv fəaliyyət göstərir. Düzdür, onların bəziləri Qoşulmama Hərəkatının üzvüdür. Buna baxmayaraq, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanın təşəbbüsü ilə COVID-19-a qarşı vahid platforma formalaşdırdı. Mən tam səmimiyyətlə deyə bilərəm, özümüzü tərifləmək üçün yox, sadəcə olaraq, həqiqəti dilə gətirmək üçün, Azərbaycan dünyanı birləşdirir. Birincisi, milli zəmində, yəni ölkə ərazisində görülən bütün işlər, tədbirlər nümunəvi xarakter daşıyır. Sosial-iqtisadi paket adambaşına düşən xərclərə görə dünyada bəlkə də birincilər sırasındadır. Beynəlxalq müstəvidə özünü məsuliyyətli üzv kimi aparıb və yenə də ümumi daxili məhsula görə bizim qədər donor ianəsi verən olmayıb. Düzdür, bəzi ölkələr böyük rəqəmlər bəyan ediblər, amma hanı o vəsait, yoxdur. Bizimki isə nağd verilib. Beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülmüş təşəbbüslər də dünya birliyi tərəfindən birmənalı şəkildə yüksək qiymətləndirilir və təqdir edilir. Bax, bu çətin dövrdə hər kəsin əsl siması üzə çıxdı. Kim nəyə qadirdir, kim ölkəni necə idarə edir, kim böhrana qarşı necə hərəkət edir, kim xalqı, cəmiyyəti səfərbər edə bilib, kim isə, sadəcə olaraq, xarici yardıma möhtac qala-qala başqasından yardım diləyir. Ona görə həm özümüzə, xalqımıza, həm də bütün dünyaya bir daha göstərdik ki, biz ləyaqətli ölkəyik. Bizim üçün milli maraqlar prioritet məsələdir. İnsanların sağlamlığı isə milli maraqlar arasında prioritet yerdədir”.
Azərbaycan nümunəsi
Qlobal pandemiyaya qarşı dövlətimiz tərəfindən aparılan effektiv mübarizə dünyanın da diqqətindən kənarda qalmayıb və nümunə göstərilir. Bir müddət əvvəl ÜST-ün Baş direktoru Tedros Gebreyesus Prezident İlham Əliyev və digər ölkələrin liderlərinə ünvanladığı səmimi məktubda COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir edib. Bildirib ki, Azərbaycanda həyata keçirilən siyasət bir sıra ölkələr üçün nümunə ola bilər.
Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiyaya qarşı aparılan effektiv mübarizə, dünyada təhlükəsizliyin möhkəmlənməsinə verilən töhfələr dünya mətbuatının diqqət mərkəzinə çevrilir, təqdir olunur və alqışlanır.
Ölkə Prezidentinə vətəndaşlarımız tərəfindən saysız təşəkkür məktubları ünvanlanır. Hər bir azərbaycanlının qəlbində İlham Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsi olaraq respublikamızın bu sınaqdan da üzüağ çıxacağına, koronavirusa birdəfəlik son qoyulacağına dair böyük əminlik var.
Bəli, bu bir həqiqətdir ki, dünya xəritəsinə baxanda kiçik nöqtə kimi görünən Azərbaycan humanizm, xeyirxahlıq, dostluq, darda qalana kömək əlini uzatmaq kimi ümumbəşəri dəyərləri sayəsində yer üzünün hər yerindən görünən nəhəng ölkələrdən birinə, zirvəyə çevrilib...
Yasəmən
MUSAYEVA
Azərbaycan.-2020.- 16 may.- S.1;6.