Həkim-tarzən
Xalq artisti Hacı Məmmədovun
"trio”su sənət
zirvəsinə ucalmışdı
Maraqlıdır, şairlərin, müğənni və xanəndələrin əksəriyyətinin peşəsi həkimlikdir, hətta mətbuatda çalışanların da bəziləri daha çox tibb ixtisaslıdırlar. İlk baxışdan burada bəlkə də qeyri-adi heç nə yoxdur. Əslində isə fərqinə varmadığımız məqamlar var. Elə məşhur söz sərraflarımızın, dühalarımızın adlarını çəkə bilərik ki, onlar da ixtisasca həkim-loğman olublar.
Musiqi aləmində də buna az rast gəlmirik. Uşaq yaşlarından musiqiyə
həvəs göstərən
və hələ 11 yaşında ikən xalq çalğı alətləri orkestrinə
qəbul edilən tarzən, Xalq artisti Hacı Məmmədov da ixtisasca həkim olub.
1920-ci ildə Şamaxı şəhərində dünyaya
göz açmış
Hacı uşaq vaxtlarından tar çalmağa
həvəs göstərib.
Lakin o,
1948-ci ildə Azərbaycan
Dövlət Tibb Universitetini bitirərək,
1970-ci ilədək həkim-cərrah
kimi fəaliyyət göstərib.
Həkimin uşaqlıqdan musiqiyə
olan həvəsi ötəri olmayıb. Ona görə
də nə musiqi məktəbi bitirib, nə də tarzən yanına gedib. Tarda çalmağı müstəqil
öyrənib. Peşəkar tarzən səviyyəsinə
qalxan Hacı Məmmədov bir müddət Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində
çalışıb. Sonra o, artıq M.Maqomayev adına
Azərbaycan Dövlət
Filarmoniyasının solisti
kimi tanınıb.
40 ildən çox
filarmoniyada işləyən
Hacı Məmmədovun
şux, oynaq ifa tərzi həmişə diqqəti
cəlb edib. Təsadüfi deyil ki, o, rus
və Qərbi Avropa müəlliflərinin
klassik əsərlərinin
tarda ilk ifaçısı
olub.
"Orta Mahur”, "Çoban-bayatı” və
bir çox xalq mahnımız Hacı Məmmədovun ifasında məşhurlaşıb.
Maraqlıdır ki, Hacı Məmmədovun
tibbi təhsil alması heç də özünün istəyi ilə olmayıb. Sadəcə, könül sevdasına
qovuşmaq üçün
o, həkimlik peşəsini
məcburən seçib.
Gələcək ömür-gün yoldaşı Aliyə xanımın valideynləri
öz qızlarını
artistə, musiqiçiyə
vermək istəməyiblər.
Hacı
Məmmədovun tar ifaçılığı
sənəti özündən
sonrakı sənətkarların
da yüksək peşəkarlığına səbəb
olub. Xalq artisti Möhlət Müslümov deyir ki, Hacı Məmmədov
elə-belə sənətkar
olmayıb: "Sadıqcan,
Qurban Pirimov, Bəhram Mansurov, Mirzə Mənsur, Məmmədağa Muradov tarın korifeyləridir. Hacı Məmmədov və Əhsən Dadaşov isə mənim ideallarımdır”.
Buna görə deyə
bilərik ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında
böyük xidmətlər
göstərmiş sənətkarlardan
biri də görkəmli tarzən Hacı Məmmədovdur.
Milli musiqimizdə
çox peşəkar
sənətkarlar olub. Hacı Məmmədovun
ifaçılığı isə ayrıca bir məktəb hesab edilir. Qurban Pirimov, Bəhram Mansurov kimi böyük sənətkarların yaratdığı
sənət məktəbindən
dərs alan
Hacı Məmmədov
milli musiqimizin ən görkəmli nümayəndələrindən biri kimi də
adını musiqi tarixinə yazdırıb.
Hələ onu demirik ki, Bülbül,
Seyid Şuşinski, Zülfü Adıgözəlov,
Əbülfət Əliyev,
Rəşid Behbudov, Şövkət Ələkbərova,
Yaqub Məmmədov, Rübabə Muradova, Sara Qədimova və başqa görkəmli sənətkarları tarda
dəfələrlə müşayiət
edib.
