Milli-mənəvi, maddi-mədəni
sərvətimizin saxlanc yeri
Bu il AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 100
yaşı tamam olur
Ölkəmizin maddi-mədəniyyət, eləcə də mənəvi sərvətləri kifayət qədərdir. Məhz onların qorunub saxlanması üçün bu gün 250-dən çox dövlət və şəxsi muzey fəaliyyət göstərir. Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan İstiqlal Muzeyi respublikanın ən iri muzeyləri sırasına daxildir.
İlk Tarix muzeyi Bakıda 1920-ci ildə, ilk Memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb. Paytaxt Bakıda, məşhur Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşən, bu il fəaliyyətə başlamasından yüz il ötən AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi haqqında ayrıca söz açmağımız isə təsadüfi deyil.
Bu muzey Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanması, öyrənilməsi, nümayişi, təbliği ilə məşğul olan elmi-tədqiqat və mədəni-maarif müəssisəsidir. Muzey 1920-ci ilin iyulundan məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin polşalı İosif Qoslavskinin layihəsinə əsasən tikdirdiyi sarayda fəaliyyət göstərir.
"Sərvəti və səxavətilə məşhur olmuş Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-əhvalı” kitabından oxuyuruq ki, Tağıyev sarayının inşasında 270 nəfər mühəndis, memar, dülgər, nəqqaş və başqa ustalar çalışıb. Binanın daxilindəki bütün avadanlıq Rusiya, Fransa, Amerika və Almaniyadan gətirilib. Burada hələ ovaxtlar isidici və soyuducu sistemlər quraşdırılıb. İmarət üç mərtəbədən ibarət olub. Otaqların hər birinin hündürlüyü 13 metrə çatırdı. Tavanın naxışlarına ustalar tərəfindən 40 min rubladək qızıldan istifadə edilmişdir. Sarayın sütunları almaz və rəngli güzgülü şüşələrlə bəzədilmiş, döşəməsi isə Rusiyadan alınmış təbii rəngli ağcaqayın taxtalardan qurulmuşdu. Mebel Amerikadan, şəkillər və zərbəft pərdələr isə Almaniyadan gətirilmişdi. Kitabda deyilir ki, təkcə binanın tikintisinə (xaricdən gətirilən mebel və avadanlıq nəzərə alınmasa) 1,2 milyon rubl vəsait xərclənmişdi...
XX əsrin 20-ci illərindən Azərbaycan Tarixi Muzeyi ölkə ərazisində arxeoloji kəşfiyyat və qazıntı işlərinə başlamışdır. Görkəmli Azərbaycan arxeoloqlarının əməyi sayəsində hazırda 80 mindən artıq materialın toplandığı muzeyin Arxeologiya fondunda Daş, Mis-daş, Tunc, İlk Dəmir, Antik dövrləri və orta əsrlər dövrünü xarakterizə edən maddi mədəniyyət nümunələri var. Yeri gəlmişkən, burada saxlanan ən nəfis, orijinal və nadir eksponatların böyük bir qismi də Etnoqrafiya elmi fondunda mühafizə olunur. Bu gün fondda mühafizə edilən eksponatların ümumi sayı 9 minə yaxındır. Etnoqrafiya fondunda qorunan eksponatlar içərisində Azərbaycanın maddi mədəniyyətinin mühüm göstəricilərindən olan geyimlərin və tikmələrin özünəməxsus yeri var. Azərbaycan xalqının zəngin mənəvi mədəniyyətə sahib olduğunu sübut edən musiqi alətləri də Etnoqrafiya fondunda yer alıb. Burada mühafizə edilən, XII-XVI əsrlərdə istifadə olunan çoğur Azərbaycanın ən nadir musiqi alətlərindən biridir.
Muzeyə virtual səyahətdə öyrənirsən ki, Etnoqrafiya fondunda Azərbaycanın tanınmış alim, şair, bəstəkar, aktyor, hərbçilərinə məxsus əşyalar da saxlanılır. Bununla yanaşı, fondda Moldova, Türkmənistan, Rusiya, İran və s. ölkə nümayəndələrinin Azərbaycana səfərləri zamanı muzeyə bağışladıqları qiymətli hədiyyələr də qorunur.
Hədiyyələr və xatirə əşyaları fondu da çox zəngindir. Bu fondun əsası 1955-ci ildə qoyulub. 1992-ci ilədək Sovet dövrü, 1992-ci ildən isə Ən yeni tarix fondları əsasında 2009-cu ildə təşkil olunub. Hazırda burada 5300-dən artıq eksponat var. Təqribən 1000 ədəd eksponat respublikaya və bilavasitə Milli Azərbaycan Tarixi Muzeyinə xarici ölkələrin nümayəndələri tərəfindən verilmiş hədiyyələrdir. Fondun kolleksiyasına neft sahibkarı, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin, eləcə də Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, İsrafil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə, Ziya Bünyadov və s. bu kimi tanınmış ədəbi və elmi simalara məxsus xatirə əşyaları daxildir.
1957-ci ildə muzeydə Qiymətli metallar fondu da təşkil olunub. 2009-cu ildən Xüsusi fond adlandırılan bu bölmədə 1570 eksponat saxlanılır ki, onlardan 556 ədədi gümüş, 300-ü qızıl, 714-ü isə numizmatik kolleksiyaya aiddir. Muzeyin ən qədim və qiymətli eksponatlarından biri olan Azıxantropun çənəsi də məhz bu fonddadır. Şəkinin Küdürlü kəndində tapılan qızıldan qadın bəzəkləri də fondun ən qədim zinət əşyalarından hesab olunur.
