Əsl liderlik missiyası
Prezident İlham
Əliyevin qlobal təşəbbüsləri bu
gün dünya liderləri, aparıcı
biznes və maliyyə institutları tərəfindən təqdir
edilir
Bu gün Azərbaycan
sözün həqiqi
mənasında tam müstəqil,
özünü təmin
edən, milli köklərə əsaslanan,
eyni zamanda, dünyəvi, uğurla inkişaf edən, yalnız öz gücünə arxalanan, dünya birliyinin etibarlı və layiqli üzvü olan dövlətdir. Son 17 illik sürətli inkişafın təzahürü
isə buna əyani misaldır. Bu uğurları şərtləndirən
əlbəttə ki, ölkəyə rəhbərlik
edən cənab İlham Əliyevin təşəbbüsü ilə
reallaşan və bu gün də
davam etdirilən sosial-iqtisadi layihələr,
mütərəqqi islahatlardır.
Azərbaycan Prezidentinin Cənubi Qafqaz regionunda həyata keçirdiyi və birbaşa iştirakçısı olduğu
beynəlxalq layihələr
ölkəmizə həm
siyasi, həm də iqtisadi dividendlər qazandırır. Bütün bunlar
isə təkcə ölkə ictimaiyyəti deyil, həm də dünyanın aparıcı sosial-iqtisadi
mərkəzləri tərəfindən
hər zaman yüksək qiymətləndirilir.
Qlobal təşəbbüsləri və
müstəqil xarici siyasəti ilə nüfuzu daim yüksələn lider
Güclü siyasi liderin fəaliyyətinin təsir
dairəsi bir ölkə ilə məhdudlaşmır, bütövlükdə
regional, hətta qlobal
əhəmiyyət daşıya
bilir. Bu baxımdan,
bu gün cənab İlham Əliyevin həyata keçirdiyi tam müstəqil
xarici siyasət həm regionda, həm də dünya miqyasında gedən siyasi-iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Elə bütün
bunların səbəbidir
ki, bu gün
Azərbaycan beynəlxalq
aləmdə fəal aktorlardan birinə çevrilib. Ölkəmiz Avropa ilə Asiya qitələrini siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən
birləşdirən regional güc mərkəzidir.
Cənab İlham Əliyevin qlobal təşəbbüslərinin
nailiyyətləri bu gün beynəlxalq miqyasda təqdir edilir. Bunu böyük dövlətlərin
başçıları qeyd
edir, xarici mətbuat və nüfuzlu beynəlxalq qurumların rəhbərləri
bildirirlər. Dünya Bankı
ölkəmizin liderini
ən islahatçı
Prezident adlandırır.
Bu da bir
daha sübut edir ki, cənab
İlham Əliyev beynəlxalq miqyasda böyük nüfuza malikdir.
Məhz bəşəriyyətin ağır
qlobal böhranla üzləşdiyi bir zamanda Azərbaycan Prezidentinin təşəbbüslərinin
dünyanın tanınmış
ictimai-siyasi xadimləri,
diplomatları tərəfindən
yüksək qiymətləndirilməsi,
eləcə də, başqalarına nümunə
kimi göstərilməsi
hər bir azərbaycanlıda qürur
hissi doğurur.
Son bir neçə ayda Azərbaycan Prezidentinin təşəbbüsü
ilə reallaşan tədbirlər, Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının Zirvə
görüşü, Qoşulmama
Hərəkatının tarixində
ilk dəfə təşkil
olunan videokonfrans, həmçinin ABŞ Prezident
Donald Tramp və Ümumdünya
Səhiyyə Təşkilatının
Baş direktoru Tedros Adhanom Gebreyesus tərəfindən
cənab İlham Əliyevə ünvanlanan
məktublar və digər faktlar Azərbaycan Prezidentinin dünya miqyasında nüfuzunun daim artdığının birbaşa
göstəricisidir.
Hər sahədə müasir texnologiyaların tətbiqi
Son iki həftədə
Azərbaycan Prezidenti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı və beynəlxalq CISCO şirkətinin rəhbərliyi
arasında keçirilən
videokonfranslarda səslənən
fikirlər də deyilənlərin real təsdiqidir.