Hacı Məmmədovun yaradıcılığında muğamlar xüsusilə seçilir və bir zirvə hesab olunur. Bu sənət inciləri içərisində "Orta Mahur” tamamilə fərqlidir. Ustad bu muğamı elə ifa edirdi ki, ona qulaq asanlar bunu bir möcüzə sanırdılar. Hacı Məmmədov doğrudan da virtuoz ifaçı idi. Tara olan qeyri-adi məhəbbətinin və vurğunluğunun nəticəsi idi ki, ifasından kimliyini təyin etmək mümkün olurdu. Əlbəttə, belə bəxtiyarlıq hər sənətkarın taleyinə yazılmır.
Hacı Məmmədovun uşaqlıqdan tara olan həvəsi və marağı təsadüfi deyildi. Ailədə musiqiyə, xüsusən tar ifaçılığına böyük maraq olub. Atası Məhəmməd tarda gözəl ifa edirmiş. Hələ musiqini incəliklərinədək bilməyən Hacı Məmmədov sonralar xatirələrində qeyd edirdi ki, o, saatlarla atasını dinləməkdən yorulmazdı: "Əmimgilin həyətində bir tarzən yaşayırdı. Tarı onun yanına apardım. Xahiş etdim ki, kökləsin. O da tarı alıb köklədi. Sevincək evə qayıtdım. Başladım radioda çalınan havaları öz-özlüyümdə tarın pərdələrində axtara-axtara çalmağa. Təxminən bir il gecə-gündüz öz üzərimdə çalışdım. 1930-cu il idi. Eyni həyətdə yaşadığımız Rəşid Əfəndiyev məni yanına çağırdı və səmimi söhbət etdi. Ertəsi gün o, məni Azərbaycan Dövlət Xalq Çalğı Orkestrinin rəhbəri ilə tanış etdi. Sabahısı gün orkestrə gəldim. Orkestr üzvləri mənim tar çalmağımdan heyrətə gəldilər. Onda on bir yaşım vardı...”
1929-cu ilin bir qış günü əmisi Hüseynlə şəhərə gəzintiyə çıxan Hacı musiqi alətləri satılan dükanın qarşısından keçəndə vitrində tar görür. Ayaq saxlayıb, dönüb diqqətlə tara baxır. Əmisi onun bu halını görür və tarı Hacıya alır.
Həmin tarı sevgiylə sinəsinə sıxan Hacı 8 yaşından ömrünün sonuna qədər ondan ayrılmayıb. Hacı Məmmədov dünyasını dəyişəndən sonra isə həmin tar illər boyu ustad tarzənlə sənət dostluğu edən, sevimli tələbəsi, Xalq artisti Ağasəlim Abdullayevin sinəsində dil açıb. Ustadına kəm baxmayan şəyird həmin tarda məhz Hacı Məmmədovun məharətlə ifa etdiyi muğamları ehtiramla və özünəməxsus ustalıqla səsləndirib.
Bu gün "Qızıl fond”da Hacı Məmmədovun özünəməxsus tərzdə ifa etdiyi "Zabul Segah”, "Bayatı-Şiraz”, "Şur”, "Çahargah”, "Orta Mahur” və digər muğamlar qorunur. Ustad sənətkarın həyat yoldaşı Aliyə xanım xatirələrində yazırdı: "Hacı yeganə sənətkar idi ki, özünəməxsus və bənzərsiz bir yol keçdi və məktəbini yaratdı. Onun bütün qələbələrinin ruhunda sədaqətli ürək döyünürdü. Hörmət və nüfuzu da etibarına görə qazanırdı. Ona görə də heç vaxt unudulmadı”.
Xalqının sevimli tarzəni kimi tanınan Hacı Məmmədovun musiqi sənətinin inkişafındakı xidmətləri o zaman dövlət tərəfindən də qiymətləndirilib. O, 1957-ci ildə Azərbaycan SSR-in Əməkdar artist, 1963-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Bir çox xarici ölkədə Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edən, "Şərəf nişanı” ordeni ilə təltif edilmiş, 61 yaşında dünyasını dəyişən unudulmaz tarzən Hacı Məmmədov Fəxri xiyabanda torpağa tapşırılıb.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2020.- 17 may.- S.6.