Bu gün muzeyin müxtəlif fondlarında tariximizi yaşadan 300 minədək maddi-mədəniyyət nümunəsi qorunur. Muzeyin kitabxanasında əsasən XIX-XX əsrin əvvəllərində çap olunmuş 80 mindən artıq nadir jurnal, kitab və qəzetlər toplanıb.
2004-2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə muzeyin binası əvvəlki görkəmini saxlamaqla müasir tələblər səviyyəsində bərpa və təmir olunub. Muzeyin 10 otağında Azərbaycan xalqının görkəmli oğlu Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi də fəaliyyət göstərir. Vətəninə və xalqına hədsiz xidmətlər göstərmiş "el atası”nın xatirəsi burada özünəlayiq şəkildə əbədiləşdirilib, məşhur mesenatın örnək həyat və fəaliyyəti işıqlandırılıb.
Muzeydə Elmi ekspozisiya və sərgilərin təşkili, Elmi-kütləvi iş və təhsil, Elmi maarifləndirmə və ekskursiyalar, Beynəlxalq əlaqələr, Arxeologiya, Etnoqrafiya, Numizmatika və epiqrafika elmi-fond şöbələri, Bərpa laboratoriyası, kitabxana və digər fondlar da fəaliyyət göstərir.
2020-ci ildə Milli
Azərbaycan Tarixi Muzeyinin 100 illiyi tamam olur. Bununla əlaqədar
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev "Azərbaycan
Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 4 dekabr 2019-cu il tarixli sərəncam imzalayıb.
Ötən il əsaslı təmirə dayanan muzey öz ziyarətçilərindən hələ ki, uzaq düşüb. Lakin muzeydə bu müddət ərzində də muxtəlif tədbirlər, sərgilər, konfranslar təşkil olunub. Xatırladaq ki, muzeyin ekspozisiyasının yenilənməsi və fondların əlavə materiallarla zənginləşdirilməsi üçün xeyli işlər həyata keçirilib. Naxçıvan ərazisində tapılmış, maddi-mədəni əhəmiyyət kəsb edən bəzi arxeoloji sərvət daimi mühafizə üçün muzeyin Arxeologiya fonduna təhvil verilib. Həmin materiallar saxsı qablardan və onların fraqmentlərindən ibarət olub, Naxçıvan Muxtar Respublikasının I Kültəpə, Ovçular təpəsi, Duzdağ, Naxçıvantəpə və Oğlanqala abidələrindən tapılıb. Onların arasında bir ədəd mixi yazılı qab fraqmenti də var. Tapıntıların dövrü e.ə.VI-I minilliklərə aiddir. Haqqında bəhs edilən bu tapıntılar bölgənin, ümumilikdə isə Azərbaycanın qədim tarixinə və zəngin mədəniyyətinə aid qiymətli əşyayi-dəlillərdir.
Muzeyin şöbə müdiri Fəridə Şəmsinin təbirincə desək, dünyanı öz çənginə alan koronavirus pandemiyası bütünlüklə xidmət sahələrini, o cümlədən də mədəniyyət müəssisələrini müvəqqəti də olsa, tamaşaçı üzünə həsrət qoyub: "Karantinlə bağlı Milli Azərbaycan Tarixi Muzeyi öz fəaliyyətini onlayn şəkildə davam etdirir. Muzeyin fond materialları, kataloqları və digər nəşrlərinin təbliği ilə bağlı işlər davamlı şəkildə icra olunur. İzləyicilərimizə onlayn tədbirlər, tarixi günlər haqqında məlumatlar verilir. Xüsusilə qeyd etmək lazımdır ki, Rusiya Federasiyasının "TurStat” turizm portalı tərəfindən tərtib olunmuş reytinqə əsasən Milli Azərbaycan Tarixi Muzeyi MDB-nin 10 ən yaxşı tarix və mədəniyyət muzeyləri sırasında 6-cı yeri tutur”.
Aprelin 7-də muzeyin direktoru, akademik Nailə Vəlixanlı ölkədəki durumla bağlı Azərbaycan xalqına müraciət edib: "Biz inanırıq ki, dünya bu ağır imtahandan da çıxacaq, biz əvvəlki gündəlik qayğılarımıza, iş yerlərimizə qayıdacağıq. Lakin bu gün şəraitə uyğun hərəkət etməli, evdə qalsaq da, işlərimizi görməli, bir-birimizin qayğısına qalmalı, vətən, dövlət və gələcək naminə yaşamalı və çalışmalıyıq...”
Onlayn şəkildə işləyən muzey əməkdaşları bu qocaman tarixi mədəniyyət ocağının 100 illik yubileyinə ciddi şəkildə hazırlaşırlar. Bu ilin payızında, daha doğrusu,
21 oktyabr 2020-ci il tarixdə burada "Muzey XXI əsrdə. Klassikliklə interaktivliyin nisbəti problemləri” mövzusunda beynəlxalq elmi-konfrans keçiriləcək. Bundan əlavə, yubileylə əlaqədar silsilə tədbirlər çərçivəsində sərgilərin və yeni ekspozisiyanın açılışı da planlaşdırılır.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2020.- 17 may.- S.7.