Bu görüşlərdə Azərbaycan Prezidentinin qlobal pandemiya ilə mübarizədə
həyata keçirdiyi
qabaqlayıcı tədbirlərin
effektiv nəticələri,
ölkəmizin Ümumdünya
Səhiyyə Təşkilatına
və 10-dan artıq dövlətə göstərdiyi
yardımlar çox yüksək dəyərləndirildi.
CISCO şirkətinin icraçı
vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer
bildirdi ki, Prezident İlham Əliyev COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının
toplantısında və
Qoşulmama Hərəkatının
görüşünün təşkil edilməsində
liderlik səylərini
nümayiş etdirib. Bu, onlara çox
böyük təəssürat
bağışlayıb.
Konfransda dövlət başçısı
Azərbaycanın CISCO şirkətinin
"Smart ölkə” layihəsini
dəstəklədiyini vurğulayaraq
qeyd etdi ki, qarşıya qoyulan məqsəd hər sahədə müasir texnologiyaların
tətbiqi ilə uğurlu inkişafdır.
Xanım Kelli Kramer üçün Azərbaycan
Prezidenti kimi liderin texnologiyaya belə açıq olması və onun ölkə üzrə tətbiqinə
hazır olması məmnunedici haldır. Çünki cənab İlham Əliyev təkcə regionda deyil, dünya çapında texnologiyaya dəstək verən liderlərdəndir.
ABŞ-ın tanınmış şirkəti olan bu şirkətin rəhbərliyi ilə keçirilən maraqlı konfransda cənab İlham Əliyev, həmçinin iki ölkə arasındakı münasibətə toxunaraq əlaqələrin yüksələn xətlə inkişaf etdiyini təsdiqləyən Prezident Donald Trampın məktubunu da xatırlatdı: "Öz məktubunda Prezident Tramp yazır ki, təxminən 30 ildir Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi, enerji təchizatının şaxələndirilməsini, siyasi islahatlar məsələlərini təmin etmək üçün birgə işləyirlər. Həmin məktubda, o, xüsusi olaraq qeyd edir ki, iki böyük dövlətimiz gələcəkdə daha çox işlər görəcək. Bu, ABŞ ilə Azərbaycan arasında dostluğun çox mühüm təzahürüdür”.
CISCO şirkətinin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Spərrou isə qurumun Azərbaycanla fantastik əməkdaşlığından söz açaraq dedi ki, şirkət bu əlaqələrin davamlı olmasını arzulayır.
Prezident İlham Əliyev isə əminliklə vurğuladı ki, strateji tərəfdaşlıq bundan sonra da yalnız güclənəcək: "Çünki bizim Azərbaycanın daha da müasirləşdirilməsi ilə bağlı gündəliyimiz, sizin isə texnologiyanız var. Bizim uzun illərdir ki, əməkdaşlıq təcrübəmiz var. Artıq qeyd etdiyim kimi, burada layihələrin uğurlu icrası birgə səylərimizin ən yaxşı təzahürüdür”.
Dövlət başçısı hesab edir ki, potensiallar səfərbər edilməklə nisbətən qısa müddət ərzində çox işlər görmək mümkündür. Bu isə cənab İlham Əliyevin Azərbaycanın daha da müasirləşdirilməsi baxışına tam uyğun olacaq.
Liderlik keyfiyyəti və siyasi iradənin uğurlu göstəricisi
Bütün qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, cənab İlham Əliyevin bilavasitə qlobal lider olaraq dünya səviyyəsində irəli sürdüyü təşəbbüslər, pandemiyaya qarşı birgə mübarizə, qlobal bəladan birgə çıxış yollarının axtarılıb araşdırılması, eyni zamanda, iqtisadi tənəzzüldən və bir çox sahələrdəki çətinliklərdən çıxmaqla bağlı birgə konkret tədbirlər planının hazırlanması dünya birliyi tərəfindən dəstəklənir.
Prezidentin bu məsələdə Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa Birliyi, BMT, Qoşulmama Hərəkatı, Türk Şurası kimi dünyanın bir çox aparıcı və nüfuzlu beynəlxalq təşkilatları və qurumları ilə əməkdaşlığa çağırışlarına verilən müsbət rəylər cənab İlham Əliyevin liderlik keyfiyyətlərinin, zəkasının, siyasi iradəsinin uğurlu göstəricisidir.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 19 may.- S.1;3.