ABŞ beynəlxalq təhlükəsizliyin
gücləndirilməsində Azərbaycanın rolunu yüksək dəyərləndirir
Donald
Tramp İlham Əliyevə məktubunda Birləşmiş
Ştatların Azərbaycan xalqının yanında
olduğunu növbəti dəfə bəyan etdi
Bərabərhüquqlu tərəfdaşlıq
prinsiplərinə əsaslanan Azərbaycan-ABŞ əlaqələri
bu gün müxtəlif
sahələri əhatə edir. Siyasi, iqtisadi və digər
sahələrdə iki dövlət
arasında əməkdaşlıq formatları mövcuddur.
Demokratları
və respublikaçıları təmsil etməsindən asılı
olmayaraq ABŞ-a rəhbərlik etmiş bütün prezidentlər
və onların administrasiyaları Azərbaycanla münasibətlərə
daim ehtiramla yanaşıblar.
Bu günlərdə ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubu bir daha iki dövlət arasındakı yüksək siyasi münasibətlərin təsdiqi oldu. Prezident İlham Əliyevə və Azərbaycan xalqına Amerika xalqı adından səmimi salamlarını və təbriklərini çatdıran Donald Trampın məktubunda qeyd olunur ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir. Məktubda əməkdaşlığın beynəlxalq hüququn dövlətlərarası münasibətləri tənzimləyən təməl norma və prinsiplərinə vurğu ilə başlaması təsadüfi deyil.
Bu baxımdan D.Trampın məktubunda ABŞ-ın Azərbaycanın müstəqilliyinə və suverenliyinə güclü dəstəyinin qeyd olunması iki ölkə arasındakı dərin siyasi münasibətlərin və tərəfdaşlığın növbəti təsdiqidir. Bu fikir həm də ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəyinin ifadəsidir.
Prezident D.Tramp məktubunda beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolunu və töhfələrini yüksək dəyərləndirir, bu sahələr üzrə iki ölkə arasında 30 illik əməkdaşlığı xüsusi qeyd edir. Bu, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq sülh, sabitlik və qlobal inkişafa verdiyi əhəmiyyətli töhfələrə və dövlətimizin beynəlxalq səviyyədə nailiyyətlərinə ABŞ-ın dövlət başçısı tərəfindən verilən yüksək qiymətdir. Məktubda iki böyük xalq ifadəsindən istifadə olunur ki, bu da ABŞ-ın dövlət başçısı səviyyəsində Azərbaycanın nüfuzlu və güclü dövlət olaraq qəbul edilməsinin təcəssümüdür.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan D.Tramp ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın münaqişənin sülh yolu ilə dayanıqlı həlli üzrə aparılan danışıqlara dəstəyini davam etdirəcəyini bəyan edib. Bu məqam münaqişənin həlli üzrə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə dəstək verməklə yanaşı, destruktiv hərəkətləri ilə danışıqlar prosesinə xələl gətirən təcavüzkar Ermənistanın hazırkı rəhbərliyinin ünvanına ciddi mesajları özündə ehtiva edir. Belə ki, danışıqlara dəstək ifadə etməklə Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ Ermənistanın danışıqlar formatının dəyişdirilməsi cəhdlərini rədd edir. Habelə, münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə diqqət çəkilir ki, bu da torpaqlarımızın işğalının qəbuledilməzliyi və Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsinin ifadəsidir.
Donald Trampın İlham Əliyevə təbrik məktubu bir daha Azərbaycan və ABŞ arasındakı yaxın tərəfdaşlıq münasibətlərinin bariz nümunəsi oldu. Ən əsası Donald Tramp Birləşmiş Ştatların Azərbaycan xalqının yanında olduğunu növbəti dəfə bəyan etdi.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 16 may.- S.1;4.